Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

verdim; verməz olardım, gərək mumlayar, dilimi qarnıma qoyub kirimişcə dayanardım. Qan 
çanağına dönən gözlərini üzümə zilləyib sərsəm bağırtıyla üstümə kükrədi.  
- Rədd ol, alçaq... İtil burdan, itil... O qəhbələrə qoşul, sən də rədd ol!  
Ayaq üstə öldüm. Udqunub bilmədim nə deyim, nə danışım. Bircə:  
- Leyla... - deyib az qala zarıdım.  
- Dedim, rədd oolll!!! Açıl başımdan, it oğlu...  
O vaxt dişim bağırsağımı kəssə də, müdrik tərpənib dillənməmişdim. Kirimişcə kənara çəkilib 
siqaret alışdırmışdım. Bu nə gün-güzərandı, ilahi? İllərlə yolunda gözünün yağını əridən zavallı 
bir qızı bədbəxt elə, özünü təhlükəyə at, işdən qovul, hədələn, atanı söydür... Axırda da 
adamların yanında əbləh vəziyyətinə düş, cındır yerinə qoyul...  
Bakıdan gələn müğənnilər donquldana-donquldana, kor-peşman maşınlara doluşub geri 
qayıtdılar. Ortalığa ölüm sükutu çökdü. Elə bil, bu rusvayçılığa görə hamı bir-birindən utanır, ar 
eləyirdi. Ar eləmək nədir, adamlar göz-gözə gəlməkdən qaçırdılar. Hazırlığımı görüb yola 
çıxanda qohumları utana-utana üzrxahlıq elədilər, hətta Mehman məni kənara çəkib xahişi xahiş 
üstündən gətirdi ki, getməyim. Əslində, küsüb mısmırıq sallamırdım, sadəcə, əhvalım qarışmışdı, 
özümü pərişan, narahat hiss edirdim. Bir sarsaq fikir də ürəyimə yol tapmışdı: Bakıya yetişən 
kimi rahat bir otel otağında çəkilib ölmək...  
Mən sağollaşıb çıxhaçıxda darvazanın kandarında taksi saxladı. Eynəkli, ağbəniz birisi sürücüyə 
bərkdən-bərkdən minnətdarlıq edib maşından düşdü. Üz-gözündən uzun illər ehtiyac 
məngənəsində çırpınan adama bənzəyirdi. Nədənsə, qaşqabaqlı idi, sifət cizgilərində əsəb 
nişanələri görünürdü, hiss olunurdu ki, təbiəti ağır adamdı.  
- Mehrabdı... - Mehman yavaşdan dilləndi.  
- Bibisi oğlu...  
- Hə, - başını tərpətdi - Türkiyədən gəlib.  
- Eşitmişəm!  
Leylanın uşaqlıq illəri ilə haqqında danışdıqları, internet klubdan götürdüyüm şəkillər yadıma 
düşdü. Mehrab haqqında nə demişdisə, hamısını birbəbir xatırladım. Küçələri dolaşıb süd 
satmağı, sonra Leylaya tüpürüb Türkiyəyə baş götürüb getməyi, orda çəkdiyi min bir məşəqqət - 
parklarda, vağzallarda gecələməyi, dul qadının bişirdiyi peraşkiləri satmağı, nəşriyyatda fəhlə 
kimi çalışmağı... hamısını, hamısını gözümün qabağında canlandırdım. Gərək ki, Leyla 
danışmışdı: Mehrab Türkiyədə nəşriyyat sahibidir, dolanışığı da lap yaxşıdır. Amma güzəranı 
xoş keçən adama oxşamırdı, elə bil, qayğısı-dərdi başından aşırdı.  
Mehman irəli durub qohumuyla qucaqlaşdı, bir-birinə sarılıb dərd ovudan ədayla kirimişcə xeyli 
beləcə dayandılar. Mənimlə əl tutdu, qonşu həyətdən arvadlar Mehrabı görər-görməz səslərini 
başlarına atdılar, dil deyib, fəryad qopardılar. Bu ağlaşma səhnəsinə tamaşa eləyib vaxt öldürmək 
niyyətində deyildim. Baş qarışmışkən ustufca əkildim. Küçənin başına çathaçatda təcili yardım 
maşınına rast gəldim, görünür, Leylanın halı yenidən pisləşib. Bu siqareti zəhrimara qalsın, birini 
də yandırdım. Belə ürəyi də lənətə gəlsin, yolayrıcında dayanıb bilmədim nə qərar verəm: rədd 
olub birbaş Bakıya gedim, yoxsa geri qayıdıb ağlını itirmiş bu zavallı bəndənin halından xəbər 
tutum? Yağış çisələyirdi, küçənin başında var-gəl edəndə tindən axsaq qoca köpək çıxıb fağır-
fağır üzümə tamaşa elədi. Ayağının biri ya vələddüzna məhlə uşaqlarının zavalına gəlmişdi, ya 
da hansısa yuxulu debil ağına-bozuna baxmayıb maşını itin üstünə sürmüşdü. Zavallının ayağı 
xıncım-xıncım idi. İstədim diz çöküb köpəyə qucaq açam ki, gəl ay yetim, gəl qucaqlaşıb 
kədərimizi ovudaq. Mən də sənin kimi it güzəranı keçirirəm.  
On dəqiqə sonra təcili yardım maşını küçənin o başında görünəndə rahatlaşdım - deməli, ciddi 
heç nə yoxuydu. Taksiyə əl edib avtovağzala gəldim. “Bakı, Bakı” deyib üstümə şığıyan 
sürücülərdən birinin maşınına oturub yola çıxmaq, ən yaxşısıydı.  
 
* * *  
 
Özümə kişiyana söz vermişdim: nə Əsməri, nə də Leylanı itirib-axtardı yoxdur. Miskin, kədərli 
yataqxana otağına çəkilib dəlicəsinə yazmaq ən gözəlidir. Bir həftə dayanmadan kompüterin 
klaviaturalarını döyəcləməkdən yorulmadım, uşaqlar evə gəlib gözlərimdə qızartı görəndə 
əvvəlcə başıma ağıl qoymağa çalışır, sonra bir-birinə göz basıb “şair, mirzə” deyə, bu boyda dahi 
yazıçı ilə məzələnirdilər. (İlahi, dahinə şükür!) Belə ələsalmalardan, bambılı yerinə qoyulmaqdan 


inciməzdimmi, inciyərdim! Əlimə keçəni qapıb üstlərinə vızıldatmaq bir yana, üstəlik, gecə 
yarıyacan donquldanırdım.  
Bir də gördün, yazmaqdan çimçəşirdim, kompüterə baxanda ürəyim qalxırdı. Ya kitab oxumaq, 
ya da köhnə iş yoldaşlarımdan simsarına zəng vurmaq eynimi açırdı. Tutalım, Narınla danışmaq 
adamın min illik yorğunluğunu canından çıxarır, həyat eşqini körükləyir. Roman yazdığımı 
eşidəndə qız əməllicə çaş-baş qaldı. Yox, əvvəl şaqqanaq çəkib güldü, elə bildi, yenə yazıçılarla 
məzələnirəm, bayağı əhvalatlar uydurmağın mənasızlığını qanmadıqlarına görə bu boşboğaz 
sürüsünə acı-acı gülürəm. Sonra ciddiliyimi başa düşəndə, səsindən hiss elədim: belə ağır işin 
öhdəsindən gələcəyimə şübhəsi var. Nədən, kimdən yazdığımı xəbər alanda səsimə cod ton verib 
təntənəli surətdə bəyan etdim ki, yazı haqqında danışmazlar, bəkarətini itirir. Sadəlövh Narın, 
uşaq saflığıyla inandı, şipşirin səslə dedi ki, “namuslu və bakirə” kitabımı oxumağı səbirsizliklə 
gözləyir.  
Leyladan, Əsmərdən yana qəzəbimi ürəyimin dərinliyində saxlamağıma bənd olmayın, hərdən 
zəng etmək, yollarına çıxmaqdan yana sinov gedirdim. İllah da Əsmər... Unutmaq olmur, olmur! 
Gecələr yuxularıma gəlib ürəyimi məşum kədərə çulğayırdı. Otaqdan çıxıb siqaret yandıranda, 
dekabr soyuğu bir yana, Əsmərin yoxluğunun sazağı içimi, qəlbimi üşüdürdü; qəhər boğanda 
üzü küləyə dayanıb yanağımın nəmini yellərə hopdururdum.  
O kədərgətirən axşamların birində foyenin başında qaraltı göründü. Qorxdum, dinşədim. İstədim 
özümü tələsik otağa salıb, qapını arxamca bağlayam. Elə bil, əlim-ayağım qurudu, yerimdən 
tərpənə bilmirdim. Yarıqaranlıq foyenin o başından bir kişi ağır-ağır üstümə gəlirdi. Bu gəlişin 
özündə vahimə, hürkü gizlənmişdi. Aramızda üç-dörd addım qalmış narahat-narahat 
qurcalandım, boğazımı arıtladım ki, sükutdan havalanmayım. Adam saqqallı, yekəpər birisiydi, 
qalın qaşlarının altındakı zəhmli baxışları canımı üşütdü. Yanımda lal-dinməz dayanıb 
pəncərədən bayıra boylandı.  
- Soyuqdu, hə? - Xırıltılı səslə soruşdu.  
- Soyuqdu...  
- Axşamın xeyir. 
- Hər vaxtın... xeyir. 
- Tələsmirsən?  
... Dinməzcə üzünə baxdım.  
- Dedim bir siqaret çəkib söhbət edərdik. - Zəndlə gözümün içinə baxdı. Sonra cibindən siqaret 
qutusunu çıxarıb mənə sarı uzatdı. - Götür, götür...  
- Sağ olun...  
- Bu yataqxanada çoxdan qalırsan?  
- Bir az olar...  
- Hmm...  
Yekəpər pəncərədən aşağı boylandı.  
- Adamı burdan yerə atsalar nə olar?  
- ...  
- Doğrudan, nə olar görəsən?  
- İstəyirsən, yoxlayaq. - Mən dedim.  
- Kimi?  
- Əlbəttə, səni...  
Vay-vay, qatıqladam, it peşmanlığının ardınca, qorxudan dizlərim əsməyə başladı.  
Qaranlıqda yekəpərin sifətini güclə seçirdim. Hiss elədim, qaşları düyünləndi, di gəl, özünü o 
yerə qoymayıb istehza ilə gülümsədi.  
- Noldu sənə?  
- Nə?!  
- Niyə titrəyirsən?  
Ay əclaf, qorxduğum gözündən qaçmamışdı.  
- Soyuqdandı.  
- Pis oğlana oxşamırsan...  
- Hm... Yaxşı, sağollaşaq, gecdi.  
- Hara? İstəyirsən, düşək bir araq içək. Hava soyuq, gecə uzun, yuxu da ki, ... belə... 
- Yox, qalsın başqa vaxta.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə