Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

kefikök gördüm. Qonşu palatadakı gəlinlə söhbətləşirdi. Uşaqdan yana nigarançılığım keçdi, 
əməlli-başlı dirçəlmişdi. Fikirli olmağım Humayın nəzərindən yayınmadı. Utana-utana, çəkingən 
səslə soruşdu ki:  
- Rəcəb, dünən pulu hardan tapdın? Borc almadın ki?  
Söhbəti çox uzatmaq istəmədim. Bəhanə etdim ki, işə getməliyəm, tələsirəm. Ləngitmədi, oğlu 
üçün tələsik üyüdüb-tökdüyüm tapşırıqları başını tərpədə-tərpədə dinləyib lap axırda - qapıdan 
çıxanda xəbər aldı:  
- Bir şey soruşum...  
Gözlərimi ona zillədim.  
- ... - susdu, gözlərindən oxudum hər şeyi.  
- Var, Humay, sevgilim var.  
- Toy nə vaxt olacaq?  
- Bilmirəm, hələ o vaxta çox qalıb, görək...  
- Gətirərsən bura?  
- Nəyə görə? - Qaşlarımı düyünlədim.  
Acıqlanmağımdan ürəyi uçundu, ürkək nəzərlərini əvvəlcə gözümün içinə, sonra yerə zillədi. 
(Əlacım olsaydı, qızı bağrıma basardım.)  
- Uşaqdan muğayat ol! - dedim. - Sabah gələcəm, nə ehtiyacınız olsa, çəkinmə, zəng et!  
 
* * *  
 
Ənvər gələnəcən hər şeyi yerbəyer etmişdim. Səs-küylə girdi evə, qanımı qara görüb təlxəkliyə 
başladı. Sonra taksi dalınca cumub köhnə-kürüş bir “04”ü qapının ağzında saxlatdı. Tapançanı 
axşamdan altdan-üstdən yaxşıca büküb kitab yeşiyinin altına soxmuşdum. Yataqxanaya çatan 
kimi bu zibili başımdan rədd etməliydim. Ev bomboş oldu, elə bil, bu daxmaya illərdi ins-cins 
nəfəsi dəyməmişdi. Şahnaz arvada zəng edib hər şeyi hikkə və qəzəblə məruzə etdim. Qapını 
bağlayanda Ayseli uzaqdan məzlum-məzlum baxan gördüm. Gözlərindəki “hara gedirsən?” 
sualına cavab verməliydim. Dedim, tezliklə qayıdacam, lap tezliklə... Dedim və bağrıma basdım.  
- İsmayıl baba yaxşı deyil, səni istədi... - uşaq doluxsundu.  
- Xəstədir?  
- ... - başını yellətdi. - Bizim evdədir. Həkim çağırmışdıq, baxdı, iynə-dərman yazdı.  
- Nə oldu birdən-birə?  
- Axşam yıxılıb... - udqundu - ayağını sındırıb...  
Maşının yanında siqaret tüstülədən taksi sürücüsünün narahatlığını sezib Ənvərə “sən get, 
gələcəm” dedim. Sonra fikrimdən daşındım, tapança... Kitabları eşələyib görə bilərdi. Sürücünün 
pulunu artıq ödədim, razılıqla başını tərpədəndə İsmayıl kişinin yanına tələsdim. Bu görüş çox 
ağrılı oldu, uzun-uzadı danışmaq halında deyiləm. Kişi kasıb və miskin evin yuxarı başında 
yorğan-döşəkdə uzanıb zarıyırdı. Məni görəndə göz yaşlarını saxlaya bilmədi. Təsəlliyə tutan 
sözlərin xeyri yox idi, yalvardı ki, sağalan kimi onu qocalar evinə aparım. “Bəs qızların...” 
deyəndə barmağını dodağına toxundurdu ki, onları narahat etməyim, hərəsi bir rayonda günlərini 
güclə keçirirlər. Həkimin yazdığı resepti Ayselin anasından istədim. Sən deyən xərc tutmadı: 42 
manat 30 qəpik...  
Evdən çıxdığımı İsmayıl dayıdan gizlətdim. Tezliklə qayıdacağıma söz verib, sağollaşdım.  
Yataqxana. Kədərli və uzun gecələr. Əsmərsizlik. Ağırdır, çox ağır... Bir də, yataqxananın 
zirzəmisindəki daş qalağının altında gizlətdiyim tapançanın içimi gəmirən dəhşətli xofu, 
narahatlığı... Darıxanda boz sərçələrə boyat çörək ovub başımı qatıram.  
Leyla ilim-ilim itib, zəng çatmır. Telekanallarda bədbəxti gözdən salmaq üçün arvadağız 
müğənnilər növbəyə dayanıblar. Hərdən darıxıram onun üçün. Yəqin gələn kimi romanı yazıb-
yazmadığımı xəbər alacaq. Axır vaxtlar heç həvəsim yoxdur yazmağa, oğul deyərəm, qayğılar 
məngənəsinə tab gətir; adamı oyum-oyum oyur, üzür... Yataqxanada yazmaq it zülmüymüş, 
bilməmişəm. Peşman oldum gəlməyimə. Tualetin, mətbəxin murdar qoxusu... Tfu!!! Sınıq-
salxaq pəncərədən uğultuyla içəri dolan payız küləyi adamın bağırsaqlarını sızıldadır, üşüdür. Ay 
yazdın haa, qotur cümlə də gəlmir adamın içindən. Burda özümü, yazıçı nədir, heç adam kimi də 
hiss etmirəm. Köhnə-kürüş pal-paltarı ayağıma sarıyıb altdan-üstdən bürünəndən sonra birtəhər 
kompüterin arxasına keçirəm. Bir cümləni axıracan yazmamış bir də gördün budu ha, Ənvər 


yorğan-döşəkdə qurcalandı, bərkdən içərini üfunətə bürüdü. Hərdən fikirləşirəm: onun özündən 
xəbərsiz bu yelburaxması mənim roman yazmaq sevdama ən təbii və səmimi vətəndaş 
münasibətidir.  
Dünən Humayı rayona yola saldım. Bayırda külək qıyya çəkir, ağaclar bir-birinin üstünə 
dartınırdı. Rəşadın pal-paltarını bürmələyib torbaya yığdı, qab-qaşığı yerbəyer etdi. Elə bil qızın 
əli işə yatmırdı: ləng tərpənirdi, gözgörəti ərincəkliyi hər hərəkətindən bilinirdi. Nənəsi Rəşadı 
tualetə aparanda Humayla tək qaldıq. Beləcə: qız xısın-xısın ağladı, mən onu sakitləşdirmək 
üçün bildiyim ən dəyərli sözləri qulağına pıçıldadım (Əsmərə dediklərimdən beş qat artığını), 
köksümə sıxdım. Bilirdim, o ... o mənimlə öpüşmək istəyirdi. Elə mən də! 
Mən də!  
Mən də!  
Mən də!  
Amma... amma dişimi-dişimə sıxıb azğın hisslərimi cilovlaya bildim. Vaxtilə sevgisindən divanə 
düşdüyüm bu pak uşaqlıq sevdamı kirlədə, alçalda, adiləşdirə bilməzdim! Humayın gözlərində 
bir dünya qüssə vardı o gün. Mənim bağrımda ovuc-ovuc qubar, xiffət, öləziyən ümid... 
Gurultuyla uzaqlaşan avtobusdan mənə qalan göz dolusu nəmli baxışlar oldu. Bir də cavabsız 
qalan sual: Humay, o uzun hörükləri neynədin?!...  
 
Bir körpə boyu qədər...  
 
Otağıma gül qoymuşam: 
"sabahın xeyir" deməyə bir şey olsun. 
 
Hər gecə işığı Hüseyn Kərbala düzündə  
çırağı söndürdüyü kimi söndürürəm. 
Fərid Hüseyn 
 
Üst-üstə bağrımın başını sökən məhrumiyyətlərə sinə gərməkdən savayı yolummu var?! 
Deyəsən, tez-tez ağlayıb-sıtqayıram, hər şeydən şikayətlənmək mənə yaraşmaz, zəhləmi tökür 
belə şeylər, fəqət, bu ağrı-acı girdabında çabalayan zavallını anlamaq, gərək sizlərdən yana 
başadüşülən olsun. O kədərli günlərdə şad xəbər eşitmək nə deməkdir, bilirsinizmi? Adamın iliyi 
sevinir, damarlarında qanı coşur. Ümidsiz saatlarda faydasızlığını başa düşə-düşə Sevincin 
telefon nömrəsini yığıb hal-əhval tutursan və çəkingən səslə deyir ki, məndən eşitməmisən
Əsmər... Bakıdadır. Bu xəbərdən sonra dayanmaqmı olar, durmaqmı olar?! Xəyalım o çiçəkli 
pəncərəyə uçdu, ta uzaqlaşıb gözdən itənəcən məni ötürən o baxışlardan yana ciyərlərim susadı. 
Üst-başıma əl gəzdirib Musiqi Akademiyasının qarşısında yenə boyun bükürəm, yenə boz-
bulanıq havasatdan ürəyimə qüssə dolur. Elə bu vaxt daha bir zəng gəlir: Leyla. Xəbər alır: 
Necəsən, bekaram, vaxt tapsan gəl görüşək, sözüm var. Üzrxahlıq edirəm: Vacib işlərim var, 
axşamüstü görüşsək olarmı? Razılaşırıq.  
Əsmərin bu halını görməz olardım! Vaxt vardı, pilləkənlərin başından qanad açıb üstümə uçan 
qız, indi yumağa dönüb addımlarını ağır-ağır yerə basırdı. Üz-gözü soluxmuşdu, elə bil, əkində 
yağış-külək döyən müqəvva idi zalım balası. Sinədolusu köks ötürdüm, ayaqlarımı yerdən 
qoparıb ona yaxınlaşmaq istədim. Belə şeyi hiss eləməyə nə var: uzaqdan görər-görməz, əvvəl 
diksindi, sonra özünü o yerə qoymayıb etinasız addımlarla yolundan qalmadı. Dizlərim əsirdi. 
Aramız lap az qalmışdı: bir körpə boyu qədər... Məhrəm bir ədayla qolundan yapışdım. Göz-
gözə, nəfəs-nəfəsə dayandıq. Mən udqundum, Əsmər ox kimi tənəli baxışlarını əvvəl mənə, 
sonra yerə dikdi. “Nə yaxşı gəldin!” demək istəyirdim, qəfil qolunu çəkdi, əsəbdən sifətinin 
əzaları gərildi. Baxışlarında nifrət, yox, çimçəşik bir ifadə gördüm. Ağrıtdı məni, əlim-qolum 
qırılıb yanıma düşdü. Dilimin ucundan qaytardığım söz köksümdən səda kimi qopdu:  
 
- Nə yaxşı gəldin, Əsmər!  
Yolundan qalmadı, addımları get-gedə yeyinləşdi. Belə şeylər heç xoşuma gəlmir, kənardan 
adama axmaq kimi baxırlar. Bir də, istədim ayaq saxlasın, kəlmə kəsək, bəlkə hər şey yaxşı 
olacaqdı, kim nə bilir?!  
- Danışmalıyıq, Əsmər...  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə