Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


İkinci fəsil: Müstəqilliyin növləri və iqtisadi müstəqillikdə fəhlələrin rolu



Yüklə 0,66 Mb.
səhifə2/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

İkinci fəsil: Müstəqilliyin növləri və iqtisadi müstəqillikdə fəhlələrin rolu


Müstəqil xalq hansı xalqdır?

Müstəqil xalq o xalqdır ki, amerikalı, ingiltərəli, yaxud bir zaman rusiyalı ərbablar və onlar kimiləri onun taleyinə müdaxilə edə, öz xeyirlərinə olan işi görüb xalqın xeyrinə olanı kənara tullaya bilməsinlər. Müstəqil olmayan ölkələr belədir. Bu gün bəzi ölkələrə baxın, mən adlarını çəkmirəm, özünüz haraları dediyimi biləcəksiniz. Bu ölkələrin başçıları ABŞ-ın fərmanına müti dayanmışlar. Bir xalqın və ölkənin başçıları ABŞ-a müti olsalar, məmləkətdə nə edərlər? Bəllidir ki, həmin ölkədə ABŞ-ın maraqları icra olunacaq. Alış-veriş, təbliğat, yuxarıya çəkmək, kənarlaşdırmaq, işdən çıxartmaq, işə təyin etmək, xülasə, o ərbabların xeyrinə olan hər bir iş bu ölkədə baş verər, xalqın xeyrinə olan heç bir iş isə görülməz. Bir xalqın müstəqil olmaması belə bir müsibətdir. Keçmiş rejimdə də belə idi.21


Pəhləvi rejimində ölkənin ən mühüm problemi onun Qərbə bağlılığı idi!

Keçmişdə bu ölkənin ən mühüm problemi o idi ki, mənfur Pəhləvi rejimi ABŞ-a, ondan qabaq da İngiltərəyə bağlı idi. Onlar deyirdilər ki, kim yuxarıya gəlsin, Baş nazir, məmur, nazir, yaxud Neft Şirkətinin başçısı olsun və ya filan vəzifəni tutsun; amerikalılar deyən kimi o şəxsə yüksək vəzifə verirdilər. Bu xalqın xarici düşmənlərinin səhnədən kənarlaşdırmaq istədiyi hər bir şəxsi kənarlaşdırmaq üçün bunlar – yəni Pəhləvi rejimi bütün güclərini işə salırdılar. Bu məmləkətdə amerikalıların xeyrinə olan iş həmin rejimin vasitəsilə icra olunurdu. Əgər hər hansı bir iş onların zərərinə və xalqın xeyrinə olsaydı, həyata keçməzdi, hətta o işə qarşı da çıxırdılar. Bir ölkənin müstəqil olmaması belədir.

Bizim xalqımız mübarizə aparıb müstəqillik əldə etdi. Bu müstəqillik nədir? Bu, mühüm sualdır. Üç növ müstəqillik var və bu üç müstəqillik bir-birinin ardınca gəlir. Onların birincisi çətin, ikincisi birincisindən, üçüncüsü isə hər ikisindən çətindir. Çətin olan, bizim xalqımızın həll etdiyi və nəticəsini gördüyü müstəqillik siyasi müstəqillikdir. Biz onu əldə etdik və bu çox çətin idi.22
Müstəqilliyin növləri

1. Siyasi müstəqillik

Siyasi müstəqilliyin tərifi

Siyasi müstəqillik nə deməkdir? Yəni bu gün bu ölkədə istər hökumətdə, istər parlamentdə, istər Ali Məhkəmədə çalışan vəzifəli şəxslərin hamısı xalqın xidmətçiləridir. Bunlar ilahi vəzifələrindən başqa heç nəyə tabe olmurlar. Müstəqillik budur. Əgər bütün dünya - ABŞ, İngiltərə, Avropa toplaşsa da, hətta dünyada iki Şərq və Qərb gücü olsa və onlar əl-ələ verib bu xalqı, bu ölkəni xalqın zərərinə və onların xeyrinə olan tərəfə bir addım çəkmək istəsələr, bu ölkənin məmurları, başçıları və xidmətçiləri imkan verməzlər. Bu, siyasi müstəqillikdir. Siyasi müstəqillik odur ki, bu gün bu məmləkətdə xalqın istədiyi adamlar hökumət başındadırlar. Bir neçə gündən sonra prezident seçkiləri gəlir. Xalq axtarıb sevdiyi, etimad göstərdiyi, ölkənin idarəsinə bacarıqlı və qadir bildiyi şəxsi seçəcək. Düzdür, boşboğaz öz sözünü danışacaq. Boşboğaz Allah haqda da boşboğazlıq edir. Daxili xəstə olanlar bu ölkədə heç nə görmürlər; xalqı görmürlər, xalqın şövqünü və fəallığını görmürlər, xalqın məmurları sevməsini görmürlər, ölkə məmurlarının paklığını və səmimiliyini görmürlər. Xalqın ölkə məmurlarını seçdiyini görürlər, lakin yenə də boş-boş danışır, ittiham edirlər; seçkiləri, xalqı və məmurları ittiham edirlər.23


Bizim ölkəmiz siyasi baxımdan müstəqil ölkədir!

Əlbəttə, bunlar diqqətəlayiq deyillər. Bunlara etina etmək lazım deyil. Həqiqət budur ki, xalq hər şeyi görür. Allaha şükür olsun ki, bu xalq öz gücü ilə siyasi müstəqillik əldə edə bilmişdir. Bu gün bizim ölkəmiz siyasi baxımdan müstəqil və öz ayağı üstə dayanmış bir ölkədir. Bu mənim sözüm deyil. Mən xarici səfərlərdə bir çox prezidentlərlə söhbət etmişəm. Prezident olarkən və ondan sonra dünyanın onlarla ölkəsinin prezidenti mənimlə söhbətləşmiş və hamısı bunu qəbul etmişlər. Hamı bunu deyir və anlayır.

Bir gün Şərq və Qərb əl-ələ verib bu ölkəni bir tərəfə çəkməyə çalışdılar. Biz bir hüququ müdafiə etdiyimizdə hamı əl-ələ verib buna mane olmağa çalışdı, amma bacarmadılar. Bu gün də fələstinlilərin haqqını tapdayıb məhv etmək üçün hamı əl-ələ vermişdir. Biz də qarşı çıxıb deyirik ki, biz müxalifik. Fəryadları ucalıb ki, İran nə üçün buna qarşı çıxır. Bu sözü xüsusi iclaslarda deyirlər, ümumi iclaslarda deyirlər, təbliğatlarında deyir və təhdid də edirlər. Qoyun etsinlər. Biz dərk etdiyimizi, vəzifə bildiyimizi, Allah-Taalanın bizdən istədiyini hiss etdiyimizi deyirik, seçirik və o yolla gedirik. Heç kəs xalqımızı, hökumətimizi, İslam Respublikası quruluşunu və xalqın xidmətçilərini təsir altına sala bilməz. Bu, siyasi müstəqillkdir və biz bunu əldə etmişik.24
2. İqtisadi müstəqillik

İqtisadi müstəqilliyin tərifi

Bundan çətin olanı iqtisadi müstəqillikdir. İqtisadi müstəqillik odur ki, xalq və ölkə iqtisadi fəaliyyətində öz ayağı üstə dursun, heç kəsə möhtac olmasın. Mənası bu deyil ki, iqtisadi müstəqilliyə malik olan xalq dünyada heç kəslə alış-veriş etməsin. Xeyr, alış-veriş zəiflik əlaməti deyil; bir şeyi almaq, bir şeyi satmaq, bazarlıq və ticari sövdələşmələr zəiflik əlaməti deyil. Lakin elə olmalıdır ki, bir xalq əvvəla özünün əsas ehtiyaclarını özü təmin edə bilsin; ikincisi, dünyanın iqtisadi balansında və beynəlxalq mübadilələrdə çəkisi olsun, onu asanlıqla kənara qoya, blokadaya sala, istədiklərini diktə edə bilməsinlər.

Bu gün iqtisadi baxımdan inkişaf etmiş güclü ölkələr təəssüf ki, dünyanın müstəmləkəçiliyini və hegemonluğunu da əllərinə almışlar. Onlar bir ölkə ilə bir ticarət mübadiləsi, alış-veriş və həmkarlıq etmək istədikdə o ölkəni bəzi işlərə də məcbur edirlər. Bir ölkənin müstəqil iqtisadiyyatı odur ki, ölkəyə lazım olanlar ölkə daxilində təmin olunsun.25
İqtisadi müstəqilliyə çatmağın şərtləri

Birinci şərt: Hər kəs öhdəsinə düşən işi yaxşı yerinə yetirsin!

İndi biz iqtisadi müstəqilliyə nail olmuşuq, yoxsa yox? Mən deyirəm ki, bu daha çətin olandır. Çalışmalıyıq. Düzdür, bu gün iqtisadi müstəqillik iddiası edə bilərik, lakin bəzi şərtlərlə. Bunun bir neçə şərti var. Birincisi budur ki, ölkədə hər kəs öhdəsinə düşən hər bir işi yaxşı yerinə yetirsin. (Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki,) buyurub: "Allah bir iş görərkən onu möhkəm şəkildə yerinə yetirən şəxsə rəhm etsin!"26 Siz bir boltu fırladıb bərkidirsinizə, bir təkəri bağlayırsınızsa, bir yerə bir tikiş atırsınızsa, bir maşını yağlayırsınızsa, bir kitab çap edirsinizsə, bir kitab yazırsınızsa, sinifdə dərs deyirsinizsə, xəstəxanada xəstələri müalicə edirsinizsə, xalqınızın yollarını təmizləməklə məşğulsunuzsa, natiqsinizsə, yazıçısınızsa, tədqiqatçısınızsa, ruhanisinizsə, təhsillə və dərs oxumaqla məşğulsunuzsa, universitetdə, yaxud məktəbdəsinizsə, incəsənətlə məşğul olursunuzsa, film hazırlayırsınızsa, hekayə yazırsınızsa, jurnalistsinizsə - nə olsanız, kim olsanız və harada çalışsanız, gördüyünüz işi düzgün görməyə, kamil və möhkəm şəkildə yerinə yetirməyə, onda qüsur qoymamağa çalışın. Şərtlərdən biri budur. Bu həyata keçsə, biz iqtisadi müstəqilliyə çatarıq.27


İkinci şərti: Pulu və imkanı olanlar yalnız özlərini düşünməsinlər!

İkinci şərt budur ki, pulu və imkanı olanlar yalnız özlərini düşünməsinlər. Çünki o pul da bu ölkədə qazanılıb; o pul da bu xalqın sayəsində və bu torpaqdan əldə edilmişdir. Kim deyə bilər ki, mənim pulum var və pullu olmaqda dövlətin və xalqın xidmətlərinə, köməklərinə borclu deyiləm?! Məgər belə bir şey mümkündür?! Göydən insan üçün pul tökmürlər. Pul gündəlik həyatda və fəaliyyətdə qazanılır. Minlərlə insan işləyir, bir nəfər varlanır. Pulu və imkanı olan şəxslər bu pulu təkcə özlərinə sərf etməməlidirlər. Siz əgər bir yerdə sərmayə qoyub bir işə başlamaq istəyirsinizsə, təkcə bu işin sizə nə qədər qazanc yetirəcəyini fikirləşməyin. Biz demirik ki, əsla özünüzü nəzərə almayın, deyirik ki, ölkənizi də nəzərə alın. Zərərli işlərə sərmayə qoymayın! Faydasız işlərə sərmayə qoymayın! İstehsalı məmləkəti inkişaf etdirən işlərə sərmayə qoyun! Pulu və imkanı olan şəxslərin dini vicdanı və məsuliyyət hissi olsun!28


Üçüncü şərt: İşdə və iqtisadi fəaliyyətdə yaradıcılığa və yeniliyə malik olmaq

Başqa şərt budur ki, işdə və ölkənin iqtisadi fəaliyyətində yaradıcılıq olsun. Çox yaxşı olar ki, ölkəmizin zavodları - istər dövlətin, istər xalqın ixtiyarında olanlar (bu gün çoxlu istehsal mərkəzləri xalqın ixtiyarında və xalqın özününküdür) gəlirlərinin bir qədərini tədqiqata, işi inkişaf etdirməyə və istehsal məhsullarının keyfiyyətini yüksəltməyə sərf etsinlər. Biz nə üçün oturmalıyıq ki, birisi Avropada, yaxud dünyanın başqa bir yerində tədqiqat aparsın və biz ondan öyrənək. Məgər biz ondan əskikik?! Məgər biz az anlayırıq?! Gərək tədqiqat aparsınlar, yaradıcılıqla məşğul olsunlar, istehsalı, sənayeni inkişaf etdirsinlər, istehsalın keyfiyyət və kəmiyyətini artırsınlar. Bu da bir şərtdir: yaradıcılığa və yeniliyə malik olmaq.29


Dördüncü şərt: Dünyaya insanların diqqətini cəlb edən məhsullar təklif etmək

Dünya bazarına elə bir şey təqdim edin ki, diqqətlər sizə yönəlsin, ona ehtiyac duysunlar, yalnız iddia olmasın. Bu sahədə həqiqətən çalışmaq lazımdır. Bu da bir şərtdir. Sonra ölkənin elm mərkəzləri ölkə iqtisadiyyatına kömək etsinlər. Universitetlərin mütəfəkkirləri dövlət üçün çalışsınlar. Dövlət universitetlərdə çalışan və dərs oxuyan mütəfəkkir və alimlərə güvənsin. Düşünməsinlər ki, bir söz deyən hansısa avropalı mütəfəkkirin tədqiqatı və sözü həmişə qüvvədədir. Bu gün bir şey deyirlər, iyirmi, on, beş ildən sonra başqa bir alim gəlib o sözü rədd edir və başqa bir söz deyir. Biz nə üçün qərblilərin dediklərini qeyd-şərtsiz qəbul etməyə, əlimizi əlimizin üstünə qoyub onları dinləməyə və qəbul etməyə adət etmişik?! Siz düzünü tapmalısınız. Ölkəmizin iqtisadçıları bizim məmləkətimizin vəziyyətinə, etiqadlarına, xüsusiyyətlərinə və bizim iqtisadi məsələlərimizə uyğun olanı tapsınlar. Burada qeyd olunduğu kimi, bu gün görürük ki, hökumət və ölkə məmurları tərəfindən Allahın lütfü ilə yeni iqtisadi layihələr icra olunur. Məsul şəxslərin dediyinə əsasən, bu iqtisadi layihələr inşallah gələcəkdə faydalı və yaxşı nəticələr bəxş edəcək. Və biz ümidvarıq ki, o gələcək daha tez çatsın.30


3. Mədəni müstəqillik

Mədəni müstəqillik digər müstəqilliklərdən çətindir!

...Hamısından çətin olan üçüncü müstəqillik mədəni müstəqillikdir. Bu olduqca çətin və ağrılıdır. Mədəni müstəqillik üçün mübarizə aparmaq müstəqilliyin digər növləri üçün mübarizə aparmaqdan çətindir. Mən bir dəfə dedim ki, düşmənlər mədəni sahədə qəfil hücumlar edirlər. Bu iddia doğrudur; Allah bilir ki, doğrudur. Bəzi adamlar anlamır, səhnəni görmürlər. Səhnəni görən düşmənin nə iş gördüyünü, çox güclü qəfil hücumların edildiyini bilir.31


Ölkə idarəsinə dair müxtəlif nəzəriyyələr

1. Gələcəyi qurmaq üçün beynəlxalq hakim gücə arxalanaq?!

Fürsətdən istifadə edərək bu gün demək istədiyim məsələ budur ki, bizim ölkəmizdə və həmçinin bir çox, necə deyərlər, üçüncü dünya ölkələrində ölkə idarəsi üçün iki nəzəriyyə mövcuddur: bir nəzəriyyə budur ki, bir ölkənin xalqı, ziyalıları və qərar mərkəzləri ölkələrini qurmaq və gələcəyə nail olmaq üçün beynəlxalq hakim gücə arxalanmalı olduqlarını bildirirlər. Bu beynəlxalq hakim gücün hansı zamanda kimin olmasının – istər üstün elmi, istər üstün siyasi və mədəni gücün olmasının onlar üçün fərqi yoxdur. Deyirlər ki, biz bu gün elm, siyasət və silah yarışmalarında dünyada birinci yerləri tutan qüvvələrin arxasınca getməliyik. Əsaslandırmaları budur ki, onlar güclü olduqlarından biz onlara sığınmalıyıq.

Bu baxış və düşüncə tərzi dünyanın geriqalmış ölkələrində hakimdir. Siyasi və coğrafi mütaliəsi olan şəxslər bilirlər ki, belə təfəkkür tərzi Latın Amerikası ölkələrində, Afrikada və bəzi Asiya ölkələrində mövcud olmuşdur. Bəzi ziyalı və siyasətçilər bu qaydaya tabe olurlar. İranın keçmiş rejim başçıları da bu fikrə və təfəkkür tərzinə malik idilər. Onlar deyirdilər ki, ABŞ, yaxud bəzi Avropa məmləkətləri pullu, güclü, elmli və silahlıdırlar; biz nə üçün özümüzü onlardan ayırmalıyıq; biz nə üçün bu güclərin arxasınca getməməliyik; hər halda, nə də olsa, bunlar ərbab və ağadırlar.

Keçmişdə İranda belə təfəkkür tərzi hakim idi. Əgər sizdən kimsə tağut dövrünün feodal kəndlərində yaşamışdırsa, xanın süfrəsinin artığını yeyən rəzil, zəlil və zəif təbəqələrdə bu təfəkkür tərzini müşahidə etmişdir. Belə təfəkkür tərzinin nəticəsində tağut Pəhləvi rejiminin başçıları ağıllı, qeyrətli, şücaətli, sivilizasiya və elm keçmişi olan bu xalqın sərvətlərini ABŞ-dan hərbi təyyarə almağa sərf edirdilər. Təyyarənin bir hissəsində eyib və qüsur yarandıqda iranlı mühəndisin və mexanikin o hissəni açıb xarablığını düzəltməyə haqqı çatmırdı. Çünki hissələr mürəkkəb idi. Yəni bəzən təyyarənin bir hissəsi bir-birinə bağlı olan on detaldan təşkil olunurdu. Onlar nöqsanlı hissəni açıb təyyarə ilə istehsal edən və satan ölkəyə - əsasən də ABŞ-a göndərirdilər. Sonra nöqsanlı hissəni təhvil verib, yeni bir hissə alır və geri qayıdırdılar. Nə üçün iranlı bir mühəndisin təyyarənin xarab olmuş hissələrinə əl vurmağa haqqı çatmırdı? Çünki onlara deyirdilər ki, sizin belə məsələlərlə nə işiniz var, bunlar xarici mütəxəssislərə aiddir; siz ümumiyyətlə, qarışmayın və belə işlərə yaxınlaşmayın. Bir xalqı təhqir etmək belə olur. Mən çox təəssüflə deməliyəm ki, bu gün də ölkənin bəzi yerlərində belə təfəkkür tərzinə malik insanlar tapılır. Yəni hələ də bəziləri qərbə və ABŞ-a bağlı olan keçmişdəkilərin fikir və üsul tör-töküntülərinin təsiri altındadırlar. Bu bir nəzər və təfəkkür tərzidir.32


2. Müstəqillik əldə etməkdə öz imkanlarından bəhrələnmək

Başqa bir nəzər və təfəkkür tərzi də deyir ki, biz bacarıqlı bir xalqıq, bu bacarıqlardan istifadə etməyi prinsip seçməliyik. Düzdür, harada dayansaq və başqasının daha yaxşı alətə malik olduğunu görsək, gedib ondan borc alar, gəlib işimizi yoluna qoyar, sonra da özümüz həmin aləti düzəltməyə çalışarıq. Bu, ağıllı bir işdir.33


İslam inqilabı həmişə tam müstəqillik istəmişdir!

Sizin avtomobiliniz, qazınız, yaxud soyuducunuz hər dəfə xarab olanda qonşunun yanına gedib deyə bilməzsiniz ki, zəhmət olmasa, gəlin onu təmir edin. Bu iş eynilə asılılıqdır. Düzdür, bəzən lazımdır, yəni qarşı tərəfin ixtisası var və siz ondan öyrənməlisiniz. Bunun eybi yoxdur. Qonşunun bir cihazı var, siz onu əmanət götürün və sonra da çalışın ki, özünüzü ondan ehtiyacsız edəsiniz. Bir xalq miqyasında bu ehtiyacsızlıq elmi, praktik, texniki, mədəni, bir sözlə, hərtərəfli müstəqillik deməkdir. İslam inqilabı əvvəldən belə bir müstəqillik istəmişdir.34


İmam bizdə "bacarmaq" hissini dirçəltmək istəyirdi!

Bu gün görürük ki, dünyanın bəzi ölkələri bu yolu getmiş və yaxşı nəticələrə nail olmuşlar. İkinci Dünya Müharibəsindən sonra təxminən yerlə-yeksan olmuş ölkələr ayağa qalxıb öz üzərlərində işləməyə başladılar, daxili qüvvələrindən bəhrələndilər və bu gün öz dünyalarını idarə etməkdə müharibə zamanı bunları fəlakətə uğradanlardan önə keçmişlər. Deməli, bu qənaətə gəlirik ki, belə təfəkkür tərzi ilə elmi, texnologi və digər müstəqillikləri əldə etmək olar. Bizim imamımız xalqa bunu söyləməyə çalışırdı: "Ey xalqımız! Ey gənc! Ey fəhlə! Ey mühəndis və müdir! Sən ayrısına güvənmədən özün bacarırsan!" İmam bizdə bacarmaq hissini dirçəltmək istəyirdi. Asılılıqla nəticələnən birinci fikir tərzinə malik şəxslər ötən on illər boyunca həmişə iranlını ələ salıb lətifə düzəldirdilər ki, məgər daxili məhsul da məhsuldur?! Bir xalqa bundan böyük zülm ola bilməz!

Bu gün görürsünüz ki, bizim daxili məhsullarımız bir çox hallarda xarici məhsullardan yaxşıdır. Düzdür, qazanc ardınca qaçan adamlar - yəni yalnız öz ciblərini və qazanclarını düşünənlər, milli və dini qeyrətə, xalqımızın beynəlxalq imicinə diqqət yetirməyənlər bizim bəzi daxili məhsullarımıza dünyanın məşhur zavod və şirkətlərinin etiketini vurub Avropa bazarlarına çıxarırlar. Onlar bu ticarətdən yalnız əldə etdikləri pul barədə düşünürlər; halbuki bu məhsullar bizim sənətkarlarımızın zərif barmaqları, iti gözləri, beyinləri və yüksək istedadları ilə vücuda gəlmişdir.35
Yüksək istedada inamın nəticəsi

Bu xalq yüksək istedadına güvənib öz ayağı üstə dayana bilər. Bizim böyük İslam inqilabımız Allahın lütfü ilə daxili qüvvələri azad bir mühitə çıxardı. Belə ki, bu gün bizim texniklərimiz döyüş təyyarəsinin keçmişdə bir-iki nəfərin get-gəl xərci ilə birgə və digər təmtəraqlarla xaricə göndərilən xarab hissəsini az vaxt və az xərclə əvvəlkindən də yaxşı təmir edə bilirlər.36


Fəhlələr sübut etməlidirlər ki, xalq öz ayağı üstə dayana bilir!

Nə üçün bir xalqı təhqir edib deməlidirlər ki, siz bacarmırsınız?! Siz fəhlələr özünə güvənmək və öz ayağı üstə dayanmaq hissinin əməli təcəssümü ola bilərsiniz. Siz göstərməli, sübut etməli, həmçinin digərlərinə də öyrətməlisiniz ki, xalq öz ayağı üstə dayana bilir. Allaha şükür olsun ki, bizim çoxlu mənbələrimiz də var.

Mənim arzum budur ki, biz neft quyularının ağzını bağlayıb iqtisadiyyatımızı qeyri-neft sektoru üzərində quraq. Yəni fərz edək ki, bu ölkənin neft adlı sərvəti yoxdur. Əlbəttə, bu iş bu illərdə və belə tez bir zamanda həyata keçməyə bilər. Çünki düşmənlər asılı və azğın Pəhləvi dövründə həddən artıq dağıdıcılıqla məşğul olmuş, xalqımızı və ölkəmizi neftdən o qədər asılı etmişlər ki, bu şəraitdə belə bir işi görmək mümkün deyil. Amma bir gün bu iş görülməlidir. O gün elə bir gündür ki, xalqımız öz sərvətlərini ölkələrin milli sərvətlərindən tam xəbisliklə müftə istifadə edən şəxslərə vermədən və öz potensiallarına güvənməklə ayağı üstə dayansın.

Təəssüf ki, bu iş bu gün mümkün deyil. Bu gün neft istehsal edən bəzi ölkələrin xəyanətinə və onların beynəlxalq oğrularla işbirliyinə görə neft onu istehsal edən ölkələr üçün qazanc, yaxud siyasi və iqtisadi istifadə vasitəsi olmaq yerinə, əksinə, onun istehlakçılarının əlində rıçaq olmuşdur; eynilə sahibinin başına çırpılan bir mal kimi. Halbuki neft elə bir məhsuldur ki, əgər bu gün onu dünyaya verməsələr, hər yer işıqsız, istiliksiz, hərəkətsiz və sənayesiz qalar. Bugünkü sənaye sivilizasiyası maşın üzərində qurulmuşdur. Əgər neft olmasa, maşın hərəkət edə bilməz. Bizim neftimiz bu qədər əhəmiyyətlidir.

Əlbəttə, bizim neftimiz deyəndə məqsəd bütün bu regionun və dünyanın digər bölgələrinin neftidir. Bu region dünya neftinin əsas hissəsinə sahibdir. Yəni əlləri beynəlxalq oğrularla əlbir olan həmin hökumətlər təəssüf ki, neftin əsas hissəsinə sahibdirlər. Bu gün bu qədər dəyərli olan bir məhsul ona çox ehtiyacı olan istehlakçıların əlində alətə çevrilmişdir. Onlar on illər öncədən bu gunə qədər belə siyasət planlamış və icra etmişlər. Təəssüf ki, asılı ölkələrin xəyanətkar siyasətçilərinin bir qrupu da həmişə onlarla əməkdaşlıq edirlər.37
Özünüzü gücləndirin ki, dünya sizi dinləsin!

Dünyanın sizi dinləməsi üçün özünüzü gücləndirməlisiniz. Dünyanın sizə hörmət etməyə məcbur olması üçün özünüzə güvənməli, öz potensialınızı – elmi, iqtisadiyyatı, iş potensialınızı və hərbi müdafiə qüdrətinizi gücləndirməlisiniz. Əgər bir xalq güclü və əlbir olsa, əgər bir xalq Allaha arxalansa və şeytanlardan qorxmasa, hətta düşmənlərini də özünə hörmət etməyə vadar edər. Necə ki, bu gün hegemonizmə bağlı media qurumlarının bəzən barəmizdə çərənləmələrinə rəğmən, Allaha şükür olsun ki, xalqımızı tanıyan bütün xalqlar ona hörmət edirlər. Biz bunu yaxından görmüşük.38





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə