Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi



Yüklə 160 Kb.
tarix12.10.2018
ölçüsü160 Kb.
#73535

www.cafarcabbarli.org


GÜLZAR

Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.

Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.

Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarıqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi.

O, bu gecə gəlin gedirdi.

Tam altı aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb: “Ey Quran, ey uca pərvərdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol!” - deyə göz yaşları ilə yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən, bir o qədər də maraqlanmırlardı.

Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsinə olaraq, çox sevdiyindən və sevincindən ağladığını, kimisi də "adətdir", "qızlar gəlin gedərkən ağlarlar", - deyə yenidən özlərini bir susmaz gurultuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müdhiş iztirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss edir və əski qabıqlı Quranını bağrına basaraq: "Ey Quran, ey Quran sahibi, sənə pənah gətirmişəm", - deyə için-için ağlayır, göz yaşlarını tökürdü...

Ox, o fəlakətli gecə olmasaydı!

Bu, on beş-on altı yaşlarında, ortaboylu, qara gözlü, uçqun yanaqlı, sarımtraq bənizli bir qızcığazdı. Altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. İlk baxışda bir o qədər də gözəl görünmürdü. Lakin bir qədər diqqətlə baxdıqda onda başqa bir gözəllik görmək mümkündü... Baxışları altına düşən hər kəsi ildırım kimi sancan iri, qara gözləri, bu qara gözlər üstündəki incə, uzun qaşları, qanı axacaq qədər qırmızı, çiçək yarpaqları qədər zərif, incə və titrək dodaqları, hətta ağzının böyüklüyü və siması arasındakı incə bir tənasüb, - onu seyr edən hər bir kəsdə anlaşılmaz bir həyəcan oyadırdı.

Xüsusilə, əlində bir çomaq, dünya malını təşkil edən iki keçisini dağdan endirərkən, dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil edirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş etməyə bilməzdi.

Bəli, bütün solğunluqla, bütün nöqsanlarına baxmayaraq, kənddə hər kəs onun gözəlliyini etiraf edirdi.

Gülzarı, yalnız kəndin gəncləri deyil, hətta ixtiyar kişiləri, qadınları da sevirlərdi.

Ta uşaqlıqdan yetim qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. Anasının gözlərinə, kənd qadınlarimn dediyinə görə, qara su enmiş idi. Ona görə Gülzar ta uşaqlıqdan evdə çalışmış, zəhmətə alışmışdı.

Bir qədər böyüyüncə, yoxsul evlərinin bir o qədər də böyük olmayan zəhməti onun üçün asanlaşmışdı. Artıq Gülzar daha ağır işlər görə bilir, mal-qara saxlaya bilir, xalça-palaz toxuya bilirdi. Lakin yunları olmadığından Gülzar bəzən qonşuları üçün icrətlə çalışır, amma bu da həmişə olmurdu. Hər nə olsa da, Gülzar vaxtlarını boş keçirmir, hər kəsin bir işi olursa ona kömək edir, bacardığı qədər toxuyur və yardım edirdi. Başqa qoca bir qadını suya gedən görüncə, haman gedib dolçasını alır, doldurub gətirərdi. Bir evdə yas oldumu, oraya gedir, bacar­dığı qədər çalışır və o qədər səmimiyyət göstərirdi ki, hər kəs onu həmin evin adamı kimi bilirdi.

Hər kəsə ehtiram edər, hər kəsi sevər, hər kəsi ana, bacı, ata, qardaş kimi görərdi.

Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı.

Kənddə bir qız tapılmazdı ki, adına sözlər deyilməsin. Birinin ayağı dolaşdımı, haman ətrafda dastan açılır: “Dağ-divara dırmaşır", "Filankəsə söz atdı", "Gecə filankəslə danışdı" və s.

Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə qadınların bu dedi-qodusundan, qaş-gözündən yaxa qurtara bilməzdilər. Yal­nız Gülzar bu dedi-qodulardan kənar qalıb, su kimi pak və təmiz bir ad saxlamışdı.

Atalar qızlarını danlarkən, Gülzardan ibrət almalarını tapşırır və qadınlar Allaha yalvarıb, övlad dilərkən, Gülzar kimi pak və namuslu bir qız istərlərdi.

Bax, buna görə də bu gecə hər kəs Gülzarın gəlin getdiyinə sevinirdi. Hamı da gəlmiş və öz qızlarının toyu kimi bu toyda iştirak edirlərdi.

Lakin hər kəsdən artıq Aslan sevinirdi.

Bu yoxsul, kimsəyə toxunmaz, bir kəsə pislik etməz, söysələr də danışmaz, hər kəsə ehtiram edər, bir sözlə, "Allahın" dilsiz-ağızsız bəndəsi idi. Bunu çox vaxt Aslanın qorxaqlığına çıxırlardısa da, bununla bərabər kənddə kimsə ona dolaşmaz, pislik etməzdi.

Dünya malından bir uzunqulağı, bir də çətinliklə yığdığı pullardan Gülzar üçün aldığı iki keçidən başqa heç bir şeyi yox idi.

Uzunqulağı ilə odun daşıyır, kömür hazırlayır, biçinə gedir və beləliklə, öz bacısını və kor anasını saxlayırdı. Yaşının çoxluğuna baxmayaraq, hələ evlənməmişdi. Zatən, yoxsul olduğundan, ona qız verən yox idi. Lakin bacısını artıq varlı bir adama verdiyi və o gedəndən sonra bir qədər xərci azaldığı üçün, yeznəsinin köməyi ilə evlənə biləcəyini ümid edirdi. Lakin hər şeydən artıq onu sevindirən - Gülzarın təmiz bir ad saxlaması idi. Hər kəs Gülzarı təriflərkən, Aslan da bacısının belə adı ilə lovğalanardı. Hər halda bu gecə Aslan sevincindən nə edəcəyini bilmir, hər tərəfə çırpınır: "Buyurun, Allah ömür versin, oğlunuz üçün olsun, Allah atana rəhmət eləsin!” və s. sözlərlə gələn qonaqları qarşılayır, ona bu qədər hörmət edib, sevincində iştirak edənləri sevir, hətta kənddəki ən möhtərəm şəxslərin belə gəldiyini görüncə, sevincindən gözləri yaşanır, hətta bəzən onların ayaqlarına düşüb, öpmək istəyirdi.

Bu məhəbbətlərin, bu ehtiramların, bu ümumi iştirakın hamısı Gülzara, hər şeydən əvvəl Gülzarın paklığına, məsumluğuna, namuslu və ismətli olmasına aid olduğunu Aslan bilir və: “Bacımın cehizi yoxsa da, su kimi dura, pak bir adı vardır", - deyirdi.

Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı.

Ox, o fəlakətli gecə olmasaydı!..

Nişanlandığı gündən üç gün əvvəl idi. Gülzar günorta vaxtı evdən bir çörək götürüb, meşədə odun qıran qardaşı üçün apardı. Geri qayıdarkən, hava çox tutqun idi. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. Gülzar yağışdan gözlərini açmayıb, tələsik qaçırdı. Zavallı bu tələsmə nəticəsi olaraq, xəbəri olmadan yolu da itirmişdi. Yenidən bu yolu tapmaq üçün çox uzun çalışmış, amma havanın büsbütün qaralması bütün ümidlərini yox etmişdi.

Gülzar da nə edəcəyini bilmirdi, nə də gözü görürdü. Qaranlıqda qurdlara, çaqqallara rast gəlməsin deyə, qorxudan bir ağacın dibinə sıxıldı. Göy bütün dəhşəti ilə guruldayır, ildırımlar odlu oxlar kimi sağa-sola qaçışır, yağış vedrədən tökən kimi tökülürdü. Bütün kainat bir ildırım oynağına, bir od dənizinə dönmüşdü.

Gülzar qorxurdu. Bu aralıq yaxından "Alabaş, Alabaş!” - deyə çağıran bir səs eşidildi. Gülzar bu insan səsindən bir qədər cürətləndi və "Meşədəki, kimsən?” - deyə çığırdı. Çox keçmədən qarşısında ağ kürkə bürünmüş bir kişi gördü.



- Kimsən?

- Əmi, azmışam.

- Gəl, gəl! Burada durmaq qorxuludur, ildırım hündür ağacları vurar. Gəl! - deyə yola düşdü.

Gülzar onu təqib edirdi. Bir köhülə (mağaraya) təsadüf etdilər. Məchul kişi içəri girdi. Gülzar da heç bir şey düşünmədən içəri girdi. Beş dəqiqədən sonra köhül, məchul kişinin topladığı çör-çöplə yandırdığı ocaqdan işıqlanmışdı. Tüstü Gülzarın gözlərini acıdır, amma belə tüstüyə alışan olduğundan fərqinə varmır, köhülün bir bucağına sıxılıb otururdu.

Artıq bayırda göz-gözü görmürdü. Köhüldə məchul kişi ocağın yanındakı bir daş üzərində oturub, paltarlarını qurudurdu. Heç birisi dinmirdi. Bu aralıq Gülzar sərt, bir qədər boğuq bir səs eşitdi:

- Kimlərdənsən, gəlin?

Bu səs öz-özlüyündə Gülzarı diksindirdi. Lakin yenə fərqinə varmayıb:

- Yetim Aslanın bacısıyam, - deyə kişinin üzünə baxdı. Kişi odlu baxışlarını onun üzünə sancıb baxırdı.

- Ərdəmisən?

Gülzar susub bir söz demədi. Eyni zamanda onu məchul bir qorxu bürüdü. Bu baxışlar altında həyatında ilk dəfə olaraq özünün gözəl bir qız olduğunu xatırladı və burada yad bir kişi ilə olduğunu düşününcə, qor­xudan titrədi və ömründə ilk dəfə olaraq özünü kişilərdən gizlətmək, örtünmək üçün ətrafına baxındı. Yaylığını meşədə itirmişdi. Bir şey tapmayınca, dağınıq saçları ilə döşlərini örtdü. Amma zavallı bununla daha gözəl və daha cazibədar bir görkəm aldığını heç də düşünmürdü.



- Dur gəl, ocaq başında paltarını qurut, yazıqsan, yerdə soyuq vurar, naxoşlarsan, - deyə məchul kişinin sərt səsi yenə cingildədi.

Gülzar qımıldanmadı. Getdikcə qorxu onu bürüyür, bütün varlığı əsirdi. Bu aralıq Gülzar köhüldən çıxıb qaçmaq istəyirdi. Lakin qaçılası bir yer yox idi. Artıq gecə qara qanadlarını kainat üzərinə sərmiş, bütün varlıq bir məzar qaranlığına bürünmüşdü.

Yenidən boğuq bir səs eşidildi:

- Ərin kimdir?

Zavallı qızcığaz bir söz demir, hətta nəfəs çəkməkdən belə qorxurdu.



- Daha o uzaqda oturduğun nə üçündür. Səni yeməyəcəklər ki... Al, kürkümə bürün və paltarını qurut.

Gülzar artıq büsbütün özünü itirmiş, kiçicik ürəyi bir gurultu ilə döyünürdü...

Gecə getdikcə dərinləşir, sükut getdikcə artır, həyat getdikcə susurdu. Bu aralıq məchul kişi birdən yerindən qalxdı. Ağır addımlarla Gülzara yanaşıb, sərt və dəmir kimi ağır əli ilə Gülzarın biləyini yaxaladı. Zavallı qızcığaz, bütün mümaniətlərinə baxmayaraq, bir saniyədən sonra ocağın qırağında oturmuşdu...

Heç birisi danışmırdı... Ocaq getdikcə qaralır, köhül getdikcə bir qaranlığa dalırdı. Gülzar ocağın bir tərəfində bucağa sıxılmışdı. Məc­hul kişi o biri tərəfdə uzanmışdı.

Beləliklə, çox keçdi...

Gülzar, üzünə isti bir nəfəs toxunduğunu hiss edib, gözlərini açdı: qaranlıq bir heyət qarşısını daldalamış, eyni zamanda iki qol dəmir halqa kimi biləyini sarmış, sıxırdı. Gülzar qışqırıb, bütün şiddətilə çırpınmağa başladı. Amma belini sarmış qollar sarsılmaz və güclü idi. Gülzar çırpınır, eyni zamanda uşaq ağlına gələn sözləri söyləyib yalvarırdı:



- Səni and verirəm Allaha, səni and verirəm Həzrət Abbasa, mənə toxunma! Mən yetiməm, kimsəsizəm. Məni öldürərlər. Səni and verirəm o gözə görünməyən Allaha, mənə toxunma, mənə toxunma, mənə yazığın gəlsin, - deyə bu sarsılmaz qollar arasından özünü çıxarmağa çalışırdı.

Məchul kişi isə mırıldanır, mırıldanırdı...

Artıq Gülzarın xırdaca əlləri yorulmuş, məchul kişinin dəmir pəncəsində sıxılır, ayaqları isə kişinin dizləri altına alınmış, tərpənməsinə belə imkan qalmamışdı... Zavallı qızcığaz özünün gücsüzlüyünü görüb bağırır, yalvarır, ağlayır, bütün imamları, peyğəmbərləri bir-bir sayır, eyni zamanda sözlərinin təsirini gözləmədən, balıq kimi çapalayır, çırpınırdı. Lakin bunların hamısı faydasız idi. Yazıq artıq yorulmuş, qolları sustalmışdı. Hər halda yarım saatdan çox çalışmışdı. Nəhayət, zavallı büsbütün yorulub, ölü kimi düşdü.

O, bütün uşaq qüvvəti ilə bacardığı qədər çalışdı, çapaladı, yalvardı, yaxardı, ağladı, bağırdı, çığırdı, ilan kimi qabıqdan çıxdı, amma çarə olmadı. Axırda yarımbayğın bir halda düşüb, istər-istəməz sükuta məcbur oldu...

Gecə ölgün bir sükuta dalmışdı.

Bayırda ruzigar yetim bir uşaq fəryadı ilə inləyərkən, Gülzar bir bucağa sıxılmış, səbəbini özü də bilmədən ağlayır, ağlayır, ağlayırdı. Çünki başqa bir çarəsi yox idi.

Artıq hava işıqlanmış, gözəl bir payız səhəri açılmışdı. Meşənin bütün yarpaqları yağışdan yuyunmuş, günəşin şüalarından parıldayırdı. Bu gözəlliklər arasında Gülzar, ətrafına belə baxmadan, ölgün, solğun bir halda evə qayıdırdı.

Üç gün sonra: “Getmirəm", - deyə ağladığına baxmayaraq, onu nişanladılar. Bu gündən etibarən artıq Gülzarın bütün keçmiş şuxluğu, təravəti itmiş, evdən bir yana çıxmır, keçmişdə qardaş kimi gördüyü kişilərdən artıq yaşınır, kimsənin üzünə baxmır, daha doğrusu baxmağa qorxur, utanırdı. Al yanaqları payız yarpaqları kimi getdikcə solur, çöhrəsi saralır, gözləri çuxura enir, bütün varlığı sarsılıb məhv olurdu. Vaxtilə hər kəs, xüsusilə Aslan bu haldan maraqlanıb, səbəbini soruşmuşdusa da, axırda Gülzarın xəstə olduğunu düşünüb, qəti bir cavabdan vaz keçmişdi. Lakin Gülzar getdikcə solurdu. Bu aralıq Gülzar məsciddən bir Quran götürüb ona tapınmış, ona pənah gətirmişdi. "Gəlin gedərkən nə olacaq? O müdhiş gecədə nə cavab verəcək? Ona inanacaqmıdır?” Bu düşüncələrlə zavallı qaranlıq daxmalarının bir bucağına sıxılıb, saatlarca orada qalırdı. "O gecə nə deyəcək, nələr eşidəcək, nələr olacaqdı?” O, bu xüsusda çox şeylər eşitmiş və qorxmuşdu.

Keçən il qonşularının qızını əri doğramışdı. Zavallı bunları düşünür, bağrı adətən partlayır, otura bilmir, hövlnak qalxır, sanki bir çarə tapacaqmış kimi, mənasızcasına ətrafa baxınır, nəhayət, yenə daxmanın bir bucağına yıxılıb, ağlamağa başlayırdı. Ağlayır, ağlayır, nəhayət, özünə təsəlli verərək: "Yox, mən ona yalvararam, mən bu Quranı şahid gətirərəm ki, məndə günah yoxdur. O inanar. Bu Quran, bu Quran sahibi məni himayə edər", - deyə bir qədər təsəlli tapırdı. Lakin bir saniyə keçmədən yeni bir şey xatırlayırdı: “O, mənim andlarıma inanmazsa?” - deyə yenidən pozulur, müdhiş bir iztirab onu bürüyür, yenidən Quranını bağrına basıb, köhnə qabığını göz yaşları ilə isladırdı.

Beləliklə, uzun qış gecələri o müdhiş gecənin fəlakətlərini, dəhşətlərini düşünərək, bir iztirab içində altı ay gözləyib durmuşdu...

Bu gecə də hər kəs onun səadətinə sevinirkən, o bütün varlığını itirmiş; göz yaşlarında boğulub getmişdi.

- Hə, nə oldunuz? Qurtarmadınızmı? Xalq gözləyir axı, - deyə bayırdan Aslanın səsi eşidildi.

Gülzar diksinib, ürəyi döyünməyə başladı.



- Biz hazırıq. Qızım, daha dur, - deyə yengə cavab verdi.

Gülzar yerindən tərpənmirdi.



- Qoyun bir balamın üzünü öpüm, - deyə Gülzarın kor anası arvadların içində səslənib, irəli yeriməyə başladı.

- Aydan arı, sudan dura balam... Ya Həzrət Abbas, balamı sənə zamin verirəm, - deyə Gülzarı qucaqladı.

Gülzar özünü bilmirdi. Bəyin qardaşı gəlinin belini bağlayır, arvadlar, kimi çalır, o yan-bu yana qaçır, "Allah, Allah" deyir, xəlfə dua oxuyurdu, - bir kəlmə, bütün dünya bir-birinə çaxnaşmışdı.



- Qoyun məni axırıncı dəfə bacımın üzündən öpüm, o mənim evimin sütunu olmuşdur, - deyə Aslanın səsi eşidildi.

- Əlbəttə, əlbəttə, bacındır, qızındır, çörəyini yemişdir, sən ona atalıq eləmişsən, - deyə yengə kimsəyə möhlət vermədən cavab verirdi.

- Əlbəttə, çəkilin, arvadlar, qoyun yazıq öz bacısı ilə görüşsün, - deyə arvadlar bir-birinə söyləyir, eyni zamanda yenə gəlinin başına toplanıb, yolu daha da kəsirlərdi.

Aslan bilirdi ki, ona kimsə bir söz deməyəcəkdir, çünki bu gecə onun sözü ilə hər kəs hesablaşır, hörməti hər kəsdən çoxdur. Elə ixtiyar istəməsi də bir növ lovğalanmaq üçün idi.

Artıq Gülzarı, başında al duvaq, qapıdan çıxarırlardı. Aslan qolunu bacısının boynuna salıb:



- Gəl, bacım, səni öpüm. Sən mənim evimin sütunu olmuşsan, sən mənim üzümü xalq içində ağartmışsan, adına güldən ağır bir söz deyilməmişdir. Bu hələ mənə bəsdir. Mən səndən çox razıyam, get, Allah səni xoşbəxt eləsin, - dedi.

Bu sözlərdən zavallı Gülzarın ciyərləri parçalanır, amma artıq bir şey düşünmür, bir şey hiss etmir, köhnə qabıqlı Quranı bağrına basıb, başqalarının zövqü ilə yeriyirdi.

Otaq tam bir bayram şəkli almışdı: elə bil bəzəkli gəlin evi idi. Lakin Gülzar heç bir şey düşünmür, ancaq başqalarının "Allah, Allah" sözü arasında öz Allahını unutmamaq üçün tez-tez "Ya Allah, ya Allah", - deyə təkrar edirdi. Onu oturtdular. Arvadlar, baldızları, hətta qayınanası belə qabağında oynadılar, qayınanası üzündən öpdü. Lakin Gülzar bunların heç birini istəmirdi, bu iltifatlardan ürəyi sıxılırdı. Beş dəqiqədən sonra bu adamlar heç birisi onu görmək istəməyəcək, üzünə belə baxmayacaqlar. Kim bilir, bəlkə bir daha o onların heç birisini görməyəcəkdir...

Arvadlar çaldılar, çağırdılar, oynadılar, çıxdılar. Gülzar tək qalınca, artıq özünü bilmir, yarımbayğın bir halda bir-biri üzərinə salınmış döşəklərin, gəlin taxti üstündə oturmuş, ərinin gəlməsini gözləyirdi. Özü ilə götürdüyü Quranı bütün qüvvəti ilə iki döşü arasına sıxıb: - "Ey Quran, ey Quran sahibi, sən mənə kömək ol!” - deyə təkrar edirdi. Zavallının ürəyi döyünür, ciyərləri parçalanır, bütün varlığı məhv olurdu. Altı aydan bəri çəkdiyi iztirabların, əzab və göz yaşlarının bu gecə artıq sonu idi. Bu gecə ya həmişəlik xoşbəxt olacaq, ya da həmişəlik qara torpaqlara gömülüb gedəcəkdi. Ox, nə qədər müdhiş bir gecə!.. O, bu gecəni çoxdan bəri təsəvvür etmişdi. Amma belə fəlakətli bir gecənin, doğrudan da, olacağına inanmırdı. Bir aralıq: "Mən burada qalmıram" - deyə durub evlərinə qaçmaq istəyirdi. Lakin istəyirdi... Çox şeylər istəyirdi... eyni zamanda heç bir şey istəmir, yalnız özünü gizlətmək üçün bir yer, torpaq, bir məzar istəyirdi.

Nəhayət, qapı açıldı, bəy girdi. Gülzarın ürəyi çırpındı. Qapının səsindən sanki qulaqlarında göy guruldayırdı. O, qısaboylu, dik papaqlı, sərt üzlü, sərt baxışlı, azacıq çopur bir oğlan idi. Eyni zamanda simasına baxınca, onda xüsusi bir mülayimlik, bir nəvazişkarlıq görmək olurdu. Amma Gülzar üçün bu dəqiqədə ərinin necə olmasının heç bir fərqi yox idi. O, bu saat ərinin bir meymun, bir qurd, bir canavar olmasına, lakin onu bağışlamasına, ona inanmasına şükr edərdi.

Mənsur özünü itirdi. O gözləyirdi ki, qız duracaq, onun ayağını tapdalamağa çalışacaqdır. O da evdə gələcəkdə hakimiyyət qazanmaq üçün bunu ilk əvvəl özü etməyə hazırlanmışdı. Amma Gülzar yerindən tərpənmədi. Bundan başqa, yengənin dediyinə görə, daha bir çox səmimiyyətlər olmalı idi. Heç biri olmadı. Nəhayət, özünü toplayıb namaz yadına düşdü. Namaz qılmağa başladı. Bitirdi. Gülzar yerindən tərpənmədi. Mənsur taxtın üstündə oturdu. Nə edəcəyini bilmirdi. Heç biri anışmırdı. Gülzara yengə, gəlirkən bir çox şeylər tapşırmışdı. Lakin heç biri yadında qalmamış, daha doğrusu, heç birini eşitməmişdi. Bu sükut uzun bir zaman davam etdi. Nəha­yət, Mənsur sükutu pozdu:



- Gülzar, artıq üzünü aç, öz evindir, - deyə mütərəddid və utancaq hərəkəti ilə örpəyi Gülzarın üzündən götürdü. Zavallı qızcığaz həyəcan və iztirabdan ürəyi partlayır, bihuş olmaq dərəcəsinə gəlirdi. Qulaqlannda anlaşılmaz bir şey guruldayır, bütün gördüyü şeylər gözünün qarşısında oynayır, hərəkət edirdi.

Gülzar özünü gizlətmək üçün bir yer axtarırdı, amma yox idi.

Mənsur sözə başlamış və nə söyləyəcəyini bilməyib, ancaq söhbəti kəsməmək üçün, ağlına gələni danışırdı:

- Mən bilirəm, qardaşının evində sən çox incimişsən, amma artıq bundan sonra, inşallah, hər ikimiz gözəl güzəran sürərik.

Mənsur danışmağa söz tapmır, eyni zamanda Gülzar bir söz deməyincə, sözünü kəsmək istəmirdi. Yoxsa yenə bir sükut araya düşəcək və yenidən sükutu pozmaq üçün söz tapmayacaqdı. Burada Gülzar artıq özünü bilmədən, nə olursa olsun, bir an əvvəl sözünü demək, ürəyini açmaq və bütün varlığını didən bu müdhiş iztirabdan yaxasını qurtarmaq üçün aylarla əzbərlədiyi sözlərin hamısını unudaraq, yarımbayğın bir halda sözə başladı:



- Ox, Mənsur, sən bu qədər gözəl, bu qədər gözəl, bu qədər zənginsən... Fəqət mən... sənə layiq deyiləm... mən...

Burada ağlamaq boğazını boğdu. Göz yaşlarında boğulub, nəfəs belə çəkmirdi. Lakin Mənsur onun dediklərini bir o qədər də anlamadan, nəhayət, Gülzarın dannışdığına və özünün danışmaq üçün mövzu tapdığına sevinib, əlini mütərəddid hərəkətlərlə onun boynuna salaraq, dedi:



  • Artıq ağlama, Gülzar! Mən bilirəm sən nəyi düşünürsən.

Burada Gülzar birdən-birə diksindi. "Nəyi bilir görəsən?” O müdhiş gecənimi bilir?” Bir an içində bədənini titrətmə tutdu. "O haradan bilir? Lakin bilirsə və bu qədər mülayimsə...” Bu aralıq zavallı qızcığazın başından bulanıq bir fikir fırlandı, bəlkə də o məchul kişi bu özüdür? Biixtiyar başını qaldırıb, Mənsurun üzünə baxdı. Ancaq heç bir şey görmür, heç bir şey xatırlamırdı. Eyni zamanda Mənsur sözünə davam edirdi:

- Amma elə şeylər üçün düşünməyə dəyməz. Mən bilirəm, qızlar istərlər ki, onların cehizləri olsun, bilməm nələri olsun, ərlərindən utanmasınlar. Mənim üçün elə şeylərin əhəmiyyəti yoxdur. Allaha şükür, bir parça çörəyimiz var, ac qalmarıq... Özümüzdən başqa iyirmi nəfəri də lap əlli il saxlaya bilərik. Atam mənim üçün kəndxuda Həsənin qızını almaq istəyirdi. "Belə cehizləri var, camışları var, xalça-palazları var", - deyirdi. Lakin nə eləyim o dövləti, mənə sənin gözəlliyin, hələ


təkcə təmiz adın hər şeydən bahadır. Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək, kimsə ardımca pıçıldamayacaqdır. Mənə sənin təmiz adın, paklığın və saflığın hər şeydən qiymətlidir. Bu, mənim üçün dünyalara dəyər.

Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inlədi:



- Mənsur mən səndə qalmaq istəmirəm. Yalvarıram sənə, məni dörd-beş gün saxlayıb, sonra burax. Mən gedib dilənçilik edərəm...

- Axı nə üçün? Sənə nə olmuşdur?

Gülzar özünü bilmədən, dediklərini belə eşitmədən Mənsurun ayaqlarına düşüb:



Sanki Gülzarın üzərində qocaman bir dağ varmiş kimi, bir sözlə birdən uçulub, onu yüngülləşdirdi. Lakin qulaqlarında bu qocaman dağın anlaşılmaz gurultuları taqqıldayırdı. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Əlini Gülzarın boynundan çəkdi. Biixtiyar divara baxındı. Divarda bir tüfəng, iki xəncər asılmışdı. Üzündən zəhərli bir gülüş fırladı. Gülzar isə göz yaşlarında boğularaq, sözünə davam edirdi:

- Amma mən müqəssir deyiləm, Mənsur! And olsun bu Qurana, and olsun o gözə görünməyən pərvərdigara ki, mən müqəssir deyiləm...

- Sən müqəssir deyilsən... Hm... bəs nə oldu? Damdan yıxıldın, hə? Nərdivandan yıxıldın, hə?

Gülzar artıq sözünü demiş, sonu nə olacağını bir o qədər də düşünmürdü.

Mənsur bu saat xəncəri qapıb onu doğrayacaqmı? Bağışlayacaqmı? Nə edəcəksə, hər halda bilmirdi. Lakin bir çox şeylər, biixtiyar fikrindən çırpınıb keçir və heç birisinə baxmadan bir an əvvəl sözlərini söyləmək istəyirdi:

- Yox! Yox! Mən heç bir yerdən yıxılmamışam. Mənə başlı-ayaqlı bir insan toxunmuş, məni zorlamışdır.

- Kim? Kim? Onu söylə! - deyə Mənsur müdhiş bir əsəbiyyətlə bağırdı.

- Bilmirəm...

Bir an üçün hər ikisi susdu.



- İstəsən, işin hamısını sənə söyləyə bilərəm. Nə edəcəksən, et. Yalnız sözlərimə inan, məni öldür. Ancaq bil ki, mən müqəssir deyiləm.

Mənsur susurdu. Burada sonsuz bir dəhşətlə o fəlakətli gecəni bir neçə qırıq-sökük cümlədə nağıl etdi. Sözləri irtibatsız və nizamsız oluğu üçün bəlkə məntiqsiz yerləri də var idi. Lakin söylənən sözlərdə elə bir səmimiyyət çırpınır, elə bir paklıq hiss edilirdi ki, istər-istəməz insanın inanması gəlirdi. Hər halda Mənsur inanmışdı. Çox uzun düşüncədən sonra:



- Axi bunların hamısı doğru isə, nə üçün o zaman anana, qardaşına söyləmədin? - deyə soruşdu.

Mənsurun səsi sanki bir qədər yumşaldı.



- Onlar nə edə bilərdilər? Qardaşımı sən ki bilirsən. Anama da artıq dərd verməkdən nə çıxardı? indi mən olduğunu söylədim, mənə hər nə edəcəksən, et, qanımı sənə halal edirəm. Ancaq inan ki, mən günahkar deyiləm. And olsun yeri, göyü yaradan Allaha! Mənsur, and olsun bu altı aydan bəri mənim yeganə təsəllim olan bu Qurana ki, mən təqsirkar deyiləm.

Gülzarın sözlərində çırpınan məyusluq, göz yaşlarındakı səmimiy­yət bir iynə kimi Mənsurun fikrinə, zehninə, ruhuna, bütün varlığına sancıldı. Hətta "Yazıq nə etsin? Bu Allahın qəziyyəsidir, onun ki, burada taqsırı yoxdur. Gücsüz, köməksiz bir qız nə edə bilərdi? Nə üçün bir nəfər onun adına söz demir?” - kimi bəzi doğrultmalar da fikrindən keçir və eyni zamanda çox dərin düşüncələrə dalmış dururdu.

Gülzar kiçicik əllərini irəli uzatmış, bir həyəcan içində nəticəni gözləyirdi. Ox, indi Mənsurun bir sözü onu nə qədər xoşbəxt edə bilər və ya əbədi bir yoxluğa yuvarlada bilərdi! Gülzarın bu dəqiqədə bütün taleyi, həyati, səadəti ondan, onun bir kəlmə sözündən asılı idi.

Sevinc və müdhiş fikirlər bir elektrik sürəti ilə bir-birini təqib edərək, zehnindən fırlayıb gedirdi. Hər halda Gülzar onun bütün iztirablarına şahid olan bu Quranın onu tək buraxmayacağına, kömək və himayə edəcəyinə, zəif bir inamla da olsa, inanırdı. Bu ümidin nəticəsi olaraq, Gülzarın başında xoşbəxt və sürəkli bir ümid parladı: "İndi Mənsur qollarını açacaq, - eybi yox, mən səni bağışlayıram, çünki inamram ki, səndə taqsır yoxdur, - deyəcək və onu qucaqlayacaqdır". Hətta bunu Mənsurun gözlərindən də oxumaq olurdu. Ancaq Gülzar bu halında bunun fərqinə varmırdı; həm də bu dəqiqədə belə şeylərlə sevinmənin vaxtı deyildi. Burada artıq xəyal, xülya deyil, ümid, arzu deyil, bir həqiqət olaraq ölüm-dirim məsələsi həll edilirdi ki, o da Mənsurun verəcəyi cavabdan, edəcəyi hərəkətdən asılı idi.

Mənsur düşünürdü. Sanki bu sözlərin doğruluğunu Gülzarın üzündə oxumaq istəyirmiş kimi, bıçaq kimi iti baxışlarını onun üzünə dikdi: önündə iki uçqun, süzgün göz gördü ki, məsum baxışlarında odlu bir fəryad inləyir, tam dərinliklərində bir doğruluq, bir səmimiyyət, bir paklıq, bir günahsızlıq gülümsəyirdi. Gülzarın iki damcı göz yaşı yuvarlanmış, solğun yanaqlarında durmuşdu; indi dodaqları hənuz əsəbi bir həyəcanla titrəyir və bütün bu həyəcanlarla, bütün bu solğunluqlarla Mənsur qarşısında pak və olduqca gözəl bir qız görürdü. Bu sevimli qızın məsum ruhuna toxunmaq, qəlbini qırmaq, incitmək, heç də insafdan deyildi. O, təbiətin azad qoynunda bəslənmiş bir çiçək idi ki, ruzigarın xəfif bir ağırliğmdan solacaq, töküləcək, məhv olub gedəcəkdi... Halbuki o, ən tutqun bir həyati süslədə bilər, həyatın ən dərin qaran-liqlanm bir səadət şəfəqilə işıqlandira bilərdi. Xüsusilə bu dəqiqədə Gülzar elə bir görünüş almışdı ki, ona kimsə acimaya bilməz. Eyni za-manda onun bu vəziyyəti ilə aldıği məhzun bir gözəlliyə qarşı kimsə pərəstiş etməyə bilməz, onu sevməyə bilməzdi. Bəli, Gülzar kim olursa olsun, indiki dəqiqəsində gözəl, sevimli, ən pak bir qızcığaz idi.

Mənsur bunları hiss edirdi, kim bilir, daha nə kimi doğrultmalar düşünmüşdü. Hər halda bir məsum qızı, bir an əvvəl sevindirmək üçün böyük bir zövq, bir məmnuniyyət və vüqarla “Çox yaxşı, inanıram, ağlama", - deyə bir kəlmə söyləmək, onu qucaqlamaq, ovundurmaq, sonra uzun-uzadı düşünüb, gələcək üçün bir çox şərtlər qoymaq istəyirdi. Lakin tam bu sırada qapı döyüldü. Arxasından:



- Tez olsanız! Daha bu nə oldu? Bitirmədinizmi? Xalq nigarandır axı! - deyə sözlər eşidildi.

Danışan yengə idi. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Çox dərin bir yuxuda imiş kimi diksindi. Bütün düşüncələri alt-üst oldu, sanki yeni bir şeylər xatırladı: "Adətən, qızlar belə deyir, and içirlər". O, çox eşitmişdi. O, başqalarına çox gülmüş, istehza etmişdi. "Bəlkə də o adam həmin kəndlilərdən biridir?.. Bəlkə də Gülzar yalan deyir?.. Bəlkə də tanıyır, demək istəmir?.. Bəlkə də bir neçə nəfərdirlər?.. Yəqin kənd içinə çıxarkən, ona baxıb gizlincə güləcəklər. İndi yengəyə nə söyləyəcəkdir?” Burasını heç düşünməmişdi. “Bəli, bu qız o qədər hiyləgərmiş ki, hər işi görmüş, eyni zamanda özünü pak qələmə vermişdir". Bir dəqiqə də bilməm nə qədər taqsir onun fikrindən keçdi; nədənsə bir az əvvəl bunların heç birisi fikrinə gəlmirdi.

Gülzar ağlamaqdan danışmırdı. Son dəqiqə Mənsurun tərəddüdünü görüncə, ayaqlarına sərilib:

- Mənsur məni bədbəxt etmə! And olsun bu Qurana ki, məndə günah yoxdur, - dedi.

Mənsur, bəlkə də, qapı döyülüşünün təsiri altında:



  • Artıq qurban olasan əlindəki Qurana, mən sənə dəymərəm, - dedi.

Gülzar sakit bir nəfəs çəkdi. Bir saniyədə kim bilir nə qədər böyük bir səadət yaşadı. İkinci söz olmasaydı, sevincindən Mənsurun ayaqlarını, əllərini, üzünü öpəcək, ağlayacaq, kim bilir, daha nələr eləyəcəkdi. Doğrusunu bilmək istəsəniz, - heç bir şey etməyəcək, sevincin­dən, sadəcə bayılacaqdı. Lakin Mənsur sözünə davam edirdi:

- Mən sənə toxunmadım. Ancaq hansı yol ilə gəlmişsən, həmin o yol ilə də atanın evinə qayıt. Üzüqara bir qız mənə gərək deyil.

Gülzarın ürəyi çırpındı, gözləri qaraldı, uzun zaman bir şey görmədi, bir şey eşitmədi. Bir gurultu qulaqlarını doldurmuş kimi çiyninə toxunurdu. Nəhayət, ağır və tənbəl hərəkətlərlə tərpənib başını qaldırdı, məhzun bir ölgünlüklə gözlərini yarımçıq açdı. Mənsur qapını açıb, onun çıxmasını gözləyirdi.

Gülzar məyus bir halda qalxdı.

Artıq ağlamırdı, qapı açıq olduğundan ağlamağa, yalvarmağa imkan qalmamışdı. Qapıya yönəldi. Nədənsə, gözlərini qaldırıb, ətrafa baxdi: bütün divarlar, bütün görünən şeylər və anlaşılmaz bir hərəkətlə onunla bərabər yürüyür və onun tənbəl yürüşləri əksinə olaraq, bir makina çarxı dövrəsinə fırlanır, xəbis bir istehza ilə rəqs edirdi.

Biixtiyar bir ah çəkdi.

Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi.

Əski qabıqlı Quranı götürmüş, aparmaq istəyirdi. Qapıdan çıxdı. Əvvəl yengə, sonra da qapı arxasında böyük bir maraq içində gözləyən qadınlar onun başına toplandılar. Hər tərəfdən sorğular yağdırıldı:

- Hə, nə oldu? Nə üçün çıxdın? Nə istəyirsən? Bitdimi? Nə olmuşdur?

Gülzar bir şey görmür, hətta kimsəyə baxmır, bir şey hiss etmir, bir söz söyləmirdi. Bütün varlığı ürəyinə yerləşmişdi. Bir sövqi-təbii ilə qadınların arasından keçib getmək istəyirdi.



- Haraya gedirsən? Nə oldu? Nə üçün gedirsən? - deyə hərə bir tərəfdən maraqla soruşur, eyni halda onu dümsükləyir, sanki yuxuda imiş kimi, onu oyatmaq və cavab almaq istəyirdilər.

Qadmlar bir-birinin üzünə baxırdılar, qaş-gözlər oynamağa başlamışdı. Yengə içəri soxuldu; oradan Mənsurun səsi eşidilirdi:



- Mən papağımı atıb, ləçək bağlaya bilmərəm. Namussuz, üzüqara bir qız mənə gərək deyildir. Yolun üstü ilə gəlmiş, altı ilə də getsin...

Gülzar dəli kimi duruxmuş, nə edəcəyini bilmirdi.

Artıq beş dəqiqə bundan əvvəlki kimi ona yanaşmırlardı. Kimsə bir söz demir, bir yol göstərmirdi. Ancaq qadınlar bir-birilə pıçıldaşır, söyləşirlərdi. Məsələ bəlli idi.

- Vallah, vallah, mənim qızım aydan an, sudan durudur. Ay müsəlmanlar, bizə zülm eləməyin! - deyə Gülzarın yazıq anası ağlayırdı. Eyni zamanda Mənsurun anası bir az əvvəlki ehtiramkarlığı büsbütün atmış, sərt və acıqlı bağırtılarla: - Təmizdir! Təmizdir! Apar özünün olsun, - deyirdi.

Qadınlar bir-birinə qatışmış:



- Qəribədir! Təəccüblüdür! Bərəkallah, qız! Suyun lal axanı, adamın yerə baxanı! - deyə mırıldanırdı.

Gülzar başı aşağı olaraq, bir yol tapıb getmək istəyirdi. Lakin tərpənə bilmirdi, haraya gedəcəyini özü də bilmirdi. Bu qədər səmimi ayrılıqdan sonra qardaşını necə görəcək, nə edəcək, nələr olacaqdı?..

Bu halda o, bir dama çıxmaq və yüksək bir səslə bütün camaat qarşısında bağırmaq, ağlamaq, bütün dünyanı haraya çağırmaq istəyirdi.

Ona belə gəlirdi ki, bu saat bu haqsızlıqdan dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu istəyirdi. Lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrətlə ona baxıb gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın faciələrinə gülümsəyirdi.

Zavallı qızcığaz son dəfə başını qaldırıb, ətrafina baxdı: bütün əvvəl­ki nəvazişlər, sevimli çöhrələrdə bir əqrəb gülüşü oynayır, hamısında gizli bir nifrət çırpınırdı. Heç kəs öz baxışlarını ondan qaçırmaq istəmirdi. Gül­zar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. Birdən neçinsə əlindəki Quranı başına qaldırıb:

- Ey Quran, əgər haqq isən, günahkar isəm, bu saat məni külə döndər. Ya haqqı aşkar elə, ya mənim namusum, həyatım, ismətim kimi, sən də ayaqlar altına düşüb, əbədilik məhv ol!.. - deyə Quranı yerə çırpıb, əsəbi bir həyəcanla tapdalamağa başladı.

Ətraf sakit idi. Ruzigar xəfif-xəfif əsir, ağaclar səslənir, bayaqkı çırağban küçələri dərin və qorxunc bir qaranlığa bürümüşdü.

Gülzara "Allah" da, “Quran" da kömək etməmişdi.

Nəhayət, kor anasının əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı.

Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi...

Gülzar ağlayırdı...



Ağlayırdi, çünki başqa bir çarəsi yox idi.



Yüklə 160 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə