Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

sevdiyimdən ayırdınız” deyir. Klaranın ürəyində sevgidən yarıyan, xoşbəxt olan qızlara qarşı 
dəhşətli kin-küdurət, qəzəb yaranır. Hətta kapitana oğlan doğan analığı atasına nəvaziş, sevgi 
göstərəndə bu mehribanlığı kişi evdən gedən kimi təbiətcə həlim olan gəlinin burnundan 
gətirirmiş. Rəfiqələrinə deyirmiş, o atamın köynəklərinə ütü çəkib əzizləyəndə havalanırdım. 
Getdikcə Klaranın analığı ilə münasibətləri daha da pisləşir. Rəfiqələri, dostları ilə görüşəndə 
südəmər uşağı olan gəlinə nə yolla olur olsun pislik etmək istədiyini deyir. Dostlarından biri 
Zərdabdan Koramal gətizdirir. Klaranın nənəsigilə getmək adı ilə evdən çıxdığı günün axşamı 
xəbər gəlir ki, analığı qorxudan şəkərə tutulub.  
Sonrakı illərdə atasının sürətli karyera uğurlarından doğan imkanları hesabına sözü hər yerdə 
keçən və “qəzəbli dişi canavar” adı ilə çağrılan Klara cavan musiqiçi ilə tanış olandan sonra 
həyatında hər şey yoluna düşür. Amma Şeyda Özgürdən gətirilən sitatda iddia olunurdu ki, 28 
yaşını təzəcə qeyd edən gənc qızın həyatındakı əmin-amanlıq çox çəkmir. 2001-ci ilin 
noyabrında Bakı-Qazax şossesinin 189-cu kilometrliyində dəhşətli yol qəzası baş verir. Axşam 
saatlarında “Kamaz” markalı yük maşını qarşıdan gələn “Volqa 31-10”na çırpılıb maşını yolun 
12 metrliyinəcən yuvarladır. Hadisə nəticəsində sürücü Emin Hüseynov və onun həyat yoldaşı 
Lalə Hüseynova yerindəcə dünyasını dəyişirlər. “Sabah”ın müxbirindən gətirilən sitat: 
”Dəqiqliyinə şübhə etmədiyimiz mənbəmiz deyir ki, həlak olan Emin Hüseynov Klaranın 
uşaqlıq sevgilisi olub. Emin səkkizinci sinifdə oxuyanda onu atıb Lalə adlı qızla tanış olur və bu 
tanışlıq evliliyə qədər davam edir” Qəzet məsuliyyətdən yayınmaq üçün dönə-dönə Şeyda 
Özgürə istinadən yazırdı: “Zevs”dən intiqam almaq üçün Kların bütün həyatı haqqındakı 
məlumatları türk, rus və gürcü mətbuatına general “L.M” ötürürmüş.  
Generalın PKK ilə ilişkilərinə gəldikdə isə, türk təhlükəsizlik orqanlarından mətbuata sızan 
xəbərlərə görə, Abdulla Öcalan kabusunun qara bulud kimi Türkiyə səmasını aldığı vaxtlarda 
“Zevs” terrorçu kürd yaraqlılarının hesabına külli miqdarda pul köçürüb. İddiaya əsasən bu, 
generalın soy-kökünün kürd əsilli olmasıyla bağlıdır. Məqalənin son abzası Generalın ölkədəki 
əməlləri haqdaydı. Rusiyada nəşr olunan “Arqument və Fakt” qəzetinin yazarı Sergey Mışkindən 
gətirilən sitatda qeyd olunur ki, 2003-cü ildə sabiq spikerin ölkəyə dönüşü zamanı onun yolunu 
intizarla gözləyən, hətta yaxınlarına qonaqlıq verən General uğursuzluğa düçar olanda xəbərin 
kənara çıxmamaması üçün yaxınlarına ciddi xəbərdarlıq edibmiş. Polis Polkovnikinə qarşı 
aparılan məlum “Qara kəmər” əməliyyatında yaxasını ələ verən “Zevs” sadiq dostları, çevik 
zəkası və fərasəti hesabına canını qurtara bilir. Sergey Mışkin Klara məsələsinə böyük yer 
verməsə də, iki cümlə ilə hər şeyi ifadə edirdi: “Dişi canavarın bir sözünü iki edən şəxsin adı 
qara siyahıya düşdüsə, demək, altı ay müddətinə ya özü aradan götürülməliydi ya da 
doğmalarının başına min bir oyun açırdılar. Klara adı insanları qara kabus kimi ev-ev, küçə-küçə 
təqib edir.”  
* * * 
14 oktyabr, 2010. Cümə 
Qəzeti köşkdən alıb yazımı birnəfəsə oxudum. Növbətçi redaktor nöqtə-vergülünə 
toxunmamışdı. Evə gələndə İsmayıl dayı ilə rastlaşdım. Daxmanın yanındakı krantda qab-qaşıq 
yuyurdu. Kişinin nimdaş köynəyini, yırtıq qaloşlarını görəndə ürəyim ağrıdı. Leyladan yazdığım 
yazının qonorarını alan kimi kişiyə əməllicə maya qoyacaqdım. Nədənsə, kefi kök idi, girdə 
gözlərini qıyıb gülümsədi. Hal-əhval tutanda lotu qocalar kimi (əstəğfürullah) göz basıb eyhamla 
dedi: 
- Qız səni axtarırdı. Deyəsən, ürəyinə yatmısan. 
- Nə vaxt gəlmişdi?- Tələsik soruşdum.  
- Bir az var. Harasa getdi. Nəsə özünü şübhəli aparırdı. Gözüm su içmədi. Hə, üz-gözünü 
bağlamışdı. Heç mən də tanımadım.  
Dalağım sancdı.  
- Bir söz demədi?  
- Telefon nömrəni aldı. Dedi, zəng edəcəm. Özü məni axtarmasın.  
İsmayıl dayı çay içməyi təklif edəndə əlimi minnətdarlıq əlaməti olaraq sinəmə qoyub evə 
gəldim.  
Deməli, yazı xoşuna gəlib ki, məni axtarır. - Otağımda o baş-bu baş gəzişib çənəmi ovxalaya-
ovxalaya (köhnədən vərdişkaram) düşündüm. İsmayıl dayının sevinməsi, səsinin ahəngindəki 
razılıq məqsədimə çatmaq üçün Leylanın ürəyinə doğru bir addım yaxınlaşmağım deməkdir. 


Madam ki, zəngini gözləməyimi tapşırıb, gözləyərəm, təki xeyirə qənşər olsun. Düzdür, belə 
vaxtlarda səbrimi basıb darqursaqlıq etməmək təbiətimə zidd getmək deməkdir, amma əlac 
nədir, dözməliyəm.  
İşə getmək niyyətim baş tutmadı. Kaş Leyla başısoyuqluq etməyib məni tez axtarardı. Ürəyimə 
dammışdı ki, bu görüşdən sonra nəsə olacaq. Ya xeyir soraq eşidəcəkdik, ya da bəd xəbərdən 
sinəmiz göynəyəcəkdi. Qız nəyə görə özünü başqalarından gizlətməliydi? Dəməli, qara eynək 
taxıb əyninə idman dəbli paltar geyinibmiş ki, tanıyan olmasın.  
Telefonum zəng çaldı. Leyladan zəng gözlədiyim vaxt bu Nəbi Zeynalov hardan çıxdı, bilmirəm. 
Özümü toplayıb işə gəlməmək üçün bəhanə axtardım. Hər ehtimala qarşı bir yalan uydurub, 
kişini inandırmalıydım ki, Leylanın qəfil zənginə hazır olum.  
-Bəli, Nəbi müəllim. 
- Rəcəb, tez gəl redaksiyaya. Vacibdir, tələs! 
- Bir problem var? 
- Ləngimə. On beş dəqiqəyə özünü çatdır! 
Səs kəsildi. Təmkinli, soyuqqanlı adam kimi tanıdığım Nəbi müəllimin həyəcanlı səsi ürəyimə 
qorxu saldı. Nə olmuşdu? Bəlkə yazıdan narazı qalıblar? Qəzetin səhifələrində hansı məsələlərə 
qadağa olduğu gün kimi aydın idi. Bu siyahıya reklam verən qurumlardan başlamış, sponsorlara 
qədər ayrı-ayrı seçilmiş şəxslər başçılıq edirdilər. Əynimi dəyişib evdən çıxdım.  
Nəşriyyatın qapısında bir dəstə şair-köşə yazarı ilə rastlaşdım. Hay-küylə ciddi və yüngül sənət 
haqqında boşbağazlıq edirdilər. Allahın ver günü nəşriyyatın kafesində gödənini araqla dolduran 
bu içiboş avaraları bufetçi ilə yaxalaşan görməyən adama nəşriyyatın kirli divarları, divarısidikli 
tualeti qənim olsun!!!  
Axx, lift yenə işləmir! Lənətə gəlmiş qoca qurğu!!! Pilləkənləri iki-iki qalxıb növbətçi redaktorla 
foyedə qarşılaşdım. Fikirli-fikirli siqaret tüstülədirdi. Üzündə ilan görmüş qadın qorxusu vardı.  
- Nə məsələdir? 
- Bizimki bitdi! 
- Başa düşmədim. Necə, yəni, bitdi? 
- Sənin yazın axırımıza çıxdı. 
- Açıq danış. - Üstünə çəmkirdim.  
- Çingiz müəllim səni gözləyir. Keç, keç içəri!  
Nəbi müəllim məni görüb əvvəlcə baxışlarını yayındırmağa çalışsa da, deyəsən, vicdanı yol 
vermədi. Başını təəssüflə yelləyib bircə “möhkəm ol” deyə bildi.  
Baş redaktorun əsəbi səsi eşidildi. Katibəsi yerində yox idi, yəqin onun üstünə xoruzlanırdı. 
Qapının ağzında dayanıb nəfəsimi dərdim. Ürəkli olmalıydım. Sakit, təmkinli, mədəni 
davranacaqdım. Səsini başına atıb ağzı köpüklənə-köpüklənə danışmaq bu saqqallı nacinsin 
anadangəlmə qanacaqsızlığıdır.  
Qapını açıb salam verdim. İçəri keçmək üçün dəvət gözləyirdim ki, çənəsini üstümə uzatdı: 
- Əə, sənə görə biz qəzeti bağlamalıyıq? - Gözləri qan çanağı kimiydi. Kobud səsi ördək 
qaqqıltısını xatırladırdı.  
- Mən yazımın hər cümləsinə cavabdehəm, Çingiz müəllim. - Sakit-sakit cavab verdim. 
- Cümlə qurmağı dünən öyrənmisən, indi mənə mollalıq edirsən? 
- Mollalığı məsciddə edirlər, redaksiyada yox. Yazımla bağlı nə problem var, deyin, mən də 
bilim.  
- Sən o qəhbənin vəkilisən? - Rəngi qapqara qaraldı. Görünür, qabağımdan yeməməyim 
qüruruna toxunmuşdu.  
- Vəkil deyiləm, ...  
- Elə bil, dünən kənddən qaloşda çıxan kal gədəsən. Bilmirsən, vəziyyət nə yerdədir? Amma 
səndə günah yoxdur. - Üstümə barmaq əsdirdi. - Yazını özbaşına səhifəyə qoyduğuna görə o 
alçağın anasını ağladacam! - Siqaret yandırdı.  
- Çingiz müəllim, yazını mən yazmışam. Xahiş edirəm, növbətçini incitməyin. İkincisi də, 
kimdənsə qorxu-hürkünüz varsa deyin, biz də işimizi bilək. Toxunulmaz adamlar kimlərdi, hansı 
mövzular qadağandır. Özünüzü demokratik göstərib...  
- Kəs səsini əə... Sənə deyilmişdi ki, üç-beş adamdan münasibət öyrənib bir yazı hazırla. - 
Bağırdı. Səsində aslan nərəsi vardı. - Keçmişdə nə olubsa, hamısını eşib çıxarmısan ortalığa. 
Redaksiyaya zəng vurmayan müğənni qalmayıb. Mənə təzyiqlər olub, hədələyirlər.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə