Bəxtiyar Tuncay Ziviyə kurqanı elmə məlum ilk İşquz (İç Oğuz, skif) kurqanı. Alp Ər Tonqa harada dəfn edilib?



Yüklə 113,07 Kb.
tarix07.11.2018
ölçüsü113,07 Kb.

Bəxtiyar Tuncay

Ziviyə kurqanı - elmə məlum ilk İşquz (İç Oğuz, skif) kurqanı. Alp Ər Tonqa harada dəfn edilib?



تپه زیویه

Artıq qeyd etdiyimiz kimi, «Avesta»da Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü sahilində qətlə yetirildiyi bildirilir. «Bundaxşinin kitabı»nda söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü Aturpatakanda, yəni Azəbaycanda yerləşir (Касумова С. Ю.,1985, s. 20). Bu isə o deməkdir ki, bu böyük türk-işquz (skif, İç Oğuz) xaqanının qəbri Cənubi Azərbaycandakı bol duzlu Urmiya gölünə yaxın bir yerdə olmalıdır. Nəzərə alsaq ki, o, e.ə. 624-cü ildə qətlə yetirilmişdir (Yeni Türk Ansiklopedisi, 1985, Xl,4363), bu halda söhbət Urmiya yaxınlığında yerləşməsi mühtəməl olan, e.ə. VII əsrə aid edilən hansısa bir kurqandan getməlidir. Özü də bu kurqan adi kurqan yox, xaqana məxsus olduğu üçün çox zəngin bir kurqan olmalıdır. Və belə kurqan da var, daha doğrusu olub. Söhbət Ziviyə kurqanından gedir (Зивие , Уикипедия).

Urmiya gölü yaxınlarında yerləşən Ziviyə kurqanı 1947-ci ildə eyni adlı kəndin sakinləri tərəfindən tapılaraq qarət edilsə də, qarət edilmiş qızıl və gümüş, eləcə də digər əşyaların əsas hissəsini xilas etmək mümkün olub. R. Girşman Ziviyə kəndinin adını II Sarqon və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilən Manna qalasının adı ilə müqayisə edir (Ghirshman R., 1950, p. 201). Ərazidə tədqiqat aparmış R. Daysonun təsvirinə görə, Zibia, şəhər yox, istehkam məntəqəsi, yəni ordunun yerləşdiyi qala olmuşdur (Dyson R. H., 1963, p. 32-37).

Arxeoloqlar Ziviyə kurqanından tapılmış əşyaları e. ə. IX-VII əsrlərə aid edrlər (Dyson R. H., 1963, p. 32-37). Onları Kubanboyu və Şimali Qara dəniz sahilləri skif kurqanlarının sənət abidələri ilə müqayisə edən B. Piotrovski isə həmin əşyaları e. ə. VII əsrin sonuna və VI əsrin əvvəllərinə aid edir (Пиотровский Б. Б., 1959, s. 255). R. Barnet Ziviyə kurqanının dəfinəsini müxtəlif dövrlərdə və ayrı-ayrı üslublarda hazırlanmış əşyalarla birgə dəfn sayır. Bütün bu əşyaların tapıldığı sərdabəni, yəni qəbir kamerasını təsvirlərinə və formasına görə o, e. ə. VII əsrin sonlarına aid edir (Barnett R. D., 1956, p. 111-115).

Kurqan qarətçilər tərəfindən darmadağın edildiyindən onun örtüyünün ölçülərini, qəbir kamerasındakı skeletlərin dəqiq sayını və vəziyyətini müəyyən etmək mümkün olmayıb. Qarətçilərin sözlərinə görə, kurqandan çıxan qızıl və gümüş əşyaların hamısı qəbirdəki bir adamın üzərindən tapılıb (Ильинская В. А., Тереножкин А. И., 1983).

Beləliklə, Ziviyə kurqanı skiflərə aid mədəniyyət nümunələrinin tapıldığı ən qədim kurqandır, yəni elmə məlum skif kurqanlarından birincisidir. Eyniylə assur mənbələrinə görə, Alp Ər Tonqa da (Partatua da) yazılı mənbələrdə adına rast gəlinən və İşquz (skif) hökmdarı adlandırılan ilk şəxsdir. Onun varisləri İşpakay (Işbara) və Madisin də eyni bölgədə fəaliyyət göstərdikləri məlumdur. Lakin onlardan heç birinin Urmiya yaxınlığında öldürüldüyü və ya öldüyü barədə heç bir məlumat yoxdur. Belə məlumat yalnız və yalnız Alp Ər Tonqa barədədir.


تپه زیویه
Erkən İşquz (skif) incəsənəti nümunəsi. Ziviyə kurqanı
Ziviyə kurqanından tapılmış əşyalar sübut edir ki, skif incəsənəti Manna incəsənəti əsasında formalaşmış (Dyson R. H., 1963, p. 32-37) və skiflərin hakimiyyəti dövründə Karpat dağlarından Altaylara qədər yayılmışdır. A. Qodar da bildirir ki, skiflər mannalıların incəsənətini qəbul etmiş və sonralar Ön Asiya və Orta Rusiyada yayılmış «skif heyvani üslubu»nu yaratmışlar (Godard A., 1962) .

Ziviyə əşyaları ilə Altay və Şimali Qara dəniz kurqanlarından tapılmış əşyalarda ümumi əlamətlərdən söz açan S. Rudenko (Руденко С. И., 1961) qeyd edir ki, Ön Asiya incəsənəti ünsürləri, xüsusilə də «skif heyvani üslubu» vaxt ötdükcə, Qara dəniz skiflərinin Ön Asiya ilə əlaqələrinin zəifləməsilə tənəzzülə uğramış və sadələşmişdir. E. ə. V əsrdə Qara dənizyanı skiflərinin incəsənətinə yunan incəsənəti öz təsirini göstərir (Qaşqay S., 1993, s. 10).

Skif incəsənətinin Ön Asiya incəsənətinin təsiri altında yaranması fikrini M. İ. Artamonov da müdafiə edir (Aртамонов M. И., 1968, s. 28-29).

Maraqlıdır ki, təkcə skiflər deyil, həm də midiyalılar Manna mədəniyyətinin və incəsənətinin varisləri kimi çıxış etmişlər. Sonralar isə bu mədəniyyət midiyalılardan fars-Əhəminilərə də keçmişdir.

Urmiya yaxınlığında aşkar edilmiş Se Girdan kurqanları (e.ə. III minillik) və eyni gölə yaxın yerdə mövcud olmuş Ziviyə kurqanı (e.ə. VII əsr) Cənubi Azərbaycanda ən azı e.ə. III minillikdən, yəni Kür-Araz mədəniyyəti dövründən etibarən ən azı dəmir dövrünədək, yəni skiflər dövrünədək kurqanda dəfn adətinin aralıqsız olaraq davam etdiyini söyləməyə əsas verir. Bu isə o deməkdir ki, əgər Qara dəniz sahilləri skifləri (skolotlar) özündən əvvəlki Çuxur və Kərtmə mədəniyyətlərinin birbaşa varisləri və davamçıları idilərsə, Azərbaycanda yaşayam skiflər (işquzlar) də bilavasitə Kür-Araz mədəniyyətinin varisləri və davamçıları olmuşlar.
تپه زیویه
Manna incəsənəti nümunəsi
Bunu həmin ərazinin qədim yaşayış məskənlərindəki davamlı oturaq mədəniyyətin izləri də təsdiq edir. Məsələ burasındadır ki, R. Daysonun rəhbərlik etdiyi arxeoloji qrupun Ziviyə kurqanının da daxil olduğu Həsənlu bölgəsində apardığı tədqiqatlar burada e. ə. VI minilliyə qədər uzanan davamlı bir mədəniyyətin mövcud olduğununu göstərmişdir. Eneolit dövrünə qədər uzanan həmin mədəniyyətin ardıcıl stratiqrafiyasını verən Həsənlu təpəsi 27,5 metr dərinliyədək qazılmışdır. Bu stratiqrafiya tarixi məlum olan abidələrlə paralel keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrındən istifadə vasitəsilə müəyyənləşdirilmişdir (Qaşqay S., 1993, s. 10-11).

S. Qaşqayın yazdığına görə, R. Dayson Həsənluda qazılmış materialları on dövrə ayırır. «X-VI dövr materialları Həsənlu təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir. Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V və IV dövrlərdir. Keramika məmulatı dibinin formasına görə «Button Base Phase» adlanan V dövr e. ə. 1200-1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənlu təpəsi kiçik binalarla abadlaşdırılır. E. ə. 1100-800-cü illərə aid IV dövr «Grey Ware Phase» əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili, əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aiddir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binalar qalmış daş və ağac hissələrindən istifadə edilərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaqla bərpa olunmuşdur» (Qaşqay S., 1993, s. 11).


تپه زیویه
Ziviyə qalasının xarabələri
Həmin təbəqə sözügedən ərazinin assur və urartuluların hücumlarına və dağıntılarına məruz qaldığı dövrü əhatə edir. «Bu dövrün binalarından bir neçə yazılı əşyalar aşkar edilmişdir. Daş fraqment üzərində «Kadaşman-Enlil»in (Dyson R. N., 1977, p. 551) adı, zədələnmiş toppuz başı üzərində «Aşşuruballitin sarayı» və daş qab üzərində «Uşişi günəş allahına (həsr edilmiş) İdi ölkəsi (hökmdarının) Bauri sarayı» yazılmışdır. Sonuncu kitabənin axırının tərcüməsi şübhə doğursa (Muscarella O. W., 1971, p. 264) da, kitabənin özü e. ə. VIII əsrdən sonra yazıla bilməzdi (Dyson R. H., 1965, p. 202). R. Daysonun fikrincə IV dövr mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur (Qaşqay S., 1993, s. 11).
تپه زیویه
Həsənludan tapılmış keramika nümunəsi
Skiflərin və midiyalıların tarix səhnəsinə çıxdığı «III dövr «Triangle Ware Phase» xarabalıqların toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki - erkən III B (e. ə. 750-600-cü illər) və son III A (e. ə. 600-400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (IIIB dövrü) və açıq sarı rəngli keramika (IIIA dövrü) hazırlamışlar» (Qaşqay S., 1993, s. 11-12).

Bu, skiflərin və midiyalıların Urartu və Assur hakimiyyətinə son qoyduqları dövrdür. Beləliklə, arxeoloji qazıntıların nəticələri yazılı mənbələrin verdiyi məlumatlarla tam üst-üstə düşür və onların doğruluğunu tam təsdiq edir.


Qaynaqça


  1. Barnett R. D. The Treasure of Ziwiye. "Iraq", XVIII, 2, 1956, pp. 111-115.

  2. Dyson R. H. Archaeological Scrap Glimpses of History of Ziwiye Expedition, v, 3, 1963. pp. 32-37.

  3. Dyson R. H. Problems of Protohistoric Iran as seen from Hasanlu. JNES, XXIV. 3, 1965, p. 202.

  4. Dyson R. H. The Architecture of Hasanlu. Period I to IV. AJA v. 81, N4, 1977.

  5. Ghirshman R. Le Tresor de Sakkez. "Artibus Asiae", XIII, 3, 1950.

  6. Godard A. Le Tresor de Ziwiye. Haarlem, 1950; yenə onun L'Art de İran, Paris, 1962.

  7. Qaşqay S. Manna dövləti. B.: Azərnəşr, 1993, 107 s.

  8. Muscarella O. W. Hasanlu in the Ninth Century V. c and its Relation with other cultural centers of the Near East. Chronologies in Old World Archaeology. AJA, 75, 3, 1971, p. 264.

  9. Yeni Türk Ansiklopedisi. 12 c. "Ötüken", Ankara, 1985.

  10. Aртамонов M. И. Происхождение скифского искусства. С. A. 4, 1968, s. 28-29.

  11. Зивие // Уикипедия (https://kk.wikipedia.org/wiki/%D0%97%D0%B8%D0% B2%D0%B8%D0%B5).

  12. Ильинская В. А., Тереножкин А. И., Скифия VII – IV вв. до н.э. Киев, 1983.

  13. Касумова С. Ю. Азербайджан в lll-Vll вв., Б.,1985.

  14. Пиотровский Б. Б. Ванское царство. M, 1959.

  15. Руденко С. И. Искусство Алтая и Передней Азии. Moskva, 1961.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə