Bir neçƏ SÖZ



Yüklə 0,68 Mb.
səhifə7/10
tarix01.12.2017
ölçüsü0,68 Mb.
#13362
1   2   3   4   5   6   7   8   9   10

4
Səlman Balayurdlu kəndindəki dəllək Qasımın oğlu idi. Qasım neçə il vardı ki, şəhəri tərk edib, bu kənddə sakin olmuşdu. Bu neçə ilin müddətində özünə bir dükan da qura bilməmişdi: bütün tənxahı qırmızı fitə, güzgü və kisəbənddən ibarət idi. Qasım sabit deyil, səyyar bir dəllək idi. Səhərdən axşama qədər kəndin bazarını dolanar, girəvəsinə gələn müştərilərin başını qırxar, birçəklərini düzəldər, saqqallarını vurardı. Səlman da kiçik vaxtından hamamda qulluq eləyirdi, səkiləri süpürür, bazara göndərilir və camadar məşğul olanda ayağa da su tökürdü.

Bir gün kənd müəllimi hamama gəlmişdi. Səlman ona xidmət edərkən müəllimin nəzərini özünə cəlb elədi. Müəllim çocuğun kim olduğunu öyrəndi. O, bir gün dəllək Qasımdan Səlmanı məktəbə göndərməsini rica etdi. Müəllimin təklifı Qasım kişinin ağlına batdı.

O zamandan Səlman kənd məktəbinə davam etdi və eyni zamanda hamamı da tərk eləmədi, günortadan sonra yenə müştərilərə xidmət etmədə idi.

Səlman kənd məktəbini bitirib Bakıya gəlmişdi.

Bakı həyatı Səlman üçün hər nə qədər ağır olsaydı da, o bu həyatdan şikayətçi deyildi. Əvvələn, gələn kimi şagirdlər cəmiyyəti buna Hacı Hacıağa karvansarasında bir otaq tədarük elədi, kirəsini də cəmiyyət verirdi. Sonra da gimnaziyaya daxil oldu. Məsələnin iki mühüm cəhəti həll olunmuşdu. O ki qaldı yemək məsələsi, bu təsadüfdən asılı idi, olurdu yeyirdi, olmayanda aclığa qatlanırdı. Gündə bir boşqab sup tapmaq onun üçün bir böyük nemət idi.

Səlmanın karvansara həyatı getdikcə çətinləşirdi. Bir tərəfdən otaq deyilən bu yer pəncərəsiz idi, işıq tağlı artırmaya açılan qapının başından düşürdü. Sonra, neft pulu olmadığından çox zaman qaranlıqda qalır və dərslərini hazırlaya bilmirdi Bəzi vaxtlar dalandardan xəlvət artırma lampası alır, mənzilinə gətirirdi. Bir neçə dəfə belə elədikdən sonra bir gün dalandar duyuq düsdü, gəldi, Səlmanın abrını tökdü. Buna rəğmən Səlman bu işdən əl çəkə bilmədi. Dərs hazırlamaq üçün yeganə çarə bu idi. Get-gedə məsələ gərginləşdi, dalandarla arası tamamilə pozuldu. Karvansara sahibinə şikayət olundu, nəticədə bir şey çıxmadı. Dalandar Səlmana qarşı təzyiqini birə on artırdı. Səlmanı incitmək üçün hər yeri süpürdükdən sonra zibilini onun mənzilinin önünə yığar, ona su verməzdi. O, dərs oxurkən qapısının ağzında səs-küy salar, dərsinə mane olardı...

Günlərin birində Səlman yenə lampanı götürərkən dalandar onu tutdu, hirsli bir halda mənzilinə soxuldu və şeylərini cirıq məfrəşinə doldurub, artırmadan aşağı atdı.

O zaman şagirdlər cəmiyyətinin bir-iki üzvü Çənbərəkənddə Pozenov küçəsində olurdu. Səlman çar-naçar məfrəşini bir hambala verib, Pozenov küçəsinə yollandı.

Səlmanın məfrəşi ilə otağa daxil olması cəmıyyət üzvlərini heyrətləndirmədi: bunlar belə hadisələrə alışmışdılar. Harada yersiz-yurdsuz və kimsəsiz şagird varsa, burada daldalanardı. Odur ki, otaqdakı bir çox yatağın yanına Səlmanın da çirkli yorğan-döşəyi salındı.

Bir il də belə keçdi. Sonralar işlər bir az asanlığa döndü. Səlman şəhərə dürüst bələd olaraq dərs demək kimi pul qazanmaq yollarını yavaş-yavaş öyrəndi.

Milyonerlər Bakısında bir boşqab sup həsrətində çırpınan Səlman özü kimi yoxsulların acınacaq halını daima düşünür və qurtuluş yolu arardı. Marks nəzəriyyəsi ilə tanış olar-olmaz "qurtuluş yolu" deyə bu nəzəriyyəyə sarıldı və həyatının sonuna qədər kapitalizmlə mübarizə edəcəyinə söz verdi. İştə, bu günkü münaqişədəki səmimiyyəti bir dəfə haqq bilib sarıldığı məsləkin inikası idi.


  • Yoldaşlar, - dedi, - siz əsil məsələni bir kənarda buraxıb qol-qanaddan yapışırsınız. Sosializmdə xalqı qaranlıqda buraxacaq səbəblərin heç birisinə yer qalmayacaq. Sizi maraqlandıran bütün məsələlərin həlli kapitalın məhvi ilə bitəcək.

Xəlilin içəri girməsi münaqişəyə xitam verdi:

Şirin:

  • Bəs bizim işimiz yoxdur? - dedi.

Xəlil bir az ciddi:

  • Canım, əksəriyyət buradadır. Niyə məclisi açmadınız?

  • Müsamirə qoymaq istəyirik, onun üçün hamımızın flkrini dinləmək icab etdi.

Xəlil başını buladı:

  • Eh, - dedi, - siz də indi ayılmısınız.

Xəlilin sözlərindən hər kəs bir şey duyar kimi gözlərini ona dikdi. Xəlil bu halı görüb gülümsündü:

  • Görünür, heç bir şeydən xəbəriniz yoxdur, - dedi, - Qulu müsamirə düzəldir.

Çingizin rəngi qaçdı. Bu xəbər hər kəsdən artıq ona təsir etdi.

  • Necə yəni müsamirə düzəldir? - dedi.

  • Düzəldir. O günü Teymurbəyin evinə toplanıb qərar çıxarmışlar.

Şirin:

  • Kimlər var imiş? - deyə sordu.

  • Çox adam var imiş. Hətta bizim idarədə də onların tərəfdarı var. Üzvlər heyrətlə bir-birinin üzünə baxdı.

Şirin:

  • Həsən olmasın? - deyə gülümsündü.

  • Tapmısan!

Şirin güldü. Səlman gözlüyünü düzəldərək dedi:

  • Bu Həsən qəribə adamdır. Müəyyən nöqtədə dayana bilmir. Marksizmlə maraqlandı. İki dəfə görüşdük, sonra yox oldu. Tolstoy günündə bizim həbs olunduğumuzu görən kimi gözdən itdi. Monarxist rus tələbələrinə yanaşdığını da eşidirəm, xülasə, qəribə şeydir.

Çingiz masanı bir də taqqıldatdı.

  • Yoldaşlar, - dedi, - məclısi açıram. Müsamirə məsələsini müzakirə etməliyik. Birinci müsamirəmiz keçən il ümumun rəğbətini qazanmışdı. Bu ilki ondan da maraqlı olmalıdır. Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələbələrimiz işə cəlb olunmalıdır. Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir. Həm də bütün tədbirləri bu gün görmək lazımdır ki, sabahdan işə başlansın.

Çingizin təklifınə qarşı kimsə etiraz etmədi. Keçən il də belə olduğu üçün məsələ bəlli idi. Lakin heyətin başında duracaq adam haqqında bir az münaqişə oldu.

Müxalifləri susdurmaq ücün Çingiz Teymurbəyin namizədliyini irəli sürürdü. Buna qarşı Səlman şiddətlə etiraz etdi. Uzun münaqişədən sonra Səlmanın rəyasətində bir heyət seçildi. Teymurbəyi də xəzinədar seçdilər.

Çingiz məclisi qapadı. Xüsusi söhbətlər başlandı. Teymurbəyin evindəki yığıncaqdan maraqlanaraq hər kəs Xəlili əhatə etdi və suallar verdi.

Xəlil suallara cavab verə-verə ayağa qalxdı və Çingizə müraciət edərək:



  • Çıxaq! - dedi.

  • Çıxaq, ancaq hara gedək?

Şirin gülərək:

  • "Millət qızı"nın yanına gedək.

Çingiz razı oldu, hamı ayağa qalxdı. Şirin paltoları asqıdan alıb, sahiblərinə verdi.

"Millət evinə" yola düşdülər...

Fatma xanım bir il idi ki, Kiyevə gəlmiş, ali məktəbin tibb şöbəsinə daxil olmuşdu. Bunun Kiyev şəhərinə gəlməsi türk tələbələri üçün görünməmiş bir hadisə idi, çünki Fatma xanımdan əvvəl bu şəhərə müsəlman talibəsi gəlməmişdi. Ona görə hamı üçün əziz idi. Fatma xanımın gəlməsini hamıdan qabaq bilən və axtarıb onunla tanış olan Rüstəmbəy idi.

Əvvəl gündən Rüstəmbəy Fatma xanımın yaxsı tanışlarından biri oldu. Rüstəmbəy Fatma xanımın artıq dərəcədə xatirini istərdi, bunu görən bəzi tələbələr Rüstəmbəyə sataşardılar. Bu dəfə də yolla gedərkən Şirin Rüstəmbəyə yanaşıb, iymalı bir təbəssümlə:



  • Dostum! - dedi, - yenə Fatma xanımın yanma gedirik deyə kefın kökəlir.

Rüstəmbəy gülümsündü, başını buladı. Şirinlə həmrəy olmadığını bildirdi.

  • Boynuna al, Rüstəmbəy! - Biz bilirik ki, Fatma xanıma bənd olmusan. Bu gün-sabah da toyundur.

Çingiz də gülümsənərək:

  • Allah xeyir versin! - dedi. - Rüstəmbəy çoxdan bəri bir elmli türk qızı axtarırdı. Axırda ki, tapdı.

Rüstəmbəy başını qaldırdı, gülə-gülə Çingizin üzünə baxdı:

  • Canım! - dedi, - deyəsən, siz məni güclə evləndirəcəksiniz!

Hamı qəhqəhə ilə güldü. Şirin əvvəlki halında:

  • Güc niyə olur, özün bəyənmisən. Sağ-salamat qızdır, yaxşı analığı çıxar. Həmi uşağına tərbiyə verər, həm də sənə ömür yoldaşı olar.

  • Canım, mənim fikrimdə evlənmək yoxdur, bənd də olmamışam. Mehribanlıq elayirəm, çünki borcumdur eləyim. "Millət qızına" da mehriban olmayıb, kimə olacağam, Rusiyada otuz milyon xalqın bircə-ikicə münəvvər qızı var, bütün ümidimiz onlaradır. Bir məxluq ki, ümid yolu ola, əlbəttə, onu sevərlər.

  • Mən də ondan ötrü deyirəm də... xı-xı-xı..

  • Rüstəmbəy, Allah xeyir versin, - deyə hər tərəfdən onu təbrik edirdilər.

Rüstəmbəy daha dinmədi, gülümsündü, başını aşağı saldı.

Xəlil sözə qarışdı:



  • Kişidən əl çəkin, - dedi. - Ondan və məndən evlənən çıxmaz.

Səlman:

  • Sən heç, - dedi, - sənə gündə biri olmalı. Rüstəmbəyə gəldikdə, o da evlənməməkdə haqlıdır, bu iş tələbə işi deyil. Arvadın nazı, uşağın vəngiltisi, dərs... hamısı da bir otaqda. İnsanın əli-qolu bağlanır. Baxın, indi siz Fatma xanımın yanına gedirsiniz, gedəcəksiniz, danışacaqsınız, kefıniz istədiyi zaman da evə qayıdıb, rahat uzanacaqsınız. Sorğunuz yox, sual verəniniz yox.. Məndən sizə əmanət: məktəbi bitirib iş sahibi olmayınca evlənməyin!

Səlman sözlərini bitirib, tində durdu.

  • Bəs niyə durdun? - deyə ondan sordular.

  • Nach Haus2, yoxsa arvad atamı yandırar.

Səlman yoldaşlara əl verib aynldı.

Qar yağırdı, ətraf tamam ağ geyinmişdi. Külək əsdikcə həzin bir xışıltı gəlirdi. Qar yerlə sürünüb, küçə aşağı gedir, birdən ac qurd dəstəsi kimi tökülərək fənər dirəklərini əhatə edirdi. Gah da qeyzlə qalxıb pərvanələr tək çırağın başına fırlanır, sonra məyus bir halda yerə səpilirdi. Aləm sükuta dalmışdı. Bu sükutu pozmamaq üçün sanki tələbələrin də səsi kəsildi. Fundukleyevski küçəsi ilə aşağı endilər. Çovğun bunları da qarşıladı. Porvanələr ətraflarını aldı.



5
"Millət qızı" ortaboylu, dolğun, gülərüzlü bir qız idi. Danışdıqda dodaqlarında həyalı bir təbəssüm zühur edər, yanaqları qızarardı. Onun rəftarı nazik, özü çox mehribandı; hər tərpənişində o qədər səmimiyyət vardı ki, çox vaxt ali məktəb talibəsinə oxşamayıb, sadə ürəkli bir çocuğa bənzərdi. İlk rast gələrkən bəxş etdiyi xoş təsir getdikcə daha da dərinləşir, insanın ürəyinə işləyirdi.

Fatma xanım bu tanış təbəssümü ilə tələbələri qarşıladı.



  • Neçə vaxtdı ki, heç məni yada salmırsımz, - dedi.

Çingiz salam verdi, Fatma xanımla görüşdü, onun sözlərinə nə cavab verəcəyini bilmirdi. Birdən:

  • Bilirsiniz, - dedi, - başımız bərk qarışıqdır. İmtahanlar, cəmiyyət işi - hamısı bir-birinə qarışmışdır.

  • Bəhanə gətirməyin! İşsiz kimdir ki? - Hamının işi var, amma hərdənbir tanışınızı yad eləsəniz, pis olmaz.

Fatma xanım bu söziərindən utanır kimi oldu. Gülümsündü, tələbələrin üzünə baxa-baxa qıpqırmızı qızardı.

Çingiz və Şirin yumşaq taxtın üstə oturub, arxasına söykəndilər. Xəlil kənarda əyləşdi. Şirin iymalı təbəssümlə:



  • Bilirsiniz, Fatma xanım, Çingiz bəhanə eləyir, vaxtı çoxdur, ancaq başı qızlara qarışmışdır, - dedi.

Çingiz qızaran kimi:

  • Yalan deyir, öz əməlini mənə isnad verir.

  • Yalan demirəm, dünən də görüşə getmişdi.

Çingiz bir az da pərt oldu. Gülümsündülər. Rüstəmbəy sol tərəfdəki yazı masasına yavıqlaşdı; "Vaxt" qəzeti onun nəzərini cəlb etmişdi. Qəzeti əlinə aldı.

  • Fatma xanım, - dedi. - "Vaxt"ı haradan almısınız?

  • Ufadan göndərmişlər.

Rüstəmbəy bir az da oxudu:

  • Başa düşürəm. amma bəzi sözlər var ki, mənasını bilmirəm.

Fatma xanım:

  • Mən də çoxunu başa düşə bilmirəm, - dedi; - çünki "Vaxt" bizim tatar ləhcəsində yazmır.

Qeyri tələbələr də bu söhbətdən həvəsləndilər, diqqətlə qulaq verməyə başladılar. Şirin:

  • Bizim Qafqaz qəzetləri də elə dildə yazır ki, adam başa düşə bilmir, - dedi. Rüstəmbəy də bizi məzəmmət eləyir ki, biz türk qəzetini oxumuruq.

Rüstəmbəy öz adını eşidərək qəzeti masanın üstə qoydu və ciddi sima ilə:

  • Əlbəttə, - dedi, - ifrat eləyirlər. Amma eləsi də var ki, lap sadə bir dildə yazır. Məsələn "Molla Nəsrəddin".

  • "Molla Nəsrəddin"i oxuyuram, başa düşürəm, qəzeti də o dildə yazsalar, adam qanar.

  • Nə qədər asan dildə yazsalar, yenə dürüst başa düşə bilməzsən, çünki bizim danışdığımız dil az sözlərdən əmələ gələn yoxsul bir dildir. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Buna görə də mübahisəmiz və elmi bir söhbətimiz olduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. Bu qüsurumuzu düzəltmək üçün dilimizi genişləndirməli, yəni xarici dillərindən bir xeyli söz götürməliyik. Hal-hazırda ifrat etsələr də qəzetlərimiz bu yolda çalışır. Siz də qəzet oxuyub, dilimizə yeni daxil olan sözləri öyrənməlisiniz.

Şirin yenə təkidlə:

  • Nə qədər oxuyuram, başa düşə bilmirəm.

  • Mən də, - Çingiz dedi, - bir dəfə həvəsləndim, istədim türkcə oxuyam - olmadı, çox çətin dildə yazırlar.

Bunların sözlərini Xəlil də təsdiq etdi. Rüstəmbəy hirsləndi, səsini bir az ucaltdı, dodaqlannda acı bir təbəssüm oynayırdı:

  • Canım, - dedi, - on beş il rus məktəbində oxuyursunuz, həmişə ruslarla onların dilində danışırsınız, yenə də rusca dürüst danışmağı bilmirsiniz. Bir kitab da oxuyanda saatda bir açıb əcnəbi sözlərinin lüğətinə baxırsınız. Amma iki ay türkcə oxumaqla hər şeyi bilmək istəyirsiniz. Sizlər öz dilinizi əsla sevmirsiniz, Sevsəydiniz. zəhmətə qatlaşaraq onu incədən-incəyə öyrənərdiniz.

Şirin istehzalı təbəssümlə:

  • Ay Rüstəmbəy, - dedi, - məni bağışla, sən həmişə bir az mücərrəd danışırsan. Bu gün içində yaşadığımız şəraitdə türk dilinə yer yoxdur, daha doğrusu, lüzum da yoxdur. Məktəblər rusca, idarələr rusca, çörək də bu dildən çıxır. Hər kəsin öz ana dilini bilməsi vacibdir, bunu anlayıram. Ancaq öyrənməyə vaxt yoxdur.

Rüstəmbəy Şirinin yürütdüyü mülahizələrlə şərik ola bilmədi:

  • Vaxt tapılar, həvəs yoxdur, milli hiss yoxdur. Baxın, polyakların milli məktəb açmağa haqları yoxdur. Hökumət polyak dili və polyak mədəniyyəti ilə şiddətlə mübarizə edir, buna baxmayaraq, polyak dilini bilməyən, öz dilində danışmayan bir polyak tapılmaz. Polşaya göndərilən rus məmurlarını belə polyaklaşdırırlar...

Fatma xanım sözə qarışdı:

  • Bizə qarşı da böyük təzyiq var, özümüz də ruslarla qarışıq yaşayırıq, amma hamımız öz dilimizi bilirik, ədəbiyyatımızla maraqlanırıq.

Şirin güldü. Fatma xanım pərt olub qızardı.

  • Tatar dilinin yarısı rus sözüdür, pyat rükət namaz soverşayem...

Hamı gülüşdü, Fatma xanım daha da qızarıb, qəhqəhə çəkdi. Çingiz ciddi saslə:

  • Rüstəmbəy haqlıdır, ancaq bizi polyaklarla müqayisə etmədə səhv edir. Polyaklar yüksək mədəniyyətə malikdirlər, vaxtilə böyük dövlət olmuşlar, rus mədəniyyəti onlara nisbətən çox aşağıda olduğu üçün polyaklara təsir yapmır. Bizdə vəziyyət büsbütün başqadır. Biz mədəni deyilik, olan mədəniyyətimiz də müasir mahiyyət daşımır. Odur ki, rus mədəniyyətinə təmas edər-etməz, onun təsirinə düşüb, ruslaşırıq...

Çingizin mülahizələri etiraza səbəb olmadı. Sanki məsələ aydın idi - hamı susurdu. Sükutu Fatma xanım pozdu.

  • Yadımdan çıxdı soruşam, - dedi, - müsamirə nə vaxtdır?

Çingiz cavab verdi:

  • Bu axşam müsamirə düzəltmək üçün xüsusi heyət seçildi. Sabahdan işə başlayacaq.

  • Bu neçənci müsamirədir?

  • İkinci.

  • Müsamirəyə necə ad qoyursunuz?

  • Keçən il "Müsəlman müsamirəsi" adlandırmışdıq, bu il də belə olacaq.

  • Keçən ilkini çox mədh edirlər. Gərək bu il ondan da gözəl olsun.

Rüstəmbəy əvvəl döyükmüs bir nəzərlə Fatma xanıma baxdı. Sonra sevincək bir halda:

  • Fəxr edə bilərik ki, müsamirəmizin adı hələ də ağızlarda çəkilmədədir.

Çingiz:

  • Qəribə burasıdır ki, - dedi, - burada bu qədər türk studentinin olduğunu heç kəs bilmirmiş. Bu müsamirə bizi hamıya tanıtdı. Çoxları "Qafqaz. müsamirəsi" bilib gəlmədikləri üçün heyfsilənmişlər. "Müsəlman müsamirəsi"nin ayrıca xüsusiyyəti olduğunu sonradan bilmişlər. Çoxları bu ilkini gözləyir.

Fatma xanım soruşdu:

  • "Qafqaz müsamirəsi"ni kimlər tərtib edir?

Xəlil dedi:

  • Burada bir Qafqaz "zemlyaçestvo"su var. Əvvəllər oraya bütün Qafqaz tələbələri daxil olardı. Sonralar ermənilər və gürcülər yavaş-yavaş oradan çəkildilər. Biz də sayca artdıqdan sonra öz cəmiyyətimizi təşkil elədik və tamamilə müstəqil yaşayırıq. Ayrı-ayrı təşkilatlara mənsub olmayan əqəliyyət "Qafqaz zemlyaçestvosu"nda qaldı. Odur ki, müsamirələri də əvvəlki nüfuzunu itirdi. Bizim müsamirənin müvəffəqiyyəti onun yeniliyi ilə təmin olundu. Şərqə məxsus köşklər yapdırmışdıq, hamımız da türk, fars və ərəb milli libaslarındaydıq. Salonda milli musiqi var idi, şərq bazarı qurulmuşdu, ayrıca bir dairədə bir paşanın hərəmi və odalıqları göstərilmişdi... Avropalıları maraqlandıran bir çox şeylər vücuda gətirilmişdi. Fatma xanım içini çəkdi:

  • Ah, - dedi, - bu çox maraqlıdır. Mən də görmək istərdim.

Rüstəmbəy gülə-gülə:

  • Az qalmışdır, görərsiniz...

Şirin rişxəndli iyma ilə Rüstəmbəyin sözlərini kəsdi:

  • Fatma xanım, Rüstəmbəy paşa olar, siz də onun hərəm dairəsinin dürri-giranbəhası

Hamı gülüşdü. Yalnız Fatma xanım bu sözlərin əsil mənasını anlamadı, döyükmüş bir nəzərlə tələbələrin üzlərinə baxaraq qızardı.

Çingiz məsələni başqa nöqtəyə yozmaqla Fatma xanımı bu vəziyyətdən qurtardı.



Bir az sonra İsgəndər gəlib çıxdı.

  • Allah, buyur! Allah, buyur, - deyə hər tərəfdən ona müraciət etdilər.

Fatma xanım İsgəndərə nə üçün "Allah" dediklərinin mənasını anlamayaraq, heyrətlə ətrafdakıların üzünə baxırdı. İsgəndər oturdu. Rüstəmbəy:

  • Allah, bəs arvad hanı?

İsgəndər ciddi:

  • Arvadı hələ evə gətirməmişəm.

Şirin zarafatla:

  • Allahlıq iddiası edirsən, özün də evlənirsən. Bu olarmı?

İsgəndər gülərək:

  • Bu olar, yunan Allahları nələr etməzdilər. Çox kələkbaz idilər.

Çingiz:

  • Deməli, sən yunan Allahısan, onda türklər səndən əl çəkməlidirlər, - dedi.

İsgəndər etiraz etdi:

  • Yox, mən bütün Allahlardan yüksəyəm. Hər şey mənə tabedir, siz də mənə tabesiniz, - dedi və şaqqıltı ilə güldü.

Fatma xanım yenə bu "Allah" söhbətlərinə qulaq asır, bir şey anlamırdı, Şirin Fatma xanımın heyrətini duyaraq:

  • Fatma xanım, - dedi, - siz, görünür, bir çox işləri bilmirsiniz. Biz tələbələrdə zahiri aləmdən başqa bir də batini aləm var. İsgəndər bu batini aləmin nümayəndəsidir.

İsgəndər Şirinin sözlərini kəsdi:

  • Etiraz edirəm, bu günahkar bəndə Allahın zatını təhrif edir, - dedi. Yenə şaqqıldadı və gülərək sözünə davam etdi, - xilqətdə zahir və batin yoxdur, dünyada yalnız bir "mən" var, hər şey ona tabedir - o, mənəm.

İsgəndər yenə şaqqıldadı. Şirin sözünə davam etdi:

  • Allah, sən bir az səbir elə, mən bildiyimi deyim, sonra səhvimi düzəldərsən... Deməli, Fatma xanım, bu indi danışanı üç yerə bölmək olar, biri sizin tanıdığınız İsgəndərdir, bu, adamdır - yeyir, içir, gəzir, gülür və sairə; ikinci, Allahdır: hər şeydən yüksəkdir, ruh olaraq eşqdən başqa hər şeydən məhrumdur...

Fatma xanım gülərək:

  • O!.. Bu əxlaqsız Allah imiş, - dedi.

Hamı güldü. İsgəndər şaqqıldayaraq etiraz etmək istədi. Şirin onu qabaqlayıb dedi:

  • Yox, Fatma xanım, siz deyən qədər əxlaqsız deyil. İsanın arxasınca gedən kimi, bunun da arxasınca gedən bir çox mürid qızlar var. On gündə bir teosofik cəmiyyətdə bu vəz edər, bir gün gedin, görün bunu təqdis edən nə qədər qız var... Deməli, müəyyən bir dairə var ki, bunu yalnız Allah deyə tanıyırlar. Bunun üçüncü adı Aleksandr Cavadoviçdir. Bu ad bütün xidmətçi qızlara, aşxana və qəhvəxana qızlarına və yurdda-yuvada qınında yanmış yaşlı qadınlara bəllidir. Onlar da Aleksandr Cavadoviçi Allah sanarlar, ancaq burada bunun rolu həqiqi Allah roluna çox az bənzər...

İsgəndər yenə Şirinin sözlərini kəsdi. Etiraz etdi, qızardı. Lakin Şirin onun sözlərinə əhəmiyyət verməyərək davam etdi:

  • İndi bir az da sizin və mənim tanıdığımız İsgəndərdən danışmalıyam. Bu, Gəncədə Şah Abbas məscidinin yanında bir bəy ailəsində doğulmuşdur. Yaxşı evləri və üzüm bağları var. Amma hələ bir dost bu bağın üzümündən dadmamışdır... Acığın tutmasın, qulaq as... Buna baxmayaraq bizim bu İsgəndər çox yaxşı və mərifətli oğlandır. Özü də çox kitab oxuyur. Bunun oxuduğu kitabların təsirini bilmək üçün, Fatma xanım, sizə bir misal söyləyim. Keçən yay Gəncəyə gedəndə İsgəndər kitabxanasını bir qırğız tələbəsınin yanında quymuşdu. Qırğız yayda bu kitablardan oxumağa başlayır. Bilirsiniz. axırda nə oldu? Payızda gəlib gördük qırğız saçlarını uzadıb, sayır-vayır söyləyir. O da Allahdan yüksək olduğunu iddia edirdi. Yaziq indi dəli olub düşüb çöllərə.

Hamı qəhqəhə ilə güldü, İsgəndər özü də şaqqıldadı.

  • İsgəndər belə İsgəndərdir, - deyə Şirin sözlərinə davam edirdi. - Bunun bir məharəti də var. Bu Nitşenin "Zərdüşt belə söyləmiş" adlı əsərini çox sevər. Zərdüştün bütün fəlsəfəsini bir rəqsdə ifadə edər. Bu dahiyanə bir rəqsdir. Oynasın, baxın!

  • Oynasın, oynasın! - deyə rica bulundular. Şirin:

  • Yox, - dedi, - ac qarına olmaz, bizim Allah bir az qarınquludur. Fatma xanım çayı hazırlasın, bir az da çəkçək3 versin, sonra.

Çay məclisi söhbət, zarafat və qəhqəhələrlə keçdi. Sonra masanı kənara qoyub, rəqs ücün yer hazırladılar. Fatma xanım bu həngaməyə həsrətlə tamaşa edirdi, çünki musiqisiz rəqs təsəvvür etmirdi. Nəhayət, məsələni anladı: tələbələr ağızlarında diringi tutdular, İsgəndər rəqsə başladı.

Məsdi məzari məsdərə

Həsti füzari füstərə...

İsgəndər Fatma xanımın təsəvvür etmədiyi bir tərzdə oynayırdı. Şirin isə rəqsdəki əcaib hərəkətlərin fəlsəfəsini anladırdı. Məsələn: havanı yumruqlamaq Əhrimənlə mübarizə etmək idi, fırlanmaq Hürmüzdə dua, təpik atmaq isə divləri tapdalamaq mənasına idi.

Rəqsin sonunda İsgəndər Fatma xanımın qarşısında əllərini havada yelləndirərək dayandı. Fatma xanım Şirindən:


  • Bu nə deməkdir? - deyə soruşdu.

Şirin:

  • Qadınlara intəhasız hörməti olduğuna işarə edir. - dedi. Fatma xanım əl çaldı.

Hamı:

  • Yaşasın Allah! - deyə bağırdı.



6
İri darvazadan palçıqlı həyətə bir adam girdi. Ehtiyatlı addımlarla yavaş-yavaş irəliləyib, bir tərəfi bir az çökmüş daxmanın taxta pilləkəni ilə yuxarı çıxdı. Qapını yumruğu ilə döydü və içəri girdi. İlk nəzərini cəlb edən pərdə arxasındakı çarpayıdan sallanan uzunboğaz çəkməli ayaqlar oldu: kim isə orada uzanmışdı. Sağ tərəfdəki alçaq qapını cırıltı ilə açdi: xırda bir otaqda iki çarpayı arasına sıxılmış bir masa ətrafında yaşlı bir qadınla, bir qız oturub çay içirdilər. Bunların yanından ötüb, xırda qapını tıqqıldatdı:

  • Buyurun, - deyə səs gəldi, sonra qapı açıldı.

  • Ba!.. Rüstəmbəy, - deyə Əli irəli yeridi.

Əyri döşəmə və tavanlı bu komanın dibində bir dəmir çarpayı yerləşmişdi; həyətə baxan xırda pəncərənin önündəki masanın yanında sanbəniz, yastıburun bir tələbə oturmuşdu. Masanın üstündə nərdtaxta vardı.

Rüstəmbəy paltosunu və şapkasını çıxarıb, divardakı mismardan asdı:



  • Ya Allah, Niyazi, - deyə oturan tələbəyə əl verdi, - sən hara, bura hara? - dedi.

Niyazi bir az kar olduğu üçün, görünür, Rüstəmbəyin sözlərini eşitmədi, əlini qulağının arxasina söykəyib:

  • Nə dedin? - deyə sordu.

Rüstəmbəy bir az bərkdən:

  • Deyirəm, sən hara, Əli hara?

Niyazi əlini qulağından çəkib gülümsəyərək:

  • Əli ilə biz bərk dostuq. İkimiz də nərdtaxta aşiqiyik. Hərdən ürəyim darıxanda nərdtaxtanı qoltuğuma vurub buraya gəlirəm.

Əli qonşu otaqdan bir kürsü gətirib Rüstəmbəyi oturtdu. Nərdtaxtanı yığışdırdılar. Əli:

  • Nə var, nə yox? - dedi. - Eşitdim, müsamirə düzəldirsiniz?

  • Elə fıkrimiz var, ancaq nə sən, nə də Niyazi yaxın durmursunuz. Niyazinin yenə ictimai işi var, üç ildən bəridir zemlyaçestvonun kitabxanaçısıdır. Sən heç bir şeydə iştirak etmirsən. Səbəbini bilmirəm.

Əli məyus bir səslə:

  • Əh, nə lüzumu var, iş mənsiz də gedir.

  • Sənsiz də gedəndə nə olar?

Əli üzünü Niyaziyə çevirdi, acı bir təbəssüm simasına əzab süsü yaxdı. Niyazi əlini yenə qulağına dayaq verib, başını irəli uzatmışdı: söylənənləri eşitməyə çalışırdı.

Əli:


  • Rüstəmbəy, - dedi, - individualist olduğumu bilirsən; insandan qaçaqlığım da bəlli... Artıq izahata lüzum varmı?

Bir müddət susdu, sonra yenə üzündə əzab ifadəsi göstərərək sözlərinə davam etdi:

  • Həyatın məqsədini anlamıram: "Nə üçün yarandıq?" sualı beynimi yara etmişdir, həllindən acizəm. Dini kitabları oxudum, mənə yol göstərə bilmədi, fılosofları tədqiq etdim, məni qane etmədilər... Yolu büsbütün itirdim, bədbin oldum, özümü öldürməyə qalxmışdım, çəsarətim yetişmədi... Yenə fəlsəfəyə döndüm: Şopenhaueri, Qartmanı diqqətlə oxudum, bunlar da məni doyurmadı. İndi Ömər Xəyyam vəziyyətində yaşayıram, o, guşeyi-xərabətdən, mən də nərdtaxtadan zövq alıram.

Əli tühaf bir gülüşlə sözlərinə xitam verdi, Niyazi yavaş səslə:

  • O!.. Nərdtaxta əbədi və əzəli bir qüvvədir: "Ləm-yələd vələm yuləd!..". Rüstəmbəy, istəyirsən bir əl oynayaq.

Rüstəmbəy ağzını bükərək:

  • Yox, heç bir oyundan zövq almıram... "Ləm-yələd və ləm-yu-ləd" kitabdır. Ayrı zövqüm yoxdur.

Rüstəmbəy arabir buraya gələr, Əli ilə uzun-uzadı münaqişə edər, onu qane edə bilməzdi. Əlinin bədbinliyi ailə bədbəxtliyindən doğmuş bir şey idi. Onun üç dayısı, dörd xalası gənc ikən ölmüş və bu müsibətlərin şahidi olmuş dindar babasi: "Budurmu Allahın adilliyi?!" deyə, sönüb getmişdi. Əli bu faciəni görərək, səbəbini aramağa çalışmışdı, tapa bilməmişdi. Babasının vəfatından sonra ata-anası və yeganə qardaşı ölmüşdü. Çocuq ikən tək qalan Əli yenə səbəb və məntiq aramağa qalxışmışdı. Özü demişkən, hər bir yola müraciət etmişdisə də, onu maraqlandıran suala cavab tapa bilməmişdi... Rüstəmbəy gülərək:

  • Əli, çay içmişsiniz, yoxsa içəcəksiniz? - dedi.

Niyazi barmaqları ilə qulağını əhatə edərək sözləri qavradı və bir şey kəşf etmiş kimi sevinərək:

  • Əli elə bilir ki, bədbin adam çay içməz.

Əli güldü:

  • İçər! İçər! - dedi və durub o biri otaqdan üç stəkan rəngsiz çay gətirdi.

Yenə söhbət başlandı. Rüstəmbəy Niyaziyə müraciət etdi:

  • Sən nə aləmdəsən? Darülfununa gedirsənmi? - deyə sordu. - Getmirəm, lüzum da görmürəm. Atamın bir balaca mülkü, əkini-biçini var. Məndən başqa da övladı yoxdur. Ata mülkünü idarə etmək üçün ali təhsilə ehtiyac yoxdur. Bir-iki il burada dolanıb geri qayıdacağam. Özümlə böyük kitabxana aparıram. Orada vaxtım çox olacaq, oturaram, oxuyaram.

Rüstəmbəy cavab vermədi. Bir müddəl sükut içində çay içdilər. Sonra yenə Niyaziyə yönəldi:

  • Vaxtın necə keçir, darıxmırsanmı?

  • Yox, gündüzləri yatıram, gecə də sabaha qədər ya oxuyuram, ya da yazıram. Darıxanda da nərdtaxtanı qoltuğuma vurub bir yana gedirəm. Amma elə gecələr olur ki, bu işlərin heç birini könlüm istəmir. Bir gecə oturub, "Əcnəbi sözləri lüğəti"ndəki sözləri saydım. Lüğətin üstündə 50.000 söz olduğu qeyd olunmuşdu, mən saydım 44 söz əskik çıxdı.

Rüstəmbəy:

  • Buna nə qədər vaxt sərf etdin? - deyə sordu.

Niyazi müzəffər bir təbəssümlə:

  • Gecə sabahadək saydım.

Yoldaşlar gülüşdü. Rüstəmbəy əlini Əlinin çiyninə qoydu, mehriban səslə:

  • Görürsən, dostum, - dedi, - insan darıxanda özünə məşğələ tapa bilir...

Əli onun sözünü kəsərək:

  • Əsas olmalı, əsas da dəruni mətanətdən ibarətdir. Məndə bu əsas sarsılmışdır. Ağlımı da şübhə sarmiş, o da istiqamətini itirmişdir. Mexanizmi və poslası pozulmuş bir gəmi təsəvvür et - o mənəm! Həyat dənizinin dalğaları arasında avara-avara sallanıram... Gülməyiniz, məni heç bir fikirlə qane edə bilməzsiniz. Həyatın bir üzvündən baş vermis çirkin bir fıram, kəsilib atılmaqdan başqa bir çarəm yoxdur!

Əli sözlərini elə qətiyyətlə bildirdi ki, ətrafındakıların etiraza cəsarəti qalmadı.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə