Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

Bahar bayramına az qalmış Leylanın telefonuna bir nəfər zəng vurub görüşmək istədiyini dedi. 
Ehtiyat edirdi, doğrudan da vəziyyət qəzetlərin yazdığı kimiydisə, qorxurdu gethagetdə Klara 
onu aradan götürtdürüb, gündəmi dəyişdirər, mətbuatın diqqətindən yayınaydı. Leylaya ürək-
dirək verdim, inandırdım ki, hər şey yaxşılığa doğrudur, görüşsən pis olmaz. Gün uzunu ona 
zəng çatmadı, nigaranlıqdan canımı qoymağa yer tapmırdım. Gərək, qoşalaşıb bir yerdə 
gedərdik, onu tək buraxmaqda ağılsızlıq elədim. İnşaatçılar metrosunun həndəvərində 
vurnuxanda Leylayla tanışlığımın, lap dəqiqi, bu günəcən yaşadıqlarımın səbəbkarı olan şəkilləri 
çıxarmaq üçün “Kodak”a tələsdim. Şəkilləri götürüb birbaş yataqxanaya gəldim. Həmin günün 
axşamı Leylanın telefonda eşidilən səsindəki sevinci ifadə etmək çətindir, çox çətindir.  
- Gəl, tez ol! Bu dəqiqə gəl bizə!  
- Bəlkə...  
- Nə bəlkə, dedim dur gəl!  
- Deyəsən hər şey yaxşıdır, hə?!  
- Yaxşıdır, yaxşıdır. Gözləyirəm.  
Evdən çıxanda sms yazdı: “Viski al gətir”. Cibimdə bircə qotur manatım varıydı. Pisikdim, 
yoxsulluğun acısı sinəmi göynətdi. Heç kimə deməyin: Leyla ilə aramız nə qədər açıq, 
münasibətimiz nə qədər isti olsa da, bu zəhrimar pul məsələsində yaman çəkingəniydim. Amma 
utanmaq vaxtı deyildi, yazdım ki: “Cibimdə siçanlar sevişir, əl salsam günaha bataram.JJJ “ 
Deyəsən, bu düşük şairanə etirafdan xoşu gəldi, zəng vurub canıyanar səslə mənə təsəlli verdi, 
üstəlik, təntənəli və ehtiraslı tərzdə darıxdığını dilə gətirdi.  
Qapıdan girər-girməz, atılıb boynumu qucaqladı. Çaş-baş qaldım, üzücü, kədərli günlərdən sonra 
insan fərəh hissinə bu qədərmi susayır?! Süfrə açmışdı, bu vur-çatlasının səbəbini açıb-
ağartmazdan əvvəl ovcuma pul basıb məni viski dalınca göndərdi. Sonra boynuma sarıldı, 
sevindiyindən az qala qol götürüb oynayacaqdı.  
- Bir azdan qonağımız gələcək.  
- Kim?!  
- Klaranın əzab verdiyi, dustağa çevirdiyi adamlardan biri.  
- Harda tanış oldunuz? Yoxsa... yoxsa sənə zəng edən o idi?!  
- Hə, o idi. İndiyə qədər gəlməliydi. Nəsə gecikir.  
Onu sorğu-suala tutmaq istəmədim. Həmin adamın özünü gözləmək ən yaxşısıydı. Təxminən bir 
saata yaxın vaxt keçdi, Leyla ora-bura vurnuxdu, telefona əl apardı, qonağın nömrəsini yığdı. 
Telefona cavab verən yoxuydu, çağırış zənglərini birbəbir saymaq işə yaramadı. Narahat olduq, 
deyəsən, o adam kimdisə, başında bir iş varıydı. Leyla hər şeyi danışdı mənə. Nicat adlı o adam 
Klaranın otellər şəbəkəsinin rəhbəridir. Neçə il əvvəl ailəsini xaricə göndərib, özü var-dövlətini 
götürüb ölkəni tərk etmək istəyəndə, Klaranın yaxın adamları bundan duyuq düşüb, xəbər 
veriblər. Nicata Klaranın əmri ilə 40 gün dəhşətli işgəncələr veriblər, sonralar onu yenidən öz 
işinə qaytarıblar, amma günahının bədəlini ömrü boyu ödəməliymiş: ailəsinin üzünə həsrət qalıb. 
Leylaya deyib, Klaranın özbaşınalıqlarından çox adam boğaza yığılıb, qisas almağa fürsət 
gəzirlər. İllərdir ailə-uşağından uzaq düşən Nicata xəyanətinə görə verilən cəzalar bununla 
bitmirmiş. Leylaya söz verib ki, axşam görüşəndə hər şey haqqında geniş danışacam, indi 
qorxuram, kimsə görüşdüyümüzdən xəbər tutsa, bu dəfə yüz faiz öldürəcəklər. Nicat Leyladan 
ayrılanda ona 50 min manat verib ki, hələlik buna gücüm çatır, bir-iki adam var, onlarla görüşüb 
söhbət edəcəm, çalışacam, sənin gələcək işlərin üçün pul köməkliyi edim. Leylanı arxayın salıb: 
Klara haqqında nə danışılır, nə yazılırsa, hamısı doğrudur.  
Saat birin yarısı Leyla səbrini basa bilmədi, tərsliyinə saldı ki, Nicatın evinə getməliyik. 
Qorxurdum, əgər onun başına bir iş gəlmişdisə, biz də bundan sığortalanmamışdıq. Kimə 
deyirsən, tutduğundan əl çəkmədi, taksi saxlayıb Nərimanova - Nicatın yaşadığı binaya gəldik. 
Leyla mənzilin yerini yadında saxlamışdı. Çin resoranının arxasındakı binanın üçüncü 
mərtəbəsinə qalxdım. Nişan verilən qapının zəngini bir neçə dəfə basdım, qapını döyəclədim, 
açan olmadı. Kor-peşman qayıtdım, taksi bizi evə gətirdi. Leyla yol boyu içini çəkə-çəkə 
ağlayırdı. Saat dördə qədər içdik, siqaret çəkməkdən ödüm ağzıma gəldi, baş gicəllənməsindən 
yaxa qurtarmaq üçün hər şeyimdən keçməyə hazırıydım. Tərslikdən, böyrəklərim, qabırğalarım 
ağrımağa başlamışdı. Döyülməyimin üstündən üç aya yaxın vaxt keçmişdi, amma bu zəhrimar 
ağrı-acı canımı rahat buraxmırdı ki, sahman başla yaşayım. Yatanda pencəyimin cibindəki 
şəkilləri xatırladım. Leylaya verəndə sevindi, köhnə xatirələrə daldı, anası üçün doyunca ağladı.  


O axşamın səhəri saytlarda oxuduğum xəbərdən tüklərim biz-biz oldu: “Novxanı yolunun 
üstündəki çöllükdə on yeddi bıçaq xəsarəti almış kişi meyiti tapılıb. Meyitin üstünə baxış keçirən 
zaman məlum olub ki, A. Nicat R. oğlunun cinsiyyət orqanı kəsilərək ağzına qoyulub. Fakt üzrə 
Binəqədi prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır”.  
Hadisə haqqında Leylaya danışanda ağladı, ümidsizcəsinə bizim də faciəvi aqibətimizdən qorxub 
“bəlkə bu günlərdə evdən bayıra çıxmayaq?” dedi. Əslində, ağlabatan fikir idi. Ən yaxşısı bir 
neçə günlük bu evdən çıxmaq, gözdən-könüldən uzaq bir yerə çəkilib, hadisələrin gedişatını 
izləmək lazım idi. Razılaşdıq.  
Əmlak agentliklərindən birinə zəng vurub Həzi Aslanov metrosunun yaxınlığında iki otaqlı ev 
kirayələdik. İkicə gün keçməmişdi ki... İkicə gün keçməmişdi ki, ölkəni başına götürən xəbərdən 
danışmayan adam qalmadı: Zevs həbs olunmuşdu... Televiziyaların, qəzetlərin, saytların baş 
xəbəri qoluna qandal taxılmış generalın aqibəti haqqındaydı. Bəs Klara?! İkicə ay əvvəl Klara 
haqqında bircə cümlə yazmağa ehtiyat edən qəzetlərin, saytların indi manşet xəbərləri general 
qızı haqqındaydı: “Klara xaricə qaçıb. Hakimiyyət dəhlizindən mətbuata sızan məlumata görə, 
onun həbs olunması hələlik münasib sayılmır. Müxalifət düşərgəsində yaranan aktivlik 
səngiyəndən bir müddət sonra general qızının da zindan həyatı başlayacaq”.  
Həmin günlər Leylanın hansı hisslər keçirdiyini başa salmaq, uzun-uzadı danışmaq məndən ötəri 
çətindir, çox çətindir. Bir gecə möhkəm içib oğlunun, anasının şəkillərini sinəsinə sıxdı, ağladı, 
onu kiritməyə gücüm yetmədi, yetmədi...  
 
 
Ağaclarla, küçələrlə qolboyun...  
 
Aprelin əvvəlləri Sevincin səsi acı bir xəbər gətirdi həyatıma: Əsmər xəstədir, yatır.  
- Dünən zəng vurmuşdum, - Sevinc danışırdı. - bir-iki kəlmə kəsdik. Səndən söz saldım, əvvəlcə 
susdu, sonra ağladı ki,...  
- Hə, nə dedi? Mənim haqqımda nə danışdınız?  
- Bu gün gedək evlərinə.  
- ... - İndi xəcalət hissiylə xatırladığım o gün gəldi gözümün qabağına: Anasının üzümə qapı 
bağladığı, çiynimdə göylərin ağırlığını hiss etdiyim gün...  
- Hər şeyi mənə danışıb. Sən anasında günah görmə.  
- Gəlməyimi özü istəyib?!  
- Rəcəb, uşaqlıq eləmə...  
- ...  
Tələsik paltarımı dəyişib özümü gül mağazasına verdim. O çiçəkli pəncərəyə doğru təkcə mən 
getmirdim; yolları da, ağacları da yanıma almışdım, tələsirdik, hamımız tələsirdik. “Kaş 
restoranda çəkilən o rusvayçı görüntülər olmayaydı”. - yolboyu dodağımın altında vird edirdim, 
öz-özümə pıçıldayırdım. “Baxıblar, baxıblar”, - Aprel günəşi başıma döyür, xəcalət təri 
dabanıma axırdı. Sevinc qabağa düşdü, səs-küyünü başına atdı. Guya yanına salıb gətirdiyi 
oğraş, peyğəmbər zövcəsinin züryəti, törəməsiydi. 
Əsmər... Üz-gözü soluxmuşdu, bir dəri, bir sümükdü. Onun bu halına dözmədim, doluxsundum. 
Sevinc bizi baş-başa qoyub bir bəhanəylə yan otağa keçdi. Uzun-uzun susduq, ağzımıza su aldıq. 
Çiçək bağlamasını yastığının yanına qoydum, yenə lal-dinməz dayandım. Gözlərini tavana 
zilləyib nəsə düşünür, hərdən yüngül-yüngül köks ötürürdü. Özümdə güc tapıb əlini tutdum. 
Aylardır bu əllərə, bu göyərçin əllərə möhtacdım. Dönə-dönə öpdüm, köksümə sıxdım.  
- Sənsiz çox çətindir Əsmər. Barışaq, barışaq... Hər şey yaxşı olacaq.  
Onun dodaqları titrəməyə başladı.  
- Bilirəm, günahların hamısı məndədir. Hər şeyi yazmışdım axı...  
Gözləri dolmuşdu. Bilirdi nə haqqında danışırdım: o məşum görüntü... Üzünü yan tutub içini 
çəkdi.  
 
Zığ qəbiristanlığında fəlakət 
 
Sən adamı səhradakı qarışqa yuvasının  
yanında uzatmalısan, başa düşdün? Onun üzü 


yuxarı olmalıdır, sifətinə bal çəkməlisən. 
Sonra göz qapaqlarını kəsməlisən ki, canı 
çıxınca günəşi görsün. 
Kurt Vonnequt, “Sallaqxana №5 və ya  
uşaqların səlib yürüşü” romanından...  
 
- Bir az ətraflı danış, - Səbrimi basa bilməyib hikkəylə dilləndim.  
- Mehrab mənimlə söhbət edəndən sonra Vüqarın izinə düşübmüş. Gecəyarı iki nəfər tanışı ilə 
maşının qabağını kəsiblər, Zığdakı qəbiristanlığa düşürüb gözdən uzaq bir yerə aparıblar. Zəng 
vurub məni çağıran kimi getdim. Əclafı pis döymüşdülər, dili söz tutmurdu. Mən qəzəbimi 
birtəhər boğdum, başqa yolum yoxuydu. Sakit, bir az da qayğıkeş səslə onu sorğu-suala tutdum. 
Ağzını açan kimi “Bilirəm, məni öldürmək...” - barmağımı dodağıma yaxınlaşdırıb “sus” işarəsi 
verdim. İndiyəcən nə etmişdisə, hamısını boynuna aldı, ağladı, yalvardı.  
Leyla dərindən nəfəs alıb siqaret yandırdı. Qəhərlənmişdi. Biz Həzi Aslanovda kirayələdiyimiz 
evdə söhbət edirdik.  
- Nəyi boynuna aldı?  
- Klara ilə başıma hansı oyunlar açdıqlarını. And içdi ki, guya anamın ölümü haqqında nəsə 
bilmir, bunu Klara edibsə də, dəqiq heç nə deyə bilməz. Amma yalan danışırdı, anamın ölümünə 
Klara baiskardır. And içmişdim ki, onunla işim olmayacaq... axırda danışdıqları məni 
havalandırdı.  
- Nə?  
- Rəcəb...  
- Danış.  
- Ayxanın ölümündə... - Leyla hönkürdü - Ayxanı da Klara...  
Ayağımdan yerə mıxlandım, otaq başıma dolandı.  
- Ayxanın həkimlərinə tapşırıb ki... o uşaq ölməlidir. Deyir, həkimlər uşağın bədəninə tədricən 
ölümə aparan dərman yeridiblər. Təsəvvür edirsən, bu adam öz balasının ölməyinə razı... - Onun 
əli-ayağı əsməyə başladı. Tamam qüvvədən düşmüşdü, rəngi ağappaqdı. - Görürsən mənim 
başıma nələr gətiriblər? Dözə bilmədim, üstünə hücum çəkdim, onu öz əllərimlə boğmaq 
istəyirdim. Uşaqlar təzədən Vüqarı döydülər, deyəsən, bir qolu sınmışdı, yerdə zarıyırdı. 
Qəbiristanlıqda atıb gəldik. Bilmədim, alçağın axırı necə oldu. 
“Yaxşıyam. Hər şeyi başa salmaq vaxtı deyilmi? Əsmər.”  
Sevindiyimdən başımı divara döydüm.  
“Səni inandırmaq üçün özümü aciz bilirəm. Gərək hərf-hərf, cümləbəcümlə inanasan! Sənin 
yazıçın”.  
“Buna da dözərik! ”  
Leyla ümidsizliyin cəngindən yaxa qurtara bilmirdi. İçib sərasər dörd saat onu təsəlliyə tutdum; 
dərdini, qayğısını dağıtmaq üçün ilin dili çıxardım. Tək qalmaq istəyirəm dedi, tək, təkcənə... 
Həmin gün borcunu ödəyib maşını bankdan götürdü. Kredit şöbəsinin müdiri ilə dilləşdi, 
qəzəbindən stolun üstündəki noutbuku müdirin üstünə tolazladı, gurultuya, qışqır-bağıra işçilər 
tökülüşüb gəldilər. Yol boyu kirimədi, elə hey deyirdi ki, İsmayıl dayının ölümünə bu oğraşlar 
bais oldular. Barışa bilmirdi: necə yəni bank maşını özbaşına götürüb aparsın... Dilimə güc verib 
onu yenə təsəlliyə tutdum. Nə yaxşı, hərdən belə şeylər işə yarayır. Xeyli toxtaqlıq tapdı. 
Qorxurdum özünə qəsd edə, niyyətimi gözümdən oxudu. Gözləri xumarlana-xumarlana, bir az 
da fahişə ədasıyla:  
- Qorxma, sənin romanını oxumamış özümə qıymaram. - dedi.  
Ardınca dalğalı, uzun bir gülüş...  
- Ömrü boyu onu yazaram...  
Xoşuna gəldi. Atılıb boynumu qucaqladı. 
- Deyəsən, bacarmadın. 
- On gün sakit bir hücrəyə çəkilsəm, bitirərəm.  
- Həzi Aslanovdakı ev sənin ixtiyarındadır. Məndən nigaran qalma.  
Açarı alıb onu bağrıma basdım. Gecədən xeyli keçmiş yataqxananın zirzəmisindəki tapançanı 
yoxladım. Ürəyimdən keçdi ki, aparıb zibil qablarından birinə atım, başımdan rədd olsun! Elə 
bil, qeybdən bir səs gəldi: əl vurma! Üşənib zirzəmidən çıxdım. Evə çatar-çatmaz telefonu 


söndürüb, dan yeri sökülənəcən klaviaturanın düymələrini döyəclədim. Səhəri dözmədim, 
telefonu yandırar-yandırmaz Leylanın sms-ini aldım: “O alçaq özünü asdı.”  
Bu da Maestronun aqibəti!  
“Bəs Elçindən nə xəbər?” 
“Qaçıb xaricə. Deyəsən, Klaranın yanındadır.”  
“Maestronun adını sinəndən pozdurma. Yadigar saxla!” - Qəlbimə şeytan girdi, Leylanı 
axmaqcasına sancıb telefonu yenidən keçirdim. Yazmaq, yazmaq... Dəli ehtirasla klaviaturanın 
düymələrini döyəcləməkdən həzz almaq nə deməkdir, Tanrım?! Bu, havalanmağa gedən yolun 
başlanğıcı deyilmi?!  
 
Epiloq 
 
Mayın əvvəllərində Əsmər tam sağaldı, işə çıxırdı. Onu hər gün qarşılaya bilməsəm də, vaxt 
tapdıqca zəncirini qırmış it kimi Akademiyanın qarşısına götürülürdüm. Yenə küskündü, hər 
kəlməsindən qəzəb, qısqanclıq tökülürdü. Hər şeyə dözərdim; axı, bizim ulduzumuz 
barışacaqdı... Yoxumu var bilən bu Allah bəndəsindən sarı başım nələr çəkdi, nələrə dözdüm... 
Mənim romanla əlləşən vaxtlarımda Leylanın köhnə biznesmen dostlarından biri peyda olub, öz 
dediyinə görə, yaxşı pul qoparıb ondan. Vüqarın ölüm işi araşdırılanda Mehrabın hesabına 80 
min manat yatırdıb, Türkiyəyə yola salıb. Həmin günlərdə mən romanımı bitirib şad-şalayın 
Bakı küçələrində veyillənir, Leylanın təzə-təzə üzə çıxan dostlarının “halal” pulu ilə yeyib-içir, 
gödənimi doldururdum. Bir roman yazmaq nə olan şeydir, elə bil, göyləri mənə vermişdilər. 
Axmaq ağlımla xəyal qururdum ki, Əsməri qoltuğuma vurub kübar cəmiyyətlərinə gedəndə 
adamlar bu qüdrətli sənətkarın qarşısında təzim edib, təbəssümlərini əsirgəməyəcəklər. Əlbəttə, 
bunlar xam xəyal, daha doğrusu, zarafatdır, amma nədənsə içimə bir ümid dolmuşdu: aylarla 
əziyyətinə qatlaşdığım bu əsər həyatıma uğur bəxş edəcək. Çoxları üçün əlçatmaz olan bir 
qadının, ehtiyac içində çabalayan, min bir əziyyətə qatlaşan zavallı bir oğlanın həyat hekayəti 
hamı üçün maraqlı olmalıydı. Leyla kitabın böyük tirajla nəşr, reklam xərclərini boynuna 
götürdü. Kitab hələ çıxmamış, saytlarda, televiziyada, qəzetlərdə, metroda, avtobuslarda reklam 
kampaniyaları başladı.  
Həmin gün yaz yağışı yağdı. Hava sakitdi, kitabı nəşriyyata təhvil verib evə qayıdanda, özümdə 
cəsarət tapıb günün günorta çağı yataqxananın zirzəmisinə girdim. Tapançanı çantama qoyub 
xəlvət, ustufca əkildim. Leyla maşını birbaş Zuğulbaya sürdü. Yepyekə bir daşın üstündə 
dayanıb dənizdən qalxan yosun ətrini ciyərlərimizə çəkdik, yaz yağışının altında o oxudu, mən 
uzaqlara baxıb kövrəldim. Kaş Əsmər də yanımızda olardı... Axı, Leylanın tək-təkcənə 
oxumağını çoxdan arzu edirdi. Gələrdimi yəni?! Olardımı belə şey?!  
Ətrafda bir inni-cinni gözə dəymirdi. Tapançanı var gücümlə dənizə atdım, bu vahiməli, 
üzüsoyuq dəmir parçası qırçın ləpələrin arasında görünməz oldu. Qayıdanda yolumuzu İsmayıl 
dayının məzarından saldıq, bu əməlisaleh kişinin ruhuna dualar oxuduq. Axşam Leyladan yenə 
pul xahiş elədim: Balaca qızcığazın - Ayselin ailəsi üçün...  
 
Sözardı...  
 
Kitabımı nəşriyyatdan götürəndə cildçi qızların yanında atılıb-düşmək istədim. Nə qəribə 
sevincmiş, ilahi... Evimizə zəng vurdum, atamı muştuluqladım. Kişinin səsi sevindi, fərəhləndi. 
Reklam nə böyük qüvvəymiş. Lap ilahi qüvvə kimi. Kitab mağazalara paylanar-paylanmaz - heç 
bircə həftə keçmədi, sifarişlər gəlməyə başladı. Deməli, bir kitab adamın həyatını dəyişə 
bilərmiş. Xoşbəxt günlərimin binası qoyulmuşdu. Əsmər gecədən xeyli keçmiş zəng vurub 
“Oxudum, inandım, sevdim. Səni bağrıma basmaq istəyirəm”- dedi. Paltarımı əynimə keçirib 
çiçəkli pəncərənin altında onu gözlədim, gəldi. Blokun qaranlıq küncündə qolumun altında 
büzüşüb sinəmi yumruqladı: bilirdim, xəyanətimi boğazından keçirmək, məni bağışlamaq 
gücünü özündə tapa bilmirdi... 
Bircə Leylanın o sms-i olmayaydı. İçimi ovuc-ovuc şübhəylə doldurdu, canıma nigaranlıq 
çökdü. Nə demək istəyirdi bu axmaq: “Oxudum. Sənin nə böyük ürəyin varmış, Rəcəb! Özümü 
tanıdım. Mən elə bu kitabdakı adamam. Hər şey öz adıyla olanda gözəl olur. Nədənsə mənə elə 


gəlir, paklaşmışam, durulmuşam. Nola, Tanrı canımı yuxuda ala. Almasa... Özüm, özüm günah 
girdabına yuvarlanıb cəhənnəmi əbədilik qazanacam. Sənin qəhrəmanın”.  
 
 
İyun 2010, oktyabr 2012, Cəlilabad-Bakı… 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə