Bəzi müsəlmanlar Kremlin qarşısında “ləzginka” oynayırlar” – Müsahibə Rafiq Qafarov: “Rusiya və Putin Ukrayna böhranını istəmirdilər”



Yüklə 19,6 Kb.
tarix04.11.2017
ölçüsü19,6 Kb.
#8236

Bəzi müsəlmanlar Kremlin qarşısında “ləzginka” oynayırlar” – Müsahibə


Rafiq Qafarov: “Rusiya və Putin Ukrayna böhranını istəmirdilər”

AzPolitika.info-nun müsahibi Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi şurasının üzvü, Rusiya Dumasının deputatı İrina Radinanın köməkçisi, Saxa (Yakutiya) Respublikasının xalq təsərrüfatının əməkdar işçisi, Yakutiyanın neft və qaz istehsalatının ilk ixtiraçılarından biri Rafiq Qafarovdur:

- Rafiq müəllim, məlum olduğu kimi Yakutiyada 2 minə yaxın azərbaycanlı yaşayır. Orada azərbaycanlılar üçün yaradılan şərait və diaspora işlərinin səviyyəsi necədir?

- Yakutiyada yaşayan 2 minə yaxın azərbaycanlı üçün heç kəs xüsusi olaraq şərait yaratmayıb. Onlar özləri-özləri üçün şərit yaradırlar və işləyirlər. Biz orada onların hüquqlarının müdafiəsi və problemlərinin həll edilməsi üçün səy göstəririk. Yakutiyada bir problem var, o da azərbaycanlıların məskunlaşdıqları və yaşadıqları şəhərlərin arasında təyyarə ilə nə az-nə çox, düz 2 saatlıq yolun qət edilməli olmasıdır. Bu da birgə toplanmaqda çətinlik törədir. Ona görə də, biz yalnız xüsusi tədbirlər zamanı bir yerə yığışa bilirik.



- Yakutiyada nə qədər azərbaycanlı məhkum var? Onların saxlanma şəraiti ilə maraqlanmaq imkanınız olurmu?

- Əfsuslar olsun ki, bu kimi məlumatlar sirr saxlanılır və onların saxlanma şəraiti ilə də maraqlana bilmirik. Çünki ora hər bir regiondan məhkum göndərilir. Ona görə ora giriş-çıxış böyük problemdir. Amma onların işləri ilə hüquq müdafiəçiləri məşğul olur.



- Sizin oğlunuz Rüstəm Qafarov da Dövlət Dumasında çalışır. Necə düşünürsüz, o, öz xalqını layiqli şəkildə təmsil edə bilirmi?

- Hesab edirəm ki, mənim oğlum öz xalqını bu günə qədər də çox layiqli təmsil edib, bundan sonra da elə təmsil edəcək. O, V.Q Plexanov adına universitetin iqtisadiyyat fakültəsini bitirib. Rusiya Federasiyasının Prezidenti yanında aspiranturanı bitirib. Eyni zamanda Dövlət Dumasının deputatı Larisa Şayqunun köməkçisidir. Rusiyada və Azərbaycanda fəaliyyət göstərən bütün diaspora mərkəzləri və elit təbəqə onu tanıyır. Baxmayaraq ki, onun öz yolu var, hesab edirəm ki, mənim onun bu cür formalaşmasında bir şəxsiyyət kimi rolum olub.



- Rafiq müəllim son zamanlar Rusiyada miqrantlarla bağlı qəbul edilən qanun orada yaşayan və ya Rusiyaya üz tutan azərbaycanlılar üçün bir çətinlik yaratmır ki?

- Rusiyada miqrasiya haqqında qəbul edilən qanunlar hamı üçündür və hamı bir nəfər kimi bu qanunlara tabedir. Hesab edirəm ki, bu heç kəs üçün problem olmamalıdır. Lakin Azərbaycanda olan miqrasiya problemləri bura qonaq olaraq gələn azərbaycanlılar üçün müəyyən çətinliklər yaradır. Biz əsasən ildə bir-iki dəfə burada olan qohumlarımızı ziyarət etməyə, xeyir və şər tədbirlərində iştirak etməyə gəlirik, amma biz sənədləşmə işləri ilə məşğul olmaq məcburiyyətində qalırıq. Bu da müəyyən mənada diskomfort yaradır. Əvvəl Rusiyada yaşayan azərbaycanlıların Azərbaycanda qalması bir ay idisə, indi onu üç ay ediblər. Lakin mən bu qayda ilə razı deyiləm. Çünki hesab edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar miqrantların qanunlarına tabe olmamalıdır. Bu tendensiya kökündən səhvdir. Misal üçün, mən öz şəxsi maşınımla ailəmlə bərabər bütün yayı Azərbaycanda dincəlməyə gəlirəm, amma çox sayda problemlə üzləşirəm. Mən Azərbaycanda üç ay qala bilərəm, amma mənim şəxsi maşınım Azərbaycanda cəmisi bir ay qala bilər. Bu axı necə ola bilər? Biz buranın vətəndaşı olmasaq da, azərbaycanlıyıq və bizi miqrantlarla bərabər tutmaq kökündən səhvdir. Mən Heydər Əliyevin “Azərbaycan bütün azərbaycanlıların vətənidir” kəlamını dilə gətirmək istərdim. Mən uzun müddət miqrasiya sahəsində çalışmışam və bu işləri çox gözəl bilirəm. Lazım olarsa mən müəyyən konsepsiya da təqdim edə bilərəm.

- Bir çox mənbələr iddia edir ki, rus milləti zaman keçdikcə tamamilə tükənəcək və indiki Rusiya dövləti gələcəkdə müsəlman dövləti kimi formalaşacaq. Sizcə bu nə qədər dogru mülahizədir?

- Bu heç vaxt ola bilməz. Çünki Rusiyada rus millətinin itməməsi üçün yetəri qədər rus var. Əlbəttə, ora çoxlu müsəlmanlar var. Lakin qeyd edim ki, bəzən orada onlara qarşı olan münasibətdən şikayətlənirlər. Amma bəzi müsəlmanlar Rusiyaya gəlirlər, gəzirlər və özlərini yaraşmayan tərzdə aparırlar. Misal üçün, gəlirlər Kreml sarayının önündə musiqiyə səs verirlər və küçədə “ləzginka” rəqsini oynayırlar. Axı ruslar Bakıya qonaq gələndə, şəhərin mərkəzində “çastuşka” oynamırlar… Bu sadəcə primitiv bir misal idi. Bundan əlavə çox zaman bazarda və küçədə özlərini mədəni apara bilmirlər. Sataşırlar və ya söz atırlar kiməsə. Ona görə də, müsəlmanın simasını onlar özləri pis təqdim edirlər.



- Rusiyada yaşayan azərbaycanlı oliqarxlar və ya biznesmenlərin diaspora işinə yatırımları, dəstəkləri ermənilərlə müqayisədə çox zəifdir. Çoxdandır Rusiyada yaşayan və dövlət strukturunda çalışan biri kimi sizcə bunun səbəbi nədir?

- Mən bu ifadə ilə tamamilə razı deyiləm. Azərbaycanlılarla ermənilərin arasında fərq ondadır ki, erməniyə qəpik versən rubl ver deyə qışqırır, azərbaycanlıya qəpik versən sənə rubl verir. Qeyd edim ki, azərbaycanlıların ermənilərlə müqayisədə Rusiyada heç də əlaqələri az deyil. Əksinə, deyərdim daha çoxdur. Lakin azərbaycanlılar ermənilər kimi bu haqda qışqırmır və bu əlaqələri nümayiş etdirmir. Ermənilər isə hansı yollasa və ya onlarda təbliğatın güclü olması nəticəsində elə görünür ki, erməni diasporası daha güclüdür. Bir böyük fərq də ondan ibarətdir ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, onların bir gözləri həmişə Azərbaycandadır. Ermənilər isə elə deyil. Onlar Rusiyaya gəlirlər və vətənlərini unudurlar. Həm də etiraf etmək lazımdır ki, Azərbaycanda hər sahədə təbliğat zəifdir. Azərbaycanda inkişaf sürətlə gedir. Bu hətta inanılmazdır, bu qədər qısa bir zamanda bu boyda inkişafı görməmək mümkün deyil.



- Məlum olduğu kimi, Azərbayacan öz seçimini Qərbdən yana etmək niyyətindədir. Bu tendensiyaya Rusiyada necə münasibət bəslənilir?

- Azərbaycan balanslaşdırılmış siyasət yürdür və öz maraqlarını nə Rusiya, nə də Qərbə güzəştə getmir. Azərbaycan özünün müstəqil və siyasi kursunu davam etdirir. Mən inanmıram ki, Azərbaycanın indiki hakimiyyəti Qərb və Azərbaycanın maraqlarına görə Rusiyaya ziyan vursun. Və ya əksinə. Düşünürəm ki, nə Rusiya, nə də Qərb Azərbaycana təsir edə bilməz və Azərbaycan öz müstəqil siyasətini yürüdür.

- Rafiq müəllim, bu gün Qərb, ABŞ və Rusiya arasında geniş vüsət alan informasiya müharibəsi illər əvvəlki “soyuq müharibə”dən nə ilə fərqlənir?

- Əvvəl baş vermiş soyuq müharibələr müəyyən təbliğat sayəsində baş verirdi. İndi isə Qərb, ABŞ və NATO həmin təbliğatın yerinə qan axıtmağa üstünlük verirlər. Suriya, Liviya, İrak, Ukraynada baş verənləri misal gətirmək olar. Ona görə də, indi mən deməzdim “soyuq müharibə” gedir. Əksinə, soyuq-isti müharibə getməkdədir. Onlar hər hansısa bir ölkədə hakimiyyəti devirmək və qan axıtmaq siyasəti yürüdürlər. Liviyada hakimiyyəti devirdilər, İrakda hakimiyyəti devirdilər. Nəticə nə oldu? Ona görə də, hesab edirəm ki, Rusiya siyasətçiləri onlardan fərqlənir və onlar kirli və qanlı işlərə baş qoşmurlar. Eyni zamanda o cür işləri planlaşdırmırlar. Mən Rusiyada dövlət adamları ilə oturub-duran bir adam kimi əminəm ki, Rusiya Liviya, Ukrayna, Gürcüstan və digər yerlərdə heç nə planlaşdırmır. Onlar əlbəttə ki, Rusiyanın maraqları çərçivəsində hər kəslə işləmək istəyirlər.

- Ukrayna siyasətinə görə Qərbdə Vladimir Putinə çox sərt münasibət göstərilir. Siz Rusiyanın Ukrayna siyasətini necə dəyərləndirirsiniz? Putin zamanı geri qaytara bilsə, bu siyasəti yenidən həyata keçirərdimi?…

- Mən tam əminliklə deyə bilərəm ki, Rusiya və Putin Ukrayna böhranını istəmirdilər. Bu Avropa və ABŞ-ın layihəsi idi və onlar görün Ukraynanı nə günə qoydular. Putin sadəcə mövcud vəziyyətdə özünü möhtəşəm bir dövlətin layiqli başçısı kimi apardı və aparır. O, heç kəslə müharibə aparmır, heç kəsin qarşıdurmasına müdaxilə etmir, heç bir qanlı işlərə əlaqasi yoxdur. Qərbin məqsədi isə Rusiyanı bu müharibəyə cəlb etməkdir. Putin böyük rus dövlətinə məxsus şəkildə heç kəsin işinə qarışmır. Onlar müharibəyə başlayanda Putin Uzaq Şərqdə öz işləri ilə məşğul idi. Mən sizin sualın sonluğu ilə tamamilə razıyam. V. Putin Ukrayna böhranını geri qaytarmaq mümkün olsaydı, bəlkə də hər şeyə hazır olardı…



Ülkər Musazadə
AzPolitika
Yüklə 19,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə