Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

- Amma şou əhlini, qəzetləri bir-birinə vurmaq üçün yaxşıca mövzun var. İstəsən, elə bu səhnəni 
də yazarsan.  
Buz kimi soyuq baxışlarını üzümə zillədi. Bu o deməkdi ki, içi sənqarışıq, bütün jurnalistlər - 
hamınız bir bezin qırağısınız, zibilsiniz! Təki kiminsə başına bir iş gəlsin, bədbəxt olsun, siz də 
ac kaftar kimi leşini ora-bura sürüyəsiniz. Qəlbim qırıldı.  
- Dedim ki, yanında olacam. Üzünə duran hər kəsin payını verəcəm. İndiyəcən haqqında 
dedikləri bütün tərifləri, xoş sözləri axtarıb tapacam, araşdırıb ikiüzlülüklərini, əclaflıqlarını 
sübut edəcəm. Bilirəm, bu vəziyyətə düşməyində sənin öz günahın da var. Vaxtilə ağılsızlıq 
etmisən, ehtiyatsız hərəkətlərin olub, amma... 
- Bunu mən demək istəyirdim... Lazım deyil, yazı yazmaq fikrini birdəfəlik başından çıxar. Səni 
xəbərdar etdim, axı, özünü zərbə altına vermə. Bilirsən, Rəcəb, mənim faciəmin kökü çox 
dərindi, uzaqlara gedib çıxır. Yəqin, tezliklə axırım olacaq... Ona görə özünü güdaza vermə. 
- Necə edim ki, hamıdan ürəyinin qırılan vaxtında mənə inanasan. Biləsən, dar günündə 
güvənməyə, kürək söykəməyə bir adamın var. Qəhərləndi. Gözləri yaşarsa da, özünü toxtaq 
tutmağı bacardı.  
- Narahatam, içimdə boşluq var. Heç vaxt bu qədər köməksiz olmamışam. Ürəyimə damıb ki, 
nəsə olacaq. - Ağ, isti əllərini nəvazişlə üz-gözümdə gəzdirdi, saçlarımı qarışdırdı. Qollarını 
boynuma dolayıb gözünü yumdu.  
- İşığı söndür, öp məni. Öp... Xoşuma gəlirsən, inanmaq istəyirəm sənə! 
Qaranlıqda dodaqlarımız yenidən bir-birinə sıxıldı. Dilinin isti-ilıq hərarətini, nəfəsinin 
qaynarlığını canıma, qanıma çəkdikcə ehtirasın şirin nəşəsi başımı dumanlandırırdı. Bu duyğunu 
saatlarla, günlərlə yaşamaq, bədənimin bütün əzalarına yayılan həzzin əvəzedilməz tamını hiss 
etmək nə qədər xoş idisə, Leylanın canında gizlənən sirlərə işıq tutmaq daha vacibdi. 
Barmaqlarımı daraq edib saçlarında gəzdirdim, bədənini gücüm çatan qədər özümə sıxıb 
qulağına gözəl sözlər pıçıldadım. Qapı döyülməsəydi, onu danışdırmaq üçün beynimdə saf-çürük 
etdiyim sözləri dilimin ucuna gətirib 15 dəqiqəyə hər şeyi öyrənə bilərdim. Qapı döyəni lənətə 
gəlsin! Hansı axmaq idi, nə istəyirdi görəsən? Ürəyimə damdı ki, gələn nabələd adamdır, özü də 
əlindəki qəpikdimi, yoxsa maşın açarıydımı bilmirəm, yaman hirslə qapıya döyəcləyirdi. 
Leylanın diksinməyini, tez-tez udqunub ora-bura döyükməyini də bunu üstünə gəlsək, deyəsən, 
yersiz qonağın gətirdiyi xoşagəlməz xəbəri həzm etmək asan olmayacaqdı.  
Güzgünün qarşısında düşüb qalan göyümtraq xalatı çiyninə saldım. 
- Kim ola bilər? - Nigaran baxışlarımı üzünə zilləyib pıçıldadım. Onun canına yayılan qorxuya 
mən də yoluxmuşdum.  
- Gizlən! Yanımda olduğunu bilməsin. 
- Kimdi? - Səsimi qaldırdım. Dinmədi, elə bil daşa-divara söz deyirdim.  
Xalatın ipini bağlaya-bağlaya vaxt qazanmağa, daha doğrusu, gələn hər kimdisə, ona cavab 
vermək üçün söz tapmağa çalışırdı.  
Qızın canına yayılan üşütmə, üzünə çökən meyit qaralığı içimə dolan hürkünü, vahiməni 
körüklədi. Gələn kim ola bilərdi axı? Ağciyərliyimi birtəhər unudub, toxtaq olmağa çalışdım; 
qapıya sarı götürüləndə qolumdan tutub hikkəylə üzümə bozardı. Qolumu hirslə əlindən alıb 
xahiş-minnətinə baxmadan sağ gözümü qapının üstündəki balaca dəliyə yaxınlaşdırdım.  
Maestro Vüqar... Qara kostyum, ağ köynəkdəydi, saçını həmişəki kimi kremləyib arxaya 
daramışdı.  
Deyəsən, gözlükdən kiminsə baxdığından duyuq düşdü. Əlinin qapıya yaxınlaşması ilə dəmirdən 
qopan taqqıltı elə bil beynimin içində guruldadı. Leyla qolumdan tutub yan otağa çəkdi. 
- Qurban olum, Rəcəb, gizlən səni görməsin. Hər şeyi danışacam.  
Ağlamsındı. Gözlərində ağrı-acılı, dəhşətli çarəsizlikdən doğan nigaran ifadələr vardı.  
Uzun-uzun yalvarışlarından təngə gəlib razılaşmaq məcburiyyətində qaldım. Dəmir qapının 
cəftəsi taqqıldayanda mən ayaqqabılarımın hər tayı bir əlimdə, mətbəxdə nəfəsimi içimə 
çəkmişdim. Maestro Vüqarın bura gəlməyi mənim gələcək planlarım üçün misilsiz hədiyyəydi. 
Onu deməyi unutdum ki, mətbəxə çəkilənəcən ağıllı tərpəndim: Leylaya hiss etdirmədən 
telefonumun kamerasını işə salıb, dəmir qapıyla üzbəüz divarın sağ yanına bərkidilən əl boyda 
səbətin içinə qoydum. Allah eləsin, kimsə məni xatırlayıb telefona əl aparmasın, yoxsa hər şey 
korlana bilərdi; bu video mənə hava-su kimi lazım olacaqdı.  
Qapı açılar-açılmaz Maestro özünü içəri atıb səsi çatanacan bağırdı:  


- Sənə deməmişəm, məni narahat eləmə, qəhbə!!!  
- Yavaş danış, qonşular eşidir. - Leylanın səsində çəkingənlik vardı.  
- Niyə məni rahat buraxmırsan?! Əl çək!!! Bu gün elədiyin tərbiyəsizliyi sənin gözünə soxacam.  
- Niyə həyatımı məhv elədin?  
- Sənə də lənət olsun, həyatına da!!! Əl çək məndən!!! - Şillə açılmağı ilə Leylanın hönkürməyi 
bir oldu. - İndiyəcən çəkdiklərin bəs deyil? Səni bundan da pis günə qoyduracaq. Ev dustağı 
olacaqsan, özünü bir az da pis aparsan, it kimi gəbərtdirəcək.  
- Allah varsa, səni də, onu da məndən pis günə salacaq. Satdığın yalanlar, yolda qoyub 
qaçmağın, alçaqlığın... - İkinci şillə açıldı. Dözmədim. Qəzəbimdən dişim bağırsağımı kəsirdi. 
Bir istədim ki, Maestro ilə sinədöş dayanım, yaxasından yapışıb çənəsinə babat bir yumruq 
tutuzdurum. Amma bu istəyi tezcənə başımdan çıxardım, səbr edib hər şeyin axırını gözləmək 
lazım idi. Maestro kimin adından danışırdı? Leylanı it kimi gəbərtdirəcək adam kim ola bilərdi?  
- Elə bilir gizlicə görüşürük, səni öyrədirəm, bugünkü əxlaqsızlığında məni günahkar sayır.  
- Hər şeydən bezmişəm. Yaşamaq istəmirəm. Səni də peşiman edəcəm, onu da. Darıxmayın. 
Mənim bu günə düşməyimə görə ikiniz də cavab verəcəksiniz.  
Leylanın səsindəki ağrı, üsyan, hər şeydən bezginlik ucuz siqaret kimi sinəmi zəhərlədi. İçimə 
dolan acının zəqqum tamını dilimin altında birtəhər əridib, boğazıma tıxanan qəhəri içəri 
ötürdüm. Möhkəm olmaq lazım idi.  
Vüqar getdikcə qızışır, əsəbi bağırtısı dər-divara, döşəməyə, nuhdanqalma çilçırağa dəyib adamı 
vahimələndirirdi. Leylanın qəfildən xırıldamağı Maestronun vahşiliyinin həddi aşması deməkdi. 
Mənə elə gəldi, qıvraq bir sıçrayışla Leylanın boğazını əlinə keçirib onu boğmağa çalışırdı. 
Xırıltı get-gedə artdıqca həyəcan qarışıq qorxudan mədəmdə küt ağrı hiss elədim. Yerə çöküb 
çiyinlərimi boynuma qısdım, ayaqqabıları ehmalca yerə qoyub başımı əllərim arasına aldım. 
Məni evinin yuxarı başına çıxaran adamın belə dəhşətli halına göz yumub gizlənmək 
kişilikdəndimi? Bəlkə, Vüqarın kremləyib səliqəylə arxaya daradığı şümal saçlarından yapışıb 
dizimin qüvvəsini ağız-burnunda, böyrəklərində sınamaq vaxtı yetişmişdi? Çox da mənə yalvarıb 
“Qurban olum, Rəcəb, gizlən səni görməsin” demişdi, bəs, mənim öz kişiliyim, vicdanım, 
təpərim?  
-Rəc...- Ardını gətirə bilmədi. - Kömə... Iııııııuuuıııııxxxxx!!! - boğuq-boğuq inildəməsilə yerə 
yıxılması, dalınca Vüqarın addım səslərinin uzaqlaşması və dəmir qapının zərblə çırpılması bir 
oldu.  
Özümü otaqdan bayıra atıb üz-gözünü oxşadım. Qorxudan qapqara rəng almışdı, əlləri, dodaqları 
titrəyir, kəsik-kəsik nəfəs alırdı. Başını sinəmə sıxıb hönkürdü. Qollarımı boynuna dolayıb təsəlli 
verəndə canımdan çıxara bilmədiyim qorxaqlığa görə özümdən zəhləm getdi: səsimdə gicgahına 
güllə sıxılan adamın hürküsü vardı və əlbəttə, bu qorxaqlıq mənim vicdanımı zədələyirdi. Belə 
vəziyyətdə insana təsəlli xətrinə nə deyilməliydisə, bu ümidverici kəlmələri bir-birinə calayıb 
onu sakitləşdirməyə çalışırdım. İki daşın arasında artıq-əskik suallar verməyin yeri deyildi. Nə 
qədər axmaq və sadəlövh duyğu olsa da, mənə elə gəlirdi, Leyla buraqədərki səhvlərindən 
peşiman olmalı, zaman-zaman onun-bunun bostanına atdığı daşları ətəyinə yığıb gözünə görk 
eləməliydi. Bəzən bu peşimanlığı yaşamaq keçmişiylə fəxr edən təkəbbürlü qadınlardan ötrü 
(Leylanın belələrindən olduğuna qəti şübhəm yox idi) işgəncə və iztirabların ən dəhşətlisi olur
amma öz evində təhqir olunub alçalmağın acısı bundan da betərdi, məncə. (Tanrı günahımdan 
keçsin, mənim təhqir bildiyim bu hadisə, bəlkə, ondan ötrü klip çəkilişinin adicə səhnəsiydi, kim 
nə bilir?...)  
Nə fikirləşdisə, qətiyyətli sıçrayışla ayağa durub güzgünün qarşısına keçdi. Saçlarına daraq 
çəkdi, üz-gözünə əl gəzdirib dodaqlarını boyadı. Belə tələskənlikdən harasa gedən adama 
oxşayırdı. Hara?! Ürəyim uçundu. Bəs, tapança? Gələcəyimi gözəl günlərə çıxarmaq üçün 
qurduğum böyük arzu?  
- Hara?- Yataq otağına keçəndə ardınca səsləndim. 
- Rəcəb, məni tək burax. Sənə hər şeyi danışacam. İndi o əhvalda deyiləm.  
- Bəlkə, şəhərdən kənara çıxaq? Sakit bir yerdə oturub söhbət etsək rahatlaşarsan, fikrin dağılar.  
- İstəmirəm. Sən get, sabah görüşərik.  
- Kömək etmədiyimə görə incidin məndən? 
- Yox. Adını çəkəndə heç nə başa düşmədi. Burda olduğunu bilsəydi, sənə çətin olacaqdı.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə