Bəxtiyar Tuncay Saklara aid və №-li Pazırık kurqanları



Yüklə 32,95 Kb.
tarix05.03.2018
ölçüsü32,95 Kb.
#29810

Bəxtiyar Tuncay

Saklara aid 1 və 2 №-li Pazırık kurqanları

Rusiya Muzeyinin Sayan-Altay ekspedisiyası tərəfindən 1924-сü ildə aşkar edilən, tədqiqinə 4 il sonra, yəni 1929-cu ildə M. Qryaznovun rəhbərliyi ilə başlanılan Pazırık kurqanlarının qədim Türk mədəniyyətinin tarixindəki yerini sözlə ifadə etmək belə çətindir. Buradakı saklara aid «Xaqan kurqanları»ndan birincisi (1 №-li kurqan) elə həmin il qazılmış və aparılan qazıntılar nəticəsində son dərəcə zəngin bir mədəniyyətin izinə rast gəlinmişdir. Elə bu səbəbdən də Pazırık məzarlığında tədqiqatları davam etdirməyə qərar verilmiş, lakin bunu yalnız II Dünya müharibəsindən sonra gerçəkləşdirmək mümkün olmuşdu. Beləcə M. Qryaznovun başladığı iş 1947-1952-ci illərdə S. Rudenko tərəfindən davam etdirilmişdir. Buradan tapılan maddi mədəniyyət nümunələri Ermitaja göndərilərək qorunma altına alınmış və abidə 1950-1952-ci illərdə konsevasiya edilmişdir (Гук Д. Ю., 2012, с. 454).


саркофаги пазырыкских курганов
Pazırıkda xaqanlar xüsusi hazırlanmış sarkofaqlarda dəfn edilmişlər
Qeyd etmək lazımdır ki, Dağlıq Altayda indiyə qədər erkən maldarlara aid çox sayda kurqan tədqiq edilib. Onların bir qismi hələ Çar Rusiyası dövründə qazılıb. Sovet dövründə də bu istiqamətdə az iş görülməyib. Tədqiq edilmiş kurqanların heç birindən Pazırıqdan əldə edilmiş qədər çox və zəngin material tapılmayıb. Ərazinin buzlaq olması təkcə qarətçilərin bu kurqanlarda apardıqları qarətə önəmli ölçüdə mane olmamış, onların çirkin niyyətlərini sona qədər həyata keçirmələrinə imkan verməmiş, həm də burada dəfn edilən mumiyalanmış meyitlərin çürümədən dövrümüzədək qala bilməsini təmin etmişdir (Грязнов М. П., 1956, с. 11).

1 №-li Pazırık kurqanı. 1929-cu ildə qazılmış bu kurqan e.ə. V-IV əsrlərə aid edilir. Bu kurqanın qəbir kamerası qarət edildiyindən orada qəbrin şimal hissəsində dəfn edilmiş atlardan başqa heç nə aşkar edilməmişdir. Atların dəfn edildiyi yer kameranın əsas hissəsindən qalın ağac divarla ayrıldığından qarətçilər ora daxil ola bilməmişdilər.

http://lions-guides.ru/uploads/spool/771.jpg
Pazırık kurqanlarında xan və bəylər öz atları ilə birlikdə dəfn edilirdilər. Kamera ağac divarla iki yerə ayrılır, bir tərəfdə mərhum, digər tərəfdə isə onun atı və ya atları dəfn edilirdi
Buzlaq şəraitində yaxşı qorunmuş atların sayı on idi və onların hamısı qızıl rənginə çalan kürən atlar olub. Bunlardan bir neçəsi türkmən atları, arxeoloqların dili ilə desək, «türkmən atlarının əcdadları» idilər. Mütəxəssislər bu atların Altaya Orta Asiyadan gətirildiklərini hesab edirlər. Digərləri isə Orta Asiya atları ilə yerli, hazırda Qazaxıstan və Monqolustanda yayğın olan kiçik boylu, böyük başlı atların qarışığından törəmiş xüsusi cinsə aid idilər. Kurqanda dəfn edilmiş hansısa sak xaqanına məxsus olan bu heyvanların hamısı alınlarının ortasına tunc kəkanla vurulan zərbə ilə öldürülmüşdülər.

Qəbir kamerası büsbütün talan edilmişdi. Burada yalnız üzəri dəridən kəsilmiş və üstü qalay təbəqəsi ilə örtülmüş xoruz təsvirləri ilə bəzədilmiş sarkofaq qalmışdı. Tabut 250 illik ağcaqayın ağacından düzəldilmişdi. Yerdə aplikasiya texnikası ilə hazırlanmış nazik keçə xalçanın parçalanmış hissələri aşkar edilmişdir. Onun üzərində pələng başları təsvir edilmişdi. M. Qryaznovun yazdığına görə, bu xalça kameranın divarını örtürdü və divara mis mismarlarla bərkidilmişdi. Qarətçiləri xalça yox, onu divara bərkidən mis mismarlar və ümumiyyətlə yalnız metaldan - qızıl, gümüş, mis, tunc və qalaydan hazırlanmış əşyalar maraqlandırmışdır. Xalça isə onların diqqətini çəkməmişdi və bu üzdən də mismarları qopararkən onu cırıb bir kənara atmışdılar. Onlar meyidin qızıl və gümüş bəzəklərlə bəzədilmiş geyim əşyalarını soyunduraraq özləri ilə yuxarıya aprmış, burada metal bəzəkləri söküb çıxartdıqdan sonra elə oradaca atıb getmişdilər (Грязнов М. П., 1956, с. 15).

Kamerada tabut və xalçadan başqa ağacdan hazırlanmış balta saplağına da rast gəlinib. Görünür, qarətçilər içəri daxil ola bilmək üçün qəbir kamerasının divarlarını onunla sökmüş, balta iş prosesində sınmış və bu səbəbdən də onlar atların dəfn edildiyi hissəyə keçə bilməmişdilər. Nəticədə kameranın o hissəsi toxunulmamış qalmışdır. Burada atlarla yanaşı onların yəhər və üzəngilərinə də rast gəlinmişdir.

1 №-li Pazırık kurqanında aşkar edilmiş yəhərlər hələlik elmə məlum olan ən qədim yəhərlərdir və öz sadəliyinə görə müasir yəhərlərdən çox fərqlənirlər. İçi şimal maralının yunuyla doldurulmuş iki qat dəri yastıq formasında olan bu yəhərlərin qayış və ağac bönövrələri yox idi.


http://aru-kem.ru/wp-content/uploads/2014/05/skif115.jpg http://iamkot.ucoz.ru/pazyirik/kon_pazyryk.jpg
Pazırık kurqanlarında sahibləri ilə birlikdə dəfn edilmiş atlar xüsusi zövqlə bəzədilirdi
Xüsusi törənlə keçirilən dəfn üçün nəzərdə tutulduqlarından üzəngi və yəhərlər çox dəbdəbə ilə hazırlanmışdı. 10 №-li atın bəzəkləri öz gözəlliyi və əsrarəngizliyi ilə xüsusi fərlənirdi. Belə ki, yəhərin yanlarından al qırmızı keçədən tikilimi pələng formalı qotazlar sallanırdı. Atın boynuna keçədən hazırlanmış boyunluq, üzünə isə onun alın və burun hissələrini örtən pələng şəkilli yaşıl üzlük taxılmışdı. Boyunluğun üzəri xoruz rəsmləri ilə bəzədilmişdi. Atın quyruğuna dar, naxışlı qapaq geydirilmişdi.

5 №-li atın bəzəkləri də boyunluq, quyruq qapağı və üzlükdən ibarət idi. Bunlardan ən maraqlısı üzlük idi. O, qrifonla pələngin savaşını əks etdirirdi. Yuxarıda qrifon təsvir edilmişdi. Onun başı və qanadları atın başı üzərində yüksəlir, bədəni isə heyvanın yanaqlarını örtürdü. O, qabaq pəncələri ilə pələngi tuturdu. Pələng isə onun sinəsini dişləyən və pəncələrini onun kürəylərinə qoymuş vəziyyətdə təsvir edilmişdi.

Digər atların bəzəkləri də 10 və 5 №-li atların bəzəklərindən geri qalmırdı. Onların hamısı al-əlvan rəngdə idilər və çox yüksək ustalıqla hazırlanmışdılar (Грязнов М. П., 1956, с. 16).

2 №-li Pazırıq kurqanı. 1947-1948-ci illərdə tədqiq edilmiş bu kurqan sakların məişətini və həyat tərzini daha yaxşı əks etdirir. Belə ki, bu abidənin qəbir kamerası ağzına qədər buzla dolduğundan içindəki əşyalar və onların ilkin vəziyyəti dövrümüzədək, qismən də olsa, dəyişmədən yetişə bilmişdir. Xaqanın və arvadının mumiyalanmış cəsədləri də qarətçilər tərəfindən kənara çıxarılmalarına, doğranmalarına və eybəcər hala salınmalarına rəğmən yaxşı qalmışdılar.
http://img-fotki.yandex.ru/get/6501/37360394.59/0_6fb06_c4a33e6b_l.jpg http://www.hermitagemuseum.org/wps/wcm/connect/f7a230a7-befb-44f1-8560-3410b4314fb8/s_woa_image_1.jpg?cacheid=0c727fe6-9bc3-4817-af5f-57f550ddbdf1&mod=ajperes
Pazırıqdan tapılmış at üzlükləri
Qarətçilər üstlərindəki bahalı bəzək əşyalarını çıxara bilmək üçün onların başlarını, əllərini və ayaqlarını kəsməli olmuşdular. Görünür, hər ikisinin böynunda sinəbənd və boyunbağı, qollarında qolbağ, ayaqlarında isə xüsusi halqalar olmuşdur.

Cəsədlərin hər ikisinin dərisi təbii rəngini saxlayırdı. Xaqanın bədəninə həkk edilmiş döymələr də aydın seçilirdi. Bunlar əsasən mifoloji varlıqların, pələng, maral və qartal kimi ayrı-ayrı heyvanların müxtəlif hissələrindən sintez edilmiş varlıqların təsvirlərindən oluşan mürəkkəb kompazisiyadan ibarət idi. Kompozisiya onun sinəsini və kürəyini, qollarını və ayaqlarını əhatə edirdi (Грязнов М. П., 1956, с. 19).

Qəbrə meyitlərin əyinlərindəkindən əlavə dəyişik geyimlər də qoyulmuşdu. Bunlar əsasən kişi üçün nəzərdə tutlan iki köynək, üzərinə maral başı həkk edilmiş dəri qaftan, keçə corablar və baş geyimindən, eləcə də qadın üçün incə bəzəkli dəri çiyinlik, keçə corab, tikməli baş geyimi, biri bəbir dərisindən, digəri isə adi dəridən iki cüt uzunboğaz çəkmədən ibarət idi. Sonuncular müxtəlif materiallardan hazırlanmış muncuqlarla bəzədilmişdi. Çəkmələr o qədər yumşaq idilər ki, sanki, xalça üzərində gəzmək üçün nəzərdə tutulmuşdular. Saklarda, görünür, bardaş quraraq oturmaq adət imiş, elə bu səbəbdən çəkmələrin altları da xüsusi zövqlə bəzədilmişdi.

Saklar xaqan və ya xan arvadlarının məzarlarına evdə işlədilən və əmək tələb edən məişət əşyaları qoymurdular. Bu ondan xəbər verir ki, bu qadınlar ev işlərindən azad idilər. Əvəzində isə yüksək rütbəli qadınlara məxsus məzarlarda müxtəlif musiqi alətlərinə, əsasən də dörd simli çəng (arfa) və öküz buyunuzundan hazırlanmış tamburaya rast gəlinir. Bu musiqi alətləri Ön Asiya mənşəli hesab edilirlər.



Buradan əldə edilmiş ən maraqlı tapıntılardan biri də açılıb-yığılan ayaqlı masa-qabdır. Bu tip əşyalar, bir qayda olaraq, pələng formasında düzəldilərdi. Digər kurqanlarda olduğu kimi, 2 №-li Pazırık kurqanında da dəri çanta, su qabı və kisələrə, taxta qab-qacağa, uzun boğazlı keramik qablara rast gəlinib. Bu baxımdan başları birbirinə dəri qaytanla bərkidilmiş «altıayaq»lar da istisna deyillər. M. Qryaznovun fikrincə, onlar dəri çadırla örtülər və çətənə tüstüsündən keflənmə üçün istifadə edilərdilər. Bu barədə Herodot məlumat verməkdədir.
http://kronk.spb.ru/img/rudenko-si-1952-073.jpg
Pazırık kurqanlarındakı əşyalarda rast gəlinən ən yayğın təsvirlərlərdən bəziləri
Digər Pazırık kurqanlarında, o cümlədən 1№-li Pazırık kurqanında olduğu kimi 2 №-li Pazırık kurqanında da ölü ilə birlikdə onun atlarının da dəfn edilməsi adətinin şahidi oluruq. Burada da atlar kameranın ikinci, şimal hissəsində aşkar edilib. Amma onlar qəbrin dibində deyil, onun üst hissəsində dəfn edilmişdilər. Burada atların sayı yeddi idi və onların biri daha zəngin bəzəklərə sahib idi. Onun yanında boyunluq, kəhər və üzəngi ilə yanaşı, çox ustalıqla hazırlanmış üzlük də tapılmışdır (Грязнов М. П., 1956, с. 20-21).

Qaynaqça


  1. Грязнов М. П. Культура и искусство ранних кочевников Алтая // Первобытная культура. Вып. 2. «Искусство», М., 1956, с. 9-22.

  2. Гук Д. Ю. Повозка из Пятого Пазырыкского кургана // Культура степной Евразии и их взаимодействие с древними цвилизациями. Книга 2. СПб: ИИМК РАН, «Переферия», М., 2012, с. 454-457.


Yüklə 32,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə