Bəxtiyar Tuncay Təpə-Sialkda aşkar edilmiş kurqanlar kimə məxsusdur – kimmerlərə, yoxsa midiyalılara?



Yüklə 45,5 Kb.
tarix24.12.2017
ölçüsü45,5 Kb.
#17858

Bəxtiyar Tuncay

Təpə-Sialkda aşkar edilmiş kurqanlar kimə məxsusdur – kimmerlərə, yoxsa midiyalılara?



https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21268633_1542903219082193_695211553_n.jpg?oh=159e014bc77d7831fdd0d7f8428701fa&oe=59a96753

1931-1932-ci illərdə Pensilvaniya Universitetindən kiçik bir elmi qrup Gürgündan 19 km şərqdə yerləşən Turanq-təpə məzarlığındakı kurqan tipli abidələrin qazıntısı ilə məşğul olmuşdur. Vivelsinin başçılıq etdiyi qrupu qəbir abidələrinin strukturundan və dəfn adətlərindən daha çox qəbirlərdəki arxeoloji materiallar maraqlantırırdı. Odur ki, onsuz da dəfinə axtaranlar tərəfindən dağıdılan və tanınmaz hala gətirilən həmin kurqanlar barədə onlardan əldə edilmiş maddi mədəniyyət nümunələrindən başqa heç nə məlum deyil. Məlum olan odur ki, erkən dəmir dövrünə aid olan məzarlıqda aşkar edilmiş arxeoloji material eynən Təpə-Qissarın yanğın nəticəsində məhv olmuş III C təbəqəsinin materialı ilə eyni idi. Buradan da oradakına bənzər boz və qırmızı rəngli keramika aşkar edilib (Камбахш Фард., 1991, c. 4-6; Медведская И., 2004, c. 28).

Bütün bu məlumatları təhlil edən A. Mömini köçərilərin at və arabalarla Urmiya sahillərindən şərqə tərəf hərəkət etdiklərini və əldə edilən maddi mədəniyyət nümunələrinin onlardan yadigar qaldığını yazır. Onun sözlərinə görə, bu tayfalar əvvəllər guya Balkanlarda yaşamış, sonra Bosfor körfəzindən keçərək Kiçik Asiyaya yayılmış və orada guya Ey-Tyan adlı qəbilə ittifaqı yaratmışdılar. Onlar cəsur döyüşçülər idilər və onların sonrakı marşrutu Zaqros dağları olmuş, bir qismi orada qalmış, digər qismi isə Hindistana tərəf hərəkət etmişdi (Момени А. М., 2014, s. 26).

Şübhəsiz ki, bu Avropa alimlərinin «arilər» barədə uydurduqları çoxsaylı fərziyyələrdən biridir və qədim mixi yazıların kimmer, skif və saklar barədə verdikləri məlumatlarla ziddiyyət təşkil edir.

«Arilər» barədə digər fərziyyəyə görə isə, bu xalq ilk əvvəl Cənubi Rusiya düzənliyində, Ural dağlarının cənubunda yaşamış, oradan İran yaylası və Hindistana yayılmışlar (Камбахш Фард., 1991, c. 6).
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t35.0-12/21222513_1542903405748841_1951065389_o.jpg?oh=3f4a65f7c2fbc16521c696b4d1df5002&oe=59a98658
Manna dövrünə aid süd qabı (Təpə-Sialk)
Şübhəsiz ki, eyni coğrafi məkanda aşkar edilmiş son tunc-erkən dəmir dövrü kurqan abidələri İran yaylasının qədim aborigen əhalisinin, yəni bu gün də həmin ərazilərdə yaşayan türk əhalinin yadigarlarıdırlar. Onların e.ə. IX-VIII əsrlərə aid olanları bilavasitə kimmerlərə aiddir.

Aborigen əhalidən qalma mədəniyyətin izlərinin qorunduğu ən maraqlı abidələrdən biri də Təpə-Sialk B məzarlığındakı kurqanlardır. İranın Kaşan vilayətində yerləşən Təpə-Sialk abidəsinin tədqiqi ilə 1931-ci ildə R. Qirşman məşğul olmuşdur (Камбахш Фард., 1991, c. 5; Тилаи Х., 1994, c. 27). Aparılan qazıntılar nəticəsində Manna və Midiya (Ванденберг Л., 1966, s. 135), eləcə də daha qədim dövrlərə aid zəngin mədəniyyət nümunələri tapılmışdır (Фазели Х., 2001, c. 213).

Nəzərə alsaq ki, mənbələr kutilərlə yanaşı kimmerləri də birmənalı şəkildə Manna əhalisi kimi təqdim edir, o zaman bizi təkcə həmin dövrün kurqanlarından deyil, yaşayış məskənlərindən çıxan maddi mədəniyyət nümunələri də maraqlandırmalıdır. İranda qazıntılar aparmış bütün qrupları da ilk növbədə elə bu maraqlandırmışdır.

Kimmer və skiflərə aid mədəniyyət abidələrinin aşkar edilməsində Şteyin rolu da xüsusi qeyd edilməlidir. O, İran yaylasının şimal-qərbində tədqiqatlar aparan ilk arxeoloqlardan olub. 1935-1936-cı illərdə Loristan və Cənubi Azərbaycanda qazıntılar aparmış Ştey Həsənlu və Dinxa-Təpə abidələrinin tədqiqinin əsasını qoymuş, Loristandakı məzarlardan çox sayda «skif incəsənəti» nümunəsi aşkar etmişdir (Момени А. М., 2014, s. 27).

30-cu illərdən sonra tədqiqatlarda bir səngimə müşahidə edilir və II Dünya Savaşı bitdikdən sonra araşdırmalara yenidən start verilir. 1948-ci ildə B. Braun Azərbaycandakı Göytəpədən, 1960-ci ildə isə Hakimi və Rod Xurvindəki Gənc-Təpə kurqanının dəmir dövrünə aid asma qəbirlərindən çox sayda maraqlı material əldə edirlər. Məlumat üçün bildirək ki, Gənc-Təpə ərazisində ilk qazıntıları hələ 1914-cü ildə L. Vanderberq apamış, orada qazıdığı 14 qəbirdən I dəmir dövrünə aid çox sayda qara-boz keramika nümunəsi aşkar etmişdi (Момени А. М., 2014, s. 29).
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21208660_1542903045748877_798404397_n.jpg?oh=584d8f729ec5c358352c88824d0c4be0&oe=59aa5d31
Təpə-Sialkdan tapılmış məişət küpü
Bu sırada 1957-ci ildə Həsənluda R. Daysonun apardığı qazıntıları da qeyd etmək lazımdır. Onun əsas məqsədi bölgənin midiyalı və farslara qədərki tarixinə aydınlıq gətirmək idi (Медведская И., 2004, c. 30).

Lorestan və Kürdüstan abidələrinin öyrənilməsində T. Yanqın rolu çox böyük olub. O, Həsənlu layihəsi çərçivəsində 1961 – ci ildə ərazidə apardığı qazıntılar zamanı bir çox maraqlı material əldə etmişdir (Янг Т. К., 1994). Qeyd edək ki, bu layihə 1956-1974-cü illəri əhatə etmişdir. Elə həmin il, yəni 1961-ci ildə İ. Negahban Mərlik kurqanında, 1969-1971-ci illərdə isə S. Kəmbəxş Fərd Qəyətriyyə məzarlığında qazıntılar aparmışlar (Медведская И., 2004, c. 37).

İ. Negahbanın Mərlik məzarlığında apardığı işi 8 il sonra digər arxeoloqlar davam etdirmiş və I, II dəmir dövrlərinə aid 350 qəbir aşkar etmişlər. T. Yanqın yazdığına görə, buradan tapılan keramika Urmiya ətrafından tapılan keramikanın bənzəridir. Eyni sözləri Xurvin və Çindar məzarlıqlarından tapılmış materiallar barədə də söyləmək olar (Янг Т. К., 1994, c. 239). Eyni nəticə Məhəmməd Yusif Kəyaninin Gümbəti-Kabus şəhəri yaxınlığındakı məzarlığını tədqiq edərkən aşkar etdiyi keramika barədə də söyləmək olar. Buradan e.ə. I minilliyə aid çox sayda boz keramika tapılmışdır (Каяани М. Ю., 1975, с. 147-156).
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/21208532_1542902732415575_87883856_n.jpg?oh=4e60590144b673f83644ddb9ad7bb8de&oe=59aa475b
Təpə-Siak B məzarlığındakı kurqan tipli qəbirlərin birindən çıxmış insan skeleti
1980-ci ildə alman arxeoloqlar qrupu tərəfindən Kərəc və Həştgərddə kəşfiyyat işləri aparılmışdır. Arxeoloqlar Rey hövzəsi və Vəramin yaxınlığındakı məzarlıqlarda ilkin qazıntı işləri aparmış, Pişva şəhəri yaxınlığındakı kurqanın asma qəbirlərdən bir neçəsini açmışlar. Buradakı qəbirlər vahid formaya malik deyildilər. Bəzi qəbirlərin oval, digərlərinin düzbucaqlı, başqa birilərininkinin isə girdə formalı olduğu üzə çıxarılıb. Alimlərin fikrincə, həmin kurqan 4 təbəqəlidir və orada 4 müxtəlif dövrdə dəfnlər icra edilmişdir. Tədqiq edilən asma qəbirlərdən erkən dəmir dövrünə aid keramika aşkar edilib (Техрани Мукаддам А., 1997, c. 54).

Vəramin yaxınlığındakı Pişva məzarlığında almanların başladığı işi davam etdirən Əhməd Tehrani Müqəddəm (1984-1985-ci illər) burada e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə aid çox sayda kurqan tipli qəbir aşkar etmiş və onları köçəri maldarlara aid etmişdir (Камбахш Фард., 1991, c. 22).

1985-ci ildə S. Kəmbəxşin Behişti-Zəhra məzarlığı yaxınlığındakı Kəhrizək təpəsində apardığı qazıntılar zamanı e.ə. 1200-900-cü illərə aid kürə sobası, eləcə də çox sayda qırmızı və böz keramika nümunəsi tapılmışdır. Məzarlıqdakı qazıntılar barədə isə məlumat verilmir.

Mövzumuz baxımından ən önəmli abidələrdən biri, şübhəsiz ki, Təpə-Sialk, daha doğrusu ondan 250 m cənubda yerləşən Təpə-Sialk B məzarlağıdır.

Sözügedən abidə Mərkəzi İran yaylasının dəmir dövrünə aid əsas abidələrindən biridir. Kaşan şəhərinin 3 km cənub-qərbində yerləşir. Bu ərazidə ilk qazıntıları Parisin Luvr muzeyi təşkil etmişdi. Tədqiqatlar 1933-1934 və 1937-ci illərdə R. Qirşmanın başçılığı altında aparılmışdır (Тилаи Х., 1994, c. 67).

Burada bir-birindən 600 m məsafədə yerləşən şimal və cənub təpələri yerləşir. Tədqiqatlar öncə şimal təpələrdə aparılmışdır. Burada iki mədəni təbəqə (Sialk I və II) aşkar edilmişdir. Eyni sözləri cənubdakı təpələr barədə də söyləmək mümkündür. Burada da iki mədəni təbəqə aşkar edilərək öyrənilib – Sialk III və IV.

Sialk IV təbəqəsinin tədqiqindən sonra məlum olmuşdur ki, bu ərazidə e.ə. III minillikdən II minilliyin əvvəllərinə qədər yaşayış olmamışdır. Bu lal təbəqədən sonra ərazidə məskunlaşanlar sələflərindən fərqli olaraq, ölülərini evlərinin döşəmələrinin altında basdırmırdılar. Bunun üçün təpədən 150 m cənubda yerləşən A məzarlığından istifadə edilirdi (Нигахбан И., 1999, c. 131).

B məzarlığı isə təpənin 250 m cənubunda yerləşirdi. Bizi maraqlandıran da məhz bu məzardır. Çünki burada A məzarlığından fərqli olaraq, ölülər çox da hündür olmayan kurqanlarda basdırılırdılar. Kurqan örtükləri daşlardan qurulurdu. Ölülər qəbrə bükülü vəziyyətdə qoyulurdu. Onların istiqaməti şimal-cənub və ya şərq-qərb istiqamətli idi. Ölülərin yanına müxtəlif əşyalar qoyulurdu. Qəbirlərdən çıxan keramika bozumtul, qaramtıl və qırmızı rəngdə idi. Onların bir qismi naxışlanmışdır. Bənzər keramika nümunələrinə IC Gilan, Xurvin, Həsənlu, Quyi-Təpə, Lorestan və Şuşda, eləcə də Təxti-Cəmşidin yaxınlarında da rast gəlinmişdir (Малекзаде М., 2005, c. 123).



Təpə-Sialk B məzarlığının kimmerlərə aid olma ehtimalı azdır. Çünki onların kurqanları əzəmətli olurdu. Bu kurqanlar isə, çox güman ki, madaylara, başqa sözlə midiyalılara aiddir. Belə düşünməyə bizə Təpə-Sialkdan tapılan keramika nümunələri də əsas verir. Elmi ədəbiyyatda bu tip keramika midiyalılara aid edilir.
Qaynaqça


  1. Ванденберг Л. Археология античного Ирана. Пер. Исы Бехном. – Тегеран: Ганджина-е бостоншиноси-е Ирон, 1966.

  2. Камбахш Фард. Взгляд на 3200-летний Тегеран. – Тегеран: Фазо, 1991.

  3. Каяани М. Ю. Предварительный отчет о Дашт-е Горгане. Третий ежегодный отчет о раскопках и археологических раскопках . Тугеран, 1975, с. 147-156.

  4. Медведская И. Иран в железной эпохе I. Пер. Алиакбар Вахдати. – Тегеран: Организация культурного культурного наследия, 2004.

  5. Малекзаде М. Первый сезон археологического изучения Карафс-е Розан // Археологические отчеты, 2005, c. 123.

  6. Момени А. М. Горный Аламут Казвина и его связи с сопредельными территориями (позднебронзовый и раннежелезный века). Диссертация на соискания ученой степени доктора исторических наук. Дущанбе, 2014.

  7. Нигахбан И. Раскопки Марлика. – Т. 1. – Тегеран: Организация культурного наследия, 1999.

  8. Техрани Мукаддам А. Могильник первого тысячелетия до н.э. Меморандум археологического симпозиума по Шушу, 1997.

  9. Тилаи Х. Археологическое изучение трубчатых керамических сосудов и миграция Арийцев // Археология и история, 9-ый г., 1994.

  10. Фазели Х. Археологическое исследование в Дашт-е Техрон // Институт литературы и гуманитарных наук, № 160, 2001.

  11. Янг Т.К. Изучение железного века: предварительные мнения об оценке предыдущих идеях // Мерос-е фарханги, № 12, 1994.


Yüklə 45,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə