Bəxtiyar Tuncay Çuxur (e.ə. IV-III) və Kür-Araz mədəniyyətilərini (e.ə. IV-III minilliklər) quranların genetik analizi onların eyni xalq – protooğuzlar olduğundan xəbər verir



Yüklə 76,99 Kb.
tarix30.12.2017
ölçüsü76,99 Kb.
#18413

Bəxtiyar Tuncay

Çuxur (e.ə. IV-III) və Kür-Araz mədəniyyətilərini (e.ə. IV-III minilliklər) quranların genetik analizi onların eyni xalq – protooğuzlar olduğundan xəbər verir

ямная культура и её соседи в 3500-2000 г. до н.э.
Türklərin R1b Y-xromosomlarının daşıyıcısı olan hissəsinin, yəni protooğuzların Avropada qurduqları daha bir möhtəşəm mədəniyyət e.ə. 3600-2300-cü illəri əhatə edən, başqa sözlə, son eneolit – ilk tunc dövrlərinə aid olan Çuxur mədəniyyətidir. Bu mədəniyyəti Xavalınsk mədəniyyətininin davamı və birbaşa varisi hesab edirlər. Belə hesab etmək üçün ən əsas arqument hər iki mədəniyyətin eyni coğrafi ərazidə (Cənubi Uraldan Dnesyr çayına və şimali Qafqaza qədər uzanan ərazilərdə) peyda olması, ölülərin kurqanlarda arxası üstə basdırılması, onların üzərinə oxra səpilməsi və R1b haploqrupunun dominant olmasıdır. L. Kleyn 1975-ci ildə bu mədəniyyətin qərb qanadını ayrıca qrup kimi gözdən keçirməyi daha məqsədəuyğun saymış (Клейн Л. С.,  1975, c. 297-304), daha sonra onun bu fikrini digər arxeoloqlar da qəbul etmiş və Cuxur mədəniyyətinin qərb qanadını «Bucaq mədəniyyəti» adlandırmağa başlamışlar (Иванова С. В., 2012, c. 18-47).

Cuxur mədəniyyətinin daşıyıcılarının ölülərini kurqanaltı cuxurlarda (qəbir kameralarında) basdırırdılar. Sözügedən mədəniyyət də adını məhz buradan almaqdadır (Мерперт Н. Я., 1974).

«Çuxurçu»lar əsasən yarımköçəri heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Əkinçilikdə əsasən sümükdən (heyvan buynuzlarından) hazırlanmış toxadan istifadə edir, daha çox böyük çay sahillərində saldıqları kənd və kiçik şəhərlərdə yaşayırdılar. Arabanın nə olduğunu bilir və ondan istifadə edirdilər. Şərqi Avropada ən qədim arabalar bu mədəniyyətə və e.ə. III minilliyə aid edilən kurqanlardan tapılmışdır. Bu baxımdan Dnrprdə, Odessa vilayətinin Yasski kəndi yaxınlığındakı «Keşikçi təpəsi» (Storojevaya moqila) kurqanını və Orenburq vilayətindəki Şumayev məzarlığını misal çəkmək olar.

Cuxur mədəniyyətinin daşıyıcıları metal əşyalar düzəltmək üçün lazım olan xammalı Qafqazdan əldə edirdilər (Кульбака В., Качур В., 2000).


ie5500bp
Çuxur və Maykop mədəniyyətləri
Sözügedən mədəniyyətinin xarakterik xüsusiyyətləri ölülərin kurqanaltı sərdabələrdə basdırması, meyitlərin qəbrə arxası üstə, dizləri bükülmüş vəziyyətdə qoyulması, üzərlərinə oxra səpilməsi və kollektiv dəfn adətinin ortaya çıxmasıdır. Kurqanlarda çox adam dəfn edilir və əksər hallarda bu müxtəlif vaxtlarda baş verirdi. İnsan sümükləri ilə birlikdə kurqanlarda qoyun, keçi, qaramal, at və qaban sümüklərinə də rast gəlinir. Əsas xarakterik xüsusiyyətlərdən biri də ölülərin arabalarda dəfn edilməsidir. Dunay və Manıç çayları arasındakı düzənlikdə kurqanlardan 160 araba, təkər və ya onların gildən düzəldilmiş modeli tapılmışdır. Bunlardan ən qədimi e.ə. 3200 – cü ilə aid edilir (Кульбака В., Качур В., 2000).

Dördtəkərli arabalar Moldovanın cənub qərbində, Yalpux çayı sahilindəki və Aşağı Dnestr sahillərindəki Mayaki kəndi yaxınlığındakı kurqanlardan, eləcə də İnqulets çayı sahilində, Sofiyevka kəndi yaxınlığında və İnqul adlı yerdəki kurqanlardan aşkar edilmişdir. İkitəkərli arabaların qalıqlarına isə Dnepr şəhəri yaxınlığındakı «Keşikçi təpəsi» (Storojevaya moqila), Kaxovka yaxınlığındakı Pervokonstantinovka və Akkermandakı kurqanlarda rast gəlinmişdir.

Rostov yaxınlığındakı cuxur qəbirdən, Gerasimovka I məzarlığındakı 7 №-li kurqandan, Ural ətəklərindəki Şumayevo II-dən araba təkəri tapılmışdır. Şumayevo OK II/2-dən isə üç təkər əldə edilmişdir. Bir çox qəbirlərdən isə araba və ya təkərin gil modelləri çıxmışdır (Моргунова Н. Л., 2014).

Maraqlıdır ki, yuxarıda Cuxur mədəniyyətinin xarakterik xüsusiyyətləri kimi qeyd edilən əlamətlərin hamısı Cənubi Qafqazın ilk tunc dövrü mədəniyyəti üçün də xarakterikdir və bu da bizə Çuxur mədəniyyətini nüvəsini Kür-Araz mədəniyyəti təşkil edən böyük bir mədəni arealın şimal perifiriyası kimi gözdən keçirməyə imkan verir.

M. Poulmarch L Pecqueur və B. Cəlilovla birlikdə qələmə aldığı bir məqaləsində Kur-Araz mədəniyyəti üçün xarakterik olan dəfn ənəsindən söhbət açarkən, sözügedən mədəniyyət üçün 5 dəfn abidəsi formasını qeyd edir və bu sıraya daş qutuları, müxtəlif formalı sərdabə tiplərini, nalşəkilli sərdabələri, topaşəkilli daş qalaqları və klassik kurqanları aid edir (Poulmarc'h M. with Pecqueur L. and Jalilov B., 2014, p. 232). Bütün bu formalarana eyniylə Çuxur mədəniyyəti, eləcə də ondan öncə həmin ərazidə mövcud olmuş Xvalınsk mədəniyyəti abidələrində də rast gəlinir.

Burada Xvalınsk mədəniyyəti üçün xarakterik olan bir xüsusiyyəti, qəbilə başçılarının qəbirlərindən at başı formasında olan daş skipeterlərin çıxması faktını qeyd etməliyik ki, bənzər skipeter «Kür-Araz eneoliti» dövrünə aid Soyuqbulaq kurqanlarının birindən də çıxmışdır (Лионне Б., Алмамедов К., Буке Л. и др., s. 48-61).


45781928
Xavalınsk mədəniyyəti dövrünə aid at başlı daş skipeter
Bənzər skipeter Azərbaycanın ilk tunc dövrünə aid Telmankənd kurqanından da əldə edilmişdir. Üstəlik də bu skipeterin tapıldığı 1№-li Telmankənd kurqanından iki araba təkəri modeli də çıxmışdır (Махмудов Ф. Р., 2008, s. 38-40). Maraqlıdır ki, bənzər skipeterlər Çuxur mədəniyyətinin ilk mərhələləri üçün də xarakterik idi.

Rus və Avropa alimləri Cənub-Şərqi Avropanın kurqanlarının tarixini qədimləşdirməyə çalışsalar da, orada da ən qədim klassik kurqanların tarixi «Kür-Araz eneoliti» dövrü kurqanlarının tarixi qədərdir. Yəni həm Qafqazlardan şimalda, həm də cənubda kurqanlarda dəfn adəti təqribən eyni dövdə ortaya çıxıb və onların peyda olması eneolit dövründə Anadolu (P1b) və Cənubi Azərbaycandan (R1a) köçən, öncə Cənubi, daha sonra isə Şimali Qafqazda məskunlaşan və oradan da şərqdə Cənubi Ural, qərbdə Dunay və Karpatlara qədər geniş ərazilərə yayılan qədim türk qəbilələri ilə bağlı olmuşdur. Köçə səbəb isə, çox güman ki, həddən artıq çoxalan at ilxıları üçün yeni otlaqlar və cu mənbələri tapmaq olub. İlxılar əsasən qəbilə başçılarına məxsus olurdu və at başı formalı skipeterlər də onların hakimiyyət, başqa sözlə bəylik (// baylıq) rəmzi idi. Fikrimizcə, burada at kultunun izlərini axtarmaq hələlik yersizdir və bu kult əsasən İlk tunc dövrünün sonları və orta tuncun əvvəllərində peyda olmuşdur ki, bu barədə sırası çatdıqda söhbət açacağıq.

Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının radiokarbon analizlərinin nəticələri (N. Müseyibli)
İlk tunc dövründən etibarən köçü asanlaşdıran səbəblərdən biri də arabanın kəşfi idi. Bu barədə F. Ağasıoğlu özünün «9 Bitik» kitabının hələ dərc olunmamış, fəqət istifadə edə bilməmiz üçün böyük lütf göstərərək, bizə təqdim etdiyi IV cildində (IV Bitik, s. 198-203) maraqlı məlumatlar verməkdədir. Onun icazəsi ilə kitabın həmin hissəsini olduğu kimi və bütünlüklə məqaləmizə daxil etməyi lazım bildik:

«İlk təkər və arabanın m.ö. IV minildə Urmu-Van gölləri arasında yaranıb III-II minillərdəsə buradan dünyanın digər bölgələrinə yayıldığını yazan uzmanlar (V. G. Childe, T. S. Piggott, Y. A. Şer və b.) o çağda arabanın icadını bəşəriyət üçün böyük texniki tərəqqi sayır, XX əsrdə ilk uzay uçağının verdiyi effekt kimi dəyərləndirirlər.

Türklərin 2 təkərli (kanqlı) və 4 təkərli (kölüngü) arabaları onları daha uzaq yerlərə köç etməsinə imkan yaratdı. Keçə örtülü arabalar isə gələnəksəl olaraq Avrasiya çöllərində saqa-hun-göytürk bolarının etnoqrafiyasında irsi davamlıq kimi sərgiləndi. Minillər boyunca təkmilləşmə aşamaları ilə araba və təkərin müxtəlif türləri yaranmış, arabanın ayrı-ayrı hissələrini bildirən təkər, boyunduruq, ok, okluq, dingil//tingil (araba oxu), arış, gərmə, tilkicə, bağırcaq, aykırı, milməcər (qurdağzı), yağıldırak kimi onlarla söz ortaya çıxmışdır.

İlk təkərlərin hazırlanması üçün lazım olan bərk ağac növü və metal Azərbaycanda bol idi, Azərbaycanın əksər bölgələrində Kür-Araz kulturu və orta tunc dövrünə aid basırıqlarda (kurqanlarda - B. T.) xeyli cəng arabası, təkər-araba modelli fiqurlar, hətta bütöv araba tapılmışdır. Dəclə-Urmu arası bölgələrdə Təpə-Qavra, Hasanlu, Xəzər hövzəsində Telmankənd kurqanı, Təpə-Hisar, Qazaxda Baba-Dərviş, Dağıstanda Vəlikənd, Çemikənd, Naxçıvanda Kültəpə, İrəvan mahalında Lori-qala, Şenqavit, Arıc, Ördəkli və basırıqlarında təkər fiqurlarına rast gəlmək olur. Borçalıda isə bütöv araba tapılmışdır.

Təkər və arabanın ilk dəfə türk boyları tərəfindən yaranması inamı türk eposlarında orta əsrlərəcən davam etmişdir. «Oğuznamə»də deyilir ki, ona qədər təkər yox idi, arabanı ilk düzəldən onlar oldular. Gərək olan yükləri, qənimətləri bu arabalara yükləyib apardılar və bu səbəbdən Oğuz onlara «kanqlı», yəni «arabaçılar», «arabası olanlar» adını verdi.



Göründüyü kimi, uzmanlara görə arabanın 6 minil öncə Urmu-Van arasında yaranması baxışı Oğuzxanın arabaçı boya verdiyi adın Ön Asiya xalqlarının dilində əks olunması ilə örtüşür. Belə ki, akad dilində «xulikanu», «xulukannum», hurri dilində «hulikanni», het yazısında isə «xuliganni» şəklində işlənib yüngül arabanı bildirən sözlərin tərkibidəki «kan//kann» çox güman ki, «kañ//kanq» (araba) ilə bağlıdır, çünki akad dilində xulu «yol» sözü ilə başlanan bu söz (xulu-kanni) «yol arbası» deyiminə uyğun gəlir.

Türklərin quzey və doğu yönlərə köçü də Ön Asiyadakı araba türlərinin o istiqamətlərə aparılması çağı ilə təsdiq olunur. Araba gələnəyinin doğu miqrasiyası Koreyanın quzey-batı bölgəsinə qədər gedib çıxmışdır. Çin yazıları üzrə məşhur alim V. Eberharda görə, Çinə at bəsləmə gələnəyilə bərabər Ön Asiya tipli savaş arabasını da aparan türklər idi. Savaş arabasından başqa, Orta Asiya tipli hündür təkərli araba (kao-ch’ê) növü də Çinə türklərlə keçmişdir. Çin qaynaqları «göytürklərin keçə (örtülü) arabaları var» - deyə, «otaqlı araba» adlanan keçə örtüklü (ch’ê-chang) arabalardan da bəhs etmişlər. Yunanca qaynaqlar eyni görkəmli arabaların qonar-köçər saqa boylarında da olması, belə örtülü ev-arabalarda qadın və uşaqların barınması haqqında bilgilər verir.

İ. M. Dyakonov yazır ki, Avropadan çıxıb Orta Asiya üzərindən İran yaylasına gələn arilər atla deyil, piyada gəlmiş və ilk dəfə savaş arabasını da burada görmüşdülər. Atın və cəng arabasının Hindistana gətirilməsini ari (hind) tayfaları ilə bağlayanların iddiasının doğru olmadığını burada m.ö. 2000 illərə aid Xallur qazıntısnda tapılan yerli cəng arabası, at və at sümükləri aydın göstərdi. Misirdə isə m.ö. XX-XIX əsrlərdə hələ savaş arabaları yox idi, belə arabalar buralarda yalnız hiksosların yürüşündə görünməyə başlayır.

Bəzi yazarlar «araba» sözünü ərəb və ya yunan dilindən alınma sayır, ancaq bu dillərdə onun etimoloji yozumunu verə bilmirlər. Bir sıra tanınmış dilçilərsə (N. K. Dmitriyev, G. Dörfer və b.) ərəblərlə heç bir kontaktı olmayan çuvaş və başqa türk dillərində işlənən araba sözünü türkmənşəli sayır. Belə ki, finuqor, monqol və tunqus-mancur dillərinə türk dillərindən keçən araba sözü ərəb dilinə də keçmişdir. Rus dilinə yükdaşıma və araba ilə bağlı çoxlu türk sözləri keçmişdir, belə ki, «navyuçivat» (yükləmək) deyimindəki «vyuk» (yük) sözündən tutmuş, «arba» (araba), «teleqa» sözlərinə qədər «kibita//kibitka» (üstü qapalı kəbit) və «tabor» (arabalarla dövrələmə qurğu) kimi onlarla söz və belə etnoqrafik sözlər əsasında yaranan xeyli deyimlər vardır. Örnəyin, daşımaqla bağlı «taşit», «taskat», «taçka», «taçanka» və s. Anadolunun Kaniş şəhərində asur tacirlərinin yazısında «daşımaq» sözü «taşşiatum» kimi verilir. Dörd minil öncəyə (m.ö. XX əsrə) aid bu sözün rus dilində də «taşit» (ташить) şəklində işlənməsinin bir yozumu var, o da hər iki dildə «daşı-« (taşıt) sözünün müxtəlif çağlarda türklərdən alınmasıdır».

Çuxur mədəniyyətinin daşıyıcılarının DNT analizləri də onların Şimala Cənubdan, Ön Asiyadan köçdüklərini söyləməyə əsas verir. Son illərdə aparılmış tədqiqatlar nəticəsində onlarda H, H15b1, U5, T2, T1, T1a1, U4, K, W, N1a, J, U2, X, R0a1 mitoxondrial (ana xətti) haploqruplarını üzə çıxarmışdır. Lakin bizi maraqlandıran təkcə ata xətti, yəni mitoxondrial haploqruplar yox, həm də ata xətti, başqa sözlə qadınlarda olmayan, atadan oğula keçən Y-xromosomlardır. Rostov vilayətindəki Ulan IV məzarlığından tapılmış 11 skeletin DNT analizləri onların hamısında R1a haploqrupunu aşkar etmişdir. Onlardan 8-inin R1a12a2, 1-inin R1ba2 M269, bir nəfərinin R1b1a2a-L23 və bir nəfərinin də R1b1a-P297 haplotipinə sahib olduğu məlum olmuşdur (Haak W. et al., 2015; Morten E. Allentoft, et al., 2015; İain Mathieson, et al., 2017).



Bu isə o deməkdir Çuxur mədəniyyətini yaradanlar əsasən Kür-Araz mədəniyyətinin daşıyıcıları olan gəlmələrlə daha öncəki Xvalınsk mədəniyyətinin daşıyıcısı olan yerlilərdən törəmişlər. Bu fikri antropoloqlar da təsdiq edirlər. Onların yazdığına görə, «Cuxurlu»ların önəmli hissəsi eynən «Kür-Arazlı»lar və Maukoplu»lar kimi dolixokran kəllə quruluşuna sahib idilər (Восточные славяне).

Qaynaqça


  1. Haak W. et al.Massive migration from the steppe is a source for Indo-European languages in Europe // BioRxiv, Posted February 10, 2015.

  2. İain Mathieson, et al. The Genomic History of Southeastern Europe. 2017.

  3. Morten E. Allentoft, et al. Population genomics of Bronze Age Eurasia // Nature, Published online 10 June 2015.

  4. Poulmarc'h M. with Pecqueur L.and Jalilov B. An overview of Kura-Araxes funerary practices in the Southern Caucasus // Paleorient (Pluridisciplinary Journal of Prehistory and Protohistory of Southwestern and Central Asia), 40.2, Paris, CNRS EDITIONS, Paris, 2014, p. 231-246.

  5. Иванова С. В. Об истоках формирования Буджакской культуры // Державний вищий навчальный заклад «Запарıзький нацıональний университет» Мıнıстерства освıти ı науки, молодı та спортуУкраiни. Старожитностı степового Причорноморя ı Криму. ХVI збıрник нукових праць. Запорiжжя, 2012, c. 18-47.

  6. Клейн Л. С. Реценцзия на: Курганы степной части междуречья Дуная и Днестра. МАСП. Одесса, 1970. Вып. 6 // Советская археология. 1975, № 1, c. 297-304.

  7. Кульбака В., Качур В. Індоєвропейські племена епохи палеометалу. Маріуполь: Рената, 2000. 80 с.

  8. Лионне Б., Алмамедов К., Буке Л. и др. Могильник эпохи позднего энеолита Союг Булаг в Азербайджане // «Российская археология», М.: Наука, 2011, №1, s. 48-61.

  9. Махмудов Ф. Р. Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа, Баку, 2008, «Нафта-Пресс», 216 с.

  10. Мерперт Н. Я. Древнейшие скотоводы Волжско-Уральского междуречья. М., 1974.

  11. Моргунова Н.Л. Приуральская группа памятников в системе волжско-уральского варианта ямной культурно-исторической области. Оренбург: Издательство ОГПУ, 2014. 348 с.; илл.

  12. Восточные славяне. Антропология и этническая история. Под ред. Т.И. Алексеевой.  

(http://historylib.org/historybooks/pod-red--T-I--Alekseevoy_Vostochnye-slavyane--Antropologiya-i-etnicheskaya-istoriya/35).







Yüklə 76,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə