BəXTİyar vahabzadə -90



Yüklə 10,58 Kb.
tarix18.06.2018
ölçüsü10,58 Kb.
#49811
növüYazı

"BƏXTİYAR VAHABZADƏ -90"

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. 1934-cü ildə Bakıya köçmüş, burada orta məktəbi bitirdikdən sonra, 1942-1947-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlamışdır. 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1949-cu ildə “Mənim dostlarım” adlı ilk kitabı çap olunmuşdur. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951).

Bəxtiyar Vahabzadənin dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunurdu. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapmışdır. Onun şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Şair tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). Bəxtiyar Vahabzadə 1990-cı ildə təqaüdə çıxmışdır. O, Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir.

1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.

1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi.

O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il yanvar ayında Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamda deyilir:”Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır.Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edildi.”



Sərəncamdan irəli gələn vəzifələri həyata kecirmək məqsədilə kitabxanalarımızda “Bəxtiyar Vahabzadə-90”, ”Hara gedir bu dünya”, “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı” “Xalqın sevgisini qazanmış sənətkar”, “Azərbaycanın Bəxtiyarı”, və s. başlıqlar altında sərgilər tərtib edilməli , dəyirmi masa, əsərlərinin kitab müzakirəsi təşkil edilməli şeir gecəsi,söhbət,məruzə, ədəbi-bədii gecə təşkil edilsin.
Yüklə 10,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə