Birinci fəsil: İman, İslam və mənəviyyat



Yüklə 0,52 Mb.
səhifə3/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
1   2   3   4   5   6   7   8

İkinci fəsil: Əxlaq


Əxlaqi baxımdan dəyişmə

Əxlaqi baxımdan dəyişmə - insanın hər bir əxlaqi qəbahəti, hər bir çirkin xarakteri, digərlərinin əziyyətinə, yaxud insanın öz geriliyinə səbəb olan hər bir pis və bəyənilməz xisləti kənara qoymaq, əxlaqi fəzilətlərlə və gözəlliklərlə bəzənməkdir. Bir cəmiyyətdə paxıllıq, xəbislik və kin olmasa, düşüncə sahibləri öz düşüncələrini digərlərinə qarşı təxribat, saxtakarlıq və aldatmaq məqsədi ilə işlətməsələr, savadlı və məlumatlı insanlar savadlarını xalqa zərər yetirmək, xalqın düşmənlərinə kömək etmək üçün işlətməsələr, bir cəmiyyətdə bütün fərdlər bir-birinin xeyrini istəsələr, bir-birinə ədavət bəsləməsələr, paxıllıq etməsələr, digərlərinin məhvi hesabına özlərinə həyat qurmaq və hər şeyi əldə etmək istəməsələr, bu, əxlaqi baxımdan dəyişmə və əxlaqın minimum həddidir.1


Bəşər dünyasının problemləri

Başqa bir mühüm məsələ əxlaqi xarakterlər və mənəvi paklıq məsələsidir. Quranın bəzi ayələrində bunun üzərində təkid göstərilmişdir. Peyğəmbərin (s) bütün İslam firqələri arasında məşhur olan hədisində deyilir ki, mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim. Baxın, bir cəmiyyətdə gözəl əxlaq və yaxşı xarakterlər vüsət tapsa, insanlar yaxşı əxlaqa – bağışlamaq, qardaşlıq, yaxşılıq, ədalət, elm və haqsevərlik xüsusiyyətlərinə malik olsalar, onların arasında insaf olsa, qəbahətlər və pis xüsusiyyətlər ortadan götürülsə, görün necə cənnətdə yaşayarlar!

Bu gün bəşər bu cəhətdən əziyyət çəkir. Bu gün bəşər dünyasının problemləri, dünyada və tağut quruluşlarında siyasi harınlıqdan yaranan problemlər əxlaqi köklərə qayıdır.2

Əgər İslam əxlaqı - İslamda bir insan üçün fəzilət sayılan və hədislərin təbirincə, ağlın qoşunu hesab olunan məsələlər yayılsa, xalq dözümlü və müqavimətli olsa, Allaha təvəkkül etsə, təvazökar və səbirli olsa, bu cəmiyyət cənnətə və gülüstana çevriləcək.3


Əxlaqi paklıq

Əxlaqi paklıq məsələsi, sadə yaşayış və dünyanın bərbəzəklərinə arxa çevirmək məsələsi elmi hövzələrdə ciddi sayılmalıdır. Belə olmasın ki, tələbə dərs oxuduğu yerin iki küçə uzaqda olduğuna görə şəxsi maşın fikrinə düşsün. Maşın nədir?! Əvvəldən hövzə tələbəliyi çətinliklə və dünya bəzəklərinə etinasızlıqla keçmişdir, amma indi tez düşünək ki, şəxsi maşınımız və filan cür evimiz olsun?! Düzdür, minimum məişət həddi olmalıdır. Yəni insanın diqqəti yayınmasın, dərsini rahat oxuyub lazımi və gözlənilən işi görə bilsin. Amma hövzə tələbəliyi digər işlər kimi dəbdəbəçiliyi, bərbəzəyi və bu kimi işləri məqsəd seçən bir işə çevrilməsin. Bu çox böyük nöqsandır. Bundan ciddi şəkildə çəkinmək lazımdır.1


Cəmiyyətin əsas dəyərləri

İslamın əxlaq dəyərlərinə malik olmağın mənası budur ki, fəzilət, təqva, təmizlik, səbirlilik, qadağan olunmuş ehtiraslardan çəkinmək, hərislikdən, tamahkarlıqdan, dünyagirlikdən, haqsızlıqdan, mərdimazarlıqdan və pulpərəstlikdən çəkinmək, ixlasa, paklığa, zahidliyə və digər əxlaqi xislətlərə yiyələnmək cəmiyyətdə geniş yayılsın və əsas dəyərlər sayılsın.

İslami inkişafa doğru gedən bir cəmiyyət bu dörd şərtlə formalaşır, güclənir, möhkəmlənir, istedadlar çiçəklənir, yaxşılıq və xoşbəxtlik bulaqları çağlayır və İslam cəmiyyəti bütün xalqlar üçün gözəl örnəyə çevrilir.2
Əxlaqi özünüislah – tələbələrin ən böyük vəzifələrindən biri

Bu məclisdə iştirak edən və etməyən tələbələr! Sizin ən böyük vəzifələrinizdən biri əxlaqi paklanmadır. Öz əxlaqınızı kamilləşdirin. Siz gənclərin bu imkanı var. Dövr sizin dövrünüzdür. Siz yaxşı dövrdə, Quran hökumətində və İslam mədəniyyətində yaşayırsınız. Odur ki, ruhi və mənəvi baxımdan ucalmaq imkanınız var. Bu imkandan yaxşı istifadə edin. Elm əxlaqın yanında, elmi, maddi və sənaye inkişafı əxlaqi inkişafın yanında olmalıdır. Allaha diqqət də əxlaqi inkişafın əsas amili sayılır.3


Məqsəd Allahın yolu olmalıdır!

Məqsəd Allahın yolu olmalıdır. Bütün peyğəmbərlərin məqsədi xalqı düz yola gətirməkdir. Düz yol isə bəndəlik yoludur: "Mənə ibadət etsinlər; bu, düzgün yoldur". Xalqı düzgün yol olan ilahi bəndəliyə sövq edin. Əlbəttə, bu bəndəliyin əxlaq, fərdi və ictimai əməl sahələrində də rolu var. İctimai əməldən söhbət düşdükdə siyasi mövzular, siyasi təhlillər və siyasi izah da sizin peşə dairənizə daxil olur. Gərək əxlaqdan danışasınız, siyasi əxlaqdan danışasınız, əxlaq və mənəviyyatdan danışasınız, siyasi təhlil qabiliyyəti bağışlaya, əmmarə nəfsdən, yaxud qovulmuş şeytandan ibarət olan daxili düşməni də tanıtdırasınız, böyük şeytandan, yaxud müxtəlif şeytanlardan ibarət olan ictimai düşməni də, şeytanın əlaltılarını və quyruqlarını da tanıtdırasınız. İlahi bəndəliyin mənası insanın Allaha şərik çıxanlardan üz çevirməsidirsə, onun bütün formalarından üz çevirmək lazımdır. İnsanın daxilində olan çirkin nəfs də onlardan biridir.1


Əsas iş əxlaqdır!

Din alimlərinin və böyük İslam təbliğatçılarının vəzifəsi olan dinin təbliği və həqiqətlərin izahı bu gün bunların hamısına şamil olur. Əgər biz iqtisadi baxımdan ən üstün məqama çatsaq, siyasi cəhətdən bugünkü iqtidar və nüfuzumuzu bir neçə dəfə artırsaq, bizim xalqımızın əxlaqı İslam əxlaqı olmasa, bizim aramızda bağış, dözüm, səbir və nikbinlik olmasa, əsas iş korlanacaq. Əsas iş əxlaqdır. Bütün bunlar gözəl əxlaqın – "Mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün peyğəmbər seçildim" – müqəddiməsidir. İslam hökuməti insanların tərbiyə olunması, onların əxlaqının yaxşılaşması, Allaha yaxınlaşmaları və yaxınlaşma niyyəti etmələri üçündür. Siyasət üçün də Allaha yaxınlaşmaq niyyəti lazımdır. Siyasi məsələlərdə də bu niyyət lazımdır. Siyasi məsələlərdə bir söz deyən, bir söz yazan, təhlil edən, qərar verən şəxslərdə Allaha yaxınlaşmaq qəsdi olmalıdır. Bu nə zaman yaranır? İnsanın araşdırıb bu işdə Allahın razılığının olduğunu gördükdə. Əgər bu işdə Allahın razılığını görsəniz, Allaha yaxınlaşmaq niyyəti edə bilərsiniz. Deməli, birinci məsələ Allahın razılığının olub-olmadığını bilməkdir. Görün xətt nə qədər aydındır və bəzi adamlar necə də diqqət yetirmirlər.2


Bu, imamın yoludur!

Bu gün ölkə miqyasında bizim bütün xalqa, xüsusən də bu inqilaba və onun məhsuluna daha çox eşq bəsləyənlərə tövsiyəmiz budur, qəti çarəni də bunda görürük ki, hamı Allahla əlaqəni, fərdi ünsiyyəti, söhbəti və münacatı gücləndirsin. Bu, imamın yoludur. İlahi hidayət də Allahla bu əlaqədən və ünsiyyətdən doğur. Bu on ildə belə olmuşdur. Siz ixlaslı və səmimi gənclər müxtəlif cəbhələrdə bu ruhiyyəni nümayiş etdirmiş və onun nəticələrini görmüsünüz. Bizim imamımızın dərsi də məhz bu idi.

Bir dəfə ondan soruşdum ki, məşhur dualardan hansını daha çox sevir və oxuyursunuz. O bir qədər fikirləşdikdən sonra buyurdu ki, Kumeyl duasını və Şəbaniyyə münacatını. Digər dualar, məsələn Əbu Həmzə Sumali duası, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duası da Allahla güclü mənəvi əlaqə yaratsa da, bu dua və bu münacatda Allaha tövbənin, Allahdan bağışlanmaq istəyinin, yardım istəyinin və yalvarmanın aşiqanə formada olduğu müşahidə olunur. Kumeyl duası da Allah-Taala ilə münacatdır, bəndə ilə məbud arasında məhəbbət və eşq əlaqəsini təsvir edir. Bu, bizim böyük imamımızın öz ruhunu və qəlbini aydınladıb işıqlandırdığı amildir.1
Nəfslə mübarizə - insanın kamillik yolu

Mənim əzizlərim! Ən yüksək və ən kamil insan Allah yolunda hərəkət edə bilən, Allahı özündən razı salan və ehtirasların əsiri olmayan insandır. Düzgün və kamil insan budur. Ehtirasın, qəzəbin, nəfsin, istək və hisslərinin əsiri olan materialist insan zahirən böyük olsa da və yüksək vəzifə tutsa da, çox kiçik insandır. Dünyanın ən böyük ölkəsinin prezdenti, yaxud dünyanın ən sərvətli adamı öz nəfsinin istəkləri ilə mübarizə apara bilməsə, öz nəfsinə əsir olsa, kiçik insandır. Öz istəklərinə hakim olan, insan kamilliyi və Allah yolundan ibarət olan düzgün yolu gedən yoxsul bir insan isə böyük insandır.2


Əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır!

Ümidvaram belə bir günlə başlayan bu yeni il bizim xalqımız üçün mübarək və sözün həqiqi mənasında yaxşı il olsun. Bir ilin bir xalq üçün mübarək olması onun yalnız maddi cəhətlərinə görə deyil, bəzən mənəvi cəhətlər daha böyük əhəmiyyət kəsb edir. Əgər bir xalq özündə əxlaqi baxımdan yenilik yarada bilsə, öz daxilini əxlaq qəbahətlərindən paklayıb özünü əxlaq fəzilətləri ilə bəzəyə bilsə, o xalq üçün həqiqətən bayram olar. Bəlkə də istər milli, istər dini bayramları insanların daxilində belə yeniliklər yaratmaqdan ötrü təyin etmişlər.

Xoşbəxtlikdən, son illərdə bizim xalqımız mənəvi baxımdan çox inkişaf etmişdir. Mənəviyyata, dinə və ibadətə təmayül, zikrə, təzimə, namaza, oruca, haqqa itaətə və Allaha yaxınlaşmağa diqqət bizim xalqımız, xüsusən də gənclərimiz arasında geniş yayılmışdır. Lakin əxlaqi yenilik yalnız bunlar deyil. Əxlaqi yenilik bir xalq üçün bəlkə də daha çətindir və məhz buna görə bu məsələdə ilk müraciət tərəfi və birinci məsuliyyət daşıyanlar gənclərdir. Onlar üçün bütün işlər daha asandır. Gənclərin qəlbi işıqlı, fitrətləri sağlam və təmizdir. Onlar dünyanın çirkin işlərinə az bulaşmış, pulpərəstlik, dünyagirlik, vəzifə düşkünlüyü və digər bu kimi xüsusiyyətlərlə daha az zəncirlənmişlər. Odur ki, əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır. Sözsüz ki, ortayaşlılar və hətta azyaşlılar da əxlaqi yenilik imkanından məyus olmamalıdırlar.1

Gənclərin qəlbi işıqlı, fitrətləri sağlam və təmizdir. Onlar dünyanın çirkin işlərinə az bulaşmış, pulpərəstlik, dünyagirlik, vəzifə düşkünlüyü və digər bu kimi xüsusiyyətlərlə daha az zəncirlənmişlər. Odur ki, əxlaqi baxımdan dəyişmə gənclər üçün daha asandır... Gənc təbii olaraq rəqib istəyəndir. Çox gözəl! Bizim gənclərin güc sınamasını istədiyimiz rəqib insanı pis və çirkin işlərə dəvət edən, təkamüldən saxlayan əmmarə nəfsdir. Gənclər ehtiras və həvəslərinin və onları belə qəbahətlərə çağıran bütün hisslərin qarşısında müqavimət göstərsinlər. Bu birinci növbədə gənclərə aiddir, amma qeyri-gənclər də belədirlər. Bu, hamıya vacibdir. Mənim kimilərə hətta digərlərindən də çox vacibdir.2


İslam mənəviyyatını və əxlaqını gücləndirmək inqilabın davamlı olmasının rəhnidir!

Qabaqkı iki məsələdən daha əhəmiyyətli olan üçüncü məsələ budur ki, inqilab yalnız xalqın həqiqətən müsəlman və mömin xalqa çevrildiyi zaman kamil formada həyata keçəcək. İslamın bir hissəsi xalqın əməlinə aiddir. Bu, ümumi ictimai sistemi və onların ümumi hərəkətini təsvir edir, onlara hərəkət verir. Digər hissə xalqın etiqadlarına, psixoloji xüsusiyyətlərinə və şəxsi əməllərinə aiddir. Əgər bizim böyük inqilabımız və İslam Respublikası quruluşu bütün maddi və mənəvi imkanları ilə xalqın qəlbini, xarakterlərini və onların vücudunu keçmişin yanlış tərbiyələrinin nəticəsi olan vəziyyətdən müsəlman xalqa çevirə bilməsə, şübhəsiz, uğur qazanmamış və inqilab həyata keçməmişdir. İnqilab xalqın inqilabıdır. İctimai və iqtisadi münasibətlərin inqilabı xalqın inqilabından sonrakı mərhələdə durur. Xalq dəyişməyincə iqtisadi inqilab, ictimai, iqtisadi və siyasi münasibətlərin dəyişməsi də həyata keçməyəcək. Allaha şükür olsun ki, xalq əvvəldə ruhi bir inqilab etdi, dəyişdi. Bu çox mühüm hərəkət idi və nəticəsi göz qabağındadır.

Əgər baş verən davam etməsə, güclənməsə, dərinləşməsə, yetişməkdə olan nəsil və sonrakı nəsillər onu öyrənməsələr, Allah eləməmiş, ad İslam, İslam Respublikası və İslam carçılarının hakimiyyəti, amma əsl həqiqət və xalqın həyatı ayrı cür olsa, bu inqilab şübhəsiz ki, uğurlu olmayacaq. Belə bir halın yaranmasından Allaha sığınırıq. Bunun baş verməsinə qoymamalıyıq. Düşmən bunun üzərində işləyir. Bütün qurumlar, hamı, xüsusən böyük din alimləri və ruhanilər xalqın tərbiyəsi, xalqda, xüsusən də gənclərdə qəlb və əxlaq inqilabının baş verməsinə çalışmalıdırlar.

Əlbəttə, müharibə dövrü və o günlərin xüsusi şəraiti bu məmləkətin gənclərinin bir qrupu üçün mənəvi və həqiqi bir inqilab yaratdı. İmam Xomeyni şəhidlərin vəsiyyətnamələrini oxumağı ona görə tövsiyə edirdi ki, onların hər biri bir insanın daxili inqilabını – daxilən dəyişməsini nümayiş etdirir. İnsan bu gənclərin vəsiyyətnamələrinin və xatirələrinin hansını oxuyursa, onda bir insanın daxili inqilabının təsvirini görür. Bunun özü adamı dəyişdirir və öyrədir. Biz buna rəvac verməliyik və bu mümkündür. Əgər bütün insanlarda yüz faiz mümkün olmasa da, xalqın əksəriyyəti üçün mümkündür. Birinci şərti budur ki, bu məqsədə çağıranların özündə bir inqilab yaransın, xarakterləri, əxlaqları, mənəviyyatları, zikrləri, diqqətləri, Allaha təvəkkülləri, etimadları və Onunla mənəvi əlaqələri güclənsin.

Biz əvvəl özümüzdən başlamalıyıq. Bizim hər hansı birimizdə Allah eləməmiş, bu baxımdan nöqsan və qüsur olsa, xalqda pis təsir buraxacaq. Yazmaqda, danışmaqda, əməl etməkdə, şəxsiyyətləri yuxarıya çəkməkdə, insanları yaxınlaşdırmaqda, yaxud uzaqlaşdırmaqda hamı bu məsələni diqqətdə saxlamalıdır.1
Bəsic - İslam əxlaqının nümunəsi

Siz Bəsic üzvləri elə rəftar etməlisiniz ki, xalqın hörməti və məhəbbəti cəlb olunsun. Siz əxlaqda, təvazökarlıqda, mehribanlıqda və qanunlara riayət etməkdə nümunə olmalısınız. Deyirdilər ki, Bəsic qanunlara riayət etməyən adamdır. Bu yanlış fikir bəzi şəxslərin beyinlərindən çıxmalıdır. Əksinə, qanunlara daha artıq riayət edən şəxs daha yaxşı Bəsic üzvüdür; ona görə ki, bu şəxs quruluşa hamıdan artıq ürək yandırır, qanunlar da quruluşun düzgün idarəsinin zəruri şərtdir.

Deməli, işdə və həyatda mütləq əxlaqa, qanunlara və nizam-intizama riayət edin. Bilin ki, sizin varlığınız inqilab üçün zəngin bir ehtiyatdır. İnqilab və İslam Respublikası quruluşu nə qədər ki, bu hisslərə, imanlara və ixlaslara arxalanır, heç bir səviyyədə olan heç bir düşmən ona zərbə vura bilməyəcək.1
Cəmiyyətin və düzgün İslam əxlaqının inkişafının şərtləri

İslam Peyğəmbəri (s) cəmiyyətdə İslam dəyərlərinin və əxlaqının kamil şəkildə oturuşması, xalqın ruhu, etiqadları və həyatı ilə qarışması üçün mühiti İslam dəyərləri ilə qarışdırırdı.

Bir zaman bir şəxs əmr, yaxud tövsiyə edir ki, misal üçün, xalqın yaxşı əxlaqı, bağışı, Allah yolunda dözümü və müqaviməti olsun, zülm etməsinlər, ədalətin bərpasına çalışsınlar. Burada tövsiyə, əmr və öyrətmək məsələsi var. Sözsüz ki, bu lazımi bir işdir. İslam Peyğəmbəri (s) də öyrədirdi, xalqa düşüncə və həyat dərsi verirdi. Amma bəzən mətləb öyrətməkdən üstündür, yəni müəllim elə bir iş görür və elə rəftar seçir ki, bu əxlaq və İslam vəzifəsi cəmiyyətdə sabit ənənə formasını alır, xalqın yanlış inancları ilə mübarizəyə qalxır, cahil hisslərlə, qeyri-İslam əxlaqının tör-töküntüləri ilə mübarizə aparır, cəmiyyəti və xalqı ayıldır, bu yaxşı xüsusiyyətin, əxlaqın və üsulun cəmiyyətin və xalqın ruhuna hopması üçün münasib dönəmlərdə və münasib üsullarla iş görür.

Əgər bir cəmiyyət inkişaf etmək və özündə düzgün İslam əxlaqı yaratmaq istəsə, bu üsula ehtiyaclıdır. Bəlkə də "onları mənən paklasın" təbirinin "onlara öyrətsin" təbirindən sonra, yaxud öncə bəyan olunduğu bir neçə Quran ayəsində paklanmada məqsəd həmin məsələdir; yəni xalqı mənəvi cəhətdən paklamaq və təmizləmək. Sanki bir həkim öz xəstəsinə təkcə bunu demir ki, filan işi gör və filan işi görmə, hətta onu xüsusi yerdə saxlayır, ona lazım olanı verir, yedizdirir, zərərli olandan saxlayır. Əziz Peyğəmbər (s) peyğəmbərliyinin iyirmi üç ilində bu üsulu işlətdi; xüsusən Mədinədə yaşadığı və İslam hökümətinin təşkil olunduğu on ildə.1


Besətin mühüm mesajlarından biri əxlaqdır!

Özümüzü islah etməli, əxlaqımızı yaxşılaşdırmalı, daxilən Allaha yaxınlaşmalı, bir fərd olaraq şəxsən çalışmalı, qəlbimizə Allahın ayələrini oxumalı və onu Allaha yaxınlaşdırmalıyıq. Bu bizim vəzifəmizdir. Bu bizim xalq və cəmiyyət qarşısındakı vəzifəimizi ən gözəl şəkildə yerinə yetirməmizə kömək edəcək. Hamının üzərinə düşən ictimai vəzifələrdən əlavə, fərdi və əxlaqi vəzifələri də hər kəs mühüm saymalıdır.

Mən belə düşünürəm ki, bizim əxlaq və mənəvi paklıq sahəsində özümüz və digərləri üzərində işləməyə ehtiyacımız var. İslam quruluşunun və müsəlman İran xalqının mənəvi yeniliyinin bu böyük işə ehtiyacı var və bu, peyğəmbərliyin mühüm mesajlarından biridir.2
İnsanların gözəl əxlaqa yiyələnməsi

İlahi qanunlar hakim olduqda, İslama əsaslanan bir quruluş yarandıqda və ictimai ədalət həyata keçdikdə yalnız orta bir məqsəd, daha doğrusu bir mərhələ həyata keçmiş olur. Sonrakı mərhələdə bu quruluşda rahat yaşayan və ədalətdən bəhrələnən xalq gözəl əxlaqa yiyələnmək imkanı və həvəsi qazanmalıdır. Bu gün mən bu məqam üzərində dayanmaq və demək istəyirəm ki, hökumət qurandan, ədalətli quruluş yaradandan, ictimai ədaləti bərqərar edəndən və həqiqətən İslam hökuməti qurandan sonra məqsəd budur.

İnsanlar gözəl əxlaqa yiyələnməlidirlər. Gözəl əxlaqa yiyələnmək insan təkamülünün mərhələlərindən olan mənəvi və ruhi yüksəlişə səbəb olur. Biz onu tam şəkildə dərk edə bilmirik, uyğun sahənin böyüklərindən bəzi sözlər eşitmişik. Hər halda, bizə aid olan mərhələ əxlaq mərhələsidir. Əxlaq! Əxlaq! Peyğəmbər doğrudan da buyurub ki, mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim. Bu hədis şiə və sünni firqələri tərəfindən nəql olunmuşdur.

Bu hədisdə işlənmiş "yalnız" sözünün çox mənası var. Yəni mənim peyğəmbərliyim əsasən bunun üçündür. Məqsəd bu, qalanları isə müqəddimədir. Peyğəmbər (s) insanların, cəmiyyətin və bu ümmətin arasında əxlaq gözəlliklərinin kamilləşməsi, inkişaf etməsi, hamının ona yiyələnməsi və bizim insan olmamız üçün göndərildi.

Biz insan olmalı, özümüzdə insani əxlaqı gücləndirməli və təkmilləşdirməliyik. Bu, sonrakı çox mühüm addımdır. Əgər İslama aid olan bir cəmiyyətdə, əsasları İslam əsasları olan bir quruluşda ilahi əxlaqdan uzaqlaşıb nəfsin və xudpəsəndliyin ardınca düşsək, hərə daha çox qazanması, daha yaxşı yeməsi və yaşaması üçün çalışsa, onun-bunun əlindən qapsa, isəyəndə həddindən artıq istifadə etsə, nə güzəştə getsələr, nə fədakarlıq etsələr, bu necə hökumət olar?! Bunun harası İslam və İslam cəmiyyəti olar?!

Əsas məsələ budur: "Mən yalnız əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim".

Mənim əzizlərim! Bilin ki, bu gün dünyanın buna ehtiyacı var. Təəssüf ki, materialist dünya bundan tamamilə məhrumdur.1
Əxlaqın rolu və səmərələri

İslam inqilabının mesajı mənəviyyat, əxlaq, Allaha diqqət və bu elementi insanların həyatına daxil etmək mesajıdır. İnqilabın və imamın adı və mesajı haraya çatmışsa, özü ilə mənəviyyat da aparmışdır. Hətta İslam inqilabına xoş münasibət bəsləyən, ondan dərs alan və istifadə edən məsihi və qeyri-müsəlman cəmiyyətlərin bəzisində də mənəviyyat elementini müşahidə edə bilərsiniz. Bizim böyük İslam inqilabımızın ayağı mənəviyyat daşıyıcısıdır. Bu mənəviyyat bu inqilabın və bu mənəvi imamın ilk mesajıdır; özü böyük arif, müctəhid, dinşünas və gecələrin abidi olan, gecə yarısı Allahla raz-niyaz edən imamın.2


Mənəviyyatsız və əxlaqsız elm atom bombasına çevrilir!

Harada elm olsa, lakin vicdan, mənəviyyat, əxlaq və bəşəri duyğular olmasa, insan o elmdən mənfəət götürməz. Mənəviyyatsız və əxlaqsız elm atom bombasına çevrilib günahsız insanların başına tökülür; silah olub Livanda, Fələstində və dünyanın digər yerlərində mülki şəxsləri hədəf seçir; kimyəvi silah olub Hələbçədə və dünyanın digər yerlərində qadını, uşağı, kişini, gənci, insanı və heyvanı məhv edir. Bunlar haradan gəldi? Bu dağıdıcı maddələr həmin elm mərkəzlərindən və Avropa ölkələrindən çıxdı. Bu maddələri düzəldib lazımi xüsusiyyətləri olmayan bir rejimin ixtiyarında qoyan onlar idi. Nəticəni isə müşahidə etdiniz. Silahlar və müxtəlif elmi nailiyyətlər bu gün bəşəri xoşbəxt, ailələri səadətli edə, övladlara, uşaqlara, qadın və kişilərə həyatın ləzzətini daddıra bilməmişdir və bilmir; çünki əxlaq və mənəviyyatla birgə deyil.

Biz İslam mədəniyyətində və o mədəniyyətə sarı hərəkət edən müqəddəs İslam Respublikası quruluşunda bunu məqsəd seçmişik ki, elmi mənəviyyatla yanaşı inkişaf etdirək. Qərb dünyası bizim mənəviyyata bağlılığımıza həssasdırsa, bizim dindarlığımıza təəssübkeşlik və qapalılıq adı qoyursa, əxlaqi və insani əsaslara sevgimizi insan haqlarına qarşı çıxmaq adlandırırsa, bu ona görədir ki, bu üsul onların üsulunun ziddinədir. Onlar elmi inkişaf etdirdilər; sözsüz ki, bu, mühüm və böyük iş, lakin əxlaqdan və mənəviyyatdan uzaq idi. Ona görə də olanlar oldu. Biz istəyirik ki, elm əxlaqla birgə irəliləsin, universitet elm mərkəzi olduğu kimi, din və mənəviyyat mərkəzi də olsun. Ölkə universtetlərinin məzunları elmi hövzə məzunları kimi dindar xaric olsunlar. Bu, onların bəyənmədiyi və istəmədiyi məsələdir. Məhz buna görə illərdir İslam Respublikasına qarşı müxtəlif ittihamlar irəli sürürlər. Bu ittihamlar o qədər təkrar olunub ki, artıq ürək bulandırır. İslam Respublikasını təəssübkeşlikdə, qapalılıqda, öz sözləri ilə desək, fundamentalizmdə - yəni heç bir şeylə razılaşmayan hədsiz quruluqda ittiham edirlər. İslamı belə tanıtdırırlar. Halbuki quruluq oradadır; mənəviyyat, sevgi, mərhəmət və insaniyyətdən uzaq həyat oradadır. Orada hətta doğma ailə də uşaqları saxlamağa qadir deyil.

İslam cəmiyyəti mərhəmət və mötədillik cəmiyyəti, mənəviyyat və təqva hakimiyyətidir. Mənəviyyatın və təqvanın özü isə bütün insani duyğulara, bütün müsbət bəşəri hisslərə qucaq açmaq, insanların dinc birgəyaşayışı, mənəvi asayişi və qəlblərin rahatlığı deməkdir.1


Bizim inqilabımızın əsasları dini, əxlaqi və mənəvi dəyərlər idi!

Bu inqilabın müstəsna xüsusiyyətlərindən ikisini qeyd etmək istəyirəm. Bu iki xüsusiyyət bu inqilabın dünyadakı imicinə ən böyük təsiri göstərmişdir. İnqilabın qələbəsində və İslam ölkəsinin həmişəyaşarlığında da onların ən böyük təsiri olmuşdur. İnqilabın qələbəsindən bir neçə il keçməsinə baxmayaraq, bu iki xüsusiyyət hələ də dünyanın müxtəlif yerlərində ən azı bəzi hərəkət, yenilik və səylərə səbəb olmuşdur.

Bu iki xüsusiyyətdən biri budur ki, bu inqilabın əsası dini, əxlaqi və mənəvi dəyərlər idi. İkinci xüsusiyyət budur ki, inqilab özünün baş verməsində və hökumətin idarəsində xalqın iradə və istəyinə əsaslanmaqda davam etdi. Yəni inqilabın qələbəsindən sonra xalqın rolu ondan alınmadı və bir element kimi inqilab üçün qaldı. Bizim inqilabımızda bu iki xüsusiyyət var.

İnqilab din evindən - yəni məscid və dini mədrəsədən başlandı, onda dini amillər günbəgün artdı, dinin və mənəvi dəyərlərin rolu o qədər gücləndi ki, adətən heç bir inqilabda meydana atılmayacaq xislətə malik olan insanları da inqilaba qoşdu; hətta yaşlı və siyasi məsələlərdən xəbərsiz insanları, ucqar şəhər və kəndlərdə yaşayan adamları da mübarizəyə çəkdi. Bundan əlavə, bu inqilabda olan dini ruh həmin dövrdə ən az tələfatın baş verməsinə səbə oldu. Tehran əhalisi dükanları bağlayıb iş-güclərini tətil edəndə, hamılıqla mübarizəyə qoşulanda ətrafdakı şəhər və kəndlərdən onlara çörək gətirdilər - yəni tam dəstək verdilər. Burada xalqın qəzəbi bir maddi məsələyə görə alovlanmamışdı, din, mənəviyyat və Allah məsələsi vardı. Bu da xalqın həyatında xüsusi təsir buraxır və onların fəaliyyətini formalaşdırır. İnqilab qələbə çalandan sonra onun əsasında bir İslam hökuməti, yəni İslam Respublikası yarandı və o sola-sağa əyilmədən düzgün din xəttində qaldı. İslam Respublikası yarandıqdan sonra da dinin yolunu tərk etmədi, qanunvericilikdə, vəzifəli şəxslərin, icra aparatının və quruluşun əsas məmurlarının - millət vəkillərinin və digər məmurların seçimində xalq İslam meyarlarına uyğun rəftar etdi.

Din inqilabın xüsusiyyəti idi və elə də qaldı, bir gün inqilabın xüsusiyyəti olub, bir müddətdən sonra isə ondan alınıb başqa bir şeyə çevrilmədi. Bu xüsusiyyət başqa heç bir inqilabda yox idi. Məhz bu kimi mühüm amillər səbəbindən dünyanın harasında din və İslam üçün bir qəlb döyünürsə, İslam üçün hərəkət edən və İslamın sözünün ucalmasını düşünən İslam Respublikasını sevir.1



: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə