Bir neçƏ SÖZ



Yüklə 0,68 Mb.
səhifə8/10
tarix01.12.2017
ölçüsü0,68 Mb.
#13362
1   2   3   4   5   6   7   8   9   10

7
Səlman həftələrdən bəri başında cövlan edən fikrini Xəlilə açdı. Xəlil çoxdan hazır imiş kimi heyrət etmədi və coşqun bir halda dedi:

  • Çox yaxşı. Ancaq sirri hər kəsə açmamalıdır, çünki hamımız tərəssüd altındayıq.

Səlman çox sakit:

Bu sözlərdən sonra planlarının təfsilatını müzakirə etdilər. Bütün Rusiya darülfununlarında təhsildə olan türk tələbələri nümayəndələrindən mürəkkəb bir gizli qurultay çağırılması qət olundu.

Xəlil:


  • Qurultay cağırılana qədər hazırlıq aparmaq üçün bir heyət lazımdır, bu heyətə kimlərin çağırılması lazımdırsa, indidən kəsdirməlidir.

Səlman cavabında:

  • Altı nəfər lazımdır. Bir sədr, katib, dörd də üzv. İndi üzvlüyə kimi namizəd göstərirsən?

  • Birinci Çingiz.

  • Yox, Çingizi qoy dursun.

  • Nə üçün?

  • Çingiz təbiətən mübarizədən uzaq bir sahə üçün yaranmışdır. Onda inqilabi duyğu yoxdur. Bizə inqilabçı ruhlu, cürətli və gözüaçıq adamlar lazımdır. Bizimlə dar ağacına qədər yoldaşlıq edə bilən inqilabçılar lazımdır.

Xəlil bir az məyus baxışla:

  • Bizdə inqilabçı varmı? - dedi.

Səlman qəti surətdə:

  • Var! Var! Gənclərin içində elələri var ki, özlərini oda vurarlar. Məsələn: təzə gələnlərin içində Əhməd adlı biri var, həqiqət üçun göylərə çıxar, ulduzları qoparar. Onun ozü kimi bir yoldaşı da vardır. Bu iki. Sonra, Fatma xanım da lazımdır. Hə... de görüm.

Xəlil Rüstəmbəyin adını çəkdi, Səlman ağzını büzdü:

  • Rüstəmbəy yaxşı oğlandır, ancaq... bəy balasıdır. Toxluqdan Tolstoy kimi mənəvi axtarış dövrü keçirir. Ruhunda "romantizm"lə "rasionalizm" çarpışmadadır. Qələbə nə tərəfdə qalacaq, bəlli deyil... dəruni "refleks"... nə bilim nələr.. yoldaş, təkamülün aramla yürüməsinə vaxt yoxdur. İnqilabi addımlar lazmıdır! Bildinmi?

  • Onda mənim namizədim yoxdur. Kimi istəyirsən yaz.

Səlman razı oldu və cəld dedi:

  • Bu günlər hamınızı iclasa çağıracağam. Hazır ol. Moskva, Peterburq, Kazan, Odessa, Xarkov və başqa yerlərdəki türk tələbələrinin adreslərini öyrən. İndilik bu. Ehtiyatlı ol, dalınca gəzən adamları tanı, diqqət et.

Səlman sözlərini qurtarıb, nə isə düşünürdü, bir də Xəlil onu fıkirdən ayıltdı.

  • Mircəlal Kiyevə gəlmişdir, üç gün əvvəl küçədə ona təsadüf etdim. İstərsən bir namizəd də o olsun.

  • O yaxşıdır. Özü də köhnə inqilabçıdır. Ancaq bir nitqində pristava xoş gəlmək üçün əksinqilabçılıq göstərmiş, deyirlər, bundan ötrü Mircəlal gizli olaraq boykot olunur. Bu günlər Mircəlalın şəxsi ricasına görə idarəmiz bu məsələyə baxacaq. Məhkəmə üzvləri seçilmiş, mən də müddəiyi-ümumi təyin olunmuşam. Hə, sən iclasda yoxdun: səni də müdafiəçi seçdik. Bir çox şahidlər dəvət etmişik. Zənn eləyirəm, mühakimə iki gün çəkər. Əgər Mircəlal bəraət qazansa, onu da bu işə qarişdırmaq faydalı olar. Xəlil güldü;

  • Bu əhvalatı bilirəm. Mircəlal bir az hərdəmxəyaldır.

Səlman:

  • Qəribədir, - dedi, - bizdən, hələ ki, qüsursuz bir adam çıxmır. Yaxşı başlayır, bir də görürsən ortada xarabladı. Bunun sirrini bilə bilmirəm.

  • Xam öküz samını qırar. Bunlar hamısı xamlıqdandır. Ömründə ictimai iş görməmişdir: evdə bişməyib, qonşudan da pay gəlməyib. Zəkamız belə xamdır, orada irsi olaraq məhdud həyati təcrübədən başqa nə var ki?.. Hələ bu gün gördüyün ziyalı gənclər yüksək təbəqəyə mənsubdurlar: bəy, xan, əfəndi və axund ailələrindən olduqları daşıdıqları famillərindən görünür. Bunlar, köhnə də olsa, yenə bir mədəni mühitdə böyümüşlər. İndi tacir balaları axıb gəlməyə başlamışdır. Bu günkü maddi qüvvəni bunlar təmsil edir: hamısı pullu, məişət məsələlərində açıqgöz və elmi mənimsəyərək daha asan qazanc yolları arayırlar. Bunlar bəy və axund balalarına nisbətən daha elastikdirlər, lakin ictimai işə az yarayırlar. Yoxsullar hələ görükmür. Sənin kimilər hələ tək-tək çıxır. Hamısı sənin kimi olsa, yaxşıdır. Amma mənə belə gəlir ki, yoxsul balaları büsbütün xamdırlar, çünki heç bir irsi mədəniyyətə malik deyillər.

Səlman bu fıkrə şərik olmaq istəmədi, o, biləks yoxsul balalarının, xam torpaq kimi, münbit bir zəmin daşıdıqlarını irəli sürdü:

  • Bu gün, - dedi, - ölkədə varlılar hakimiyyəti olduğu üçün ölkənin bütün mədəniyyətindən yalnız varlılar isltfadə edirlər. İnqilab bir gün qələbə çalar da, məktəblər və mədəni müəssisələr qapılarından bizi də içəri buraxarlar, onda görərsən biz nə möcüzələr göstəririk.

Səlmanın coşqun danışığı Xəlilə olduqca məzəli gəldi, özünü saxlaya bilməyib güldü:

  • Ey nərim, - dedi, - deyəsən, ürəyin bərk yanıb.

  • Bəs yanmaz? Siz nəsəbiniz və pulunuzla açdığınız qapıları mən alnımla açmışam.

Səlman da öz sözlərindən xoşlanıb gülməyə başladı. Sonra otağı dolaşaraq:

  • Deməli, qurultayı çağırırıq. Çağıraq bu donuq tələbəliyi silkələyək, görək nə çıxır.

  • Silkələyək, - deyə Xəlil yenə güldü və birdən təşvişə düşən kimi, - saat neçədir? Evdə qız məni gözləyir, o da silkələnməlidir...

Səlman onu pilləkəndən ötürərkən həsratlə dedi:

  • Subaylıq sultanlıqdır - vur, kef sənindir!



8
Zemlyaçestvo idarəsinə iki ərizə verilmişdi: biri Mircəlalın, biri də Əlinin idi. Mircəlal yazırdı: "...1905-ci ildə məni erməni casusu deyə Şuşa şəhərindən qovmuşdular. O zamandan bəri gizli olaraq boykot edilir və haqsız olaraq üzərimdə ağır bir ləkə daşıyıram... İkinci, məni "rus xalqı ittifaqı" tərəfindən təşkil edilmiş vətənpərəst nümayişdə söylədiyim nitq üstündə qəbahətləndirirlər...". Bu ittihamlardan özünü təmizləmək üçün Mircəlal mühakimə edilməsini rica edir və bu iki məsələyə dair uzun-uzadı izahatlar verirdi. Əlinin dərdi başqa idi: Həsənqulu hər gün onun yanına hədsiz-hesabsız "şurum-burum"çu (köhnə paltar alan) tatar göndərib, onu rahatstz edırmiş, Əli ənzəsində bu xuliqanlığa xitam verilməsini rica edirdi.

İdarə ərizələrə baxıb, bir məhkəmə heyəti ayırdı: Şirin sədr, İsgəndərlə Niyazi iclasçı təyin olundu, prokurorluq vəzifəsi Səlmana, müdafıəçilik də Xəlilə tapşırıldı.

Heyət Şirinin otağında toplanmışdı. Şikayətçi və müttəhim olunanlarla bərabər Rüstəmbəy və Fərəməz də şahid sifəti ilə çağırılmışdı. Birinci Mircəlalın işinə baxıldı. Şirin təqsirnaməni oxudu və sonra Mircəlala söz verdi:


  • Əhvalat necə olub, nağıl elə, - dedi.

Mircəlal uzunboylu, arıq və bir az çopur bir tələbə idi. Əsəbi olduğu üçün danışanda tez-tez boynunu dartırdı:

  • Yoldaşlar, - deyə sözə başladı, - məsələni daha aydın etmək üçün bir az ətraflı danışmam icab edəcək. 1905-ci il Bakıda baş verən erməni-türk qırğınından sonra bütün Zaqafqaziyada vəziyyət olduqca gərginləşmişdi. Bir tərəfdən inqilabi hərəkat hər yeri qaplamış üsyan, tətil, hökumət məmurlarının öldürülməsi; o biri tərəfdən də milli tələblər və bundan irəli gələn etnoqrafi hüdud məsələsi ölkəmizi çaxnaşdırırdı...

Zaqafqaziyada o zaman vəziyyət belə idi: qüvvət burjuaziyada idi, burjuaziya da qudurub yolu şaşmışdı. Şəxsi faydaya milli rəng verib, ortalıqda yoxsulların qanı boş yerə axıdılırdı. Bu hadisələr çar siyasəti ücün əlverişli bir vasitə oldu: çar məmurları inqilabı susdurmaq üçün bu hadisaləri körükləməyə başladılar: ermənilər yaşayan yerlərdəki rus polisləri əvəzinə türk polısi təyin etdilər, erməni-türk vuruşmalarında hökumət əsgəri gah bir tərəfə kömək edir, gah o biri tərəfə. Nəticədə iki xalqın ikisini də bir-birinə lazımınca döydürürdü. Mən və mənim kimi gənclər, təbiidir ki, olan hadisələrin iç üzünü bilir və ona qarşı çıxmaq istəyirdik. Ancaq bizim səsimiz zəif idi, ona qulaq asan yox idi. Ermənilərə qarşı qardaşlıq hissi bəslədiyim üçün məni xainlikdə müttəhim edib, axırda Şuşa şəhərindən qovdular. Haqiqət budur.

Mircəlal susdu. Rəngi qaçmışdı. Dəsmalını çıxarıb alnını sildi.



Mircəlalın söylədikləri hakimləri də mütəəssir etmişdi, bir müddət sükuta dalaraq qaldılar, sonra sədr dedi:

  • Mircəlal, Şusa hadisəsi necə oldu? Bir az təfsilatı ilə söylərmisən? Türk-erməni düşmənçiliyi əvvəldən də orada vardımı? Vuruşmanın başlıca səbəbi nə oldu? Maraqlıdır, söylə.

Mircəlal düşünərək, yerə baxırdı. Rəngi yenə açıq idi, yalnız qulaqları qızarmışdı. Yenə boğazını dartırdı.

  • Yoldaşlar, - dedi,- 1905-ci ilə qədər istər Şuşada, istərsə civarında ermənilərlə türklər çox gözəl yaşayırdılar. Çox sıxı dostluq vardı, hər bir türk ailəsinin bir erməni kirvəsi var idi ki, evə məhrəm idi və ailə üzvü kimi sayılardı. Şəhərin yarısında erməni, o biri yarısında türk yaşadığına baxmayaraq, erməni sanətkarlarının və sövdəgərlərinin türk məhəlləsində və türk baqqallarının erməni məhəlləsində dükanları var idi. Daşnaqsütyun təşkilatı meydana çıxana qədər iki qardaş xalq arasında bir fəna hadisə baş verməmişdi. Daşnaqlar rol oynamağa girişdikdən sonra işlər dəyişilməyə başladı. Bilxassə Türkiyədən qaçıb gələn daşnaqlar vəziyyəti daha da gərginləşdirməyə çalışdılar. Şuşanın vaxtilə erməni məliklərinə məxsus olmasını irəli sürdülər... Bakı hadisəsindən sonra iki tərəfın də silahlanması şiddətləndi. Təbiidir ki, "yüz gün yaraq-bir gün gərək" bir gün vuruşma düşdü...

İsgəndər sədrə müraciət edib, sonra Mircəlala sual verdi:

  • Türk gəncləri erməni məhəlləsində, erməni yoldaşlarının evinə gedərdilərmi?

Mircəlal:

  • Hər gün gedərdik. Əvvəla, realni məktəb erməni məhəlləsində idi. İkinci, bütün hökumət müəssisələri də orada idi. Erməni məhəlləsi şəhərin abad bir yeri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Odur ki, biz hər gün erməni hissəsinə gəzməyə gedərdik. Yayda hər axşam bulvarda olardıq.

İsgəndər yenə sual verdi:

  • Erməni-türk vuruşması saat neçədə başlandı?

  • Axşam çağı idi, saatı yadımda deyil.

  • Yaxşı, özün deyirsən ki, hər axşam bulvarda olardıq. Bəs o axşam necə oldu ki, getmədin, evdə qaldın? Yəqin getsəydin, indi sağ qalmamışdın.

  • Düzdür. O məsələ belə oldu. - Mircəlal bir az duruxdu, boynunu dartdı va titrək əli ilə incə bığının ucunu burdu. - O belə oldu: mən Şuşadan çıxıb, getmək istəyirdim, çünki köhnəlik, mövhumat məni təngə gətirmişdi, asudə yaşamaq imkanı yox idi. Başımdakı şapkaya bir söz atırdılar, əynimdəki buluza gülürdülər, əlimə ağac alırdım, türklər arasında vəlvələ qopurdu, erməni qızı ilə gəzirdim, daşnaqlar hədələyirdi... Canım boğazıma yığılmışdı. Odur ki, şəhəri tərk etmək istəyirdim. Rüstəmbəy mənimlə oxuyurdu, yoldaşdıq, onun Bakıya gedəcəyini eşidib, mən də həvəsləndim. Ancaq yol pulum yox idi. Atam köçərilər arasında alış-veriş edərdi. Dağdan on dənə molal göndərmişdi, bunları satmaq istədim: bir baqqalla danışdım, gəlib baxmasını vəd etdi. Vuruşma düşən günü səhər tezdən darvaza döyüldü, mən də otağımda döşəmənin üzərində yatmışdım. On dörd yaşında bir bacım vardı, otağa girib baqqalın gəlməsini xəbər verdi. Cəld durub geyindim və bacıma dedim ki, yatağı içəri otağa apar, baqqal mənim otağıma gəlsin.

Pilləkəndən enib, darvazanı açdım, baqqalı içəri çağırdım, pilləkəndən cıxarkən otağımdan bir tappıltı eşidildi. Əhəmiyyət vermədim. İçəri girdikdə... bacımı yerə uzanmış gördüm, sol döşündən qan axırdı... Yastığın altında brauninq tapançam var idi, bacım yatağı yerdən qaldıranda tapança yerə düşüb açılmış, güllə bacımın arxasından çıxıb divara dəymişdi. O günü bacımı dəfn edib, geri qayıtdıqda, atışma səsi eşidilməyə başladı...

Mircəlal titrək əli ilə bir sandalya çəkib oturdu. Üzünə ölü rəngi çəkilmişdi. Otaqda dərin bir sükut vardı. Hamı düşüncədə idi, yalnız Niyazi məmnun bir təbəssümlə karandaşının üzərində biçaqla öz adını həkk edirdi.



9
Sədr şahidlərdən Rüstəmbəyi çağırdı.

  • Rüstəmbəy, məsələ haqqında nə bilirsən, danış.

  • Mircəlalın dedikləri tamamilə doğrudur, - dedi. - Bacısının dəfn mərasimində, mən də vardım.

Sədr Rüstəmbəyin susduğunu görüb dedi:

  • Başqa bir şey əlavə etmək istəmirsən ki?

  • Yox.

Sədr:

  • İkinci şahid Fərəməzdir. De görək nə bilirsən?

Fərəməz pəhləvan kimi yerindən qalxıb, hakimlər masasına yanaşdı. Məclisdə sıxıldığından rəngi qızardı. Şəhadət barmağının arxası ilə bığlarını düzəldib, sözə başladı:

  • O zaman Şuşaya Süleyman gəlib, orada bir sosial-demokrat özəyi düzəltmişdi. Mən, Rüstəmbəy, Xəlil və Mircəlaldan ibarət olan bu özəyin rəhbəri Xandəmirov adlı bir erməni studenti idi. 1905-ci ilin yayında hər səhər Xandəmirov teatrının həyətində toplanardıq, student bizə mühazirə oxuyardı. Bir gün Xandəmirov bizə dedi ki, yaxşı olardı xalq arasından da bir adam özəyə gələydi. Biz fıkirləşdik, dedik kimi aparaq. O zaman Hüseyni adında bir gənc şair vardı. Hər cümə günü xanlıq evdə camaata mühazirə oxunurdu. Hüseyni də orada şeir oxuyub alqışlanırdı. Məsləhətləşdik, dedik, Hüseynini aparaq. Apardıq. Bir dəfə gəldi, sonra daha istəmədi. Bir də eşitdik ki, gedib xanlıq evdə xəbər salıb ki, dörd tələbə var ermənilərə xəbər daşıyır...

Fərəməz sözünü bitirmədən gülməyə başladı, hakimlər də güldü. Niyazi bıçağı masanın üstünə qoyub, sədrdən bır şeylər soruşdu, sonra təbəssümlə Fərəməzi süzdü.

Şahidlər dindirildikdən sonra sədr üzvlərlə pıçıldaşıb, Mircəlalın ikinci işinə baxdığını bildirdi.

Mircəlal:


  • "Rus xalqının ittifaqı"nın xuliqan təşkilatı olduğunu bilirəm, - dedi. - Nitq deməkdə məqsədim başqa idi, fikrim onların fəna yola sapdığını anlatmaq idi. Nə təhər oldusa pis çıxdı. Doğrusunu deyim, bir-iki də qəşəng qız var idi. Onların xoşuna gəlmək istədim. Bilirsiniz, qız görəndə ağlım yerindən oynayır.

Hamı gülüşdü. Sədr məclisi kiritmək istədi, lakin ozü də gülməyə qapılıb, qəhqəhə çəkdi. Mircəlalın hərdəmxəyallığı hamıya bəlli olduğu üçün daha təfsilata girişmədilər, məsələ hakimlərə aydın idi. Sədr üzvləri ilə pıçıldaşıb, prokurora söz verdi.

Prokuror uzun nitqində Mircəlalın mübarizə sahəsində zəifliyini, ardıcılsızlığını, məntiqsizliyini meydana çıxardı, "O, erməni-türk vuruşmaları ilə şiddətlə mübarizə etməli idi. Onun bu sahədəki passivliyi silinməz bir ləkədir, - dedi. - O, iki tərəfin də silahlanmasını gördükdə erməni və türk gənclərini bir yerə yığıb, etirazlar etməli idi, gurultu salmalı idi. O bu sahədə təşəbbüsdə bulundumu? - Yox, bulunmamışdır! Mircəlalın əsil qəbahəti, bax, buradadır!.."

Prokurorun bu məaldakı nitqi bir saat çəkdi.

Müdafiəçi də əksini söyləyərək dünyada tam mənası ilə müsbət adam olmamasını, hər gözəlin bir eybi olmasını, adama qiymət verilmək lüzumunu irəli sürdü...

Mircəlala son söz verdikdən sonra hakimlər otağın bir küncünə çəkilib müsavirə etdilər, nəticədə Mircəlal bəraət qazandı. Qərarın kopyasının Mircəlala verilməsi də ayrıca qeyd olundu.

Mircəlal sevinc içində idi, hamıya təşəkkür edib, yoldaşlarının əllərini sıxdı. Xəlil gülə-gülə onun arxasına vuraraq:



  • Qız görəndə bir də ağlın yerindən oynamasın, ha!.. - dedi.

Mircəlal:

  • Oynamaz, oynamaz, - deyə otağı tərk etdi.

Əlinin işinə başlarkən indiyə qədər laqeyd görünən Niyazi sədrdən söz istədi. Həsənqulu uzun boğazını bir az da irəli uzadıb, Niyaziyə diqqətlə baxırdı.

Niyazi dedi:



  • Həsənqulu, şurum-burumçuları Əlinin evinə göndərməkdə fikrin nədir? Bu xuliqanlıqdan əlinə nə gəlir?..

Sədr Niyaziyə tərəf yönəlib, məhkəmə nizamına tabe olmasını tələb etdi. Niyazi eşitməyərək özündən çıxdı və hücumuna davam etdi. Prokuror və müdafıəçi durub Niyazini zorluqla sakit etdilər.

Məhkəmə işinə davam etdi. Həsənqulu özünü doğruldacaq bir söz deyə bilmədi: "Canım, burada nə var ki? Adam zarafat eləməz? Mən də zarafat üçün göndərdim", - deyə təkrar edirdi.



Prokuror çıxışında Həsənqulunu rüsvay etdi. Müdafiəçi belə öz vəzifəsini unudub, o da Həsənquluya qarşı hücum vəziyyəti aldı. Zatən Həsənqulu kitabxanadan kitab götürüb qaytarmaz, üzvlük haqqı verməz; ictimai işlərə yaramayan bir adam olduğu üçün hər kəs ondan pərt idi. Odur ki, onu lazımınca utandırıb töhmətləndirdilər və qərarın da kopyasını əlinə verdilər. Əlavə olaraq Əlidən üzr istədilər.

10
Sofya xanım köksünü ötürdü və həzin bir səslə:

  • Ürəyinizdə mənə qarşı bəslədiyiniz hissləri bilmək istərdim, - dedi.

Rüstəmbəy gözünü "Kilsə hüququ"ndan ayırmadan:

  • Hiss aldadıcı bir şey olduğundan hissə heç inanmıram, - deyə cavab verdi.

Sofya xanım həyəcanlı:

  • Sizin yanınızda olmağımla olmamağım arasında heç bir fərq duymurmusunuz?

Rüstəmbəy suala dərhal cavab verə bilmədi. Fikirləşdi. Başını kitabdan qaldırıb, Sofyanın rəngi qaçmış simasma baxdı:

  • Əlbəttə, - dedi, - sizin yoxluğunuzu hər vaxt hiss edirəm. Ürəyim sizi axtaran kimi olur, ancaq buna elə məna vermirəm.

  • Səbəb?

  • Çünki bu hal "eşq" deyilən boş ləfzdən irəli gəlməyib, öyrəniş və alışmaqdan törəyir...

Sofya xanım döyükdü və bir az incidi. Gileyli səslə:

  • Niyə eşqə boş ləfz deyirsiniz?

Rüstəmbəy bir az hirsli:

  • Çünki eşq yoxdur, eşq şairlərin boş xəyallarının məhsuludur. Eşq bir xəyaldır. Xəyalla ömür keçirmək isə işsizlərin işidir. Öyrəniş və alışma var. Bir adam bir adama öyrənişir, alışır, onu görmədikdə könlü sıxılır.

Rüstəmbəyin sözləri Sofya xanımı ox kimi yaraladı. Təhqir olunmuş izzəti-nəfsi ona rahatlıq vermədi. Bir az sükuta getdi, kədərli gözlərini Rüstəmbəyin gözünə dikib, sərzənişli bir səslə dedi:

  • Heç yuxusuz gecələrı təsəvvür edə bilirsinizmi? Bir tərəfdən daxili iztirab, bir tərəfdən göz yaşları!.. Sübh tezdən gözünüz göyün pak qızartısına düşdükdə, əcib bir sızıltının vücudunuza yayıldığını hiss etmisinizmi? - Bunları necə izah etməli?

  • Bu qəribə halları eşqmi sayırsınız?

  • Yox, gözüm, bunlar vücudun xəstəliyidir.

  • Bəs bu xəstəliyi törədən nədir? - deyə Sofya xanım soruşdu və üzündə qalibiyyət nişanəsi göründü.

  • Bu xəstəliyi törədən xəyal və işsizlikdir!

Sofya xanım yenə məyus bir halda başını aşağı saldı. Rüstəmbəyin cavabı onu razı salmazdı, eşqin böyük bir qüvvə olduğuna inanırdı. Rüstəmbəy yenə "Kilsə hüququ"na tərəf yönəldi. Başına bir şey girmədi, Sofyanın yanında oxumaq mümkün deyildi. Kitabı yumdu və qoluna söykənib, fıkrə getdi. Birdən: - "Eşq" deyilən xəstəliyin səbəblərini sizə deyim, - dedi. - Yaradılışda anlaşılmaz bir sirr var, bu, törəmək və artmaq sirridir. Hər yaranan yaşamalı və nəslinin baqiliyinə çalışmalı - təbiətin hökmü budur. Hiss təbiət qədər əzəlidir, bir anadan doğmuş əkizdir. Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Yaranmışlar müəyyən yaşa çatıb, törətmək qabiliyyəti duyar-duymaz hiss onları idarə etməyə başlayır. Gənc zəka vücuda rəhbərlik etmədə acizlik göstərir, hər şey yolundan sapıb, həqiqi aləm bir başqa şəkildə görünür, vücud xəstə bir şəkil alır: yuxusuzluq, xəyal, göz yaşları başlayır...

Sofya xanım Rüstəmbəyin sözlərini diqqətlə dinləyir, lakin nə təsdiq edir, nə də etiraz edirdi. Rüstəmbəy sözlərini qurtardıqda xanım ona həsrətlə baxdı, gözlərində səadət nuru parlayırdı. Rüstəmbəy bunu hiss etdi, lakin bundan istifadə etmək istəmədi. Xanım ayağa durdu və nazlı balalara məxsus bir əda ilə Rüstəmbəyin yanına gəldi. Əlini çiyninə qoyub baxmağa başladı. Rüstəmbəyin ürəyi döyündü, amma halını büruzə vermək istəmədi. Xanım qaşlarını qaldırdı, sözlü və dərdli simasını bir də Rüstəmbəyə göstərdi. Studentin üzündə heç bir dəyişiklik görmədikdə dərdləndi, ağlamsındı və yavaşca əyilərək dodaqlarını onun yanaqlarına yavıqlaşdırdı. Bu zərif, lakin cürətsiz busə Rüstəmbəyə bir təsir bəxş edə bilmədi və əksinə olaraq onda bir inad oyandırdı.

Rüstəmbəy əlini sipər eləyib, üzünü xanımın odlu yanaqlarından qorumağa başladı.

Xanım mənliyinin təhqir olunduğunu hiss edirdi. Əllərini üzünə qoyub küncə söykəndi.

Rüstəmbəy irəli yeridi və onu üsulluca qucaqladı. Xanım hıçqırmağa başladı.


  • Mən bu dəqiqələrdən qorxurdum. - dedi, - indi artıq acizliyimlə mübarizə edə bilməyəcəyəm!

Rüstəmbəy ehtiramla xanımın başını bağrına basdı, yaşlı gözlərini qurutdu. Peşmanlıq, təəssüf və nifrət hissi bir-birinə qarışaraq onun ürəyini bürüdü.

11
Səhər tezdən Qulu ilə Xəlil gedirdilər. Rüstəmbəy salam verdi. Xəlil:

  • Ya Allah, Rüstəm, deyə əl verdi və sonra mehriban bir halda qolunu onun qoluna keçirib; - Balam, niyə görükmürsən? - dedi.

... Rüstəmbəy Qulu ilə soyuq bir halda görüşdü:

  • Xəlil, başım qarışıqdır, imtahana hazırlaşıram. Bir tərəfdən də otaq məsələsi, - olduğum yerdən çıxmaq istəyirəm.

Qulu qaşqabaqlı üzünü bir az xoşlaşdırdı, qayğılı bir halda:

  • Yoxsa otağın pisdir?.. Həmişə qulluğunda hazıram.

Qulunun sözləri Rüstəmbəyə təsir etmədi. Onun ürəyi Quludan sınmışdı. Ona görə simasında soyuqluq müşahidə oluna-oluna:

  • Sağ ol, Qulu, - dedi, - zəhmətinə razı deyiləm. Özüm axtarıb taparam.

Qulu daha dinmədi. Ürəyindəki kin Rüsləmbəylə mehriban bir halda müsahibə eləməsinə mane oldu.

Bir müddət sükut içində getdilər. Sonra Qulu vidalaşıb aralandı. Xəlil işdən dürüst xəbərdar deyildi, heyrətlə Rüstəmbəyə baxıb dedi:



  • Rüstəm, deyəsən, Qulu ilə aran bir az sərinləşmişdir?

  • Xüsusilikdə dostam, yoldaşlıqda mənə hər nə işi düşsə, əmələ gətirməyə hazıram. Amma ictimai işlərdə bir-birimizlə düşmənik.

  • O niyə?

  • Özün bilirsən ki, ictimai işdə şəxsiyyətimi büruzə vermərəm, şəxsi mənfəətimi heç vədə nəzərdə tutmaram. Öz xüsusi işlərimdən əl çəkib, ümum üçün çalışaram, vuruşaram, sözü həmişə açıq danışaram. Beləliklə də dostlar məndən üz döndərir, özümə hər yerdə düşmən qazanıram.

Xəlil çox safqəlbli adam idi. Hiyləgərlərin ürəyinə yol tapmağa müqtədir deyildi, bu səbəbdən idi ki, Qulunun zahirinə və danışığına baxdıqda onu təmiz bir adam hesab edirdi. Ona görə də Rüstəmbəyin işarəsini dürüst başa düşə bilmədi:

  • Daha Qulu ilə aran niyə dəysin?

Rüstəmbəy gülümsündü. "Görəsən türk tələbələrinin gözləri niyə bağlıdır?" - deyə fikrindən keçirdi və sonra qeyzlə:

  • Ay qurban olum, dedi, - mən nə eləyim ki, siz hər şeyə göz yetirə bilmirsiniz. Gərək sizi bir yerə yığıb çağıram: "Ay... qoymayın, içinizə qurd girdi!" Onda da qorxuram sözümə inanmayıb, mənim özümü qurd hesab eləyəsiniz. Xəlil gözlərini döyə-döyə:

  • Bu nazik mətləb oldu, başa düşə bilmədim.

Rüstəmbəy qəti surətdə:.

  • Xəlil, Qulunun cəmiyyət işlərində yürütdüyü siyasət xoşuma gəlmir. Aramızda fəsad toxumu salmaq intriqa törətmək... bir o qədər də mədh olunası hərəkətlərdən deyil, zənnindəyəm. İdarəmizi ümumi məclis seçdi. Layiq olmasaydı, seçməzdi. Daha fıtnə və fəsada nə lüzum var... Burada bir tələbə ənənəsi var, ildə bir dəfə idarənin bir hissəsini yeni gəlmə gənclərlə doldururuq. Təcrübəli yoldaşlar yeniləri xalq işinə alışdırır. Təşkilatımızda müvəffəqiyyət bundan irəli gəlir. Bu gün cəmiyyətimizin pulu, kitabxanası, türkcə gecə kursu, nəşriyyat heyəti, məruzə heyəti və asariətiqə heyəti vardır. Türkcə kitab basdırmışıq və yenə də basdıracağıq. Rusiyanın darülfünun olan hansı şəhərində türk tələbələrinin belə təşkilatı var?

Xəlil qəti:

  • Heç yerdə!

  • Bu gözəl təşkilatı yıxmaq istəyirlər... - Rüstəmbəy son sözlərini qeyzlə deyib susdu.

Bir az getdilər, sonra həlim bir səslə əlavə etdi:

  • Balam, otaq axtarıram. Ora səs-küylüdür, dərs oxuya bilmirəm.

Rüstəmbəy əsil fikrini gizlətdi, otaq dəyişməkdə Sofya xanımdan uzaqlaşmaq istəyirdi və öz yalanından qızardı. Birdən gözünə sağ tərəfdə yapışdırılmış kiçik bir kağız sataşdı. Onu oxumağa başladı.

  • Xəlil, gəl bir bu otağa baxaq.

Döndülər. Qapını açdılar. Dar koridorla gedib sol tərəfdəki zəngi vurdular. Qapıya iri gövdəli bir arvad gəldi. Girdilər.

  • Otaq hansıdır? - dedilər.

Xanım yoğun səslə dodaqlarında nə dedisə, tələbələr onun dalınca getdilər. Ağır havalı yemək otağından keçdilər. Balaca və qaranlıq bir koridora girdilər. Xanım bir qapının qabağında durub tıqqıldatdı:

  • Otağa baxmağa gəlmişlər, olarmı? - dedi.

Tələbələr bir-birinin üzünə baxdılar, gülümsündülər. Bir azdan sonra içəridən səs gəldi:

  • Olar.

Girdilər. Gözlərinə ilk sataşan balaca bir çarpayı oldu. Biri yorğana bürünüb uzanmışdı, başını da gizləmişdi.

Xanım otağı göstərdi və gülümsünərək əlini çarpayıya uzatdı:



  • Qız evlərinə getdiyinə görə otaq boşalır. Yoxsa otaqdan çox məmnundur.

Tələbələr ətrafı dürüst nəzərdən keçirirdilər, otaqdan ağılları bir şey kəsmədi: qaranlıq idi. Xəlil yavaşcadan soruşdu:

  • Xala, bu qız kimdir?

  • Talibədir, - deyə xanım gülümsündü.

  • Gözəldirmi?

Xanım Xəlilin üzünə baxdıqda daha da gülməyə başladı və sağ əlini çırpıb otaqdan çıxdı. Tələbələr də onun ardınca getdilər. Birdən Xəlil geri döndü, qapının arasından içəri baxıb dedi:

  • Kolleqa, salamat qalın!

Yorğan tərpəndi, pərişan saçlar arasından dilbər bir çöhrə göründü.

  • Sağ olun, - deyə başını gizlətdi.

  • Sizin kimi bir dilbəri olmayanın sağlığından nə çıxar ki?!.

Qız yenə başını yorğanın arasından çıxartdı, gözlərini qıyaraq, xoş bir əda ilə Xəlili süzdü. Xəlil coşdu:

  • Nə vaxt gedirsiniz?

  • Sabah axşam saat yeddidə.

  • Müsaidə edin, vağzala gəlib sizi ötürüm.

Sükut. Qız yenə gözlərini qıydı. Xəlil qəti səslə:

Ocaqverdiyə rast gəldilər, bir qoltuğunda kitab, o birində bır xoruz gedirdi. Çox düşüncəli idi, Xəlil gülə-gülə onun qolundan dartdı:

  • Ədə, o qədər fikirlisən ki, biz yekəlikdə adamları da görmürsən. Hələ de görüm bu xoruz nə əhvalatdır?

Ocaqverdi yuxudan ayılan kimi səksəndi:

  • Ya Allah! Ya Allah! Bilirsən, gedə-gedə sabahın dərdini çəkirəm, sabah qurban bayramıdır, qoyuna gücüm çatmır, dedim heç olmasa bir xoruz kəsim, ha-ha-ha!.. Axı bir dədə-baba adətimiz var, yaddan çıxarmaq olmaz ki...

Gülüşdülər. Xəlil maraqla:

  • Yaxşı, xoruzu nə bişirəcəksən?

  • Plov, sən öləsən, Bakıdan zəfəran da gətirmişəm.

  • Bəs plovu tək yeyəcəksən?

  • Yox! İş var... Sizi çağırmamağımın səbəbi var: özün arifsən, bilirsən. Bizim ev xanımımızın yanına əyalətdən bir qonaq gəlmişdir. Bilirsən, kefın istəyən bir qızdır, pərvərdigar haqqı, çıraq kimi yanır. Bir yanaqları var ki, bax, lalə.

  • Deməli, bu qurban onun yolunda kəsilir?

Ocaqverdi məsum bir halda boynunu əydi və kitab olan əlini qaldırıb, çənəsinə söykədi:

  • Axı dərd əhlisən, bilirsən, pərvərdigar haqqı, xoruz deyil, özümü də qurban verrəm! - Sonra səsini dəyişərək yavaşcadan: amma belə mülayim adamdır...

  • Mərhəmətlidir!

  • Ah nə mərhəmətli, nə mehriban!.. Özü də aranı sazlamışıq.

Xəlil zarafatla:

  • Yəni ara sazdırmı?

Ocaqverdi müzəffər bir səslə:

  • Əşi, rəhmətliyin oğlu, saz nədir, pərvərdigar haqqı, iş-işdən çoxdan keçib, - deyib yoluna davam etdi və bir-iki dəfədə arxa tərəfə çönüb, gülə-gülə başını tərpətdi.

Rüstəmbəylə Xəlil bir xeyli dolandılar: otaqlara baxdılar, xoşlarına gələn olmadı, bəzisi qaranlıq idi, bəzisi rütubətli. Xülasə, Rüstəmbəyə layiqli bir otaq tapılmadı. Sonra yenidən axtarmağı qərarlaşdırdılar və hələlik aşxanaya tərəf getdilər. Birdən Xəlilin yadına düşdü ki, təvəllüd günü münasibətilə verəcəyi ziyafətə Rüstəmbəyi cağırmamışdır.

  • Bilirsən, Rüstəm, ürəyimdə bir şey var, elə ha istəyirəm sənə deyim, yadımdan çıxır... Şənbə günü anadan olan günümdür.

Rüstəmbəy güldü: "Mən olüm?" - deyə şən bir halda soruşdu. Xəlil:

  • Hə, doğrudan!

  • Yaxsı, pulun var?

Xəlil bir az düşüncəli və səmimi bir tonla:

  • Balam, pulum yoxdur. Ancaq hərə bir şey gətirəcək, - dedi.

  • Çox yaxşı, mən də şərab gətirərəm.

Xəlil Rüstəmbəydən belə iş baş verməsinə inanmayaraq, heyrətlə baxdı və qəhqəhə çəkib güldü:

  • Sənə, - dedi, - ayrı cür yaraşar. Budur, görəcəyik əlində dəsmala bağlı bir neçə şüşə çaxır gətirirsən. Xa-xa-xa!..

  • Sən öl, Xəlil, "anadan olmaqda" savab iş görürsən, çoxdan bəridir içməmişəm, gərək bir "lül-qənbər" olam. Daha Tövrat oxumaqdan, Allah axtarmaqdan, xalq yolunda çalışıb söyüş qazanmaqdan yorulmuşam. Qoy bir az içim, bəlkə dərdlərim yadımdan çıxa.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə