Bəxtiyar Tuncay Idil bulqarlarının maddi mədəniyyəti Giriş



Yüklə 0,65 Mb.
səhifə1/3
tarix23.08.2018
ölçüsü0,65 Mb.
#63948
  1   2   3

Bəxtiyar Tuncay

Idil bulqarlarının maddi mədəniyyəti





1. Giriş

Mədəniyyət insan topluluqlarının tarixləri boyu yaratdıqları maddi və mənəvi sərvətlərin cəmidir. Onun inkişafı bir sıra daxili və xarici amillərdən asılı olan çox mürəkkəb bir tarixi prosesdir. Mədəniyyətin yaranmasında təbii şəraitdən tutmuş ənənəvi təsəvvürlərə qədər bir çox komponent iştirak edir.

Tanınmış kulturoloq F. Məmmədov bir çox daimi və dəyişən şərtlərin təhlili əsasında mədəniyyətin formalaşmasında yaxından iştirak edən 5 mühüm amilə diqqət çəkərək onları belə sıralamışdır:

1. Təbii-coğrafi şərait.

2. Mədəniyyətin genetik kodu (anadangəlmə mədəni keyfiyyətlər).

3. Sosial mühit.

4. Tarixi şərait.

5. Mədəni mübadilə.

Onun fikrincə, bu beş amilin hamısı son dərəcə vacibdir. "Belə ki, təbii şəraitdən asılı olaraq, insanın xarakteri və qabiliyyətləri ilə bağlı müəyyən xüsusiyyətlər əmələ gəlir. Məsələn, uzaq şimal və uzaq cənub ölkələrində təbii şəraitdən asılı olaraq, inkişafın ilk mərhələlərində intellektual mədəniyyət tədriclə inkişaf edirdi. Yer kürəsinin əlverişli təbii şəraitli orta zonasında, xüsusilə, allüvial çay vadilərində, zehni əməyin fiziki əməkdən daha erkən ayrılmasına imkan verən mədəni tərəqqi tempi əvvəldən daha yüksək idi" (Məmmədov F. T., 2016, s. 33-34).

Məlum olduğu kimi, İdil Bulqar dövləti də çay vadisində, daha dəqiq ifadə etsək, İdil çayı sahillərində ərəsyə gəlmiş və həmin dövlətin ərazisində yaşayan türk xalqlarının, ilk növbədə də bulqarların yüksək mədəniyyət yaratmaları üçün yuxarıda sadalanan şərtlərin hamısı mövcud olmuşdur.

İdil bulqarlarının mədəniyyətini tarixi inkişaf baxımından iki önəmli mərhələyə ayırmaq lazımdır:

1. İslam öncəsi İdil Bulqar mədəniyyəti;

2. İslam sonrası İdil Bulqar mədəniyyəti.

İslam sonrası İdil Bulqar mədəniyyətini də aşağıdakı mərhələlərə bölməyin daha doğru olacağını düşünməkdəyik:

1. Çingiz Xana bağlı tatar qoşunlarının İdil Bulqar xanlığına son verməsinə qədərki dövr;

2. Altın Orda dövlətinin tərkibində mövcudiyyətini davam etdirən Bulqar Ulusu dövrü;

3. Bulqar Ulusunun Kazan və Həştərxan xanlıqlarına parçalandığı və müstəqil və ya yarımüstəqil xanlıqlar şəklində fəaliyyət göstərdiyi dövr.

İdil bulqarlarının İslamdan öncəki maddi və mənəvi mədəniyyəti haqqınnda ən geniş bilgiləri İbn Fədlanın qeydlərindən öyrənmiş oluruq. Bu qeydlərdən belə məlum olur ki, İdil Bulqar dövlətinin başında bir hökümdar bulunmaqda idi. Əski Türk ənənsinin davamı olaraq, rəsmî mərasimlərdə onun yanında xanımı da yer alardı. Hökmdarla qarşılaşan hər kəs ayağa qalxar və başındaki qalpağını çıxarardı. Qadın - kişi münasibətləri, əxlaq prinsiplərinə əməl etmək şərti ilə, sərbəst idi. Məsələn, qadınlar və kişilər birlikdə çaya girib çimər, bir-birlərindən çəkinməz; bununla bərabər hər hansı bir şəkild zina etməzdilər. Çünkü onları təsəvvürlərinə görə, zina eə böyük suçlardan biri hesab edilirdi (Ahmet Turan Yüksel, 2001, s. 71).

İbn Fədlanın sözlərinə görə, İdil Bulqar dövlətində adam öldürmə, fahişəlik və oğruluğun cəzası ölüm idi (İbn Fazlan, 1995, s. 60-61).

İslamdan öncəki ailə münasibətləri İslamdan sonra bərqərar olan ailə münasibətlərindən fərqli idi. Məsələn, oğlan uşağını babası böyüdər, ölən kişinin mal və mülkünə övladları deyil, qardaşları varis olardı (İbn Fazlan, 1995, s. 59).

İbn Fədlanın yazdığına görə, bulqarların əsas qidasını darı, at əti, ətli arpa şorbası və balıq təşkil edirdi. İstifadə etdikləri içkilər isə bal şərbəti və buğda və arpadan hazırlanan və bugünkü pivəni xatırladan xüsusi içki növü idi. Kımızdan istifadə edib-etmədikləri barədə İbn Fədlanın qeydlərində heç bir məlumata rast gəlmirik (Ahmet Turan Yüksel, 2001, s. 71).

Bulqarların yarımköçəri heyvandarlıqla yanaşı oturaq əkinçiliklə məşğul olduqları, şəhərlərə sahib olduqları bilinməkdədir. Əkinçilkıə məşğul olanlar daha çox darı, buğda və arpa yetişdirərdilər.



1. İdil bulqarlarında şəhər mədəniyyəti

Bulqar dövlətinin qərar tapdığı Orta İdil bölgəsi şimaldakı əraziləri Xəzərsahili və Qafqaz bölgələri ilə, Türkistan və Orta Asiyanı Avropa ilə bağlayan böyük karvan yollarının kəsişməsində yerləşirdi. Bu səbəbdən də İdil Bulqar dövlətində ticarət çox inkişaf etmişdi. Bu da şəhərləşmə prosesinin sürətlə getməsinə geniş imkanlar açırdı. Bugünkü Kazanın 115 km güneyində, İdil çayının tam sahilində bulunan və əhalisinin 50.000-ə çatdığı söylənilən Bulqar şəhəri daha sürətlə inkişaf edirdi və bu şəhər dövlətin paytaxtına çevrilmişdi. VII əsrdən XIII əsrə qədər, yəni 500 ilə yaxın bir dövrdə bu qədim Türk şəhəri Şərqi Avropanın ən inkişaf etmiş ticarət və mədəniyyət mərkəzlərindən biri idi (Kafesoğlu İ., 1998, s. 196).

Bulgar şəhərinin önəmli bir ticarət mərkəzi olduğu dönəmdə ayrıca Suvar, Bilər, Gökə-Tav ve Etrəç kimi şəhərlərin qurulduğu görülməktədir.

Paytaxtda inşa edilən Xan Camesi, Doğu Türbəsi, Ağ Saray, Qara Saray, Xan Sarayları, Kiçik Minarə, Böyük Minarə ve Xan Türbəsi kimi memarlıq əsərləri İdil bulqarlarının memarlıqda olduqca irəli səviyyələrdə olduqlarını sübut etməkdədir (Ahmet Turan Yüksel, 2001, s. 72).

Müəllifi məlum olmayan, 982-983-cü illərdə qələmə alındığı bilinən "Hüdud əl-Aləm" adlı risalədə Bulqar və Suvar şəhərləri barədə də məlumat verilməkdə, Bulqar şəhərinin çox da böyük olmadığı, İdil sahilində yerləşdiyi, əhalisinin tamamının müsəlman olduğu və lazım gəldiyində 20 000 silahlı süvari çıxara bildiyi qeyd edilib. Orada yazılanlardan belə məlum olur ki, Suvar şəhəri Bulqar şəhərinin yaxınlığında yerləşirmiş və bu şəhərin də əhalisi müsəlmanlarmış (Buxarayev R., 2005, s. 46).

1133-1134-cü və 1135-1136-cı illərdə Nulqar şəhərinin ziyarət etmiş Əbu Həmid əl-Qarnati ondan artıq nəhəng şəhər kimi söz açmaqda, şəhərin bütünlüklə cökə ağacından, qala divarlarının isə palıddan tikildiyini söyləməkdədir (Putrşestviye Abu Xamida аl-Qarnati.., 1971, s. 30).

Tarixi qaynaqlarda Bulqar, Bilər, Gökə-Tav, Etrəç və Suvardan başqa, Oşel, Bryaximov, Tuxçin, Çelmat, Tortsk və kimi şəhərlərin də adı çəkilməkdədir (Mejdunarodnıye svyazi.., 1998, s. 25, 102)

Buqar dövləti və Altın Orda zamanı Bulqar Ulusu ərazisində mövcud olmuş şəhərlərin arxeoloji tədqiqatlarına 150 il öncədən başlanmışdır. Bu sahədə əldə edilmiş uğurlar öz əksini A. X. Xalikov, F. Ş. Xuzina, R. Q. Faxrutdinov kimi bir çox alimin əsərlərində tapmışdır (Rudenko K. A., 2012a, s. 68). Bununla belə, bu mövzunun tam qapandığını söyləmək hələ çox tezdir. Hələ də bir çox suallar öz cavabını tapmayıb. Məsələn, İdil Bulqar şəhərlərinin tarix səhnəsinə çıxmasını IX-XI əsrlərlə bağlyan A. M. Yefimov və A. P. Smirnov hesab edirlər ki, türklər məhz həmin dövrlərdə tayfa münasibətlərindən ayrılaraq feodalizmə keçmişlər və ilk bulqar feodal şəhərlərinin ortaya çıxmasını zəruri edən sosial mühitin mənzərəsi tam aydın deyildir.

A. X. Xalikov bu olayın səbəbini həm sosial mühitlə, həm də iqtisadi amillərlə, xüsusən də ticarətin inkişafı ilə əlaqələndirmişdir. F. Ş. Xuzin isə məsələnin kökündə sırf iqtisadi amillərin durduğu fikrini önə sürmüşdür (Хuzin F. Ş., 2006, s. 127-128). K. A. Rudenko bu cür sürətli şəhərləşmənin səbəbini bölgədəki müxtəlif etnik qruplar arasındakı mədəni əlaqələrin nəticəsi olduğunu ehtimal etməkdədir (Rudenko K. A., 2012b, с. 91–94). O bu ehtimalı əsaslandıra bilmək üçün Qazaxıstan ərazisində mövcud olmuş orta əsr şəhərlərini misal çəkmiş, onların da məhz oturaq irandilli xalqlarla mədəni əlaqələr nəticəsində ortaya çıxdığı barədə başqa alimlərin fikrinə istinad etmişlər (Baypakov К. М., Qriqoryev F. P., 1999, s. 50).

Beləliklə, hazırda bu ehtimal İdil Bulqar şəhərlərinin yaranması və inkişafı problemlərini araşdıran elm adamlarının qəbul etdikləri ən əsas ehtimal olaraq qalır (Rudenko K. A., 2012a, s. 69).

Lakin əldə olan başqa məlumatlar bu düşüncənin doğru olmadığını göstərir və bu yanlış düşüncənin türklərin istisnasız olaraq köçəri maldar tayfalar kimi gözdən keçirilməsindən qaynaqlanır. Halbuki əlimizdə ən azı II əsrdə çox sayda Türk şəhərinin mövcud olduğunu sübut edən təkzibedilməz dəlillər var. Söhbət Tonyuquq abidəsində adından "Türk-Sir budun" (Türk sir xalqı) kimi söz açılan, antik müəlliflərin əsərlərində adları "ser xalqı kimi", ölkələrinin adı isə "Serika" (serlər // sirlər ölkəsi) kimi qeyd edilən Türk xalqından və onun şəhərlərindən gedir.

Sir və ya ser xalqı barədə Tonyuquq abidəsinin 3 və 4-cü sətirlərində oxuyuruq: "Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı) (Rəcəbov, Məmmədov, 1993, s. 117).

Eyni abidənin 11-ci sətrində isə deyilir: "Türk sir bodun yerintə idi yorımazun" (Türk sir xalqının yerində yiyə yürüməsin) (Rəcəbov, Məmmədov, 1993, s. 118).

Tonyuquq abidəsinin 60, 61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq: "Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti. İltəris kağan, Tonyukuk kaz-ğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın türk sir xalqının yerində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək taxtda oturur) (Rəcəbov, Məmmədov, 1993, s. 121).

Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötügenə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yerləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapının, yəni Xəzər sahillərində yerləşən Dərbənd şəhərinin də adını çəkməkdədir: "Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk." (Doğma türk xalqını Ötügen yürinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17-ci sətir) (Rəcəbov, Məmmədov, 1993, s. 118). "Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun Təmir Kapığka." (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45-46-cı sətirlər) (Rəcəbov, Məmmədov, 1993, s. 120).

Yuxarıdakı mətndə Təmir Kapığ (Dərbənd) şəhərindən söz açılması Türk-sir xalqının Ötügenə, yəni indiki Monqolustan ərazisinə Xəzər sahillərindən köç etdiyini söyləməyə əsas verir. Bu fikrin doğru olduğunu VI əsr müəllifi İordanın söylədikləri də təsdiq etməkdədir. İordanın yazdıqlarından da ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqları və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır (The Gothic Histoy of Jordanes, 1960, V).

II əsr müəllifi Klavdi Ptolomey "Serika" adlandırdığı serlər // sirlər ölkəsinin coğrafi mövqeyi barədə bunları yazmışdır: "İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir.

Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə yerləşir..." (Pyankov İ. V., 1986, c. 7-10).

Digər çay qolların və çayın özünün də koordinatlarını dəqiq göstərən böyük coğrafiyaşünas alim bu ölkənin şəhərlərinin - Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir: "Serika (Türk - sirlər ölkəsi - B. T.) qərbdən İmay dağının o tayında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, İskitlər ölkəsi - B. T.) ilə, şimaldan Fuludan keçən paralel xətt üzrə uzanan bataqlq torpaqlarla, şərqdən son ucu 180◦/63◦ və 180◦/35◦ arasında yerləşən naməlum torpaqlarla, cənubdan isə öncə Qanq çayının o tayında yerləşən Hindistanla, 173◦/35◦ xətti ilə, sonra isə eyni xətt üzrə sonu bilinməyən Çinlə əhatələnmişdir.

Serikadan (Türk - sirlər ölkəsindən - B. T.) keçən dağlar bunlar-dır: Son ucu 153◦/60◦ və 171◦/56◦ arasında yerləşən “Annib” adlandırılan dağlar; 167◦/47◦30′ və 174◦/47◦30′ arasında yerləşən Avzak dağlarının şərq tərəfi; 167/47◦30′ və 174◦/47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağlar; son ucu 162◦/44◦ və 171◦/40◦ arasında qalan Kasi dağları; ortası 170◦/43◦ - yə düşən Faqur dağı; sonu 165◦/36◦ ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169°/36° və 176°/39° arasında qalan Ottorokara dağı.

Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mən-bəyini yeri artıq qeyd edilmiş Avzak dağlarından, digər mən-bəyini isə Asmirey dağlarından (174°/47°30′) alan, 160°/49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da oradan (161°/ 44°15′) alan Oyxard və mənbələrini eyniylə Kasi (160°/43◦), Ottorkara (176°/39°) və Emod (160°/37°) dağlarından alan Bautis.

Serikanın şəhərlərinin adları bunlardır: Damna - 156°/51°40′; Piada -160°/49°40′; Asmireya - 170°/48° 20′; Aspakara - 162°30′/42°40′; Drosaxa - 167°40′/42°30′; Paliana - 162°30′/41°-; Abraqana - 163°30′/ 39°30; Foqara -171°20′/39°40′; Daksata - 174◦/39◦40′; Orosana - 162◦/ 37◦30′; Ottorokara - 165°/37°15′; Solana - 169°/37°30′; paytaxt Sera - 169°/37°30′...

Paytaxt Sera 14 saat 45 dəqiqəyə bərabər olan ən uzun günə sahibdir və Aleksandriyadan (İskəndəriyyədən) 7 saat 50 dəqiqə və ya tam 8 saat şərqdə yerləşir...” (Pyankov İ. V., 1986, c. 7-10).

Yuxarıda gətirdiyimiz misal türklərin İdil Bulqar dövlətinin yaranmasından çox-çox öncələrdən zəngin bir şəhərsalma mədəniyyətinə malik olduqlarını sübut edir. Eyni mədəniyyət, təbii ki, İdil bulqarlarına da xas olub.

1871-ci ildə Moskvada keçirilən I Arxeoloji Qurultayda məruzə ilə çıxış edən K. Novostruyev arxeoloji tədqiqatlar zamanı təsbit edilmiş 36 bulqar şəhərinin təsvirini vermişdir. (Novostruyev K., 1871), 3 il sonra işıq üzü görən bir fundamental əsərdə isə 70 bulqar şəhərindən və onların memarlıq özəlliklərindən söz açılmışdır (Vyaçeslav N., 1874).

O dövrdən keçən dövr ərzində bu rəqəm önəmli pıçüdə artmışdır. Belə ki, A. X. Xalikovun yazdığına görə, hazırda arxeoloqlara 200-ə yaxın bulqar şəhərinin xarabaları məlumdur (Qafarov İ. A., 2012, s. 32).

İdil Bulqar şəhərlərinin öyrənilməsi sahəsində görülmüş ən önəmli işlərdən biri də S. M. Şpilevskinin "Kazan Quberniyasının qədim bulqar- tatar şəhərləri və başqa abidələri" kitabıdır. Bu kitabda o dövrə qədər məlum olan bütün məlumatlar toplanmışdır (Şpilevskiy S. M., 1877). Kitab Kazan şəhərində keçirilən IV Arxeoloji Qurultay ərəfəsində çap edilmiş və bütün Qurultay iştirakçılarına paylanmışdı.

Maraqlıdır ki, bulqarlar Orta İdilə köç etməmişdən öncə də həmin ərazidə şəhərlərin olduğu məlumdur. Söhbət e.ə. VIII-IV əsrlərə aid edilən və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan şəhərlərdən gedir (Nadırova X. Q., 2014, s. 3).

Eyni zamanda bulqarların Orta İdilə qalxmamışdan öncə Aşağı İdil bölgəsində yaşadıqları məlumdur və həmin ərazidən də həmin dövrə aid bir antik şəhərin qalıqları tapılmışdır. Aşkar edildiyi yerin adı ilə şərti olaraq, "Samosdelska" adı verilmiş bu şəhərdə aparılan arxeoloji qazıntılar nəticəsində Xəzər (VIII-X əsrlər), Tatar (Monqol-Tatar) öncəsi (XI-XII əsrlər) ve Altınordu (XIII-XIV əsrlər) dövrlərinə aid üç mədəni təbəqə müəyyən edilmişdir. Bir ehtimala görə, bu şəhər xəzərlərin sonuncu paytaxtı olmuş İtil (Atil, Atel) şəhəridir. Onun XI və XII əsrlərdə İdil deltasında var olduğu bilinən Saksin (Sacsin) şəhəri ola biləcəyi də istisna edilmir. Söhbət tanınmış ərəb taciri və səyyahı Əbu Həmid əl Qırnatinin təsvirini verdiyi böyük bulqar şəhərindən gedir (Vasilyev D. V., 2008, s. 6).

D. V. Vasilyevin yazdığına görə, "Samosdelska" şəhəri Həştərxanın 43 km aşağısında Əski İdil, ya da Biryulun sağ sahilindəki deltada yer almaqdadır. Şəhərin ana bölümü, idil (Volqa) çayının qurumuş əski yataqları boyunca hər tərəfindən, qurumuş kanallarla çevrilmiş bir adada yerləşir. Onun təxmin edilən doğu sınırı bugünkü çay yatağının quzey və güney batısında, İdilin qurumuş əski yatağı olan "Yerik Volojka"dır. Əski və yeni yataqlarının arasında “Mısu” deyilən yerdə, şəhərin mədəni təbəqəsini içərisində barındıran və çox da yüksək olmayan bir təpə vardır. Təpənin uzunluğu 2 km, eni isə 500–700 metrdir. Əldə edilən tapıntılar təpənin üst sahəsində daha çox yoğunlaşmaqdadır (Vasilyev D. V., 2008, s. 6).

IX-XIV əsrləri əhatə edən mədəni təbəqə Samosdelska arazisində, günümüzdəki müsəlman və xristian məzarlıqlarının yer aldığı əski İdilin sol sahilində ortaya çıxmışdır. Bu səbəbdən də arxeoloqlar bu ərazini şəhrin sol bölümü saymışlar və onu Altın Orda dönəmindən öncəki dövrlərə aid etmişlər (Vasilyev D. V., Greçkina T. Yu., 2000).

Şəhərin memarlığı barədə ən gözəl təsəvvürü Kərpic tikililərin qalıqları yaradır. Onlardan XII-XIII əsrlərə aid olanları daha yaxşı qorunmuşdur. Burada zirzəmiləri olan və olmayan, bir otaqdan və ya bir neçə otaqdan ibarət evlərə rast gəlinib. Divarların səliqə ilə suvandığı müşahidə edilmişdir. Yataq otaqlarında yuvarlaq formalı sobalar, eləcə də evlərin həyətilərində çörək bişirmək üçün təndirlər aşkar edilib. Evlər əsasən dördbucaqlı formada olsa da, çadır formalı kərpic tikililərə də rast gəlinməkdədir (Vasilyev D. V., 2008, s. 7-8).

D. V. Vasilyevin aşağıdakı təsbiti də mövzumuz baxımından çox önəmlidir. Alim yazır ki, şəhərdə aparılan qazıntıların nəticələri onun tranzit xarakterli ticarət mərkəzi olduğunu bariz bir şəkildə göstərmişdir. Əldə edilmiş arxeoloji materialların önəmli hissəsini keramik vaza və müxtəlif təyinatlı qablar oluşdurmaqdadır. Bundan başqa digər mətbəx və süfrə eşyaları da tapılmışdır ki, onlar daha çox bardaq, fincan, kasa, qapaq, nimcə və sairədən ibarətdir. Bunların bir qismi Xorəzm, Güney Qafqaz və Şirvan ustaları, digər qismi isə yerli bulqar ustalar tərəfindən hazırlanmışdır.

Bütün bu maddi mədəniyyət nümunələri Samosdelska şəhərinin X-XII əsrlərdə mövcud olan digər İdil Bulqar şəhərləri ilə sıx bağlılığı olduğuna, şəhərin etnik yapısının bulqarlardan oluşduğuna dəlalət edir (Vasilyev D. V., 2008, s. 12).

X. Nadırova haqlı olaraq yazır ki, İdil-Kama bölgəsində şəhərsalma mədəniyyətinin önəmli bir mərhələsini İslamdan sonrakı mərhələ təşkil edir. Bu dövrdə tikilən bütün tikililər İslam dünyasındakı tikililərlə eynilik və ya bənzərlik təşkil edir. Bu özünü daha çox məscid, came, mədrəsə, karvansaray, türbə və bu kimi abidələrin tikintisində və memarlıq özəlliklərində göstərir (Nadırova X. Q., 2014, s. 38).

Bulqar şəhərlərində kərpicdən tikilmiş evlərlə yanaşı palıd ağacından inşa edilən evlərə də sıx-sıx rast gəliməkdə idi. Onların izlərinə arxeoloji qazıntılar zamanı rast gəlinib. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, İdil-Kama və idil-Ural bölgələrində bu tip evlərin inşası XIX-XX əsrlərə qədər davam etmişdir (Aydarov R. S., 2008).

Idil Bulqar şəhərlərinin əsas elementlərində birini də şəhərləri əhatə edən qala divarları və gözətçi qüllələri idi. Bu tikililər barədə ilk məlumatlara qədim rus və ərəb müəlliflərinin əsərlərində rast gəlməkdəyik. Bu məlumatlar fraqmentar xarakter daşısı da, hər halda, müəyyən təsəvvür yarada bilir. Məsələn rus salnamələrində "vorota qorodskiye" (şəhər darvazaları), "plot" (sal) və "tverd oplotom" (möhkəmləndirilmiş qala) kimi ifadələrlə rastlaşmaqdayıq (Qabaydullin A. M., 2002, s. 6).

Rus salnamələrində Oşel adlı bulqar şəhərinin qala divarları haqqında yazılanlar da çox maraqlıdır. Həmin yazılardan şəhərin ikiqat möhkəmləndirilmiş qala divarlarına sahib olduğu, divarların palıd ağacından tikildiyi, salla bir-biri ilə birləşdiyi məlum olur (Qabaydullin A. M., 2002, s. 6). XII əsrin II yarısında İdil Bulqar dövlətinə səyahət edən əl-Qarnati də bulqar şəhərlərinin qala divarlarının palıd ağacından qurulduğunu söyləməkdədir.

Bulqar şəhərlərinin qala divarları və bürcləri barədə ən dolğun məlumatı həmin tikili və qurğuların dəqiq planını işləyib hazırlamış polkovnik Savenkov və geodeziya üzrə mütəxəssis Krapivinin qeydlərindən almış oluruq (Şpilevskiy, 1877, s. 571). Eyni tikili və qurğular barədə rus tarixçisi Tatişevin də qeydləri var (Tatişev, 1963, s. 208).

Bu sırada Bilər şəhərinin xarabalıqlarına, o cümlədən qala divarları və bürclərinin qalıqlarına ayrıca əsər həsr etmiş N. Rıçkovun da adını xüsusi çəkmək lazımdır. O, bulqar şəhərlərinin quruluşu və müdafiə sistemini təhlil edərək yazırdı ki, bütün qədim qalalar əhalini xaricdən gələ biləcək təhlükələrdən müdafiə edə biləcək şəkildə, dəqiq plan əsasında və yüksək mühəndislik məharəti ilə qurulmuşdur (Rıçkov N., 1770, s. 6-7). Tatarıstan ərazisində rast gəlinən qala və bürclərdən söz açan memar A. Şmidt və polkovnik A. Ştraus (Rittıx A. F., 1870), eləcə də K. İvanin bu tikili və qurğuların bulqalar tərəfindən inşa edildiyini də qeyd etməyi untmamışlar (İvanin K., 1851, s. 75). Alimlər qədim bulqar şəhərlərindən Cüke-Tau və Bilərin qala və bürclərini təsvir edərkən eyni fikri təsdiq etmiş, bu qurğuların inanılmaz bir ustalıqla tikildiyini də sözlərinə əlavə etmişlər (Artemyev A., 1851, s. 68).

Mövzumuz baxımından N. Berezinin də sözləri böyük maraq kəsb edir. O yazır ki, bütün bulqar qala və bürcləri ağacdan inşa edilmiş, daşdan tikilmiş bənzər abidələrə isə rast gəlinməmişdir. Görümür, daş qala və bürclər olmayıb. Olsaydı, mütləq izlərinə rast gəlinərdi (Berezin N., 1853, s. 11).

Yuxarıda adı çəkilən müəlliflərin hamısı bulqar şəhərlərinin müdafiə sistemlərindən söz açarkən, şəhərlərin ətrafında qazılan dərin xəndəkləri də xüsusi vurğulamışlar.

Əldə olan məlumatlara görə, bulqar memarlar daş tikililər tikmək sahəsində də usta olmuşlar (Bolşaya Sovetskaya Entsiklopediya, 1927, s. 774). Onların daşdan ucaltdıqları saray, came, hamam və karvamsaraylar göz oxşayırdı (Oçerki.., 2001, s. 377).

Dövrümüzədək Aslan adlı bir bulqar memar barədə də məlumatlar yetişmişdir. Onun XII əsrdə Bulqar şəhərində yaşadığı, orada daş emalı ilə məşqul olan böyük bir təsərrüfat qurduğu, şagirdləri ilə birlikdə Uçtel (Kazanın əvvəlki adı) şəhərində daşdan bars və aslan heykəlləri ilə bəzədilmiş saray ucaltdığı bilinməkdədir. Əski qaynaqların verdiyi məlumatlara görə, rus bəylərindən A. Boqolyubov ondan Suzdal şəhərində məbədlər tikməsini xahiş etmiş və o da xahişə müsbət cavab vermiş, Suzdal və Vladimir şəhərlərində daş məbədlər ucaltmışdır (Miftaxov Z. Z., 1998, s. 238).



2. İdil Bulqar dövlətində zərbxanalar və pul tədavülü

İdil bulqarlarının yüksək zərbxana mədəniyyətinə malik olduqları, metal sikkələr zərb edərək dövriyyəyə buraxdıqları da məlumdur.

Bulqar sikkələrinin tədqiqinə XVIII əsrdən başlanmışdır və bu sikkələrə ilk diqqət çəkən P. S. Pallas olmuşdur. O, Bulqardan əldə etdiyi ilk sikkələr barədə yazırdı ki, bu sikkələrin bir tərəfində ya ulduz, ya da başqa "bəzək"lər, o biri tərəfində isə nöqtələr, dairə və dairənin içində isə başqırdların bu gün də yazı yazarkən istifadə etdikləri işarələrə bənzər işarələr vardı (Pallas P. S., 1773, s. 194).

İdil Bulqar dövlətində İslamdan sonra kəsilmiş sikkələrin fundamental şəkildə öyrənilməsi və sistemləşdirilməsi işinin əsası alman mənşəli rus tədqiqatçısı X. M. fon Fren (1782-1851) tərəfindən qoyulmuşdur. Ondan öncə isə sadəcə bəzi sikkələr bardə qısa məlumtlara rast gəlirik (Savelyev P. S., 1856, s. 10).

X. M. fon Fren 1826-cı ildə nəşr etdirdiyi monoqrafiyasında (Fraehn Ch. M., 1826) idil Bulqar ərazisindən tapılmış İslam və Altın Orda dövrlərinə aid sikkələr barədə geniş məlumat vermiş, 1832-ci ildə isə onların daha geniş və əhatəli kataloqunu hazırlayaraq dərc etdirmişdir (Fren X. M., 1832). Alimin tələbəsi olmuş P. S. Savelyevin yazdığına görə, X. M. fon Frenin əlindən 3 milyondan artıq sikkə gəlib keçmişdir (Savelyev P. S., 1856, s. 33). Təəssüf ki, o dövrdə sikkələrin haradan tapıldığını qeyd etmək adəti olmadığından Altın Orda dövrünə aid pulların neçəsinin Bulqar dövləti ərazisində kəsildiyini dəqiq söyləmək imkanına sahib deyilik (Paçkalov A. V., 2017, s. 9).

Dəqiq məlumdur ki, X. M. fon Fren Kazanda olarkən Kazan Universitetində tatar dilini tədris edən İbrahim Xalfin ilə dostluq və əməkdaşlıq etməkdə idi və əldə etdiyi sikkələrin bir çoxunu ondan almışdı. Həmin pullarınsa Kazanın əski məhəllələrindən tapıldığı bilinməkdədir. Eyni zamanda alim "Kazan xəbərlər"ndə əntiq əşyalar almaq arzusunda olduğu barədə elan yerləşdirmişdi və bu yolla çox sayda əntiq əşya və sikkə toplaya bilmişdi (Mazaitova N. A., 1971, с. 61).

P. S. Savelyevin verdiyi məlumat görə, 1837-ci ildə Kazan şəhərində böyük bir pul xəzinəsi tapılmışdı və həmin pullar da X. M. fon Fren tərəfindən kataloqa daxil edilmişdir. Sözügedən kataloqda Cuci dövrünə aid 400-dən artıq sikkə də yer almaqdadır ki, Kazandan tapılan sikkələr məhz bu sikkələr idi (Savelyev P. S., 1858, s. 142). Burada qədim Bulqardan tapılmış daha iki gümüş və 4 mis sikkənin də şəkli verilmişdir (Çerneysov Q., Çernetsov N., 1970, s. 126).

Bulqar sikkələrinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş P. S. Savelyev 1847-ci ildə Arxeologiya-Numizmatika Cəmiyyətinin Sankt-Peterburqda keçirilən iclasında "Rusiyada Şərq numizmatikası və arxeologiyasının öyrənilməsinin vacibliyi haqqında" adlı çıxışında bildirmişdir ki, tapılan pulların qorunması işinə ciddi fikir verilməlidir. Belə ki, "Quberniya xəbərləri"ndə tez-tez əntiq pulların tapılması barədə məlumatlara rast gəlirik. Biz isə onların xarici görünüşü, təsvirləri və sonrakı taleləri barədə heç bir dəqiq məlumata sahib deyilik (Savelyev P. S., 1847, s. 15).

Çox təəssüflər olsun ki, İdil Bulqar sikkələrinin sonrakı taleyi çox acınacaqlı olub. Məsələn, XIX əsrdə Kazanlı bir tacirinin 7 puddan artıq çəkisi olan gümüş pulları əridərək külçə halına gətirdiyi bilinməkdədir (Paçkalov A. V., 2017, s. 10).

P. S. Savelyevi daha çox üzərində ərəb kufi xətti ilə yazılar olan sikkələr maraqlandırırdı. Bununla belə, o, Altın Orda ərazisində dövriyyədə olan, Bulqardan tapılan və Toxtamışın dövründə işlək olan Cuçiloğullarına, Çağatayoğullarına, Cəlarilərə və s. aid pul xəzinələrini də tədqiq etmiş və kataloqlaşdırmışdır. Xəzinəyə 10 000-dən artıq gümüş sikkə daxil idi ki, alim onlardan 1197-sinin dəqiq xarakteristikasını vermişdir.

Savelyevin ən böyük xidmətlərindən biri də o idi ki, o təkcə sikkələrin xarakteristika və təsvirlərini verməklə kifayətlənmir, pulların tapıldığı yer və şərait barədə də ətraflı məlumat verir, xəzinələrin topoqrafik xəritələrinin dərcini də unutmurdu. O, 1854-cü ildə qədim Bulqar şəhərinə səyahət etmiş, oradan tapılan pulların əldə edilərək qorunması üçün böyük əmək sərf etmişdir. Eyni zamanda XIX əsrin ortalarında Kamayevdə aparılan arxeoloji qazantılar zamanı tapılan pul xəzinələrinin dövrümüzədək yetişə bilməsinin səbəbkarı olmuşdur (Qriqoryev V. V., 1861, s. 119).

Tanınmış rus şərqşünası V. V. Qriqoryev də pul xəzinələrinin topoqrafik xəritələrinin tərtib edilməsi işinə böyük tövhələr vermişdir (Qriqoryev V. V., 1876, s. 167). Bulqar və Altın Orda pullarının öyrənilməsi sahəsində V. Q. Tizenhauzen (1825-1902), F. Erdman (1793-1863) kimi alimlərin də əməyi yüksək qiymətləndirilməlidir. Hərçənd ki, sonuncuya münasibət birmənalı deyil (Mazaitova N. A., 1971, s. 70; 1972, s. 48).

F. Erdman 1834-cü ildə iki minə yaxın Altın Orda pulunu nəşr etdirmiş, fəqət onların tapılma yerlərini göstərməmişdir (Erdmann F., 1834, s. 315-554). Bu sikkələrdən sadəcə bir qisminin 1839-cu ildə Tatarıstan ərazisindən (Russkiy Urmat) tapıldığı barədə məlumat var. Onların hamısı Cuçi dövrünə aiddirlər (Şpilevskiy S. M., 1877, s. 430).

1850-1870-ci illər nəşrlərində Orta İdildən tapılan pullar və onların tapılma yerləri barədə daha çox məlumata rast gəlmək olur. Söhbət həm xəzinələrdən, həm də tək-tük tapıntılardan gedir. Bu baxımdan P. Malov (Malov P., 1853, s. 120), V. K. Savelyevin (Savelyev V. K., 1871, s. 494-500; 1884, s. 344-346) P. S. Savelyevin (Savelyev P. S. 1858, s. 175-266) nəşr etdirdikləri kitab və kataloqların adlarını çəkmək olar.

Ayrı-ayrı sikkələrin tapılması barədə həmin dövrün başqa nəşrlərində də qısa məlumatlar bulunmaqdadır (Şpilevskiy S. M., 1877, s. 362). Bu sahədə aparılan işlər XX əsrin 30-cu illərinə qədər davam etmiş, həmin dövrdən isə müəyyən səngimə baş vermişdir.

XX əsrin 50-ci illərindən sonra İdil Bulqar sikkələrinin öyrənilməsinin II mərhələsi başlandı. Buna S. A. Yaninanın (1924-1997) coşğun fəaliyyəti təkan verdi. Qədim Bulqar və Aqa-Bazar şəhərlərində aparılmış arxeoloji qazaıntılar (1946–1958) zamanı tapılan pulları tədqiq etməyə başlayan S. A. Yanina əldə edilmiş sikkələrdən Cuçi dövrünə aid olan sikkələrin dəqiq kəsilmə tarixlərini müəyyən etmiş, bundan başqa Bağdad xəlifəsi Nəsir əd-Din dövrünə aid pulları ilk dəfə vahid kataloq şəklində çap etdirmişdir. Dövrü məlum olmayan gümüş bulqar pulları barədə də geniş məlumat vermişdir. Alim sübut etmişdir ki, qədim Bulqar şəhəri təkcə Altın Orda dövründən əvvəl deyil, Altın Orda dövründə də Avrasiyanın ən önəmli pul zərbxanalarından birinin yerləşdiyi şəhər olmuşdur. O bu fikrini şəhərdən tapılan çoxsaylı sikkə qəlibləri əsasında önə sürmüşdür (Yanina S. A., 1954; 1958; 1960; 1977; 1980).

Bulqardan, daha dəqiq desək, onun kənar məhəllələrindən biri olan Aqa-Bazardan tapılmış pultökmə qəlibləri və bulqar dövrünə aid gümüş pullar İdil Bulqar dövlətinin zərbxana işində və pul tədavülündə oynadığı çoxəsrlik önəmli roldan xəbər verməkdədir. Təəssüflər olsun ki, S. Yanina bəzi gümüş sikkələrin tarixini düzgün müəyyən edə bilməmiş, bəzi yanlışlıqlara yol vermişdir.

Məlumat üçün bildirək ki, Aqa-Bazar Bulaq Teymurun İdil Bulqar dövlətinə hücumu zamanı dağıdılsa da, sonradan yenidən tikilmiş və əvvəllər olduğu kimi, əsas zərbxanaların yerləşdiyi şəhər kimi fəaliyyət göstərməkdə davam etmişdir (Jiromskiy B. B., 1954, s. 325-339; 1958, s. 88-96; 1962, s. 205-216).

S. Yaninanı başlatdığı işi sonrakı illərdə N. Kalinin və tələbəsi A. Xalikov (Kalinin N. F., Xalikov A. X., 1954), N. D. Mets və N. A. Talitskaya (Mets N. D., 1953; Таlitskaya N. А., 1952) davam etdirmişlər.

Idil Bulqar ərazisində aparılan arxeoloji qazıntılar zamanı XIV əsrə aid çox sayda Azərbaycan pulu da tapılmışdır ki, bu da həmin dövrdə iki Türk dövləti arasında mövcud olan intensiv ticarət əlaqələrindən xəbər verir. Sözügedən sikkələr barədə Ye. A. Poxomov məlumat verməkdədir (Paxomov Ye. А., 1938; 1949; 1957).

XX əsrin sonlarında tədqiqatçılar əsas diqqəti Bulqar şəhərindən tapılan pullarla digər ərzilərdən tapılan pullar arasındakı fərqlərə yönəltmişlər. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1340-cı ildən sonra Bulqar şəhərində kəsilmiş pulların sayında kəskin azalma müşahidə edilir.

Əldə olan numizmatik materiallardan belə aydın olur ki, İdil çayı sahillərində yerləşən və sonradan Suvarın Bulqar dövlətinə qatılmasıyla vahid dövlətə çevrilən Suvar və Bulqar dövlətləri çox erkən dövrlərdən Yaxın və Orta Şərqin müsəlman ölkələri ilə sıx ticarət əlaqələri saxlamışlar. Bu səbəbdən də Orta İdil bölgəsindən tapılmış sikkələr içərisində bu ölkələrdə kəsilmiş gümüş və qızıl pullara da tez-tez rast gəlinir (Ryabtseviç, 1977, s. 54).

Suvar və Bulqar ərazisində yerli pulların nə vaxtdan kəsilməyə başladığını söyləmək çox çətindir. Əldə olan ilk yerli sikkələr X əsrə aiddir. Onların İdil Bulqar xanı Almuş tərəfindən 902-908 - ci illərdə kəsildiyi məlumdur (İstoriya Tatar, 2006, с. 296). Amma hansı şəhərdə kəsildikləri bilinmir.

Əldə olan ən əski sikkələrdən bəziləri Suvar şəhərində Nəsr ibn Əhməd Suvarinin adından 931-932 - ci illərdə zərb edilmişlər. Bulqar şəhərinin zərbxanasında Əmir Abdullah ibn Mikailin adından kəsilmiş pullar isə 947 və 948-ci illərə aiddir

Kataloqlarda Bulqar əmiri Talib ibn Əhmədin vaxtında kəsilmiş sikkələrə də rast gəlinir. Onların zərb tarixləri 948, 949, 850, 952 və 953-cü illərə aid olduğu yazılır. Əmir Mömin ibn Əhməd dövründə kəsilən pullar isə 974-992 -ci illəri əhatə edir. Bundan başqa 976-977 - ci illərdə Mömin ibn Tahir tərəfindən zərb edilən pullar haqqında da yetərincə bilgi sahibiyik.

Bu pulların hamısı gümüşdən kəsilmişdi. Suvar və Bulqarda kəsilən sonuncu gümüş sikkələr 986-987-ci illərə aiddir. Bundan sonra gümüş pullar bir müddət yoxa çıxır. Alimlər bunu ölkədəki gümüş qıtlığı ilə əlaqələndirirlər.

Yerli pulların yerini Yaxın və Orta Şərq ölkələrində kəsilmiş gümüş dirhəmlər tutur və bu hal XII əsrin əvvəllərinə qədər beləcə davam edir. Həmin dövrdən etibarən dövriyyəyə xırda pul rolunu oynayan gümüş külçələr daxil olur. Onların uzunluğu 13,7 sm-dən 17,9 sm-ə qədər dəyişirdi. Qalınlıqları isə müqabil olaraq 1,5 və 1, 8 sm idi. Təbii ki, çəkiləri də fərqli idi (188,2 qramdan 215 qrama qədər).

Əldə olan məlumatlardan belə aydın olur ki, XII-XIII əsrlərdə Bulqarda xəlifə Nəsir əd-Dinin (1180-1225) adından da pullar kəsilmişdir(Мuхаmаdiyev, 2011, s. 56). O da aydın olur ki, Altın Orda dövründə də Bulqar Ulusu əsas pulkəsmə mərkəzlərindən biri kimi çıxış edirdi (Vinniçek V. А., Safronov P. İ., 2008, s. 290, şəkil. 4/8).



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə