BəxtiyarTuncay Kimmer xanlarının kurqanları



Yüklə 57,67 Kb.
tarix08.03.2018
ölçüsü57,67 Kb.
#30828

BəxtiyarTuncay

Kimmer xanlarının kurqanları

http://belgorod-dnestrovskiy.ru/wp-content/uploads/2011/07/bessarabskie-legendi-224x150.jpg

Kimmerləri e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V srdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə skiflərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır (Меликашвили Г. А., c. 278-281).

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər (Гейбуллаев Г., 1991, s. 327-219). Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (38.239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir (Homer., Xlll,1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir.

Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər. O yazır: «...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar» (Oğuz Y., 2002, s. 20; Гейбуллаев Г., 1991, s. 96-97).

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.



usak museum
Kimmerlərə aid qızıl bilərziklər (Toptəpə kurqanı, Türkiyə)
Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:
usak museum
Kimmerlərə aid Hart kurqanından tapılmış sfinks heykəli
«Vaxtilə Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlrin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır» (Ögəl B., 2006, s. 575).
usak museum
Kimmerlərə aid Aktəpə kurqanından çıxan divar rəsmi
Musa Kağankatlının "Alban tarixi"ndə yazılanlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuhun adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir: «Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb,Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı» (Kalankaytuklu M., 1993, s.14).

Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi və qamərlər, yəni kimmerlər onun soyundandır (Kalankaytuklu M., 1993, s.14-15). Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Məhz o dövrdə də «kimmer» adı saklara da, - əgər onlar həmin dövrdə eyni ərazidə yaşayırdılarsa, - aid edilməli idi.

Mixi yazılar bu versiyanı da təsdiq edir. Məsələ burasındadır ki, 1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) «Saka ölkəsi»nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson «saka» (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (Грантовский Э.,1960, c. 84).

usak museum
Kimmerlərə aid Basmaci kurqanından çıxan tunc qab
Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa skif tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Lakin tarixin atası bu hadisəni iki versiyada nəql etmişdir. İkinci versiyaya görə skiflər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (Гасанов З., 2000, c. 24). Lakin mütəxəssislər həmişə birinci versiyaya üstünlük vermiş və bu skiflərdən gəlmə xalq kimi söhbət açmışlar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də skif və sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir. Bu barədə bir qədər sonra.

Herodot Qara dəniz sahillərində yaşayan skifləri "skolot" adlandırır (Гейбуллаев Г., 1991, s. 276).

Skolotların tədqiqi bu əsərdə qarşıya qoyulan hədəflərin obyektlərindən biri olmasa da, skiflərin dili və ədəbiyyatı barədə müəyyən təsəvvür əldə etmək üçün onlar barədə də bir neçə kəlmə söyləməmiz lazımdır.

Qiyasəddin Qeybullayev "skolot" etnonimi barədə yazır: «Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış "skolot" etnoniminin «iskutay», «iskuday» (işquz) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim (ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox türk xalqlarında qorunub saxlanılan ad olan) «eskel», «eşkil», «iskil», «eskil» etnonimindən və qədim türk dilindəki «-ut», «-ot» cəm şəkilçisindən yaranmışdır, ikincisi, «skolot» bütün iskitlərin deyil, yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olmuşdur» (Гейбуллаев Г., 1991, s. 276).


usak museum
Kimmerlərə aid Basmaci kurqanından tapılmış divar rəsmi
Deməli, alimin də haqlı olaraq qeyd etdiyi kimi, «skolot» adı «eskel» etnonimi və «-ut» cəm şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhbət gedir. Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini «sekel» adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk-run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır ki, Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən 1553-1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəlmişdi. «Bu mətnlər əvvəllər, çox güman ki, tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi. Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə-Vilhelm Tomsenə göndərdi. Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü. Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi. Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı» (Аджи М., 1998, c. 109-110).

Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi. Mətnin dilini Tomsen "qədim macar dili" adlandırdı. Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da, özlərinin türk mənşəliliyini unutmamışdılar (Аджи М., 1998, c. 111).


usak museum
Kimmerlərə aid Basmaci kurqanının planı
Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan - avxat, katair, traspi və paralat soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev avxatların bu günə qədər qırğız türklərinin etnik qruplarından biri olan avaqatlar (Абрамзон С. М.,1971, c. 298), paralatlların isə Cənubi Rus düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir (Гейбуллаев Г., 1991, s. 309).

Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sak və utilərin də bir qismi Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya keçmişdə «kimmer» adlanan utiqurlardan (utilərdən) və hunlardan söhbət açarkən onlarla qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir (Oğuz Y., 2002, s. 20; Гейбуллаев Г., 1991, s. 96-97).



usak museum
Aktəpədən çıxan taxtlar. Kimmer xanları onların üzərinə uzadılaraq basdırılmışdı. Bənzər dəfnetmə Alacahöyükdəki xan kurqanları üçün də xarakterik olub
Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponimlər də sübut etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının assur mənbələrində "qimiraya" (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki Qımır vı Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir (Azərbaycan tarixi, 1994, s. 104). Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli, eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən qalma yer adlarıdır (Ağasıoğlu F., 2005, s. 97). Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü (Гейбуллаев Г., 1991, s. 318), Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmerlərlə bağlı olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır (Гейбуллаев Г., 1991, s. 321). Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) 5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və Kiçik Kəmərli kəndlərinin kimmerlərin adını bu günə qədər yaşatdıqlarını vurğulayır (Гейбуллаев Г., 1991, s. 320), İranın müxtəlif bölgələrində yarləşən Kəmər (2 dənə), Kəmərabad, Qomar, Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin bugünə qadər "qamər" adlandığını diqqətə çatdırmağı da unutmur (Гейбуллаев Г., 1991, s. 321).

Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq desək, Manna sakinləri kimi söz açmaqdadır (38.2). Bu et-nik qrupun e.ə Vll əsrdə Kür-Araz ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S. T. Yeremyana görə, iskitlər bura gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar (Еремян С. Т., 1964, c. 52).


usak museum
Əkiztəpə kurqanının sərdabəsinin planı
Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kimmer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir.

Hazırda Anadolu ərazisində bir neçə kimmer kurqanının mövcud olduğunu söyləmək mümkündür. Bunlardan üçü – Toptəpə, Əkiztəpə (İkiztepe) və Aktəpə elmi ədəbiyyatda şərti olaraq «Lidiya kurqanları» kimi tanınır və onlardan əldə edilmiş qiymətli əşyalar Avropa ədəbiyyatında Lidiya hökmdarlarından olmuş Krezin adı ilə «Krezin xəzinəsi», Türkiyə ədəbiyyatında isə «Harunun xəzinəsi» adları ilə məşhurdur. Lakin bu adların heç biri tarixi həqiqəti əks etdirmir (Сокровища лидийских курганов).


usak museum
Kimmerlərə aid əqiq daşlı qızıl üzüklər
Gerçək olan isə budur ki, e.ə. 644-cü ildə kimmelər Lidiyanı, o cümlədən onun paytaxtı Sard şəhərini ələ keçirmişdilər. Bu hücumlar nəticəsində Lidiya şahı Giq öldürülmüş və ölkə bütünlüklə kimmerlərin əlinə keçmişdi. Bundan sonra onlar yunanlarla savaşa girmiş və İoniyanı ələ keçirməyi bacarmışdılar (Киммерийцы, 2008). Odur ki, Lidiya ərazisindəki kurqanların bilavasitə kimmerlərə aid olduğu heç bir şübhə oyatmamalıdır. Kimmerlərdən fərqli olaraq, lidiyalıların ölülərini kurqanlarda basdırdıqları barədə heç bir yazılı məlumat yoxdur.

Toptəpə kurqanı 1965-ci kurqanın içinə lağım atmaqla girməyi bacarmış 5 qərətçi tərəfindən qarət edilmiş və əldə edilən sərvət 65000 türk lirəsinə satılmışdır. 1966-cı eyni aqibət eyni bölgədə olan Əkiztəpə kurqanının da başına gəlmiş, bu dəfə qarətdə 11 nəfər iştirak etmiş, qarətçilər kurqandan oğurladıqları 150 qiymətli əşyanı 150000 lirəyə satmışlar.

Bundan iki il sonra, 1968-ci ildə kimmerlərə aid üçüncü kurqan – Aktəpə kurqanı da qarət edildi. Buradan əldə edilən materiallar, o cümlədən divar rəsmləri 40000 lirəyə satıldı.

1985-ci ildə məlum oldu ki, kimmer kurqanlarından qarət edilmiş əşyalar Nyu-Yorkun Metropoliten muzeyinə satılmışdır. Türkiyə hökuməti onların ölkədən qeyri-qanuni yolla çıxarıldığını əsas gətirərək həmin qiymətli materialların ölkəyə qaytarılması üçün lazım olan bütün hüquqi işləri gördü və nəhayət, oğurlanmış sənət əsərləri 1993-cü ildə Türkiyəyə qaytarıldı. Hazırda həmin materiallar Uşak şəhərinin muzeyində saxlanılır. Burada eyni zamanda kimerlərə məxsus daha iki kurqandan – Basmaci və Hart kurqanlarından tapılmış arxeoloji materiallarda nümayiş etdirilir.



Kurqanlar kimmerlərin Lidiyadakı hakimiyyəti dövrünə - e.ə. VII-VI əsrlərə aid edilir (Сокровища лидийских курганов).


Qaynaqça


  1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.

  2. Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.

  3. Homer. İlliada

  4. Kalankaytuklu M. Alban tarixi. "Elm", B., 1993.

  5. Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri. «Azərbaycan Milli Ensiklopediyası» NPB., B., 2002.

  6. Ögəl B. Türk mifologiyas, l c., Bakı, 2006.

  7. Абрамзон С.М. Киргизы и их этногенетические и историко-кльтурные связи, Москва,1971.

  8. Аджи М. Европа, тюрки, Великая степь. "Мысль", Москва, 1998.

  9. Гасанов З. Царские Скифы. "Liberty Publishing House", New York, 2000.

  10. Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку, 1991.

  11. Грантовский Э. А. Индо-иранские касты у скифов. XXV Международная конференция востоковедов. Доклады делегации СССР, М.,1960.

  12. Еремян С. Т. Страна "Мехелония" надписи Кааба-и Зардушт. ВДИ,1964, №4.

  13. Киммерийцы // БРЭ. Т.13. М., 2008.

  14. Меликашвили Г. А. Древневосточные материалы по истории народов Закавказья, l, Наири-Урарту,Тбилиси, 1954.

  15. Сокровища лидийских курганов (http://marmara-calypso.livejournal. com/52671.html).



Yüklə 57,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə