Bir neçƏ SÖZ



Yüklə 0,68 Mb.
səhifə3/10
tarix01.12.2017
ölçüsü0,68 Mb.
#13362
1   2   3   4   5   6   7   8   9   10

13
Aşxananın önündə qız və oğlan tələbələr növbəyə düzülmüşdülər, bilet gözləyirdilər. Növbə bu gün çox uzun idi, darvazadan çıxıb Fundukleyevski küçəsinin ortasına qədər uzanmışdı. Cəfər bunu gördükdə içini çəkdi:

  • Paho veey... ada, bu gün nə çox adam var.

Rüstəmbəy təəcüb etməyərək:

  • Balam, ancaq iki saatdan sonra nahar eləmək olacaq, növbə çox uzundur.

  • Səbir elə, bu saat düzəldərəm. Sən növbədə dur, mən baxım görüm bilet tapa bilərəmmi. Onda tez olar.

Rüstəmbəy gəldi, bir qızın arxasında növbəyə durdu. Cəfər ətrafa göz gəzdirdi, bir də gülümsündü, tanışa rast gəlmişdi:

  • Allah saxlasın, Vartan.

  • Allah saxlasın.

  • Vartan, gör biletin varmı?

Vartan gülə-gülə:

  • Bilmirəm, görək varmı, - deyərək qotazlı bir kisə çıxartdı.

  • Ey Vartan, sən də qədim adamsan ha, indiki studentlər bu kisənin qədrini bilməzlər.

  • Hə, canım, sənin-mənim qabağımda indikilər nə köpəkoğludur.

Cəfər güldü və əlini Vartanın pırpız saqqalına uzatdı.

  • Ay bij Vartan!

Vartan burnunu çəkə-çəkə kisənin dibindən bir neçə sarı və qırmızı bilet çıxartdı və hesablayaraq dedi:

  • Canım, bu mənim supum, bu da kotletim, qalan da sənin, ta məni öldürməyəcəksən ki...

Vartan biletləri Cəfərə verdi, gülə-gülə növbəyə duranların yanından keçib aşxanaya girdi.

  • Sağ ol, Vartan! – deyə Cəfər Rüstəmbəyin yanına gəldi:

  • İşlər yaxşıdır. Vartandan beş şahılıq bilet aldım, bir o qədər də tapsaq, qarnımızı doyurarıq.

Rüstəmbəyin önündə növbəyə duran qız diqqətlə türk dilinə qulaq verirdi. Bunu Cəfər duyaraq, Rüstəmbəyə göz elədi.

  • Qabağında duranla aran necədir? – dedi və sonra talibəyə yönələrək rusca başladı:

  • Yoldaş, deyin görək bizə satmağa artıq biletiniz varmı? Acından ölürük.

Cəfər sözünü qurtaran kimi ağız burnunu elə əydi ki, talibə gülməyə başladı:

  • Heyf ki, yoxdur, olsaydı daha növbəyə durmaq lazım gəlməzdi.

  • Bəli, doğru buyurursunuz. Ancaq dedim, bəlkə birdən oldu.

  • Olmaya-olmaya birdən necə ola bilərdi? – deyə talibə daha da güldü və sonra özünü gülməkdən saxlayaraq qızarmış üzünü aşağı saldı.

Növbəyə duranların böyründən bir dəstə student keçirdi. Cəfər onlara yönəldi:

  • Bağışlayın, yoldaşlar. Sizdən bir ricam var. Biletiniz varsa, bir naharlıq iltifat buyurun.

Studentlər durdular və biri məmnun bir halda qoltuğundan bir dəstə bilet çıxartdı:

  • Buyurunuz, - dedi, - nə qədər sizə lazımdır, götürün. Cəfər bir neçəsini götürdü, pul verdi:

  • Sağ olunuz, yoldaşlar! – deyə papağını qaldırdı. Onlar da cavabında:

  • Bir şey deyil, - dedilər. Cəfər dərhal Rüstəmbəyə yanaşdı:

  • Qardaş, indi növbədən çıxa bilərsən, iki naharlıq biletimiz var. Əlavə bir fincan qəhvə də içməyə ixtiyarımız var.

  • Ikinci növbə balacadır.

  • Burada adam həmişə az olur, çətin əvvəlkidir. Rüstəmbəy və Cəfər yemək salonunun qapısında növbəyə durdular. Bilet satılan daxıldan xilas olan gənclər gəlib ikinci növbəyə durudular, kimi nahar intizarında bikef duraraq fikrə getmişdi, kimi papiros çəkir, tüstüsünü havaya buraxırdı. Qafqazlılar deyib gülüşürdülər, səs-küyləri hamının nəzərini özlərinə cəlb eləmişdi. Cəfər ətrafdakıları tənqid edərək qəhqəhə çəkirdi.

  • Rüstəmbəy, bir arxanda duran qıza bax. Zalımın nə balaca burnu və dodaqları var...

  • ?!

  • Deyirəm, Rüstəmbəy birdən adamın belə arvadı ola, özü də ildə bir qız doğa. Qızlar da anası kimi arıq-uruq ola...

Rüstəmbəy mabədini düzəltdi:

  • Özünün də çoxlu borcu ola, tez-tez gəlib qapını döyələr...

  • Hə, - Cəfər başladı, - gözəl qızların da buzov karvanı kimi, tökülüb gəlib sənə xəbər gətirələr ki, pul dalınca gəliblər... Xülasə, adamın ürəyi dağ kimi olar...

Növbə irəli gedirdi. Qapının yanında bir tələbə durub, masa nömrəsi paylayırdı. Cəfər:

  • İki dənə yan-yana nömrə verin, - dedi.

Tələbə nömrələri uzatdı:

  • Bir on beş var, bir də on, buyurun orada dəyişiniz. Nömrələrlə salona daxil oldular. On beşinci masada bircə boş yer var idi. Cəfər nömrəni boş kürsünün üstə qoydu:

  • Qardaş, bu bizim yerimiz. Sənə də öz yanımda bu saat yer taparam. Deyəsən, bu yoldaş yeyib qurtarır.

Cəfərlə yan-yana bir yəhudi tələbəsi oturmuşdu, nahara məşğul idi. Cəfər soruşdu:

  • Yoldaş, siz naharı qurtarırsınızsa, nömrənizi bizə verin.

Tələbə razı oldu, onuncu nömrəni aldı, özününkünü ona verdi. Rüstəmbəy də on beşinci masada yer tutdu. Sonra nahar dalınca getdilər.

Salonun baş tərəfində aşpazlar bişmiş paylayırdılar. Rüstəmbəy və Cəfər masanın üstündən adama bir boşqab götürdülər.



  • Rüstəm, nə yeyəcəksən?

  • Mən əvvəlkinə borş alacağam, sonra görək nə olur.

  • Mən sup.

Hər kəs istədiyini aldı. Əvəzində neçə qəpiklik bilet lazımsa verdilər və yerlərinə gəldilər.

Salona arası kəsilmədən adam girib-çıxmaqda idi. Ortalıqda ağ geyimli xidmətçi qızlar dolaşırdı. Kimi boşalmış qabları geri daşıyır, kimi doldururdu. Hərə bir işlə məşğul idi. Qabların cingiltisi, adamların səs-səmiri salonu doldurmuşdu. Hamıdan da artıq qafqazlılar, küy eləməkdə idi. Arabir Cəfər də səslənirdi:



  • Vay, Vartan, aşna, haradasan?

O da həmin tonla:

  • Ağzında zəhrimarını ye, köpək oğlu, - deyirdi. – Aşna haradan olduq, sən musurman , mən erməni.

  • Yenə erməniliyini bildirmə, dur gəl bura. Vartanın səsi kəsildi. Yoldaşı ilə söhbətə məşğul idi.

Cəfər ondan vaz keçərək nəzərini öz masasına çevirdi. Qarşısında sarısaqqal bir rus tələbəsi oturmuşdu. Özü kimi sarışın və arıq arvadı da yanında idi.

  • Rüstəmbəy, qabağımızda oturan ər-arvaddı ha, ona bax: ikisi bircə qab sup almış.

Rüstəmbəy gülümsündü:

  • Onun üçün ikisinin də boynu armud saplağına dönüb də...

  • Bunları aparasan Qafqaza, özlərinə də eyzən kələm dolması verəsən, kökələlər.

Rüstəmbəy güldü. Rus tələbəsi başını qaldırıb, yazıq bir baxışla onları süzdü. Elə bil aclıq gözlərini fərddən salmışdı.

Cəfər ayağa durdu:



  • Gəl qəhvə dalınca gedək. Sən öl, bizlər bunlara görə çox ağıllıyıq. Gör, pulum olmasa, min il qala evlənərəmmi?

Vartan on beşinci masaya yavıqlaşdı. Dişini qurdalaya-qurdalaya:

  • Adə, Cəfər, - dedi, - yenə qudurmusan, qəhvə içirsən?.. Cəfər süni təkəbbürlə:

  • Niyə içməyim, ay orac?

  • Köpək oğlunun sözünə bax, elə biləsən dədə-babası qəhvə içmişdi.

  • Yox, səninki içmişdi. Get, köpək oğlu darı əkməyinə.

  • Bircə buna bax, Rüstəmbəy, sən məzhəb, bircə bu köpək oğluna bax gör nə lovğa-lovğa oturub burada qəhvə içir, atasının pendir-çörək yeməkdən dişinin dibi gedib...

Bu halda salonda bərk bir qəhqəhə yayıldı. Hamı dönüb, aşağı tərəfə baxdı. Vartan sözünü kəsib, bir az dayandı və sonra:

  • Budur, Həsənqulu gəldi, - dedi, - musurmandı deyən eşşək kimi anqırır.

Həsənqulu qarayanız, arıq bir student idi. Fövqəladə qəhqəhəsi ilə aşxanada şöhrət qazanmışdı. O güləndə, salondakı neçə yüz nahar edənlərin səsi bilmərrə yox olardı. Həsənqulu on beşinci masaya yavıqlaşdı. Burada səs-küy da ucalmışdı. Vartan kənara çəkilə-çəkilə:

  • Canım, musurman artdı, aha burada durmaq xatadır, - deyə getdii. Hamı gülüşdü.

Yenə Həsənqulunun qəhqəhəsi salonu başdan-başa qavradı və xalqın heyrətinə səbəb oldu. Cəfər ayağa qalxdı:

  • Sağ ol, Həsənqulu, sənsiz buraların ləzzəti yoxdur. Rüstəm də gülümsündü.:

  • Həsənqulu, niyə gec gəlirsən?

  • Balam, günortaya kimi yatırıq, iştahamız olmur.

Cəfər:

  • İştaha açmaq istəyirsənsə, gəl buradakı qızlara bax, gör necə acırsan.

  • Yaxşıca balalar var, anamın gəlini olsunlar. O gün burada bir cuhud qızı oturmuşdu.. Qənbərlə qarşısında əyləşdik, bir saat gözümüzü ona zillədik. Axırda acıqlandı, durdu getdi.

  • Balam, Qənbər də bijləşib, əvvəllər elə dinc idi ki, amma indi qızlarla gözləşir.

Rüstəmbəy ciddi sima ilə qulaq asırdı, dinmirdi. Nəhayət, söhbətə qarışdı:

  • Studentlik yetirir. Adam nə qədər dinc olsa da axırda xarab olur.

Birdən Rüstəmbəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masadan çəkildi.

  • Salaməleykum, Rüstəmbəy, - deyə ləmfaviməzac bir student ona əl uzatdı. Görüşdülər. Rüstəmbəy ciddi və soyuq bir təbəssüm oynada-oynada dedi:

  • Pay, Əliyar, ya Allah!.. Nə qayırırsan? Görükmürsən.

  • Mən görükmürəm, sən görükmürsən. Yəqin kələyin var. “Kələk” sözü Rüstəmbəyin ovqatını bir az qarışdırdı.

Güclə yadından çıxartdığı işlər gözlərinin qarşısında yenidən canlanmağa başladı, Sofya xanım havayı öpüşləri ilə zehnində təcəssüm etdi. Anlaşılmaz bir qorxu soyuq pəncələri ilə bütün bədənini əzməyə başladı. Rüstəmbəy bilaixtiyar əlini Əliyara uzadıb aralandı.

14
Cəfər addımlarını sürətlə ataraq Rüstəmbəyə yetişdi.

  • Canım, yenə peyğəmbər kimi başını aşağı salıb camaatdan qaçırsan.

Rüstəmbəy mənalı bir nəzərlə Cəfərə baxdı. Cəfər gülümsündüsə də, Rüstəmbəy dəyişmədi, görünür ki, cəmi fikir və hissləri dəruni aləmi ilə məşğul idi. Cəfər məətəl qaldı: “Gədə dəli olmayıb ki?” deyə fikrə getdi. Sonra onu başdan-ayağa süzdü, o haman əvvəlki Rüstəmbəy idi, ancaq gözə bir az fikirli və bikef dəyirdi.

Dinmədi. Yan-yana bir az getdilər. Sükutu Cəfər pozdu:



  • İndi qarpız yesək pis olmaz. Belə deyilmi?

Rüstəmbəy fikrili gözlərini Cəfərə dikdi. Sözlərini çeynəyə-çeynəyə dedi:

  • Ya... xşı.. ye.. yək.

İkisi də küçəni o taya keçib, qarpız satan bir gənc qıza tərəf yönəldilər. Cəfər qarpızları bir-bir çırtmaladı:

  • Xala, bu neçəyədir? Qız gülümsündü və rişxəndlə:

  • Əmi, beş şahıdır, - deyə cavab verdi. Cəfər ağzını əydi:

  • Paho!.. Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək student cibinə yaraşmaq.

  • Yaraşmaz, yeməsin. Student gərək qarpız yesin?

Qız qəhqəhə çəkdi güldü. Cəfər qarpızı əlinə götürdü, o biri əli ilə də qıza uç şahı uzatdı.

  • Student bundan artıq verə bilməz, - dedi.

  • Yox, olmaz.

  • Olmaz, mən də almaram.

Cəfər qarpızı hirslə yerinə qoyub, geri çəkildi, qiymətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsunub Rüstəmbəyə dedi:

  • Deyəsən, köpək qızı üç şahıya verməyəcək.

Rüstəmbəy əlini cibinə saldı:

  • Zərər yoxdur, gedək beş şahıya alaq, məndə pul var.

Cəfər razı olmadı:

Bir də qıza yavıq gəldilər. Cəfər əlini qızın çənəsinə uzatdı:

  • Nə xəsisdir, bizim bu xala, - dedi.

Qız Cəfərin əlini üzündən uzaqlaşdırdı:

  • Dinc dur, -dedi.

Cəfər qarpızı qoltuğuna vurdu, yola düzəldilər.

Bir-iki küçə keçdilər. Sonra bir həyətə girdilər. Pilləkənlə çıxıb, zəngi vurdular. Qapı açıldı. Daxil oldular.

Cəfər otağın qapısını açarı ilə açıb, Rüstəmbəyi içəri dəvət elədi.


  • Bu otaq sənə peşkəşdi. Xoş gəlmisən.

  • Sağ ol.

Rüstəmbəy daxil olan kimi, otağı nəzərdən keçirdi. Böyük pəncərənin qarşısında yazı masası qoyulmuşdu. Masanın üzərində bir çox rəsmlər var idi. Cəfər bunları yığışdırıb qarpıza yer düzəltdi. Qulluqçunu çağırdı. Boşqablar və çəngəl-bıçaq gəldi, qarpız kəsildi. Cəfər dedi:

  • Yaxşıca qarpızdır.

Rüstəmbəy çəyirdəkləri ağzından tökə-tökə:

  • Pis deyil...

Bu halda zəng vuruldu. Kim isə qapını açdı. Cəfərin qapısını tıqqıldatdılar:

  • Gəlmək olarmı?

  • Buyurun! – deyə Cəfər ayağa qalxdı.

Qapı açıldı. İçəri qaraqaş, qaragöz, nazik bığlı bir student girdi. O gülümsünərək:

  • Balam, qarpız yeyirsiniz, - dedi. Rüstəmbəy ayağa durdu:

  • Ya Allah, Çingiz.

Mehribancasına görüşdülər, bir-birinin əlini bərk-bərk sıxdılar, oturdular.

Çingiz qarpızdan bir parça kəsib önünə qoydu.



15


  • Ay Çingiz, balam, haradasan? Aşxanaya da vaxtında gəlmirsən ki, bir az söhbət eləyək.

  • Cəfər, başım bərk qarışıqdır.

  • Nəyə?

  • Nəyə olacaq, imtahanlara. Həkim babayıq, o qədər imtahanlarımız var ki, bircə rahat çörək yeməyə də macalımız yoxdur.

  • Indi nə hökm olubdur ki, özünü öldürürsən. Qoy, sonra verərsən.

  • Olmur, evdə işimiz elədir ki, gərək tez qurtaram. Atam yazır ki, qocalmışam, tez ol qurtar, gəl. Mən də gərək bir az səy eləyəm.

  • Sən öl, kişi bu yeddi ilin ərzində heç mənim işimdən baş açmadı. Deyir: “Hansı kursdasan?” – Deyirəm: “Dördüncüdə”. – Deyir: “Bəs üç ildi oranıca niyə qurtara bilmirsən?”. Xülasə, yazıqların başına ip salıb oynadırıq...

Rüstəmbəy Cəfərin sözünü kəsdi.

  • Dədədmi mən başa salmışam. Indi havaxt ki, qayıdıram, deyir: “Qurtarmağa neçə imtahanın qalmışdır?” Arxayın eləmişəm ki, iki ilə qurtaracağam.

Cəfər gülə-gülə:

  • Nə bilir ki, hələ dörd ildən sonra da qurtarmağa meylin yoxdur.

Rüstəm ciddi:

  • Yox, iki ilədək qurtarmalıyam.

  • Neçə imtahan vermisən ki?

  • Hamısını vermişəm, üçü qalır, bir də ki, dövlət imtahanı. Deməli, ikisini dekabrda verərəm, biri də maya qalır. O biri il də diplom alarıq...

Çinqiz təkidlə:

  • İki ilə qurtararsan. Nə var ki, yuris deyilsənmi?

Cəfər Rüstəmbəyə işarə edərək:

  • Balam, asanca fakültəyə girirlər, dörd ildə oynaya-oynaya qurtarıb gedirlər. Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik.

Qarpız qurtardı. Qulluqçu gəlib qabıq və boşqabları apardı. Çingiz papiros yandırıb çarpayının üstə uzandı. Rüstəmbəy Cəfərdən razılıq isətdi:

  • Uzanmaq olarmı? – dedi

  • Buyur, buyur!

Rüstəmbəy də uzandı.

Cəfər fikrili bir halda otağın ortasında duraraq saata baxdı və gülümsünə-gülümsünə:



  • Allahdan gizlin deyil, sizdən nə gizlin, mənim bir gedəcək yerim var. Siz yatın. Sonra durub çay qoydurarsınız. Mən də gələrəm, bir yerdə içərik.

Çingiz gülümsündü və Cəfərin üzünə kinayə ilə baxmağa başladı.

  • Dostum, - dedi, - işini duymuşam, qız görüşünə gedirsən, deyəsən.

Rüstəmbəy də gülümsündü:

  • Elə olan işə bənzəyir, - dedi

Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə:

  • Qardaş, hər sirr Allah yanındadır. Siz də mənim işlərimə əl aparmayın.

Cəfər sözlərini qartaran kimi, şapkasını başına basıb otaqdan çıxdı.

Rüstəmbəylə Çingiz gülüşdülər və Cəfərin səmimi rəftarından məmnun oldular.

Bir-iki dəqiqə sükutdan sonra Çingiz papirosu ağzından çıxartdı. Rüstəmbəyə tərəf yönəldi.


  • Rüstəm, işlərin nə təhərdi?

  • Niyə Çingiz, yaxşıdır. Hazırlaşıram, görək imtahan vaxtı necə olacaq.

  • Heç zad olmaz, verərsən gedər: “Roma hüququnu” hazırlamırsanmı?

  • “Roma hüququ”, bir də “Kilsə hüququ”. Sənin işlərin nə təhərdir?

  • Dünən kimyanı verdim. Indi hələ gəzirəm. Bir neçə gündən sonra yenə oxumağa başlayacağıq.

  • Onda o biri imtahanın nə vaxt olar?

  • Görək, olsun ki, bir aydan sonra.

  • Cəfərin işi nə təhərdir?

  • Niyə, yaxşıdır.

  • Iki ilə qurtararmı?

  • Oxusa qurtarar.

Bir az sükütla keçdi. Çingiz papirosun külünü kənara töküb dedi:

  • Daha nə var? Mənim başım imtahana qarışdı, dünyadan xəbərim olmadı.

  • Bir az qələyan var, - deyə Rüstəmbəy gülümsündü. – İdarəmizdən şikayət edirlər.

Çingiz bu sözlərdən bir az pərt oldu, çünki müsəlman “zemlyaçestvosunun” sədri olduğu üçün, bu şikayətlər ən əvvəl ona toxunurdu. Ağzından papirosu çıxartdı və həyacanını büruzə verən səslə dedi:

  • İş şikayətsiz olmaz. Bu həmişə belə olur...

Rüstəmbəy qəti bir səslə:

  • Bilirsən, Çinqiz, sən idarəni çağır, bir danışaq.

  • Mən bir şey demirəm. Gəlin danışaq. Indi mən tamamilə bikaram...

Bununla elə bil iki tərəfin də mövzusu tükəndi; susdular...

Çingiz yuxudan oyandı. Rüstəmbəyi oyatmamaq üçün üsulluca durdusa da, olmadı - Rüstəmbəy də gözlərini açdı. Əvvəlcə səksəkəli qalxaraq, mənasız bir nəzərlə ətrafı süzdü, sonra dürüst ayıldı:



  • Çingiz, nə çox yatmışıq, balam? – dedi.

  • Zor yatdıq.

  • Deməli, mənim sözlərim ikimizə də layla çaldı ha...

  • Hə... Amma lap gecə düşmüşdür...

  • Cəfər də gəlmədi, vüsalı uzun çəkdi.

  • Hara gəlir?.. Gedək bizə.

Rüstəmbəy razı oldu.

Küçəyə çıxdılar, hava çişkindi. Geniş qaldırımların üstə çıraqların işığı uzun əkslər buraxmışdı. Xanımlar tələsik ötüb keçirdilər. Çingiz:



  • Çəkmələrimiz bulanacaq, - dedi.

  • Zərər yoxdur.

Bir müddət ikisi də dinməz, yan-yana getdi. Birdən Rüstəmbəy başladı:

  • Məni yuxu tutdu, təfsilatını söyləmədim. Teymurbəy qonaqlıq vermiş, bütün müxalifləri çağırmış imiş. İdarənin ətrafında danışıq olmuş. Ümumi iclas çağırıb, idarəyə hücum etməyi qərara almışlar. Məqsəd – yeni idarə seçməkdir. Teymurbəy və Qulu da namizəddirlər.

Çingiz xısın-xısın güldü.

  • Deməli, işlər bu şəkildədir... Qorxma, onlar ümumi məclisdə qazansaydılar, elə əvvəldən qazanardılar. Bu adamların etibarları yoxdur.

  • Deyirlər ki, yeni gələn cavanları idarəyə seçirlər də, köhnələrin adını çəkmirlər.

  • Köhnənin adı çəkilirmi? Yenilərə meydan verməlidir.



16
Çingiz Cəlallla bir otaqda olurdu. Cəlal ortaboy, qarayanız, arıq bir student idi. Dodaqlarında həmişə rişxəndli bir təbəssüm olurdu. Təbiətində bir bədbinlik var idi, ətrafındakılardan ümidsiz idi. “Molla Nəsrəddin” məcmuəsinin ruhu ilə bəslənərək dünyada istehzadan başqa bir şeyə qadir deyildi. Milli sahədə pis, yaxşı – hər şey onun rişxəndinə mucib olurdu. Inanmırdı və inamsızlığında da qəti və doğru idi.

Oatağa girdikdə Cəlal gülə-gülə onları qarşıladı:



  • Ay Rüstəm, - dedi, - balam, yenə Tövrat oxuyursan? Mən ölüm məni yerə soxma. Yoxsa Tolstoy olmaq istəyirsən? Xa-xa-xa!.. Ola da bilərsən, - sənin Tolstoydan nəyin əskikdir ki? Xı-xı-xı...

Rüstəmbəy Cəlalın rişxəndinə adət eləmişdi, onun üçün etinasız bir halda paltosunu çıxartmağa başladı. Cəlal sözlərində davam edirdi.

  • Amma sənə heyfim gəlir, istəmirəm Tolstoy kimi dəli olub, ayaqyalın çöllərə düşəsən. Qocalıqdan onun ağlı başından oynamışdı, sənə nə olmuşdur?

Zarafatdan sonra Cəlal adəti üzrə:

  • Bunlar dursun kənarda, - dedi, - hələ de görüm, bizə niyə gəlmirsən?

Rüstəm mehriban bir səslə:

  • Cəlal, dinmə, başım bərk qarışıqdır.

  • Balam, nə olub? Yuristin başı niyə qarışıq olsun? Mənim kimi axşamadək laboratoriyada işləmirsən ki? Çingiz kimi yekə-yekə kitabları əzbərləmirsən ki?..

Çingiz rişxəndlə:

  • Başı bərk qarışıqdır: axşamadək Cəfərlə qarpız, yeyir.

Cəfər adı gəldikdə Cəlal bir az duruxdu:

  • Rüstəm, sən hara, Cəfər hara? O bir lotu, bij, min hin yarmışın biridir. Sən dinc bir adam. Gözlə səni xarab edər...

Rüstəmbəy oturdu. Cəlal sözlərinə ciddi bir məna verməyərək, zarafat edər bir halda Rüstəmbəyi nəzərdən keçirdi.

Rüstəmbəy:



  • Balam, təəcüb eləmə, Cəfərlə dostuq, - dedi.

  • Təəcüb eləmirəm. Bilirdim ki, studentlik səni də xarab eləyəcək. Yadındadırmı, bir vaxt var idi, məktəbdə yoldaşlara vəz elərdin? Deyirdin gərək biz hamıya müqəddəs nəzərlə baxaq. Bütün qadınları özümüzə ana-bacı hesab edək.

Çingiz heyrət içində Rüstəmbəyə baxdı.

  • Məgər bunun belə fəlsəfəsi də var idi?

  • Bəs nədir, Rüstəm böyük filosof idi. Qızları görəndə deyirdi: “Siz mənim bacımsınız”. Odur ki, qızlar da həmişə bundan qaçırdılar. Xı-xı-xı.

Hamı səmimi bir halda gülüşdü. Cəlal danışdıqca Çingiz döyükmüş gözləri ilə Rüstəmi başdan-ayağa süzürdü. Axırda:

  • A kişi, bu ki qəribə adam imiş. Mən Rüstəmbəyi iki il var ki, tanıyıram. Ondan irəli üzünü də görməmişdim, - dedi.

Cəlal elə bil lovğalanmışdı:

  • Ey, mən Rüstəmi uşaqlıqdan tanıyıram. Bir neçə il də realnidə oxumuşuq. Sonra Bakı realnisinə getdi, aralandıq. Bunun uşaqlığı qəribə idi, bir müddət namaz qıldı, deyirdi: “Namaz gimnastikadır”. Xa-xa-xa. Bir müddət oruc tutdu. Bir müddət türkcə və farsca oxudu, bir az millətpərəstlik elədi. Sonra bunların hamısını tulladı. Indi də Cəfərdən arvadbazlıq öyrənir. Xa-xa-xa.

Yenə gülüşdülər. Çingiz çay tökdü. Sonra çarpayının altından bir qutu çıxardıb, mürəbbə küpəsini açdı, qaba mürəbbə qoydu.

  • Rüstəmbəy, çayı qabağına çək, niyə irəli oturmursan?

  • Hələ Cəlalın vəzinə qulaq asıram.

Çingiz masanı səliqəyə sala-sala:

  • A kişi, siz ki, bir yerdə oxumuşsunuz? Bəs mən niyə indiyə qədər bunu bilməmişəm? Deməli, Qulu da sizinlə yoldaş imiş.

Cəlal bir də gülə-gülə:

  • Həmişə nə cür düşürsə, bij adamlar bununla dostluq eləyir. Qulunu bu qardaş hesab eləyirdi. Ikisi bir yerdə millətpərəstlik eləyirdilər. Bircə o millətpərəstliyə bax. Xa-xa-xa.

Çingiz təəcüblü:

  • Quludamı millətpərəst idi?

Cəlal:

  • Qulu millətpərəst idi, aralıqda da öz xüsusi işini düzəldirdi.

Rüstəmbəy ciddi:

  • Ay Cəlal, böhtan danışma, elə şey olmurdu.

  • Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lotuluqlar onun dalında olur.

  • Məsələn?

  • Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mehmanxanası”, “İslamiyyə limonadı”, “Milli papiros”... Bunlar lotuluq deyilmi? Tacir pul qazanıb, kef çəkmək üçün din və milləti əlində oyuncaq edir. Bakıda qoçular evlərində tələbə yurdu açır, hərəsi beş-on tələbəyə aylıq verir. Bu əxlaqsızlıqdır, yoxsa millətpərəstlik? Yoxsul gənclərin maddi vəziyyətindən istifadə edilərək, namusları ləkələnir... Bu rüsvayçılıqlara millətpərəstlik deyirlər..

Söhbət qızışaraq Tağıyev-Behbudov məsələsinə keçdi. O zaman Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev mühəndis Lütfəlibəy Behbudovu gənc arvadına qısqanaraq, evinə çağırdıb döydürmüş, rüsvay etdirmişdi. Məhkəmə bu işə baxmış və bütün Rusiya qəzetləri məsələyə uzun sütunlar həsr etmişdi. Təbiidir ki, tələbələr məsələyə vaqif idilər, lakin işin iç tərəfi hər kəsə bəlli deyildi. Bu barədə Cəlal yoldaşlarına maraqlı şeylər anlatdı:

  • Mənim bədbin olmağa haqqım var, - dedi, - çünki savadsız bir milyoner bir türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan, ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-dən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, “Difai” kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün “Hidayət” cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və “La-ilahə-illəllah, Ağabəy rəsulillah”, - deyə bağırmış.

Ağabəyin bu nüfuzu millətpərəsliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca “Kaspi” qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad edən kimi, Ağabəy də milyoner Murtuza söykənirdi.

Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəsliyə baxırsınızmı?..

Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini Bakı “padşahı” Tağıyevin evində atdı.

Nəticədə Əliyarbəy Ağabəy dəstəsinə qələbə çaldı... Qəribə burasıdır ki, Əliyarbəyin özü də tiflisli idi...

Söhbətə dərin bir diqqətlə qulaq asan Çingiz içini çəkdi.


  • Əşi, sən mənim üçün yeni bir aləm açırsan, - dedi. – Mənim bunlardan heç xəbərim yoxdur.

Cəlal həyacanlı bir halda:

  • Bəs nə, - dedi. – Axırda Behbudov Qarabağa getməyə məcbur oldu, Ağabəyi əvvəl klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi.

Ağabəyin Türkiyəyə fərar etməsinin səbəbi budur. Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı. Türkiyədə hürriyyət elan olunar-olunmaz Hüseynzadə də oraya getdi...

Rüstəmbəy söhbətə qarışdı:



  • Mənim eşitdiyimə görə, - dedi, - Ağabəyin Qafqazdan getməsinin səbəbi “Difai” məsələsi olmuş, çünki “Difai” terror gücü ilə zənginlərdən pul tələb etməyə başlamışdı. Hətta Musa Nağıyevi oğurlayıb, yüz min manat aldıqdan sonra buraxmışdılar. Təbiidir ki, Tağıyev təşvişə düşmüş və Ağabəyin getməsini tələb etmiş.

Yadımdadır, Ağayev Şuşaya gəlmişdi. Orada “Difai” komitəsi təşkil etmək istədi, tacirlər əvvəl etiraz etdilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb, başqa şəhərlərə göndərmişdilər, yeni vuruşmaya hazırlaşdıqları duyulurdu. Doğrudan da, bir il sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi də qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi, Şuşanın Zaqafqaziya türkləri üçün böyük mənası olduğunu anlatdı, dedi: “Şuşa bir qaladır, bura əldən getsə, çolum-çocuğumuzu götürüb, Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır...” Sonra “Difai” məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi. Tacirlər əl-ayağa düşdülər, terror gücü ilə pul tələb edilməsindən qorxub, razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır, küsüb getdi. Sabah tezdən camaat tökülüb qapısına gəlmişdi, on mindən artıq adam vardı. “Bizi hara qoyub gedirsən?” – deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib, camaatı sakit etdi. Çingiz heyrətlə:

  • Komitə düzəltdimi?

  • Düzəltdi.

  • Qoçaq adammış.

Rüstəmbəy təəsüflə:

  • Qoçaqlığına qoçaq idi, ancaq... Tutulan yol düz deyildi. əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı: Nə qədər boş bir məfkurə! İkinci, “Daşnaqsütyuna” qarşı “Difai” ilə çıxmaq qanı qanla yumaq demək idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?

Çingiz etiraz etdi:

  • Bu əngəl məsələdir. Gərək türk arasındakı ermənilər erməni arasına, erməni arasındakı türklər türk arasına keçəydi. Çar höküməti buna razı olmazdı. Bu avtonomiyaya hazırlıq demək idi. Çar siyasəti bu avtonomiya məsələsini boğmaq üçün türk-erməni düşmənçiliyini məxsus körükləyirdi...

Susdular. Rüstəmbəyin düşüncəli üzündə bir fərəh ifadəsi vardı:

  • Ah, bizim zayalıların tarixi yazılsa da: ittihadi-islam, Turan... min bir çarpışma... Keçilən yolların böyük qüsurlarına baxmayaraq axırda öz doğma ölkəmizin siyasi, iqtisadi və mədəni ehtiyaclarına dönəcəyik, ermənilərlə də barışıq yolu bulacağıq... Bunlar olacaq. Xalqımıza fayda verəcək ziyalılar da yetişəcək. Bu da mütləq olacaq! Ancaq Cəlal kimi bədbin olmağa da gəlməz: mədəniyyətə doğru yeni addım atan xalqların tarixində də belə şeylər olmuşdur. Yeni yetişənlər yaxşı olarlar...

Çəlal onun sözünü kəsib:

  • Sənin yeniyetmən Qulu deyilmi? – deyə istehza ilə güldü. Bizdən adam olmaz, vəssalam!

Çingiz gülə-gülə:

  • Balam, - dedi, - bu yaman kafirdir, yola gəlməsi çətindir.

Qapı taqqıldadı, o dəqiqə söhbət kəsildi. Əllərini ova-ova içəri bir student girdi.

  • Ya Allah, Məcid, - deyə Çingiz ayağa qalxdı. Rüstəmbəy və Cəlal rəsmi surətdə Məcidə əl verərək görüşdülər. Bunların rəftarında studentliyə məxsus sadəlik və mehribanlıq görünmədi, çünki Məcid studentlərə qarışmazdı, türk tələbələrini artıqlığınca həvəsləndirən seçki cəmiyyət idarəsi, şərq müsamirəsi kimi işlərə əsla etina etməz, kənarda duraraq ancaq öz xüsusi işlərinə çalışardı, gecə-gündüz məktəb kitabları ilə məşğul idi...

Rüstəmbəy Məcidi nəzərdən keçirdi. Onun sadəlövh siması və axmaq gözləri Rüstəmbəyi bir az fikrə saldı, ürəyində ona qarşı anlaşılmaz bir hiss əmələ gəldi – nifrət və təəssüf bir-birinə qarışdı.

Cəlal məcburi bir halda soruşdu:



  • Məcid, bu il qurtarırsınızmı?

Məcid cavabında əllərini ova-ova:

  • Görək, - dedi, - və sonra Çingizin üzünə baxdı, mənasız bir surətdə güldü:

  • Vallah, deyirlər qurtaracağam, amma mən özüm heç zad bilmirəm.

Çingiz Rüstəmbəyə tərəf:

  • Sən Məcidi tanımırsan, bu kişi zor adamdır. Zarafat deyil, bir neçə aydan sonra doktor olacaq.

Məcidin qoltuğunun altı bir az da şişdi. Yenə adi gülüşü ilə Rüstəmbəyə yönəldi:

  • Görürsünüz, Çingiz də deyir qurtaracağam. Amma özüm bilmirəm nə olacaq. Xa-xa-xa!..

Çingiz:

  • Canım niyə bilmirsən nə olacaq, sən də qurtarmayanda kim qurtara biləcək? – deyə təkid etdi.

  • Təki elə olsun, nə deyirəm, ay qardaş! Xa-xa-xa!..

Taqqıltı yenə sükuta səbəb oldu. Içəriyə qoltuğu portfelli, üzündən-gözündən süni karkünlük tökülən bir tələbə girdi. Məcid gülə-gülə:

  • Ədə, bu axşam burada məclis qurmaq istəyirsiniz, nədi? Qoyun görək, siz Allah, tutub aparıb salarlar qazamata, evimiz yıxılar.

Çingiz təzə gələn studenti Məcidə təqdim etdi; tanış oldular.

Cəlal rişxəndli bir təbəssümlə:



  • Ay Həsən, balam, portfelində nə var? Amma sənə ayrı cür yaraşır. Bığların da sallaqdır, lap İran naibinə oxşayırsan. Xa-xa-xa!.. Xa-xa-xa!..

Hamı güldü. Çingiz gülüşünü büruzə verməmək üçün soruşdu:

  • Həsən, nə təhərsən?

Həsən əvvəlki ciddiyyətini saxlamışdı; o, qaşlarını bir az da yuxarı qaldırdı:

  • Ay Çingiz, səninlə xüsusi bir söhbətim var.

Çingiz dərin bir etina ilə:

  • Nə vat, Həsən, xeyirdirmi?

  • Idarə işindən ötrü gəlmişəm... Uşaqlar idarədən razı deyildirlər.

  • Hansı uşaqlar?

Həsən karkün bir tərzlə portfelini açdı, bir kağız çıxartdı. Çingiz kağızı aldı və fikirli halda sətirlərə göz gəzdirməyə başladı. Başdan rusca yazılmışdı: “Biz aşağıda imzaları qeyd olunan müsəlman tələbələri, cəmiyyətimiz idarəsinin pozularaq, yenidən seçilməsini qət elədik, çünki məzkur idarə bəzi şəxslərin təhriki ilə əmələ gəlib, ümumun xahiş və rəyi nəzərdə tutulmamışdır”.

Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi. Dilxor oldu, rəngi qaçdı, Rüstəmbəy kağızı aldı, baxdı. Cəlal da ona yanaşaraq oxumağa başladı. Məcid etidali-dəmlə çay içirdi. Çingiz əsəbi bir halda papiros yandırdı:



  • Həsən, - dedi, - bir yana yığışmışdınız, yoxsa yox? – Dünən Teymurbəy bizi evinə çağırmışdı. Mən getdim gördüm Qulu da oradadır, bir-iki də ayrı tələbə var idi. Bir az gözlədik, daha heç kəs gəlmədi. Sonra Qulu söhbət açdı.

  • Nə dedi?

  • Hələ söz demədi, dedi seçki düz olmamışdır. Doğrudan da, Çingiz, biz gərək idarəyə yaxşı adam seçək. Qulu kimi adamı nahaq yerə seçməmişik.

Rüstəmbəy qaşqabağını salladı. Cəlal gülümsündü. Həsən Cəlalın gülüşündən pərt oldu. Birdən əllərini ata-ata səsini ucaltdı.

  • Yenə gülümsünürsən, Cəlal? Heç bir zaddan baş açmayan təzə tələbə seçilsə, xoşunuza gələrmi?

Həsən sözlərini qurtarar-qurtarmaz çəkildi, geridə oturdu. Bunun bu hərəkəti Cəlalı daha da güldürdü:

  • Bala, görünür, Qulu səni yaman doyurmuşdur.

  • Ay kişi, sən Allah, bəsdir! – deyə Həsən üzünü kənara döndərdi.

Məcid dərin sükut içində kənarda söhbətə qulaq verirdi. Buradakıların hamısı ona bikar və boşboğaz kimi görünürdü. Ona görə orada oturmağa darıxırdı, könlü öz otağını, məktəb kitablarını istəyirdi. Ayağa qalxdı. Bir az otağa tamaşa eləyərək yazı masasına yavıqlaşdı. əlinə tibbə dair bir kitab keçdi. Vərəqlədi, bu kitabdan imtahan vermişdi. Onu bəlkə əzbər bilirdi. Lakin yenə də kitab onu maraqlandırdı, ora-burasını oxumağa başladı. Yenicə kefi açılırdı ki, başlanan “idarə söhbəti” onun canını sıxdı. Onun gedişinə heç kəs etina etmədi. Bircə Çingiz ayağa qalxıb, onu qapıya qədər ötürdü. Həsən ayaq östə duraraq çığırırdı. Cəlal onu sakit edə-edə:

  • Qardaş, bir az yavaş danış, bizi otaqdan qovdurarsan. Bilirəm, sizdən millətpərəs çıxmayacaq, ancaq bizi otaqsız qoyarsınız.

Rüstəmbəy hirsli:

  • Həsən, mənə orası qəribə gəlir ki, sən köhnə student ola-ola aldanırsan. Canım, axı sən Qulunun necə adam olduğunu bilirsən!

  • Mən heç zad bilmirəm.

  • Bilmirsən, Çingizdən soruş.

Çingiz Rüstəmbəyin bu cürətindən bir az incidi və özünü itirməyərək, söhbəti basdırmağa başladı:

  • Həsən, səndən bircə sual edəcəyəm. De görüm, seçki nə təhər olmalı idi ki, qanuna müvafiq gələ idi?

  • Təzə studentlərdən namizəd yazanda, sizin dediklərinizi yazmışdılar. Gərək belə olmayaydı. Bir sual da Rüstəmbəy verdi:

  • Həsən, neçə təzə student var?

  • Beş-altı.

  • Sizin deməyinizə görə, bu beş-altı adam bizə səs verməsəydi, biz idarəyə düşməyəcəyək imişik, belə deyilmi?

Cəlal Rüstəmbəyin fikrini anlayaraq başladı:

  • Bunlar idarəyə qırx səslə düşüblər. Bəs o altı adamdan başqalarını kim öyrətmişdi ki, bunların adlarını yazdırdılar?

  • Nə bilim, - deyə Həsən cavabdan aciz qaldı.

Cəlal qəhqəhə çəkib güldü.

  • Səni zor qızışdırıblar! – dedi.

Rüstəmbəy gülümsündü və sərzənişlə:

  • Həsən, qardaş, aldanma. Hər firqəbazın dalınca yüyürmə; gəl cəhd eləyək iş görək. Müsamirə düzəldək, kitabxanamızın kitablarını artıraq, vaxtlı-vaxtında üzvlük haqqı toplayaq ki, pulumuz artsın... Yoxsa studentləri bölük-bölük etməkdən faydalı bir nəticə çıxmaz.

Həsən sükuta getmişdi. Rüstəmbəyin sözləri, az da olsa, ona əsər eləyirdi.

Cəlal adi gülüşlə ayağa durdu. Imzalı kağızı götürüb, portfelin içinə qoydu və Həsənə dedi:



  • Bu kağızı götür apar evə, lazımın olar.

Həsən Cəlalın hərəkətlərindən bir az xoşlandı: dodaqlarında təbəssüm nişanı göründü. Lakin bu təbəssüm sürətlə yox oldu və siması yenidən süni bir ciddiyyət aldı:

  • Mən ölüm, zarafat eləmə!

Cəlal gülə-gülə:

  • Mən də deyirəm, görəsən nə xəbər gətirmişdir. Bala, Teymurbəy sizə çay verib qızışdırır, amma heç özü kağıza qol qoymur. Qorxur sözü yerə düşə; kişi dünyagörmüş, hiyləgər adamdır, indi bizi də görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar.

Cəlal sözünü qurtardıqdan sonra irəliləyib Həsəni qucaqladı:

  • Gəl bir güləşək, görüm sənin canın nədir ki, düşüb ortalığı qarışdırırsan?

Həsən bir az dartındısa da olmadı. Cəlal əl götürmürdü. Nəhayət, o hirsləndi:

  • A kişi, yavaş görüm!

Cəlal etnasız:

  • Deyəsən, studentlik ürəyini üzüb, candan düşmüsən. Həsən yumşaldı, karkünlüyü kənara qoyaraq, birdən Cəlalın qılçasından yapışdı. Rüstəmbəylə Çingiz gülməyə başladılar:

  • Qoçaq Həsən, - deyə Çingiz kürsüləri ortalıqdan yığışdırdı ki, toxunmasınlar.

Bir az hərləndikdən sonra Cəlal Həsəni çarpayının üstə yıxdı:

  • Canın bu imiş, niyə çığırırdın? – dedi və dizini onun qarnına qoydu. Həsən çığırmağa başladı. Cəlal bir az boşladıqda Həsən sıçrayıb, çarpayıdan qalxdı, yenidən güləşmə başladı. Bu dəfə bərk səsküy saldılar. Kürsülər döşəmənin üstünə yıxıldı, gurultu qopdu, bir neçə dəqiqə belə keçdikdən sonra otağın qapısını hirsli-hirsli tıqqıldatdılar. Çingiz cəld qapını açdı. Ev sahibi xanım acıqlı:

  • Belə hərəkətlər olarmı? Bura tövlə deyil, bura insan yeridir...

Xanımın bu qaba sözləri hamını sükuta məcbur etdi. Həsən və Cəlal bir-birindən aralanıb, kənara çəkildilər və töyşüməyə başladılar.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə