Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

- Bəli-bəli, razıyam sizinlə, - kişi cüssəsinə yaraşmayan şəkildə əzilib-büzüldü. Danışanda 
qaşlarını oynadır, hərdən çiynini çəkib boynunu qısırdı. Cır, ciy-ciy səsi boyu ilə tərs mütənasib 
idi.  
- Şad oldum tanışlığımıza. Məni bağışlayın, tələsirəm.  
- Əlbəttə, buyurun, buyurun! Amma bir xahişim var. İnciməyin məndən, xahiş edirəm, ağlınıza 
başqa fikir gəlməsin. Oğlum əsgərdir, görüşməyə gəlmişdim, pulum qurtarıb, rayona qayıda 
bilmirəm. Nəyə imkanın çatırsa, kömək elə! - Kişinin əyilib yazıqlaşan sifəti daha zavallı bir 
şəkil aldı. - Dilənçi deyiləm, vallah, inan! Bilirəm, mənim kimilər indi Bakıda çoxdur. Yox, yox, 
heç vaxt belə etməmişəm. Səni tanıdım, ürək qızdırdım. Atayam da, ata, uşaq üçün narahat 
oldum, neynim, atayam. Sən də ata olanda belə olacaq. 
Ətrafa nəzər saldım. Kənarda dayanan adamlar maraqla bizə tamaşa edirdilər. Əlimi cibimə 
salıb, üç manat pulu kişinin ovcuna basdım. Hökmdar hüzurundaymış kimi, əlini sinəsinə qoyub 
əyilə-əyilə uzaqlaşdı. 
Kişinin arxasınca xeyli baxsam da, heç nə kəsdirə bilmədim. Çiynimi çəkib dərindən köks 
ötürdüm.  
Musiqi Akademiyasının qarşısına yenicə çatmışdım, Əsmər pilləkənlərdə göründü. Bacarsaydı 
qanad açıb uçardı. İpək saçlarını külək sovurub havada oynadırdı. Boyu bəstə, üzü ağ, ahu 
yerişlim mənim! Çatar-çatmaz boynumu qucaqlayıb üzünü üzümə sıxdı. Akademiyanın 
qarşısındakı ağaclıqda boş skamya tapıb əyləşdik.  
- Xoşum gəldi yazından, əladır! - Gülümsəyib şirin-şirin dedi.  
- Elə deyirlər! - Çiynimi çəkdim. Adətən, ədabaz yazıçılar belə poza alırlar.  
- Özü oxuyub, görəsən?  
- İnanmıram.  
- Oxusa, xoşuna gələcək. Bəlkə, sənə zəng vurub təşəkkürünü də bildirdi. Görüşmək istəsə, məni 
də apar. Aparmasan da dərd eləmə, bir-birinizi sevib baş-başa yaşayarsınız, - Əsmər 
nümayişkaranə bir ədayla gözlərini qıyıb yüngülcə istehza etdi.  
“İlahi, bəlkə - bunun hər şeydən xəbəri var?” - Dalağım sancdı. 
- İnanmıram. O hara, mən hara. Deyəsən, buralarda yoxdur. 
- Xaricə gedib?  
- Elə deyirlər. - Gözümü qarşıdakı parkın dərinliyinə zilləyib fikirli-fikirli dedim.  
- Niyə birtəhərsən? - Əllərilə saçımı oxşadı. Demişdim axı, bu qızın hissləri, fəhmi mənim 
başımdan dəqiq işləyir.  
- Ciddi bir şey deyil, yorğunam, yuxusuzam.  
- Sənə nəsə olub, gizlətmə. - Zəndlə gözlərini qıydı.  
Əstəğfürullah! İçimi yenə şübhələr aldı.  
Belə naqolay vaxtlarda Əsmərin ağzını azdırmağın bircə yolu var: saç düzümünü, paltarını 
tərifləyib sentimental, duyğusal sözlərlə gələcək günlər haqqında uzun-uzadı danışmaq, xəyal 
qurmaq, qovuşmaq üçün yorulmadan mübarizə aparmağın mümkünlüyü haqqında fəlsəfi traktat 
üyütmək! Məni bağışlayın, nədənsə, bütün qadınlar mahiyyətcə bundan o yana deyillər.  
Zarafat edirəm. Yaşasın romantika, yaşasın qadın hissləri!!! Rədd olsun, mənim tülkülüyüm!!!  
- Sürprizin nədir?  
Çantasından alabəzək torba çıxardı. Ohoo, nə olsa yaxşıdır? Gilənar rəngli toxunma yun köynək! 
Əsməri mənə bağlayan tellərdən biri hədsiz diqqətli olmasıdır. Qız dilimdən çıxanı çinədanına 
yığıb üç, bəzən beş ay sonra deyir, məsələn, avqustun 29-u filan söhbətimiz olmuşdu. Vay o 
günə, Əsmərə verdiyim sözə əməl etməyəm. Umu-küsünün biri bir qəpik, qaş-qabaq açılmır, 
tikanlı atmacalar hər kəlməbaşı yeri-göyü tutur. Bir dəfə Sahildəki “Çudo Peçka”nın üzüzəhər 
(Elə bil dədəsinin qazancına şərik olmuşdum, cehizi kəm gəlirdi) satıcısından qara gavalı salatı 
almışdım. Əsmərin yanında tərifləyəndən ay yarım sonra hazırlayıb gətirmişdi ki, gec oldu, 
bağışla. Köynək haqqında keçən qışın axır günlərində danışmışdım. Dekabr axşamları düşər-
düşməz pul sarıdan yaman korluğum başladı. Havasatın bu üzüdönüklüyü kəm gəlmiş kimi 
maaşlarımız da azaldı. Qışı iki il əvvəl aldığım köynəkdə çıxarmaqdan savayı yolum yoxuydu. 
Əsmərin təzə köynək aldırmaq istəyini hiss etmək qəlbimdə dəhşətli duyğular oyadırdı. Fevralın 
sonuncu həftəsi beşinci sinifdə oxuyarkən anamın toxuduğu gilənar rəngli köynəkdən danışdım 
Əsmərə. Məktəbə gedəndə hamı - hətta müəlliməmiz də maraqlanardı ki, gözəldi, kim alıb? 
Qürurla, şəstlə deyərdim, anam toxuyub!  


Əlini öpüb ətrafdakı adamlara fikir vermədən Əsməri bərk-bərk özümə sıxdım. Köynək bir yana, 
onun canıyananlığı sinəmə sərin su kimi səpildi. Narın payız yağışı çisələyəndə qız 
duyğusallığından qalmadı. Üzbəüzdəki parkın gözdən uzaq yerində əllərini göyə qaldırdı, 
səmaya qucaq açıb rütubətli payız havasını sinədolusu içinə çəkdi. Qolumu boynuna dolayıb 28 
Mayın səs-küylü, geniş küçələrindən keçdik. Bulvarda yağışdan qorxmayan təkcə sevgililərdi. 
Pişik sərçə güdəntək hər tin-bucaqda cütlükləri pusan əxlaq polislərinin hürküsündən 
həmişəyaşıl kollarının dərinliyinə çəkilib şirin-şirin öpüşürdülər; qızlar ürkək baxışlarla ətrafa 
göz gəzdirib təhlükə olmadığına əmin olandan sonra sinə arıtlayıb rahat nəfəs alırdılar. Nədən 
desəniz mərc gəlirəm: oğlanların özündənrazı ədabaz görkəmlərinin cəsarət və hünərlə qəti 
bağlılığı yox idi. Təzə sevişənlər üçün resept: arxa cibdə saxlanan şax onmanatlıq ictimai asayiş 
qoruyan əxlaq polislərinin göz yumması üçün ən rahat yoldu.  
Sonra Əsmərin gündəlik məişət məsələləri ilə bağlı söhbəti başladı. Ana, ata, qardaş, bibi; ən 
yaxşı diş məcunu, paltar yuyan maşın, “Romantik”ə təzə gələn çanta, “Şuba” salatının resepti... 
Belə vaxtlarda Əsmər gözümdə yumağa dönür. (Guya, Hegel fəlsəfəsini çıxdaş etməliydik?) 
Bulvarı ayaqdan salıb yorulanda beynimdə olan tək adam Leylaydı. Nədənsə ürəyimə dammışdı 
ki, bu gün onunla görüşsəm, çox şey qazanacam, ürəyimdə yığılıb qalan suallara, nagümanlığa 
cavab tapmaq çətin olmayacaq.  
 
İt və fahişə 
“Kədərli adamın hirslənməyi xeyirlidir.  
Belə olanda o, nifrətdən azad olur”. 
Samuel Bekket, “Malloy” romanından  
Əsmərdən ayrılıb birbaş evə gəldim. Şər təzəcə qarışırdı. Yorğun, qüssəli, narahatdım. 
Tapançanı əlbəəl yoxlayıb yerində olduğundan arxayın düşdüm. Adamın ağlına min cür fikir 
gəlir. Pəncərədən boylanıb ətrafı gözdən keçirdim ki, içimdəki nigaranlığı ovundurum. Əl boyda 
dəmir parçasının ilan kimi ağır zəhmi adamı uzaqdan üşəndirir. Görəsən, bu işlərin axırı necə 
olacaq? Allah bilir, indiyədək neçə dəfə bu sualı özümə vermişəm. Çarpayıda uzanıb əllərimi 
başımın altında cütlədim. Bu gün olanlar dəqiqəbədəqiqə gözümün qarşısında canlandı. İşdən 
çıxmağımın axırı yaxşılığa doğru deyildi. Bir tərəfdən də yaramaz pulsuzluq... Yaxşı ki, ehtiyata 
100 manatım vardı. İş tapanacan birtəhər dolana bilərdim. Allahdan gizli deyil, bəndədən niyə 
sirr olsun: bayramqabağı Əsmərə nişan göndərmək istədiyimi demişəm; 1 ildən çoxdur üzük 
üçün qəpik-qəpik pul düzəldib “Dəmirbank”dakı hesabımda 300 manat toplamışam. Vədə 
yetişənəcən 100-150 manatıma da qənaət edə bilsəm, çətinliyim olmaz. Nədənsə, Əsmərlə bağlı 
gözəl günləri xatırlayanda anam gözümün qarşısından çəkilmir. Anam, gözəl anam!!! Xatirəni 
ürəyimdə tikan kimi yaşadıram! Hərdən qəhərlənirəm, bəbəklərimi yaş tutur, yanağımın nəmini 
köynəyimin qoluna hopdurandan sonra canım toxtaqlıq tapır.  
Nənəm həmişə deyərdi ki, balalarımın içində əfəli Mirvaridir. Dili yox, ağzı yox; ac saxlasan 
dillənib deməz ki, ağzıma bir tikə çörək salım. Zənnim məni aldatmırsa, xalamdan eşitmişəm: 
Mirvari dörd yaşınacan cücədən qorxub. Ağlım kəsəndən anamı üstümüzdə əsən görmüşəm. İki 
bacımı, (indi ərdədilər) bir qardaşımı özünə oxşada bildi - lal-dinməz; mən atama çəkdim - 
diribaş, çevik, tutduğundan dönməyən. 1998-ci ildən anam ürək ağrılarından şikayətlənirdi. 
2005-ci ilin sentyabrında üstünə təcili yardım gətirdik. Sinif yoldaşım var - İlqar, indi də 
zəngləşirik, əlinə pul düşəndə yanıma gəlir ki, diskotekada pivələnib mənə qız seçək (Ay 
cüvəllağı). Mənim kimi bəstəboydu, bizə oxşar demək azdı, elə bil, bir almanı iki bölübsən. Uşaq 
vaxtı İlqarla o qədər qapışmışıq. Əmisi həkimdi İlqarın, rayonda şəfa vermədiyi xəstə 
qalmamışdı. Xəstəxananın foyesində İlqarla dalğın, fikirli gəzib siqareti-siqaretə caladığımız 
günlərin axşamı yuxu gözümdən qaçaq düşər, fikirdən-qayğıdan səhərəcən sinəm göynəyərdi. 
Bilirdim: anamın nisgilli gözlərindən tökülən qos-qoca nigaranlıq bizə görədi. Nə yaxşı 
bacılarımın nişan konfetini qohum-qonşuya özü payladı, toylarında qol götürüb oynamaq nəsibi 
oldu. Elə bil, səhərə çıxmayacağından duyuq düşmüşdü bədbaxt: qoluma girib həyət-bacanı 
gəzdi, çiçəkləyən şaftalı ağacının altında boynumu qucaqladı ki, ana qurban, Rəcəb, uşaqlarımın 
hamısından ürəyim sahmandı, bircə sənnən nigaranam. Özündən muğayat ol, heç kimlə işin 
yoxdur, pis zamandı! Anam ölən gün bizdən çox həyət-bacanın toyuq-cücəsi yetim qaldı. Hinin 
qapısı günortadan keçmiş açılar, bir ovuc dənə cumub doymayanda çinədanları boş-boşuna səs-
səsə verərdilər. Bacılarım gedib-gələ bilməyəndə üs-üstə qalaqlanan bulaşıq qab-qaşıq, kirli 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə