Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Taksiyə oturan kimi qarayanız cavan oğlana ünvanı dedim, əlini gözünə apardı: baş üstə, gedək! 
Gördüm, bu şüvərək gədənin hər kəlməsində mənim nabələdliyimə işarə var. Dözməyib soruşdu, 
mən də gizlətmədim, dedim Leylanın dostuyam; dostu nədi, lap can yoldaşı, könül sirdaşı. Əvvəl 
tutuldu, qaş-qabaq salladı, sonra guya qəmləndi, təəssüfləndi, lap axırda yalançı köks ötürüb 
dedi:  
- Anasının ayaqları xəstə idi, ev yananda bayıra çıxa bilməyib...  
Vayy!!! Tələsik soruşdum: 
- Nolub?  
- Öldü arvad...  
Sarsıldım. Bədənimdən gizilti keçdi. Aralıq küçəyə girəndə bir dəstə adamın ora-bura 
qaynaşdığını, vurnuxduğunu görəndə, gözlərim doldu, maşından düşdüm.  
Yolun ortasında dimdik dayanmışdım. Bilmirdim hara üz tutum, kimə yaxınlaşım. Ayaqlarım qıc 
olmuşdu, başımda dolaşan qarmaqarışıq fikirlər içimi yeyirdi. Ətrafda səs-küylə ora-bura 
vurnuxan adamlar əvvəlcə nabələd nəzərlərlə məni başdan-ayağacan süzdülər, sonra dəstələnib 
yaşılımtıl qapıdan içəri təpildilər. Çox keçmədi, içəridən qara-qışqırıq səsi ərşə qalxdı. “Görən, 
Leyla nə haldadır?” - içimdən axmaq bir fikir keçdi. Darvazanı adlamağa ürək etmirdim, daha 
doğrusu, ayaqlarımda zindan ağırlığı hiss edirdim. Ananı itirmək dəhşətli hissdir, bunu yaxşı 
bilirəm. Vay o gündən, yolunda gözünün yağını əridən qadına əcəl namərdlik etsin, bax beləcə, 
odun-yalonun içində əzabla canını tapşırsın. Ətim ürpəşdi. Bu vaxt qonşu həyətindən çıxan bir 
cüt erkək hind toyuğu qoşalaşıb qulağımın dibində bərkdən-bərkdən kökküldədilər. Ardınca 
yaxınlıqdakı evlərin hansındansa it hürdü.  
- Ay bala, ay oğlan... - Səs gələn səmtə boylandım. Yaşılımtıl darvazanın kandarında döşləri 
qurşağına çatan arvad cod səslə dedi: - Kimsən, orda dayanma, keç içəri.  
- Dostuyam... Leyla... nın.  
- Hmm. - Arvad başını tərpətdi.  
- Bu nə bəladı, başımıza gəldi. - Arvad doluxsunub gözünü sıxdı.  
- Ev axşam neçədə... yanıb? - Boğazımı arıtlamağa macal tapmadım, xar səslə dilləndim.  
- Elə bil, axşam ölüm yuxusuna getmişik. Gecə yarı, gecə yarı. Xəbər tutanda evə girmək 
olmurdu.  
Həyətin o başında kösöv kimi qaralan evin həndəvərində hay-küylə gəzişən adamlar deyəsən, 
külə dönmüş əşyaların içində salamat şeylər tapmağa ümid edirdilər. Alov yan-yörədəki ağzı 
çatan küknar, həmişəyaşıl ağacları sirinsitmişdi.  
- Leyla hardadır? Görə bilərəm?  
- Bizdədir, özündə deyil.  
Söz arvadın ağzından çıxar-çıxmaz tükürpədən fəryad yenidən eşidildi. Hə, Leyla idi, qapını 
taybatay çırpıb özünü artırmaya atdı, başına-gözünə döyüb yanıqlı qıyya çəkdi. Ardınca arvadlar 
tökülüşüb arxadan onu qamarladılar, təsəlliyə tutub evə aparmağa çalışsalar da, alınmırdı. Leyla 
onların qolları arasında çırpınıb özünü ora-bura vurur, rabitəsiz, qırıq-qırıq nələrsə deyirdi. 
Siqaret alışdırıb yanıqlı-yanıqlı sümürdüm, filtri dişlərimin arasında çeynək-çeynək etmişdim. 
Heç nədən çəkinmədim, birbaş qonşuya yollanıb artırmaya qalxdım. Bir dəstə qadının dörd 
olmuş gözləri mənə dikilmişdi. Pəsdən üzrxahlıq etdim, kədərli qadınlar sakit-sakit kənara 
çəkildilər. Leylanın gözləri qan çanağına dönmüşdü, halsız-hərəkətsiz artırmanın divarına 
söykənib uzun-uzadı key-key üzümə baxdı. Sonra ölü, qüssəli səslə xəbər aldı:  
- Nə vaxt gəldin, Rəcəb?  
- İndi... İndicə gəldim.  
Güzündən yaş selləndi. Bir göz qırpımında atılıb boynumu qucaqladı, qollarını bir-birinə kip 
sıxıb ağladı. Ona təsəlli vermək üçün bütün sözlər, cümlələr aciz və vecsiz gəlirdi mənə.  
- Yanındayam... həmişə! Səbrli ol!  
- Burda nə isə var, Rəcəb! Nə isə var... Bilirsən anam nə hala düşüb, bilir...sss... səənn... - 
Vahiməli səslə zarıdı, içim üşəndi bu iniltidən. Qollarını boynumdan açıb qapıya sarı səmt 
alanda səntirlədi, huşunu itirəndə mənimlə bərabər yan-yörədəki qadınlar da özlərini irəli atdılar: 
ikicə saniyə geciksəydik, tir-tap yerə səriləcəkdi. Aləm dəydi bir-birinə, hamı küyə düşüb başını 
itirmişdi: eləcə boş-boşuna ora-bura vurnuxurdu. Təcili yardım maşını gəldi, dava-dərmandan 
sonra zavallı babatlaşdı. 


Qohum-qonşu ilə əl-ələ verib həyət-bacanı sahmana saldıq, iki polis nəfəri gəlib zəhlətökən 
sualları ilə hadisə şahidlərindən izahat alıb getdilər. Cənazəni qəbiristanlığa götürəndə evdən 
tükürpədən fəryad yenidən qopdu. Leylanı... Leylanı tabutdan qoparmaq olmurdu. Saç yolur, 
yaxa cırıb, başına-başına döyürdü, özünə, bəxtinə lənətlər yağdırırdı.  
Axşamüstü Leylanın vəziyyəti lap xarablaşdı, hələ öz-özünə sayıqlamağını, rabitəsiz sözlər 
danışmağını demirəm. Həyətdən götürülüb ayaqyalın birbaş qəbiristanlığa getmək istəyəndə 
neçə kərə qarşısını aldıq, qoymadıq. Yenə təcili yardım maşını gəldi, həkim “ciddi əsəb 
pozuntusu, stress” diaqnozu qoyub, məsləhəti məsləhət dalıyca üyüdüb-tökdü.  
Səhəri dirigözlü açdım. Gecə yarı Leylanın Mehman adlı qohumuyla ərinməyib isti yorğan-
döşəkdən qalxıb, beş kərə həyətə düşdük, sazaqda sitildəyə-sitildəyə siqaret sümürdük, əng-əngə 
verib ordan-burdan danışdıq, dərdləşdik. Hər kəlməsindən başa düşürdüm ki, Leylanın aqibəti 
onlara yaman əsər edib, rayonda ağzıgöyçəklərin dilinə düyün düşmür, barmaqla göstərirlər 
onları.  
- Arvad axır vaxtlar xəstəhal idi, zavallını Leylanın dərdi yatağa salmışdı. Nə bilim, yəqin 
sobanın yan-yörəsində pal-paltar olub, kənara çəkməyi yadından çıxarıb.  
Dan yeri ağaran kimi mağar qurduq, əl-ələ verəndə iş-gücün öhdəsindən gəlmək o qədər də çətin 
olmurdu. Bircə arvad tayfasının dəqiqəbaşı ərşə qalxan fəryadı olmaya. Bağışlayın, küçük 
zingiltisi xatırladan bu zənən ciy-ciyləri adamın lap zəhləsini tökür. Bir-iki dəfə bu küyçü 
adamların səsindən təngə gəlib barmaqlarımı qulağıma tıxamışdım. İkibir-üçbir həyətə doluşan 
adamlar kədərli səslə bir-birinə başsağlığı verir, məzlum-məzlum kənara çəkilib lal-dinməz 
dayanırdılar.  
Günortadan sonra küçənin başında üç “Hunday” mikroavtobusu göründü. Ürəyimə damdı: gələn 
Leylanın manıs dostları idi. Bu səhnə haqqında danışmaq mənim üçün çox çətindir və bircə onu 
deyə bilərəm ki, onbeşcə dəqiqə sonra qiyamət qopdu. Hamı heyrətdən içini çəkib heykəl kimi 
bir-birinin üzünə tamaşa elədilər, sonra təəssüflə başlarını yırğalayıb dərindən köks ötürdülər. 
Elə ki, başsağlığına gələn müğənnilər maşından tökülüşdülər, kimsə göz qırpımında özünü 
Leylanın yanına verib xəbəri ovcuna qoydu. O səhnəni xatırlayanda hələ də bədənimdən gizilti 
keçir, tez-tez udqunuram. Leyla qapıda görünər-görünməz hamı pıçıltını kəsdi və görüşüb 
dərdinə şərik olmaq üçün onun qarşısında növbəyə dayandılar. Hiss edirdim, qızın içində fırtına 
qopub, əsəblərini cilovlamağa çalışsa da alınmır, gözlərində dəhşətli kin, nifrət qaynayır. Elə bu 
vaxt gələnlərdən kimsə hıçqırıb özünü canıyanar göstərmək istədi. Bircə bu bəsdi ki, Leylanın 
köksündən dəli bir bağırtı qopsun, coşsun, kükrəsin. Səsi çatan qədər bağırıb küçə söyüşləri 
söyməyə başladı. İlahi, qulağa dəyməyən söyüşləri, dişinin dibindən çıxan ən murdar kəlmələri 
ard-arda düzüb üzlərinə çırpırdı. İllah da Vüqarın... Yırtıcı qəzəblə maestronun üstünə hücüm 
çəkib lomba ilə üzünə tüpürdü, sifətindən babat şillə tutuzdurdu. İndi mənə elə gəlir ki, o vaxt 
hansısa filmə tamaşa edirdim, onun yalquzaq qəzəbi ekranın o üzündən içimi üşəndirirdi. İstədim 
yaxın durub sakitləşdirəm, amma cəsarətim çatmadı. Hə, qorxdum. Qorxdum ki, cınqırımı 
çıxaran kimi ağzımdan vurar, Vüqarın rusvayçı aqibətindən mənə də pay düşər. Hamı mənimtək 
ağciyər deyil ha, çox keçmədi qohumlarından ikisi qabağa çıxıb qızın üstünə acıqlandılar. 
Düzdür, paylarını qəşəngcə aldılar, amma görünür, belə şeyləri vecə almamağı yaxşı başa 
düşürdülər. Başsağlığına gələnlərin içində əvvəlcə pıçıltı başladı, sonra elə bil, qəfildəncə 
ortalığa ildırım düşdü. Maestro Vüqar təhqirləri boğazından keçirməyib bozardı, kükrədi. 
Gözümün qabağına Leylanın evinə soxulub qızı boğduğu səhnə gəldi. O vaxt nə yaxşı ağıllı 
tərpənib telefonu divardakı səbətin içinə qoymuşdum. Həmin dəhşətli səhnə hələ də telefonumun 
yaddaşında qalır: bilmək olmaz, bəlkə nə vaxtsa lazımım olacaqdı... 
 
Vüqara qarşı içimdə qəzəb oyandı, dişimi dişimə sıxıb üstünə atılmaq istədim. Leylanın rəngi 
bomboz bozarmışdı, əsəbdən əl-ayağı titrəyirdi. Qohumları qoluna girib evə aparmaq üçün dilə 
tutanda qız təzədən coşdu, ciy-ciy səslə hamısının üstünə lənət yağdırdı, Klaranın ardınca küçə 
söyüşlərini ard-arda düzdü. Adama elə gəlirdi ki, dartınıb yan-yörəsindəkilərin maneəsindən 
keçsə, qarşısına çıxanı boğar, parçalayar... Özündə güc tapıb bir də çırpındı, əynindəki köynəyi 
şırğalandı, köksündən boğuq inilti qopdu, əlacsız-əlacsız yerə çöküb zarıdı. Mənim gözüm 
doldu, istədim yaxınlaşıb onu təsəlliyə tutam, bir-iki xoş söz deyib içini rahatladam. “Yox, yeri 
deyildi, hələ yeri deyildi…” - özlüyümdə götür-qoy elədim. Amma ürəyim dözmədi, elə hey 
zarıyır, ürəyinin yağını əridirdi. Yaxınlaşdım, qoluna toxundum, xırıltılı səslə, pəsdən ürək-dirək 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə