Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   2   3   4   5   6   7   8   9   ...   49

əlacsızlıqdan mətbuat konfransı keçirib kamera qarşısında ağlaya-ağlaya siqaret alışdırmağı, 
rusvayçı porno görüntülərinəcən hər şeyi iki daşın arasında ona xatırlatmaq mənim bütün 
arzularımı alt-üst edə bilərdi. Əslində, Leylanı danışdırmağımın səbəbi jurnalist marağından 
doğan şüuraltı istək idisə, onu təhdid etməyimdə daha böyük məqsədim vardı. Qulağınızı 
şəkləməyin, bir göz qırpımında ürəyimə girib məni diksindirən bu niyyəti kiminləsə bölüşməyi 
ağlımın ucundan belə keçirmirəm. Dəfələrlə sınamışam: qabaqcadan demək mənə ancaq bədlik 
gətirir. Leylanı ölümün cəngindən qurtara bilsəm, taleyin qarşıma çıxardığı bu şirnikləndirici 
qisməti sizin də ovcunuza qoyacam, səbriniz olsun, lütfən! Bu işin öhdəsindən gəlmək, 26 illik 
həyatımın dönüş nöqtəsi demək idi. 
- Mənim vəziyyətim sənin fikirləşdiyin kimi sadə deyil, Rəcəb. Nə isə, sağlıqla qal! 
Tfu!!! Lənətə gələsən, hər şeyin zibili çıxdı. Onu fikrindən daşındırıb heç olmasa beşcə dəqiqə 
ləngitmək üçün, pişik başı bəzəyən ağ yalana ehtiyac var idi; bunsuz keçinmək mümkün deyildi, 
yoxsa həyatımın dönüş nöqtəsinin ağzına daş basıb, yerindəcə boğa bilərdim. Şubasının yaxasını 
qaldırıb ikicə addım uzaqlaşmışdı ki, Allah içimi sözlə doldurub dadıma çatdı, dilim ağzımda 
sevindi.  
- Leyla xanım, az qala unutmuşdum, sizə bir sürpriz etmək istəyirəm. - Yenə “siz”. 
- Sürpriz?!- Ayaqlarından yerə mıxlandı.  
Yaşasın yalan!!!  
- Deyəsən, evə tələsirsiniz. Mane olmaq istəmirəm. 
- Yox, o qədər də vacib işim yoxdur. - Şirin-şirin gülümsədi. - Biz indi tanış olmuşuq, nə sürpriz 
ola bilər? 
- 2003-ci ildə xəbər saytlarından birində sizinlə foto söhbət olub. Yəqin xatırlayarsınız. Ananızın 
qucağında, yelləncəkdə çəkdirdiyiniz, məktəb, tələbəlik illərinizdən qalma xeyli şəkliniz var. Bu 
yaxınlarda görmüşəm.  
Təəccüblə içini çəkdi.  
- Şəkillər hardadır? İndi gətirə bilərsən? 
- Sizdə əsli qalmayıb?  
- Yox, hamısı məhv olub getdi. Başqa hansı şəkillər vardı?  
- Birinci sinifdə çəkdirdiyiniz şəkil xoşuma gəldi. Uzun, qara hörükləriniz var, gülümsəyirsiniz. 
Yanınızdakı oğlanla əl-ələ tutmusunuz. Boyda sizdən bir az hündür, ağbənizdir. 
- Mehrab... - Leylanın üzü birdən-birə meyit rəngi aldı.  
- Qohumunuzdur?  
- ... - Udqundu. 
- Sizə oxşarlığı vardı, yəqin qohumsunuz.- Ehtiyatsızlıq etdim. Onun üstünə getmək olmazdı. 
Şəxsi həyatına burnumu soxduğuma görə üstümə çəmkirib acıqlana bilərdi. Şəkillər haqqında 
hər şeyi bir azdan danışacam. İndi vaxt yoxdur, məni tələsdirməyin, xahiş edirəm, işlər yenidən 
korlana bilər! 
- Hə, bibim oğludur, bir sinifdə oxumuşuq. İndi Türkiyədə yaşayır.  
- Adını çəkəndə narahat oldunuz, istəmirdim belə... Bilirsiniz, peşman oldum. Bağışlayın. - 
Hiyləgərcəsinə mızıldandım. 
- Xahiş edirəm, Rəcəb, o şəkilləri bu gün mənə çatdır. Çox vacibdir.  
- Başa düşürəm, indi sizə kömək etmək lazımıdır, tək qalmısınız. Amma bilirsiniz...  
- Mənə kömək etmək istəyirsinizsə, şəkilləri bu gün gətirin. Bu yaxşılığı heç vaxt itirmərəm. 
- Söz vermirəm, amma nə qədər mümkündür çalışacam. Sizə kömək etməyi özümə borc bilirəm.  
Qaş-qabağını töküb uzun-uzadı nəsə fikirləşdi.  
- Təəccüblənmisiniz ki, şəkilləri hardan ələ keçirmişəm?!- Sınayıcı nəzərlərimi üzünə zillədim.  
- Üstündən altı il keçib. Necə də yadınızda saxlamısınız.  
- Bilirsiz, Leyla xanım, siz çox məşhursunuz. Elə günlərim olub, mahnılarınızla nəfəs almışam, 
yaşamışam. Sizi indi də sevənlər az deyil. Onların xətrinə möhkəm olmaq lazımdır. Əvvəlki 
cəsarətinizdən əsər-əlamət qalmayıb.- Əslində, əvvəlki həyasızlığınızdan demək daha doğru idi. - 
Mən buna çox üzülürəm. 
- Niyə mənə bu qədər can yandırırsız? 
- Ona görə ki, başını eşq havasından itirən yeniyetməliyimin nəğmələr qoşan əfsanəsi 
olmusunuz. - Pah!!! 


Xoşallandı. Güldü. Şirin-şirin. Bilirdim, bu şirinlik onun içindən tam çəkilməyən insan həyasının 
bir çimdik qədəriydi. Deməli, bu qocaman ləçəri xilas etmək üçün o qədər də gecikməmişdim.  
- Qəribə oğlansan... - Əla, deməli, ortadakı quru rəsmiyyətçiliyi götürmək istəyir - Sən nə işlə 
məşğulsan? 
- Jurnalistəm. 
-Hmm... - Gözləri yol çəkdi - Mənim bu hala düşməyimdə jurnalistlərin də əməyi böyükdür - 
istehza ilə güldü.  
- Xəbərim var. Amma mən sənə kömək edəcəm.  
- Necə? 
- Bir yazı yazıb sənin müdafiənə qalxacam. 
- Yox, lazım deyil, özünü zərbə altına vermə.  
- Nə zərbə? Nigaran qalma, çətin günlərində yeniyetməliyimin əfsanəsinə dayaq olmaq 
borcumdur. 
- Mənim vəziyyətim çox pisdir, Rəcəb. Dedim, axı, sənin bilmədiyin çox şeylər var.  
- Axı, bir az əvvəl İsmayıl dayıya dedin ki, hər şey əladır?  
Dinmədi. 
- Şəkillərimi gətirsəydin, nə gözəl olardı!.. 
- Sabah mütləq gətirəcəm. 
- Sabah mən olmayacam... - Özünü ələ verdi - bu evə bir də iki aydan sonra qayıdacam. - Axxx, 
Leyla, tülkülüyündən qalmırsan! 
- Bu qədər gec?  
- Bəlkə heç gəlmədim. Sağlıqla qal!  
- Elə bilirdim, məni özünüzlə aparıb, çaya qonaq edəcəksiniz.  
- Başqa vaxt! - ciddi ədayla dilləndi. İçimə dəhşətli bir narahatlıq çökdü. Bir-iki addım atıb ayaq 
saxladı. Onun dikdaban ayaqqabılarının taqqıltısı ürəyimin döyüntüsünə qarışdı. 
- Mənim haqqımda nəsə yazmağı yadından çıxar. Başına iş açma, yazıqsan! 
Oktyabrın Yasamala qənim kəsilən başıpozuq küləyi binaların damındakı çanaq anntenalarını, 
elektrik məftillərini silkələyib əcaib bir səslə üstümə şığıyırdı. İçimə dolan uğursuzluq ağrısını 
canımdan çıxarmaq üçün başımı səmaya qaldırdım. Göy üzünün bət-bənizi qaralmışdı, adama 
elə gəlirdi, axıb gedən sərgərdan buludlar sap-sap selləmə yağışı uzaq-uzaq ellərə aparırdılar. 
Yuxarı mərtəbələrdəki artırma və pəncərələrdən boylanıb qulağını şəkləyən adamlar bir gözü ilə 
Leylanı ötürür, ikincisini mənim üstümdə əsdirirdilər. Hansısa təmizkar qadının üzbəüz 
beşmərtəbədəki paltar ipindən asdığı dümağ döşəkağı, mənim adımdan qaldırılan ağ bayraq idi: 
özünü güdaza vermə, qəzetçi babasan, işinlə məşğul ol!!!  
Yumruğumu sıxdım. Allah dadıma çatar, Leylanın üzünə meyit qaralığı gətirən şəkildəki ağbəniz 
Mehrabın kimliyini də öyrənərəm. “Sizə sürprizim var” deyib, ayağını yerə mıxladanda, 
ürəyimdən keçən “yaşasın yalan!” nidasının şəkillərə o qədər də dəxli yox idi. 2003-cü ilin 
oktyabr hadisələrindən sonra redaksiyalara təzə-təzə ayaq açmağım münasibətilə səsi 
ekranlardan, şəkli qəzet səhifələrindən düşməyən qalınqaş redaktordan bir tapşırıq almışdım: 
“dilənçilərin narıncı inqilab sevgisi” mövzusunda araşdırma yazısı yazmaq. “Jurnalistika 
fakültəsinin əlaçısıyam” ötkəmindən doğan incə yumorla bu adama hiss etdirmişdim ki, məni 
şeyinə sarıma! Yevlaxdan canını götürüb qaçan sırtıq qaraçı qızlar, əlil arabasından dizini 
sallayan şikəstlər, kimsəsiz qocalar inqilabın, özü də sadə yox, zəfəran rəngli inqilabın nəmənə 
olduğunu hardan bilir? Mənimlə apardığı uzun tərbiyəvi söhbətdən sonra başımı piyləyib yazını 
boynuma qoymuşdu. Çoxdan görüşməsək də, o mənim xatirimdə nikbinliyini qoruyan birisi kimi 
qalıb.  
O vaxtlar binaların zirzəmisində təzə-təzə peyda olan internet klubların birinə düşüb, dilənçilik 
haqqında maraqlı faktlar axtaranda Leylanın şəkilləri qabağıma çıxmışdı. Bağça, məktəb, 
tələbəlik illərində çəkdirdikləriydi. Anası ilə bircə şəkli vardı: gün düşdüyündən gözünü qıyıb 
fotoqrafın üzünə gülümsəmişdi. Anası cavan, yaraşıqlı görünüşü, qayğılı gözlərilə yadımda 
qalıb. Təzə-təzə başlayan tanışlıq bağlarımıza düyün vurub bərkitmək üçün şəkilləri diskə 
köçürüb Bakı Musiqi Akademiyasında fortepiano öyrənən Əsmərin görüşünə tələsmişdim 
(Görürsünüzmü, mənim istəklim artıq Şubert və Şopenin dünyəvi simfoniyalarını tələbələrinə 
öyrədir, amma evlilik hələ də nəsibimiz olmayıb; mən hələ də gecə yarıyadək ona sevgi sms-ləri 
yazıb, yuxusuna haram qatıram, İlahi!) . 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə