Bəxtiyar Tuncay Idil bulqarlarının mənəvi mədəniyyəti Giriş


İdil bulqarlarının əski inanc və düşüncələrinin mərasim folklorundakı izləri



Yüklə 2,67 Mb.
səhifə2/3
tarix17.11.2018
ölçüsü2,67 Mb.
#80064
növüYazı
1   2   3

3. İdil bulqarlarının əski inanc və düşüncələrinin mərasim folklorundakı izləri

Folklorşünas alim R. Əliyev haqlı olaraq qeyd edir ki, mərasim folkloru şifahi xalq yaradıcılığının ən maraqlı və geniş əhatəli sahələrindən birini təşkil edir. "Adından göründüyü kimi, mərasim folkloru yazılı ədəbiyyatdan çox-çox əvvəlki dövrlərin məhsuludur. İbtidai insanlar hələ təbiətdən ayrılmadığı bir dövrdə onlar üçün anlaşılmaz olan təbiət qüvvələrinin təsiri altında idilər. Onlar təbiətin bu gün başa düşülən hadisələrini qeyri-adi şəkildə qavrayır, onları öz şüurunda fövqəlləşdirirdilər. Hətta onları ram etmək üçün əllərindən gələni əsirgəmirdilər. İbtidai insanlar bunun üçün müxtəlif texniki üsullardan istifadə edirdilər. Bura ilk növbədə ibtidai insanların rəqslə müşayiət olunan ritual hərəkətlərini daxil etmək olar. Həmin ritual hərəkətlər magik sözlərlə müşayiət olunurdu. Bu magik sözlər ritmik, oynaq və həzin sədalarla bir yerdə ifa olunaraq sonralar nəğmə şəklinə düşürdü. Şifahi xalq yaradıcılığının tarixinə nəzər salsaq, görərik ki, bu xalq yaradıcılığının keçdiyi bütün tarixi dövrlərdə nəğmələrin yaranması, yayılması və şifahi repertuara daxil olması müxtəlif görüşlərlə bağlı olmuşdur" (Əliyev R., 2014, s. 35).

Deyilənlərə misal kimi bir çox türk boyunun, o cümlədən İdil bulqarlarının varisləri olan Kazan tatarlarının şifahi xalq ədəbiyyatında bu gün də mövcud olan Xızır İlyasla bağlı əfsanə, rəvayət və inancları misal çəkmək olar. Xızır və onunla bağlı inanclar, daha dəqiq desək, Xızır İlyas kultu Azərbaycan folklorunda da geniş yayılmışdır və hər zaman tədqiqatçıların diqqətini çəkmişdir. Qeyd etmək lazımdır ki, Xızırla bağlı inanclar təkcə Türkiyə, kazan və Azərbaycanda deyil, digər müsəlman türk xalqlarında da dərin kök salmış, folklorşünaslarla yanaşı, ilahiyyatçıların da diqqətini çəkmişdir. "Bu baxımdan Ahmed Yaşar Ocağın “İslam Türk İnanclarında Hızır, Yahut Hızır İlyas kultu” monoqrafiyası (1985) diqqətçəkəndir. Qeyd edək ki, türk, eləcə də digər xalqların folklorunda bu cür müxtəlif və çoxşaxəli, eyni zamanda bir neçə sahənin eyni maraqla diqqətini çəkən bir kulta çox az rast gəlinir.

Xızır İlyas barədə ilk geniş məlumata İbn Cərir ət-Təbərinin "Risalə"sində rast gəlməkdəyik. O, Xızır (ə) ilə bağlı Quran ayələrinin təfsirlərində Peyğəmbərimizin (s) hədislərindən də bol-bol istifadə etmiş, eyni zamanda xalq arasında mövcud olan rəvayət və əfsanələrdən də misal gətirmişdir (Yaşar Ahmed Ocak, 1985, s. 25).

Bu sırada XII əsrin önəmli müəlliflərindən hesab edilən Əbdülrəhman əl-Çevzi Bağdadinin "Zəd ül-Məsir" adlı əsərini də qeyd etmək lazımdır. Daha çox hədislərin araşdırılması ilə məşğul olan bu şəxs Xızırla (ə) bağlı çox sayda məlumat toplamışdır. Ondan bir əsr sonra yaşamış Əndəlisli Abdullah Məhəmməd Əhməd əl-Kurtubinin "Kurtub-i təfsiri" adlı təfsir kitabındada da Xızırla (ə) bağlı rəvayətlərin bir çox təfsirləri ilə üzləşirik.

Mövzuya ilk toxunanlardan biri də Nazır üd-Din Abdullah Ömər (XIII əsr) olub. Onun “Ənvəri-Tənzil” əsəri bu gün də öz əhəmiyyətini itirməmişdir(Yaşar Ahmed Ocak, 1985, s. 26-27).

Bu sahədə ən ilkin araşdırmalardan biri Carl Dyroff tərəfindən aparılmış və “Wer ist Chadhir?” (Dyroff Carl., 1892, s. 319-327) adıyla yayımlanmışdır. Bu yazıda Aşur araşdırmalarına təhsis edilmiş, məsələlərə elmi yonümdə yanaşılmışdır. Bundan 17 il sonra K. Wollersin “Chider” (Wollers K., 1909, s. 234-284) adlı məqaləsi dərc edilmişdir. İstər adıçəkilən, istərsə də ondan sonrakı tədqiqatçılar Xızırı həm də dini baxımdan təhlil etmişlər" (Babayeva X. Ə., 2013, s. 9-10).

Türkiyədə bu mövzuya ilk dəfə P. N. Boratav toxunmuşdur. Onun Wensinskin İslam Ensiklopediyasında dərc edilən “Türklerde Hızır” adlı məqaləsində türk xalq inanclarında və ədəbiyyatda Xızır obrazı geniş təhlil edilmiş və "Hıdırellez" mərasimlərindən bəhs edilmişdir (Yaşar Ahmed Ocak, 1985, s. 9).

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri olan, "Xızır İlyas", "Xıdır İlyas", "Xıdır Nəbi" və ya "Hıdırellez" adlandırılan bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Türk dünyasının əksər bölgələrində, o cümlədən İdil bulqarlarının varisləri olan Kazan tatarlarında keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır (ə) peyğəmbərlə eyniləşdirilir.

Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında İslamdan çox-çox öncəki dövrlərdən keçirildiyinə, İslama keçişdən sonra Xızır İlyas obrazı ilə çuğlaşdığına heç bir şübhə yoxdur.

Maraqlıdır ki, Xızır İlyasla bağlı motivlərin İslami inanclarla sıx bağlı olmasına rəğmən, "Xızır İlyas" bayramının xristian qaqauzlar tərəfindən də qeyd edildiyi məlumdur. Onlarda Xızır İlyas obrazı xristianların qəhrəmanlıq simvollarından hesab edilən Müqəddəs Georgi obrazı ilə çuğlaşmışdır. Onların inanclarına görə, Xızır İlyas və Müqəddəs Georgi eyni şəxsdir və əslində "Xederellez" adı ilə tanınan bayram da məhz Müqəddəs Georginin şərəfinə keçirilməkdədir. Əslində isə bayramın kökləri xristianlıqdan da çox-çoz qədimlərə uzanır və heyvandarlıqla bağlıdır.

Y. Kvilenkova yazır ki, may ayının ilk yarısında keçirilən bu bayram heyvandarların yaylağa köçməsi ilə əlaqədar yaranıb. Xristianlığın qəbulundan sonra onu Müqəddəs Georgi ilə əlaqələndirməyə başlayıblar. Təsadüfi deyil ki, qaqauzların əski təsəvvürlərinə görə, Müqəddəs Georgi mal-qaranın və xırda buyunuzlu heyvanların himayəçisi sayılır. Bənzər inanışa Balkan-Karpat bölgəsinin digər xristian xalqlarında da rast gəlinir. Sonradan qaqauzlarda bu bayram müsəlman türklərin Xızır İlyas bayramı ilə çuğlaşmışdır (Kvilenkova Y. N., 2001).

İdil bulqarlarınin təsəvvürlərinə görə, Xızır İlyas həyat suyunu (abi-həyat) içərək qiyamətə qədər ölməzlik qazanmış şəxsdir. O, yolda çətin vəziyyətə düşənlərə kömək edir, övladı olmayanlara övlad verir. Bu səbəbdən də daha çox yola çıxanlar üçün edilən uğur dualarında, eləcə də övladı olmayanlara övlad arzusuyla edilən dualarda yad edilir (Yuldıbayeva G. V., 2014).

Məlum olduğu kimi Türkiyədə bu bayram 23 aprelə təsadüf edir. Kazan tatarlarınna İdil bulqarlarından miras qalan adətə görə isə, bayramın başlama vaxtını müəyyən etmək üçün aprel ayının 19-da hələ əriməmiş olan qara bir ağac batırılır, qarın səviyyəsi ağacda qeyd edilir. Əgər keçən gecə ərzində səviyyə enməzsə, "Xızır İlyas hələ qamçısını vurmamışdır" deyilir. Qarın səviyyəsi enərsə, bu, bayramın başlanğıcı və yazın gəlişi kimi qəbul edilir. Bundan sonra bostanlarda kartof yığımına başlanılır. Yığımdan sonra məhsulun bir hissəsi Xızır İlyas üçün sahədə toxunulmamış saxlanılır. Bu zaman onun Xızır İlyas üçün, bəzi hallarda isə "Kır iyəsi" üçün saxlanıldığı vurğulanır. Bu isə o deməkdir ki, İslamın qəbulundan sonra Xızır İlyas inancı İslamdan öncəki "Kır iyəsi" inancını əvəz etmişdir (Davletşina L. H., 2011, s. 780).

Beləliklə, Xızır İlyas mərasiminin kökü İslamdan çox-çox öncəki dövrlərə, mifologiya çağına qədər uzanır və Türk folklorundakı "Kır iyəsi" inacı ilə bağlıdır. Yerin ruhu, yiyəsi, sahibi hesab edilən bu mifoloji personaja "Yul iyəsi" də deyilməkdəidr ki, "yolun ruhu, yiyəsi, sahibi" anlamına gəlir. Görünür, İdil bulqarlarının inanclarına görə, Xızır İlyasın yolda dara düşənlərə kömək etməsi anlayışı da buradan qaynaqlanmaqdadır (Davletşina L. H., 2011, s. 781).

İdil bulqarlarından Kazan tatarlarına miras qalmış mərasim folkloru nümunələrindən biri də "Sabantuy" adlanan bayramdır. Qonşu başqırd türkləri arasında da geniş qeyd edilən və "Habantuy" adlandırılan bu bayramın kökləri çox-çox qədimlərə gedib çıxır. Bu mərasim folkloru nümunəsi haqqında ilk geniş məlumatlara XVIII əsrdə yaşamış P. S. Pallas, İ. İ. Lepexin və İ. G. Georgi kimi müəlliflərin əsərində rast gəlmək mümkündür.

Ömrünü Rusiya ərazisində yaşayan xalqların adət və ənələrininin öyrənilməsinə həsr etmiş P. Pallas bulqar (tatar) və başqırd əkinçilərinin Sabantuq bayramı haqqında geniş məlumat verən ilk tədqiqatçı kimi tarixə düşmüşdür (Pallas P. S., 1788). Onun yolu ilə gedən İ. Lepexin isə öz əsərlərində təkcə Sabantuy barədə deyil, bulqar qadınlarının çox sevdikləri Karqatuy bayramı barədə də geniş məlumat verməkdədir (Lepexin İ. İ., 1802, s. 11-14, 25-26, 151-153).

Sabantuydan saban (kotan) bayramı kimi söz açan İ. Lepxin bu bayramı səmavi dinlərdən öncəki dövrlərə aid edərək, bayram zamanı keçirilən cıdır, oxatma və güləş yarışlarını bircə-bircə təsvir edir. Eyni təsvirlərə İ. G. Georginin "Rus dövlətində yaşayan bütün xalqların təsviri" adlı əsərində rast gəlməkdəyik (Georgi İ. G., 1799, s. 95, 100, 104). O, eyni zamanda Sabantuy zamanı ifa edilən rəqslər, oynanılan meydan tamaşaları barədə də məlumat vermişdir (Georgi İ. G., 1799, s. 96).

XIX əsr müəlliflərindən V. M Çeremşanski, S. G. Rıbakov və P. M. Kudryaşovun əsərlərində də eyni bayramdan söz açılmaqdadırlar.

XVIII-XIX əsrlər müəlliflərin əsərlərində sadəcə "Sabantuy" haqqında sadəcə təsviri məlumatlara rast gəlmək mümkündürsə, XX əsr müəlliflərinin mövzu üzərində daha dərindən durduqlarının şahidi olmaqdayıq. Onlar məsəlyə sırf mərasim folkloru baxımından yanaşmış və bayramı geniş təsvir və təhlil etməyə çalışmışlar (Sinitskaya O. A., 2014, s. 106).

Bu baxımdan XX əsrdə yaşayıb-yaratmış M. İ. Umetbayev, S. İ. Rudenko, N. V. Bikbulatov və L. İ. Naqayeva kimi tədqiqatçıların əsərləri daha böyük önəm daşıyır.

Eyni bayram tatar və başqırdların qonşuluğunda yaşayan çuvaş və qazax türklərində də var. Çuvaşlar ona "Saban Tuye" və ya "Akatuy" deyirlər.

Sabantuyun Kazan tatarlarına məhz İdil bulqarlarından qaldığını təsdiqləyən bir neçə dəlil var:

1. Kazan tatarlarından fərqli olaraq İdil deyil, Qafqaz bulqarlarının varisi olan və "bulqar" (balkar // malkar) adını bu gün də öz etnik adında yaşatmaqda olan balkarlarda da bu bayram keçirilməkdədir (Kuçemezov B. X., 2001; Nikişenkov A. A., 1999, s. 77).

2. Bulqarlarda Sabantuy bayramının keçirildiyini 921-ci ildə Bulqara gələn İbn Fədlan öz gözləri ilə görmüş və bu barədə məlumat vermişdir (Şarafutdinov D., 2008).

3. Bulqar şəhərindən tapılan 1292-ci il tarixli bir məzar daşının üzərində mərhumun Sabantuy günü (Saban tuy kon ati) öldüyü qeyd edilmişdir (Şarafutdinov D., 2008).

Hazırda bayram ilkin şəklini itirmişdir. Bayramda xalq nəğmələri əvəzinə çağdaş şairlərin yazdığı şerlər oxunur. Bununla belə, Xızır İlyas (Kır İyəsi) bayramından fərqli olaraq bu bayrama İslami personaj və motivlər girməmişdir.

İdil bulqarlarının mərasim folklorunda Qayın ağacı bayramının da özünəməxsus yeri olub. Çulpan Zaripova Çetin yazır ki, tatarlar şamanizm dövrü ənənə və inancları, eləcə də Bulqar dövləti dönəminə aid bir çox adət və ənənləri XXI əsrə daşımışlar. Bunlardan biri də Tatarıstanın bəzi kəndlərində hər ilin iyun ayının başlarında qeyd etdikləri Qayın Bayramıdır. Bu bayram İdilboyu türklərinin əski inanclarını və düşüncə sistemini anlamaqda yardımçı olmaqdadır. "Kayın Bəyrəme" (Qayın Bayramı) və ya da "Yafrak Bəyrəme" (Yarpaq Bayramı) adı ilə tanınan sözügedən mərasim daha çox Kreşin ve Mordva-Karatay kəndlərində həyata keçirilən bir bayram mərasimidir. Həmin bayram Sibirin Kuznetsk bölgəsində də keçirilir. Qədim zamanlarda qızlar bu bayram münasibətilə yeni don tikdirər və yeni ayaqqabı giyərlərmiş. Sonra təkbaşına və ya kənd oğlanları ilə birlikdə meşəyə - "Kayın Başın Bəylərgə" (qayın ağacının başınıa) yaylıq və ya qumaş parçası bağlamağa gedərdilər. Bəzi bölgələrdə qız və oğlanlar meşəyə gedib xoşlarına gələn qayın ağacının bir budağını kəsər, mahnı oxuya-oxuya onu kəndə gətirər, yerə basdırar və ətrafında dövrə vuraraq şənlənərdilər (Çulpan Zaripova Çetin, 2009, s. 585).

Dövrümüzədək Qayın Bayramı zamanı ifa edilən çox sayda nəğmə ulaşmışdır ki, onların bir qismini Çulpan Zaripova Çetin özünün "Tatar Folklor ve Halk Edebiyatında kayın ağacı" adlı məqaləsində Türkiyə türkcəsinə tərcüməsi ilə birlikdə dərc etdirmişdir (Çulpan Zaripova Çetin, 2009). Onlardan bir neçəsini Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə gözdən keçirək:
Ay äylibez, äylibez, (Hey dönürük, dönürük,

Kayın başın bäylibez. Qayın ağacının başını bağlayırıq.

Caltan digän asıl ildä Caltan adlı əsil ildə

Aktık cäyebezne cäylibez. Payızımızı keçiririk).


Cegetlär bulsañ, ceget bul, (İğid isən, iğid ol,

Kömeş kiger kayeş cögängä. Gümüş tax dəri qayışa.

Ceget gomere ike kilmäs, İğid ömrü iki dəfə gəlməz,

Cauçı cibär canıñ söygängä Görücü göndər canını sevənə).

(Urazmanova, 1992, s. 69).
Ay-ğay bezlär kitiyekäy- kitiyek, (Ah, biz gedək, gedək,

Kayınnıkka barıp citiyekäy, Qayınlığa varıb çataq,

Ay citiyek tä, Ah, bir çataq da,

Kayın başın tişiyek. Qayının başını budayaq).


Ak kayın başları uyılgan, (Ağ qayının başı oyulmuş,

Anı capıragı kıyılgan. Onun yaprağı da tökülmüş,

Bez cırlamıy kem cırlasın, Biz söyləməsək, kim söylər,

Bar tugannar bergä cıyılgan Bütün əqrabalar toplanmış).

(Bayazitova, 1997, s. 158).
Gətirdiyimiz bu misallar İdil bulqarlarının mərasim folklorunda və düşüncə tərzində lirik nəğmələrin oynadığı rolun önəmini göstərməkdədir.

4. İdil bulqarlarının əski inanc və düşüncələrinin lirik üslüblu tarixi xalq nəğmələrindəki (cırlar) izləri

İdil bulqarlarına aid lirik üslublu nəğmələrin söz və musiqi nümunələrinin toplanaraq nəşr edilməsinə hələ XIX əsrdən başlanmışdır. Bu nümunələr ilk dəfə 1817-ci ildə "Asiya Musiqi Dərgisi"ndə dərc edilmişdir. Daha sonra A. F. Rittix, V. A. Moşkov, XX əsrin əvvəllərində isə R. Lax və Q. Şüneman həmin işi davam etdirmişlər. Lakin bütün görülən işlər fraqmentar xarakter daşımışdır.

Bulqar-tatar nəğmələrinin sistemli şəkildə öyrənilməsi tatar folklorşünaslarından M. A. Müzəffərov, M. N. Niqmadzyanov, C. X. Feyzi və Z. N. Saydaşevin adı ilə bağlıdır. Bu sırada R. A. Vambın da adını xüsusi çəkmək lazımdır (Hakimov R. F., 2012, s. 4-6).

Hazırda Kazan tatarları arasında yaşamını sürdürməkdə olan həmin nəğmələrin əksəriyyətinin hələ qədim Bulqar dövləti zamanı yarandığını söyləyə bilərik. Belə ki, bu onların bir çoxunun adından da görünməkdədir. Bu baxımdan "Şəhre Bolqar" (Bulqar şəhəri), "Bolqardanmı kiləsez?" (Bulqardanmı gəlirsiniz?), "Bolqar ilenen kızları" (Bulqar elinin qızları), "Şəhre Kaşan" (Kaşan şəhəri) və s. kimi nəğmələri (Bakirov M. X., 1979) misal çəkə bilərik. Bundan başqa "Yanqura Batır turında cır" (Yanqura Bahadır haqqında nəğmə) və "Söembikə sıktavı" (Söembikə haqqında ağı) kimi nəğmələrin Kazan xanlığı dövründə yarandığı bilinməkdədir (Əxmətcanov M., 2005a; 2005b; 2010).

Əldə olan nəğmə mətnlərindən ikisinin XI əsrə aid olduğu hesab edilir. Bunlar "Suar keşeləre cırı" (Suvar əhalisinin nəğməsi) və "Ətil suı akatorur" (İdilin suyu axır) adlı nəğmələrdir (Borınqı törki.., 1981, s. 33). Tatar araşdırıcıları bunların hər ikisini bulqar nəğməsi hesab etsə də, fikrimizcə, bunlardan birincisini suvar türklərinə aid etmək daha doğru olardı.

Hansı dövrə aid olduğu məlum olmayan "Bolqar ilenen kızları" (Bulqar elinin qızları) adlı ağıda bulqar qızlarının əsir alınaraq qul bazarlarında satılmasından bəhs edilir:


Bolqar ilenen kızları (Bulqar elinin qızları

Çiklaveklər aşan üskənnər. Fındıq yeyə-yeyə böyüdülər.

Doşmannarqa ulca bulıp Düşmənlərə əsir olub

Kol bazarq barıp töşkənnər. Qul bazarına düşdülər).

(Hakimov R. F., 2012, s. 10).
Bu ağının bulqarların İslamı qəbul etməsindən öncəki dövrlərə aid olduğunu düşünməkdəyik.

Dəqiq yaranma tarixi məlum olmasa da, Bulqar dövləti dönəminə aid olduğu şübhə doğurmayan mətnlərdən biri də "Bolqardanmı kiləsez?" (Bulqardanmı gəlirsiniz?) adı ilə məşhurdur:


Bolqar-Bilər diyəsez, (Bulqar-Bilər, deyirsiz,

Bolqardanmı kiləsez? Bulqardanmı gəlirsiz?

Bolqar elkıların həydən Bulqar ilxılarını haylayıb

Hind illəren qizəsez. Hind ellərin gəzərsiz.

Cükə lənqəs - kərəz balqa Cökənın oyuqları pətəkdir bala

Cam-ayaklar açı balqa Dəri qədərhlər qabdır bala

Ence-mərcan, qəühər-yakut İnci-mərcan, gövhər-yaqut

Aqıla Şəhre Bolqara. Axırlar Şəhr-i Bulqara).

(Hakimov R. F., 2012, s. 10).
Bu nəğmənin əhəmiyyəti burada Bulqar şəhəri ilə yanaşı İdil cayının qarşı tərəfində yerləşən Suvar dövlətinin paytaxtı olmuş Bilər şəhərinin də adının çəkilməsidir. Maraqlıdır ki, həmin toponimə bir qədər başqa formada Azərbaycanın Biləsuvar şəhərinin adında da rast gəlirik. Həmin şəhərin yaxınlığından axan çayın adının Bolqar olması da diqqət çəkməkdədir.

Mütəxəssislərin fikrincə, əldə olan bulqar nəğmə mətnlərinin bir qismi Çingiz xan və Çingizoğulları, daha dəqiq söyləsək Altın Orda dövrünə aiddir. Həmin dövrdə Orta Asiya, Şimali Xorəzm, Şimali Qafqaz və Qərbi Sibir kimi İdil-Ural bölgəsi də bu böyük Türk dövlətinin tərkibinə daxil olmuşdu. Bu dövlət həmin ərazidə yaşayan bütün Türk xalqlarının ortaq dövləti idi (Urmançe F., 2002, s. 184).

Sözügedən dövrün bulqar nəğmələrində Çingiz xan, Toxtamış, Əmir Teymur kimi bir çox tarixi şəxsiyyətlərin də adına rast gəlinməkdəir. Bunlardan ən çox diqqət çəkni "Kunak Babay cıruı" (Kunak Atanın nəğməsi) adlı nəğmədir ki, orada Kunak Babay adlı ozanın Əmir Teymura əsir düşməsindən bəhs edilir.

Əldə olan folklor nümunələri içərisində tarixi-qəhrəmanlıq (bahadırlıq) nəğmələri xüsusi yer tutur və onlar İdil bulqarlarının tarixlərinin fərqli dövrlərinə aiddirlər. Fərqli dövrlərə aid olduqları üçün də həmin dövrlərdə formalaşan fikir və düşncələrini, tarixi olaylara baxışlarını öyrənmək baxımından böyük önəm daşıyırlar (Niqmətcanov М., s. 123).

Tatar alimləri hesab edirlər ki, "Təveş mərqən", "Karat Batır", "İdeqəy cıruı" kimi qəhrəmanlıq (bahadırlıq) nəğmələri bulqar-tatar dastanlarının tərkib hissəsi kimi yaranıb və xalq tərəfindən sevildiyi üçün ayrıca nəğmələr kimi oxunub (Urmançeyev F., 1969, s. 169). Bunlardan "İdeqəy cıruı" (İdegəyin nəğməsi) özünün yurd sevgisi ilə fərlənir:
İ İdel Yort, İdel Yort, (Ey, İdil ölkəsi, İdil yurdu,

İdel eçe imin yort, İdil içrə əmin yurd,

Atam kiyaü bulqan yort, Atamın boya-başa çatdığı yurd

İelep təğzim kılqan yort, Əyilib təzim etdiyi yurd

Anam kilen bulqan yort. Anamın gəlin olduğu yurd).

(Hakimov R. F., 2012, s. 11-12).


Bu nəğmə təkcə Kazan tatarları içərisində deyil, Həştərxan tatarları arasında da sevilə-sevilə oxunan nəğmələrdən olub. Onu ilk dəfə yazıya köçürən və özünün iki cildlik "Türk müntəxabatı"na daxil edən tanınmış türkoloq İ. M. Berezin (1818-1896) olmuşdur.

Dastanların bir parçası olan, fəqət xalq tərəfindən sevilərək ayrıca nəğmə kimi ifa edilən nəğmələrdən biri də "Qıysa ulı Amət" (Qıysa oğlu Amət) adlı dastanın bir parçası olan və Altın Orda xanı Canibəyin (? - 1357/1358) oğlu olan, Salçi ləqəbini daşıyan bir bahadır barədədir. Dastanda adı çəkilən şəxslərin hamısı tarixi şəxsiyyətlər olduğundan söz açan M. A. Usmanov dastanda bəhs edilən hadisələrin gerçək tarixi hadisələr olduğu fikrindədir (Usmanov M. A., 1972, s. 115, 117).

Əldə olan bulqar nəğmə mətnlərinin bir qismi Kazan xanlığı dövrünə aid edilir. Onların içərisində müsəlmanların xristian Moskoviya tatarları ilə savşlarına başçılıq edərək məğlub olan, xristianların xanı tərəfindən tutularaq zindanda həbs edilən Kazanın qadın hökmdarı Soembikənin adı ilə bağlıdır. Dövrümüzədək onlardan ikisinin mətni məlumdur. Bunlar "Söembikə kitep bara", (Söembikənin gedişi) və "Totkın Söembikə cıruı" (Məhbus Söembikənin nəğməsi) adlı nəğmələrdir.

Bunlardan sonuncusu məhbus həyatı yaşamağa məcbur olan Söembikənin qəm və kədərinin poetik ifadəsidir:


...İnde tac urınına kaldı (İndi tac yerinə qaldı

Bu ozın kara çəçem. Bu uzun qara hörüyüm).

(Hakimov R. F., 2012, s. 13).
Kazan xanlığı dövrünə aid olan ən diqqətçəkici nəğmələrdən biri də "Yanqura Batır turında cır" (Yanqura Batır haqqında nəğmə) adlı nəğmədir. Bu nəğmədən göründüyü kimi, Kazan xanlığı dövründə İdil bulqarları özlərinin əski "bulqar" boy adını saxlamaqla yanaşı, özlərini həm də tatar kimi tanımlamaqdadırlar:
İdel-Caek arası, (İdil-Ural arası,

Arasında dalada, Arasında talada,

Yörqən tatar balası. Yürüyər tatar balası.

Kazan bulqa kıyblası, Kazan olmuş qibləsi,

Mərkəze həm oyası. Mərkəzi, həm oylağı.)
Burada həm də Kazan şəhərinə olan sevgi öz əksini tapmışdır. Yaqatur Batırın Kazan şəhərinə olan müraciətində də eyni sevgini müşahidə edirik. Araşdırıçılar bu müraciətin İdeqəyin müraciəti ilə bənzərlik təşkil etdiyini söyləyirlər:
İ Kazanım, Kazanım, (Ey Kazanım, Kazanım,)

Əytkən süzem azanım, (Sözüm-söhbətim, azanım,

Qomerem sezqə yazqanım, Gömərəm sizin üçün öz alın yazımı,

İl yortıma can fida, Elimə, yurduma canım fəda,

Karuqa anıbirməmen Düşmənə onu vermərəm).
Nəğmənin önəmli bir hissəsini də Kazan şəhəri uğrunda gedən qanlı savaş təşkil edir:
Oçtı taşlar sızqırıb, (Uşdu daşla fit ilə,

Tuplar attı ıjqırıp, Toplar atdı hay-küy ilə,

Azman yağı küp buldı, Azman yağı çox oldu,

Kazan eçe ut buldu. (Kazan içi od oldu).

(Hakimov R. F., 2012, s. 14-15).
Əldə olan digər bulqar qəhrəmanlıq nəğmələri XVI-XX əsrləri əhatə edir. Bunların içərisində, fikrimizcə, ən önəmli olanları sonuncu Türk-Tatar xanı (padşahı) Puqaçaunun rus işğalçılarına qarşı savaşına həsr olunmuş nəğmələrdir. Türk-tatar filklor yaddaşı sözügedən şəxsi Türk padşahı kimi təqdim etsə də, rus tarixşünaslığı bu faktı uzun müddət inkar etmiş, ondan kəndli üsyanının başçısı və quldur kimi bəhs etmişlər. Rus mənbələrində onun adı "Puqaçov" kimi çəkilməkdədir. Son dövrlərdə bəzu rus tarixçiləri bu saxtakarlığı ifşa edən bir neçə məqalə ilə çıxış etmişlər.

Puqaçauya həsr edilmiş nəğmələrdə həm rus çarı I Pyotr (Petr), həm də Puqaçau "patşa" (padşah) kimi yad edilirlər. Bunlardan birincisi mənfi, ikincisi isə müsbət obraz kimi çıxış edir. Nəğmələr XVIII əsrin 70-ci illərində cərəyan etmiş real tarixi hadisələrdən bəhs edir. Onlardan biri "Puqaçau patşa" adlanır:


Puqaçau patşanı kürse idenq, (Puqaçau padşahı görsəydin,

Allarınnan bil böqen uzsa idenq, Qarşısından keçib təzim etsəydin,

Arqamak menep, dan totıo, Yorğa ata şərəflə minib,

Caek yaularında yörsə idenq. Ural yaylaqlarına yürüsə idin.).


Sonuncu Türk-tatar xanına (padşahına) həsr olunmuş başqa bir nəğmə "Puqaçau yavı" (Puqaçaunun ordusu) adlanır:
Olı qına yulnınq tuzanı, (Yol uzunı sıx qara toz dumanı,

Çanq börketmen qaskər uzqanı, Əsgərin yoxdur ucu-bucağı,

Puqaçau la patşa üz doşmanın Puqaçau patşahın ordusu,

Kuy-sarıktay iten kırqanı. Qırıb keçir düşmanı.)

(Hakimov R. F., 2012, s. 16).
Bundan başqa Puqaçau xanın cəsur sərkərdələrindən olmuş Bəxtiyara həsr edilmiş bir neçə nəğmə də məlumdur. Bulqar-tarlar süvarilərinin rus qoşunları daxilində Napaleona qarşı savaşda, eləcə də I Dünya savaşında iştirakına aid də nəğmələr qeydə alınmışdır. Bütün bu nəğmələrdə İdil bulqarlarının düşüncəsinə hakim olan qəhrəmanlıq ruhu, milli tarix şüuru, eləcə də inanılmaz bir Vətən sevgisi öz əksini tapmaqdadır.

İdil bulqarlarının düşüncə sisteminə hakim olan el-oba sevgisinin, milli tarixə sədaqət və bahadırlıq ruhunun izlərinə bulqar dastanlarında da sıx-sıx rast gəlməkdəyik.



5. İdil bulqarlarının qəhrəmanlıq dastanları və Milli Tarix sahəsindəki elmi bilikləri

İdil bulqarlarının zəngin dastan yaradıcılığına da sahib olduqları məlumdur. Bu dastanları iki yerə bölmək lazımdır:

1. Qəhrəmanlıq dastanları;

2. Məhəbbət dastanları.

Qəhrəmanlıq dastanlarının leytmotivini qəhrəmanlıq motivləri təşkil edir. Bulqar qəhrəmanlıq dastanları digər Türk xalqlarının qəhrəmanlıq dastanları ilə bir çox ortaq xüsusiyyətlərə malikdir ki, bu da özünü əsasən süjetlərin strukturunda göstərməkdədir.

Məhəbbət dastanlarının strukturu da qəhrəmanlıq dastanlarından az şeylə fərqlənir. Lakin bu tip dastanlarının təhkiyəsi nağıl təhkiyəsinə yaxın olduğu üçün burada nağıl elementlərindən də çox istifadə olunur.

Dastanların kökündə eyni zamanda sehirli, magik, əsatiri görüşlər də iştirak edə bilir. Bu, dastanın formalaşma xüsusiyyətidir. Çünki hər bir epos formalaşarkən onun strukturuna həmin elmentlər mifoloji çağın tələbləri kimi daxil olur (Əliyev R., 2014, s. 225).

İdil bulqarlarının dastanları yetərincə yaxşı tədqiq edimişdir. Bu sahədə F. Urmançeyev (Urmançeyev F. N., 1984) və F. Əxmətovun (Tatarskoye narodnoye tvorçestvo, 1984) əməyi xüsusi qiymətləndirilməlidir.

Bulqar-tatar dastanlarından söz açarkən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Elmi ədəbiyyatda daha çox "dastan" terminindən istifadə edilsə də, onlardan bəzləri "hekayə", "hekayət", "qissə" "kitab", "risalə", "namə" kimi adlarla təqdim edilir. Bu da onların hələ orta əsrlərdə yazıya köçürülməsi ilə bağlıdır. Deyilənlərə "Heyakət-i Narıka və Çura", "Hekayət-i Kur ulı (oğlu) Sultan", "Hekayət-i Bahadur şah", "Hekayət-iKolınçak Batır", Hekayət-i Baçman Xan və Çadcar Xan", "Kitab-i Tülək", "Kitab-i Kəsikbaş", Kitab-i Qhraman", "Kitab-i Yusif", "Qisseyi-Yusif", "Qissəyi-Qəhrəman", "Qisseyi-Avık", "Qisseyi Tahir və Zöhrə", "Qissəye-Səid Battal", "Qisseyi-Kəsikbaş", "Qisseyi-Sakam", "Qisseyi-Köze Körpeş" və s. dastanları göstərə bilərik (Muxametzyanova L. X., 2011, s. 247-248).

Bulqar-tatar dastanlarının çox hissəsi Altın Orda dövrünə aid olsa da, öncəki dövrdə ərsəyə gəlmiş bəzi dastanlar haqqında da əlimizdə müəyyən məlumatlar bulunmaqdadır. Bulqar dövrü dastanları içərisində alplar haqqında dastanlar daha geniş yayılmışdı. Onlardan bəzilərinin müəyyən fraqmentləri İbn Fədlan (X əsr) və Əl-Qəranatinin (XII əsr) qeydləri sayəsində dövrümüzədək ulaşa bilmişdir. Həmin fraqmentlərin təhlili onların "Alpamış" dastanı ilə səsləşdiyini söyləməyə əsas verir.

Hazırda bu dastanın əldə olan "tatar" versiyası qazax, özbək, başqırd, tacik və Altay variantları ilə bir çox ortaq xüsusiyyətlərə malikdir (Türk Əfsanə Sözlüyü, 2011).

"Alpamış" bulqar-tatar, özbək, qazax, qaraqalpaq, tacik, başqırd və s. türk və qeyri-türk xalqları arasında geniş yayılmış qəhrəmanlıq dastanları və nağıllarının adıdır. Qazax, bulqar, Altay və başqırdların “Alpamış” nağılı özünün arxaikliyi və mifikliyi ilə fərqlənir. Qalan nağıl variantları cüzi dəyişikliklə başqa türk xalqları arasında məşhurdur. Özbək, Qaraqalpaq nağıl variantında milli etnik cizgilər nəzərə çarpdığından onları bir qədər sonrakı dövrün məhsulu hesab etmək olar. Ancaq bütün nağıl variantlarında əsasən a) Alpamışın sevgilisinin arxasınca gedib çətin sınaqlardan keçərək qələbə çalması və toy, b) Alpamışın kalmıklarla döyüşü, əsir düşməsi, macəraları və nəhayət, geri-vətənə qayıtması nəql olunur. Məzmun planında, “Alpamış”ın nağıl variantı dastan variantından kəskin şəkildə fərqlənmir.

“Alpamış” dastanının əsasən dörd variantı vardır: kunqrat (bura özbək, Qaraqalpaq, qazax Alpamışları daxildir), oğuz (bura Bamsı Beyrək daxildir), altay (bura “Alıp-manaş” daxildir), qıpçaq (bura başqırd, qazax, tatar variantları daxildir). Dastanın adı ayrı-ayrı variantlarda fonetik dəyişikliklə belədir: “Alpamış” (özbəklərdə), “Alpamıs” (qazaxlarda, qaraqalpaqlarda), “AlıpManaş” (altaylarda), “Alpamış və Barsın Xıluu” (başqırdlarda), “Alpamşa” (kazan tatarlarında). “Alpamış” dastanı XIX yüzilliyin sonlarından məlum idi. Onun son variantları (altay variantı) XX əsrin 40 illərində yazıya alınmışdır (Alpamış, 2000)

V.M.Jirmunski “Oğuzların qəhrəmanlıq eposu və Qorqud kitabı” adlı əsərində bu mövzuya yenidən (1962) qayıtmış və tamamilə əvvəlki fikirlərinin əksinə olaraq “Qam Börənin oğlı Bamsı Beyrək boyu”nun “Alpamış” eposu əsasında yarandığını sübut etməyə çalışmışdır.

V.M.Jirmunskiyə görə, “Alıp-Manaş” oğuzların ilk yurdu Dağlıq Altayda hələ VI-VII yüzilliklərdə türk xaqanları dövründə mövcud olmuş, elə orada da yazıya alınmışdır. Oğuz eposu səlcuqilər vaxtında (XI əsrdə) Zaqafqaziya və Kiçik Asiya, daha sonralar feodal qanunlarının təsirini özündə əks etdirərək, yeni ədəbi dəyişiklərlə “Bamsı Beyrək” adı ilə “Dədə Qorqud” kitabına daxil olmuşdur (Jirmunskiy V. M., 1974).

Zəngin bir dastançılıq ənənəsinə sahip olan bulqar-tatar şifahi ədəbiyyatında Edigəy dastanının özünəməxsus bir yeri var. Bu dastanı bulqar-tatar xalqının bir millət kimi formalaşmasının mərhələlərini özündə əks etdirdiyini söyləmək olar. O, bulqar xalqını Altın Orda dövründəki çətinliklərdən xilas etməyə çalışan qəhrəmanlardan bəhs etməklə yanaşı, eyni zamanda həmin dövrdə xalqın siyasi-ideoloji düşüncəsini də ortaya qoyan möhtəşəm bir sənət əsəridir.

Bütünlüklə nəzmlə yazılmış Edigey dastanı 7000 misradan ibarətdir və ən böyük Türk dastanlarındandır. Dastan adını onun qəhrəmanının - Kutlukaya oğlu Edigeyin adından almışdır. Onun anası bir insan deyil, pəridir (Kalafat Y., 2003, s. 348).

Dastan çox böyük coğrafiyaya yayılmışdır. Krım və Qafqazlardan başlayaraq İdil-Ural bölgəsinə, oradan da Sibir və Orta Asiyaya qədər geniş bir ərazidə (Schmitz, 2004, s. 21) yayğın olan və sevilən bu dastan təkcə İdil-Ural türkləri arasında deyil, eləcə də noqaylar, başqırdlar, qaraqalpaqlar, Sibir tatarları, türkmənlər və özbəklər arasında da çox məşhurdur (Zakirova, 2011, s. 219).

Dastanın müxtəlif variantlarının V. Jirmunskiy, P. Melioranskiy və A.Samoyloviç tərəfindən fərqli Türk xalqlarından toplanıldığı, bütün bu variantların P. Falev tərəfindən geniş tədqiq edildiyi məlumdur.

R. Y. Yıldırım və Ç. Yıldız birlikdə qələmə aldıqları "Edigəy dastanında heyvanların funksiyaları" adlı məqalədə dastanın qısa məzmununu belə anladırlar:



"Əski zamanlarda Bulqar ilə Sarayı Toxtamış Xan, Səmərqəndı isə Teymur idarə edrlərmiş. Teymur, Toxtamışa bir məktub göndərərək Tökli Ayak isimli ov quşunu ona vermesini istəyir. Toxtamış cavab mektupu yazıb Teymurun bu isteyini şiddətlə rədd edir. Quş uçurma vaxtı gəldiyində Toxtamış Tökli Ayakın balalarının uçurmaq istəyir. Quşunun baxıcısı Qutluqaya Bəyi çağırtdırıb quşun balalarını hüzuruna gətirməsini söyləyir. Toxtamış hər nə edirsə də Qutluqayanın gtirdiyi quşları uçura bilmir. Belə olan halda başa düşür ki, Tökli Ayakın yumurtaları dəyişdirilmiştir. Bundan çox əsəbiləşən Toxtamış, Qutluqayanın başını vurdurub oğlunun da öldürülməsi əmrini verir. Toxtamışın bəylərinden Cantəmir hər nə qədər Toxtamışı əngəlləməyə çalışsa da bacara bilmir. Belə olan halda Cantəmir altı oğlundan ən kiçik olan Koboqılı alıb Qutluqayanın oğlu ilə dəyişdirir. Qutluqayanın oğlunun əvəzinə Cantəmirin oğlu öldürülür. Cantəmir bu uşağa Edigəy adını qoyur. Ancaq hər kəs onu Koboqıl kimi tanıyır. Kobogıl Cantəmirin altıncı oğlu kimi büyüyür. Doxsan boylu Ordanın doxsan oğlunu çağırtdırıp hamısıyla güləşir, hamsına qalib gəlir və onların başçısı olur. Zamanla Toxtamış Xanın sarayına daxil olur və orada bəy olur. Toxtamış Xanın arvadı Yenike, oğlu Qadirbirdi qundağdan çıxaanda əkiz qız doğur. Koboqıl da bu arada bir oğlan sahibi olur. Bir gün Yenike Toxtamışa Koboqılın hökmdar kimi davrandığını, onun Toxtamışdan daha şöhrətli olmağa başladığını və Toxtamışın Koboqıla hörmət etməsindən rahatsız olduğunu söyləyir. Yenike Toxtamışı Koboqılın əsil kimliyini araşdırması üçüb iqna edir. Bu səbəblə düşüncələrinə uyğun bir neçə sınama həyata keçirirlər, ancaq bu bir sonuc vermir. Toxtamışın bəylerindən Kin Canbay bu işi yüz doxsan beş yaşında olan Subra Yıravın çözə biləcəyini söyləyir. Subra Yırav getirdilir. O, qardaş olan Kin Canbay ilə Koboqılı qarşısında oturdaraq onlara bir hekayə anladır. Bu hekayəde kimin haqlı olduğunu hər ikisindən soruşur. İkisi də fərqli cavablar verincə Yırav, Koboqıla başqa suallar verərək onu danışdırır və Koboqılın Qutluqaya Bəy oğlu Edigəy olduğunu ortaya çıxarır. Özünün kim olduğunu öyrənən Edigəy saraydan qaçır və Teymura pənah aparır. Yolda bərabərində gələn on yeddi kişi ilə birlikdə dincəlirkən bir röya görən Edigəy röyasını yozdurur. Röyaya görə Edigəy Toxtamışı yenib sarayını ələ keçirəcəkmiş. Yollarına davam deəkən bir kişiyə rast gəlirlər. Bu kişi onlara Kara Tiyin Alp tərəfindən Teymurun qızı Akbiləkin qaçırıldığını söyləyir. Edigəy Kara Tiyin Alpi bulub öldürür ve Akbileki yanına salıb Teymurun yanına gedrr. Teymur, Edigəyi çox yaxşıi bir şəkildə qarşılayıb qızını ona verir və onu sarayında bəy edir. Bu arada Edigəyin oğlu Noradın da büyümüşdür. Toxtamış Noradından çəkinir. Onu zəif bir ata mindirərək atasının yanına yola düşməsi üçün çölə buraxır. Noradın babasını tapır. Bir sürə sonra Teymurun ordusuyla bərabər Toxtamışın üzərinə yürüyürlər. Toxtamışın ordusu yenilir ve Toxtamış qaçır. Edigəy, oğlu Noradını Toxtamışın peşinə salır. Noradın Toxtamışı yaxalayıb öldürür. Bu arada Edigəy Teymurun təyin etdiyi yönəticiləri öldürüb hakimiyyəti ələ keçirir. Noradın atasının yanına gələrkən yolda Canbay ilə qarşılaşır ve onu özünə tabe etdirərək xidmətə alır. Canbay, Noradın ilə Edigəyin arasını vurur. Noradın atasının bir gözünü çıxarır ve ondan ayrılıb gedir. Bir sürə sonra peşiman olan Edigəy, oğlunu saraya çağırdır. Noradın gəlir ancaq atasından taxtı istəyir. Bundan inciyən Edigəy taxtı Noradına verib gedir. Noradın Çirüli Gölə quş gəlib- gəlmədiyini öyrənməsi üçün Kin Canbayı göndərir. Kin Canbay Toxtamışın oğlu Qadirbirdi ilə anlaşır ve Noradını Çirüli Gölə çəkir. Gölə gələn Noradın yaxalanaraq əsir edilir. Qadirbirdi, Edigəyə Cingiz Xanın soyundan doqquz bəyin doqquz oğlunu elçi göndərib Noradının fidyəsini istəyir. Edigəy gələn doqquz yeddisini əsi edib ikisini geri göndərir. Bunun üzərinə Edigəy və Qadirbirdi əsirləyi dəyiş-düyüş etməyə qərar verirlər. O əsnada Noradın yeddi əsiri öldürür. Edigəy və Qadirbirdi döyüşürlər. Qadirbirdiyi öldürən Edigəyin özü də yaralanır. Orada bulunan bəylər Edigəyin arxasınca düşüb onu öldürürlər" (Yıldırım R. Y., Yıldız Ç., 2012, s. 69-71).

Dastan Edigəyin ölərkən bəddua etməsi, bu beddua səbəbindən İdil-Yurtun qan gölünə çevrilməsi və Kırım, Kazan, Həştərxan kimi bəyliklərin yaranmasıyla sona çatır (Sulti R., 1998, s. 35-182).

Edigəy dastanının ən önəmli özəlliklərindən biri burada nəql edilən hadisələrin gerçək tarixi olaylarla üst-üstə düşməsi, dastan personajlarının da gerçək tarixi şəxsiyyətlər olmasıdır. Eyni hal ilə Qızıl Orda dövründə ərsəyə gətirilmiş "dastan-e Qaysı ulı (oğlu) Amət", Dastana-e Şəcərə-ye Çingiz Xan", "Dastan-e Şəcərə-ye Axsaq Temir" kimi dastanlarda da üzləşə bilirik. Bu dastanlarda da gerçək tarixi şəxsiyyətlərdən və gerçək tarixi olaylardan bəhs edilir.

Bütün bu deyilənlər İdil bulqarlarının dərin tarixi biliklərə sahib olduqlarından xəbər verməkdədir. Bu da İdil Bulqar dövlətində və onun davamı olan Kazan Xanlığında tarix elminin inkişafı ilə sıx bağlı olmuşdur. Təsadüfi deyil ki, dövrümüzədək bir çox bulqar müəllifin bir neçə tarix kitabı yetişmişdir. Bu baxımdan Yaqub bin Nüman Bulğarinin "Tarix-e Bulğar" (Bulqar tarixi, 1112), Mühəmməd Şərifin "Zəfərnamə-ye vilayət-i Qazan" (Qazan vilayətinin zəfərlər kitabı, 1550), Xüsaməddin bin Şərəf Müsliminin "Risalə-ye təvarix-i Bulğariyyə və zikr-i Mövlanə Həzrət-i Axsaq Təmir və xərabə-ye şəhr-i Bulğar (Bulqar tarixinə dair risalə və Mövlanə Həzrət Axsaq Teymurun və Bulqar şəhərinin xarabalığa çevrilməsinin zikr edilməsi. Kazan, 1832. Əsərin XVIII əsrdə yazıldığı ehtilal edilir), İbrahim Xələfin "Əhval-i Çingiz və Axsaq Təmir" (Çingiz xanın və Axsaq Teymurun əhvalatları. Kazan, 1819), Şəhabəddin Mərcaninin "Cəlalət üz-Zəman fi Əhvali Qazan və Bulğar" (Qazan və Bulqarın əhvalatları və dövrün gözəllikləri. Kazan, 1887) və "Müstəfad ül-Əxbar fi Əhvali Qazan və Bulğar" (Kazan və Bulqarın əhvalatları ilə bağlı qısa qeydlər. Kazan 1887) adlı əsərlərini misal çəkə bilərik.

Bunlardan sadəcə Mühəmməd Şərifin "Zəfərnamə-ye vilayət-i Qazan" adlı risaləsi Z. V. Toğan tərəfindən 1966-cı ildə Türkiyə türkcəsinə tərcüməsi ilə birlikdə nəşr etdirilmişdir (Seyfettin Erşahin, 1996, s. 565).


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə