Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

gətirdi, yoxluğuna birtəhər öyrəşmişdi. Lap yaxşı bilirdim: onu mənim dərdim sındırdı. Min-min 
arzuyla, ümidlə oğlunu paytaxta yola salan atanın istəklərinin puç, başının aşağı olmasından 
dəhşətli nə var?! Görən, bu dərdli kişi qohum-qonşu üzünə necə baxır?!  
İki gün sonra hər şeyə - canımın ağrılarına, utanmaq hissinə, qohum-qonşu arasına çıxmağın 
acısına tüpürüb birbaş rayona getdim. Bacım məni bağrına basıb hönkürdü, mən alçaq qardaş 
olduğuma görə onun qarşısında xəcalət çəkdim. Atam bir dəri, bir sümük qalmışdı. Halsız, 
taqətsiz, çəlimsiz əllərini əlimə alıb ona təsəlli verdim. Təngnəfəs olmuşdu, ayaqları elə bil uşaq 
ayağıydı: yer tutmurdu. Hər şey gözlərindən oxunurdu: Məni sən yıxdın, nankor oğul! O gün 
anamın məzarı başına gedib doyunca ağladım. 
Səhəri əmilər, dayılar başıma ağıl qoymaqdan yorulmadılar. Bu əbləh yığını qarğa-quzğun kimi 
üstümə tökülüşmüşdülər. Dayaz ağılları, bayağı nəsihətləri ilə adamı lap iyrəndirirdilər. Hələ 
xalaları, bibiləri demirəm: bu arvad sürüsünün əlindən boğazıma ip keçirməyə hazırıydım. Üç-
dörd gün sonra atam özünə gəldi. Həkimin dediyinə görə, get-gedə hər şey yaxşı olacaq. 
Cibimdə pulum da yox idi ki, iynə-dərmanına köməklik edim. Yoxsulluğun acısı içimi köz-köz 
edirdi.  
Yazmaq, dayanmadan yazmaq istəyirdim o günlərdə. İçimi, ruhumu rahatlaşdırmağın savayı 
yolu yoxuydu. Humaya baş çəkmək üçün ürəyim atlanırdı, amma bu qüssəli ovqatıma Humayın 
kədərli gözlərindəki ağrı-acını qatmaq əhvalımı bir az da korlaya bilərdi. Xəbərsiz getdiyim 
kimi, səssiz-səmirsiz də qayıtdım. Heç kimə bir kəlmə demədim. Bibiheybəti keçəndə, bircə 
bacıma sms yazdım ki: “Qala bilmədim, məni bağışla! Bakıdayam.” 
 
Hər şey yaxşılığa doğru 
 
Fevral, 2011 
 
Pulsuzluqdan kitablarımı satmaq məcburiyyətilə üz-üzəydim. Ürəyim gəlmədi, Narına zəng 
vurub 50 manat borc istədim. Yazmaqdan savayı işim-gücüm yoxuydu. Bir həftə dayanmadan 
yazdım, rahatlaşdım, elə bil ruhuma rahatlıq çökdü. İki dəfə Əsmərin dalınca Musiqi 
Akademiyasına getmək üçün evdən çıxıb, küçələri yalqız-yalavac dolaşıb kor-peşman geri 
qayıtmışam. Bilirsinizmi, o gecəki hadisədən sonra içimdə Əsmərə qarşı ögeylik baş qaldırıb, elə 
bil, əvvəlki məhrəmliyini, müqəddəsliyini, paklığını itirib gözümdə. Görən, o əclaf... o əclaf 
qolunu Əsmərin boynuna dolamışdımı, İlahi?! 
“Rəcəb, hardasan?! Bu gün görüşək.” Leyla sms yazıb. Deməli, Bakıdadır, darıxıb. Hə, darıxıb, 
özü də möhkəmcə! Öz-özlüyümdə xeyli götür qoy-etdim. Görüşümmü?! Nə deyəcəkdi, vacib bir 
sözü varıydı, yoxsa vaxt öldürməkdən yana lazımıydım ona?! Görəsən, etdiklərinə görə 
peşmanıydımı?! Cavabı iki saat gecikdirdim. Çarpayıda uzanıb gözlərimi tavana zilləmişdim. 
Qəfil ayağa qalxıb əynimi dəyişdim, dilimin altında öz-özümə “get, get, get, get!” deyib təkrar 
edirdim. “İndiyəcən hər şeyə dözübsən, axıra qədər tab gətir, səbr elə! Hər qaranlıq gecənin bir 
aydın gündüzü olur. Olur, olur, olur!”  
Vədəsiz-filansız birbaş evinə yollandım. Qapını döydüm, açıb boynuma sarıldı, sakitcə ağladı. 
Əvvəlki Leyladan əsər-əlamət yoxuydu. Onun halını təsəvvür etmək üçün gərək adamın xəstə 
anası evdə diri-diri yansın. Dilini sürüyüb üzr istəməyə hazırlaşanda, əlimi ağzına qapadım, 
pəsdən “hər şey yaxşıdır” dedim. Mehrabdan, Maestrodan danışdı. Yayılmış video haqqında 
kəlmə kəsmədik. Handan-hana dilini sürüdü, dedi, Mehrabın mətbəəsi Türkiyədə iflas olub, 
varını-yoxunu satıb borclarını birtəhər ödəyib. Bir az da ordan-burdan danışandan sonra 
niyyətini açıb-ağartdı:  
- Mehrab məndən pul istədi, dedim, bir şərtlə sənə pul taparam... 
- Nə şərt?!  
- Dedim, Vüqardan intiqamımı al! Onu ayağıma gətirsə, Mehraba pul tapacam.  
- Hardan?  
- ...  
 
“... Ölüb, gəl”  
 
Mart, 2001 


 
Zənnim məni yanılda bilməzdi: ölkədə nə isə baş verirdi. Telefonuma zəng gəldi, baş redaktorun 
adını displeydə oxuyanda gözlərimə inanmadım. Telefon uzun-uzadı zəng çaldı, cavab 
vermədim. Ağlıma min cür fikir gəldi, bir-birini qovan düşüncələr arasında axmaq-avara 
qalmışdım. Beş dəqiqə keçmədi, Nəbi müəllimin adı ekranda peyda oldu, telefon elə bil, 
sevincək olmuşdu. Sakit, bir az da özündənrazı saslə cavab verdim.  
- Rəcəb, bir məsələ var, bu gün görüşək, söhbət etməliyik.  
Dilimi sürüdüm, özümü naza qoydum, bəhanə etdim ki, vacib işlərim var. Nəbi müəllim narazı, 
soyuq danışığımı görüb məsələni açıb-ağartdı:  
- Səni təzədən işə qaytarmaq istəyirik. Baş redaktor belə istəyir.  
On beş dəqiqəyə yaxın söhbət etdik. Elə hey təkid etdi ki, redaksiyaya gəlim görüşək, baş 
redaktorun sözü var, hər şey yaxşı olacaq. Bir az da üstünü vursaydı, razılaşacaqdım, açığı, 
maraq güc gəlmişdi, görən, nə məsələydi?! Amma nə yaxşı getmədim, iyrənmişdim o saqqallı 
əbləhdən. Gün uzunu ora-bura vurnuxdum, siqareti siqaretə calayıb hey düşünürdüm ki, işə 
qaytarılmağımın arxasında nə dayanır?! Zarafat deyildi, məni otağından qovan, işdən 
uzaqlaşdıran adam indi özü minnətçi düşmüşdü. Redaksiyada nələrin baş verdiyini öyrənmək 
üçün Narına zəng vurdum. Zalım balası, elə bil bu dünyanın adamı deyildi, and-aman elədi ki, 
heç nədən xəbərim yoxdu.  
Şaxtalı-sazaqlı qış günləri yaxamızı rahat buraxmışdı. Yaza nə qalıb ki... Bakı səmasında 
gülümsəyən ilıq mart günəşi şəhəri ağuşuna alıb oxşayır, əzizləyirdi. Bir axşam yuxumu 
qarışdım, gün uzunu narahat-nigaran ora-bura yumalandım, axır bəd xəbər gəldi, özünü çox 
gözlətmədi: Rəcəb, İsmayıl dayı ölüb, gəl! Leylanın bir cümləlik sms-i içimi odladı. İsmayıl 
dayı, İsmayıl dayı... Bədbəxt!!! Həmişə ürəyimdə bir ümid işığını sönməyə qoymurdum: əlimə 
pul keçən kimi İsmayıl dayıya təzə əyin-baş alacam, nə qayğısı, ehtiyacı vardısa, hamısını 
ödəyəcəm. Olmadı! Leylanın ağlamaqdan gözləri şişmişdi. İsmayıl kişinin qızları başına-gözünə 
döyüb ağlaşırdılar. Elə bil, daxma bu nurani, xoşrəftar kişidən sonra yetim qalmışdı. Aysel məni 
görcək yanıma gəldi, dizimi qucaqlayıb ağladı. İsmayıl dayının cənazəsini qəbiristanlığa 
götürəndə Leyla:  
- Maşını aparıblar! - dedi. 
- Necə yəni aparıblar?! Kim?!  
- Axşam! Açığı, bilmirəm, yəqin bankın işçiləri... - doluxsundu.  
Beynimdən ildırım sürəti ilə bir fikir keçdi: bəlkə, İsmayıl dayını infarkt edən elə budur?! 
Ürəyimdəkiləri dilimə gətirdim.  
- Kişi həyəcandan canını qoymağa yer tapmırdı. Çox dedim ki, narahat olma, özünü üzmə, harda 
olsa tapılacaq, amma yox... Axşam canı ağrıyırmış, yatıb, heç nədən xəbəri olmayıb. Səhər... - 
Leyla gözünün nəmini qurutdu, - gəlib xəbər verəndə uşaq kimi ağlayırdı. 
Siqaret yandırıb İsmayıl dayı ilə tanışlığımı xatırladım. Qapımı döyüb duz istəməyi, darıxanda 
özümü yanına verib köhnə əyyamlardan olan söhbətlərinə qulaq verməyim, yoxsulluğuna görə 
onun halına acımağım... Hər şey gözümün qabağına gəldi. Qəbiristanlıqdan qayıdanda baş 
redaktorun zəng vurmasını, məni işə qaytarmaq üçün minnətçi düşməsini Leylaya danışdım. 
İnanmadı, dönə-dönə soruşdu ki, bəlkə məni arxayın salmaq, yüngülləşdirmək üçün zarafat 
edirsən?! Axır inandırdım, gözləri doldu, qoluma girdi ki, gedək bizə, hər şeyi ətraflı danış, bu 
nə deməkdi, nə ola bilər?! Həmin gün sərxoş olana qədər içdik, dərdləşdik. Əslində, Leylanı 
sevindirən mənim işə geri çağırılmağım deyildi. Artıq inanmağa başlamışdı ki, Klaranın başının 
üstünü qara buludlar alıb.  
Səhəri qəzetləri, xəbər portallarını oxuyanda gözlərimə inanmadım: Klaranın da, atası general 
“Zevs”in də həbs təhlükəsi ilə üz-üzə qaldığını yazırdılar. Deməli, xəbər saytları da, üzdə özünü 
müstəqil göstərən qəzetlər də onların nəzarətindən çıxmışdılar. Düzdür, bizdə “etibarlı mənbə”yə 
istinad olunan bütün xəbərlər yalan, etibarsız çıxır, amma hər halda, gedişat göstərirdi ki, yuxarı 
eşalonda vaxtilə özünü hər şeydən sığortalamağı bacaran general haqqında məsələ həll 
olunmuşdu. Güman ki, əlverişli vaxt üçün fürsət gəzirdilər. Qəzetlər bir həftə bu mövzudan 
yazdılar, siyasi təhlilçilər şərh verdilər ki, təkcə general və Klara yox, bir neçə başqa məmurların 
da həbsi gözlənilir. Bir-birilə qovhaqovda olan xəbərlərə biri də əlavə olundu: generalın tikinti 
biznesi və pulu əlindən alınıb aldadılan 635 sakin... Bir gündə minə yaxın insan ayağa qalxdı. 
Telekanallar, qəzetlər bəh-bəhlə göstərdilər, yazdılar...  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə