Bəxtiyar Tuncay Türklərin Avropada qurduqları ilk mədəniyyət – Xvalınsk mədəniyyəti



Yüklə 32,03 Kb.
tarix26.01.2018
ölçüsü32,03 Kb.
#22579

Bəxtiyar Tuncay

Türklərin Avropada qurduqları ilk mədəniyyət – Xvalınsk mədəniyyəti (e.ə. V-IV minilliklər)


Türklərin ulu babalarının, yəni R1b və R1a Y-xromosomlarının daşıyıcılarının eneolit dövründə Avropada qurduqları ilk mədəniyyət kimi hələlik e.ə. V-IV minilliklərə aid Xavalınsk mədəniyyətini gözdən keçirmək daha doğru olar. Hərçənd ki, bir sıra mütəxəssislər bu mədəniyyəti Samara mədəniyyətinin davamı və varisi sayırlar (Клейн Л. С., 2007, с. 94-95). Onların fikrincə, kurqanın prototipi hesab ediləcək dəfn adəti məhz Samara mədəniyyəti dövründə peyda olub. Lakin Samara «kurqan»larının klassik anlamda hələ kurqan olmadığını, eləcə də əlimizdə bu mədəniyyətin daşıyıcılarının gen analizlərinin nəticələrinin olmamasını əldə əsas tutaraq biz bu məsələni gələcək tədqiqatçılar üçün açıq buraxmağa və türklərin hunlara qədərki tarixinin Çatal-Höyükdən sonrakı mərhələsi kimi məhz Xvalınsk mədəniyyətini gözdən keçirməyə qərar verdik. Çünki «Xvalınsklı»ların ölülərini kurqanlarda basdırdığı və bu kurqanlardan əldə edilən sümüklərin DNT analizlərinin nəticələri məlumdur və bu da bizə Xvalınsk mədəniyyətindən Türk tarixinin Çatal-Höyükdən sonrakı ikinci böyük mərhələsi və mədəniyyəti kimi danışmağa imkan verir.

Sözügedən mədəniyyət öz adını ilk nümunələrinin tapıldığı şəhərin adından – Rusiyanın Saratov vilayərində, Volqa çayının sağ sahilində yeləşən Xvalınsk şəhərindən almışdır. Arxeoloqlar onun izlərinə şərqdə Ural çayına, qərbdə Azov dənizinin şimal sahillərinə qədər uzana geniş ərazidə rast gəlmişlər. Sonrakı dövrlərə aid Çuxur mədəniyyəti və Qazaxıstan ərazisində aşkar edilmiş Botay mədəniyyəti Xvalinsk mədəniyyətinin birbaşa davamı və varisi hesab edilir (Клейн Л. С., 2007, с. 95).

«Xvalınskli»ların misdən müxtəlif əşyalar düzəltməkdə, başqa sözlə metallurgiya sahəsində usta olduqları məlumdur. Onların əsas məşğuliyyət sahəsi heyvandarlıq və atçılıq idi. Ovçuluq və balıq ovu da geniş yayılmışdı.

Artıq qeyd etdiyimiz kimi, Xvalinsk mədəniyyətini quranlar ölülərini kurqanlarda basdırırdılar. Sözügedən mədəniyyətə aid məzarlıqlar içərisində Xvalinsk şəhəri yaxınlığında aşkar edilmiş 30 x 26 m ölçülü məzarlıq arxeoloqların üzə çıxardıqları ilk bu tip abidədir. Bu məzarlıqda 158 skeletə rast gəlinmişdir ki, onların böyük əksəriyyəti tək dəfn edilmişdir, 2-5 nəfərin kollektiv şəkildə dəfn edildiyi bir neçə məzara da rast gəlinmişdir. 12 qəbrin üzərində kiçik kurqan aşkar edilmişdir. Bu kurqanların örtükləri daş yığınından ibarət idi. Qəbirlərin bəzisində eynən Samara mədəniyyətində olduğu kimi at, qoyun və qaramal sümüklərinə rast gəlinmişdir.



Xvalınsk mədəniyyəti dövrünə aid keramika qalıqları
Nalçik şəhəri yaxınlığındakı məzarlıqda 121 məzara rast gəlinmişdir. Burada da dəf edilənlər eynən Xvalinsk məzarlığında olduğu kimi arxaları üstə basdırılmış, ayaqları dizdən bükülmüşdü. Qeyd edək ki, arxası üstə basdırmaq adəti R1b Y-xromosomunu daşıyanlar, böyrü üstə (qadınlar sol, kişilər səğ böyrü üstə), bükülü vəziyyətdə basdırmaq adəti isə R1a haploqrupunun daşıyıcıları üçün xarakterik olmuşdur. Bunlardan birincilərin bugünkü varisləri içərisində oğuz türkcəsində, ikincilərin varisləri içərisində isə qıpçaq-bulqar türkcəsində danışanlar əksəriyyət təşkil edir.

Nalçik məzarlığında ölülərin üzərinə oxra səpilməsi, qəbirlərin qurulmasında sal daşlardan istifadə edilməsi halına tez-tez rast gəlinir. Bundan başqa, bütün məzarlıq kurqan örtüyü ilə örtülmüşdü.

Qəbirlərdən çıxan əşyalar əsasında arxeoloqlarda belə bir fikir formalaşmışdır ki, «Xvalınslı»lar arasında təbəqələşmə mövcud olmuşdur. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdən çıxan arxeoloji materiallar təbəqələşmənin dərinləşdiyi, qəbilə başçısı institutunun formalaşdı barədə fikir söyləməyə əsas verir (Васильев И. Б., Кузнецов П. Ф., Семёнова А. П., 1994).


«Xvalınsklı»ların antropoloji tipi
Xvalınsk kurqanlarının öyrənilməsi baxımından Samara, Orenburq və Saratov məzarlıqlarının böyük önəmi var. Eyni sözləri Xvalınsk I, Xvalınck II məzarlıqları, eləcə də Krivoluç məzarı barədə də söyləmək olar ki, bu barədə sonra söhbət açacağıq.

Xvalınsk kurqanlarından çıxan skeletlərdən götürülən DNT nümunələrinin analizləri çox maraqlı nəticələr vermişdir. Aparılan genetik tədqiqatlar nəticəsində burada da eynən Çatal-Höyükdə olduğu kimi R1b və R1a Y-xromosomlarının dominantlıq təşkil etdiyi məlum olmuşdur. Eyni zamanda Q1a Y-xromosomuna da rast gəlinmişdir ki (İain Mathieson, et al.), bu da türklərin Anadolu (R1b) və Güney Azərbaycandan (R1a) Avropaya köçündən əvvəl həmin ərazidə yaşamış əhalinin kimlər olduğunu anlamağa yardım edir.

Qeyd etmək lazımdır ki, Q haploqrupuna Sibir və Amerikanın köklü xalqalrında, eləcə də Avropa xalqlarından macarlarda (2 %), slovaklarda (5 %), yəhudi aşkenazlarda (5 %), Cənubi İsveçrədə (5 %) rast gəlinib. Fransız Alplarında, Cənubi Siciliyada, Serbiya, Ukraina və Polşada, Rusiyanın Tver vilayətində də eyni haploqrupun izləri (6,1 %) bugünədək qalır (Гаплогруппа Q (Y-ДНК)).

Q haploqrupunun Q1a-M3 haplotipinin təqribən 15 min il öncə Amerikada ortaya çıxdığı, daha doğrusu mezolit dövrünə aid bir skeletdən aşkar edildiyi məlumdur, və bu haplotipin hələ mezolit dövründə sürətlə hər iki Ameriakaya və Avrasiyaya yayıldığı hesab edilir (Poznik, et al., 2016).

Avrasiyada bu genə ən çox Sibirin azsaylı xalqlarında – ketlərdə (95 %) və selkuplarda (70 %) rast gəlinib. Bu isə o deməkdir ki, həmin haploqrupun daşıyıcılarının danışdığı dil bu xalqların dillərinə yaxın olub. Dilçi alimlər bu dilləri şərti olaraq «Yenisey» dilləri adlandırırlar. Bu haploqrupun Q1a3a (M3) variantı Amerikanın aborigenləri üçün daha çox xarakterikdir.

Q1a haploqrupunun mezolit – eneolit dövründə yayıldığı ərazilər
İşin ən maraqlı tərəfi isə budur ki, eyni haploqrup Qaraqalpakıstan türkmənlərində (73 %), İran türkmənlərində (43 %) və Əfqanıstan türkmənlərində (34%) dominantlıq təşkil edir. Türkmənistanda isə ona çox nadir hallarda rast gəlinir (Poznik, et al., 2016). Fikrimizcə, Qarakalpakıstan, İran və Əfqanıstan türkmənlərində bu haploqrupa P1b və R1a ilə birlikdə rast gəlinməsi sözügedən etnik qrupu genetik baxımdan Xvalınsk mədəniyyətinin birbaşa varisi hesab etməyə, eyni zamahda «Xvalınsklı»ların da türkmən, daha doğrusu protooğuz türkcəsində danışdıqlarını düşünməyə əsas verir.

Nəzərə alsaq ki, Xvalınsk mədəniyyətinin qurulmasında türklərlə birlikdə iştirak edən Q1a haploqrupunun daşıyıcıları eynən R1a və R1b haploqruplarının daşıyıcıları kimi ölülərini kurqanlarda basdıqmağa başlamışdılar, deməli, türklərin dinini və dilini qəbul etmiş və zamanla türkləşmişdilər. Amma bu, sadəcə Xvalınsk mədəni arealında yaşayan, Q1a Y-xromosuna sahib olan sadəcə bir və ya bir neçə qəbiləyə aiddir.

Türkləşmiş həmin qəbilə və ya qəbilələr sonrakı minilliklərdə hunların tərkibində Avropadan Çinə miqrasiya etmişlər. Təsadüfi deyil ki, Şimali Çindəki Pengyang məzarlığından tapılmış dörd hun skeletinin dördündə də Q1a1a1-M120 haplotipinə rast gəlinmişdir (M. Rasmussen et al., 2014, p. 225-229).

Qeyd etmək lazımdır ki, Q haploqrupunun təmsilçiləri hələ mezolit dövründə Avropaya çatmışdılar . Bunu Latviyadakı Zveynieki mezolit düşərgəsindən əldə edilmiş Q1a2 haploqrupu sübut edir (İain Mathieson, et al., 2017).



Xvalınsk mədəniyyətinə aid keramika nümunələri
Şübhəsiz ki, Xvalınsk mədəniyyəti sadəcə qəbir abidələri əsasında öyrənilməmişdir. Alimlər bu mədəniyyətə aid bir neçə yaşayış məskəni də üzə çıxarmışlar. Bu baxımdan İvanovsk və Turqanik, Samara vilayətindəki Qundorovsk, Həştərxan vilayətindəki Kara-Xuduk, Kairşak VI, Kombakte, Tay-Tübe, Şimali Bukey (Severnıy Bukey), Manqışlak yarımadasındakı Manqışlak, Volqoqrad vilayətində, Torqun çayı yaxınlığındakı Kumıska (Васильев И. Б., Кузнецов П. Ф., Семёнова А. П., 1994) və s. qədim yaşayış yerlərini misal çəkmək olar.

Bölgədəki sonradan rusca adlarımış toponimləri nəzərə almasaq, yaşayış yerlərinin tapıldığı ərazilərin adlarının hamısının türkcə olması da çox şeydən xəbər və Xvalınsk mədəniyyətində hindavropalıların izlərini axtaranların işlərini çətinləşdirir.


Qaynaqça


  1. İain Mathieson, et al. Eight thousand years of natural selection in Europe (http://www.biorxiv.org/content/early/2015/10/10/016477?%3 Fcollection=).

  2. İain Mathieson, et al. The Genomic History of Southeastern Europe. 2017.

  3. Poznik, et al. Punctuated bursts in human male demography inferred from 1,244 worldwide Y-chromosome sequences // Natura Genetics. Published online 25 April 2016.

  4. M. Rasmussen et al. The genome of a Late Pleistocene human from a Clovis burial site in western Montana // Nature. 2014. V. 506. p. 225-229.

  5. Васильев И. Б., Кузнецов П. Ф., Семёнова А. П. Потаповский курганный могильник индоиранских племён на Волге. Самара, 1994.

  6. Гаплогруппа Q (Y-ДНК) // Материал из Википедии-свободной энциклопедии (https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D0%BF%D0%BB%D0%BE%D0%B3%D1%80%D1%83%D0%BF%D0%BF%D0%B0_Q_(Y-%D0%94%D0%9D%D0%9A)).

  7. Клейн Л. С. Древние миграции и происхождение индоевропейских народов. СПб., 2007.







Yüklə 32,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə