Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

üzünə. Başa düş, bu inadkarlıq sənə heç nə verməyəcək. Yalançı qəhrəmanlıq sənə çox baha başa 
gələ bilər. Bu xəbərdarlığı etmək mənim işimdir. Dediklərimi eşitsən, kənarda dayansan, bütün 
işlərin yağ kimi gedəcək, bil! Bircə xahişimiz olacaq, əvvəlki yazını təkzib etmək, vəssalam! Hə, 
bir də ssenari hazırlayarıq ki, Leyla uşaq evlərindən qız satmağı haqqında hər şeyi guya sənə 
etiraf edib. Narahat olma, o belə şeyləri onsuz da edib, sadəcə, işimizi bu cür qurmalıyıq. Hələ 
başqa məsələlər də var! Bilmirəm, bəlkə o uşaq evləri məsələsini sənə danışıb, hər halda, sabah 
bu haqda söhbət edərik. Yox, belə davam etsə... sənə pis bir sürpriz hazırlanıb. Dediklərimdən 
nəticə çıxarsan, sabah onda zəng vur, görüşək... Maşınla aran necədir?  
- ...  
- Üstündə pul da olacaq, narahat olma! - Güldü. 
Yekəpəri başımdan etmək üçün özümü yola gələn kimi göstərdim. O gedəndən sonra başa 
düşdüm: “daşların altındakı torba” məni zirzəmiyə düşürmək üçün lazımmış. Tapançanı yoxlayıb 
arxayın düşdüm, otağa qalxanda yerin içində başımı əllərimin arasına alıb oturdum. Birdən 
onların sözünü yerə salsaydım, görəsən, mənə sürprizləri nə olacaqdı?! Elə hey fikirləşirdim: 
bəlkə düz deyirlər, Leylanın yanında nə itim azıb, axı? Təkrar bayıra çıxdım, foyedə ora-bura 
vurnuxdum, sonra pallı-paltarlı yorğanın altına girdim, yerimdə qurcuxdum, köks ötürdüm. 
Deməli, Leylanın mənə etdiyi iyrənc etiraflardan hər kəsin xəbəri varmış. Dayan, dayan, demək 
onlar istəyirlər ki, öz ssenarilərində mənə əclaf, anasının əmcəyini kəsən qeyrətsiz obraz 
versinlər hə?! Demək, onlar istəyirlər ki, məni sındırıb yolumdan azdırmaq bir yana, hələ üstəlik, 
tüpürdüyümü də yalatdırsınlar?! Bəlkə, bəlkə bu... bu daha yaxşıdır?! Bu ölkədə salamat baş 
saxlamaq ən ağlabatanı deyilmi?!  
 
* * *  
 
Fikrimi dağıtmaqdan ötrü üç gün dəli kimi içdim. Telefon zənglərinə cavab vermirdim, gecədən-
gecəyə yataqxananın pilləkənlərini qalxıb əvvəl tualetdə qusur, içimi-içalatımı boşaldıb yorğan-
döşəyə baş atırdım. Tanımadığım nömrələrdən gələn zənglərin o başında bir nəfər dayanırdı: 
yekəpər! Qorxurdum, üşənirdim onun zənglərindən. Cavab versəydim, amiranə, hədələyici səslə 
bircə suala cavab istəyəcəkdi: “nə fikirləşdin?”.  
O günlərdə heç nə fikirləşmirdim, düşüncəmi salıb itirmişdim, bircə özümü təsəlliyə tutub 
inandırmağa çalışırdım ki, hər axşamın bir sabahı olur! Həmin günlərin birində bacımın 
hönkürtüsü telefonda içimə od saldı, əlim-qolum qırılıb yanıma düşdü. Sonra Humay yığdı, 
sonra Ənvərin, Orxanın xırıltılı səsindən canım üşüdü, gözüm doldu. Sonra yad bir nömrədən 
sms aldım: “indi ağlın başına gələr”. Səhəri qəzetlər yazdı, xəbər saytları sevincək düşdülər: 
jurnalistin məşhur müğənni ilə gizli görüntüsü yayıldı. Havalanmışdım! Canımı qoymağa yer 
tapmırdım! Əslində, bu təhlükəni gözləyirdim, hazır olmalıydım, amma rüsvayçılığı toxtaq 
qarşılamaq arsız adamların işidir! Humayın, bacımın hönkürtüsü indi də qulaqlarımdan 
çəkilməyib. Əsmərdən bir xəbər tutsaydım, görəsən, halı necəydi?  
“Lider” televiziyasında yayınlanan, sonra xüsusi yaradılan sayta yerləşdirilən həmin kadra 
ölkədə baxmayan qalmadı. Tenor səslə məni düşmən kimi qələmə verən adamın bir cümləsini 
uzun zaman xatirimdən çıxara bilmədim: “İllər boyu əxlaqsızlıq təbliğ edən müğənni və bu cür 
üzdəniraq adamın bəh-bəhlə müdafiəsinə qalxan dırnaqarası jurnalist gərək çoxdan başa düşəydi 
ki, onların tərbiyəsizliyi gec-tez xalqın qəzəbinə tuş gələcək, ləyaqətsizliklərini ört-basdır etmək 
xam xəyaldan başqa bir şey olmayacaqdı”. 
O kədərli günlərdə atamın səhhəti pisləşdi, bacım yenə telefonda hönkürdü, içimə od saldı. Elə 
bil hamının, hər kəsin yanında gözükölgəliydim. Xəcalət hissi adamların üzündən, küçələrdən, 
səkilərdən, işıqfor dirəyindən, körpələrin təbəssümündən arsız-arsız dişini ağardıb içimi qurd 
kimi yeyirdi. İndi yəqin mənə görə utanc yaşayan qohumların, tanış-bilişin yanında kədərli-
kədərli köks ötürüb udqunurdular.  
Həmin günlər dərdimi ovutmaq üçün araq almağa pulum da qalmamışdı. 53 nömrəli orta 
məktəblə üzbəüz marketdən bir şüşə araq çırpışdırdığımı yaxşı xatırlayıram. Səhər ayılanda bu 
murdar əməldən iliyiməcən utandım, amma bilirsinizmi, o günlərdə yalqızlığı, uğursuzluğu, 
talesizliyi unutduran bu zəhərli mayedən sarı, iraq olsun, bəlkə adam da öldürərdim. Təki 
beynim dumanlansın, bir küncə çəkilib için-için ağlamaq üçün qəlbimin kövrək simini tərpədən 
səbəb olsun! Kədərli dekabr axşamları sərxoş olub Bakının külək dolaşan tin-dalanlarını veyil-


veyil sülənməkdən savayı əlacmı vardı?! Yoxdu, yoxdu, yoxdu!!! Görüşünə getməyə utandığım 
üzüxəcalətli, naxoş atam üçün ağlayırdım!  
Borclu qalmalıydımmı? İslanmışın yağışdan nə qorxusu, maestronun Leylanı döydüyü səhnəni 
hansı gün üçün qoruyub saxlayırdım?! Birbaşa internet kluba yollanıb videonu “youtube”a 
yerləşdirdim. Öldü var, döndü yoxdur: içi Vüqar qarışıq, bu əclafların cavabını verməliydim. 
Videonun linkini xəbər saytlarının, qəzetlərin elektron ünvanına göndərdim. Qəribədir, çox 
qəribə: iki sayt, bir qəzet ürəkli çıxıb videonu səhifəyə çıxardılar. Bunun səs-küyü yaman qalxdı! 
Mat-məəttəl qalmazdımmı?! Hədə zəngləri gəlmədi, yalan-doğru, yazdılar ki, Vüqar gözdən-
könüldən uzaq bir yerə çəkilib, ilim-ilim itib. Bəlkə xanım Klaranın işləri yaş idi, quyruğu qapı 
arasında qalmışdı? Başqa cür ola bilməzdi! Yəni bu cüvəllağı redaktorlar havadan iy 
çəkmişdilər?  
 
* * *  
 
Dekabrın axırında qar yağdı. Havada uçuşan ulduz dənələr qəlbimi yerindən oynadırdı, hara 
baxırdımsa, Əsməri görürdüm, hər şey Əsməri xatırladırdı: aydın səma, torpaq, qar tutan 
budaqlar, ağaran yollar, şən uşaqlar... Dözmədim, Musiqi Akademiyasının qarşısına gedib 
Əsmərlə görüşmək, söhbət etmək üçün onu dilə tutmalıydım. Əslində, video ekrana yol tapandan 
sonra, çox güman ki, Əsmər üzümə baxmayacaq, yenə mənim əsəblərimlə oynayacaqdı. Amma 
nəyin bahasına olur-olsun, üzümə üz bağlayıb, onu qarşımda oturtmalı, hər şeyi başa 
salmalıydım. Başa salmalıydım ki, sənsiz çox çətindir, it balası, çox çətin!!!  
Sevincə zəng vurub ordan-burdan hüdülədim. Özümü elə aparırdım ki, guya ölkədə rüsvay olan, 
hamının tənəli baxışlarına, iynəli sözlərinə tuş olan başqasıydı. Kişiyana danışsaq, niyə rüsvay 
oluram ki, ağlım olsa, bunu heç vecimə də almaram. Qadının döşünü əmmək nə vaxtdan ayıb 
sayılıb?! Sevimli qadını olan kişilərin hər gecəki işi bu deyildimi?! Fərqimiz bu qədər sadədir: 
mən subayam, üstəgəl, Yanıq Kərəmlikdən əziyyət çəkirəm; bu bir, ikincisi də, bəxtim 
gətirməyib, qəzəbə tuş olmuşam, vəssalam! Ona görə də, belə axmaq şeyləri dərd eləmək 
ağılsızlıqdır.  
Sevincin dilindən qopartdığım bircə cümlə oldu: bu gün Konservatoriyada qış konserti var, 
tədbirdən sonra Novxanıda qonaqlıq olacaq! Saçıma-başıma düzən verdim, üst-başıma əl-
gəzdirib Əsməri görməyə tələsdim. Öz aramızda qalsın, canımın xofunu-hürküsünü hələ də ata 
bilmirəm, yolboyu elə bilirəm, bu dəqiqə kimsə qabağımı kəsib bağırsaqlarımı çölə tökəcək.  
Yola düşməzdən qabaq yaxşıca keflənmişdim, bu lənətə gəlmiş qorxu gödənimə tökdüyüm 
arağın işiydi. Sazaq dekabr axşamı Konservatoriyanın həndəvərində vurnuxmaqdan boğaza 
yığılıb özümü içəri atdım. Əsmər!!! Əlində çiçək dəstəsi, gözlərində bəxtəvər ifadə!!! Bir 
oğlanla şirin-şirin danışıb gülürdü. Bizimki lap bayağı sevgi hekayələrinə çəkilən filmlərə 
bənzəyirdi. Öz-özümdən utandım, yerə girdim. Adətən, dütdülü rejissorlar belə yerdə məğmun 
qəhrəmana bir bənd sentimental şeir oxudur, sonra tələb edir ki, üç dəfə udqun, dərindən köks 
ötür, gözlərin dolsun, məhəbbət tanrısına şikayət et, baxışlarından çarəsizlik ələnsin... (hərdən 
mən də bu cür sentimental debillik xəstəliyinə tutulub çərənləyirəm; məsələn, çiçəkli pəncərə, o 
illərin pak sevgisi, tez-tez lirik ricətlər, yekə-uzundraz duyğulu cümlələr...) Bağışlayın, mən öz 
filmimi özüm çəkməyi lap yaxşı bacarıram: ürəyimdən keçən tək arzu o manıs gədəni yerə yıxıb 
başına işəməkdi, vəssalam!  
Məni görəndə Əsmərin yanağı allandı. Yanındakı hələ də dişini ağardıb sırtıq-sırtıq danışır, 
yanlarından ora-bura keçən tanışları nəzakətlə salamlayırdılar. Hiss elədim ki, Əsmər mənə acıq 
verməkdən ötrü daha vəcdlə cilvələnir, dil-dil ötüb hüdüləyib tökürdü. Bircə o qalmışdı ki, 
nərmənazik, şüvərək oğlanın qoluna girib mənə yaxınlaşa və: 
- Sizi tanış etməkdən çox məmnunam: sevgilimdi - deyib, bəxtəvər-bəxtəvər gülümsəyə.  
Bu səhnəni uzun-uzadı çərənləmək niyyətindən uzağam. Çox da həyasızcasına hər şeyi zarafata 
salıram, ancaq içimdə sərxoşluğun gətirdiyi vəhşi bir qəzəb qaynayır, bu dəqiqəyə partlamağa, 
didib-dağıtmağa hazıram. Bayıra çıxıb siqaret alışdırdım. Qış gecəsi düşür, quşbaşı qar yağırdı. 
Yarım saat sonra içəridəki adamlar ikibir-üçbir qoşalaşıb çıxanda qaranlıq bir yerə çəkilib 
hamını bir-bir incələməyə başladım. Yenə bir yerdəydilər, qapının ağzına çıxanda bir anlıq ayaq 
saxladılar, qarın yağmağı deyəsən, hisslərini alovlandırmışdı. Bu dəfə lap ağ oldu: şüvərək gədə 
Əsmərin qolundan tutdu, bir az da keçsəydi... bir az da keçsəydi, bəlkə qolunu çiyninə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə