Bəxtiyar Tuncay Eneolit dövrü prototürklərinin maddi və mənəvi mədəniyyəti: ilk ədəbi yaradıcılıq ənənələri



Yüklə 285,87 Kb.
tarix21.10.2017
ölçüsü285,87 Kb.

Bəxtiyar Tuncay

Eneolit dövrü prototürklərinin maddi və mənəvi mədəniyyəti: ilk ədəbi yaradıcılıq ənənələri

http://azpress.az/uploads/images/2016-09/azpressaz_nacxivan_qedim_neolit_kultepe_3.jpg

E.ə. VII minillikdən etibarən Azərbaycan ərazisi başda olmaqla, bütün Güney Qafqazda mezolit dövrünü neolit dövrü əvəz etmişdir. Bu dövrün ən qədim yaşayış yerlərindən və əkinçilik mərkəzlərindən biri hesab edilən I Kültəpənin etno-mədəni tariximizin inkişaf etaplarını davamlı şəkildə izləyə bilmək baxımından əvəzi yoxdur. Yaxın Şərq (Cənubi Azərbaycan və Anadolu) ilə bitişik ərazidə, Naxçıvanın Babək rayonu ərazisində yerləşən bu abidə özündə neolit dövründən eneolitə, eneolitdən ilk tunc dövrünə keçid mərhələlərini, bölgədə yaranan Kür-Araz mədəniyyətinin yerli eneolit mədəniyyətinin kökləri üstündə ucaldığını təsdiqləyən artefaktları ən xırda incəliklərinə qədər qoruyub saxlaya bilmişdir.



V. Baxşəliyevin yazdığına görə, I Kültəpə yaşayış yerində aparılan araşdırmalar eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Naxçıvanın eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. I Kültəpənin Eneolit mədəniyyətinin Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxasıüstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Belə qəbirlər I Kültəpədə 20,8 m dərinlikdən başlayaraq müxtəlif dövrlərə aid tikinti qatlarından aşkar edilmişdir. Bu qəbirlərin birindən Мesopotamiyadan gətirildiyi təsdiq edilən boyalı çölmək aşkar olunmuşdur. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dili hindavropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə (R1b – B. T.) uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir Azərbaycanlılarla bənzər olduğunu göstərmişdir. Мesopotamiya mənşəli boyalı keramikanın yalnız iqtisadi-mədəni əlaqələr nəticəsində deyil, müəyyən əhali qrupunun, daha doğrusu, şumerlərin Naxçıvan ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar. Arxasıüstə uzadılmış qəbirlərin I Kültəpənin müxtəlif tikinti qatlarından aşkar olunması bu tayfaların Naxçıvanda uzun müddət məskunlaşdığını təsdiq edən faktlardan biridir. Мesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi iqtisadiyyatın inkişafına, əhalinin daha geniş ərazilərə yayılmasına səbəb olmuşdur. Azərbaycanın cənub rayonları, o cümlədən I Kültəpə üçün xarakterik olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması qədim tayfaların cənubdan şimala doğru hərəkəti ilə bağlı olmuşdur. Urmiya hövzəsi və Naxçıvan üçün xarakterik olan Eneolit mədəniyyətinin indiki Ermənistan ərazisində yerləşən Мahaltəpə, Xatunarx, Texut, Kültəpə və digər abidələrdə izlənilməsi onların vahid etnik-mədəni rayona daxil olduğunu təsdiq edir (Baxşəliyev V., 2007, s. 31).
http://azpress.az/uploads/images/2016-09/azpressaz_nacxivan_qedim_neolit_kultepe_2.jpg
Azərbaycan, ABŞ və Fransa alimləri I Kültəpədə qazıntı aparakən
Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit təbəqəsi üzərində salındığını göstərir. O. Həbibullayevin fikrincə, Kür-Araz təbəqəsi Eneolit təbəqəsindən 30-40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır. I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı aşkar olunmuşdur. Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir (Həbibullayev O., 1959).

Naxçıvan ərazisində hələlik eneolit dövrü kurqanlarına rast gəlinməsə də, ilk tunc dövrünə aid bir necə kurqan qeydə alınmışdır ki, bu sırada qazıntıları 2002-ci ildə ildə S. Aşurov və A. Əsgərov tərəfindən aparılmış 6, 7, 8 və 9 №-li Qarabulaq kurqanlarını qeyd etmək lazımdır.


https://upload.wikimedia.org/wikipedia/az/c/c4/az%c9%99rbaycanda_eneolit_d%c3%b6vr%c3%bc-1.jpg
Eneolit dövrünə aid saxsı qablar
İlk tunc dövrünə aid olan bu kurqanlardan birincisi, yəni diametri 8 m, hündürlüyü isə 1,2 m olan 6 №-li kurqanın örtüyü konusvari formada idi və bütünlüklə daşlardan qurulmuş, sonra da torpaqla örtülmüşdü. Qəbir kamerası dağıldığından içərisindəki keramika zədələnmişdi. Kurqanda skeletə rast gəlinməyib.

7 №-li Qarabulaq kurqanı bütünlüklə dağıdılmışdı. Bu səbəbdən də onun nə üst örtüyünün, nə də qəbir kamerasının ölçüləri barədə heç bir dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Kurqanda sadəcə bir ədəd heyvan sümüyünə və saxsı qab fraqmentlərinə rast gəlinib (Aşurov S. 2003, s. 34-36).

8 №-li Qarabulaq kurqanının yalnız düzbucaqlı formalı qəbir kamerası salamat idi. Orada ilk tunc dövrünə aid bir ədəd saxsı qab fraqmentindən başqa heç nə aşkar edilməyib.

9 №-li Qarabulaq kurqanının diametri 11 m idi, dağılmış örtüyü iri və orta böyüklükdə daşlardan ibarət kromlexlə əhatələnmişdi. Yer səthində düzəldilmiş və dərinliyi 15-20 sm olan dördkünc xəndəklə əhatələnmiş qəbir kamerasının şimal və cənub divarlarına dik formada 2 ədəd, şərq divarına 3 ədəd, qərb divarına isə iki cərgə sal daş düzülmüşdü. Kamera düzbucaqlı formalı idi. Onun uzunluğu 1, 9 m, eni 1, 45 m, hündürlüyü isə 0,63 m idi (Aşurov S. 2003, s.34-36).

Azərbaycanın eneolit dövrü yaşayış məskənlərindən biri də Qarğalartəpəsi yaşayış yeridir. «Yaşayış yeri dairəvi formalı evlər, onlara birləşik təsərrüfat tikintiləri və kiçik həyətlərdən ibarət olmuşdur. Evlər bir sıra çiy kərpicdən tikilmişdir. Dairəvi formalı evlərin tavanı döşəmənin mərkəzinə yerləşdirilən dayaq sütunu ilə saxlanmışdır. Evlərin döşəməsi bənövşəyi-qırmızı rənglə boyanmış, onların üzərinə qamışdan, yaxud müxtəlif bitkilərdən toxunmuş həsir salınmışdır. Ocaqlar divarın dibində olmuş, bəzi evlərin içərisində döşəməyə təsərrüfat küpləri basdırılmışdır. İkinci tikinti qatında aşkar olunan dördkünc formalı ocaq giriş qapısının qarşısında divarın dibində yerləşdirilmişdir. Üçüncü tikinti qatında aşkar olunan binaların biri xaricdən və daxildən gil məhlulu ilə suvanmış və əhənglə ağardılmışdır. Binanın döşəməsi də ağardılmışdır. Binaların içərisində dən daşları, buynuzdan hazırlanmış toxalar, oraq dişləri, keramika nümunələri aşkar olunmuşdur. Qarğalartəpəsindən həmçinin xeyli yerüstü material da toplanmışdır. Onlar arasında gil qadın fiquru, qırmızı və qəhvəyi zolaqlarla naxışlanmış boyalı keramika, yapma naxışlı, habelə məməcikşəkilli çıxıntısı olan keramika nümunələrinə də rastlanır.
http://metbuat.az/images/azertag/images_d/138498_0.jpg
Göytəpə neolit məskəni (Tovuz)

Düzbucaqlı tikintilərin, plyastrların və iki sıra hörgünün Eneolit dövrünün son mərhələsində meydana çıxdığını nəzərə alsaq Qarğalartəpəsi yaşayış yerinin tək sıra kərpicdən, tikilmiş təsərrüfat-məişət komplekslərinin Şomutəpə və Töyrətəpədən qədim olduğunu demək olar. Qarğalartəpəsi yaşayış yerindən keramika məmulatı az tapılmışdır. Onlar qaba hazırlanmış və bitki qarışığı olan qabların parçalarıdır. Bitki qarışığı olan keramika qırmızı rəngdə bişirilmiş, əsasən qırmızı rəngdə anqoblanmış və cilalanmışdır» (Baxşəliyev V., 2007, s. 34-36).

Azərbaycan arxeologiyasının iki tanınmış nüfuzlu siması - V. Baxşəliyev və H. Cəfərov ayrı-ayrılıqda yazdıqları əsərlərində Azərbaycanın eneolit dövrü əhalisinin dini-mifoloji dünyagörüşündən söz açaraq həmin dövrdə məhsuldarlığın təmin edilməsi, yağış yağdırılması ilə bağlı müəyyən ayinlərin kecirildiyini, bunun üçün xüsusi ovsunlar oxunduğunu diqqətə çatdırmışlar. Bunlardan birincisi qeyd edir ki, «Qarğalar təpəsi yaşayış yerində yağış çağırma ilə bağlı ayinin qalıqlarına rastlanmışdır» (Baxşəliyev V., 2006, s. 61). İkincisi isə yazır ki, «Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq” mərasimi ilə bağlayırlar» (Azərbaycan tarixi, 1994, s. 32).
http://metbuat.az/images/azertag/images_d/138498_1.jpg
Göytəpə Neolit məskənində (Tovuz) aparılan arxeoloji qazıntılar
Folklorşünas alim A. Nəbiyev minillər adlayaraq günümüzədək yetişən həmin mərasimlə bağlı yazır ki, xalqımızın ilkin inam və etiqdlarının, ovçuluq, əkinçilik, maldarlıq həyatı ilə bağlı olan bu kimi mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmışdır. Bu nümunələr improvizə edilmiş formalarda, əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır. «Türk boylarının ilkin magik təsəvvürlərinin poetikləşməsi , şifahi bədii yaradıcılıqda əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında, həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur. Zaman keçdikcə, təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaqlardan götürülmüş daşları ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar. İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi. Daşlar suya salınarkən xorla oxuyardılar:

Daş başım,

Yaş başım,

Yaş oldu

Üst-başım.

Sonra daşı suya salardılar. Bu vaxt ovsun oxunardı:

Suda daşım,

Baba daşım,

Gələr, getməz

Yağışım.

Suda daşım,

Yaş başım,

Yaş oldu


Üst-başım» (Nəğmələr, inanclar, alqışlar., 1986, s. 12).

A.Nəbiyev bildirir ki, hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı. İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar. «Onlardan biri belədir: Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda, küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi. Ovsunçu basdırılan daşların üstünə közləri yığa-yığa ovsun oxuyardı:

Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.


Sonra qızlar birlikdə oxuyurlar:

Budu daşı,

Bulutların

Kudu daşı,

Bişirmişəm

Xəmiraşı.

Qonaq gəlsin

Godu başı,

Gətirsin

Qızıl günü,

Aparsın

Yağışı.


Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı» (Nəğmələr, inanclar, alqışlar., 1986, s. 12-13).

V. Baxşəliyev erkən kurqanlar dövrü əhalisinin dini-mifoloji dünyagörüşündən söz açarkən bildirir ki, qədim yaşayış yerlərindən aşkar edilmiş gil qadın fiqurları həmin dövrün insanlarının ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. «Qarğalar təpəsindən aşkar olunan qadın fiqurunun sinəsində çəkilən sünbülşəkilli cızma ornament tədqiqatcıların fikrinə görə, həyat ağacını simvolizə etmişdir. Onun çiyninə tökulmuş saçları dalğalı xətlərlə ifadə edilmişdir» (Baxşəliyev V., 2006, s. 61).

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir çoxunun qarın nayihəsində ağac (həyat ağacı) təsviri cızılmışdır. Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Məsələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır (Tuncay B., 2011, s. 83).


https://bextiyartuncay.files.wordpress.com/2012/02/bac59flc4b1qsc4b1z1.png?w=640
Türkmənistan ərazisindən tapılmış Umay ana heykəli
Tanınmış mifoloq alim M. Seyidov özünün “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında bildirir ki, son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. «Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Ağacın doğum piri olması, onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamətidir. Bir çox axtarışlar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi - mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan əvvəl 4 -3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içərisində bir əl - üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir. Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki, burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar» (Seyidov M., 1983, s. 37-38).

M. Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dünya ağacı bütün dünyanın, eləcə də uşaqların yaradıcısı, hamisi sayılırmış. Belə inam hökm sürürdüsə, deməli, uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi. «Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki,türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal XIX əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir» (Seyidov M., 1983, s. 38).

Qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığını sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir. «Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Məsələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. “Qədim türk lüğəti”ində də təsbit edilmişdir (Древнетюркский словарь, 1969. 631). Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər» (Tuncay B., 2011, s. 84).

Azərbaycanın eneolit abidələrinin araşdırılması bu dövrdə əhalinin əsas məşğuliyyətinin əkinçilik və maldarlıq olduğunu göstərir. «Araşdırmalara əsasən demək olar ki, Azərbaycan erkən əkinçilik mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. Azərbaycan yabanı və mədəni buğda növlərinin, xüsusilə Tr. Aestivum, Tr. Durum və Tr. Turgidum növlərinin vətəni olmuşdur. Arxeoloji abidələrin tədqiqi zamanı aşkar olunan müxtəlif taxıl növləri və əmək alətləri əkinçilik mədəniyyətinin geniş inkişaf etdiyini təsdiq edir. Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi, Çalağantəpə və digər yaşayış yerlərinin tədqiqi zamanı Tr. Aestivum, Tr. Turgidum, Tr. Durum Dest, Hord pollidium, Hord dicticum, Tr. Compactum Hest və s. taxıl cinsləri tapılmışdır. Daşdan və sümükdən hazırlanmış toxalar bu dövrdə toxa əkinçiliyinin inkişaf etdiyini göstərir.

Eneolit dövründə iqtisadiyyatın əsas sahələrindən biri maldarlıq olmuşdur. Мaldarlığın inkişafı başlıca olaraq osteoloji materialların analizi ilə müəyyən edilmişdir. Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və Babadərvişdə xırdabuynuzlu heyvanlar iribuynuzlulara nisbətən üstünlük təşkil etmişdir. Lakin Əliköməktəpəsində üstünlük iribuynuzlu heyvanlara məxsus olmuşdur» (Baxşəliyev V., 2007, 60-61).

Görünür, həmin təsərrüfat sahələri, xüsusən də əkinçilik ilə bağlı folklorşünas alimlər tərəfindən qeydə alınmış bir sıra ovsun mətnləri məhz həmin dövrlərin, bəlkə də, daha qədim neolit dövrünün məhsuludur:

Broy, broy, broy,

Broy, broy, broy, broy.

Torpağa atdım tumu, broy,

Torpağa qatdım tumu broy.

Broy, broy, broy,

Broy, broy, broy.

Göyər səmənim, broy,

Döyək səməni, broy.

Broy, broy, broy,

Broy, broy, broy (Nəğmələr, inanclar, alqışlar., 1986).


Bu sıraya aşağıdakı ovsunları da əlavə etmək olar:
İt qapma ovsunu
İt üstü,

İtin üstü,

İtin gözünə

Tüstü.


Ufu,ufu,ufu (Nəğmələr, inanclar, alqışlar., 1986).
Dil-ağız bağlama ovsunu
İl bizim,

Yıl bizim,

İl bizim.

Dil bizim,

Dil bizim,

Dilbizim.

Bil bizim,

Bil bizim,

Bilbizim.

Əl bizim,

Əl bizim,

Əlbizim.

Yol bizim,

Yol bizim,

Yolbizim… (Nəğmələr, inanclar, alqışlar., 1986).

Qaynaqça



  1. Azərbaycan tarixi. B., “Azərnəşr”, 1994.

  2. Aşurov S. Naxçıvanda arxeoloji tədqiqatlar (2001-2002- ci illər) Bakı: Nafta-Press, 2003, 120 s .

  3. Baxşəliyev V. Azərbaycan arxeologiyası ( Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, 239 s.

  4. Həbibullayev O. H. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959.

  5. Nəğmələr, inanclar, alqışlar. Bakı, “Yazıçı”, 1986.

  6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., “Yazıçı”, 1983.

  7. Tuncay B. Azərbaycanın Eneolit dövrü əhalisinin mifik təsəvvürləri və folklor yaradıcılığı. AMEA Folklor İnstitutu, "Dədə Qorqud" jurnalı, 2011, № 2, s. 81-93.

  8. Древнетюркский словарь. Ленинград, «Наука», 1969.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə