Bəxtiyar Tuncay Prototürklərin Şimali Qafqazda qurduqları daha bir möhtəşəm mədəniyyət-Maykop mədəniyyəti



Yüklə 82,32 Kb.
tarix07.11.2017
ölçüsü82,32 Kb.
#8753

Bəxtiyar Tuncay

Prototürklərin Şimali Qafqazda qurduqları daha bir möhtəşəm mədəniyyət-Maykop mədəniyyəti

http://arheologija.ru/wp-content/uploads/bronzovyiy-vek-kavkaz-aziya-2.jpg

Prototürklərin ilk tunc dövründə yaratdıqları möhtəşəm mədəniyyətlərdən biri də Maykop mədəniyyətidir. Şimali Qafqazın dağ ətəklərini və çay vadilərini əhatə etmiş bu mədəniyyət öz adını 1897-ci N. Veselovski tərəfindən aşkar və tədqiq edilmiş Böyük Maykop kurqanından almaqdadır. Onun əsas yayılma arealı Taman yarımadasından Çeçenistana qədər olan ərazini əhatə edir (Шишлина Н. И., 2002, c. 164-173).

Əvvəllər Novosvobodnaya mədəniyyəti də bu mədəniyyətə daxil edilirdi. Hazırda onları iki ayrı mədəniyyət kimi gözdən keçirmək daha uyğun sayılır.

Tarix elminə sözügedən mədəniyyət, yuxarıda qeyd edildiyi kimi, Böyük Maykop kurqanının açılmasından sonra məlum olmuşdur. 1910-cu ildə daha 7-8 abidə öyrənilmiş, bundan sonra Maykop mədəniyyəti son eneolit-ilk tunc dövrlərinə aid edilmiş, bununla da mədəniyyətə böyük maraq yaranmışdır. Sonradan tədqiq edilmiş bütün kurqan abidələri «Böyük Kuban kurqanları» adı altında birləşdirilmişdir (Иессен А. А., 1950). 1951-ci ildə Y. Krupnov ilk dəfə «Maykop mədəniyyəti» adını işlətmiş və həmin dövrdən etibarən bu ad elmdə möhkəmlənmişdir (Крупнов Е. И., 1951, c. 47).

1957-ci ilə qədər sadəcə kurqanlar barədə mövcud məlumatları əhatə edən bu ümumiləşdirici adın daşıdığı məzmun A. Stolyarov və A. Formozovun , eləcə də P. Ditlerin apardıqları arxeoloji qazıntılar nəticəsində daha da genişləndi və eyni zamanda, həm də eneolit-ilk tunc dövrü yaşayış məskənlərinə də şamil edilməyə başladı (Формозов А. А., 1965, c. 64-158).

1982-ci ildə yenidən kurqanların tədqiqinə start verildi və bu dəfə bu işlə A. Rezepkin məşğul olmağa başladı. Onun tədqiqatları sayəsində Maykop kurqanları haqqındakı biliklər daha da genişləndi. Onun ən maraqlı tapıntısı isə üzərində yonma naxışlar olan daş pilitə olmuşdur. Kurqanların altında eyni mədəniyyətə aid daha qədim dövrlərə aid yaşayış məskəninin tapılması isə sözün əsl mənasında sensasiya idi (Резепкин А. Д., 2008, c. 156-176). Qeyd edək ki bənzər hadisə ilə Türkiyədəki Alacahöyükdə qazıntı aparmış arxeoloqlar da üzləşmişdilər. Onlar da qazıdıqları hökmdar kurqanlarının altında daha qədim dövrlərə, yəni neolit-eneolit dövrlərinə aid qatlar aşkar etmiş və həmin ərazinin sözügedən dövrlərdən etibarən böyük yaşayış məskəni və şəhər olduğu üzə çıxmışdır.


https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/stone_flag.jpg/250px-stone_flag.jpg
Maykop mədəniyyətinə aid Gümüş (Serebryannıy) kurqandan tapılmış yonma naxışlı daş plitə
«Maykoplu»lar ölülərini bir qayda olaraq kurqanlarda dəfn edirdilər. Ölülər qəbir kanerasına böyrü üstə, - əsasən sağ böyrü üstə, - bükülmüş vəziyyətdə qoyulardı. Qəbrə bol-bol oxra səpilərdi. Əksər kurqanlar tək dəfnli olsalar da, bəzən 2 ilə 5 nəfər arasında şəxsin bir yerdə basdırıldığı kollektiv dəfnlərə də rast gəlinir. Bir çox hallarda qəbirlərə ölü ilə birlikdə heyvanlar da qoyulardı (Кореневский С. Н.,, 2004, c. 15-21, 150-168; Трифонов В. А., Крайнева А. А., Зайцева Г. И., Плихт Х., Богомолов А. А., Бурова Н. Д., Семенцов А. А., Ришко С. А., 2013, с. 37-38).

Maykop kurqanlarından ən kiçiklərinin hündürlüyü təqribən 1m, böyüklərininki isə 6-12 m-dir. Üzərində kurqan örtyü olmayan qəbirlərə də rast gəlinib ki, onların mənşəyi barədə hələ ki vahid fikir yoxdur.

Kurqan örtükləri içərisində həm daşdan, həm də torpaqdan olanlara rast gəlinir. Onlar adətən girdə və konik formada olsalar da, üst hissəsi hamarlanmış və yastılanmış örtüklərə də rast gəlinir. Aypara formalı örtüklər də qeydə alınmışdır. Kurqan örtüklərinin altında bir qayda olaraq daş yığımına rast gəlinir və bu daş yığınları əksər hallarda aypara formasında olur. Yerdə çala şəklində qazılmış qəbir kameraları onların altında yerləşir. Lakin materikdə qurulmuş kameralar da az deyil. Meyitlərin xüsusi düzəldilmiş meydançalar qoyulduğu kurqanlara da rast gəlinir.

Qəbir kameralarının örtüyü adətən kərtilmiş ağacdan düzəldilirdi.

Bəzi kurqanların kamerası meqalitik quruluşa sahib olur və yanı üstə qoyulmuş daş pilitələrdən ibarət olurdu. Onların içərisində uşaqların dəfn edildiyi kiçik kameralara rast gəlindiyi kimi, nəhənglərinə də rast gəlinmişdir ki, bu tip abidələrə Kişpek və Nalçik kurqanlarını misal çəkmək olar (Кореневский С. Н.,, 2004, c. 15-21).
file:indogermaische ursprache 3500bc.svg
Maykop – Alaca-Höyük mədəniyyətinin e.ə. 3500-ci illərdəki yayılma arealı
Maykop kurqanlarından əldə edilən DNT nümunələrinin analizləri aparılsa da, bu zaman əsas çalışmalar sadəcə mitoxondrial (ana xətti) haploqrupların üzə çıxarılması istiqamətində olmuş, ata xəttinin, yəni Y-xromosomların tədqiqi diqqətdən kənarda qalmışdır. Bununla belə, kurqanlarda ölülərin yanı üstə, bükülmüş vəziyyətdə dəfn edilməsi onların R1a haploqrupunun daşıyıcıları, yəni protoqıpçaq-bulqar olduqlarından xəbər verməkdədir.

Üç skeletdən götürülmüş DNT nümunələri əsasında aparılan genetik tədqiqatlar «Maykoplu»larda U (U8b1a2), M (M52) və N (N1b1) mitoxondrial haploqrupunu üzə çıxarmışdır. Bəzən Maykop mədəniyyətinin tərkim hissəsi, bir çox hallarsa isə müstəqil mədəniyyət kimi gözdən keçirilən Novosvobodnaya mədəniyyəti təmsilçilərində isə T (T2b) və V (V7) mitoxondrial haploqrupları aşkar edilmişdir (Недолужко А., 2016; Sokolov A. S., Nedoluzhko A. V., et al., 2016).

Antropoloji tədqiqatlar «Maykoplu» ların cənubi avropoid irqinin Aralıq dənizi tipinə aid olduqlarını ortaya qoymuşdur (Кореневский С. Н.,, 2004, c. 15-21).

Maykop mədəniyyətinin daşıyıcılarının təsərrüfat həyatının əsasını həyətyanı heyvandarlıq və toxa əkinçiliyi təşkil edirdi. Yarımköçəri həyat tərzi mənimsənilmişdi. Heyvandarlıq təsərrüfatının təməlində iri və xırda buynuzlu heyvanların, qismən də donuz və atların bəslənilməsi dururdu. Toxuculuq və dulusçuluq da inkişaf etmişdi. Çox güman ki, ticarət də yüksək səviyyədə olub. Belə ki, Maykopda istehsal edilən gümüş məmulatları uzun müddət Qafqazdan Altaya qədər geniş ərazilərdə çox qiymətləndirilib. Eyni zamanda Əfqanıstandan firuzə və lacivərd idxal edilirdi.

Bəzi kurqanlardan tapılmış dörd təkərli araba modelləri nəqliyyatın əsasını öküzə və ata qoşulmuş arabalar təşkil etdiyini söyləməyə əsas verir.
http://russiahistory.ru/wp-content/uploads/2013/05/20110424_jewellery_from_maikop-239x300.jpg
Böyük Maykop kurqanlarından tapılmış qızıl fiqurlar
«Maykoplu»ların evləri sadə konstruksiyaya sahib idi. Taxta dirəklər, gillə suvanmış toxunma divarlar geniş yayılmışdı. Yaşayış məskənləri çox vaxt dağətəyi zonalarda, çətin keçilən yerlərdə salınır və daş divarlarla əhatə olunurdu. Görünür, düşmənlərdən müdafiə olmaq ehtiyacı vardı. Düşmənlər isə çox güman ki, dolmen mədəniyyətinin daşıyıcıları idi. Elə bu mədəniyyətin daşıyıcıları da sonda Maykop mədəniyyətinə son vermiş və onların yaşadıqları ərazilərin sahibinə çevrilmişdilər. Fikrimizcə, bunlar G haploqrupunun daşıyıcıları olan Abxaz-Adıq və osetin xalqlarının əcdadları olub. Lakin bu, sadəcə bir ehtimaldır.

Ən inkişaf etmiş sahələrdən biri də metallurgiya idi. Ümumiyyətlə, Maykop mədəniyyəti tunc, qızıl və gümüşdən hazırlanmış məişət və bəzək əşyaları ilə çox məşhurdur. Onların demək olar ki, hamısı kurqanlardan tapılmışdır. Bu əşyalar Don çayının sağ sahilindən tutmuş Güney Azərbaycana, Güney Azərbaycandan tutmuş Anadolu və Suriyaya qədər geniş yayılmış əşyaların analoqudur. Lakin onlar haradansa idxal edilməmişlər. Aradakı bənzərlik Kür-Araz mədəniyyəti dövründə sözügedən əraziləri əhatə edən vahid bədii zövq, texnologiya və üslubun mövcudluğundan xəbər verir.

«Maykoplu»ların öz metal yataqları var idi və sözügedən əşyalar bilavasitə Şimali Qafqazda hazırlanırdı. Odur ki, onlar bu baxımdan nə Yaxın Şərq, nə də Cənubi Qafqazdan asılı deyildilər. Tunc məmulatının böyük əksəriyyəti mis-arsen və mis-arsen-nikel qarışıqlı idi. Əşyaların üzünə bəzən gümüş təbəqəsi çəkilir, bəzənsə onlar ümumiyyətlə mis və gümüş qarışığından hazırlanırdı.

Əmək alətləri içərisində daha çox müxtəlif növ baltalar, bizlər, kəsici və deşici alətlərə rast gəlinib. Baltaların içərisində döyüş baltaları da var. Əldə olan baltalar daha çox dəfn mərasimləri üçün nəzərdə tutulduğundan kiçik ölçülü olurdu (Мунчаев Р., 1973). Dəfn inventarı içərisində bu alətlərə rast gəlinməsi Sügə Toyon kultunun önəmli rola sahib olmasından xəbər verir.
http://s011.radikal.ru/i317/1105/f8/3bbd8e0a84f6.jpg
Böyük Maykop kurqanlarından tapılmış qızıl tac
Zəngin insanlara xas olan kurqanlarda aşkar edilmiş bəzək əşyaları əsasən qızıl və gümüşdən düzəldilmiş əşyalardır. Onların analoquna təkcə Mesopatamiyada deyil, eləcə də Misir və Troyada da rast gəlinmişdir (Мунчаев Р., 1973).

Maykop kurqanları içərisində ən məşhuru Böyük Maykop kurqanıdır ki, artıq qeyd etdiyimiz kimi, 1897-ci ildə N. Veselovski tərəfindən aşkar və tədqiq edilmişdir. Əsas tapıntıları hazırda Ermitajda saxlanılan bu dəfn abidəsinin tapıldığı yer Maykop şəhərinin hazırki Kurqannıy (Kurqanlı) və Podqornıy (Dağətəyi) küçələrinin kəsişdiyi yerdir.

Erkən tunc dövrünə aid olan bu kurqanın gildən tökülmüş örtüyünü hündürlüyü 10.65 m, diametri isə 100 m-ə yaxın olub.

Kurqanın qəbir kamerası əhəng daşlarından ibarət kromlexlə əhatələnmişdi. Onun uzunluğu 5.33 m, eni 3.73 m, dərinliyi isə 1,42 m idi. Forması başı olmayan öküz dərisini xatırladırdı. Kamera Şimal – Şimal-Şərqdən Cənub - Cənub-Qərbə istiqamətlənmiş, divarları ağacdan qurulmuş, künclərdə ağac dirəklər quraşdırılmışdı. Bu dirəklər kameranın 2 qat ağac tirlərdən ibarət örtüyünü saxlamağa xidmət edirdi. Yuxarıdakı qatı təşkil edən tirlər çox uzun idi və kameranın sərhədlərindən kənara çıxırdı. Qəbir kamerasının dibinə iki qat çınqıl döşənmişdi. Ağac arakəsmələr onu üç qeyri-bərabər hissəyə ayırırdı ki, onların hər biri ayrıca bir məzar rolunu oynayırdı (Отчёт Н. И. Веселовского.., 1896).

Əsas məzar olan 1 №-li qəbir hansısa çox zəngin bir şəxsə aid idi. Bu şəxsin qəbilə başçısı – bəy (bay) və ya xan olduğu hesab edilir. Onun hökmdar ola biləcəyi barədə fikirlər də var. Fəqət qazıntılar nəticəsində ətrafda saray qalıqlarına rast gəlinməməsi bu fikri çox da inandırıcı etmir. Lakin fakt budur ki, meyitin başının altında hökmdar tacının hissələri olduğu ehtimal edilən iki qızıl lent, təyinatı məlum olmayan 5 qızıl sağanaq və qızıl sırğalar aşkar edilib.
https://bitnovosti.files.wordpress.com/2015/02/r3_2_2d_eneolith_bull.jpg?w=700
Böyük Maykop kurqanlarından tapılmış qızıl öküz fiquru
Çox güman ki, Böyük Maykop kurqanında dəfn edilmiş şəxs yerli xan olmuş və Arslantəpədə oturan hökmdara – xaqana tabe olmuşdur. Bu, sadəcə bir ehtimaldır və nə qədər doğru olduğunu gələcək tədqiqatlar göstərəcək. Amma Maykopun və Arslantəpənin ayrıca müstəqil xanlıqlar ola biləcəkləri də istisna edilməməlidir.

Bu ehtimallardan hansının doğru olub-olmamasından asılı olmayaraq, bir şey şübhəsizdir ki, artıq erkən tunc dövründə prototürklər dövlətə və ya bir neçə dövlətə sahib idilər.

Qəbirdəki skelet böyrü üstə, bükülü vəziyyətdə idi. Baş tərəfi Cənub – Cənub-Şərq tərəfə istiqamətlənmişdi. Üstünə bol oxra səpilmişdi. Meyitin üstündən də altından da çox sayda qızıl lövhələr tapılmışdır. Bunlardan 37-si böyük, 31-i kiçik ölçülü aslan, 19-u kiçik öküz, 10-u beş ləçəkli çiçək, 38-i isə halqa idi. Onların dəfn edilmiş şəxsin geyiminə və ya bürünüldüyü bürüncəyə tikilmiş olduğu ehtimal edilir.

Qəbirdən çox sayda və müxtəlif ölçüdə biser, firuzə və qızıldan muncuq, eləcə də bir neçə qızıl düymə də aşkar edilmişdir.

Skeletin sağ tərəfində gümüşdən tam hamar şəkildə hazırlanmış 8 borucuq formalı dəstəkli əsa vardı. Onların uzunluğu 103 sm idi. Onlardan dördünün bir tərəfi qızıldan idi. O biri tərəfləri isə spiral şəkilli naxışla bəzədilmişdi. Çubuqların dördünün meyitə tərəf olan uclarına ayaqları yuxarı vəziyyətdə olan iri öküz fiqurları bərkidilmişdi. Bütünlüklə gümüşdən olan çubuqların başındakı öküzlər gümüşdən, bir tərəfi qızıldan olan çubuqların başındakı öküz fiqurları isə qızıldan idi. Onların yanında 3 yarımsferik formalı gümüş qalpaq (papaq) vardı.
c:\documents and settings\администратор\рабочий стол\майкопская_культура._середина_-_конец_4_тыс._до_н.э..jpg
Füruzə boyunbağı. Maykop mədəniyyəti
Meyidin dizinə yaxın hissədə isə çaxmaqdaşından hazırlanmış 12 ox ucluğu və 17 mikrolit siqmenti tapılmışdır (Чернопицкий М. П., 1987, c. 33-40).

Qəbrin şərq divarı tərəfində 17 qab düzülmüşdü. Onlardan ikisi qızıldan, biri isə boğaz hissəsi və qapağı qızıldan, gövdəsi isə daşdan idi. Digər 14 qab gümüşdən idilər. Onlardan son ikisindən birincisinin tutacaqları, yəni qulaqcıq formalı qulpları, digərinin isə gövdəsindəki sağanaq qızıldan hazırlanmışdı.

Qəbrin cənub-şərq küncündə qabarıq formalı məhəgdaşı və daha bir kiçik ölçülü, qızl işləməli məhəgdaşı, daş balta və 9 tunc əşya vardı. Tunc əşyalar 1 ədəd yastı bıçaqdan (xəncərdən), 2 ədəd paz şəkilli baltadan, uzunluğu 10,2 sm olan naməlum alətdən, 1 ədəd girdə kollu kərkidən, 1 ədəd girdə kollu ax-kərkidən, daha 1 fərqli təyinatlı baltadan, 1 ədəd saplaqsız bıçaqdan, 2 paz formalı balta-bitdən, və 1 ədəd bizdən ibarət idi.

Qərb küncdə 8 eyni tipli saxsı qab vardı.

Qəbrin hər tərəfinə gümüş üzlük fraqmentləri və gümüş mismarlar səpələnmişdi.

2 №-li qəbir. Şərq kamerada qadın olduğu ehtimal edilən, yanı üstə, bükülü vəziyyətdə uzadılmış skelet aşkar edilmişdir. Onun üzərinə də oxra səpələnmişdi. Amma oxra çox seyrək idi. Onun baş tərəfindən muncuqlu qalın qızıl üzüklər, əl tərfində müxtəlif materiallardan, o cümlədən qızıldan düzəldilmiş muncuqlar aşkar edilmişdir. Qəbrin şərq divarı boyunca müxtəlif mis qablar – cam, badya, kuzə və iki qazan düzülmüşdü. Burada da çox sayda gümüş üzlük fraqmentləri və gümüş mismarlara rast gəlinmişdir.
http://adygi.ru/uploads/posts/2014-03/1394523842_psv_7155.jpg
Maykop mədəniyyəti nümunələri
3 №-li qəbir. Qərb kamerasında dəfn edilənin də qadın olduğu ehtimal edilir. O da yanı üstündə, bükülü vəziyyətdə dəfn edilmişdi. Üzərinə seyrək oxra səpələnmişdi. Burada çox sayda muncuğa, o cümlədən qızıl muncuğa rast gəlinmişdir. Məzarın şimal-qərb küncünə böyük çini qab qoyulmuşdu. Burada da gümüş üzlük fraqmentləri vardı (Отчёт Н. И. Веселовского.., 1896).

N. Veselovskinin fikrincə, əsas qəbirdən tapılan 9 dəstəkli əsa skipeter idi və hakimiyyət rəmzi rolunda çıxış edirdi. B. Farmakovski isə onların məzar örtüyünü saxlayan dirəklər olduğunu ehtimal etmişdir. Biz də o N. Veselovski kimi o fikirdəyik ki bu əsalar skipeter idilər və fikrimizcəi, onlar xana tabe olan doqquz bəyliyə işarə edirdi. 12 oxa gəlincə isə, onların xanın 12 oğluna və onlardan törəyən nəsillərə işarə etdiyi fikrindəyik.

Qaynaqça


  1. Иессен А. А. К хронологии больших кубанских курганов // Советская археология. 1950. Вып. XII.

  2. Sokolov A. S., Nedoluzhko A. V., et al. Six complete mitochondrial genomes from Early Bronze Age humans in the North Caucasus // Journal of Archaelogical Science, 17. 07. 2016.

  3. Кореневский С. Н. Древнейшие земледельцы и скотоводы Предкавказья: Майкопско-новосвободненская общность, проблемы внутренней типологии. —М.: Наука, 2004. 243 с.

  4. Крупнов Е. И. Древнейший период истории Кабарды // Сборник по истории Кабарды. Вып. 1. Нальчик, 1951.

  5. Мунчаев Р. М. Бронзовые псалии майкопской культуры и проблема возникновения коневодства на Кавказе // Кавказ и Восточная Европа в древности. М., 1973.

  6. Недолужко А. В поисках корней майкопской культуры // Генофонд.рф, 21. 08, 2016.

  7. Отчёт Н. И. Веселовского о раскопках Майкопского кургана в 1897 г. // Рукописный архив ИИМК РАН. Фонд 1, 1896 г., д. № 204, лл.52—52 об.

  8. Резепкин А. Д. Поселение Новосвободненское // Археология Кавказа и Ближнего Востока: сб. к 80-летию члена-корреспондента РАН, профессора Р. М. Мунчаева. М.: ТАУС, 2008, c. 156-176. 

  9. Трифонов В. А., Крайнева А. А., Зайцева Г. И., Плихт Х., Богомолов А. А., Бурова Н. Д., Семенцов А. А., Ришко С. А. Дольмен «Шепси» и ранние формы коллективных мегалитических гробниц на Северо-Западном Кавказе в эпоху бронзы // Цивилизационные центры и первобытная периферия в эпоху раннего металла: модели взаимодействия. Тезисы докладов круглого стола, посвященного памяти Н.Я. Мерперта.  М.: Институт археологии Российской академии наук, 2013., с. 37-38.

  10. Формозов А. А. Каменный век иэнеолит Прикубанья. М., Наука, 1965.

  11. Чернопицкий М. П. Майкопский «балдахин» // Краткие сообщения Института археологии. М.: Наука, 1987. Вып. 192, c. 33-40.

  12. Шишлина Н. И. Майкопские погребения Южных Ергеней // Нижневолжский археологический сборник. Волгоград, 2002. Вып. 5, c. 164-173.




Yüklə 82,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə