Bir gecə Yozef K



Yüklə 9,36 Kb.
tarix26.09.2017
ölçüsü9,36 Kb.

Bir gecə Yozef K. qəribə yuxu gördü:

Hava mülayim idi və K. gəzmək istəyirdi. Amma iki addım atar-atmaz artıq qəbristanlıqda idi. Orada süni yolla salınmış girintili-çixintılı çox narahat cığırın olmağına baxmayaraq, o sanki havada uçurdu və bu cür yolların birində coşğun selə düşmüş kimi möhkəm sürətlə sürüşdü. O, uzaqdan gördüyü qəbir təpəciyinin yanında dayanmaq istədi. Bu qəbir K.-yə sanki ovsunlayıcı təsir göstərmişdi və ona elə gəlirdi ki, lazımı cəldliklə ona çata bilməyəcək. K. təpəciyi güclə görürdü, onun qabağını küləkdə dalğalanan, böyük qüvvə ilə bir-birinə çırpılan bayraq və qumaş parça kəsirdi. Bayraqdar isə görsənmirdi, amma, elə bir hiss yaranırdı ki, sanki orada şənlik hökm sürür.

O, öz baxışlarını uzağa yönəltdiyi halda, lap yanında eyni çür qəbir təpciyinin olduğunu gördü. Bir az irəli getsəydi, qəbir ondan arxada qalacaqdı. K. cəld otluğa atıldı. Cığırın onun ayaqları altından qaçmasına baxmayaraq, yoluna davam etdi, o, səndələyərək qəbir təpəciyinin qarşısına dizləri üstə çökdü. İki kişi qəbirin o biri tərəfində dayanaraq aralarındakı qəbir daşını havada saxlamışdılar; K. orada görünən kimi onlar baş daşını yerinə qoydular və qəbir daşı da necə qoyulmuşdusa, eləcə dik qaldı. Bu zaman kolluqdan üçüncü bir adam çıxdı. K. onun rəssam olduğunu güman etdi. Onun əynində ancaq şalvar və düymələri əyri bağlanmış köynək, başında isə məxmər beret var idi; əlində isə qəbirdaşına yaxınlaşaraq havada nə isə fiqurlar çəkdiyi adi qələm tutmuşdu.

O, bu qələmi başdaşının yuxarı hissəsinə tuşladı; başdaşı çox hündür idi, rəssamın əyilməyinə heç ehtiyac yox idi. Amma, istər-istəməz, o qabağa əyilməli oldu, çünki, ayaq basmaq istəmədiyi torpaq təpəcik onu başdaşından ayırırdı. O, barmaqlarının ucunda dayandı və sol əli ilə daşından yapışdı. Hansısa məharətli bir fəndin sayəsində o, adi qələm ilə qızıl həriflər yazdı: "Burada yatan..." Onun qələmindən hər bir hərif dəqiq, gözəl, dərindən oyulmuş və əsl qızılla yazılmış kimi çıxırdı. Bu iki sözü yazandan sonra o, üzünü K.-ya tərəf çevirdi; yazının davamını böyük səbirsizliklə gözləyən K. demək olar ki, rəssamı unudaraq yalnızca başdaşına baxırdı. Rəssam yenə də yazmaq istədi, amma, yazısını davam edə bilmədi, nə isə onu narahat edirdi. O əlini aşağı endirdi və yenə də K.-ya tərəf çevrildi. İndi isə K. da rəssama baxırdı və onun xəcalət çəkdiyini gördü, amma, səbəbini bilmirdi. Rəssamın bayaqkı, çevikliyi itdi. Buna görə K. da xəcalət çəkirdi; onlar bir-birilərinə köməksiz baxışlarla baxırdılar; açıq-aşkar görünürdü ki, burada, heç birinin aydınlaşdıra bilmədiyi murdar bir anlaşılmazlıq var idi. Tamamilə yersiz vaxtda kilsənin kiçik zəngi çalındı. Amma, rəssamın bir əl hərəkəti ilə zəng dayandı. Bir müddətdən sonra zəng yenidən çalındı amma, bu dəfə çox astadan və xüsusi tələbi olmadan da özü dayandı; sanki, sadəcə zəngin gücünü yoxlamaq istəyirdi. K. rəssamın vəziyyətindən ümidsizliyə qapılmışdı, o ağlamağa başladı və əllərini açaraq hıçqırtı ilə hönkürdü. Rəssam K.-nin sakitləşməyini gözlədi və sonra bir çıxış yolu tapmadığı üçün yazısına davam etməyi qərara aldı. Atdığı ilk ştrix K. üçün qurtuluş idi. Amma, rəssam, görünür çox həvəssiz idi. Və yazdığı bayaqkı kimi gözəl görünmürdü. İlk növbədə elə gəlirdi ki, yazıda qızılı rəng çatışmır, solğun idi və hər ştrix tərəddüdlə uzanırdı. Yalnızca ölçüləri yaxşı idi. Yazılan"Y" hərifi idi. Yazı artıq hazır idi ki, bu an rəssam ayağını qəbir təpəciyinə elə əsəblə çırpdı ki, torpaq ətrafa səpələndi. Nəhayət ki, K onu başa düşdü; bu fikirdən imtina etməyi rəssamdan xahiş etməyə artıq vaxt yox idi; o, var gücü ilə müqavimətsız torpağı əlləri ilə qazımağa başladı; sanki hər şey öncədən hazırlanmışdı, yalnızca, görünüş üçün qəbirin üstü nazik torpaq qatı ilə örtülmüşdü; dərhal onun arxasında sıldırımlı divarları olan böyük bir dəlik açıldı və K. zəif axınla kürəyi üstə fırlanaraq bu dəliyə endi. Bu zaman sonsuz dərinlik onu, başı yuxarı vəziyyətdə aşağı çəkirdi, yuxarıda isə böyük naxışlı həriflərlə başdaşı üzərində onun adı yazıldı.



K. bu mənzərəyə həsəd apararaq yuxudan oyandı.
1914 (1916)
Tərcümə etdi: Aysel Yaqubqızı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə