Bəxtiyar Tuncay Şimaili Azərbaycanın orta tunc dövrü kurqan abidələri



Yüklə 396,23 Kb.
səhifə1/2
tarix08.01.2018
ölçüsü396,23 Kb.
  1   2

Bəxtiyar Tuncay

Şimaili Azərbaycanın orta tunc dövrü kurqan abidələri

http://static.panoramio.com/photos/large/64419600.jpg

E.ə. II minillikdə hettlərin hücumu Anadoludakı Alaca-Höyük və Arslantəpə kimi şəhərləri ələ keçirməsi ilə Kür-Araz mədəniyyəti öz yerini boyalı qablar mədəniyyətinə verdi. Gözləmək olardı ki, hett işğalından sonra Cənubi Qafqazın da həyatında bir sönüklük əmələ gələcək. Lakin gözlənilənin əksinə olaraq, bu bölgənin, o cümlədən Azərbaycanın orta tunc dövrü kurqanları ilk tunc dövrünə nisbətən daha zəngindir. Fikrimizcə, bunun yalnız bir səbəbi ola bilər. Görünür, hett işğalları protooğuz-qıpçaqların elitar hissəsini Qafqaza köçməyə məcbur etmiş, onlarla birlikdə bölgəyə zənginlik gəlmişdi.

Mil-Qarabağ zonasının, xüsusən də Qarqarçay və Tərtərçay hövzəsinin orta tunc dövrü abidələri ilk və son tunc dövr abidələri ilə müqayisədə nisbətən zəif öyrənilmişdir ki, bu da ilk növbədə həmin dövrə aid qəbir abidələrinə az təsadüf edilməsindən qaynaqlanmışdır. Təkcə onu demək kifayətdir ki, Borsunlu nekropolundakı tədqiq edilmiş 30-dan çox kurqandan sadəcə bir neçəsi sözügedən dövrə aiddir və onların da əksəriyyətinin yerüstü hissəsi dağıdıldığından çox çətinliklə aşkar edilmişlər. Bununla belə, Qarqarçay və Tərtərçay hövzəsində üzə çıxarılmış orta tunc dövrü qəbir abidələrinin çoxuna məhz Borsunlu nekropolunda rast gəlinib. Bunlar 1 və 30 №-li kurqanlar, eləcə də təsadüfən açılmış bir qəbir və bir sallama qəbirdən ibarətdir. (Cəfərov H. F., 2000, s. 56).

Qarabağın orta tunc dövrü qəbir abidələri başlıca olaraq Borsunlu kupqanları ilə təmsil olunmuşdur. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.

Şamkir-Gədəbəy şose yolunun yaxınlığında yerləşən nekropolda 1983-cü ildə tədqiq edilən 4 №-li kurqan Orta Tunc dövrunun son mərhələsinə aid material vermişdir. Torpaqda qazılmış qəbir keramikası kromlexlə əhatə edilmiş və torpaq kurqanla örtülmüşdür. Kurqan örtüyünün altında kül layı içərisində uşaq skeletinə, onun ətrafında saplaqlı tunc xəncər və Orta Tunc dövru üçün xarakterik 3 gil qab aşkar olunmuşdur. Bundan aşağıda aşkar olunan qəbir kamerasında yanmış sümüklər dəfn edilmişdir. Buradan obsidiandan hazırlanmış bıçaq tipli alət də tapılmışdır. Kurqan e.ə. XVII-XVI əsrlərə aid edilmişdir.

1 №-li Borsunlu kurqanı eyniadlı nekropolun «Gen dərə» adlı sahəsində cərgə ilə düzülmüş kurqanlar qrupunun şimalında aşkar edilmişdir. Örtüyünün mərkəzi və ətəyi iri çay daşlarından qurulan və aralarına kiçik ölçülü daşlar və gəc doldurulan bu kurqanın hündürlüyü 1, 5 m, diametri 20 m-ə qərəd olub. Kurqan örtüyünün altında, mərkəzi hissədə yerləşən, 4 m diametrə və 2.1 m dərinliyə sahib olan qəbrin içinə narın çay daşları və torpaq doldurulmuşdu. Elə bu da onun divarlarının uçmasının qarşısını almışdır.



file:amulet from borsunlu.jpg
Borsunlu kurqanından tapılmış sürtkəc
Öz konstruksiyasına görə 36 №-li Göygöl (Xanlar) kurqanı xatırladan 1 №-li Borsunlu kurqanının qəbir kamerasının müxtəlif dərinliklərində mərmərdən yonularaq yüksək səviyyədə hazırlanmış kürəşəkilli toppuza, qara cilalı qab fraqmentlərinə, qoyuna aid onurğa sümüyü və dişlərə, eləcə də insana aid əl və lülə sümüklərinə və dişlərinə rast gəlinmişdir.

Hələ qədimdə qarət edildiyi ehtimal edilən kurqandan çıxan axeoloji materiallar onu II minilliyin əvvəllərinə aid etməyə imkan vermişdir. Buradan əldə edilən toppuz ilk və son tunc dövrünə aid analoji toppuzlardan fərqlənir (Cəfərov H. F., 2000, s. 56).

30 №-li Borsunlu kurqanı eyniadlı nekropolun «Narlı dərə» sahəsində yerləşən və araşdırmalara cəlb edilmiş ikinci kurqandır. Onun örtüyü daş və gəcdən ibarət idi. Hümdürlüyü 0,6 m, diametri isə şimal-cənub oxu böyunca 8 m, şimal-qərb istiqamətdə 6 m olan kurqan örtüyünün altında 2,8 x 1,7 m ölçülü, düzbucaqlı formalı və uzunsov şəkilli qəbir aşkar edilmişdir. Onun içi iri daşlar və gəclə doldurulmuşdu. Orada başı qərb istiqamətində olan, bükülü vəziyyətdə uzadılan, əsasən çürümüş insan skeletinə rast gəlinmişdir.

30 №-li Borsunlu kurqanı qəbir avadanlığı baxımından kasıb kurqanlardandır. Oradan sadəcə iki ədəd keramika və bir neçə kürə formalı qırmızı muncuq əldə edilmişdir. Qablar çəhrayı astarlı, alçaq düz ağızlı, krə gövdəli küpələrdən ibarət idi. Onlar əsasında kurqanın orta tun dövrünün sonlarına aid olduğu müəyyən edilmişdir (Cəfərov H. F., 2000, s. 56).



5 №-li Qaracəmirli kurqanı (Huseynova M., Əliyev İ.). Kurqandan əldə edilmiş materiallar Alaca-Höyükün hettərə qədərki incəsənətini xatırladır. Görünür Anadoluda, o cümlədədn Alaca-Höyük və Arslantəpədə hett işğalıbdan sonra türk soy və boylarının Qafqaza kütləvi köçü baş vermişdir.
Orta tunc dövrünə aid Borsunlu abidələri içərisində 22 m diametri və 2 m hündürlüyü olan daş örtüklü 12 №-li Borsunlu kurqanında rast gəlinmiş sallama qəbirin də özünəməxsus yeri var. Sözügedən qəbir kurqanın dördkünc formalı əsas qəbir kamerasını mərkəzdən yarıb keçərək, daha 0,5 m dərinlikdə basdırılmışdır. Buradakı qəbir kamerası da düzbucaqlı formadadır, 2,8 x 2,8 m ölçülərinə sahibdir. Burada sağ yanı üstə, çox bükülü vəziyyətdə, başı qərb istiqamətdə basdırılmış insan skeletinə və 20-dən artıq saxsı qaba rast gəlinmidir.

Skeletin sağ əlinin yanında hematitdən hazırlanmış ağır toppuz başlığı, kiçik daş qab, boyun hissəsində isə dəniz ilbizinin çanağından, tunc və pastadan hazırlanan muncuqlar tapılmışdır. Pasta muncuqlardan birinin üzərində nazik qızıl təpəqəsinin kiçik parçası var idi. Materialların təhlili nəticəsində qəbrin orta tuncun sonlarına, son tunc dövrünə keçid mərhələsinə aid olduğu məlum olmuşdur (Cəfərov H. F., 2000, s. 57).

Sallama qəbirdən çıxan saxsı nümunələri əsasən küpə, cam və badyalardan ibarətdir. Küpələr say baxımından çoxluq təşkil edir. Mütəxəssislər onları ölçülərinə və başqa xüsusiyyətlərinə görə üç yarımqrupa bölmüşlər. Bunlardan birinci yarımqrupa daxil olanlar böyük ölçüləri, divarlarının qalınlığı və forması ilə digərlərindən fərqlənirlər. Qırmızıya çalan çəhrayı rəngli gildən hazırlanmış bu qabların oturacaqları yastı, ağızlarının kənarları düz olmaqla, azacıq yana meyillidir. Uzunsov kürə şəkilli gövdəyə malikdirlər. Əldə hazırlanmalarına baxmayaraq, simmetrikdirlər. Onların eyni ustanın əl işi olduğu hesab edilir.

İkinci yarımqrupa daxil olan küpələr əvvəlkilərdən orta ölçüdə olmaları və divarlarının nazikliyi ilə seçilirlər. Qırmızımtı-şabalıdı rəngdə olan bu qablar da kürə şəkilli gövdəyə və yastı oturacağa sahibdirlər. Onlarda əldə hazırlanmışlar və ağızlarının səthi düz formalıdır (Cəfərov H. F., 2000, s. 57).



5 №-li Qaracəmirli kurqanı. Küp. Üzərindəki maral təsviri Alaca-Höyükün hettlərə qədərki maral təsvirlərini xatırladır (Huseynova M., Əliyev İ.).
Əvvəlki yarımqruplara daxil edilən küpələrdən hazırlanma texnologiyası və xarici əlamətlərinə görə fərqlənə üçüncü yarıpqrupa aid küpələr formaca kürəşəkillidirlər, nazik və cingiltili divara sahibdirlər. Səliqə ilə sığallanmış bu qabların çiyin hissəsində qulaqcıqları xatırladan çıxıntılara rast gəlinir.

12 №-li Borsunlu kurqanında rast gəlinmiş sallama qəbirdən çıxan qablardan biri xüsusi diqqət çəkir. Forma və ölçüsünə görə üçüncü yarımqrupa aid qablara çox yaxın olan bu qab özünün naxışlarının zənginliyi ilə digərlərindən seçilir. Buradakı naxışların mərkəzində «svastika» işarəsi yer alır.

Badya tipli camların ağzlarının kənarı düz, oturacaqları yastıdır. Qablardan birinin oturacağı dabana sahibdir. Onun ağzının kənarında simmetrik şəkildə yapışdırılmış qoşa «qulaqcıq» yer alır. Başqa bir qabda isə bənzər qulaqcıqların çiyin hissəyə yapışdırıldığı müşahidə edilir.

Qablardan biri məsaməli çay daşından hazırlanmışdır. Ədviyyat əzmək üçün nəzərdə tutulduğu ehtimal edilən bu qab kiçik ölçülü camları xatırladır (Cəfərov H. F., 2000, s. 57).

Borsunluda aşkarlanaraq öyrənilən dördüncü orta tunc abidəsi 1982-ci ildə təsərrüfat işləri zamanı təsədüfən üzə çıxan 3 x 2 x 1.5 m ölçülü torpaq qəbirdir (Cəfərov H. F., 2000, s. 57). Bundan başqa, eyni dövrə aid bənzər qəbir abidəsinə yaxınlıqdakı Köndələnçay hövzəsindəki Qarabulaq nekropolunda, eləcə də Köndələnçayın sağ sahilindəki Günəştəpə abidəsində də rast gəlinmişdir. Qarabulaqdakı qismən dağılmış qəbirdən Üzərliktəpə tipli saxsı qab nümunələri aşkar edilmişdir (Исмаилзаде Г. С., 1971, s, 95-99). Bu tip qablar e.ə. II minilliyin əvvəlləri üçün xarakterikdir. Günəşlitəpədəki qəbir isə e.ə XVIII əsrə aid edilir (Алиев В. Г., 1991, c. 59).

Orta tunc dövrünə aid bu tip abidələrə Azərbaycanın, demək olar ki, bütün zonalarında rast gəlinib (Cəfərov H. F., 2000, s. 59). Hər iki qəbirdən əldə edilmiş keramika nümunələrində müşahidə edilən bir sıra spesifik xüsusiyyətlər onların orta tünc dövrünün məhsulu olması ilə yanaşı, orta tunc dövründən son tunc dövrünə keçidin əlamətlərini daşıyır. Bu tip qablara Qaracəmirli kurqanlarında da rast gəlinmişdir (Hüseynov M. Ə., 1992, s. 12-14).

Borsunlu kurqanlarında aşkar edilmiş materialları təhlil edən H. Cəfərov qeyd edir ki, bu materiallaral eyni dövrə aid yaşayış məskənlərindən tapılan materialları müqayisə edərək bildirir ki, həm kurqanlardan, həm də yaşayış yerlərində tapılmış saxsı qab nümunələrinin oxşarlığı diqqət çəkir.

Xaçbulaq kurqanları. Orta Tunc dövrünə aid kurqanların bir qrupu Daşkəsən rayonunda, Xaçbulaq yaylağında yerləşir. Xaçbulaqdakı 1 №-li kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal-cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri İlk Tunc dövrunə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyundə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir.

Torpaqda qazılmış qəbirin forması muəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu heyvan sümuklərinə, ağac kömurunə rast gəlinmişdir. Kəllənin ətrafından qara, qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə ucluğu, obsidian və caxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur.

İkinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə xırdabuynuzlu heyvan skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. İnsan və heyvan skeletlərinin ortasında gil qab parcalarına rast gəlinmişdir. Bu qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə, Babadərviş və II Kültəpədən məlumdur (Джафарзаде И. М., 2012, s. 592-593, 595-596, 598-599, 607, 613, 616-618).

1959-cu ildə, Xaçbulaq yaylağında, «Hamamdüzü» adlanan yerdə üç kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömur qalıqlarına rast gəlinmişdir.

Kurqanın altında yerləşən torpaq qəbirin ölçüləri 2,9 x 1,3 x 0,8 m-dir. Qəbir kamerası şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis qaldığından, onun yalnız lülə sümüklərinə və dişlərinə aid qalıqlar aşkar olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan e.ə. II minilliyin ortalarına aid edilmişdir.

Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli nizə ucu tapılmışdır. Arxeoloq H. P. Kəsəmənli həmin nizə ucunu Cənubi Qafqaz və Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin sonlarına aid etmişdir (Джафарзаде И. М., 2012, s. 592-593).

Xaçbulaqda tədqiq olunan Orta Tunc dovrunə aid digər kurqan 1962-ci ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın hündurlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq qatı, tunc nizə ucluğu, gümüş düymə və qara rəngli gil qab parcaları aşkar olunmuşdur. Bu təbəqədən altda yerləşən qəbir kamerasının uzunluğu 1,6, eni 0,9, dərinliyi 0,8 m olmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa, skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə aid edilir (Джафарзаде И. М., 2012, s. 595-596).

2004-cü ildə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca N. Müseyibli tərəfindən aparılan arxeoloji qazınılar zamanı orta tunc dövrünə aid Həsənsu kurqanının öyrənilməsi həmin dövr haqqında təsəvvürlərin bir qədər də genişlənməsinə imkan vermişdir. Qazıntılara 2005-ci ilin yanvar ayından start verilmiş, il boyu davam etmişdir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 3-4).

Bu kurqan Həsənsu çayının sol sahilində, çayın yatağından təqribən 1 km məsafədə, öz məhsuldarlığı ilə fərqlənən, bu səbəbdən də əkin sahəsi kimi istifadə edilən qara torpaq sahədə üzə çıxarılmışdır. Onun üst örtüyü uzun müddətdən bəri aparılan əkin-biçin işləri əlaqədar dağıdılmışdı,bu səbəbdən də yerüstü əlamətləri gözə çarpmırdı, sadəcə ətrafa səpələnmiş daşlardan burada nə zamansa kurqan olduğu bilinirdi.

Həsənsu kurqanının örtüyü dağıdıldığından onun ilkin ölçüləri barədə dəqiq bir söz söyləmək mümkün deyil. Tədqiqatlara başlanılan zaman düzbucaqlı formada çay daşı yığınından ibarət olan örtüyün ilkin ölçüləri qeydə alınarkən onun salamat qalan hissəsinin uzunluğunun 6,3 m, ən enli hissədə isə 4 m olduğu müəyyənləşdirilmişdir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 4-5).

Kurqanın daş örtüyünün salamat qalan bu hissəsinin altında 4,1 m x 2,7 m ölçüdə məqbərə tipli, materikdə qazılmış qəbir kamerası aşkar edilmişdir. O, şimal-qərb – cənub-şərq istiqamətli idi. Onun döşəməsi 2 m dərinlikdə yerləşirdi. Kameranın şimal-qərb hissəsində uzunluğu 1,6 m, eni 1,2 m olan dromos quraşdırılmışdı. O, qəbir kamerasının döşəməsinə doğru maili şəkil alırdı.

Kameranın örtüyünün müxtəlif dərinliklərində biri dişləkli olan obsidan qəlpələrinə, boz rəngli məsaməli tuf daşından hazırlanmış balbal (daşbaba) qalığına, parçalanmış vəziyyətdə olan gil qabın fraqmentlərinə, eləcə də xırda butnuzlu heyvanlara və qabana aid sümük qalıqlarına rast gəlinmişdir. Kameranın mərkəzi hissəsində, 1 m dərinlikdə qalınlığı 4,5 sm olan və örtüyü təşkil edən çay daşlarından əsaslı surətdə seçilən əhəng daşı lövhələrindən ibarət düzüm üzə çıxmışdır. Düzümün hündürlüyü 50 sm idi və o, təqribən 170 x 120 sm sahəni əhatə edirdi. Eyni dərinlikdə kameranın eni istiqamətində ağac çürüntülərinə də rast gəlinmişdir. Nisbətən salamat qalan ağaclardan birinə əsasən onların 20 sm diametrində olduğu müəyyən edilmişdir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 5).

Kamerada şimal-cənub istiqamətində uzadılmış, çox çürümüş skelet tapılmışdır. Onun cavan adama məxsus olduğu təxmin edilir. Həm çürüməsi, həm də ağac örtüyün dağılması nəticəsində dağılmış skeletin ilkin vəziyyətini tam dəqiqləşdirmək mümkün olmamışdır. Lakin bəzi sümüklərin vəziyyəti onun arxası üstə dəfn edildiyini söyləməyə əsas verir.

Kamerada parçalanmış vəziyyətdə olduğundan hansı heyvana məxsus olduğunu dəqiq söyləmək mümkün olmasa da, ata aid olduğu ehtimal edilən iki kələnin parçalarına, eləcə də 72 ədəd saxsı qaba rast gəlinmişdir. Qablar qəbir kamerasının sol divarı boyunca, iki cərgə şəklində düzülmüşdülər (Müseyibli N., Ağalarzadə A., 2013, s. 5-6).

N. Müseyibli və A. Ağalarzadənin təsvirindən belə aydın olur ki, onlardan 3-ü qırmızı rəngdə, monoxrom boyalı olub. Bunlardan ikisi qab düzümünün dromosa tərəf, şimal və qərb künclərdə, düzümün ən sonlarında yer alırdı. Üçüncü boyalı qabın sınmış fraqmentlərinə isə mərkəzdə, qəbir kamerasının cənub-şərq divarə ətrafında rast gəlinmişdir. Bu qablar öz arasında xəyali üçbucaq təşkil edirdilər. Boyalı qablardan düzümün sonlarında yer alan ikisindən və ətrafında sədəf və pastadan düzəldilmiş muncuqlar aşkar edilmişdir.



Kurqanda aşkar edilən ən maraqlı məqamlardan biri də budur ki, at başı olduğu ehtimal edilən iki kələ sümüyünə aid parçaların altından öküz kəllələri çıxmışdır. Onların ətrafında öküzə məxsus ayaq sümüklərinə də rast gəlinmişdir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 6). Həsənsu kurqanından çıxan 72 ədəd saxsı qabı nümunəsindən 43-ü küpədir. N. Müseyibli və A. Ağalarzadə onları belə təsvir etmişlər:

  1. Qara cilalı, dar oturacaqlı, kürə gövdəli küpə. Kiçik hissələrə parçalanmış qabın səthi anqoblanmış və qara boya ilə rənglənmişdir. Onun çiyin hissəsini boya ilə çəpinə çəkilmiş nazik xətlərdən ibarət naxış əhatə edir.

  2. Kürə formalı gövdəyə və dar oturacaqlı küpə. Onun çiynindən aşağı hissəsinə qara rəng çəkilmiş və yaxşı-yaxşı cilalanmışdır. Çiyin hissədə nörtələrdən ibarət basma bəzəklərlə cila zolaqlarının əvəzlənməsindən əmələ gələn üçbucaqlı formalı naxışlar yer alır. Üçbucaqlar növbələşmə prinsipi ilə boş və içi nöqtələrlə doldurulmuş haldadır. Üstdən baxdıqda günəşi xatırladan naxışların üst elemrntini təşkil edən yuxarı cərgə naxışları bir tərəfə doğru tədricən kiçilir.

  3. Qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Zəif biişirildiyindən qonur ləkli səthi aşınmalara məruz qalıb. Qum qatışıqlı tərkibə malikdir. Çiyin hissəsini nöqtələrdən ibarət, iki sıra enli ziqzaqvari zolaqlar əhatələyir. Həmin ziqzaqlardan ucları aşağı yönəlmiş üçbucaqlar əmələ gəlmişdir. Aşağı sıradakı üçbucaqların arasındakı boz rəngli sahələrdə yuxarıdan aşağı və çəpinə qara rənglə nazik xətlər çəkilmişdir.

  4. Qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Gilnin tərkibi gil tərkibli olub, zəif bişirilmişdir. Qabın çiyin hissəsinə qədərki gövdəsinin aşağı hissəsi qar boya ilə örtülmüşdür. Boğazının aşağı hissəsini qara boya üzərindən cilalı zolaq dövrələyir. Küpənin çiyin hissəsini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq əhatə edir. Həmin zolağın aşağı hissəsindən cila üsulu ilə çəkilmiş zolaq müşayiət edir. Ziqzaqvari zolağın yuxarı və aşağı boz rəngli sahələri nazik qara xətlərin çarpaz çəkilməsindən əmələ gələn torla doldurulmuşdur.

  5. Qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Gilnin tərkibi gil tərkibli olub, zəif bişirilmişdir. Daxildən qonur rənglidir. Qabın çiyin hissəsini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq əhatələyir. Onu hər iki tərəfdən qara boya ilə çəkilmiş zolaqlar müşayiət edir. Ziqzaqların arasonda aşağıdakı və yuxarıdakı boz rəngli sahələrdə çəpinə nazik qara xətlər çəkilmişdir. Qabın boğazını çiyin hissədən kanalvari xətt ayırır. Buğazının üstü hamardır. Qab parçalanmış vəziyyətdədir.

  6. Qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Gilnin tərkibi gil tərkibli olub, zəif bişirilmişdir. Qab parçalanmış vəziyyətdədir. Çiyin hissəsini nöqtələrdən ibarət basma üsulu ilə, yuxarı tərəfi açıq, iti ucu aşağı olan üçbucaqlar əhatələyir. Üçbucaqların yuxarı hissədəki sahələri, eləcə də aşağı hissədəki ara sahələr boz rəngdə olub, qara nazik xətlərlə çəkilmiş torşəkilli ornamentlə doldurulub.

  7. Qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Gilnin tərkibi gil tərkibli olub, zəif bişirilmişdir. Qab parçalanmış vəziyyətdədir. Boğaz hissəsinin ortası qabarıqdır. Qabın demək olar ki, bütün səthi anqoblanaraq qara boya ilə örtülmüşdür. Çiyin hissəsi basma nöqtələrdən ibarət, iti ucları aşağı ziqzaqlarla əhatələnib. Onların arasındakı boz rəngli boş sahələr cila üsulu ilə nazik xətlərlə çəkilmiş ornamentlə doldurulmuşdur.

  8. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Daxili səthi qonurdur. Qabın çiyin hissəsini nöqtələrdən ibarət zolaqlarla iki cərgə naxış əhatə edir. O, iti ucları aşağı olan, üst tərəfləri açıq qalan üçbucaqlardan ibarətdir. Yuxarı cərgədəki bucaqlar aşağıdakı bucaqların daxilində təsvir edilib. Yuxarıdakılar aşağıdakılardan iki dəfə kiçikdir. Aşağı cərgədə, üçbucaqlar arasında qalan boz sahələr nazik xətlərdən ibarət torşəkilli ornamentlə doldurulmuşdur.

  9. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Zəif bişirildiyindən səthində boz ləkələr var. Daxili səthi qonurdur. Qabın çiyin hissəsini nöqtələrdən ibarət zolaqlarla bir cərgə iti ucları yuxarı olan, alt tərəfləri açıq qalan üçbucaqlardan ibarətdir. Onlar arasında qalan boz sahələr iti bucağı aşağı olan digər üçbucaqlarla doldurulmuşdur. Onların sayı ondur.

  10. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, dar oturacaqlı küpə. Ağız tərəfdə daxili səthi qonurdur. Qabın çiyin hissəsini nöqtələrdən ibarət zolaqlarla bir cərgə iti ucları yuxarı olan, alt tərəfləri açıq qalan üçbucaqlardan ibarətdir. Onlar arasında qalan boz sahələr iti bucağı aşağı olan digər üçbucaqlarla doldurulmuşdur. Naxış kompazisiya yuxarıdan baxıldıqda günəşi xatırladır.

  11. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, iri həcimli küpə. Çiyin hissədə simmetrik qaydada ortası deşikli, ovalvari formalı, üstü hamar üç ədəd yapma vardır. Səthi hamar olan boğaz hissəni çiyindən kanalvari xətt ayırır. Qeyri bərabər bişirildiyindən boz ləkəli olan çiyin hissədə basma nöqtələrdən ibarət yastı və uzunsov meandırlar dövrələyir. Onlardan aşağıda isə qabı əhatələyən eyni üsulla vurulmuş üç cərgəli ziqzaqvari zolaqlar var. Qab parçalanmış şəkildə tapılmış, qismən bərpa edilmişdir.

  12. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, iri həcimli küpə. Bu qab da parçalanmış şəkildə tapılmış, qismən bərpa edilmişdir. Qeyri bərabər bişirildiyindən çiyin hissəsində boz ləkələr əmələ gəlib. Küpənin gövdəsində simmetrik qaydada ortası deşikli, ovalvari formalı, üstü hamar üç ədəd yapma vardır. Üstü cilalı olan yapmaların ortalarındakı deşiklərin diametri 5 mm-dir. Yapmaların üstünə oturacaqları eyni olçüdə olan kasalar qoyulmuşdur. Küpənin ağız tərəfi göbəli olub, xaricə qatlanmışdır. Səthi hamar olan boğaz hissəni çiyindən kanalvari xətt ayırır. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət yastı və uzunsov meandırlar dövrələyir. Onlardan aşağıda isə qabı əhatələyən eyni üsulla vurulmuş üç cərgəli ziqzaqvari zolaqlar var. Forma baxımından 34 №-li küpəni təkrarlayır.

  13. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir.

  14. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Boğazı qabarıqdır. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir. Küpə çox zədə gördüyündən ölçülərini müəyyənləşdirmək mümkün olmayıb.

  15. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət yastı və uzunsov meandırlar dövrələyir.

  16. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir. Hər iki cərgədə menandrların bəndləri qapanmış və iki düzbucaqlı əmələ gəlmişdir.

  17. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir. Hər iki cərgədə menandrlar qapanaraq kvadrat və düzbucaqlı əmələ gətirirlər.

  18. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir. Yuxarıdakı cərgədəki menandrlar aşağıdakılara nisbətən kiçikdirlər. Onlar arasında qapanma yoxdur.

  19. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, küpə. Boğaz hissəsini xaricdən qabarıq xətt əhatə edir. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki cərgə meandırlar dövrələyir. Yuxarıdakı cərgədəki menandrlar aşağıdakılara nisbətən kiçikdirlər.

  20. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş boz qonur rəngli küpə. Kiçik ölçülüdür. Qab parçalanmış vəziyyətdədir. Gövdəsi nazik divarlı, oturacağı qalındır. Qabın çiyin hissəsini çərtmə-basma naxışlardan ibarət menandrlar əhatə edir.

  21. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş boz rəngli küpə. Qab parçalanmış vəziyyətdə olduğundan onu bərpa etmək və ölçülərini dəqiqləşdirmək mümkün olmayıb. Onun çiyin hissəsini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq əhatə edir.

  22. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli küpə. Qab parçalanmış vəziyyətdə olduğundan onu bərpa etmək və ölçülərini dəqiqləşdirmək mümkün olmayıb. Anqoblanaraq cilalanmış səthi aşınmaya məruz qalmışdır. Üstü hamar olan boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Həmin xəttdən aşağıda basma nöqtələrdən ibarət zolaq, ondan aşağıda, çiyin hissədə isə eyni üsulla vurulmuş ziqzaqvari zolaq qabı dövrələyir.

  23. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli küpə. Qab parçalanmış vəziyyətdə olduğundan onu bərpa etmək və ölçülərini dəqiqləşdirmək mümkün olmayıb. Qabın boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  24. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qonur rəngli, dar oturacaqlı kiçik küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  25. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, dar oturacaqlı kiçik küpə. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir. Boğazı ilə çiynini nazik kanalvari xətt ayırır.

  26. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, dar oturacaqlı kiçik küpə. Qabın boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  27. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli, dar oturacaqlı kiçik küpə. Qab parçalanmış vəziyyətdədir. Qabın boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  28. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli, dar oturacaqlı kiçik küpə. Qabın boğaz hissəni çiyindən nazik kəsmə xətt ayırır. Ondan aşağı hissədə basma nöqtələrdən ibarət iki zolaq və eyni üsulla vurulmuş bir ziqzaqvari zolaq dövrələyir.

  29. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli, dar oturacaqlı, uzunsov gövdəli kiçik küpə. Qabın boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Çiyin hissəsini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq dövrələyir. Ziqzaqın boş sahələri əlavə ornamentlərlə bəzədilib.

  30. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara rəngli, dar oturacaqlı, kürəvari gövdəli küpə. Qeyri-bərabər bişirildiyindən üzərində qonur ləkələr əmələ gəlib. Qabın boğaz hissəni çiyindən nazik kəsmə xətt ayırır. Ondan aşağı hissədə qabı basma nöqtələrdən ibarət ziqzaqvari zolaq dövrələyir.

  31. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, dar oturacaqlı, kürəvari gövdəli kiçik küpə. Qabı çiyin basma nöqtələrdən ibarət ziqzaqvari zolaq dövrələyir. Ondan aşağıda dalğavari ornament yer alır.

  32. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş, qonur rəngli, dar oturacaqlı, kürəvari gövdəli kiçik küpə. Qabın üzəri anqoblansa da, sonradan aşınmaya məruz qalmış və anqob tökülmüşdür. Qabı çiyin basma nöqtələrdən ibarət ziqzaqvari zolaq dövrələyir. O, fraqmentlər şəklində qalmışdır.

  33. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş, boz rəngli, dar oturacaqlı küpə. Səthi zəif cilalıdır.Qab müxtəlif hissələrə barçalanmışdır. Onun boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Küpəni çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  34. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara cilalı, kürəvari gövdəli, yastı formalı, iri həcimli küpə. Bu qab da parçalanmış şəkildə tapılmış, qismən bərpa edilmişdir. Qeyri-bərabər bişirildiyindən çiyin hissəsində boz ləkələr əmələ gəlib. Küpənin gövdəsində simmetrik qaydada ortası deşikli, ovalvari formalı, üstü hamar üç ədəd yapma vardır. Üstü cilalı olan yapmaların ortalarındakı deşiklərin diametri 5 mm-dir. Yapmaların üstünə oturacaqları eyni olçüdə olan kasalar qoyulmuşdur. Küpənin ağız tərəfi göbəli olub, xaricə qatlanmışdır. Səthi hamar olan boğaz hissəni çiyindən kanalvari xətt ayırır. Qabı çiyin hissədə basma nöqtələrdən ibarət yastı və uzunsov meandırlar dövrələyir. Onlardan aşağıda isə qabı əhatələyən eyni üsulla vurulmuş üç cərgəli ziqzaqvari zolaqlar var. Forma baxımından 12 №-li küpəni təkrarlayır.

  35. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara qonur rəngli, dar oturacaqlı, uzunsov gövdəli kiçik küpə. Anqoblanaraq cilalanmışdır. Hissələrə parçalansa da. Bərpa edilib. Küpəni çiyin hissədə basma nöqtələrdən ibarət iki, biri düz, digəri ziqzaqvari zolaq dövrələyir.

  36. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş qara qonur rəngli, dar oturacaqlı, kürəvari gövdəli kiçik küpə. Küpəni çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  37. Gilinin tərkibi gil qatışıqlı olan, zəif bişirilmiş tünd boz rəngli, dar oturacaqlı kiçik küpə. Səthi anqoblanaraq cilalanıb. Qabı tam bərpa etmək mükün olmayıb. Onun boğaz hissəni çiyindən nazik kanalvari xətt ayırır. Küpəni gövdə hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir.

  38. Kurqanın örtüyündən hissələri əldə edilmiş qara rəngli, kiçik ölçülü, dar oturacaqlı küpə. Gilinin tərkibi gil qatışıqlıdır, zəif bişirilib. Səthi yaxşı hamarlansa da cilasızdır. Boğzı uzunsovdur (3 sm). Bu qab kurqandan tapılmış digər qablardan fərqlənir.

  39. Qonur rəngli, kiçik həcmli, dar oturacaqlı küpə. Parçalanmış vəziyyətdə tapılmış, sonradan bərpa edilmişdir. Gili qum qatışıqlıdır, zəif bişirilmişdir. Səthi anqoblanaraq cilalanmışdır. Qabın çiyin hissəsini basma naxışlardan ibarət uzunsov menandrlar əhatə edir. Bu naxış bəzi yerdə sünbülvari forma alır.

  40. Kiçik ölçülü, qara cilalı, yastı formalı, dar oturacaqlı küpə. Ağız kənarının bir hissəsi qopub düşmüşdür. Boğazla çiyin hissəni kanalvari xətt ayırır. Gili qum qatışıqlıdır. Zəif bişirildiyindən səthi aşınmaya məruz qalıb. Küpəni çiyin hissədə basma nöqtələrdən ibarət iki ziqzaqvari zolaq dövrələyir. Çiyin hissədə çıxıntı olmuşdur. Həmin hissə qopub düşsə də, onu bərpa etmək mümkündür. Çıxıntı qabın çiyninə həm yapma, həm də qabın divarının bişirilmədən öncə deşilməsi və çıxıntının içəriyə uzanan mismar formalı əlavənin köməyi ilə bərkidilmişdir. Burada da həm qabın oturacağında, həm də şiyindəki çıxıntıda deşik açılmışdır.

  41. Qara cilalı, dar oturacaqlı, kiçik ölçülü küpə. Anqoblanaraq cilalanmışdır. Gilinin tərkibi qum qatışıqlıdır, zəif bişirilmişdir. Qabın çiynini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq əhatə edir. Gövdədə düz səthə malik ovalvari formalı yapma vardır. Onun tən ortasında metal alətlə deşik açılmışdır. Qab hissələrə parçalanmışdır.

  42. Kiçik ölçülur rəngli, yastı formalı, dar oturacaqlı küpə. Gilinin tərkibi qum qatışıqlıdır, zəif bişirilmişdir. Səthi cilalansa da, aşınmalara məruz qalıb. Boğazla çiyini kanalvari xətt ayırır. Qabın çiynini basma nöqtələrdən ibarət ziqzaqvari zolaq əhatə edir. Oturacağın tən ortasında bişirilməmişdən oncə 5 mm diametrində deşik açılmışdır. Qabın çiyin hissəsində üstü düz ovalvari formada yapma vardır. Onun da ortasında eyni ölçüdə deşik açılmışdır.

  43. Kiçik ölçülü, qara cilalı, yastı formalı, dar oturacaqlı küpə. Səthi cilalansa da, aşınmalara məruz qalaraq qonur rəng alıb. Boğazla çiyini kanalvari xətt ayırır. Bu qabın da oturacağında deşik açılmışdır. Çiynindəki çıxıntı isə qopub düşmüşdür. Qabın çiynini basma nöqtələrdən ibarət iki dalğavari zolaq əhatə edir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 7-16).

Həsənsu kurqanından yuxarıda təsvirləri təqdim edilən küpələrdən başqa, 23 ədəd kasa (№ 44-66) (Müseyibli N., Ağalarzadə A., 2013, s. 16-19) da aşkar edilmişdir. Kurqandan tapılan qablar içərisində bir ədəd də badya var. Qbarıq gövdəli, iri həcimli bu qabın da gilinin tərkibi qum qatışıqlıdır. Qeyri-bərabər və zəif bişirildiyindən səthi qara-qonur ləkəlidir. Onun səthi əlavə gil təbəqəsi ilə suvanmış, sonra isə daraqvari alətlə dövrələmə sığallanmışdır. Badyanın daxilinə də eyni alətlə müxtəlif istiqamətlərdə sığal çəkilmişdir. Səthi cilasız olan bu qabın bədii tərtibatı və naxış komponentləri kurqandan aşkar edilmiş digər qablardan fərqlənir. Qabın nazik ağız kənarında bir-birinə simmetrik qaydada iki ədəd at nalı və ya aypara formasında qulpları vardır. Qulpların açıq tərəfləri aşağıya tərəf yönəlmişdir. Onların üstü boru şəkilli (diametri 7 mm) alətlə naxışlanmışdır. Qabın ağız kənarının aşağı hissəsini dövrələyən eyni naxışlar qulpların da ətrafını həm xaricdən, həm də daxildən əhatə edir.

N. Müseyibli və A. Ağalrzadənin təsvirində 67-cı sırada yer alan bir qədər ovalvari formalı bu badyanın çiyin hissəsində, ən aşağıdakı sonuncu ornament yenə də eyni üsulla vurulmuş meandr tipli naxışdır. Qulpların uclarından başlayan naxışlar iki cərgə şəklində davam edir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 20).

Həsənsu kurqanından çıxan qabların ikisi təknə formasındadır. Onlar arxeoloqların təsvir sırasında 68 və 69-cu yerdə dururlar. Bunlardan birincisi «düzbucaqlı, təknə formalı qonur rəngli qab» kimi qeyd edilib. Qum qatışıqlı gildən hazırlanan və zəif bişirildiyi bildirilən qab anqoblansa da, səthi aşınmaya məruz qalıb. Küncləri bir qədər ovalvaridir. Onun üzərində heç bir naxışa rast gəlinməyib.

İkinci «düzbucaqlı, təknə formalı qonur rəngli qab» əvvəlkidndən bir qədər kiçikdir və birinci qabı təkrarlayır. əsas fər budur ki, onu orta hissədən basma nöqtələrdən ibarət zolaq əhatə edir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 20-21).

Həsənsu kurqanında aşkar edilmiş üç qab (№ 70-72) boyalı qablar qrupuna aiddir. Onlardan birincisi monoxrom boyalı, dar boğazlı, kürəvari gövdəli küpədir. Qırmızı rəngdədir. Gövdəsinin yuxarı yarısı qara boya ilə çəkilmiş həndəsi naxışlarla bəzədilib.Qabın gövdəsi boğazından çıxıntı şəklində ayrılır.

Ornamantlərin ardıcıllığı aşağıdakı kimidir:

Çiyinin yuxarı hissəsini dörd paralel xətt dövrələyir. Ondan aşağıda üç cərgə ziqzaq şəkilli zolaq, daha sonra bir ədəd xətti zolaq, ondan da aşağıda daxilində qoşa xətlər çəkilmiş romblar qabı əhatə edir.

İkinci boyalı qab kiçik ölçülü, monoxrom boyalı kasadır. Qırmızı rəngdə hazırlanmış bu qabın gövdəsi bikonik formalıdır. Ağız kənarı nazikdir. Müxtəlif hissələrə parçalansa da bərpa edilmişdir. Gilinin tərkibi qum qatışıqlıdır, yaxşı bişirilmişdir. Qabın gövdəsinin yuxarı hissəsi polixrom rənglərlə naxışlanıb. İlk öncə açıq sarı rənglə fon yaradılıb, daha sonra həmin fonda qara boya ilə həndəsi naxışlar çəkilmişdir. Ornamentlər iki yarusdan ibarətdir. Hər iki yarusdakı naxışlar bir-birini təkrarlayır. Həm üst, həm də aşağı yarusda torşəkilli, uc-uca birləşən, yuxarıdan aşağıya uzunsov üçbucaqlar bir-birini əvəzləyir.

Üçüncü boyalı qab badyadır. Qum qatışığı gildən yaxşı bişirilib. Rəngi qırmızıdır. Ağız kənarına kimi hissəsi qara boya ilə işlənmiş həndəsi naxışlarla bəzədilmişdir. Həmin hissə iti ucları yuxarı yönəlmiş və bir-birinin daxilində çəkilmiş üçbucaqlarla əhatələnmişdir. Yalnız bir yerdə həmin ücbucaqların dövrəsi uc-uca bitişik qoşa üçbucaqlarla qapanmışdır. Ağız kənarı daxildən dayaz kanalvari xətlə əhatəli olub, şaquli vəziyyətdədir. Müxtəlif hissələrə parçalanmış vəziyyətdə tapılsa da, qabı bərpa etmək mümkün olub (Müseyibli N., Ağalarzadə A., 2013, s. 21-22).

Həsənsu kurqanından tapılan muncuqlar sədəfdən hazırlanmışlar. Onlar ağ, boz və açıq yaşıl rəngdə olub formaca uzunsov, kürəvari formalı, bikonik, yastı və çəlləkvaridirlər. Uzunsov muncuqlar mərkəzdən kənara doğru nazikləşir. Onlardan ən irisinin uzunluğu 3,5 sm, diametri 1 sm-dir. Digər formalı muncuqlar nisbətən kiçik ölçülüdürlər. Kurqandan üst-üstə 120 muncuq aşkar edilib.

Metal məmulatı isə tuncdan hazırlanmış 1 ədəd sancaq və 1 ədəd bəzək əşyasıdır. Sancaq dairəvi kəsikli nazik tunc məftildən hazırlanıb, başlığı piramida şəklindədir. Başlıqdan 1 sm aşağıda iynədə olduğu kimi uzunsov deşik var. Sancağın uzunluğu 7,5 sm, diametri mərkəzdə 3 sm-dir.

Nazik, düzbucaq kəsikli tunc məftildən hazırlanmış bəzək əşyasının uzunluğu 1 sm, eni 1 mm-dir.

Həsənsu kurqanından tapılan daş məmulatlarından birincisi boz rəngli çay daşından düzədilmiş alət, ikincisi qara rəngli çay daşından bülöv formalı uzunsov daş, üçüncüsü qırmızı tuf daşından düzəldilmiş sürtgəc, dördüncüsü isə boz rəngli məsaməli tuf daşından düzəldilmiş balbal fraqmentidir. N. Müseyibli və A. Ağalarzadə onun büt olduğunu hesab edirlər (Müseyibli N., Ağalarzadə A., 2013, s. 22-25).

Orta tunc dövrünə aid (e.ə. III minillik) Daşlıçökək və Yovşanlı təpə kurqanları Azərbaycan Elmlər Akademiyasının Qazax arxeoloji ekspedisiyası tərəfindən 1961-ci ildə Avey dağının şimal-şərq ətəyində, «Bərkün ağzı» adlanan yerdə, Daşsalahlı kəndi ilə Əlibayramlı kəndləri arasında qeydə alına, həmin il göstərilən yaşayış yerində yoxlama qazıntısı aparılmış və bir kurqan öyrənilmişdir (Rüstəmov C. N., Nərimanov İ. H., 1965, s. 44-49). 1989-1990-cı illərdə bərpa edilən Qazax arxeoloji ekspedisiyası Daşsalahlı kəndinin qərb qurtaracağında yeni kurqanlar qeydə almış, 4 ədəd kurqan tədqiq edilmişdir (Rüstəmov C., Muradova F., 2014, s. 25).





Dostları ilə paylaş:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə