Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   2   3   4   5   6   7   8   9   10   ...   49

 
Əsmərin Leylaya olan sevgisi sənət yanğısından gələn istək idi. Telekanalların ciy-ciy səsli 
boşboğaz aparıcılarının hay-küylü açıqlamalarından xatirimdə qalanları Əsmərlə bölüşüb 
Leylanın çıxardığı hoqqalara başımı yelləyəndə, o, Leylanın səsindəki yanğının təkrarsızlığından 
ağız dolusu danışır, istedadının əvəzedilməzliyini dönə-dönə boğazıma təpmək istəyirdi. Keçmə 
Əsmərin bu hikkəsindən! Əsəblərimi korlayan bu səfeh vərdişi ona tərgitdirmək niyyətim bir işə 
yaramırdı. Mənim, “Başını eşq havasından itirən yeniyetməliyimin nəğmələr qoşan əfsanəsi 
olmusunuz” deməyim nə qədər bayağı və ucuz etiraf olsa da, əslində, ürəyimin dərinliyində kök 
salan qərib nostaljili səmimiyyət idi. Zəhlənizi tökmürəmsə, məktəb illərimin utancaq, uzun 
hörüklü və əllərini ağ göyərçin qanadına bənzətdiyim sevgilimdən danışım, aranızda başı pul 
qazanmağa qarışan, ürəyi sevgiyə yadırğayan varsa, içi saflaşsın, ruhu aydınlığa çıxsın. Mən 
özüm də bir siqaret yandırıb xatırlayıram ki, Leylanın o vaxtlar əl-əl gəzən kasetini yastığımın 
altında gizlədib uzun hörüklü Humayı yuxuma çağırardım. Eh, Humay, Humay!!! Həkim olmaq 
arzusuyla sinfimizdə fizikanı, biologiyanı hamıdan yaxşı bilən, sevgi romanları oxumaqdan 
başqa bir işə yaramayan havalı gözaltısına görə riyaziyyat dərslərində yanağı allanan istəkli 
qız!!! Təzə-təzə eşqə düşəndə saçımı suyla darayıb gödəkçəmin yaxasını qaldırardım, sinifə 
girəndə anamın ütüləyib cibimə qoyduğu yaylıqla ayaqqabımı parıldadardım ki, səliqəli olduğum 
xoşuna gəlsin. Mən nə edim ki, bütün dərslərdə dil-dil ötən bu mələk təbiətli qızın üzünə bəxti 
gülmədi. Tündməcaz atası elə həmin yay - imtahanlardan on beşcə gün sonra onun tələbəlik 
arzusunu bakirəliyinə qatıb bacısı oğlunun yatağına saldı. O gün mənim boğazımdan bir tikə 
çörək keçməmişdi. Leylanın kasetini həyətimizin beton döşəməsinə çırpıb çilik-çilik etmək 
istəyimi birtəhər boğub, başı pəncəsi üstə lal-dinməz mənə baxan itimizi yanıma salaraq, evdən 
qaçmışdım. Biçilmiş zəmi yerlərində axşamacan havalı-havalı dolaşıb ağrımı itlə bölüşmüşdüm: 
it ulamışdı, mən tələbə olmağımın sevincinə tüpürüb, tapdanan qüruruma, alçalan kişiliyimə 
qahmar çıxa bilməyib, yumruğum gözümdə xısın-xısın ağlamışdım. Amma nə gözəl ki
Humayın sonrakı taleyi yaxşı gəldi: Həyət-baca becərdi, ərini sevib mənim adımı, xatirələrimi 
boyat çörək kimi toyuq-cücəyə yedirtdi. Əkiz uşaq doğdu, gəlin gəldiyi evdən xeyli aralıda bir 
daxma qaralayıb içinə girdilər. Hərdən qulağıma çatırdı ki, deyingən bibisinin tənələrindən uzaq 
olduğuna yaman sevinirmiş. İndi mənim yaralarım sağalıb. Amma Humayın uzun hörüklərindən 
sarı yaman nigaranam. Əvvəllər, Əsmərə saçını hördürməyə çalışsam da, elə bil hansısa qızı 
mənə xatırladacağından duyuq düşüb (onunla Humaydan kəlmə kəsməmişdim) eyham vurmuşdu 
ki, istəmirəm, əl çək! 
“Sənin mahnıların, mənim uşaqlıq sevgimin himniydi” - deyə Leylanın “Toyota”sının yanında 
var-gəl edib düşünürdüm. Nə edim, hardan başlayım? Siqaret alışdırıb içimi zəhərlədim. Bu işdə 
mənə ancaq tale yar ola bilərdi. Qarşımda qəfil bir yol açılar və qeybdən gələn səs qulağıma 
pıçıldayar ki, bir az ağıllı və diribaş olsan, Leylanı ölümün cəngindən qurtarmaq nədir, onun 
bütün həyatını bitdə-bitdə öyrənərsən.  
Özünü öldürmək fikrindən daşınmasaydı, məsuliyyətdən yaxa qurtara bilməyəcəkdim. Cinayət 
işi, müstəntiqlə günaşırı çənə-boğaz olmaq, polis xofu... Düzdür, onun intihar etmək niyyətini bir 
mən bilirdim, bir ürəyim. Amma bu nəyi dəyişirdi? Ortada həm də vicdan məsələsi vardı (Nə 
qədər sadəlövhəm). Onun ardınca düşüb blokun sakit bir yerində qolundan tutmalıydım ki, 
Leyla, mən İsmayıl dayı deyiləm, cibindəki silahdan xəbərim var, hardasa konyakla 
zəhərlənmisən, ağlın başından çıxıb, özünə yazığın gəlsin! Onsuz da canı xofluydu. Üz bozardıb 
hədə-qorxu gəlsəydim, əl-ayağımdan öpərdi. Sonra hər şey qaydasınca davam edəcəkdi. Bir az 
ağıllı tərpənib yumşaq, kövrək sözlərlə ürəyinə yol tapmalıydım. Şəkil söhbətini təzələyib boyun 
olardım ki, cəhənnəmin uzaq küncündə olsa da tapıb gətirəcəm, nigaran qalma! (Cəhənnəmdə 
eşələnmək lazım deyildi, zənnim məni aldatmırsa, şəkillər Əsmərin kompüterinin ən hörmətli 
qovluğuna saxlanılırdı). Hələ üstündə hüznlü yeniyetməlik sevgimin yadigarı olan kasetini də 
ona hədiyyə edə bilərdim. Şəxsi əşyalarım, sənədlərim olan diplomatın içində illərdən bəri 
qoruyurdum.  
Əsmərə zəng vurdum. Bəxtimin üzümə gülmədiyi vaxtda ağlım kəsmirdi ki, ondan savayı kimsə 
dadıma yetsin.  
- Leylanın şəkilləri lazımdır, - Soyuq başla, həyəcansız danışırdım ki, artıq sualları vaxt almasın. 
- Onları kompüterində saxlayırsan? 


-Nəsə olub? Birtəhərsən? - Alınmadı. Bu adamın əlindən cibimdə qarışqa gizlədə bilmirdim. 
Hərdən zarafatla deyirdim ki, sənin hissiyyatın mənim başımdan dəqiq işləyir. 
-Yorğunam, çox işləmişəm. Keçən həftədən diktafonda iki müsahibəm qalıb, onları köçürürəm.  
- Şəkillər nəyinə lazımdır?  
Əsmər, bu sənin nəyinə gərəkdir? Adam bu qədər uzunçu olmaz axı... !!! 
- Redaksiyada lazımdı. Özünü tapa bilmirik. Yadıma düşdü ki, o vaxt sənə vermişdim. - Səsimi 
qaldırdım. 
- Evdə sıxılıram. Sən hardasan? - Telefondan Sezen Aksunun “Beni unutma” mahnısı səslənirdi. 
Deməli o, mənim üçün darıxır və doğum günündə hədiyyə etdiyim sevimli ayı balasını 
qucaqlayıb, evliliyimiz haqqında şirin xəyallara dalmışdı. 
- İşim çoxdur, sabah mütləq görüşərik. 
- Darıxıram. - Aciz-aciz dilləndi. Onun səsi anası üçün darıxan qızcığazın səsi qədər şirin, təmiz 
idi - İşlərini sabaha saxla, yanımda olmağını istəyirəm.  
Bildiyim ən dəyərli sözlərlə oxşadım onu. Dilimdən çıxan hər kəlmənin təsirinə inanırdım, bu 
bacarığa Humayı sevdiyim vaxtlarda oxuduğum sevgi romanlarından yiyələnmişdim. Dedim, nə 
yaxşı həyatımda sən varsan, mənə inanırsan, güvənirsən; sənsiz günüm-gündüzüm boz və 
mənasız olardı. Bilirəm, indiyədək mənim üçün hər əzaba qatlaşmısan, səbrini basıb dözmüsən, 
gözünün içinə baxa-baxa yalan danışanda boğazında düyünlənən qəhəri udub, dərdini ürəyinə 
axıtmısan. Mən səni dünyanın ən xoşbəxt qadını edəcəm, darıxma, Allah səbr edənləri sevir. 
Bəşəriyyətin ən gözəl şirmayı dilli fortepianosu bizim evdə səslənəcək, dünyanın ən güclü 
kişisinin qolları arasında uyuyanda ağlın başından çıxacaq. Birnəfəsə dediyim sözlər gec olsa da
təsirsiz qalmadı. Onun çarəsiz mızıltılarını uzun-uzadı susmaq və sözlərimin həqiqət olduğunu 
dönə-dönə təsdiq edən “inanıram”lar əvəz edirdi. Mən də Əsmərdən ürəyimə güvəndiyim kimi 
arxayın idim. 
- Müsahibə üçün Leyla ilə görüşsən, məni də özünlə apar.  
-Apararam... 
-Redaksiyadan göndərmək istəyirlər?! 
-İstəyirlər... 
-Necə tapacaqsız? 
-Bilmirəm, bu çox çətindir. Telefonlarını söndürüb, ən yaxın adamları da xəbər tuta bilmirlər.  
-Sizin qonşuluğunuzdan çıxıb? 
Offf, Əsmər, Əsmər, məcbur edirsən, səni acılayam. Bu çərənçiliyi nə vaxt öyrəndin?!  
-Çoxdandır gəlmir, xəbərim yoxdur. 
-İstəyirsən, mən də maraqlanım. 
-Lazım deyil! - Dözməyib, səsim çatan qədər üstünə çımxırdım - Şəkilləri poçtuma göndər! 
Binanın tinindəki internet klubun dəmir pilləni tappıldada-tappıldada zirzəmiyə düşdüm. 
“Youtube”da türk teleserialına baxan güdəboy administrator qaşlarını qaldırıb acıqlı-acıqlı məni 
süzməzmi? Yəqin, darısqal zirzəmini başına götürən ayaq səslərimdən diksinmişdi; elə bilib, 
pillələri qəsdən döyəcləyirəm.  
Əsmər vaxt itirmədən şəkilləri yollamışdı. Şəkilləri yaddaş kartına köçürüb, yolun o üzündəki 
“Kodak”a tez çatmaq niyyətiylə, pillələri iki-iki qalxdım. Növbə olsaydı şəkilçi oğlana göz 
basıb, artıq pul boyun olmaqla işimi aşıra bilərdim. Siqaret yandırıb boyun-boğazımı soyuqdan 
qorumaq üçün gödəkcəmin yaxasını qaldırdım. Yolu keçib “Kodak”a tələsmək əvəzinə, 
bilmədim ayaqlarım məni Leylanın maşınının yanına haçan gətirdi. Nigaran-nigaran yuxarı 
boylandım.  
Leylanın tör-töküntülü balkonundan gözümü birtəhər çəkib yolu keçmək istəyəndə tale üzümə 
güldü, bəxtimə sevindi. Onun artırmada görünər-görünməz uzun-uzadı mənə baxıb 
yaxınlaşmağımı işarə etməyi o deməkdi ki, Allah məni sıxıntı və intizarla sınağa çəksə də, ağrı-
acı içində vurnuxmağıma razı olmaz. Belə sevinmək həmişə nəsibim olmur: ürəyim sinəmi 
parçalayıb ayağımın altına düşə bilərdi; bacarsaydım qanad açıb uçardım, ya da uşaq kimi qol 
götürüb əldən düşənəcən oynamaq istəyirdim. Ayaqlarım özümdən qabaq Leylanın pəncərəsinə 
yaxınlaşdı. Yalnız indi ağlıma batdı ki, qız “Toyota”nı artırmanın tuşunda saxlayıb. Niyə?! 
Ürəyimə heç nə gəlmədi, buna görə baş sındırmaq halında deyildim. Qarğa ağzı aldadan tülkü 
kimi altdan yuxarı boylananda, orda-burda beş-altı pəncərə cırıltıyla açıldı, xosunlaşan adamların 
başı qaraldı. Leyla hürkdümü, yoxsa nədənsə bilmirəm, tələsik özünü evə atdı. “Ürəyi xofludur, 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə