Bəxtiyar Tuncay Millət yoludur, haqq yoludur, tutduğumuz yol… Ulu öndər M. Ə. Rəsulzadə «millətçilik-patriotizm»



Yüklə 462,5 Kb.
tarix28.06.2018
ölçüsü462,5 Kb.
#52076
növüYazı


Bəxtiyar Tuncay
Millət yoludur, haqq yoludur, tutduğumuz yol…

Ulu öndər M. Ə. Rəsulzadə «millətçilik-patriotizm» adlı məqaləsində yazır ki, statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. «Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edər.

Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaşadığı bir yerdən ibarət olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir sevginin mövzusudur. Halbuki, siyasi şüur və dövlət olmaq əzminə malik olan bir millət üçün vətən eşqi aktiv bir hərəkət amilidir.

Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: dağlara, dərələrə, yayla və ovalıqlara, dəniz və çöllərə qarşı duyulan bir ilgidən ibarətdir. Halbuki bir millətçi üçün vətən, sadəcə, maddi ünsürlərlə hüdudlanmaz. Milliyyətdə siyasi şüur güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun üçün vətən maddi deyil, mənəvi bir varlıqdır.

Maddi özəllikləri mənəvi özəlliklərlə canlanmadıqca, coğrafi bir bölgənin, sözün əsil mənası ilə, zatən bir vətən olmasına imkan yoxdur. Maddi vətən ünsürlərindən başqa hər aydın insanın bildiyi kimi, dil, din, ədəbiyyat, musiqi, fəlsəfə, sənət və tarix kimi mənəvi vətən ünsürləri vardır. Bu ünsürlər, coğrafi vətən dışı içində yoğrulub mənəvi bir vətən içi vücuda gətirirlər. Cansız maddə canlı bir ideya halına gəlir.

Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəşf və tərif edilmişdir. Bımu biz, keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayışı, coğrafi mənadakı vətəni müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər şeydən əvvəl istiqial davasında olan bir vətənçi - bir patriotdur.

Avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu, avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir. Nasionalizm Qərbi Avropa demokratiyası anlayışınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, dünyanın seyrindən (gedişindən) ayrılmış bir gerilik hərəkətidir. Halbuki patriotizm bir millətin öz müqəddəratına şəxsən özünün hakim olması və özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır.

Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından milləti halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi [nasionalist] deyil, millətçi [patriot], hərəkatlarına da milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır!» (3).

Məsələyə sırf bu prizmadan baxsaq, Azərbaycandakı hərəkat milliyyətçi, yəni nasionalist bir hərəkat deyil, millətçi, yəni patrotik bir hərəkat idi. Hərçənd ki, milliyətçi təsəvvürlərdən də tam azad deyildi. Bu, milliyyət halından millət halına gələn bir xalqın müstəqil bir dövlət qurmaq, istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərəin hərəkatı idi. Təsadüfi deyil ki, Nemət Pənahlı hər yeni gün çıxışına Tofiq Fikrətin «Millət Şərqisi»ni oxumaqla başlayırdı:

Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,

Doğrandı mübarək vətənin bağrı səbəbsiz.

Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,

Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

Gəl, qardaş, anan xalq sənə möhtac, onu qurtar.

Yardım ona, qurtarmaq o bədbəxti vəzifən.

Qarşında anan bağrı açıq, xəstə, zarıldar,

Görmək bunu, durmaq bizə bədtərdir ölümdən!

Hər an o gözəl sinəni xəncərləyir ellər,

İmdadına çatmazsaq əgər – məhvi müqərrər.

Zulmün topu var, gülləsi var, qələsı varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən, nə qədər nuru qaralsa

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

Vaxtilə atan kimsəyə minnətmi edərdi?!

Yox, qalmadı haşa sənə zillət pədərindən.

Dünyada şərəfdir yaşadan milləti, fərdi,

Silkin, bu zəlalət tozu uçsun üzərindən.

İnsanlığı pamal edən alçaqlığı yıx, əz!

Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz!

Hərr rəng ilə haqsızlığı gördün… Bumu qanun?

Ən qəmli səfalətlərə düşdün… Bumu dövlət?..

Dövlətsə də, qanunsa da artıq yetər olsun,

Artıq yetər olsun bu dəni zülmü cəhalət…

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol! (5).

Və hər keçən gün bu ideya ürəklərə və zehinlərə daha çox hakim kəsilirdi. Nəhayət, noyabrın 28-də Nemət Pənahlı hərəkarın əsil hədəfininin Azərbaycanın SSRİ-dən çıxması olduğunu yüzminlərlə insanın qarşısında bəyan etdi. Fəqət buna hələ daha 2 gün qalırdı.

Ədalət Tahirzadə iki gün öncə, yəni 26 noyabrda baş verənləri belə qeydə almışdır:

«26 noyabr 1988.

Saat 10-da qəzet köşklərində qəzetlər satılıb qurtarmışdı. 11-in yarısında Hökumət evinin yanına çatdım. Hər tərəfdən tanklar əhatə etmişdi... Bir nəfər də içəri buraxılmırdı. Deyirdilər ki, saat 12-də MK xalqa cavab verəcək, o vaxt buraxacaqlar. Bu vəddə nikbin bir şey tapmadığımdan gecə evə getməkdə səhv etdiyimi başa düşdüm. Hökmən meydanda qalmaq lazım idi ki, içəridəki əsl həqiqəti biləydim. Xalqın iztirabları, təşvişi ilə mən də yaşayaydım.

11.00. Görək nə olacaq? Hələ ki, içəri girmək üçün yollar, üsullar axtarıram.

11.06. Meydandayam! “Elm” qəzeti redaktorunun vəsiqəsi içəri keçməyimə kömək etdi. Hamı ucadan xorla oxuyur: “Öldü var, döndü yox!”. Leninin portretini də tribunada qoydular. Meydanda təxminən 15 min adam var. Bunlar əsl mücahidlərdir - mənim kimi can ağrısından bezən fərarilər yox! Eşq olsun ürəyində millət alovu bir an da sönməyən bu ərənlərə, azmanlara!

11.11. «Azərbaycan» mehmanxanası tərəfdə əsgərlər kütlənin təzyiqinə davam gətirməyib dağıldılar. Xalq onları yarıb böyük izdihamla içəri girdi. Meydan sol tərəfdən doldu. “Abşeron”mehmanxanası tərəfdə də xeyli adam toplaşıb. Ancaq hələlik onlar sədləri yara bilmirlər. Meydanda aramsız “Azərtürk” və “Öldü var, döndü yox!” sədaları yüksəlir. Mikrofon tələb edirlər. Tribunada həkimlərdən başqa heç kəs yoxdur. “Nemət” çağırışları güclənir. 

Yeni şüarlar və çağırışlar:

“Xalq Cəbhəsinin ətrafında birləşin!”,

“Allahu əkbər! İslam dininin düşmənlərinə ölüm!”.

“İdman” istehsalat birliyi xalqla birlikdədir!”,

“Bakı əlvan metalların emalı zavodu Razin filialı”,

“VNİİOLEFİN”,

“Azərbaycan həkimləri sizinlədir!”,

“Naxçıvan MSSR İliç rayonunun Sədərək kəndi nümayişdə” (3 gündür buradadır),

“Bibiheybət əhli sizinlədir!”,

“Füzuli rayon zəhmətkeşləri sizinlədir!”,

“Bakı dəri və xəz məmulatları fabriki sizinlədir!”,

“Ağdam 2711 No-li avtokalonu”.

“Qadağan saatının qurbanları sizinlədir!",

"Bakısənayetikinti nəqliyyatı istehsalat avtomobilnəqliyyat birliyi sizinlədir!",

"Montin zavodu. Son nəfəsimizəcən varıq, çünki biz Babək, Şah İsmayıl övladlarıyıq!",

"Bakı dəzgahqayırma zavodu sizinlədir!",

"Lənkəranlılar sizinlədir!",

"Biz astaralılar sizinləyik",

"İliç rayon Kərki kəndi sizinlədir!",

"Gücümüz birlikdədir".

"Əli-bayramlılar sizinlədir",

"Biləcəri lokomotiv deposunun işçiləri sizinlədir!

"Xəzər dəniz neft donanması sizinlədir!".

"Saatlı rayonunun azəri türkləri sizinlədir!".

"Qutqaşen rayonunun səhiyyə işçiləri sizinlədir!",

"Volodarski fabriki sizinlədir".

"Laptevin deputat mandatı ləğv edilsin!",

“NQDU Leninneft sizinlədir!”,

“Azərbaycan xalqının hüquqları bərpa edilsin!”,

“Rədd olsun erməni millətçiləri!!!” (böyük transparant),

“Masallı”,

“VAZ sizinlədir!”,

“Qeyrətli Azərbaycan xalqına eşq olsun!”.

Dini ifadələr də (“bismillahirrəhmanirrəhim”) yazılıb divarlara vurulub.

İşi Biləcəri yarımçıq, Şirvan stansiyası tam dayandırıb.

11.20. «Azərbaycan» mehmanxanası tərəfdən də “cəbhə” yarıldı, camaat içəri keçməyə başladı. Baş tribunada Babəkin daha böyük ikinci tunc büstü qoyulub.

11.50. Camaat arasında kağız gəzirdi ki, meydanı tərk etməyək, yoxsa axşam əsgərlər dolacaq.

Dünənki hadisələrdən. Tələbələr “Azərbaycan”, “Abşeron” mehmanxanalarına, Hökumət evinin iki qülləsinə Azərbaycanın bayrağını sancıblar. Baş poçt idarəsinin üstündəki bayrağı isə bir-birinin çiyninə çıxan 4 tələbə antena dirəyinin başına sancıb. Dünən Babəkin büstünün altında yazılıb: “Babam, ruhun şad olsun, övladların ayılıb!”.

12.04. Mikrafon gəldi. S. Rüstəmxanlı da tribunaya çıxdı. Xalq onu alqışladı: “Mübarizəmizdavam edir. Onuncu gündür. Onduquzuncu gün də olacaq – gələbəmizədək”.

12.07. Nemət: Tofiq Fikrətin “Millət şərqisi” - yığıncağımızın himni ilə mitinqimizi açırıq. And içirik ki, mübarizəmizdən dönməyəcəyik! (“And içirik!”). Bu gün çalışacaqlar ki, meydan boşaldılsın. Ona görə yorğunlar getsin, yeni qüvvələr gəlsin.Siyasi səhvlərə yol vermədən, artıq şüarlar irəli sürmədən iş görməliyik. Dövlət adamlarını özümüzdən uzaqlaşdırmağa, onları söyməyə çalışmayaq. Çalışaq ki, onlar da bizimlə olsunlar. Körpə uşaqlara bu meydanda ehtiyac yoxdur. Qoy orta məktəb, texniki peşə məktəbləri müəllimləri bura gəlməkdənsə məktəblərdə hərəkatımızı öyrətsinlər.

O tərəfdə - Cənubi Azərbaycanda tonqallar yandırıb bizimlə həmrəy olduqlarını bildirirlər. Gürcüstanda, Ermənistanda da türk qardaşlarımız bizimlədir. Artıq bu toplantımız nümayiş, mitinq deyil. Bu, Azərbaycan xalqının milli hərəkatıdır. Öz millətimizə başqa yad familiya qoymaq bizə ayıbdır. (“Vəziryan”ı nəzərdə tutur - Ə.T.)…

Əliyevə qarşı təbliğat edirlər. İndi Əliyev meydanı deyil. Burada xalqın taleyi həll olunur. (Alqışlar).

12.20. Sabir:

- Bizim söhbətimizə baxmayaraq bir iş məni narahat edir: burada yalnız Azərbaycan respublikasının indiki və Azərbaycan Demokratik Respublikasının bayraqları dalğalanmalıdır. “Müsavat” sözündən vicvicəyə düşmək gərək deyil. Burada islam bayrağı da var. Bizə ləkə vururlar; deyirlər ki, panislamizm yayırıq. Türk bayrağı var; onlarla əlaqəmiz olmaya-olmaya işimizə ziyan vururuq. Bu bayraqdan sonra, olan əlaqələrimizi də kəsəcəklər. Ümumazərbaycan Xalq Milli Hərəkatı adından bəzi məsələlər üzərində düşünək. Bütün icraiyyə komitələrinə qərar göndərilməlidir ki, öz familiyalarımızı dəyişək, adam adın dayaşaya bilək. Biz öz taleyimizə laqeyd olmuşuq. Mütiliyə, köləliyə, ətalətə dözmək olmaz. İndinin özündə də gec deyil.

8 günlük təzyiqimizdən sonra “Vremya” nümayişimizi göstərdi. Amma belə təklif də almışıq ki, aclıq elan edən 5 azəri gəncinin taleyini Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinə xəbər verək. Razıyam. Ancaq gərək biz bütün milləti yumruq kimi birləşdirməyi bacaraq.

Aramızda çoxlu cəmiyyətlər var. Onlar hamısı hərəkatımızın tərkib hissəsidir. Hərəkatımız getdikcə genişlənir. Sərhəd rayonlarının camaatı ayaq üstədir. Bütün Azərbaycan barıt çəlləyi üstündədir. Buna yolverənlər məsuliyyət daşıyır. Bu gün bir nazir mənə dedi ki, öz tabeliyimizdəki müəssisələrdən İttifaq müəssisələrinə heç nə göndərməməyə göstəriş vermişəm. Poçtlar, məktəblər işləməlidirlər.

O gün oğlum tribunaya dırmaşırdı. Dedim ki, düş, hələ sənə ehtiyac yoxdur, birimiz burdayıq. Əgər respublika AS-i xalqın həyatına acıyırsa DQ ləğv edilməlidir. Dünən DQMV partiya komitəsi plenum keçirib. Orada nə Volski olub, nə Moskvanın nümayəndəsi. Orada oyuncaq hökumət yaranıb. DQMV-nin ləğvini gözləməyib oranın partiya bürosunu buraxmalıyıq. Kevorkov niyə vəzifədə işləməlidir? Poğosyan canidir.

İndiyədək “çoxminli” deyirdik, indi isə “çoxmilyonlu” deməliyik, milli hərəkatımızın adından müraciəti (M.S.Qorbaçova) oxuyuruq: Azərbaycanda partlayış vəziyyəti yaranmışdır. Ermənistan SSR-də azərbaycanlıların vəziyyəti çox pisdir. DQMV-də azərbaycanlıların evlərinin yandırılması adi hala çevrilmişdir. Erməni ekstremistləri bilməlidirlər ki, Azərbaycan xalqı heç kimə heç vaxt öz torpağının bir qarışını da verməz. Azərbaycan xalqı çox səbirlidir. O, doqquz aydır ki, partiyanın çağırışı ilə dözür, gözləyir. Erməni ekstremistləri bütün Azərbaycan millətinə, türk xalqlarına qatı nifrət təbliğ edirlər. Onlara qarşı mərkəzdə etiraz olunmur, hətta bəzi dairələr onlara havadarlıq edir.

Dağlıq Qarabağda əslində yerli dərəbəylik yaranıb. Topxanada Azərbaycan xalqının haqqına zidd olaraq sənaye obyekti tikilir. Tələb edirik:

1) Arutyunyan başda olmaqla Ermənistan KP işçilərini, hökumət işçilərini konstitusiyaya, partiya intizamına dəvət etməli.

2) Erməni millətçiliyinə mərkəzi hökumətin son qoymasına nail olmalı. 18 iyul tarixli qərara əməletməyən DQ partiya işçilərini cəzalandırmalı.

3) DQ-da sovet hökumətini bərpa etməli. Əmək sabotajına yol verən DQMV partiya rəhbərliyinicinayət məsuliyyətinə cəlb etməli.

4) DQMV özünü doğrultmur. Bu, iki xalq arasında düşmənçiliyə səbəb olan hadisələr yaratdığı üçün məqsədəuyğun deyildir.

5)...........................

6) “Zvartnots” iştirakçıları cinayət məsuliyyətinə cəlb olunmalıdır.

7) “Sumqayıt hadisəsi” ciddi nəzarətə alınsın, ölüm hökmləri ləğv edilsin. Sizi mühakimə edilən gənclərə qarşı rəhmdil olmağa çağırırıq.

8) Ermənistanda, DQ-da baş verən hadisələrə partiyanın mövqeyinə qiymət vermək üçün mətbuata, televiziyaya göstərişlər verilsin, erməni millətçiliyinə qəti sədd çəkilsin.

9) Noyabrın 24-ündə Bakıda, Gəncədə, Naxçıvanda gözlənilmədən xüsusi vəziyyət yaradılmışdır. Bu iş əhalinin ləyaqət və mənliyinə toxunur. Azərbaycan xalqı bunun üçün heç bir əsas verməmişdir. Biz 18 iyul tarixli qərarların həyata keçməsini tələb edirik. Ermənistanın Azərbaycanın daxili işinə qarışmasına qəti etiraz edirik, yoxsa sonrakı hadisələrin qarşısını almaq olmaz. Sov. İKP işçilərinin erməni millətçilərinə liberal münasibəti bizə qətiyyən aydın deyil. Ermənilər öz başçıları ilə birgə demokratiyaya, yenidənqurmaya qarşı çıxır, dövlətimizin vahidliyini dağıtmağa çalışırlar. Biz Azərbaycan xalqının çoxgünlük və çoxmilyonluq iştirakçıları adından sizi bu hadisələrinqarşısını vaxtında almağa çağırırıq. Hələ ki, gec deyil, hələ hadisələrə nəzarət olunur. Yoxsa sonrakı hadisələr üçün Azərbaycan xalqı məsuliyyət daşımır.

12.50. Nemət:

1) Pulu yalnız mənim göstərişımlə yığın

2) Həkimlər, ərzağı, suyu tez-tez yoxlayın: aramızda düşman əli var. Biz SSRİ Konstitusiyasının layihəsində olan suverenliyimizi məhdudlaşdıram maddəyə etiraz edirik.Bura gələnlərin hamısı tankı yarıb gəlib. Bacarmayanların gəlməsi lazım deyil. Adımdan xəbər yayılır ki, guya mən işə çıxmağa çağırıram. Belə deyil.

12.55. Xudu Xuduyev (fəhlə):

Xudu Xuduyev

- Bütün hörmətli adamlarımız eyni şeyi təkrar edir. Hamımız Nemət qardaşı seçmişik, onun səsinə qulaq asmalıyıq. Arada gəzərək xalqı parçalamaq istəyənlərin şəxsiyyəti müəyyənləşdirilməlidir. Oxumaq, çıxış vaxtı keçib, iş görmək gərəkdir. Yaşasın Nemət!

13.00. Nemət:

- Mənim şairlərə, alimlərə, yazıçılara söz verməməyim onlara hörmətsizlik kimi qiymətləndirilməsin.

13.03. Seyfulla İzzətdust (İran fədaisi)

- Mən çox şadam ki, sizin qarşınızda təzim edirəm. Sanıram ki, 40 milyonluq Azərbaycan xalqı qarşısındayam. 9 aydır ki, erməni daşnakları Azərbaycan xalqının əsəbləri üstündə rəqs edir. Niyə Kremlin rəhbərləri qulağına pambıq tutub, gözlərini yumub? Haradadır Seyfülmüluklar, Zorinlər (Moskva TV-nin müxbirləri), qoy gəlib həqiqəti görsünlər. Artıq bıçaq sümüyə dayanıb. Əkər Moskva tədbir görməyəcəksə bizdən əl çəksin. (Alqışlar). 1945-də Cənubi Azərbaycanda qardaşlarımız inqilab edib hökumət yaratdı. Pişəvəri başçı idi. İranı ala bilərdi. Xalqı aldatdılar. Moskvanın tələbi ilə Bağırov onları aldadıb bura çağırdı, xalq parçalandı. Biz keçdik gəldik bu yana. 4 gün Naxçıvanda institutun həyətində bizə yer verdilər. Sabahı gün Pişəvəri dedi ki, biz bura yeməyə gəlməmişik, məşq etməliyik. Bir müddət belə oldu. Sonra onu Kirovabad yolunda qəzaya saldılar. Maşında yalnız Pişəvəri öldü, niyə? Onun şoferi indi də Yerevanda sağdır. Tələb edirik ki, onun qatillərini tapaq.

Bu xalq hərəkatının mahiyyətini nə Moskvada, nə də başqa yerlərdə bilmirlər. Biz Bakıda, Moskvada maneələri qırmalıyıq. Mən bura uzanan barmaqları görürəm. Bizim MK-nın I katibi ilə, başqaları ilə davamız yoxdur. Demişəm ki, Moskvanın qarşısında bu qədər yumşaq olmayın. DQ partiya təşkilatı ləğv edilməlidir. Bunu bacarmasalar xalqı itirəcəklər. Xalqı itirən başçılar bədbəxtdirlər. Biz çox vaxt itirdik. Qoy bu əzəmətli binada oturanlar xalq qarşısında danışsınlar görək hansı dildə danışacaqlar? Onların içində nazirlər var ki, cib doldurmaqdan başqa işi yoxdur. Yığıbsa indiyəcən halalı olsun, ancaq bundan sonra xalqa xidmət etsin. Xalq var, rəhbər var. Xalq olmasa kimə katiblik edərlər? Katiblər xalqı kor günə qoyublar. Ata uşaqları, təcili komsomol məktəbi qurtarıb, partiya məktəbi qurtarıb təcili partiya işinə qoyulur, inəklə öküzü seçə bilmir. Xalqımız birləşib iradə göstərməli, belələrinə qarşı mübarizə aparmalıdır. Biz istəyiriksə gərək “yuxarı” ilə “aşağı”nı birləşdirək. Biz gedənin dalınca söyməyə öyrəşmişik. Respublika dolusu hörməti olan adamları itiririk. Biz bir olmağı öyrənək. Gedənlərin hamısı pisdir. Bəs kim yaxşıdır? Gözləyək, tədbirlərimiz həyata keçsin (tətillərimizi davam etdirməklə). İndiki şəraitdə öz gücümüzü, iradəmizi göstərək. Mən istəmirəm ki, gənclərimiz ordu ilə üzbəüz gəlsin. Mənə deyəcəklər ki, sən xalq hərəkatını parçalamaq istəyirsən. Ancaq öz adımdan deyirəm. Gəlin ölçüb-biçək. Nemət “İzvestiya” qəzetinin müxbirinə intervü verir, gələcək. Qadınlarımız Azərbaycan KP MK-ya müraciət edib. Xalqımızın etibar etdiyi vətən...Xalqın səbrini sınağa çəkməyin. Siz xalqın tələblərinə tankla yox, haqla cavab verməlisiniz. Mitinq iştirakçılarına bütün analar öz südlərini halal deyiblər.

18.00. Əbülfəz:

-… yaradılıb. 2 bölməsi var - biri Lenin prospektində, biri isə dəniz kənarındakı böyük çadırda yerləşir. Xalq Cəbhəsini hər adam yarada bilməz (respublika üzrə). Ayrı-ayrı rayonların cəbhəsi olmaz. Məsələn, “Şamxor Xalq Cəbhəsi” nə deməkdir? Təxminən 600-700 ilk cəmiyyət Xalq Cəbhəsində birləşir, sonra 1000-2000 nəfər qurultay keçirilir. Xudafərinin hər iki tərəfində nümayişlər gedir. Şimalda 6000 adam, cənubda 700 adam var. Söhbət edirlər. Ortada əsgər durub. Onlara deyiblər ki, hərəkatımızı Cənubda müdafiə edin. Təbrizdə də nümayişlər başlayıb. Azərbaycan xalqının ən böyük idealı birləşməkdir. Bunun işıqları görünür. Bu gün burada məşq keçənlərə eşq olsun!

18.10. Bakı Baş Tikinti İdarəsinin fəhləsi Salamov:

- Gəlin həmrəyliyimizi bərpa edək. Xalqın bütün ziyalılarını buradan uzaqlaşdırmaq olmaz. Fit çalmaqla Ziya Bünyadovu, İmam Mustafayevi buradan uzaqlaşdırmısınız. Bizə Ziya, bizə Bəxtiyar gərəkdir. Həsən Həsənov bizə “dağılın” dedi? Yaxud Tatlıyev yoldaş?.. (Fit). Deyin görək 10 gündə nəyə nail olmuşuq? Dünən deyildi ki, güclü qol, ağıllı baş da lazımdır. Bizim qolumuz var, ağıllı başımız yox! MK da, Ali Sovet də bizi müdafiə edir, ancaq onların təsiri azdır. (Fitə basdılar). Vazgen dünən bizi yenidən biabır edib. Niyə? Ona görə ki, xalqımız rəhbərlikdən, ziyalılardan ayrı düşüb. Gəlin sabahdan onları dəvət edək.

18.20. Leninqradlı (rusca):

- Mən öz gözlərimlə gördüm ki, xalq öz azadlığı, torpağı uğrunda vuruşur. Söz verirəm ki, əsl həqiqəti xalqa çatdıracağam. Sakit nümayişdir. Bəs niyə hökumət qoşunları bura yığıb? Torpaq sizindir, siz də ağalıq edin. Onun uğrunda vuruşurlar. Biz sizinləyik. Çox sağ olun (azərbaycanca).

18.22. Kimsə (rusca):

- Avtobuslar işləməlidir. Söz vermişik ki, tələblərimiz yerinə yetirilməyincə heç kəsi işə aparmayacağıq. Biz pulsuz işləyirik. Araz boyu Astara tətil edir.18.25. Nəriman Həsənzadə: Sero Xanzadyan Koroğlunu “quldur” adlandırır. Ar olsun erməni yazıçılarına ki, Azərbaycan xalqının tarixini danırlar. İş o yerə çatıb ki, guya biz “Dədə Qorqud”u da ermənilərdən götürmüşük. (Şer dedi).

18.28. Aktyor Mikayıl Mirzə:

- Üç məlumat. “Amerikanın səsi” dünyaya bildirdi ki, Azərbaycanda böyük hərəkat başlanıb və onun başçısı 26 yaşlı Nemət Pənahovdur. (Sürəkli alqışlar). Hardandır bu güc? Nemətin ruhuna çökən güc sizin gücünüzdür, Babəkin gücüdür. 2-ci məlumat. Saxarov, təfriqəçilər, Vətənimizin birliyinə qənim kəsilənlər bildirib ki, erməniləri yenə qıracaqlar, onlara qoşun verilməlidir. 3-üncü məlumat. M. S. Qorbaçova deyiblər ki, bu hərəkat nə vaxt qurtaracaq? O da deyib ki, bu, perestroykadır, ona görə də bundan qorxmaq lazım deyil.

Nəinki on gün, on il də vuruşmalıyıq. Pişəvəri deyib ki, içində yuva salmış qorxunu ayaq altına salmalısan. Bu gün xalqımız bu qorxunu salıb ayaq altına. Gəlin bir bayatını bir yerdə oxuyaq. Akif Mehmet:

O yaram,

Köz-köz olub o yaram.

Sənə yad bir göz baxsa

Barmaq salıb oyaram.

Mən Turan torpağıyam.

Qulaq asın mənə: iki Nemət var. Onun biri bizim Nemətdir; onu Allah göndərib. Biri də Allahın Nemətidir. Torpaq müqəddəsdir, torpaq Allahdır, əbədiyyətdir. Versən quru yerdə qalarsan, köləolarsan.(Anaların uşaq üstündə davasını söylədi). Torpaq - uşaq onu saxlayanındır. Torpaq, doğanananındır, torpaq bizimdir. Topxana meşəsi yuxumuza girir. O bizim babalarımızın, gələcək balalarımızın qoluna vurulan baltadır. Sonra şer dedi: “Tfu zatınıza!” (3 dəfə).

18.40. Sürücü Elman Məmmədov:

- Sabahdan bütün sürücülər xalqı pulsuz daşıyacaq.

18.41. Sirus (Təbrizli – B. T.):

Sirus Təbrizli
- Niyə Ərdəbilin Neməti bu gün bura gəlmir? Qarabağ Azərbaycanın içinə qoyulan atom bombasıdır. Gəlin yaponların yolunu tutaq; o, Amerikaya dedi ki, mənə imkan ver, səni cani saymayacağam. İndi isə Amerikanı dizi üstə çökdürüb. Çoxları deyir ki, heç nəyə nail olmamışıq. Ancaq hamımızın bir yerə yığılıb bir sözü deməyimiz böyük nailiyyətdir. Şəhriyarı basdırdıq. Onun matəmində iştirak edə bilmədik. Bu dərd bizi iş görməyə qoymur. Mən bu tribunadan Pribaltika xalqları ilə həmrəyliyimizi bildirmək istəyirəm. Mənim fizik dostuma Pribaltikada deyiblər ki, 15 respublika arasında yalnız Azərbaycan öz başını saxlayıb Amerika səviyyəsinə çıxa bilər. Xəzərin nefti ilə Xəzəri məhv edirik. Neftimiz harada işlənir? O əsgərlərin tankları mənim neftimlə işləyir, paltarı mənim pambığımdan-dır. Xudatdaydım. Xalq bizimlə həmrəydir. Bir kilo buzlu ətlə Koroğlu yerişini yerimək olarmı? Yer əkmək qadağandır və s. qadağandır. Bu sərvətin, xəzinənin içində dilənçi yaşayırıq. Bəs deyilmi? Xudu Məmmədov dedi ki, elmimizin də qarşısına suallar qoyurlar ki, bunu etməlisən. Əsgərlərə rusca müraciət etmək istəyirəm ki, biz sizi yedirə bilərik. Ancaq bizim özümüzü yeməyə qoymurlar. Biz burada güclü oluruq, işdə isə acizləşirik. Vəzifələrdəki satqınları devirməliyik. Mən partbiletə od vurmaq üçün gəlmişdim. Əgər tələblərimiz yerinə yetməsə, bizə qarşı siyasət dəyişməsə yandıracağam. Fransada 84 faiz adam deyib ki, mən xoşbəxtəm. Bizdə isə 4 faiz özünü xoşbəxt saya bilir. Fəhlələr dedilər ki, 25 ildir Bakını tikirlər, ancaq evlərimiz yoxdur. Camaat türmədə qəzet buraxır, mən isə xalqın sözünü deyə bilmirəm. Ərzaq və tikinti tətil etməməlidir.

18.45. İlyas Bədəlov (BBTİ sədrinin müavini):

- Sizə səs veririk.

19.00. Səttar Vahabov: Hamınıza eşq olsun. Qazan daşır. Gəlin tələb edək ki, hökumət tələbləri yerinə yetirsin. Fabriklər, zavodlar öz işini dayandırsın. (“Tətil”).

Sabir: Ayın 24-ündə “Vışka” qəzeti “Bakı fəhləsi” zavodunun fəhləsi adından müsahibə verib ki, zavod işləyir. Əslində zavod 4 gündür işləmir.

19.05. Pişəvarinin bacısı qızı Rəfiqə xanım:

- Gün o gün olsun ki, Vahid Azərbaycan birliyini bayram etmək üçün bura yığışmağımızı arzu edirəm.

19.08. Şuşalı Əbülqasım Novruzov:

- Bu gün Şuşada böyük mitinq olub. Həmin mitinqdə Şuşanın ziyalıları çıxış edib. Bu gündən etibarən Topxanada iş dayandırılıb. (Vurnuxma, uğultu).

19.11. Sabir Azəri: Hamımız sizinlə həmrəyik. Niyə bu günə düşmüşük? Çünki həmişə susmuşuq. İlk günlər bizdə çaşqınlıq vardısa indi mütəşəkkillik var. Sizə təzim edirəm.



Yazıçı Sabir Azəri
19.13. Mirəli Seyidov:

- İki gün qabaq burada çıxış edərkən “böyük Ermənistan” xəritəsini göstərdim. Dedim ki, indi ermənilər Artsax adlı respublika yaratmaq istəyirlər. Bu gün bir addım geri çəkilsək, onlar daha da qızışacaqlar. Biz soyuqqanlılıqla hər şeydən qabaq DQ-ın muxtariyyətinin ləğvini istəyirik. Bu gün onlara güzəştə getsək, on il sonra başqa hoqqa çıxaracaqlar. Biz əlbir olsaq Qarabağ bizim olacaqdır.

19.20. Nemət:

- “İzvestiya” qəzeti müxbirinə hər şeyi demişəm. İndi isə aclıq elan edənlərin yanına getdi müxbir.

19.21. Əli kişi (ruhani):

- Quran bizim üstümüzdədir. Haqq bizimlədir. Biz heç kəsin torpağına girməmişik, heç kəsi də torpağımıza buraxmayacağıq. Əli Quranlı gəlmişəm. Quran arxanızdadır. Həmişə can sağlığı arzulayıram. Allah-taala Quran naminə bizə kömək olacaq. Torpaqlarımızı, dinimizi azad edəcəyik!

19.25. Əliyev Əhməd (ADU):

- Mübarizəni dayandırmayın. (Tələbləri saydı).

1) DQMV ləğv olunsun.

2) Poğosyan başda olmaqla daşnak partiyası cəzalandırılsın.

3) Fitnəkarlığın səbəbi olan “Krunk”, “Qarabağ” cəmiyyətləri, təşkilatları mühakimə olunmalıdır. Vazgenlər, Ağanbeqyanlar, Kaputikyanlar cəzalandırılmalıdır.

4) Ermənistandan gələn azərbaycanlılar yalnız DQ-da yerləşdirilsin. (“Nemət”, “Nemət”!) Sizin etirazınız ən son həddir. Ancaq sağlamlıq da gərəkdir.

19.30. Mühəndis qız Abbasova:

- Biz hamımızı vətən oğlu saymalıyıq. Çünki aslanın erkəyi-dişisi olmaz. Tələb edirəm ermənilər torpağımızdan rədd olsunlar. Respublikamız təsərrüfat hesabına keçsin. Ana dilimiz olmasa nə birlik olar, nə də müstəqillik. Biz türkük, cinsimiz uludur.

19.35. Sabir:

-Hamınıza dözüm, səbr arzulayıram. Əmin-amanlıq pozulmasın. Azərbaycan xalqı öz gücünü bütün dünyaya göstərəcək. Mitinq bağlandı (19.36).

Mehmanxanalardan həftədən çoxdur ki, xarici turistlər götürülüb.

“Ermənisən, ölməlisən, vəssalam!” (yeni xor mahnısı).

Böyük bir şüar:

“Öz ana dilini bilməyən satqındır!”.

“Günün ekranı”nda Bakı şəhər PK plenumu haqqında məlumat verildi. Sabah qərar dərc ediləcək. Vəzirov çıxış edib. Sonra bir neçə adamın DQ hadisələri haqqında fikri verildi. Hamı mitinq iştirakçıları ilə həmrəy olduğunu bildirdi.

Bu gecə meydanda adam çoxdur. Ən azı 70-80 mun nəfər var. Çoxluğa səbəb budur ki, bu gecə meydanın əsgərlər tərəfindən alınması qorxusu var. Meydanda, bulvarda 250-300 tonqal olar. Bir çox yerlərdə dəmir sobalar qoyulub. Hökumət evi qarşısındakı (tuşundakı) fəvvarələrin (indi işləmir) dörd yanı bu gün çadırlarla dolub. Hərəkat getdikcə şaxələnir, qol-budaq atır.

Dostum Bəhram Zeynalovla rastlaşıb yenə “düşərgə”ni gəzirik. Hər söhbət (danışıq hər yerdə birlikdən, milli təəssübkeşlikdən, Vətən taleyindən gedir), hər gördüyün mənzərə ürək açır.

21.30. BK plenumunda Vəzirovun çıxışı meydana radio ilə öz səsi ilə verildi. Topxanadan tikinti materiallarının aparılması xəbərini alqışladılar, işə çıxmaq təklifinə isə “tətil” sözləri ilə cavab verdilər.“Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov haqq işi uğrunda aclıq elan edib. Buna son qoymaq üçün Xalq Cəbhəsi qəti tədbir görməlidir”. (88-55 AQ “Zaporojets”)

22.50. Meydanda (bulvarqarışıq) 200 minə yaxın adam var. Çadırlar meydanın ətrafını bürüyüb. Hər təşkilat, idarə özünə bir çadır qurub. Metro tikintisi işçilərinin çadırında qonşumuz Nəriman Əzməmmədovla çay içirik. Çox şən uşaqlardır. Deyilən hər rus sözü üçün 10 qəpik cərimə alırlar. Birisi gəlib dedi ki, Moskvadan yenə bizi göstərmədilər. Soruşdum ki, “Vremya” demədi? O saat məndən də 10 qəpik aldılar. Akademiya dal-dala iki çadır qurub. Birinin qapısıüstündə yazılıb: “Tərəqqi” cəmiyyəti. Azərb. SSR Elmlər Akademiyası”. Çadırın ağzında Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır.

B. Sərdarov adına poladəritmə zavodunun fəhlələri də iri çadır qurmuşlar. Başqalarında olduğu kimi burada da oturmuşlar, dincəlir, söhbətləşirlər. Stolun üstündə siqaret, çay qoyulub. İstəyənlər alıb işlədir. Bir çadırda ciddi fikir mübadiləsi gedir, Türkiyəyə bizim, rusların və ermənilərin münasibəti müzakirə olunur» (4).

Bu, aysberqin görünən üzü, indi də keçək gözlə görünməyən üzünə.

Ədalət bəyin qeydlərinin 26 noyabra aid hissəsində ilk dəfə meydanda xalq tərəfindən pul yığılması faktına ötəri də olsa, rast gəlirik. Bu məsələ Milli mücadiləmizə kölgə salmaq istəyənlər, eləcə də Nemət Pənahlının siyasi rəqibləri tərəfində həmişə qara rənglərlə təqdim edilib. Bu üzdən də həmin məsələyə Nemət Pənahlının öz dili ilə aydınlıq gətirməyə ehtiyac var. O, «Əbədiyyət yolçusu» kitabında mövzu ilə bağlı bunları bildirir: «Meydanda pul yığmaq söhbətini də ortaya bədnam «Nümayiş Komitəsi» atmışdı. Şübhəsiz ki, burada da düşmən əli vardı. Ola bilsin ki, düşmən düşünürdü ki, bu yolla bizi daha çox ləkələməyə nail ola bilər. Məgər o, xalq hərəkatını ləkələmək, meydana şər və böhtan yağdırmaq üçün dəridən-qabıqdan çıxmırdımı? Əks təqdirdə şəxsiyyəti bəlli olmayan qadınların meydanda işi nə idi. Belə qadınlardan birinin çıxışı da yaxşı yadımdadır. Ona bir neçə dəfə də çıxış etmək imkanı versıydik, bəlkə də, hərəkatın liderlərindən birinə çevrilərdi.

Meydana başqa qəbildən olan natəmiz ünsürlər də göndərilirdi. Amma meydan Meydan idi. Onun özəyini xalqımızın azadlığı uğrunda canından keçməyə hər an hazır olan mərd insanlar dururdu.

Meydanda pul yığılması söhbətinin ortaya atılması hər cür xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi. Pulsuz isə hərəkət etmək imkan xaricində idi. Amma hiss edirdim ki, pul yığılmağa başlanılan gün şayiə, şər və böhtanlar da ayaq tutub yeriyəcək, adımıza ləkə vurulmağa çalışılacaq. Yadımdadır, oğrulara, yəni cinayət aləminə hərəkatın davam etdiyi müddətdə şəhərdə heç bir cinayətin törədilməməsi barədə müraciət edəndən sonra mənə məktub gəlmişdi ki, cinayət aləmi «sizinlədir, xalqladır və xalq hərəkatını dəstəkləyir». Söz verirdilər ki, sözügedən müddətdə şəhərdə bircə dənə də oğruluq və ya başqa cinayət hadisəsi olmayacaq. Əlbəttə, məktubu onların adından başqaları da yaza bilərdi, amma fakt budur ki, meydan rus əsgərləri tərəfindən dağıdılan günə qədər Bakıda heç bir cinayət hadisəsi baş vermədi.

Məni yandıran budur ki, həmin dövrdə millət, onun bütün zümrələri bir olmağı, həmrəylik göstərməyi bacarsa da, ziyalılar arasında bu həmrəyliyi görə bilmədim. Ümumi məxrəcə yalnız onlar gələ bilmirdilər. Onların içlərində nəyin gizləndiyini həbsxanada bildim. Əleyhimə, nə az, nə çox, düz 2900 nəfər ziyalı ifadə vermişdi. Onların bir qisminin ifadələrindən belə çıxırdı ki, sən demə, meydana çıxıb Vətən və millət yolunda mübarizə aparanlar narkomanlar, ekstermistlər və fahişələr imiş, mən də onların başçısı idim. Bu cür ifadə verənlərin içində … kimi hörmət bəslədiyim, inandığım şəxslərin imzasını görəndə gözlərim kəlləmə çıxdı.

Pul yığmaq məsələsi gündəmə gələndə çox ölçdüm-biçdim. Bu iş ən etibar edilən adama həvalə edilməlidir. Ətrafımda dost-tanış, o cümlədən sınanmış dostlar isə az deyildi. Onların içindən Rəsul Ələkbərovu seçmək qərarına gəldim. O hərəkata qəlbən bağlı adam idi və bağlılığını da sübut etmişdi. Yadımdadır, silah almaq üçün çox gizli şəkildə pul toplamışdıq. Rəsul qaynatasının cehiz almaq üçün ona verdiyi 2000 manat pulu gətirib ortaya qoymuşdu. O vaxt bu çox böyük pul idi.

Rəsulla tanışlığıma gəlincə, bu çox uzun söhbətdir. Onunla «Çənlibel»də tanış olmuşduq. O həmin dövrdə ət kombinatında fəhlə işləyirdi. Tanış olduğumuzda öyənmişdim ki, sən demə, babalarımız eyni kənddən – Qərbi Azərbaycanın yexinadzor rayonunun Sallı kəndindəndirlər. O ədəbiyyatımız, tariximizi sevən biri idi. Xalqımızın başına gətirilən faciələr barədə həmişə ürək ağrısı ilə danışardı. Elə bu kimi söhbətləri ilə də rəğbətimi qazanmışdı. Tanış olduqdan sonra tez-tez yataqxanamıza gəlib-gedərdi. Mən də onlarda olmuş və nə qədər kasıb yaşadığını görmüşdüm…» (2, s.171-172).

Burada Nemət bəyin sözlərinə ara verib bildirməliyəm ki, mən də Rəsul bəyi «Çənlibel»dən tanımış və evində olmuşdum. Böyükşordakı gecəqondulardan birində yaşayırdı. Çox kasıb adam idi. Divarından saz asılmışdı. Saz çalmağı çox sevirdi. Həttə mənim şərəfimə sazını bir az dınqıldatmışdı da. Pis çalmırdı. Gerçəkdən də ədəbiyyatımızı və tariximizi sevən adam idi. Ermənilərin xalqımızın başına açdıqlarında ürək ağrısı ilə danışardı.

Nemət Pənahlı daha sonra yazır: «…Onun bu cür kasıb yaşaya-yaşaya yoldaşının cehiz pulunu zərrə qədər də düşünmədən hərəkat yolunda ortaya qoyması məndə ona inam yaratmışdı. Onu mərd birisi kimi tanıyırdım…

…88-ci ilin noyabr mitinqləri başlayandan sonra Rəsulla əvvəlki kimi tez-tez görüşə bilmirdim. Amma bilirdim ki, o da mütləq meydanda, izdihamın arasında olmalıdır. Başqa cür ola da bilməzdi. Xüsusi bir iş görə bilməsə də, hamı kimi o da etirazını bildirir, xalqımızın haqlı tələblərini dəstəkləyir.

Pul yığmaq qərarına gəlməmişdən öncə də meydanda kimlərinsə Ermənistan qaçqınları üçün pul yığdığını bilir, fəqət onların kim olduğunu, həmin pulu nə etdiklərini bilmirdik. Bilirdik ki, bu məqsədlə rayonlardan və müxtəlif təşkilatlardan pul göndərənlər də az deyil. Mən bir neçə dəfə bunun əleyhinə çıxış etdim. Amma bu, prosesin qarşısını ala bilmədi. Odur ki, çox düşündükdən sonra qərara gəldim ki, bu məsələyə özüm nəzarət edim. Bu, bəzi fırıldaqçıların fürsətdən istifadə edərək başqa məqsədlər güdməsinin qarşısını ala bilmək üçün yeganə çıxış yolu ola bilərdi.

Aydın məsələdir ki, bu işi şəxsən özüm görə bilməzdim. Buna sadəcə fiziki imkanım yox idi. Çox götür-qoydan sonra bu işi Rəsula həvalə etməyi qərara aldım. Axtarıb onu tapdım. Bu işi ona həvalə edib bildirdim ki, ola bilsin, bizi həbs etsinlər, odur ki, işini elə qur ki, sonralar kimsə bizi natəmizlikdə suçlaya, adımıza ləkə sürtə bilməsin. Hər şey şəffaf və dəqiq olmalıdır. Hətta ola bilsin ki, həbs edildikdən sonra bizi üzləşdirə də bilərlər…

….Bu pullardan çox az bir məbləği xərcləmişdik, meydan üçün meqafon, diktafon, mikrifon və s. bu kimi xırda-xuruş şeylər almaq məqsədilə. Bütün xərcləri də qeyd etmişdik. Ona göstəriş vermişdim ki, meydanda pul saxlanılmasın, etibarlı bir yerə aparılaraq, orada mühafizə edilsin…

Hər gün yığılan pullar meydandan təyin olunan yerə aparılırdı. Bu işlə bir neçə nəfər məşğul idi ki, onlardan bir neçəsini şəxsən tanıyırdım. Qulu Məhərrəmli və bibim qızının qaynı Telman da bu işin içində idilər.

Meydanda milyon yarımdan artıq pul yığılmışdı. O vaxt bu, ağlasığmaz dərəcədə böyük pul idi.

Hərəkata yardım etmək istəyənlərin sayı-hesabı yox idi. Bir dəfə Rəsul mənə dedi ki, üç nəfər yardım etmək istəyirlər, amma öncə səninlə görüşmək arzusundadırlar. Dedim ki, axı, mənə nə ehtiyac var, bu işlə sən məşğul olursan, özün də həll elə. O getdi, təkrar qayıdaraq bir də bildirdi ki, mütləq səni görmək istəyirlər. Məcbur qalıb razılaşdım.



Qulu Məhərrəmli
Tanımadığım həmin adamlar bildirdilər ki, onlardan birisi iki yüz əlli min, birisi yüz əlli min, üçüncüsü də əlli min pul vermək istəyirlər. Kim olduqlarını soruşdum. Təhlükəsizlik naminə kimliklərini bildirməyib, onları etibarlı birisi ilə uzlaşdırmağımı xahiş etdilər. Mən bu işi də Rəsula həvalə elədim.

Pulla bağlı o da yadımdadır ki, Şərur və Ordubad rayonundan göndərilən pulu da Rəsula vermişdilər. Onlar da mənimlə görüşmək istəmişdilər və mən də görüşmüşdüm. Şərurdan pulu gətirən şəxsiyyətinə çox böyük hörmət elədiyim İnqilab Orxan idi.




Şair İnqilab Orxan
İnqilab Orxan 24 min pul gətirmişdi ki, onun 19 mini nəqd pul, 5 mini istiqraz vərəqləri idi. Onları hər kəsin yanında Rəsula verdim. Ordubaddan gətirilən pulun taleyi ilə maraqlananda məlum oldu ki, onu Əbülfəz Əliyevə veriblər. Əbülfəzə verilmiş pulu da ondan alıb Rəsula verdim. Pulu səhv etmirəmsə, Əli və Qərib qardaşları gətirmişdilər.

Mənim təxmini hesablarama görə meydanda 7-8 milyon pul yığılmışdı. İstintaq zamanı özünü mənim mühafizəçim kimi qələmə verən, həqiqətən də meydanda yanımdan ayrılmayan APİ-nin Qulu adlı tələbəsi ya axmaqlığından, ya da öyrədilmiş olmasından izahatında yığılan pulların sayını 4 milyon kimi bildirmişdi.

Həbsdən çıxdıqdan sonra onun niyə belə etdiyini soruşduqda, bildirmişdi ki, məbləği özü az göstərmişdir. O bu məsələdə ən məlumatlı adamlardan biri idi…

Bəs, həqiqət necədir? O pulların sonu necə oldu?

Türmədən çıxdıqdan sonra bu barədə Rəsuldan soruşdum. O bildirdi ki, onun da məlumatı yoxdur. Siyahını tələb etdiyimdə, dedi ki, istintaqın əlinə düşməsin və siyahıdakı adamlar təhlükə altında qalmasın deyə, onu yandırıb. Ona dedim:

-Axı, sənə tapşırmışdım ki, siyahı, nəyin bahasına olursa-olsun, mütləq gizli bir yerdə qalmalıdır.

O bunun çox təhlükəli olduğunu bildirdi və dedi ki, təhlükəsizlik naminə bu işi görmüşdür. Siyahı ələ keçsəydi, minlərlə adam həbs edilə bilərdi. Üstəlik də orada yüksək vəzifəli şəxslərin də adı vardı.

Bu, gerçəkdən də belə idi. Məsələn, Gədəbəydən meydana 5 min manat pul gətirən adamı DTK yaxalamış, o da ifadəsində bildirmişdi ki, ona pul yığmağı rayon rəhbərliyi tapşırıbmış. Bu ifadə əsasında DTK həmin rəhbər işçinin maşınını saxladıqda, onun mitinq üçün gətirməkdə olduğu 50 min manat aşkar olunmuş və onu həbs etmişdilər.

Doğrusu, Rəsulun siyahını təmiz ürəklə yandırdığını düşünür və ona inanırdım. Günlərin birində etibar etdiyim şəxslərdən biri olan Məmməd Əlizadəyə tapşırdım ki, Rəsulla gedib, pulu gətirsinlər…» (2, s. 173-175).

Nemət bəyin sözlərinə görə, o, Rəsula tapşırıbmış ki, bir dənə də əlavi siyahı tutulsun, ora az miqdarda pul yazılsın ki, sabah həbs məsələsi gündəmə gələndə həmin pula həbs qoyulsun, məbləğin əsas hissəsini isə gələcək siyasi fəaliyyət üçün, o cümlədən qaçqınlara yardım, ehtiyac yaranacağı halda Qarabağ əhalisi üçün silah almaq kimi şeylər üçün qoruyub saxlamaq mümkün olsun. Rəsul da belə etmiş, həbs olunanda yığılan məbləğin təqribən 150-170 min manat olduğunu söyləmiş, Nemətlə üzləşmədə də söhbətin məhz həmin məbləğdən getdiyini dilə gətirmişdi. DTK-ya da elə o qədər pul təhvil verilmişdi (2, s. 173-174).

Nemət Pənahlı daha sonra yazır: «…Məlum oldu ki, ortada qalan pul cəmi 40 min manatdır. Açığı heyrət və təəcübümü gizlədə bilmədim. Məmməd Əlizadə də dəhşətə gəlmişdi. Rəsuldan bir şey öyrənə bilmədik. Ölümlə hədəsələk də, olan pulun məhz bu olduğunu söyləyib durdu. Meydandan gizli xəzinəyə pul daşıyan adamların hamısını tapıb onlardan məbləği soruşduq. Dəqiq bir şey deyə bilməsələr də, 40 min manat hər kəsi təəccübləndirdi. Uzun çək-çevirdə sonra məlum oldu ki, daşınan pullar 20-25 torba olubmuş. Rəsul bildirdi ki, torbaların içindəkilərin hamısı bir manatlıq idi.

Ona yarım milyon söhbətini xatırlatdım. Dedi ki, mən milyon yarım yox, yüz əlli min demişdim. Sən səhv başa düşmüsən.

Dedim ki, manatlıqlar idisə, niyə buradakı pulların hamısı onluq, iyirmibeşlik və əllilikdi. Cavab verə bilmədi. Dediyindən belə çıxdı ki, qalan pul budur və onun sadəcə 5 min manatı çatmır. Onu da Əbülfəz Əliyevin göstərişi ilə vəziyyəti ağır olan Ağdamlı Sadiqə verib.

Çox araşdırmalardan sonra məlum oldu ki, meydandan pul daşıyanların sayı 10-15 nəfər imiş, pulların bir qismi onlar tərəfindən mənimsənib. Təkcə bibim qızının qaynı Telman meydandan təqribən 300 min pul mənimsəyib…» (2, s. 176).



Əgər tarix obyektiv yazılırsa, bu kimi məslələrdən də yan keçilməməlidir. Çünki bu məsələ mətbuatda çox hallandırılıb. Daha çox da bu barədə Ənvər Əliyevə istinad edilib. Məsələn, «Şərq» qəzetində getmiş ««Meydan sirləri» açılacaq. Ənvər Əliyev kitabını çap etdirməyə pul tapmır» başlıqlı bir yazıdan oxuyuruq: «Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Ənvər Əliyev ötən ildən yazmağa başladığı "Meydan sirləri" kitabını başa çatdırıb. Ə. Əliyev APA-ya bildirib ki, kitab çapa tam hazır olsa da, maliyyə problemlərindən işıq üzü görməsi bir qədər ləngiyir. 

Müəllifin sözlərinə görə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək "Azadlıq" meydanında keçirilmiş mitinqdə çoxlu sirli məqam olub: "Həmin məqamlar hələ də geniş ictimaiyyətə məlum deyil. Meydan hərəkatının fəal təşkilatçılarından biri kimi kitabda aksiyanın başlanması, davamlı olması, hakimiyyətin aksiyanı dağıtmaq planları, hərəkatı parçalamaq üçün meydana göndərilən casuslar barədə bir sıra məqamlara kitabında aydınlıq gətirilib. Kitabı yazarkən rəsmi sənədlərdən, şahidi olduğum hadisələrdən, istintaq və arxiv materiallarından istifadə etmişəm". 

Ə. Əliyev "Meydan sirləri"ndə "Azadlıq" meydanında insanların sayının azalmasının səbəblərinə də aydınlıq gətirib. Kitabda, həmçinin, meydanda yığılan milyonlarla pulun yoxa çıxması, aksiyanın təşkilatçılarının istintaq zamanı hansı məqamları açıqlamaları.., İsa Qəmbəri meydanda çıxış etməyə kimlərin məcbur etməsi, Sabir Rüstəmxanlı və Nemət Pənahlının tətil və Ermənistanı iqtisadi blokadaya almaq, ermənilərin qovulması kimi çağırışların əleyhinə olmalarının səbəbləri, Əli Kərimlinin müstəntiqlərlə danışıqları, Fazil Qəzənfəroğlunun istintaqa verdiyi ifadəsindəki məqamlar da açıqlanıb» (1).

Qaynaqça


  1. «Meydan sirləri» açılacaq. Ənvər Əliyev kitabını çap etdirməyə pul tapmır. «Şərq» qəzeti, (http://www.sherg.az/pre.php?id=12615).

  2. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  3. Rəsulzadə M. Ə. Millət olmaq əzmi. “Azərbaycan”, il 1, sayı 6, sentyabr 1952, Ankara.

  4. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).

  5. Tofiq Fikrət. Millət Şərqisi. Novator.az. (https://novator.az/2015/11/17/ mill%C9%99t-s%C9%99rqisi/).



Yüklə 462,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə