Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 TÜrksoy kitabxanası seriyası: 20



Yüklə 0,93 Mb.
səhifə5/6
tarix04.11.2017
ölçüsü0,93 Mb.
#8346
1   2   3   4   5   6

SAVAŞA, DOSTLARIM
Ey dilim, hər yanda görünür yerin,

Gövdən çox iridir, damarın dərin.


Əski tatarcanın mən oldum xanı,

Mən doğma balası, ölməyən canı.


Mən onun səsindən oyandım indi,

Nə bəyəm, nə də ki zalım əfəndi.


Mən tatar ozanı, dilimin qulu,

Dilimdə yaşayan igidlər ulu.


İgidlər, onların sözləri yarlıq1,

Unutmaz onları türklük, tatarlıq.


Bir gecə düş gördüm tatar öyündə,

Tapdım yozumunu Kazan köyündə.


Könlümdə qaynayan, başımda doğan,

Başımı oxşayan, gözümü yuyan


Duyğular, düşüncəm ərəbə uzaq,

Əcəmə gülünc çox, əcəmə iraq.


Mən tatar dilində özümə döndüm,

Sirrimi, sözümü bu dildə dedim.


Yerdən çıxmamışam, əslim-nəslim var,

Bu dildə yaratdı neçə ozanlar.

Nəvai pirimdir, ozanlar başı,

Tatarca oxuyan bir tatar yaşı1,


Tukaydır qardaşım, bir bağın gülü,

Mənimlə eynidir ürəyi, dili.


Tukaya, qardaşlar, Tukaya saray,

Bizlərə yetişir Nəvai, Tukay.


İstanbul bu işə “təfriqə” deyir,

Əcəmin, ərəbin üstdə titrəyir.


İstanbul türkcəni batırdı boğdu,

Türklüyü unutdu, türkünü qovdu.


İstanbul səbəbkar bu kəkəməyə,

Sanki zəhər qatdı duza, çörəyə.


İstanbul ləkədir ağ alnımızda,

İstanbul zülmətdir gün-ayımızda.


Gərəkməz nə mərkəz, nə orta bizə,

İstanbul qarşıdır türk dilimizə.


Harada duyulsa Nəvai dili,

Harada açılsa Tukayın gülü,


O yerlər yurdumuz, o ağ torpaqda,

Sevinclə ölərik, mahnı dodaqda.


Yurd üçün, taxt üçün savaşdıq, öldük,

Qara göz, zülf üçün nələrə dözdük.


Qaldı öz dilimiz yetim, anasız,

Ana dil yaşlanan, qocalan qart qız.


Anası böyüdür, laylalar çalır,

Yanıq türkülərlə könlünü alır,


Anadan duyduğu qalır beşikdə,

Yad mahnı öyrənir uşaq eşikdə.


Qoy ana sözləri hər yerə girsin,

Məktəbə, kitaba, şəhərə girsin.


Beşikdə duyduğum ey birinci səs,

Son dəfə mənimlə məzara tələs.


Dünyaya gəlmişəm dilsiz, ağızsız,

Tataram, öləndə getməm mahnısız.


Demədim, böyük bir ərən gözlədim,

Tanrıdan Nəvai, Çingiz istədim.


Ötüşüb keçmədə savaş zamanı,

Bəs məndən olacaq o uşaq hanı?


Hələlik qəlb dostum çox az olsa da,

Yurduma hər yandan yadlar dolsa da,


Batır başı gərək, başımı silkdim,

Dilin düşməninə qılıncı çəkdim.


Savaşa, dostlarım, tatar, dil üçün!

Savaşa, qardaşlar, azad el üçün!


Budapeşt, 19 mart 1919.
SƏN DƏYİŞMƏ
Dəyişmə, muradın millətsə sənin,

Vətənə, torpağa xidmətsə sənin,


Qoy illər dolansın, saydığını say,

Yolunu şaşırsın ulduz, günəş ay,


Sən dönmə, qardaşım, haqqın yolundan,

Çəkinmə sağından, nə də solundan.


Sənə nə, yad eldə şənliklər olmuş,

Sənə nə, harasa səadət dolmuş,


Unutma müqəddəs kədərlərini,

Unutma o viran, pis yerlərini,


Görsən ki, dəyişmiş el-oba bütün,

Bir parça çörək, ya isti yer üçün,


Sən sürün, yenə də dəyişmə ancaq,

Sonda qalibiyyət sənin olacaq.


Budapeşt, 21 iyul 1918.


TƏSADÜF
Doğuldum Kırımda, Qarasubazarda,

İlan kimi yaşıl bir ilk baharda,

Hər şeyim yerində, gözlərim açıq,

Başımı sıxmadı mama-qarıcıq.

Ölürdü doğulan, doğulmayan da,

Təsadüf əsəri sağ qaldım onda.


Mollaya verdilər oxutmaq üçün:

-Dəcəldir, dağıdır evi büsbütün!

-Sümüyü mənimdir, əti də sənin!

Danışdı babamla mollam Qütbəddin,

Bu gün də sümüyüm, ətim yerində,

Təsadüf, bənizim, bətim yerində.


Bir qədər oxudum, canım sıxıldı,

“Ammə”də karıxdım, dilim taxıldı,

Günlərcə ağladım mən inim-inim,

O gündən doğrunu söyləmir dilim.

Yazmağa gəlincə, o bir təsadüf,

Quranı öpürəm, kəbir təsadüf.


Bir külək əsincə, yad elə düşdüm,

Yabançı yağında qovrulub bişdim.

Söyməyi öyrəndim firəng elində,

Yalanlar söylərəm alim dilində,

Döşümə döyərəm: billəm hər işi,

Təsadüf, olmuşam bir ünlü kişi.


Bir az da yürüyəm, böyüyəm gərək,

Dünya qəribədir, işləri kələk,

Bir gün də kəsərlər yolumu mənim,

Yapışıb tutarlar qolumu mənim,

Gəzdirib əl üstə eli, ölkəni,

Təsadüf, padişah seçərlər məni.


Çürükdür bu torpaq, inanmaq olmaz,

Çiçək yox bu yerdə, açılan solmaz.

Qorxuram bir sabah düyünə getsəm,

Durub ziyafətdə lotuluq etsəm,

Bir güllə mıxlaya ənsəyə gavur,

Təsadüf, tullaya xəndəyə gavur.


Budapeşt, 8 fevral 1919.

PAYIZ
Göründü payızın o solğun üzü,

Yenə də könlümdə o köhnə kədər.

Yenə də dağları bürüdü duman,

Yenə yel oxuyur çöldə nəğmələr.


Dunaya baxıram, fikrimdə dağlar,

Dərdli duyğuları Dunayda yudum,

Uzaqda bir külək çöllərdə ağlar,

Bir ağır qış gəlir, bitir umudum.


Baharı dostlara eləyin bəxşiş,

Qızmar yay gələndə eşqə verin yer,

Düşmənlər gözləsin, onlara sərt qış,

Mənə payız verin, o mənə yetər.


Qışda donub buz olsam,

Yazda əriyib axsam,

Yayda buludlar kimi

Uca göylərdən baxsam,

Dursam payızda təkcə,

Pəncərəmin yanında,

Məni sarsa düşünsə

Gur sobanın dalında.


Şeirim baharsız keçmir, ötüşmür,

Bilirəm, yaz gərək dəli qanıma,

Bəs niyə qara qış gəlib yetişmir,

Payız qida verir dərdli canıma.


Bir xəstə dilbərə bənzəyir payız,

Gözləri dumanlı, yanağı solğun,

Düşünür, saralır, ağlayır o qız,

Ürəyi sınıqdır, sevgisi olğun.

Bilməm ki, payızdan nə gözləyirəm,

Bəlkə də birisi gözləyir məni.

Payızda kimisə mən özləyirəm,

Payızda kim isə özləyir məni.


Diləyim nə bahar, nə meyvə deyil,

Nə günəş, nə aydır, nə də ulduzlar,

Nə sünbül, nə çiçək, nə dəli könül,

Nə də türküdəki o yosma qızlar.


İki göz lazımdır, məni gözləyə,

Yollara baxmaqdan heç usanmamış.

İki dodaq gərək, busə bilməyə,

Bir könül gərəkdir, eşqə yanmamış.


Ey payız, bil ki, yox əlimdən qaçış,

Yaxanı mən sənin əsla boşlamam,

Sussun həm anan yaz, həm nişanlın qış,

Payızda mən başqa eşqə başlamam.


Budapeşt, oktyabr 1919.

ONU DA GÖRMÜŞ BU GƏDAY
Çöldə fırlanan çal koray1,

Koraya gülən göy saray,

Göy sarayda Qonur bay,

Onu da görmüş bu gəday2.


Kırımda olan qırx igid,

Bağdadda olan beş igid,

Kazanda olan üç igid,

Onu da görmüş bu gəday.


Azova axan çay Sağır,

Salğıra tökülür Çadır,

Çadırda batmış çox fağır,

Onu da görmüş bu gəday.


Məkkədən əsən qiblə yel,

Qibləyə gedən çox dəcəl,

Onları tapmış bir əcəl,

Onu da görmüş bu gəday.


Dünyanı tutan sərt dəmir,

Onu əridən toz kömür,

Onlardan da güclü ömür,

Onu da görmüş bu gəday.


Üskütdə bilgi saçan ər,

Dəmirçidən uçan ər,

Kerçdən yelkən açan ər,

Onu da görmüş bu gəday.


OY, SOYUQ BU QÜRBƏT
Oy, soyuq bu qürbət, nə çox burda qəm,

Qucağı bizlərə olmuş cəhənnəm.


Bülbülü oxusa, göz yaşım axar,

Cəh-cəhi qəlbimi yandırıb yaxar.


Baxaram dağına, Çadıra oxşar,

Gözlərim yaşarar, ürəyim yumşar.


Qaralar buludlar bax yavaş-yavaş,

Ölçərəm yolları, yollar tozlu, daş.


Yağanda yağışı, çiskini, çəni,

Öpər gözlərimi, oxşayar məni.


Yadıma anamın göz yaşı düşər,

Gürbətə gömülmüş qardaşım düşər.


Mənə gülümsəyər karay qızları,

Gözlərdə səadət, sevgi izləri.


Bənzəyər hər biri bəxtsiz Əsmaya,

Baxmadan keçərəm mən bu yosmaya.


Bənövşə, qərənfil, hər tərəf çiçək,

Açılmış gülləri, bax ləçək-ləçək.


Gülləri çox qızıl, necə də qızıl,

Qızılı niyə çox sevirəm bu il?


Qızıldır yurdumun yaylası, qırı,

Qızıldır bu ilin daşan Salğırı.

Qızıldır yurd deyən bəylər, ərənlər,

O Yaşıl adanı qızıl hörənlər.


Sevirəm bu rəngi, ərən rəngidir,

Ərənlər üzündə yurd çələngidir.


Mənim də qızıla boyansın üzüm,

Gizlicə gömsünlər, anam bilməsin.


Bayramda, seyranda tatar qızları,

Bəxtiyar olmayan dan ulduzları,


Qoparıb taxsınlar hörüklərinə,

Yurd eşqi dolsun qoy ürəklərinə.


Ölərik onları şad etmək üçün,

Tatarı taxtına yüksəltmək üçün.


Ya yurdu qoruyub sürərik ömür,

Ya yurd deyib yanar, olarıq kömür.


Budapeşt, 13 aprel 1918.

TOKAY ŞƏRABI
Macarıstandakı qan, dil

və qafiyə qardaşlarıma
Yenə də qanırdım bəxtin qolunu,

Yenə dəyişdirdim günün yolunu.


Yenə çıxır göyə mahnımın seli,

Mənə şərab süzür macar gözəli.


Bu Tokay şərabı altmış yaşında,

Köpürür, qaynayır, durur qarşımda.


Bir usta doldurmuş küpünə küpdən,

Qaynatmış gözəlcə, od verib dibdən.


Azadlıq cənginə getmiş, “İrəli!”,

Atılmış döyüşə, dönməmiş geri.


Yazıq usta ölmüş, nə bilsin yarın

Qisməti olacaq meyi tatarın.


***

Mən gəldim qismətlə yelkəni açıb,

Hər macar qəlbinə sevgimi saçıb.
Bir şərab istədim, qızsın bədənim,

Bir macar yosması saqimdir mənim.


Amma mən ustaya borclu qalmaram,

Havayı bəxşişi ondan almaram.


Çoban da şeirinə əski mey qatır,

Az içən igiddir, çox içən batır.

Meyi turşutsa da qayğısı bir az,

Tatarın ümidi köpürür, durmaz.


Tam yüz il buraxın şeirim dursun,

Daşımda yarın göz yaşı qurusun,


Sonra içsin onu yeni nəsillər,

İçsinlər Divindən Kaşğara qədər,


Çoxunun şərabdan dönsə də başı,

Qırsa da qədəhi, olsa da naşı,


Heç kəs suç saymamış əzəldən bəri,

Gerçəklər babında bu sətirləri:


Yaşlı ər əski mey sayılmalıdır,

Əmrinə hər yerdə uyulmalıdır.


Əski Tokay meyi, tatarın şeiri,

Divindən Kaşğara keçməli əmri!

Divindən Kaşğara keçməli əmri!
İnsbruck-Voralberq, 31 mart 1920.

ÖZ-ÖZÜMƏ
Gecələri uyusan,

Kitabı yerə qoysan,

Düşünməsən, qanmasan,

Yurdun üçün yanmasan,

Səndən vətəndaş olmaz,

Nə könül, nə baş dolmaz.


Daxmada ömür sürən,

Dərd içində çürüyən

Tatarları anmasan,

Onlar üçün yanmasan,

Əmmədin ana südü,

Eşitmədin öyüdü.


Yad eldə toy olanda,

Ağ çadırlar dolanda,

Hücrənə qapanmasan,

Ağlamasan, yanmasan,

“Yurdu sevirəm” demə,

“Yurdçün ölürəm” demə.


Yansan da yoxsulluqda,

Ömrün keçsə qulluqda,

Payından vaz keçməsən,

Yurdunu düşünməsən,

Ərlikdə nə işin var,

Dərdsiz olarmı tatar?


Ən çətin bir zamanda,

Baş çiyində qalanda,

Yurd üçün and içməsən,

Ömründən vaz keçməsən,

Məscidə ayaq atma,

Qurana əl uzatma!


Yoxsa qüvvə tapammaz,

Tatar saray yapammaz,

Onda böyük səhv olar,

Adı-sanı məhv olar,

Sən qalarsan qürbətdə,

Əbədi bir lənətdə...


Budapeşt, 23 dekabr 1917.

DOĞULDUM BİR EVDƏ
Doğuldum bir evdə, tavan his, kömür,

İçində kül olmuş neçə gənc ömür.


Odsuz ailəmiz düşdü pis hala,

Ölmək bir bəladır, qalmaq bir bəla.


Dükançı Kostaya borcumuz xalvar,

Göndərib oğlunu, söyüb o ki var.


Artırmır maaşı bir qəpik desən,

Xozeyin bağırır, gülür, istəsən.


Qış da gəlib çatdı artıq qapıya,

Qapı yox gedəsən bir içim suya.


-Demə olmayacaq şeyləri, ana,

Heç kimin rizqini kəsməmiş xuda.


-Qoy bir az ağlımı toplayıb durum,

Bir qədər ip tapıb cəhrəmi qurum.


Balama, özümə Allahım verər,

Əlbət, yaşamağa bir yol göstərər.


Baxsana, nə gözəl uşağın gözü,

Bir ovuc nur sanki qafası, üzü.


Dur hələ, atası, bir igid olsun,

Atlansın, taleyin saçını yolsun.


Nə şirin gözü var, gözəl başı var,

Qələmlə çəkilmiş çatma qaşı var.

Qoy dönsün anası başına, tanrım,

Gözünə, saçına, qaşına, tanrım.

***

Bayramda qaloşsuz qalmasın Bəkir,



Baxıb varlılara çəkməsin fikir.
Qonşu da deyir ki, kətən alan var,

Ona satmaq üçün bir şey tapılar.


Sən otur, ağlama, oxu, dua et,

“Ammə”ni hecala, hecala “Tövbət”.


Belimdə saçağı olan ağ qurşaq,

Başımda bozarmış dəri, çal papaq.


Mat qalır bunları görərsə hər kim,

Çobana bu qədər yaraşsın geyim.

***

Camiyə atamla gedirik hər gün,



Çağırır yanına yaşlı müəzzin.
Oxuyub ürəkdən tanrı sözünü,

Üstümdə görürəm mələk gözünü.


Mən amin deyəndə Allahım görür,

Könlümə min dilək, min arzu gəlir.


Anamın yanına gəlirəm birbaş,

Sarılır, öpürəm gözlərimdə yaş.


-İndisə abdəst al, oxu bir yasin,

Ölülər oyansın, gülüb sevinsin.

***
Doğuldum bir evdə, ocağı sönük,

Xalqımın ürəyi, ciyəri körük.


Qonşumuz artinlər, kostyalar idi,

Hərəsi bir zəngin, bir mirasyedi.


Onlarda toy olsa, bizə yox yuxu,

Ölsələr, get ağı, mərsiyə oxu.


Unutmam yad eldə qərib olsam da,

Saralıb qayğıdan, dərddən solsam da,


Peşmanlıq duymadım ələmdən-qəmdən,

Bəxtimdən, ömrümdən, soy şəcərəmdəm.


Anamdan öyrəndim yanıb sönməyi,

Doğma bala kimi dərdi sevməyi.


Buraxın məni siz, baylar, kalanlar,

Mən gedim, gözləyir məni çobanlar.


İstərəm yurdumu saray eləyim,

Atamı, anamı mən bay eləyim,


İstərəm mən açam məktəb, mədrəsə,

Varlıya, yoxsula, xalqa, hər kəsə.


Tapsınlar Quranda sevgiyə ayət,

Sevməyən kafirdir, üstünə lənət.


Nə vaxt ki, bir kasıb məscidə gəlsə,

Sağına, soluna salamlar versə,


Ondan sonra orda olmasın dua,

Kasıba olacaq duadan başqa...



YANIQ TÜTƏK
Kaş ki bir çay olub töküləm gölə,

Ya da bir göl olub səriləm çölə.


Bitəm bir gül kimi qaya üstünə,

Çevirə gövdəmi qüvvətli sellər,

Qayadan qayaya tullaya yellər,

Ya da bir ildırım dura qəsdimə.


Çox kiçik savablar, kiçik əməklər,

Onları yazmaya kaş ki mələklər.


Ölməkdən qorxuram nadanlar kimi,

Öləydim dağlarda ceyranlar kimi.


Mən olum bir ölü, məzarsız, daşsız,

Xətmsiz, zikrsiz, ağısız, yaşsız.


Dəyməsin tənimə əli əsənlər,

Öldü deməsinlər çoxdan ölənlər.


Məni heç yumayın, ölənlər təmiz,

Ölənlər qayğısız, qorxusuz, dümdüz.


Gömülsün çəməndə, sərvin dibində

Yenidən yaşayış, həyat istəyən,

Cənnətin eşqiylə savab işləyən,

Kimin ki, kitabı – açar cibində.


Həyatdan, ölümdən heç üşənməyən,

Həyatı, ölümü heç düşünməyən,


Hər zaman uğraşıb tərləyən bir ər,

Cənnətə girsə də, izinsiz girər.

Bəkir, sən zəifsən, qüvvətin getmiş,

Anan beşiyində cadular etmiş,


Sən dar bir göldəsən, qurbağa dostun,

Ən hızlı yarışda tək onu keçdin.


Yüksəldin göylərə, qamışdan uca,

Daldığın dərinlik qamış boyunca.


Bilmirəm, baş duan məqbul olarmı?

Təqdirlə ölməkdən can qurtularmı?


İgidlik diləyin, hikkən çox ufaq,

Yurdunda qaya yox, torpağı quraq.


Kiçicik dağlardan vulkanlar çıxmaz,

Alçaq ağacları ildırım yaxmaz.


Yalnız bir şeyin var, tək bircə şeyin,

Qurtarsa, qurtarar yanıq tütəyin.


Ağməscid, aprel 1922.

YÜZ ALTMIŞ İL
Yüz altmış ildir ki, qəlblərə çökür,

Bu dərd hamımızın boynunu bükür.


Yüz altmış ildir ki, gəzir hər yanda,

Yaylada, ovada, dağda, ormanda.


Yüz altmış ildir ki, qarışır toya,

Sevinci, şadlığı çevirir vaya.


Ağlayır gəlinlər, yaşdır duvağı,

İgidlər unutmuş köhlən çapmağı.


Özü dərd içində, ağlayır yarı,

Ürəklər od kimi, çöhrələr sarı.


Yüz altmış ildir ki, Salğıra axır,

Bir kədər çayıdır, hər yeri yaxır.


Yüz altmış ildir ki, qəsd edir cana,

Sərvətə, vətənə, yurda, insana.


Dünya öz işində, əski çal-çağır,

Qonşuda düyün var, tatarlar sağır.


Yüz altmış ildir ki, tutulmuş qulaq,

Eşitmir nə bir səs, nə də bir soraq.


Niyə tatar kəndi qaranlıq, zülmət,

Şəhərdə məhləsi saçır üfunət?


Bu dərd bir əsrdir, altmış ildir ki,

Şüşəyə yağışdır, küçəyə səki.

***

Yüz altmış ildir ki, gərmiş sazımı,



Sıxır həm qəlbimi, həm boğazımı.
Yüz altmış ildir ki, didik-didikdir,

Cin, pəri, nağıllar bizdən perikdir.


Yoxdur qələmimdə sevda duyğusu,

Cəhənnəm qorxusu, cənnət qayğısı.


Halimin xəncəri, Teymurun oxu,

Çingizin caynağı sanki bir yuxu,


Heç biri bu dərdi sovuşdurmadı,

Məni azadlığa qovuşdurmadı.


Mən soxdum qələmi onun gözünə,

Fərmanı yazdırdım onun özünə.


Mənim şeirlərim təqdirə qiyam,

Təqdirə üsyanım, bəxt ilə qovğam.


Təqdir öldü artıq, ellər yüksəlir,

Qəlbim istiqbalı salama gəlir.


Yüz altmış il ilanını öldürdüm,

Bunu xalq dilində yazıb bildirdim.




NƏ GƏRƏK
Sonu ölüm, dar məzar

Olacaq bu həyatın...

Axırı talan olar

Bu bitməyən büsatın.



TANDU

(poema)
Qara qışın çox qaranlıq,

Çox uzun bir gecəsində,

Tüb-Çonqarın baysız, bəysiz

Bir köyündə biz yığıldıq,

Ağ saqqallı, nur çöhrəli

Bir qocanın çevrəsində

Keçmişləri anıb, öyüb

Yaxınmağa biz qoyulduq.


İsti şorba, südlü qəhvə,

Dürlü meyvə, həm yağlı ət,

Bayırdakı qatı qışı

Hamımıza unutdurdu,

Uşaq, qoca civildəşir,

Səs-küy salır məhəbbətlə,

Yaşlı dədə bir baxışla,

Hamımızı tam susdurdu.


-Sussanıza... sizlərə mən

Gözəl bir nağıl danışım.

Gözünüzü bir az yumun,

Sizi cinlərə, ərənə

Mən aparıb tanış edim,

Sonra yenə də qaytarım,

Faydası çox, sözlərimə

Diqqətlə qulaq verənə.


Əski-əski zamanlarda

Çox qəhrəman bir gənc vardı,

Gücü sonsuz, sözü ötkəm,

Çox bilikli, yaraşıqlı.

Uçan quşlar, axan sular,

Hamı onu mədh edərdi.

Atı doru, özü kürən,

Papağı çal, üz işıqlı.


Atı olan igidlərə

Ad nə gərək söyləmişlər,

Bu, doğrudur, ancaq yenə

Onun adı Tandu idi.

Babaları Sağır dağda

Şir ovlayıb bars tutmuşdu,

Onların heç məzarı yox,

Qartal kimi uçub getdi.


Körpə Tandu quru yerə

Ayaq basıb baş qoyanda,

Uşaq ikən ağlayanda

Səsi qayalara dəydi.

Çox xorlandı, çox döyüldü,

Uşaqlıqda tənha qalıb

Hey gidi, hey, neçə dəfə

Boyun burdu, boyun əydi.


Hey, balalar, unutmayaq,

Əhməd adlı, Məhməd adlı

İki doğma, iki batır

Qardaşı da doğulmuşdu.

Qardaşlıqda bunlar kimi

Yaxşı uşaqlar yox idi,

Hər üçünün könülləri

Əsil sevgiylə dolmuşdu.


Bir gün Tandu oxu, yayı

Alıb atına atladı.

Göyçə dağa qalxıb bir az

Ov etməyi fikirləşdi.

-Məhməd, - dedi, sizlər qalıb

Ev işinə baxarsınız,

Yolçuların, qonaqların

İşlərinə yararsınız.


Tanrı əmri, biz bu xalqın

Bahadırı sayılırıq.

Demək, xalqın gərəyinə

Hər an fəda olmalıyıq.

Mən dağlarda sakitliyi

Qoruyuram, gözləyirəm.

Siz də yolu, yolçuları

Həm qoruyun, həm gözləyin.


Qardaşları bu sözlərdən

Çox üzülüb incidilər.

Çünki ancaq qadınlara

Evi gözlə, süpür derlər.

Yalnızlıqda batırlıq var,

Birlikdəsə sevgi, sayğı,

Bir ananın uşağıyıq,

Birdə ölüm, birdə qayğı.


Belə dedi Tandu bəyin

İgid, qoçaq qardaşları.

Bu sözlərin qarşısında

Axdı onun göz yaşları.

Dedi Tandu: minin ata,

Bizə eyni yol qismətdir,

Əzrayılı axtaralım,

Harda ölüm hazırlamış.


İgidləri bir tutmağa

Qüvvətli bir sevgi gərək,

Qəhrəmanlar yalnız olar,

Dostları da xeyli seyrək.

Qısacası, bu üç qardaş

Qurşandılar, atlandılar,

Mahmızlayıb atlarını,

Uzaqlara yollandılar.


Çatıb o gecə bir dağın

Ətəyində dayandılar,

Böyük bir tonqal qalayıb

Çevrəsində uzandılar.

Ömründə heç od görməmiş

Çoxlu heyvan ora gəldi,

Üç qardaşın şərəfinə

Öz dilində mahnı dedi.


Tandu qalxıb heyvanlara

Oxla “salam” bağışladı,

Əhsən dedi neçə dilbər,

Dağ pərisi alqışladı.

Dan atanda ordan qalxıb

Bir çayıra tərpəndilər,

Gördülər bir at kişnəyir,

Onu görüb səksəndilər.


Gördülər ki, qan içində

Yerdə bir igid sərilib,

Yarı çıxıb qından qılınc,

Yayı əlində gərilib.

Can üstəydi cavan oğlan,

Salam verib gülümsədi,

Qardaşlar da salamladı

Yerdə yatan mərd igidi.

Onlar bu gəncin üzünü

Ağ dəsmalla tez sildilər,

Sonda onun Ayluq adlı

Ər olduğunu bildilər.

Çox keçmədən bu gənc igid

Bu dünyaya vida etdi,

Əlindən bir kağız düşdü,

Özü isə ölüb getdi.


O kağıza nə yazılıb?

Biz də baxaq, biz də görək,

Bu ölümün səbəbini

Bərabərcə görüb bilək.

“Ey mənim doğma qardaşım,

Öz qardaşım igid Tandu!

Mənim bəxtimin ulduzu

Burda düşdü, burda yandı.


Əgər mənim qisasımı

Qarı düşməndən almasan,

Sən onların kəlləsindən

Böyük təpələr qurmasan,

On barmağım on gənc olub

Səndən cavab istəyəcək,

Şərəfsizdik sonsuzadək

Ürəyimi dişləyəcək”.


Tandu onun sözlərini

Oxumadı, elə bildi.

Göyə baxıb nərə çəkdi,

Göylər sarsılıb titrədi.

Batır Tandu oxumaqda

Mahir idi molla qədər,

Özü haqqın kitabını

Oxuyurdu sinədəftər.

Qardaşları Ayluq üçün

Geniş bir məzar qazdılar,

Yanındakı sərt qayaya

Kim olduğunu yazdılar.

Tandu özü imam kimi

Ölü namazı qıldırdı,

Oxudu fatihə, yasin

Cənnət yolunu bildirdi.


Sonra düşmənin üstünə

Uçub quş kimi getdilər,

Xeyli sonra dağ belində

Bir qalaya yetişdilər.

Küpəgirən iki qarı

Burda naxış işləyirdi,

İkisinin də gözləri

Gələnləri izləyirdi.


-Adam yemək istəyirsiz?

Deyib Tandu qarıların

Üstünə yığdı daşını

Yüz arşınlıq bir divarın.

Gəmi kimi beşiyində

Uşaqları uyuyurdu,

-Biz bunları adam kimi

Böyüdərik dedi Tandu.


Demə, bura Qaf dağının,

Cin elinin qırağıymış,

Yağış, ulduz, yel, qasırğa,

Şimşək, tufan qaynağıymış.

Axşam oldu, gün qovuşdu,

Ağ qanadlı gözəl qızlar,

Qalaçada oynadılar,

Fəslərində ağ ulduzlar.

Qara atlas geyimləri,

Belində al qurşaqları,

Doğulmamış körpə quzu

Dərisindən papaqları.

Qoşuldular o qızlara

Bizim igid qəhrəmanlar,

Boy-buxunlu, burma bığlı,

Tüb-Çonqarlı mərd oğlanlar.


Qızışdırdı ortalığı

Huriləri, pəriləri.

Nə gözəldi, nə şirindi

Mahnıları, şərqiləri.

Bizimkilər pərilərin

Yaxşısına əl atdılar,

Halay çəkib, rəqs eləyib

Qaf dağını oynatdılar.


Tandu batır çox düşünüb

Qoşuldu bu pərilərə,

Cinlər də öz dillərində

Cilvə tökdü əsgərlərə.

Bizimkilər pərilərlə

Eyşə dalmış, eşqə dalmış.

Biri gəldi kürəyində

Doxsan sərv, doqquz camış.


Camışları büküb atdı

Quyu kimi bir qazana,

Sərvləri yonqa edib

Atəş vurdu bir ormana.

Qaladakı bir gənc bunu

Görən kimi tez bağırdı:

-Bu talançı, bu yağmaçı

Tatarları kim çağırdı?

Bunlar bizim yurdumuzda

Daş üstə daş qoymadılar,

Bir məni, bir pəriləri

Əzmədilər, soymadılar.

Bizim gənclər uyumuşlar

Pərilərin dizlərində,

Məst olmuşlar, nə axirət,

Nə dünya var gözlərində.


Tandu batır bunu duyub

Göz açaraq tez oyandı,

Qılıncını çəkdi qından,

Hər tərəf qana boyandı.

Pərilərin ödü qopdu,

Sağa-sola qaçışdılar,

Məzardakı qəhrəmanlar

Bir-birinə baxışdılar.


Daş qalanın qara tuncdan

Qapıları ufalandı,

Dağ cüssəli üç kor vardı,

Bir qılıncla paralandı.

-Atış, tutuş, savaş, güləş,

Nə desəniz, mən hazıram.

Mən pəridən, cindən, dağdan

Çəkinməyən bahadıram.


Dedi Tandu, diş qıcıdıb

Ona baxan qara cinə,

Dua etdi qırx əzizə,

Bir də ki yeddi ərənə.

Atışdılar, döyüşdülər,

Axır qaldı iş güləşə,

Vay halına yağının ki,

Tandunun fəndinə düşə.

Tüb-Çonqarın güləşməkdə

Hər fəndini bilən batır,

Qırdı düşmənin belini,

Sümükləri çatır-çatır.

Qoymadı heç səsi çıxa,

Onu sapladı torpağa,

Tez çöküncə sinəsinə,

Cin başladı yalvarmağa.


Tandu dedi: -Söylə, görüm,

Kim öldürdü qardaşımı?

Sən öldürdün, ya başqası?

Yoxsa üzərəm başını.

Cin göz yaşı töküb dedi:

-Bağışlayın səhvimizi,

Xoş gəldiniz bu diyara,

Soruşmadıq kefinizi.


Sanmayın ki, bircə sözü

Yalan dedim, düz demədim,

Sizin xalqdan mən heç kimə

Güldən ağır söz demədim.

Eşitmişdim bircə dəfə

Bizim elin pərisindən:

Cin xanının gənc qızına

Ayluq bəyin sevgisindən.


Bu gözələ aşiq idi,

Dərdindən hamı yanırdı,

Burdakı bir ünlü mirzə

Ayluq bəyi qısqanırdı.

Olsa-olsa, o vurubdur

Qardaşını, ey igidim,

O mirzənin yerini də

İndi sənə tərif edim.

Uca dağlar zirvəsində

Təmiz tuncdan bir qala var,

İçində də mərmər saray,

Həmin mirzə orda yaşar.

Sərvətinin hesabı yox,

Var üç dənə qaşqa atı,

Birinci at üçcə günə

Dolanır bu kainatı.

İkinci at həmin yolu

Bircə günə gedib gəlir,

Üçüncü at bircə günə

O yolu üç dəfə gedir.


O tərəfə yaxınlaşsa

Yad adamlar, başqaları,

Başlayırlar kişnəməyə

O mirzənin qaşqaları.

Mirzə özü bahadırdır,

Ox atmaqda mahir kişi,

Onun ilə bəhsə girmək,

Deyil heç bir adam işi.


-O qalaya necə gedib

Yanaşmalı, dedi Əhməd.

-Bunu demək həm mirzəmə,

Həm yurduma bir xəyanət.

-Düz deyirsən, dedi Tandu,

İndi səni sağ buraxsaq,

Bəlkə bizdən birimizə

Bir zərərin toxunacaq.

Söylədiyin bu sözləri

Mən doğru-düzgün sayıram,

Ona görə indi səni

O dünyaya yollayıram.

O məlunun cəsədini

Tapşıraraq qarğalara,

Bu üç qardaş süvar oldu

Köhlənlərə, yorğalara.

Dan atanda həmin yerə

Yetişməyə qaldı lap az,

Necə, nə cür, hansı yolla?

Ər sirrini açmaq olmaz.


Yolüstü bir saatlığa

Atlarını döndərdilər,

İki varlı cin mirzəni

O dünyaya göndərdilər.

Payladılar mallarını

Yoxsullara, çılpaqlara,

Sonra minib atlarına,

Yol aldılar uzaqlara.


Batırın çox olsa malı,

Batırlıqdan dərhal doyar,

Əsil batır atdan başqa

Nə mal alar, nə mal qoyar.

Şəxsən varlı batırları

Tərənnüm, vəsf etməyirəm,

Batırlıq haqq vergisidir,

Çox dərinə getməyirəm.


Tandu çəkdi qılıncını:

-Sıra çatdı cin xanına,

Bu qılıncım elçi olub

Gedəcək xanın yanına.

Çox keçmədən ulu tanrı

Diləyini qəbul etdi,

Cin xanının sarayına

Üç-dörd günə gəlib yetdi.

Atdan enib çəpkəninə

Yaxşı-yaxşı büründü o,

Çox böyük bir pəncərənin

Dibinədək süründü o.

İçəridə bir taxt vardı

Yarı qızıl, yarı inci,

Ətrafına yığılmışdı

Buraların qızı, gənci.


Eynən bizə bənzəyirdi

Sifətləri, ağızları,

Bir də vardı, üzdən iraq,

Quyruqları, buynuzları.

Kimisinin saçı uzun,

Yerə dəyir, yer süpürür,

Kimisinin saqqalı var,

Yeddi arşın, yel üfürür.


Quyruqlular baş köşədə,

Buynuzlular boynu bükük,

Bunlarda da ayrı imiş

Mirzə, kasıb, böyük, kiçik.

İçində var ağıllılar,

Fala baxan, kitab açan,

Neçə alim, neçə molla,

Ağzından gur alov saçan.


İçlərində qıldan urğan,

Çöpdən körpü düzəldən var,

Kimisinin bir sözündə

Həm it-qurd var, həm canavar.

Hər kəs bir yol tapıb xana

Öz başını oxşatmaqda,

O tərəfdə Tandu batır

Xan qızını aldatmaqda:

-Göy qübbəli saray salıb,

Buludları ötəcəyəm,

Qırx gün boyu toy eləyib,

Al duvaqlar örtəcəyəm.

Dedi Tandu cin sultana,

Axırda qız razı oldu,

Ata mindi igidlərlə,

Gah güldü, gah gözü doldu.


Günlər sonra sağ-salamat

Tüb-Çonqara yovuşdular,

Davul-zurna, toy-düyünlə

Bir-birinə qovuşdular.

O düyündə sağdıc olub

Biz də sürdük növrağını,

Neçə-neçə pərilərin

Qaldıraraq duvağını.


Budapeşt, 3 dekabr 1916.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə