Bəxtiyar Tuncay Ədalət Tahirzadə ilə zamanda yolçuluq



Yüklə 54,39 Kb.
tarix15.07.2018
ölçüsü54,39 Kb.
növüYazı


Bəxtiyar Tuncay
Ədalət Tahirzadə ilə zamanda yolçuluq (1 dekabr 1988-ci il).

Ədalət Tahirzadə yazır ki, 1988-dəki mitinq və nümayişlərdə kimin əlində foto-aparat görünsəydi onu erməni agenti sayırdılar (hətta bir dəfə “Molodyoj Azerbaydjana” qəzetinin fotomüxbirini də erməni bilib bərk döymüşdülər). «Bu deyilənin əliqələmlilərə də aid olduğuna özüm tezliklə inandım. Nəsə yazdığımı görən bir çoxları məndən şübhələnir, sənəd göstərməyimi tələb edirdilər. Yadımdadır - 1988-in noyabrında bir gündə altı dəfə yazımı yarımçıq qoydular. Hər dəfə də sənəd istəyir (onda “Elm” qəzeti redaktorunun vəsiqəsindən istifadə edirdim), uzun-uzadı sorğu-suala tuturdular. Bir gün hətta vəsiqə, pasport və hərbi biletimi göstərəndən sonra da məndən əl çəkməyən bir danabaş “vətənpərvər”in əlindən, növbətçilik edən milis mayorunun köməyi sayəsində qurtardım. Sonralar diktofondan da istifadə etməyə başladım. İlk vaxtlar meydanda harada olsa dururdum, bu isə bəzən natiqləri yaxşı eşitməyimə və meydanı əhatəli görməyimə mane olurdu. Sonralar həmişə hündürdə - tribunaların yanında, çox vaxt eyni yerdə dayanmağım həm səmərəli işləməyimə, həm də daimi iştirakçıların artıq mənim yazmağıma vərdiş etmələrinə səbəb oldu» (3).

Milli Azadlıq Hərəkatımızın yorulmaz salnaməçisinin sözlərinə görə, «Uzun çəkən mitinq, yürüş və yığıncaqlarda fasiləsiz 5-6 saat (bəzən hətta günlərlə) qələm işlətmək asan deyil - barmaqlar və bilək ağrıyır. Xüsusən qızmar yay günəşi altında, şaxtada, yağışda, yaxud gecə qaranlıq düşəndən sonra yazmaq daha çətinləşir. Ancaq yadıma gəlmir ki, hər hansı çətinlik üzündənsə qeydlərimi yarımçıq qoyum; hətta soyuqdəymədən ən ağır xəstələnəndə, bir neçə günlük yorğunluqdan, yuxusuzluqdan ayaq üstə durmağı bacarmayanda belə (bu cür hallar da az olmayıb) çalışmışam ki, qeydləri hökmən uvertüra ilə sona yetirim. Gündəlik-qeydlərin əksəriyyətini cib dəftərçələrində yazmışam. Son 5 ildə onları qoruyub saxlamağa da qayğı göstərməli olmuşam, axı istər Noyabrdan, istər Yanvardan, istər Avqustdan, istərsə də Maydan... sonra kütləvi repressiyalar başlayıb və başqa sənədlərlə birgə həmin dəftərçələri də dostlarımın evində gizlətməyə məcbur olmuşam» (3). 

Bu gün həmin qeydlərin sayəsində zamanda yolçuluğa çıxmaq hərəkatın istənilən gününə, saatına və hətta dəqiqəsinə geri dönmək imkanımız vardır.

Kitabımın bu bölümündə sevimli oxucularımı 1-3 dekabr 1988-ci il tarixində baş vermiş ən önəmli məqamlarla tanış edəcəyəm. Hərçənd ki, Ədalət bəyin qeydləri içərisində, bircə cümlə də olsun, önəmsiz məlumat yoxdur. Söhbət ən önəmli məlumatlardan gedir:

«01 dekabr 1988.

14.20. Bütün avtobuslara və başqa nəqliyyat vasitələrinə camaatı işə çağıran maqnitofon lenti verilib. 96 No-li avtobusda bu lentə qulaq asdıq. Lentdə bir oğlan deyir ki, işə çıxmamaqla yalnız özümüzə ziyan vururuq. Bunu ermənilər də istəyir. Nailə (yoldaşım) və qonşumuz Çimnazla (Əvəz İbrahimovun yoldaşı) birgə Üzeyir Hacıbəyov küçəsinə çatanda gördük ki, hər yanı tanklar tutub, heç kəsi buraxmırlar. Mən onları “taleyin hökmünə” buraxıb, gecikməmək üçün özüm təkcə keçmək istədim. Arxayın idim ki, redaktor vəsiqəsi mənə kömək edəcək. Ancaq iki-üç yerdə nə qədər çalışdımsa buraxmadılar – yalnız xüsusi buraxılış vərəqəsi olanları buraxırdılar.

Kitab evinin altı tərəfində xeyli adam toplaşmışdı. Mən də əlacsız onlara tərəf getdim və birdən kütlə əsgər cərgəsini yarıb keçdi, mən də onların içində. Meydanda adam çox az idi - axı heç kəs tankı kənara itələyə bilməz! Mən gələndə meydanda 100 min adam olardı. Nemət səsucaldanla danışırdı (Maştağa avtobusunun üstündə).

Səs çox pis eşidilir. Hökumət evinin divarlarına vurulmuş şüarların çoxu götürülmüşdür; kim edib - bilmirəm. Qalanların çoxunu isə külək gecə yıxıb, əyib, laxladıb. Onların çoxu oxunmaz olmuşdur. Açığı, onların zavallı görkəmi mən kövrəltdi. Camaatın azlığı da 15 günlük şuxluğu yox etmişdi. Nemətin danışığnda da həmişəki döyüşkənlik yoxdu.

Bir azdan “Azərbaycan” mehmanxanası tərəfdən “Qarabağ!”, “Azərbaycan” sədaları ucaldı və əsgər səddini yarmış böyük bir kütlə meydana girdi. Bu, camaatda ruh yüksəkliyi yaratdı. Mən bu qeydləri aparan vaxt - saat 15.48-də artıq Tonqallar meydanı həmişəki görkəmini alır - burada azı 250-300 min adam var (çadırlar tərəfdə isə ən azı 50 min). 4 tribunanın hamısı tələbələrlə dolub, yenə “azərtürk”, “Qarabağ”, “Azərbaycan” və başqa şüarlar xorla oxunur, erməni mövzusunda beytlər deyilir. Bu gün meydana heç bir yeni şüar gətirilməyib.

Mətbuatın, televiziya və radionun təbliğatı öz işini görüb - camaatın mübarizliyi hiss olunacaq qədər zəifləyib. Ancaq bu heç də o demək deyil ki, xalq vuruşdan əl çəkmək fikrindədir, əksinə, bir çox topalarda işi dayandırmaq təkliflərinə çox sərt cavab verilir. Bu gün meydana yığışanlar macəra axtarmaqdan tamam uzaq adamlardır və bura niyə gəldiklərini çox yaxşı bilirlər. Onları dağıtmaq çox çətin olacaq.

“Dağıtmaq” deyəndə səhər qəzet alarkən nümayiş komitəsinin üzvü, qonşum Cümşüd Nuruyevlə etdiyim söhbət yadıma düşdü. O dedi ki, bu gün saat 3-də camaatı dağıtmağa təşəbbüs göstərəcəyik. Dedi ki, DQ-da büro buraxılacaq. Qaradağ rayonunun I katibi Bolotin ora I katib qoyulacaq, sonra isə bir azərbaycanlı və bir erməni katib də qoyulacaq, beynəlmiləl heyət Qarabağı idarə edəcək. Poğosyanın tutulmasına isə Qorbaçov razılıq verib. Yığılan pullara gəlincə (meydanda) Cümşüd bildirdi ki, nümayiş komitəsi həmin pulları Ermənistandan gəlmiş azərbaycanlılar üçün Dağlıq Qarabağda binalar tikməyə verməyə razılaşıb. Nemətlə komitənin münasibətini soruşanda dedi ki, Nemət hamını rədd edib, Sabir Rüstəmxanlını “60 faiz satqın” adlandırıb (deməli, onun fikrincə, yerdə qalanlar yüz faizli satqındır). Ancaq biz onunla birik. (Doğrusu, bu birliyə mən özümü heç cür inandıra bilmədim).

Komitədəki naxçıvanlılar belə Nemətdən üz döndərib (təkcə XTİ-nun müəllimi Fəzail Ağamalıyevdən başqa). Cümşüd televiziyada danışan tələbə Namiq Zeynalovun sözlərinə haqq qazandırdı (təkcə pul məsələsindən başqa) və mən bu rəyi bütövlükdə nümayiş komitəsinin fikri kimi qiymətləndirdim. Deməli, əslində Nemət tək qalıb. Onunla yalnız şair Ağamalı Sadiq və birdə Rəsul Ələkbərov (pulyığan) var. (Əlbəttə, işi yaxşı bilmədiyim üçün bu düşüncəmdə yanlışlıq da ola bilər).

Cümşüdlə söhbətdən, avtobusdakı maqnitofon lentindən, axşam televiziyada İnşaat Mühəndisləri İnstitutunun 4 tələbəsi ilə aparılan müsahibədən (N. Zeynalovun çıxışı ruhunda), Hökumət evi ətrafındakı blokadadan sonra mənə aydın oldu ki, Nemətin vəziyyəti çox ağırdır. Meydanda bu sətirləri yazan vaxt gördüyüm xalqın isə ondan üz döndərəcəyinə heç cür inanmaq olmur. Hər halda, ən pis vəziyyətdə də ən azı 5 min nəfər onunla sonadək dayanacaq ki, bunun özü də az deyil» (3).

Tahirzadənin sonuncu fikrinə qüvvət olaraq bildirim ki, ən azı «qızılbaşlar» onu sona qədər müdafiə etməkdə qərarlı idi və təsadüfi deyil ki, meydan dağıdılan gecə «qızılbaşlar»ın, yəni Xalq Hərəkatı Cəbhəsinin bütün rəhbərliyi, o cümlədən Məhəmməd Hatəmi, Mənsur Əlisoy və mən orada, Nemətlə yan-yana idik

Ədalət bəy davam edir:

«İndi isə Nemətin çıxışı haqqında. O, saat 14.40-dan 15.20-yədək danışdı (mən gələnədək nə qədər danışmışdı - bilmirəm). Yenə xalqı birliyə, iftiraçılara uymamağa, tətili davam etdirməyə çağırdı. Dedi ki, bu yarım ayda xalqın birliyini yaratmaq, bütün Azərbaycan rayonlarını ayağa qaldırmaq böyük qələbəmizdir.O, bir uşağı avtobusun üstünə qaldırıb dedi ki, bizim - Azərbaycanın gələcəyi, bax, bunların əlindədir. O, respublikalarda təsərrüfat hesabına keçilməsinin mahiyyətindən danışdı və dedi ki, indi bunu dilənçi payı, kölə payı səviyyəsində etmək istəyirlər. Ancaq biz tələb etməliyik ki, milli gəlirimizin 75 faizi özümüzə qalsın. Naxçıvanın Şahtaxtı kəndindən çıxan mərmər üçün bizə 250 manat verən Moskva onu 2.500 manata satır, eləcə də pambıq, üzüm, neft kimi sərvətlərimiz o cür. Gərək respublika özü taleyini həll edə bilsin, istəyəndə pambıq əksin, istəyəndə üzüm və s.

Nemət sonra millətlərarası münasibət məsələsinə toxundu, dedi ki, ermənilərə biz nifrət bəsləməməliyik. O, çox yazıq xalqdır, qalıb fanatiklərin əlində. Ruslar özləri də azadlıq istəyirlər. Biz öz suverenliyi uğrunda mübarizə aparan bütün xalqlara, millətlərə hörmətlə yanaşırıq. Daha sonra Nemət ona gələn bir məktuba cavab verdi. Aşağıdan bir qadın yazırdı ki, bizə 26-larrayonunun I katibi Vəli Məmmədov nümayişə gəlməyi qəti qadağan edib. O, həmişə millətdən, qeyrətdən dəm vurur, bəs niyə xalqın qarşısını kəsir?



Nemət dedi ki, mən Vəli Məmmədovu katibliyindən qabaq da tanıyırdım. O, həqiqətən xalqın ən qeyrətli oğlanlarından biridir. Mənim yaşda olanda N. Nərimanov haqqında kitab yazıb. Ancaq nə etsin? Yuxarıların əmri var. Onun vəzifəsi odur ki, sizi bura qoymasın, sizin vəzifəniz isə odur ki, əsgəri yarıb içəri girəsiniz. Xalqın qarşısını heç kəs kəsə bilməz. Sonra Nemət mikrofon quraşdırılacağını və bu vaxt daha geniş danışacağını bildirib üstünə “Maştağa sizinlədir!” lövhəsi vurulmuş 28-38 A.. nömrəli avtobusun üstündən yerə düşdü…

18.35. Nemət avtobusun üstünə çıxdı camaat ora axışdı:

- Fitnələrlə uymayın. Namiqin adından “Moskovskiye Novosti” qazeti yazır ki. Nemət provokatordur. Bəli bunu edən rusdur. Z. Balayanın, S. Kaputikanın kitablarını çap etdirən ruslara ar olsun! Vağzaldan gələn azərbaycanlılar qırğın yaratmaq istəyir. Uymaq olmaz. Dövlət xalqla birləşməyincə buranı tərk etməyəcəyik. Xalqın iradəsini qırmaq, burada qırğın yaratmaq istəyənlər bilsinlər ki, xalqın qan yaddaşı ilə qaçaq hərəkəti olar. Azərbaycan televiziyası, Azərbaycan Mərkəzi Komitəsi xalqa xəyanətlə məşquldur. Bu iftiralardan əl çəkin. Azərbaycan televiziyası, Azərbaycan Mərkəzi Komitəsi xalqa xəyanətlə məşğuldur. Bu iftiralardan əl çəkin.

Bu günlər odunu meydana daşımalıyıq. Biz ultimatum veririk: xalqla danışığa gəlin. Xalq Cəbhəsi təyin olunsun. Bir nəfərin başından tük əksik olsa nəticəsi pis olacaq. Onların yeganə məqsədi qırğın yaratmaqdır. Buna getməməliyik. Heç kəs işə çıxmamalıdır. İşə çıxanlara ar olsun!

Biz tələb edirik: xalqın tələblərinə cavab verilsin! Bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz milli azadlığımız uğrunda mübarizə aparırıq. Bu, sosializmə ziddirsə biz belə sosializmi tanımırıq. Əgər dövlət xalqı saymır, onu tanımırsa, biz də onu tanımırıq! Hamımız pasportlarımızı təhvil verməyə hazır olmalıyıq. (Alqışlar). (T.Fikrətin “Millət şərqisi”ni söylədi). (Alqışlar). (Ne-mət!”, “Ne-mət!”). Ya rus öz çəpişi olan erməninin ipini çəksin, ya da biz SSRİ-dən çıxmaq tələbini irəli sürürük!

Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin!!!

Krunk” bağlansın!

Sumqayıtın müqəssirlərinə bəraət verilsin!

Ermənistandan gələnlər DQVM-də yerləşdirilsin!

Ermənistanla əlaqələr kəsilsin!

Artıq Ermənistanda azərbaycanlılar yaşaya bilməz. Ona görə Azərbaycanda da bir nəfər erməni qalmasın. Bakıdakı, Stepanakertdəki bütün ermənilər rədd olsun! 

Topxana cinayətində iştirak edənlər həbs edilməlidir. Dövlət tələblərin hamısını gözdən keçirməlidir. Hansının bu gün, hansının sabah yerinə yetiriləcəyini deməlidir. Yalnız bundan sonra buradan gedəcəyik. Nümayiş iştirakçılarının təhlükəsizliyi təmin olunmalıdır. Ermənistandan gələn azərbaycanlılar çəkilib onların vəziyyəti dünyaya göstərilməlidir… Azadlığımızı müdafiə edirik. “Vətən” deyib bağıranların vətəndaş olmağa qeyrəti çatmır. Dubinka ilə xalqı qorxutmaq istəyirlər, çünki stollarından qorxurlar. Əgər xalqı qırğına versələr, bilsinlər ki, onlar da yaşamayacaqlar. Yığdıqları rüşvət ömürlərinin sonunadək bəsdir. Əl çəksinlər. Onların ailəsi girovdur. And içirik ki, xalqın tələblərinə cavab verilməyincə buradan getməyəcəyik! (“And içirik!”).

Odun verməsələr buradakı ağacları kəsəcəyik, Hökumət evini yandırıb qızınacağıq.[19.10. Araya birisi şuluqluq saldı (provokator)].Əgər ordu sülhsevərdirsə heç olmazsa Ermənistandan gələn azərbaycanlıların təhqir olunmamasına şərait yaratsın. Konstitusiya hüquqlarımızın bərpasına çalışın. Üstümüzə hər cür iftiralar yağır. İftiraçılar isə mələk kimi göstərilir. Şəhərdə iğtişaşa yol verilməməlidir. Biləcəriyə əsgər yola salmaq gərək deyil. Gərək biz övladlarımızı çağırışa göndərməyək…

19.25. Nemət düşdü yerə…» (3).

Aşağıdakı fikirlər isə əslən Naxçıvandan, Ordubaddan olan müəllifin şəxsi fikirləridir və həmin dövrdə əksər naxçıvanlılar bu fikirdə idilər:

«Azərbaycanda hələlik həyata keçirilməsi baş tutmayan “əliyevşina” (əliyevçilik – B. T) isə, sözsüz ki, bizim xalqın ən yaxşı, ən qeyrətli oğullarının məhvi, ən yaxşı halda ləkələnməsi üçün nəzərdə tutulub. Doğrudur, H. Əliyevin vəzifəyə qoyduğu bir çox kadrlar xalqın həm maddiyyatına, həm də mənəviyyatına yaralar vurub, iş başına qoyduğu K. Bağırov kimilər xalqın heysiyyatını təhqir edib, ancaq onların hamısı “əliyevşina” olmadan, tək-tək hadisə kimi qiymətləndirilməlidir. Bəli, rus, erməni istəyir ki, “əliyevşina” adı altında, “əliyevşina” olmayanda isə komendant saatı vaxtı salınmış hər hansı şuluqluqla bizim xalqı qırğına versin. Heç şübhəsiz ki, onlar Xalq hərəkatımızı “yenidənqur-ma düşmənlərinin işi” adlandıracaq və burada fəal iştirak edən layiqli ziyalılarımızı aradan götürməyə çalışacaq. Bunun üçün onlar hərəkatı hələlik içəridən parçalamağa, onu aclıqla, soyuqla, psixi təsirlə boğmağa çalışır, min cür ən alçaq iftiralaryağdırır, bu zaman respublikanın kütbeyin, rüşvətxor, xalqa yad, stolundan ötrü hər şeydənkeçməyə hazır olan “başçı”larının köləlik xidmətindən bacarıqla istifadə edirlər. Bəli, bu gün xalqın taleyi həll olunur. Görək o özünün işıqlı, umudverici gələcəyi uğrundamübarizə apara biləcəkmi? Yaxın günlər, aylar bunu aydınlıqla göstərəcək» (3).

Azərbaycan xalqının əksəriyyəti üçün isə həmin dövrdə H. Əliyevin Ə. Vəzirovdan və ya K. Bağırovdan heç bir fərqi yox idi. Onların hamısı rus imperializminin nökərləri kimi gözdən keçirilirdi. Elə bu da meydanda naxçıvanlıların digər azərbaycanlılardan fərqli davranış sərgiləməsinə səbəb olurdu. Azərbaycanın dövlət müstəqilliyinin bərpasına rəğmən, xalqımızın bu günə qədər azad ola bilməməsinin, mənfur diktatura rejimi altında yaşamağa məhkum olmasının, klan təfəkküründən xilas olaraq vahid millətə çevrilə bilməməsinin kökü, bax, bundadır.

Ədalət Tahirzadənin «Komitədəki naxçıvanlılar belə Nemətdən üz döndərib» fikri bir yandan Meydan Hərəkatı dövründə Nemət Pənahlının dar naxçıvançılıq şüuru ilə deyil, geniş məna daşıyan azərbaycançılıq şüuru ilə hərəkət etdiyinin, yəni dar yerliçilik təfəkkürü ilə deyil, geniş vətənsevərlik, millətsevərlik təfəkkürü ilə fəaliyyət göstərdiyinin təsdiqidirsə, o biri yanadan sözügedən dövrdə naxçıvanlıların fərqli mövqe tutduğunun göstəricisidir. Əks təqdirdə «naxçıvanlılar belə» ifadəsini işlətməyə, naxçıvanlıları digər azərbaycanlılardan ayırmağa qətiyyən ehtiyac olmazdı.

L. Brejnev və Heydər Əliyev
R. Əlizadənin N. Ağayevə istinadən təqdim etdiyi bir sənəd çox mətləblərə aydınlıq gətirir. Söhbət Azərbaycan Respublikası Prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzərində nəzarət şöbəsinin rəisi A. Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməllərilə bağlı Azərbaycan KP MK-nın o vaxtkı 2-ci katibi V. P. Polyaniçkonun adına yazdığı arayışdan (27. 01. 1990 il. № 13\8136) gedir. Sənəddə göstərilir: «Yanvar faciəsindən sonra briqada öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısındadır. Çünki yaranmış mürəkkəb şəraitdə, hökumətlə cəmiyyətin sinifləşmiş elementlərinin maraqlarının çulğalaşdığı, respublikanı faktiki olaraq bəzi həmsərhəd ölkələrin xüsusi xidmət orqanlarının idarə etdiyi və Heydər Əliyevin azadlıqda gəzdiyi məqamda onun vəzifədən cinayətkar sui-istifadə hallarını araşdırmaq mümkünsüzdür. Daha bir neçə səbəbdən.

Birincisi, istintaq briqadası yanvar faciəsilə bağlı müəyyən edib ki, Heydər Əliyev 70-80-ci illərdə törətdiyi cinayət əməlləri ilə bağlı fakt qarşısında qaldığından, briqadanın diqqətini yayındırmaq üçün AXC-dəki həmyerliləri və əlaltıları vasitəsilə Bakıda qanlı hadisələr törədib. Məqsəd həmçinin ictimai-siyasi durumu qarışdırmaqla Naxçıvan klanının lideri Heydər Əliyevi cinayət məsuliyyətindən yayındırmaq olub. Eyni məqsədlə Heydər Əliyev Kommunist Partiyasının DQMV Vilayət Komitəsinin sabiq birinci katibi Boris Gevorkovla cinayətkar sövdələşməyə gedərək, əvvəlcə DQMV-də, ardınca isə Sumqayıtda milli ədavəti qızışdırıb. Beləliklə, müəyyən edilib ki, AXC-nin əsas məqsədi qanlı hadisələr törətməklə Heydər Əliyevin hakimiyyətə gəlişini hazırlamaq olub.

İkinci, Əliyevlə Gevorkovun cinayətkar sövdələşməsini SSRI-nin və DIN-in istintaq briqadasının aşkar etdiyi, onların ANA XƏTTI ILƏ (seçdirmə mənimdir – N. A.) qohumluq əlaqələrinin olması faktı, habelə Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması sübut edir: onun (Heydər Əliyevin – N. A.) anası milliyyətcə ermənidir.

Üçüncü, SSRI və DIN-in istintaq briqadası müəyyən edib ki, SSRI Prokurorluğunun zona prokurorları olan Stepanyants və Mirzoyan Azərbaycan SSR Prokurorluğunun sabiq əməkdaşlarıdır və onların da Heydər Əliyevlə QOHUMLUQ (seçdirmə mənimdir – N.A.) əlaqələri bağlayır. Bu adamları məhz Heydər Əliyev özünün növbəti şəxsi maraqları naminə SSRI Prokurorluğunda yerləşdirib. Bu marağın məntiqi davamı kimi, Heydər Əliyevin qohumları olan Şahnazaryan, Nikodozyan, Arakelov və Avakyanın cinayət işləri qanunsuz olaraq xətm edilib.

Azərbaycan SSR prokuroru və onun müavini M. Babayevin istintaq briqadasının işinə mane olmaq, onu respublikadan çıxarmaq üçün əllərindən gələni etmələri, kütləvi informasiya vasitələrində bu yöndə təbliğat aparmaları bir daha onların Heydər Əliyevlə əlbir olduqlarını və Azərbaycanda «əliyevşina»nın kök saldığını təsdiqləyir. 70-80-ci illərdə baş verən cinayətlərin «əliyevşina» olduğunu sübut edir. «Əliyevşina»nın maraqları indi də etibarlı şəkildə onun apoligeyləri və əlaltıları tərəfindən respublikanın yeni rəhbərliyində qorunmaqdadır. Bəzən pərdə arxasında, bəzən açıq şəkildə istənilən məsələlərin həllinə təsir göstərir. Çünki dövlət idarəetmə bağlarının çoxu onların əlindədir. Onlar faktiki siyasi ekstremizm yolu tutaraq, hakimiyyəti ələ almaq və patriarxal «əliyevşina»lığı bərpa etmək niyyətindədirlər.

Milli faciəyə çevrilən 20 Yanvar hadisələrini də «əliyevşina» planlaşdırmışdı. Məqsəd hakimiyyəti ictimaiyyətin gözündən salmaq və cinayət məsuliyyətindən yayınmaq olub. Yanvar hadisələrinin Heydər Əliyevin əlaltıları tərəfindən stimullaşdırıldığını hadisələr ərəfəsində həbs edilən Ohanovun ifadəsindən də görmək olar. Saxlanılan zaman o, nəinki istintaq briqadasının əməkdaşlarına, eləcə də təsadüfən bu hadisənin üstünə çıxan AXC nümayəndələrinə odlu silahla müqavimət göstərib. Ohanyanın evində avtomat silahdan əlavə, kəşfiyyat-agentura fəaliyyəti üçün zəruri olan texniki vasitələr aşkar edilib. Təəssüflər olsun ki, kifayət qədər dəlil-sübut olmasına baxmayaraq, Ohanyan Heydər Əliyevin iqtidardakı əlaltıları vasitəsilə azadlığa buraxılıb.

Heydər Əliyevi hakimiyyətə qaytarmaq məqsədilə həmçinin Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyev Azərbaycan SSR Elmlər Akademiyasında «ziyalılar»dan, əslində isə Naxçıvan klanından ibarət «beyin mərkəzi» yaradıb. Mərkəz Heydər Əliyevə rəsmi müraciət ünvanlayaraq, guya indiki böhran vəziyyətində respublikaya rəhbərlik etməyi xahiş edib. Qeyd etmək lazımdır ki, R.Mehdiyevin arvadı Heydər Əliyevin anasının xətti ilə bacısıqızı («Plemyannitsa») sayılır.

İkinci belə «beyin mərkəzi»ni Azərbaycan SSR Ali Sovetinin işlər müdiri Axundov yaradıb. O, «əliyevşina»nın sifarişilə deputatlar arasında analoоi iş aparır və Ali Sovetin növbədənkənar iclasının təşkilinə, orada isə cəmi bir məsələnin («Ziyalıların Heydər Əliyevə müraciəti»nin) müzakirəsinə çalışır. Nəzərə alaq ki, Axundovun bacısı – Olya Axundova ana tərəfdən Heydər Əliyevə qohum olan Zori Balayanın qardaşı arvadıdır.

Hökumətin bəzi üzvləri şəxsi məqsədlər və başqa siyasi maraqlardan çıxış edərək, Azərbaycanın Moskvadakı nümayəndəliyində Heydər Əliyev üçün mətbuat konfransı düzənləyiblər. Ona görə və nəzərə alsaq ki, Əliyevlə Gevorkov insanları milli, dini mənsubiyyətlərinə və demokratik inanclarına görə təqib etməklə bəşəriyyətə qarşı cinayət törədiblər və bütün bunlar iki xalq arasında hərbi qarşıdurmaya gətirib, onlar əməllərinə görə Beynəlxalq Hərbi Tribunal qarşısında durmalıdırlar. Bu, həmçinin, DQMV-də ğuya milli-azadlıq hərəkatının getməsi barədə beynəlxalq birlikdə yaranmış yalançı rəyi dağıtmaq üçün yeganə çıxış yolu olardı.

Yanvar faciəsinin istintaqı haqqında Sizə əlavə məlumat veriləcək» (1).

Beləliklə, xalqımızın qövmdən tam mənada millətə çevrilə və milli-demokratik hakimiyyət qura bilməməsinə məhz «əliyevçilik» faktoru mane olmuşdur.

Ulu öndərimiz M. Ə. Rəsulzadə yazır: «Böyük türk filosofu Ziya Göyalp mərhum, bu mövzunu bir yazısında [«Yeni məcmuə», № 33] deyir ki: «Millət [nation] şəxsiyyətini uzun müddət qeyb etdikdən sonra təkrar oluşdurmağa çalışan bir qövm deməkdir».



Ümummilli liderimiz M. Ə. Rəsulzadə
Bu oluş gəlişimini anladırkən ustad, «milliyyət» təbirilə də ifadə olunan «qövm»ün keçirdiyi istihalə (yeniləşmə) şəklini izah edər ki, xülasəsi bundan ibarətdir:

Qövmlər tabe olduqları müştərək bir din və ya səltənətin (imperiyanın) təsirilə təməssül edərək (özləşərək) şəxsiyyətlərini qeyb edərlər. Sonra daxil olduqları bu səltənət və ya ümmətin çözülməsi üzərinə, yenidən özlərini bulurlar. Fəqət, bu dəfə bulunan şəxsiyyət qeyb edilmiş qövmi şəxsiyyətinin eyni deyildir. O, uzun zaman birlikdə yaşanan müştərək mədəniyyət və ümmət həyatının təsirilə yeniləşmiş bir şəxsiyyətdir. Qövm getmiş, yerini millət almışdır» (2).


Qaynaqça


  1. Əlizadə R. «KGB» generalı Heydər Əliyev (https://vetenim.wordpress. com/2013/05/13/kgb-generali-heyd%C9%99r-%C9%99liyev/).

  2. Rəsulzadə M. Ə. Qövm və millət. “Azərbaycan”, il 1, 9, dekabr 1952, Ankara.

  3. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə