Bir neçƏ SÖZ



Yüklə 0,68 Mb.
səhifə10/10
tarix01.12.2017
ölçüsü0,68 Mb.
#13362
1   2   3   4   5   6   7   8   9   10

15
Rüstəmbəy açarını uzatdı, qapıya sürtdü. Neçə dəqiqə taqqıltı saldı, açar yerini tapa bilmədi. Dalğın-dalğın qapının dalında durdu. Fikrə getdi və sonra yenə açar yerini axtarmağa başladı. Axırda tapdı. Açarı uzatdı. Bu dəfə açar girmədi. Yenə taqqıltı saldı. Yenə sükuta getdi. Yenidən açarla qapını taqqıldatmağa başladı, zəngi vurmaq ağlına gəlmədi.

  • Kimdir? - deyə qapının dalından tutqun bir səs gəldi. Rüstəmbəyin dodaqlarında mənasız bir təbəssüm bəlirdi:

  • Mənəm,- dedi və mətanətsiz səsi dalanda çingildədi. Qapı açıldı. Rüstəmbəy kömür döymüş kimi səyəklənə-səyəklənə içəri girdi. Sofya xanım yataq otağının qapısını bağlayıb yox oldu.

  • Qapını bağlayın və koridordakı çırağı keçirin - deyə içəridən xanımın səsi gəldi.

Rüstəmbəy irəli yeridi. Əlini dəstəyə atıb dartdı - qapı kilidli idi, açılmadı.

  • Sofya Sergeyevna! Sofya Sergeyevna!

Rüstəmbəyin səsinə cavab gəlmədi. Bir də zarıltı ilə çağırdı:

  • Sofya Sergeyevna! Ay Sofya Sergeyevna!

  • Nə deyirsiniz?

  • Bircə qapını açın.

  • Ərim indicə klubdan qayıdacaq, gedin yatın. Rüstəmbəy qapıya söykəndi. Ürəyi bulanır, başı gicəllənirdi. Halı olduqca pəjmürdə idi. Yenə fəqanedici səslə:

  • Rica edirəm, yarım dəqiqəliyə qapını açın, sizə bircə söz deyəcəyəm.

Sofya xanım təkidlə və bəlkə bir az acıqlı:

  • Allah xatirinə, gedin yatın, məni bəlaya salarsınız!

  • Bircə dəqiqəliyə açın, sonra gedim.

Xanımın əlacı kəsildi:

  • Hələ gəlməyin, çılpağam, - dedi və qapını açdı, sonra tez çarpayısında uzanıb, yorğana büründü.

Rüstəmbəy bir az gözləyib girdi. İsanın şəklinin önündə yanan lampacıqdan otağa bir azca işıq düsmüşdü. Sükut və yarımişıq buraları bir zaviyə guşəsinə döndərmişdi. Rüstəmbəyin təhqir olunmuş izzəti-nəfsi bu yarımişıq sükuta qarşı susdu. Doluxsunmuş Rüstəmbəy dizi üstə xanımın çarpayısının qabağında çökərək, günahkar bir bəndə məbəd qarşısında duran kimi mat qaldı:

  • Həmişə təkliyimi hiss edirdim,- dedi, səsində sızıltı və nalə eşidildi, - bu axşam onun bir əmri-vaqe olduğunu bildim. Hamı məndən üz döndərmiş, meydanda təkcə qalmışam. Bircə həqiqi dostum da yoxdur ki, əlini mənə uzatsın... Mənim ümidim sizədir, ürəyimin dərdini sizə açdıqca, halım yüngülləşir...

Sofya xanım acıqlandı və Rüstəmbəyin sözlərini kəsdi:

  • Nə demək istəyirsiniz?.. Siz keflisiniz, yaman da keflisiniz. Allah xatirinə, durun, gedin yatın.

Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı, bir də başını qaldırdı:

  • Göz yaşlarımı görürsünüzmü? - dedi.

  • Görürəm!.. Gedin yatın, sabah danışarıq! Tez olun, odur, ərim gəlir.

Rüstəmbəy ayağa qalxdı:

  • Əlvida, - dedi, - sizin də vəfasızlığınız mənə məlum deyilmiş. Bunun da bu axşam aşkara çıxmağı müqəddər imiş.

Rüstəmbəy otaqdan çıxıb, məyus bir halda getdi. Öz aləmində Sofya xanımdan mehribanlıq və təsəlli gözləyirdi. Bunun əvəzində cəfa gördü. Qəlbi ondan da sındı. İndi daha ümid bağlamalı bir yeri yox idi. Çox qəmgin və peşman bir halda öz otağına gəldi. Oz-özünə "hamıdan zəhləm gedir, - dedi, - çünki hamının məndən zəhləsi gedir. Yaxşısı budur ki, hamıdan uzaqlaşım..."

16
Xalı mağazasında Bəhrama bir xalça göstərirdilər. Ortasında bir ləkəsi var idi, kənarı da bir az cırıq idi:

  • Neçə verir? - dedi.

Mağazaçı:

  • Üç manat. Yarı-yarıya.

  • Yarısına razı deyiləm. Məndən ip gedir, səndən nə gedir? - deyə Bəhram bir az darıldı.

Mağazaçı gülə-gülə əlini Bəhramın çiyninə qoydu:

  • Yaxşı, ikisi sənin.

Bəhram xalçanı buraxdı:

  • Gəlirəm, deyə çıxdı və bir az keçməmiş əlində bir gələm içəri girdi.

Mağazanın arxa tərəfınə keçdi, xırda bir otaqda paltarını dəyişdi, sonra xalçanı yerə döşəyib dizlərini yerə qoydu və kələmlə xalçanın ləkəsini sürtdü. Bir az sonra ovulub tökülmüş kələm qırıqlarını təmizləyib, ləkəyə baxdı, bir əsər görünmədi.

Xalçanı başdan-başa sürtdü, çırpdı və kənarlarından tutub, diqqətlə süzdü, təzə kimi idi.

Otağın bir tərəfində, yayları meşini cırıb kənara çıxmış bir köhnə taxt var idi. Bəhram bu taxtda oturub, xalçanı dizinin üstə aldı, xalçanın cırıq yerini gözdən keçirdi. Ərişləri uc-uca gətirərək düyün tutan yerləri düyünlədi. Baxdı, bir çox ilmələr tökülmüşdü. İp torbasını açdı, ipləri xalçanin cırıq yerləri ilə tutuşdurdu. Uyğun boyalarını seçdi, cırığını yamamağa başladı.

Yamaq qurtardıqdan sonra Bəhram qayçı ilə hamarladı və təzə iplər gözə sıçramasın deyə, bir kağız yandırıb, yamaq yerini alovda ütdü.

Xalça hazır idi. Bəhram təhvil verdi, pulu alıb getdi.

Həyətin qərarına görə müsamirədə Katya odalıq5 rolu oynayacaq idi. Lakin şərq qadınına bənzəmək üçün saçları boyanmalı idi. Katyanın başına həna qoymaq Bəhrama həvalə olunmuşdu.

Bəhram xalı dükanından çıxar-çıxmaz tramvaya minib, Teymurbəygilə getdt. Katya Bəhramın gələcəyini bilirdi. Bəhram irəliki gün oraya bir kisə həna və rəng aparmışdı. Zəng vurular-vurulmaz qapı aralandı və açılmış saçları çiyinlərinin iki tərəfıni qaplamış Katya göründü:


  • Siz olduğunuzu bildim, - deyə təbəssümlə parlayan mərcan dodaqları aralandı və ağ inci dişləri parladı.

Bəhram vaxta qiymət verən karkün adamlar kimi qətiyyətlə dedi:

  • Su hazırdırmı?

  • Bu saat hazır olar.

Bəhram cəld içəri girdi. Yemək odasında tələbə tujurkasını çıxartdı, qollarını çırmadı və mətbəxə getdi. Samovar qoyulmuşdu. Xidmətçi qıza bəzi təlimat verib döndü.

Yemək otağında ləyən hazırlandı. Bəhram həna torbasını açdı. Katya maraqla torbaya baxırdı:



  • Çoxmu qara olacaq? - deyə sordu.

  • Bu qızardacaq, üzərindən rəng qoyulduqda qapqara olacaq.

  • Tüklərim xarab olmaz ki?

  • Əsla! Təbii şəkil alacaq. Həm də elə parıldayacaq ki, tam şərqli bir qız olacaqsınız.

  • Aman, nə gözəl !..

Bəhram əlinə qayış əlcəkləri geyə-geyə:

  • Müsamirədə birinci gözələ mükafat veriləcək. Sizin qazanacağınıza əminəm.

  • Nə söyləyirsiniz?

  • Elə!.. Su hazırdır, zənn edirəm, çox isti olmamalı. Xidmətci qız suyu gətirdi. Bəhram hənanı ləyənə töküb islatdı.

  • Katya, gəlin oturun!

Katya şən bir halda masaya yaxın bir yerdə oturdu. Bəhram əlcəkli əli ilə hənadan götürüb Katyanın başına yaxdı.

Həna yaxıldıqda Katya diksindi, üzünü qırışdırdı və qayğılı bir səslə:



  • Bəhram, həna saçlarımı tökməz ki? - deyə sordu. Bəhram işinə davam edərək:

  • Biləks, tüklərin diblərini bərkidir. Şərq qadınları bunsuz dolana bilməzlər. Hənanı buralarda hələ tanımırlar, amma tanıyacaqlar. Mən buraya gələn ili bir neçə kisə gətirmişdim. Tanıdığım xanımlara payladım. Bilirsiniz, müftə verirdim, götürmək istəmirdilər. Axırda ki, öyrətdim. Bu il iki yüz kisə satmışam.

Katya altdan-altdan baxaraq:

  • Bravo, - dedi, - qoçaqsınız.

  • Başqa çarə varmı? Oxuyub bitirmək lazımdır. Bu zamanlarda ya pul olmalı, ya enerji... Pul da ki, bizdə yoxdur.

  • O günü Teymurbəylə sizdən bəhs edirdik - sizə aşiqdir, deyir əlindən hər bir iş gəlir...

  • Həyat, həyat öyrətmişdir... Həna deyəsən bir az soyuqdur; başınızı üşütmür ki?

  • Bir az. Bəhram hənaya isti su qatdı və bir daha danışmadı, bütün fıkri sabahkı imtahana həsr olunmuşdu: Teymurbəyin əvəzinə getməli idi.



17
"Dvoryanskoye sobraniye" teatrının qapısı dopdolu idi: "Müsəlman müsamirəsi"nə bilet alırdılar. Gözəl afışalar, qəzet elanları və keçən ilki müsamirənin xatirəsi kiyevliləri buraya cəlb etmişdi. Bəhram ləzgi libası geymiş, Teymurbəyə bilet satmağa kömək edirdi.

Rüstəmbəy, Sofya xanım və əri adamları aralayaraq keçdilər. Paltar soyunulan yerdə üst libaslarını çıxartdılar. Sofya xanım Rüstəmbəyi fəxrlə süzdü. Anadolu qiyafəsində idi. Qırmızı fəs, qırmızı ipək qurşaq; sırmalı arxalıq Rüstəmbəyə çox yaraşırdı.

Foye Sofya xanımın heyrətinə mucib oldu, burası bir Şərq aləmi mənzərəsi almışdı. Bir tərəfdə ərəb üslubunda yapılmış xırda bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzun saçlı dərviş qəsidə oxuyur. Türk tələbələri. hərəsi bir libasda, avropalı tamaşaçıların arasında qərib bir mənzərə təşkil edirdilər.

Bir də "bazar"dan xalqı aralayaraq Şirin çıxdı, ağ ərəb geyimi, uzun burnus, əyri qılınc buğdayı simasına çox yaraşırdı. Rüstəmbəyə təsadüf edərək həyəcanla dedi:



  • Rüstəmbəy, bəs yelpiklərin üzərində niyə yazı yoxdur?

  • Onu siz bilirsiniz. Nə yazı?

  • "Müsəlman müsamirəsini unutmayın" - deyə möhür ismarlanmışdı. Bəs hanı?

  • Yelpiklərin yanında olacaq.

  • Di gəl sən onları möhürlə, müştərilər var. Rüstəmbəy izdihama qarışaraq Sofya xanımdan ayrıldı.

Şirin burnusun ətəklərini toplayaraq qarşı tərəfdəki bufetə getdi.

Gözəl bəzənmiş növbənöv yeməli və içməli şeylərlə dolu bufet piştaxtasının arxasında Qulu durmuşdu. Uzun qəzil6 papaq, astarı mavi qara və qollu çuxa, uzun arxalıq və qumızı qurşaq Qulunu tam bir "Təbriz uşağı" şəklinə salmışdı. Barmağındakı iri əqiq qaşlı üzük Qulunun iranlılığını tamamlayırdı.

Şirin Quluya müraciət edərək:


  • Qulu, balam, bəs "bazar"a şərab və su lazım deyilmi? Qulu zarafatla:

  • Balam, siz təsbeh satırsınız, yelpik satırsınız, daha şərab nəyə lazımdır?

Şirinin çöhrəsində dəyişiklik görməyən Qulu haman zarafatı tərk etdi və ciddi olaraq:

  • Gülüm, dedi, - bu saat xidmətçi gəlsin, şərab, istərsən, bir az da dadlı göndərərəm.

Şirin:

  • Yaxşi, - dedi, "bazar"a döndü.

Sofya xanım foyeni gəzdikdən sonra proqramda göstərilən "hərəm dairəsi"ni görmək istədi. Özbək geyimli Əhmədə müracıət etdi:

  • Bağışlayın.-dedi,-paşanın hərəm dairəsini göstərə bilərmisiniz?

Əhməd çapanın uzun qollarını tez-tez çirmələyərək, onları hərəmə təşyi etdi.

Məxsusi bir otaqda ipək taxt üstündə iri sarıqlı, enli qurşaqlı Cəfər oturub, ipək yastıqlara söykənmişdi. Nargilə damağında idi. Taxtın önündə, ipək döşək üzərində Katya uzanaraq əlvan püştələrə söykənmişdi. Katya qırmızı ipək şalvar geymişdi, incə qursağının saçaqlı ucları yanına düşmüşdü. Başındakı ağ xutuz qara saçlarına uyğun idi.

Şərq qiyafəli bir neçə qız da oturmuşdu. Ocaqverdi hərəm ağası qiyafəsində, qəhvə paylayırdı.

Tamaşaçılar otağı doldurduqda paşanın əmri ilə musiqi çalınır, qızlardan biri rəqs edirdi.

Sofya xanım Katyanın "Ceyranı" oynamasına məftun oldu. Yenidən oynamasını gözləmək istədi. Bir də fərraş qiyafəli Qulamrza yanaşdı:


  • Əfəndilər, - dedi, - yerimiz balaca olduğu üçün hərəmi görməyə başqa tamaşaçılara da imkan verməliyik. Lütfən hərəm dairəsini tərk edin! Paşamızın əmri budur.

Sofya xanım əri ilə çıxdı.

  • Proqramda daha nələr var? - deyə zövcü sordu.

Sofya xanım:

  • Əvvəl konsert olacaq. Sonra səhnədə Şərq toyu göstəriləcək. Şərqin yuxusu təmsil olunacaq. Axırda da rəqslər.

Sofya xanım əri ilə tamaşa salonuna girib, yerlərində oturdular.

Rüstəmbəy yelpikləri möhürlədikdən sonra durub getmək istədi. Lakin izdihamı yarıb çıxmaq mümkün deyildi; dərviş qiyafəli Niyazi təbərini çiyninə qoyub qəsidə deyərək tamaşaçıları buraya toplamışdı. Onun sırmalı taqyəsi, uzun cübbəsi, arxasındakı ceyran dərisi və qolundakı koşkülü, bunların hamısından da artıq heybətli səsi diqqətləri cəlb etmişdi.

Şirin bır qızla bərabər tamaşaçılara təsbeh, yelpik, Şərq ətri və başqa şeylər təklif edirdi...

Rüstəmbəy çətinliklə kənara çıxdı. Ətrafı gəzib, Sofya xanımı axtardı. Nəhayət, onu tamaşa salonunda görüb geri qayıtdı. Fərəməzlə Xəlil köşklərin birində çiçəklə kruşon7 satırdılar. Yanlarında Kiyev zadəganlarına mənsub iki dilbər oturmuşdu. Rüstəmbəy onlara yanaşdı, Xəlil Rüstəmbəyi qızlara təqdim etdi:



  • Əsmərlərin ən parlaq nümayəndəsi! - dedi.

Qızlar qızararaq Rüstəmbəyin əlini sıxdılar və biri çəkinərək dedi:

  • Doğrudan da baxdıqda insanı bir az da dəhsət götürür.

Rüstəmbəy gülə-gülə:

  • Çoxmu dəhşətliyəm? - deyə sordu.

Qız onu süzərək:

  • Çox, - dedi,- lakin ədasından əsmərlərə məftun olduğunu deyə bilmədi, qıpqırmızı kəsilib totuq əlləri ilə üzünü qapadı.

Xəlil bir az qısqandı, yavaş səslə:

  • Qırışmal, sənin kimi qaraqaş, qaragözü görəndə daha mənə məhəl qoymayacaq ki... Mən ölüm, ötüş, əngəl eləmə.

Rüstəmbəy də eyni səslə:

  • Bir gül ver, gedim.

  • Ala ikisini verim, - deyə Rüstəmbəyə iki gül verdi. Rüstəmbəy qara gözləri ilə qızı başdan ayağa oxşayaraq çəkildi.

Bir-iki addım getməmiş tühaf bir mənzərəyə təsadüf etdi, sadə geyinmiş bir xanım kənarda durub çicək satılan köşkdən gözlərini çəkmirdi. Əllərini tez-tez daraqlayır, açır, barmaqlarını əzişdirir, köksü enib qalxırdı. Rəngi qaçmısdı, gözlərindən kin yağırdı. Rüstəmbəy ona baxa-baxa keçdikdə bir də xanım "Fərəməz!" deyə qışqırıb, yerə yıxıldı. Rüstəmbəy köməyə qoşdu, haradansa Mircəlalla Səlman da çıxdı. Xanımı qaldırıb, boş otaqlardan birinə apardılar. Teatr xidmətçilərindən bir-iki qız çağırdılar, su gətirildi, xanımı ayıltmağa başladılar. Qızların birisi xanımı tanıdı:

  • Tosya, - dedi, - nə oldu? İstidənmi oldu?

Tosyanın rəngsiz dodaqları qımıldadı:

  • Yox, məni evə apar! - dedi.

Rüstəmbəy xanımı apararkən Xəlildən aldığı gülləri dişində saxlamışdı. Özünü itirdiyindən onları büsbütün unutmuşdu. Bir də gülləri nə məqsədlə aldığını xatırlayaraq, salona qoşdu.

Səhnədə şərq yuxusu göstərirdilər; canlı bir şəkil idi... Qürub, göyün bir tərəfi sumağı qırmızıya boyanmış, sərvlər qoynunda yüksələn minarənin sivri təpəsi atəş saçır. Xülyapərvər bir sis üfüqləri qaplamış. Sərin fəvvarəli hovuzun kənarındakı paşa da ipək yastığa söykənərək bayğın xəyallara dalmış. Bir də onun məst gözləri böyüyür, o yavaş-yavaş qalxır və həyəcan içində çırpınır... Sərvlərin arasından bir qız çıxır, bu, Şərqin gözəli, xəyalların süsüdür! Bu o qədər incədir ki, hind şalı kimi üzükdən keçər!

Paşa yavaş-yavas yerindən qalxır. Bir də həzin səslə: "Gəl, gəl, gözəlim!" - deyə bayılır...

Pərdə düşdü. Alqış salonu titrətdi. İndiyə qədər qapıda duran Rüstəmbəy tənəffüsdən istifadə edərək cəld içəri girdi və gülləri Sofya xanıma təqdim edib döndü.



18
Dışarı qapıdan şıqqıltı gəldi, Rüstəmbəy maraqlandı, koridora çixdı. Sofya xanım orada idi.

  • Xoş gördük.

  • Xoş gördük, Rüstəmbəy!

  • Gedən kim idi?

  • Ərim idi!

  • Bəs niyə tez getdi?

  • Bazarda işi var.

Rüstəmbəy bir az duruxdu. Sofya xanım:

  • Nə qayırırsınız? - dedi.

Rüstəmbəy cavab olaraq qapısını açdı və yazı masasını nişan verdi. Xanım başa düşmədi və otağa girib, masaya tərəf getdi. Rüstəmbəy barmağı ilə kitabı göstərdi. Oxumaq meylindəyəm demək istəyirdi.

  • Ahhh!.. Mən də deyirəm nəyə işarə eləyirsiniz.

Rüstəmbəy güldü.

Sükut düşdü. Rüstəmbəy söz demək istədi, ürək döyünməsi qoymadı. Axırda başladı:



  • Sofya Sergeyevna! Sizə bir xəbər verəcəyəm... Köcürəm.

Sofya xanım döyükdü, guya damarlanna elektrik qüvvəsi buraxdılar. Nə danışdığını anlamadan:

  • Köçürsünüz? Çox yaxşı - dedi.

Ağrısı sonradan duyulan yaralar kimi, Sofya xanım da xəbərin kəskinliyinin əsərini yavaş-yavaş duymağa başladı. Sızıltı ürəyinə yayıldı.

  • Hara köcürsünüz? - deyə elə bir halla soruşdu ki, bu sualların arxasında bir xeyli sual gizlənmiş kimi göründü.

Xanım titrək səsi ilə: "Nə üçün köçürsünüz? Məndənmi incimisiniz?" - demək istəyirdi. Lakin cəsarət edə bilmirdi.

Rüstəmbəy onun halını duydu, yazığı gəldi.



  • Sofya Sergeyevna, - dedi və iztirabını sezdirməməyə çalışdı. - İlk dəfə sizə köçdükdə özümlə də sizin cavan ailəyə çoxlu hörmət gətirmişdim. Ərinizlə sizi görəndə ürəyimdə sizə qarşı saf hisslər doğurdu. Lakin bu hisslər uzun müddət ömür sürmədi. Bunların əvəzində başıma qara fikirlər girdi, saflıq itdi. Yaxşı ki, vicdanım tez oyandı. Mənə gecə-gündüz rahatlıq vermədi. Nəfsimlə mübarizəyə girişdim, qalib gəldim. Sonra sizinlə üz-üzə gəldikdə təkrar ehtiras toruna düşdüyümü hiss etdim. Yenə vicdan divanı quruldu. Yenə rahatlığım pozuldu. Ruhum əzilib sıxılmağa başladı. Bu da məni nicat yoluna çıxarda bilmədi, sizi "bacı" deyə adlandırdım-bacıya baxan nəzərlə baxa bilmədim... Axırda mübarizədən yoruldum. Bircə əlacım qalmışdı ki, onu da bu günlərdə əmələ gətirəcəyəm - köçürəm...

Sofya xanım böyük şövqlə qulaq verirdi. Birdən ürəyində əsrarəngiz bir sevinc doğdu, bədəni elə bil ağır bir yükdən xilas olub yüngülləşdi. Həlim bir təbəssüm qırmızı dodaqlarını işiqlandırmağa başladı. Sofya xanım istədi yerisin Rüstəmbəyi qucaqlasın, bacı sevgisi ilə öpsün - cəsarətsizliyi yol vermədi. Əllərini yaşlı gözlərinin üstünə qoyub, otaqdan çıxdı.

19
Sabah erkən Bəhram Rüstəmbəyi yuxudan oyatdı və qəti səslə dedi:

  • Uşaqları tutdular!

Rüstəmbəy yuxudan bir az aralanıb, yatağında çevrildi:

  • Necə yəni tutdular? - dedi.

  • Qurultay daha birinci iclasdan ələ keçdi.

  • O biri şəhərlərdən də mi gəlmişdilər?

  • Gəlmişdilər.

  • Bəs nə tez? Nə vaxta təyin olunmuşdu?

  • Bu qədər tez gələcəkləri təsəvvür olunmurdu. Nə isə oldu.

  • Neçə adam tutulmuşdur?

  • On üç, ikisi qızdır.

Rüstəmbəy tez geyinməyə başlarkən Bəhram sözünə davam edirdi:

  • Gizləməliləri gizləmək lazım, "hava buluddur".

Getməyə tələsən Bəhrama Rüstəmbəy:

  • Dayan, cay iç, dedisə də Bəhram o biri yoldaşlara da xəbər vermək üçün yola düşmüş, Rüstəmbəyin çay təklifınə ancaq "sağ ol" deyə bilmişdi.



20
Fayton qapıda idi. Rüstəmbəy çamadanlarını və yatağını xidmətçi qıza verdi:

Xidmətçi qız getdi. Rüstəmbəy Sofya xanımla vidalaşmaq istədi. Orta qapını örtdü:

  • Sofya Sergeyevna! Gəlmək olarmı?

Sofya xanım qapının ağzında gözləyirmiş kimi haman:

  • Buyurun! - dedi.

Rüstəmbəy daxil oldu.

Sofya xanımın yanaqları qızarmışdı, gözlərini tühaf bir hüzn sarmışdı.



  • Ehtimal köçürsünüz, - dedi.

  • Elə.

  • Yaxşı yol! - deyə Sofya xanım başını asağı saldı. Rüstəmbəy qəti səslə:

  • Salamat qalın! - deyə əlini uzatdı.

Sofya xanım gözlərini qaldırmayaraq əl verdi. Ayrıldılar.

Rüstəmbəy faytona oturarkən yuxarı baxdı: Sofya xanım pəncərəyə söykənib ağlayırdı.



EPİLOQ
O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm sıyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra "şahidlər''in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.

Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə, Kiyevi həsrətlə xatırlar və çox sevdiyi "Əcəb asudə idim, gəldi düçar oldu mənə" mahnısını oxuyar. İsgəndər çallamıs, onda Allahlıq əlamətlərindən əsər belə qalmamışdır. Niyazinin mülkü milliləşdirildikdən sonra Bakıya gəlmiş və kitabxanaçılıq edir. Məcidlə Həsənin harada olduqları bəlli deyil. Vartan Şura Ermənistanında çalışır, Kaspar isə daşnaqlara qoşulub xaricə getmiş. Ocaqverdi, deyirlər, yenə dindarlığında davam edir.

Bəhram doktordur, bir neçə yerdə vəzifəsi olduğu üçün daima qoşduğuna təsadüf edilir. Evdə olarkən belə rahat durmur, düyü arıtlamaqda, bişmiş bişirməkdə həmişə arvadına kömək edər.

Cəfərlə Cəlal isə qəza şəhərlərində yaşayırlar.


BİRİNCİ KİTABIN SONU

Firuzə-Aşqabad, 1914

Bakı, 1935



1 Ey qardaş bu dünya heç kəsə qalmayacaq.

2 Evə

3 Balda qaynadılmış yumru xəmir

4 Yama - fahişəxanaların olduğu yer

5 Osmanlı sarayında şahzadələrə təxsis olunmuş qızlara "odalıq" və ya "gözdə" deyərdilər.

6 Süni quzu dərisi.

7 İçki


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə