Bəxtiyar Tuncay Sakların genetik yapısı nədən və kimlərdən xəbər verir?



Yüklə 141,15 Kb.
tarix26.08.2018
ölçüsü141,15 Kb.
#64895

Bəxtiyar Tuncay

Sakların genetik yapısı nədən və kimlərdən xəbər verir?



http://xn--80abubbalb5cgec5b4kf.xn--p1ai/find/arjan/gryaznov-mp-1980-15-colors.jpg

Pazırıkdan, eləcə də Taqar mədəniyyətinə aid kurqanlardan əldə edilmiş sümük qalıqlarının genetik analizlərinin nəticələrinə görə, həm saklar (Ricaut F. et al., 2004), həm də sak-dinlinlərə aid olduğu bildirilən Taqar mədəniyyətinin daşıyıcıları (Keyser C. and et al., 2009) eyni haploqrupa – R1a haploqrupuna sahib olmuşlar. Eyni zamanda məlum olmuşdur ki, Çin mənbələrində «xunnu» kimi qeyd edilən, Şərq hunları hesab edilən Tarım mədəniyyətinin daşıyıcıları da eyni haploqrupdan idilər (Kim K. and et al., 2010). Lakin təssüflər olsun ki, nə «Pazırıklı»ların, nə «Taqarlı»ların, nə də «Tarımlı»ların genetik yapısnın incəlikləri, haplotipləri və snipləri haqqında ətraflı məlumata sahib deyilik, bu üzdən də onların bilavasitə hansı türk nəslinə aid olduqlarını tam dəqiqliklə söyləyə bilmirik (Муратов Б. А., Суюнов Р. Р., 2014).

Lakin əlimizdə Anderhill və digər alimlərin birlikdə gerçəkləşdirdikləri, 2014-cü ildə nüfuzlu «Europian Journal Human Genetics» dərgisində dərc etdirdikləri geniş tədqiqatların nəticələri var və bu nəticələr Ural, Sibir və Orta Asiya əhalisinin Y-xromosomlarının qədim DNT nümunələri ilə müqayisəli şəkildə öyrənilməsini əhatə edir (Проект R1a на FTDNA). Maraqkıdır ki, 2012-2014-cü illərdə həyata keçirilən və müxtəlif türk xalqları arsında mövcud olan qıpçaq boylarının etnogenezini öyrənməyə həsr edilmiş «Suyun» etnoqenomika tarixi tədqiqatları layihəsi çərçivəsində gerçəkləşdirilmiş DNT testləri başqırdların kıpsak (qıpçaq) və teleu boylarının R1a–Z2123 subkladının daşıyıcıları olduğunu müəyyənləşdirmiş və onlar FTDNA-da sak-dinlinlərin şərqi aors klasterinə aid edilmişlər. Bundan başqa, qaraçaylıların Botaşevlər, Akbayevlər, tatarların Sabitovlar, Mirasovlar kimi soyları, eləcə də başqırdların elan (alan) boyundun olan soylarının bir qismi də eyni qrupda yer almaqdadır (Муратов Б. А., Суюнов Р. Р., 2014a).

Antik müəlliflərin skif , bəzənsə sarmat boyu kimi qələmə verdikləri aorsların sak-dinlinlərin bir qolu olduğunu və onların genetik varislərinə bu gün də tatar, başqırd və qaraçay türkləri içərisində həyatlarını sürdüklərini görürük. Sak-dinlinlərin soyundan olan bu aorslar kimdir və onlar haqqında daha nə bilirik?

Çin mənbələrində «yantsay» // « antsay» (Вернадский Г. В., 1996; Сулимирский Т., 2008) adlandırılan aorsların şərqi sarmatların bir qolu olduğu, Aral sahillərində (Керефов Б. М., c.130-131), Cənubi Uralda (Скрипкин А. С., 1990, 299 с. 193, 198-199, 211-212, 219-220) və Aşağı Volqa sahillərində (Смирнов К.Ф., 1977) yaşadıqları, iki böyük nəslin – avarların və sakların // sayların birləşməsindən törədikləri (Аорсы, 1964) hesab edilir. Mütəxəssislərin fikrincə, aorsların bir qismi sonrakı dövrlərdə alanların tərkibinə daxil olmuş, digər qismi isə Almaniya və Prussiyaya mühacirət edərək, öz toxumlarını orada səpmişlər. Elə bu səbəbdən də almanlar içərisində çox sayda R1a-Z2123 geninin daşıyıcısı var (Муратов Б. А., Суюнов Р. Р., 2014). Eyni zamanda, tarixi mənbələrdən Prussiya zadəganlarının kumıs içdikləri və onu çox sevdikləri məlumdur (Очерки истории Восточной Пруссии, 2002).

Yenə tarixi mənbələrdən məlum olduğu kimi, aorsların üçüncü hissəsi e.ə. I minillikdə Cunqariyaya köçmüş (Клёсов А. А., Муратов Б. А., Суюнов Р. Р., 2013), burada «kun» adı altında teles soybirləşməsinə daxil olmuşlar (Евстигнеев Ю.А., 2012). Belə hesab edilir ki, başqırdların kıpsak (qıpçaq) və teleu boyları bilavasitə onların nəslindəndirlər və R1a-Z2123 Y-xromosomunu onlardan miras almışlar. Aorsların bu hissəsi Çin mənbələrində «aba» (abar // avar) adlanır (Муратов Б. А., Суюнов Р. Р., 2014a).

Aorsların Aral sahillərində qalan və avar-sak ittivaqına daxil olan dördüncü hissəsi VI əsrə qədər həmin ərazidə yaşamış, sonradan Aşina soyundan olan türklərin təzyiqi ilə Dunay sahillərinə köç etmiş və orada Avar Xaqanlığını qurmuşdular (Гумилёв Л. Н., 1991).

A. Klyosovun yazdığına görə, sak və hunların daşıyıcıları olduqları R1a-Z2123 geninin uzaq əcdadı olan R1a-Z93 subkladının daşıyıcıları Rusiyanın cənubunda təqribən 5000 il öncə peyda olmuşlar. Burada onlardan Z94, Z2124 və L657 nəsilləri, Z2124-dən isə Z2123 nəsli budaqlanmışdır. Bu nəsilin (saklar və hunlar) bir qismi sonradan L657 nəslinin nümayəndələri ilə birlikdə Hindistana, Z2124 nəsli isə Bəlxə (Baktriya) köçmüşdülər. Z2123 nəslinin köçməyən, Rusiyanın cənubunda qalan hissəsinin (skiflər) davamçılarına bu gün də qaraçaylı, balkar, tatar və başqırdlar arasında sıx-sıx rast gəlinir (Клесов A. A., 2016, с. 62).

Genetik tədqiqatlar nəticəsində gəlinən bu nəticə tarixi mənbələrin dediklərini bütünlüklə təsdiq edir. Belə ki, həmin mənbələrdən sakların bir qisminin Hindistana köç etdikləri məlumdur. Bu barədə C. Nehru belə yazır: «Bizim eradan öncə, iki yüz il boyunca Hindistana bir neçə belə axın olmuşdur. Lakin sən belə düşünmə ki, köçlərin məqsədi buraları tutmaq və yağmalamaq idi. Bu xalqlara yeni ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Məkəzi Asiyada köçəri boylarının əksəriyyəti çoxalıb artdıqca. yaşadığı ərazilər onların dolanışığı üçün çatmırdı. Və onlar da yeni torpaqlara köçüb yurd salmağa məcbur idilər. Belə böyük yerdəyişmələrə bir çox hallarda başqa boyların təzyiqləri də səbəb olurdu... Sonra sak axınları başlandı. Onlar çox idilər və Hindistanın şimal və qərb ərazilərinə yayıldılar. Saklar türklərin böyük köçəri boylarından idilər. Onları da öz yerlərindən başqa böyük bir boy olan kuşanlar çıxarmışdı. Bütün Baktriya və parfiyanı bürüyən saklar tədricən Pəncab, Racputan və Katxivarda yurd saldılar» (Неру Дж., 1981, c. 129).

Mütəxəssislər buddizmin yaradıcısı hesab edilən Buddanın (e.ə 557-447) sak əsilli Hindistan şahzadədəsi olduğu fikrində yekdildirlər. Onun sak əsilli olmasını hinddilli sutralarda adının "Şakya Muni" yəni "sak Muni" kimi çəkilməsi də təsdiqləyir. Şərqdəki saklar barədə ilk məlumat verən tarixçilərdən olan Van Qunun məşhur "Xanşu" əsərinə şərhlər yazan Yan Şiqu qədim Çin mənbələrində "se" kimi işlənən, "sək" kimi oxunan və sak anlamına gələn işarənin ifadə etdiyi xalq, yəni saklar haqqında yazır ki, bu, «Qərb tərəfdə dövlət adıdır, budda sutralarında "Şakya" adlanır» (Восточный Туркестан.., 1988, c. 229).

Maraqlıdır ki, hinddilli buddist mətnlərdə "Şakya Muni" kimi çəkilən ad türkdilli mətnlərdə "Şakı Muni" kimi çəkilir (Древнетюркский словарь, 1969, c. 520) ki, buradakı "şakı" ifadəsi sakların özlərinin özlərini adlandırma şəklidir. Qədim Türk lüğətində türkdilli buddist mətnlərində rast gəlinən "şakı" termininin etnonim olduğu və həmin etnonimin Buddanın mənsub olduğu xalqın adını ifadə etdiyi bildirilir (Древнетюркский словарь, 1969, c. 520). Buddanın öz dinini ilk olaraq, saklar (şakyalar) arasında yaydığı da məlumdur (Дяконова И. В., 1984, c. 98).

Sakların guya irandilli olduqlarını hər vəchlə sübut etməyə çalışan bəzi alimlər Buddanın sak olması və brahmi əlifbasının məhz Hindistanın sak hakimiyyəti altında olduğu dövrdə ortaya çıxdığını əldə əsas tutaraq brahmi əlifbası ilə qeydə alınmış, hindavropa mənşəli ölü bir dildə yazılmış mətnləri "sak dili" elan etmişlər. Məsələn, İ.Oranski bir yandan yazır ki, «Orta Asiya və Çin Türküstanının qədim sak dialektlərinə gəlincə, onlar haqqında, qədim fars yazılarında və qədim yunan müəlliflərinin əsərlərində qorunub saxlanmış bir neçə şəxs və yer adından başqa, heç bir şey məlum deyildir», digər tərəfdən isə iddia edir ki, «XX əsrdə təşkil edilmiş ekspedisiyalar zamanı Xotəndən və Çin Türküstanının digər yerlərindən tapılmış, hind brahmi əlifbası ilə yazılmış irandilli mətnlərin (V-X əsrlər) dili hazırdai sak dili hesab edilir» (Орансий И. М., 1963, c. 90-91).

Şübhəsiz ki, bu fikirləri ciddiyə almaq mümkün deyildir. Çünki müəllif öncə sak dili barədə bir neçə antrponim və toponimdən başqa heç nə məlum olmadığını yazır, o biri tərəfdən də mənşəyi məlum olmayan hansısa ölü dili sak dili elan edir. Halbuki İssık yazıları sak dilinin əslində türk dili olduğunu birmənalı və təkzibedilməz şəkildə ortaya qoymuşdur. Bununla belə, nə qədər qəribə olsa da, sakların dilini "xotən" və ya "xotən-sak" dili adlandıran alimlər (Орансий И. М., 1963, c. 91; Фрай Р.,1972, c. 223), bu dili İran dillərinə aid etmələrinə rəğmən, haqlıdırlar.

Qeyd edək ki, Xotəndən eyni zamanda eyni əlifba ilə yazılmış buddist məzmunlu, türkdilli mətnlər də tapılmışdır. Həmin mətnlərin Çin Türküstanından tapılması təbiidir. Çünki bir vaxtlar sakları sıxışdıraraq Hindistana köçə zorlamış başqa bir türk boyu kuşanlar (Неру Дж., 1981, c. 129) e.ə. ll əsrdən etibarən hunların təzyiqi ilə güneyə hərəkət etmək zorunda qalmış, sakları Hindistandan da sıxışdıraraq, onları Türküstana, əsasən də Şərqi Türküstana (Çin Türküstanı, Uyğurustan) köç etməyə məcbur etmiş, özləri isə onların taxt-tacına sahib olaraq böyük bir imperiya qurmuşdular.

Türkdilli buddist mətnlərin böyük əksəriyyəti dövrümüzədək uyğur əlifbasına çevrilmiş vəziyyətdə gəlib çatmışdır. Çox güman ki, dili uyğur dili olan bu mətnlərin heç də hamısı brahmi əlifbasından uyğur əlifbasına çevrilmiş qədim sak mətnləri deyildir. Bunların içərisində sonrakı dövrlərdə buddist kuşanlar tərəfindən yazılan əsərlər də ola bilər və təbii ki, var.

Konkret olaraq buddist məzmunlu və türk dilli ədəbiyyatın yaradıcıları olan saklara gəlincə, onlar uzun müddət Hindistanda yaşadıqları və hind mədəniyyətinin təsiri altında olduqları üçün dillərinə çox sayda hind mənşəli söz və ifadə keçmişdir. Elə bu üzdən də sak ədəbiyyatı hind kəlmələri ilə doludur. Mahmud Kaşğarlı həmin dili «xotən dili» adlandırır və xotənlərı digər türklərdən (uyğurlardan) fərqləndirərək onların ayrı dili (ləhcəsi) və yazısı (brahmi?) olduğunu, dillərinin də hind dilinin təsirinə məruz qaldığını qeyd edir və daha sonra yazır: «Xotənlər və kəncəklər sözün əvvəlindəki əlifləri "h" hərfi ilə əvəzləyirlər… Məsələn, onlar ataya "hata", anaya "hana" deyirlər» (Əskər R., 2008, s. 324). Kaşğarlı eyni zamanda bildirir ki, şəhərdə yaşayan türklər ikidillidirlər və o bu türklərə xotən və kəncəkləri misal çəkir. Görünür, Xotəndən tapılmış, brahmi əlifbası ilə yazılmış buddist mətnlərinin iki dildə, türk və ölü bir İran dilində olması məhz bununla bağlıdır.

Məlumat üçün bildirək ki, xotənlərin böyük əksəriyyəti sonrakı əsrlərdə İslamı qəbul etmiş və uyğurların içində ərimişdir. Buddizmdən dönməyənlər isə qədim ləhcələrini saxlamaqda və xotən adı altında Monqolustanda yaşamaqdadır. S. Brukun yazdığna görə, XX əsrin 80-ci illərinin başında bu türkdilli xalqın sayı cəmi 3000 nəfər idi və hazırda monqol dilinə keçmişlər (Брук С. И.,1986, c. 398-399).

Maraqlıdır ki, xotənlər də eynən saklar kimi R1a haploqrupunun daşıyıcısıdırlar və onlar bu baxımdan 80%-lik göstərici ilə bütün türk xalqlarını geridə qoyurlar.

Hindistanda R1a-Z2123 geninin yaylmasında saklarla yanaşı, onları bu ölkədən sıxışdıran hunların, daha dəqiq desək, ağ hunların (eftalitlərin) da az rolu olmamışdır. Söhbət ağ hunların bir qolu olan (Konukçu E., 1973), başçıları eynən oğuzlarda olduğu kimi "yabqu" titulu daşıyan (Гейбуллаев Г.А.,1991, c. 287; Konukçu E., 1973; Фрай Р., 1972, c. 275; Glauson G., 1960, c. 15) kuşanlardan gedir. Ət-Təbəri bu xalqın hökmdarlarını "türklərin xaqanı" adlandırmışdır. V əsr erməni tarixçisi Yeqişedə isə belə bir ifadə var: «Kuşan adlandırılan hunlar ölkəsi» (Гейбуллаев Г.А.,1991, c. 287).

Hazırda Hindistan əhalisinin 14 faizində R1a haploqrupu aşkar edilmişdir. Nəzərə alsaq ki, bu haploqrupun daşıyıcısı olan türklər – saklar (şakyalar) və ağ hunlar (kuşanlar) uzun müddət bu ölkədə hakimiyyət sürmüşlər, hinduizmi qəbul etdikdən sonra onların Hindistanın yüksək kastalarında yer almaları və bu kasta mənsublarının böyük hissəsində türk genlərinə rast gəlinməsi təbiidir. Əldə olan məlumatlara görə, Hindistanın Qərbi Benqaliya və Uttar-Pradeş ştatlarında yaşayan brahmanlar içərisində R1a haploqrupuna sahib olanlar müqabil olaraq 72% və 67% təşkil edirlər (The Autochthonous.., 2007).



Qaynaqça

  1. Əskər R. Mahmud Kaşğari və onun "Divanü Lüğə-it-Türk" əsəri. Bakı, 2008.

  2. Glauson G. Turk, Monqol, Tungus. AM. nev. ser.v.8, Budapest,1960.

  3. Keyser Ch., Bouakaze C., Crubézy E., Nikolaev V. G., Montagnon D., Reis T., Ludes B. Ancient DNA provides new insights into the history of south Siberian Kurgan people. 16 may, 2009 (https://link.springer.com/article/10.1007%2Fs00439-009-0683-0).

  4. Kim K., Brenner Ch, et al. A western Eurasian male is found in 2000-year-old elite Xiongnu cemetery in Northeast Mongolia // Am J Phys Anthropol. 2010 Jul;142(3).

  5. Konukçu E. Kuşan və akhunlar tarihi. Ankara, 1973.

  6. Ricaut F. et al. Genetic Analysis of a Scytho-Siberian Skeleton and Its Implications for Ancient Central Asian Migrations // Human Biology. 76 (1), 2004.

  7. The Autochthonous Origin and a Tribal Link of Indian Brahmins: Evaluation Through Molecular Genetic Markers, S. Sharma (1,2), E. Rai (1,2), S. Singh (1,2), P.R. Sharma (1,3), A.K. Bhat (1), K. Darvishi (1), A.J.S. Bhanwer (2), P.K. Tiwari (3), R.N.K. Bamezai (1) 1) NCAHG, SLS, JNU, New delhi; 2) Department of Human Genetics, GNDU, Amritsar; 3) Centre for Genomics, SOS zoology, JU, Gwalior, Page 273 (1344/T), Published in The American Society of Human Genetics 57th Annual Meeting, October 23-27, 2007, San Diego, California.

  8. Аорсы; Смирнов К. Ф., Савроматы, М., // Большая советская энциклопедия, 1964.

  9. Брук С. И. Население мира - этнодемографический словарь. "Наука", М.,1986.

  10. Вернадский Г. В. Древняя Русь. Тверь, М., 1996.

  11. Восточный Туркестан в древности и раннем средневековье. М.,1988.

  12. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. "Элм", Б.,1991.

  13. Гумилёв Л. Н. Тысячелетие вокруг Каспия. Баку, Азернешр, 1991.

  14. Древнетюркский словарь,"Наука", Ленинград,1969.

  15. Дяконова И. В. Осада Кушангары. Восточный Туркестан и Средняя Азия. "Наука", М., 1984.

  16. Евстигнеев Ю. А. Куманы/куны кто они?//Общество. Среда. Развитие (Terra Humana), №2, 2012.

  17. Керефов Б.М. Памятники сарматского времени Кабардино-Балкарии. Нальчик, Эльбрус, 1988, 216 с.

  18. Клёсов А. А. ДНК-генеалогия от А до Т. М.: Книжный мир, 2016. 475 с.

  19. Клёсов А. А., Муратов Б. А., Суюнов Р. Р. ДНК-генеалогия башкирских родов//Proceedings of the Academy of DNA Genealogy. Vol.6, №6, June 2013, Boston-Moscow-Tsukuba. P.1083-1102.

  20. Муратов Б. А., Суюнов Р. Р. Саки-динлины, аорсы, Ашина и потомки кланов Дешти-Кыпчака по данным ДНК-генеалогии // Весиник Академи ДНК-генеалогии. Т. 7. № 8, август, 2014, с. 1198-1226.

  21. Муратов Б. А., Суюнов Р. Р. ДНК-генеалогия башкирских родов из сако-динлинской подветви R-Z2123 // Суюнов Р. Р. Гены наших предков (2-е издание). Т.3, серия ЭиД, ЭИП «Суюн». Vila do Conde, Lidergraf, 2014a, c.46-48.

  22. Неру Дж. Взгляд на всемирную историю. 1т., М., 1981.

  23. Орансий И.М. Иранские языки. М.,1963.

  24. Очерки истории Восточной Пруссии; Калининград, ФГУИПП «Янтарный сказ», 2002.

  25. Проект R1a на FTDNA, familytreedna.com/public/r1a.

  26. Скрипкин А.С. Азиатская Сарматия. Проблемы хронологии и ее исторический аспект. Саратов, Издательство Саратовского университета, 1990, 299 с.

  27. Смирнов К.Ф. Савроматы и сарматы // Проблемы археологии Евразии и Северной Америки. М.: 1977, c. 129-137.

  28. Сулимирский Т. Сарматы. Древний народ юга России. М., Центрполиграф, 2008.

  29. Фрай Р. Наследие Ирана.М.,1972.

 


Yüklə 141,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə