Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Yolu keçib ara küçəyə burulur. Kənardakı adamların istehzalı baxışlarını üstümdə hiss edirəm. 
Heysiyyətimi alçaldır belə şeylər. Bu dəfə kobud-kobud dillənirəm:  
- Əsmər, kənardan bizə baxırlar, lazım deyil belə şeylər...  
- Adamlar baxırlar,... rədd ol çıx get!!! Niyə əl çəkmirsən?!  
Bu nə hikkə, nə qəzəbdir? Tapança kimi açıldı. Gözləri dolmuşdu, məhrəm adamı olsaydı başını 
çiyninə söykəyib o ki var, ağlayardı.  
- Səbrli ol, kənara çəkilib danışaq. Sözüm var sənə, başa düş... Sonra nə istəsən, necə istəsən, elə 
olsun. 
Sakitləşdi. Amma bu sakitliyə bənd olmaq yaramazdı, hiss olunurdu ki, içində təlatüm var, bircə 
sözə özündən çıxıb hisslərinə hakim kəsilə bilməz.  
- Rəcəb, inan... - baxışlarını gözlərimə zillədi. - Səninlə nəinki danışmaq, adını belə eşitmək 
istəmirəm. Çıx get, bir də məni narahat eləmə. Sən... Sən alçaq adamsan, vicdanın yoxdur... - 
Ağladı.  
- Hər şeyi başa salacam, darıxma. İndiyəcən...  
- Nəyi başa salacaqsan, hə?! Hələ danışmağa, gözümə görünməyə üzün də var?! Hər şeyimi 
qurban verməyə dəyməzmiş, buna yanıram... - O, hönkürdü.  
- İndiyəcən olanların səbəbi var, Əsmər. Mən böyük bir oyun içindəyəm, başa düş.  
- Sən də cəhənnəm ol, içinə girdiyin oyun da! Heç nə istəmirəm səndən, sadəcə, gözüm görmək 
istəmir, nifrət eləyirəm sənə, xahiş edirəm, yalvarıram, rahat burax məni, rahat burax. Ailəmin 
yanında yerə vurdun, ümidlərim alt-üst oldu. Bundan sonra heç nə alınmayacaq, aramızda olan 
hər şey öldü... İndiyəcən adını deyib durmuşdum, nəfəsinə söykənib səbr edirdim, Rəcəb... Nə 
oldu, hə? Nə olduu, nə?  
Bilmirdim onun içimi oyum-oyum edən suallarına nə cavab verim?! Ancaq susmaq... 
Susmaqdan və onu dinləməkdən savayı yolum yox idi.  
- Hələ utanmayıb evimizə də gəlmisən. Bu nə tərbiyəsizlikdir?!  
- Əsmər... - Üz bozartdım.  
- Əsmər...  
- Əsmər...  
- Əsmər...  
- Əsmər...  
- Nə Əsmər, hə, nə Əsmər... Səndən soruşuram: Hansı üzlə anamın yanına gedibsən? Adamın 
əxlaqı, tərbiyəsi olar?!  
- ...  
İllərdir başıma dolanan bu qıza qarşı içimdə dəhşətli bir ikrah yarandı. Nə vaxt dəyişdi bu, 
Pərvərdigara?! Yəni onun dilindən “əxlaqsız” kəlməsi qopa bilərmi?! İldırım vuran palıd kimi 
içim-içimdən yanıb kül oldum. 
Heç beşcə metr uzaqlaşmamışdı, arxasınca dəli bir bağırmaq keçdi könlümdən:  
- Rədd ol, ... !  
Nə yaxşı, o vaxt dilimin ucundaca öldürə bilmişdim bu murdar kəlməni. Sonralar içimi yeyən, 
vicdanımı ağrıdan bu nakişiliyə görə it peşmançılığı çəkəcəkdim.  
Getdi. Üzümə baxmadan, bir xoş söz, təsəlli üçün tapına biləcəyim kəlmə söyləmədən. İçini 
çəkdi, hönkürdü və görünməz oldu.  
O gündən sonra mənim, hə mənim - tərbiyəsiz, əxlaqsız, əclaf Rəcəbin əyyaş, tüfeyli günləri 
başladı. Bir də itirib-axtarmadım Əsməri. Qəlbim incik düşdü. Gərək o məni başa düşəydi, 
vallah, gərək axıracan dinləyəydi...  
Həmin axşam Leyla ilə görüşdüm. Sözü-filanı yoxdu, eləcə, dərdləşmək, fikri-qayğını başından 
atmaq üçün təsəlliyə ehtiyacı var idi. Yenə ağladı, siqaret çəkdi. Özümü ələ almağa çalışsam da, 
olmurdu: güclə dartılan yanaqlarımdan, ovqatımın təlxliyindən, ağzımdan çıxan hər sözü çeynə-
tüpür etməkdən əhvalımı başa düşdü. Hər şeyi yerli-yerində danışdım, kövrəldim. O gecə bizi 
yalnız içki ovundura bilərdi: doyunca içdik, öpüşdük, qaragöz gecəni diksindirən iniltilər qopdu 
çarpayımızdan...  
İçki, əyyaşlıq... O günlər Əsmərin qayğısını başımdan atmaq üçün nələr etmirdim, nələr. Köhnə 
boşboğaz tanışları tez-tez itirib-axtarırdım, bir kafe küncünə çəkilib elə hey qədəh toqquşdurur, 
bir-birimizin boğazına bayağı təriflər dürtürdük. Arağa mehr saldığım o zavallı vaxtlarımda 
özümə qıymaqdan belə çəkinməmişdim. Bilmirdim kafedən gecənin hansı saatı çıxmışdım, 


yataqxananın zirzəmisinə girib tapançanı gicgahıma sıxmağımdan xəbərim olmamışdı. Bircə o 
hafizəmdə qalıb ki, əl boyda daş parçasını köksümə sıxıb doyunca ağlamışdım. O axmaq intihar 
fikrindən necə daşınmağım da xatirimdə deyil. Hə, bir də anamın şən vaxtlarının siması 
xəyalımda dolaşmışdı, mənə təsəlli olmuşdu. Başqa heç nə... Tapançanı yenə daşların altında 
gizlədib səntirləyə-səntirləyə, ayaqlarımı arxamca sürüyə-sürüyə yuxarı qalxmışdım. O 
çağlardan qalan bir qazancım oldu: yazmaq. Romanın kürəyini hər gün səhifə-səhifə yerə 
vururdum. Dəli bir ehtiras çulğamışdı canımı. Bir də gördün, gələcək kitabımın səhifələrinin 
sayını bilmək üçün sətirləri bitdə-bitdə sayırdım, hərflərin hesabını aparırdım. İlahi, yazmaq necə 
gözəldir, bu təsəlli yerini mənə çox görmə!!! Başıma nə gəlmişdisə, yazırdım. Heç nəyi 
gizlətmədən, kişiyana, comərdcəsinə...  
 
* * *  
 
Dekabrın ortalarında havanın üzü qəfil döndü. Səhər yataqxananın pəncərəsindən boylananda 
ağacların budaqlarında narın, seyrək qar gördüm. Otaq soyuq idi, uşaqlar dağılışan kimi yorğanı 
başıma çəkib yatmaq istədim. Keçən gecə əməllicə coşmuşdum: klaviaturanı taqqıldatdıqca 
həvəsə gəlirdim, bir oturuma dipdiri fəsili tamamlayıb yastığa baş atmışdım. Təzəcə 
yuxulamışdım, telefonun zırhazır səsindən diksindim. Naməlum nömrə idi, əvvəlcə cavab 
verməyə ehtiyat etdim. Xəttin o başındakı adama gərəkliyəmsə, iki kərə, üç kərə zəng çalmaqdan 
qalmayacaq. Ürəyimə dammışdı: bu nataraz zəng xeyir xəbər gətirməyəcək. Bu aralar lap başımı 
itirmişəm: yanımdan quş uçanda üşənirəm. Arağın kefliliyindən başımı itirib yataqxananın 
zirzəmisinə intihar niyyətilə soxulduğum günün səhəri, qol qoyduğum axmaqlığın həyatıma nə 
boyda bəla gətirəcəyini ağlımdan keçirəndə, tüklərim biz-biz olmuşdu. O-bu, sümüklərimə 
hakim kəsilən xofun, qorxunun təsirindən yaxa qurtara bilmirəm. Bəzən adam içində olanda 
mülki geyimli polislərin məni izlədiyini, ya da qara “Pajero”dakı adamların addımbaaddım 
rəddimi güddüklərini ağlımdan çıxara bilmirəm. Düzdür, nə hikmətdisə, axır vaxtlar sakitlikdir, 
görünür, ortada bir səbəb var, ya da, bu əclaflar məni siçovul balası kimi əzməkdən yana fürsət 
gözləyirlər. Kim bilir, bəlkə bu müvəqqəti dincliyin arxasında başqa səbəb gizlənir, başları ayrı 
işlərə, fitnələrə qarışıb?!  
Bu dəfə səbrimi basa bilmədim: telefona acıqlı bir “aalooo” dedim. O başdakı həyəcanlı kişi 
səsini dərhal tanıdım: İsmayıl dayı idi. Tərslikdən, bu dəfə şəbəkədə nasazlıq yarandı, səs itdi, 
getdi gəlmədi. Kişinin qırıq-qırıq danışığından heç nə başa düşmədim - bircə Rəcəb, Rəcəb 
deməyindən savayı. Vallah-billah, bu bəd xəbərdir, yalan deyirəmsə, küçük olub zingildəyərəm. 
Əlimi hirslə divara çırpdım, telefonu söndürüb-yandırdım ki, bəlkə özünə gələ. Səbrimi basa 
bilməyib, özüm zəng vurdum. 
- Rəcəb, İsmayıl dayındı, başına dönüm...  
İsmayıl kişinin həyəcanla dediklərindən sümüyüməcən sarsıldım, zəhrim yarıldı. Leyladan xəbər 
tutmaq üçün İsmayıl dayı ilə sağollaşıb başımdan etmək istəyirdim. Kişi əl çəkmirdi, dönə-dönə 
tapşırdı ki, nigaranam, mənə xəbər vermək yaddan çıxmasın. Leylaya zəng çatmayanda ildırım 
sürətilə hazırlaşıb evdən çıxdım.  
İsmayıl dayının telefonda dedikləri dönə-dönə başımda dolaşdı: 
- Gördüm, həyəcanla, ağlaya-ağlaya həyətə düşdü. Soruşdum, dedi, rayonda evimiz yanıb. 
Anam, anam deyirdi... Öz maşını ilə getmədi, daha doğrusu, mən qoymadım, başına dönüm. 
Rəngi ağappaqdı, danışa bilmirdi. Taksi saxlatdırdım, danışdılar, birbaş rayona getdi. Arxasınca 
elə soruşdum ki, nolub anana... demədi, üstümə acıqlandı. Daha artıq şey soruşa bilmədim.  
Yataqxananın qarşısında girinc-giriftar vurnuxub, bilmirdim hara gedim, nədən başlayım. 
Leylaya dönə-dönə zəng vurmaq yenə bir işə yaramadı. Birbaş avtovağzala yollandım. Ağlımdan 
min cür fikir keçdi, yenə güman, şübhə içimə rahatlıq vermirdi. Bu iş özbaşına ola bilməzdi - hə
Leylaya tutulan bu divanda Klaranın adamlarının əli vardı. Qorxu içində yaşayan insan hər 
şeydən şübhələnir, nagüman qalır, nə bilim, bəlkə bu evin yanmağı adi bir səhlənkarlıq 
hadisəsiydi, amma niyə məhz bu vaxt?! Niyə uzun sürən sakitlikdən sonra? Etiraf edirəm, əvvəl 
istədim bu fikrimdən daşınım. Qorxurdum, hadisələrin gedişatını gözləmək lazım idi?! Nə vaxta 
qədər?! Çıxhaçıxda olan avtobusa atılıb yola düşdüm. Avtobusdan düşən kimi taksi sürücüsü ilə 
çənə yormayacaqdım.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə