Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Yeddinci fəsil: İş, məişət, ictimai ədalət



Yüklə 0,66 Mb.
səhifə7/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Yeddinci fəsil: İş, məişət, ictimai ədalət


Maliyyə fəsadı ilə mübarizə Əli (ə) hərəkəti və Əli (ə) rəftarıdır!

Onun bir nümunəsi iqtisadi fəsadlara qarşı aparılan mübarizədir. Dünyanın müxtəlif yerlərindən təbliğat mikrofonları çox təəccüblə İslam Respublikası quruluşunun bu işinə qarşı qıcıq nümayiş etdirir və əsəbiləşmələri ilə bizə öncəkindən daha aydın və sübut edirlər ki, bu, düzgün hərəkətdir.

İqtisadi fəsadlarla, maliyyə işlərində və beytülmal məsələlərində özbaşınalığa sarı təmayüllə mübarizə Əmirəlmömininin (ə) birinci proqramlarından olmuşdur. Biz İslam Respublikası quruluşunda bu yolu davam etdirdiyimizə görə fəxr edirik.

Bəzi adamlar deyirlər ki, iqtisadi fəsadla mübarizə sözünün mənası quruluşun zəhmətkeş müdirlərini və məsul şəxslərini müttəhim etməkdir. Xeyr, bu, səhvdir. Əgər müxtəlif qurumlarda fəsad oturuşsa, ümumiyyətlə, mübarizə adı və mübarizə fikri ortaya çıxmaz. Mübarizə sonradan yaranan və quruluşa məcburən daxil olan bir amilə qarşı aparılır. Quruluşun sağlamlığının dəlili budur ki, iqtisadi fəsadlarla mübarizə başlandıqda onun birinci dərəcəli məmurları və orta müdirləri bu işə həqiqətən həvəslə və rəğbətlə qatılırlar. Bunun mənası odur ki, quruluş Allahın lütfü ilə İslamın və Əmirəlmömininin adı sayəsində özünün ümumi və əsl xəttini düzgün davam etdirə bilmişdir. Hər bir təmiz və sağlam çaya da o tərəf-bu tərəfdən bir neçə bulaşıq kanalın daxil olması mümkündür. Biz bunun önünü kəsmək istəyirik. Quruluşun yüksək rütbəli şəxsləri və əsas məmurları adi xalq kimi fəsadla mübarizəyə sevinirlər.

Bu xalqın düşmənləri və cəmiyyətdə fəsadın oturuşması üçün bizim bu mübarizəmizi dayandırmağımızı istəyən şəxslər fəsadla mübarizəni cəmiyyətin fəsada düşməsi kimi izah edirlər. Xeyr, biz İslam quruluşu və İslam Respublikası qurumlarında elə məsələlərlə mübarizə aparırıq ki, dünyanın çoxlu quruluşlarında bu gün bir adət və ənənə formasına düşmüşdür; o yerlərdə fəsad oturuşmuşdur. Fəsadla mübarizə Əli (ə) hərəkəti və Əli (ə) rəftarıdır. Bunun üçün Əli (ə) qətiyyəti lazımdır və Allahın lütfü ilə bu mübarizə ilə məşğul olan məmurlar Əmirəlmöminindən (ə) ilham almaqla bu qətiyyəti icra etməlidirlər və edəcəklər.105
Məsul şəxslər ədaləti təmin edib yoxsulların məişətini asanlaşdırsınlar!

Məsul şəxslər ədaləti təmin edib məhrum və yoxsul təbəqələrin məişətini asanlaşdırsınlar. Məqsəd təhlükə zamanı bu məmləkəti xilas edənlərdir. Əgər Allah eləməmiş, bir təhlükə bu məmləkəti təhdid etsə, yenə də həmin fəhlə toplumu, müəllimlər, məhrum təbəqələr və gəlir baxımından aşağı səviyyədə olan işçilər gedib sinələrini sipər edəcəklər.

Xalqın müxtəlif təbəqələri - fəhlələr, müəllimlər, müxtəlif sahələrin işçiləri çalışıb inşallah sayıqlıqla və diqqətlə işi ən yaxşı şəkildə görsünlər, məmurlar da öz məsuliyyətlərini dərk etsinlər.

İnşallah bu toplum məmurların səyi nəticəsində haqlı olduğu və Allahın onun üçün müəyyən etdiyi yerə çatsın; yəni inşallah həm dünyəvi və maddi, həm də mənəvi və ilahi qurtuluşa.

Ümidvarıq Allah bizi vəzifələrimizlə tanış etsin! O vəzifələri yerinə yetirmək üçün bizə kömək olsun, əlimizdən tutsun, yayınmadan və sapqınlıqdan qorusun!106
İctimai ədalət olmadan iqtisadi inkişaf yoxsulların işinə yaramaz!

İctimai ədalət əsas məsələdir. Əgər ölkədə iqtisadi inkişaf olsa, lakin ictimai ədalət olmasa, bu iqtisadi inkişaf yoxsulların işinə yaramaz və məhrumluğu aradan qaldırmaz. Necə ki, bu gün bir çox ölkələrdə istehsalın yuxarı səviyyədə olduğunu, böyük zavodların işlədiyini, sərvətin istehsal olunduğunu, lakin məhrumluğun da mövcud olduğunu görürsünüz; məsələn, inkişaf etmiş Avropa və Qərb ölkələrində belədir.

Televiziyalarda və kameralar arxasından bu ölkələr barədə mənə və sizə göstərilənlər yaxşı yerlərdir; yoxsul məhəllələri, acı yaşayışları, aclıqları, məhrumluqları və həsrətləri göstərmirlər, hündür binaları, xiyabanları, böyük bağları və bu kimi yerləri göstərirlər. Əgər sənaye inkişafı və iqtisadi irəliləyiş olsa, lakin ictimai ədalət olmasa, həmin vəziyyət yaranacaq. Bəzi ölkələrin vəziyyəti isə onlardan da pisdir. Biz isə bunu istəmirik.

Biz cəmiyyətdə yalnız iqtisadi inkişafı istəmirik. Biz ictimai ədalətlə yanaşı olan iqtisadi inkişafı istəyirik. Əlbəttə, demirik ki, ictimai ədalət olsun, lakin iqtisadi inkişaf olmasın. Çünki heç bir iqtisadi inkişaf olmayan yerdə ictimai ədalət çox da mühüm amil olmur, cəmiyyəti rifaha və lazımi imkanlara çatdırmır.

Əgər ictimai ədalət iqtisadi inkişafla yanaşı olsa, cəmiyyət çiçəklənəcək. Biz ictimai ədalətə riyaət etməyə bilmərik.

Məmurlar ölkənin idarəçiləridir. Bir tərəfdən kimlərinsə düzgün yollarla sağlam və qanuni iqtisadi fəaliyyətlər göstərməsinə imkan verməlidirlər, çünki, İslamda sərvət qazanmaq xoşagəlməz hesab olunmur, lakin qeyri-qanuni yollardan, saxtakarlıqdan, hiylədən, fırıldaqdan və ümumi sərvətlərdən sui-istifadənin qarşısını almalıdırlar. Bunlar yasaqdır. Məsafələr azaldılmalıdır. Bəzi şəxslərin beytülmaldan aldıqları maaşlar, mükafatlar və hədiyyələr ümumiyyətlə, izahediləsi, başadüşülən və məqbul deyil.

Dövlət əmlakından və beytülmaldan istifadə edənlər haqları qədərincə və işlərinin dəyəri miqdarında bəhrələnməlidirlər. Bəzi şəxslərin böyük miqyasda istifadə etməsi yolverilməzdir. Əlbəttə, İslam inqilabı bu ölkədə ayrıseçkilik və tağutyetişdirmə bütünü sındırdı. İnqilabdan öncə yoxsulla varlı arasında məsafə qaçılmaz sayılırdı. Kimsə "gözünün üstə qaşın var" deməyə cürət göstərmirdi. İslam inqilabı isə ictimai ədalət yolunu açdı, amma buna əməl etməliyik.

Qanun qəbul edən, qərar verən və proqram hazırlayan şəxs ictimai ədaləti nəzərə almalıdır. Bir neçə gün bundan qabaq İslam Respublikası televiziyası Buşəhrin kəndlərindən birində yerləşən bir məktəbi göstərdi. O vəziyyəti görərkən mənim ürəyim ağrıdı. Bu ölkənin bir tərəfində bir qrup gənc elə çətin şəraitdə məktəbə gedir, amma bir neçə kilometr o tərəfdə dənizin ortasında siz görün zəhmətsiz qazanılmış sərvətlərlə nələr edirlər! İslam Respublikası quruluşunda bu yol düzgün deyil, səhvdir.

Məmurlar ehtiyatlı olmalıdırlar. Hər kəsin üzərinə bir vəzifə düşür və vəzifəsini dəqiq şəkildə yerinə yetirməlidir.107
Hökumət zəif təbəqəni himayə etməlidir!

...Amma mən bunu demək istəyirəm ki, məhrum, yoxsul və azgəlirli təbəqələr, bir məhsulun bahalaşması şəxsi məişətlərinə tez təsir göstərən şəxslər himayə olunmalı və yardım görməlidirlər. Bunu deyirik ki, iqtisadi məmurlar, müxtəlif iqtisadi sahələrdə məsuliyyət daşıyanlar, əllərində iş və istehsal olan şəxslər bu məsələlər barədə yaxşı fikirləşsinlər. Bu zəif təbəqələrə, yoxsul, məhrum və aztəminatlı ailələrə bir yolla kömək etsinlər ki, inşallah bu xalq iqtisadiyyatı çiçəkləndirə bilsin.108


Xalqın hüququna təcavüz edənlərə qarşı tədbir

Bu gün xalq ədalət təşnəsidir. İslam Respublikası quruluşunda ədalət olduqda dünyanın hər yerindən xalqlar boynunu uzadıb bu parlaq həqiqətə göz dikəcək, onu təqdir edəcək və ona cəzb olunacaqlar. O zaman bu şərafətli ayə izah olunacaq: "Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" Bu, vəzifədir; həm xalqın vəzifəsidir, həm də aidiyyətli qurumların. Qeyd etdiyim kimi, həm məhkəmə orqanları, həm icraçı orqanlar, həm də qanunverici hakimiyyət ölkə miqyasında bütün işlərdə və iqtisadi fəaliyyətlərdə - Allaha şükür olsun ki, bir qədər vardır, lakin onu təkmilləşdirmək lazımdır - xüsusən də bu dövrdə ədaləti kamilləşdirmək, inkişaf etdirmək və sayıqlıqla icra etmək üçün üzərlərinə hansı vəzifələrin düşdüyünü bilməli və onları yerinə yetirməlidirlər.

Xalq İslam Respublikası quruluşunu bütün varlığı ilə sevir. Xalq öz məmurlarını, quruluşunu və millət vəkillərini sevir. Ədalətin icrası və onu inkişaf etdirməklə bu sevən, ixlaslı, sədaqətli, vəfalı və İslam Respublikasında bütün lazımi işlərə qoşulan xalqı bu aydın həqiqətə daha ümidvar etmək lazımdır.

Mənim əzizlərim! Sizə deyim ki, bu iki ayə bir yerdədir. Bu ayə109 deyir ki, İslam öz daxili amilləri - dedik ki, bir tərəfdən məntiq və əsaslandırma və digər tərəfdən ictimai ədalət - sayəsində dünyaya hakim olacaq; təxribat yolu ilə, xəncər yolu ilə, Allah düşmənlərinin həmişə digər yerlərdə etdikləri və İslam Respublikası düşmənlərinin indi də etməkdə olduqları yollarla yox, məntiq yolu ilə və ədalətin icrası ilə. Bu bir ayə. Qabaqkı ayə də budur: "Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər"110. İstədikləri qədər təhdid etsinlər. Allah-Taalanın düşmənin İslama qarşı məkrini zəif sayması təkcə Peyğəmbər (s) dövründəki Qüreyş kafirlərinin məkri üçün deyil. Bu, düşmənin İslam Respublikası əleyhinə bütün planlarına da şamil olur - yəni iqtisadi blokada, hər yerdə geniş təbliğat təxribatı, yəni siyasi təzyiqlər, siyasətçi sionistlərin gecə-gündüz İslam Respublikasına zidd olan digər qüvvələrlə oturması və gecə-gündüz İslam Respublikası əleyhinə çalışması; bunların hamısına şamil olur. Quran deyir ki, bu xalqın İslama və Allah yoluna sadiqliyi qarşısında, bu xalqın birliyi qarşısında, bu xalqın ilk gündən Allah və Quran yolunda hərəkətə vadar edən eşqi qarşısında, bu xalqın müqaviməti, dözümü, hikməti və sayıqlığı qarşısında bütün bu qüvvələr, bütün bu planlar, bütün bu hiylələr, ittifaqlar və düşmənliklər bütünlüklə məğlubiyyətə məhkumdur.111


Məsul qurumların təbəqələrarası məsafənin dərinləşməsinin qarşısını alması

Bir cümlə də bəzi məmurlara demək istəyirəm. Bu gün bizim ölkəmiz ağır iqtisadi bir keçid halındadır. Bunu keçib inşallah açıq, azad, yaxşı və rifahlı bir dövrə çatmalı və xalq bu möhtəşəm təbiətin mənfəətlərindən, hədiyyələrindən və ölkəmizdə olan çoxlu imkanlardan istifadə edə bilməlidir. Bizim hamının səyinə ehtiyacımız var. Lakin bu dövrdə ölkənin ümumi inkişaf hərəkətinə yönələn təhdidlərdən biri budur ki, ölkədə yanlış siyasətlər səbəbindən təbəqələrarası məsafə çoxalsın. Bundan çox ehtiyatlı olmaq lazımdır. Bəzi adamlar yalnız özlərini düşünürlər. Bunlar elə şəxslərdir ki, nə məzlum və məhrum təbəqəni, nə yoxsulları, nə də ölkənin gələcəyini düşünürlər; yalnız öz ciblərini, öz şəxsi yaşayışlarını və bacardıqca çox sərvət toplamağı düşünürlər. Məsul qurumlar bunların fərq və məsafələri daim artırmalarına imkan verməməlidir.112


Ölkədə yoxsulluğu aradan qaldırmaq

Ölkənin siyasəti məhrum təbəqələrin xeyri və onların yoxsulluğunu aradan qaldırmaq istiqamətində olmalıdır; necə ki, belədir də. Allaha şükür olsun ki, bu gün hökumətin izlədiyi və mənim tanış olduğum, nə iş gördüklərini bildiyim iqtisadi siyasətlər yoxsullara xidmət istiqamətindədir. Müxtəlif təbəqələr tərəfindən inşallah həmkarlıq göstərilməlidir ki, ölkə məhrumların ehtiyaclarını təmin edə bilsin.113


Fəhlələrin məişət vəziyyəti maddi və mənəvi cəhətdən yaxşılaşmalıdır!

Siz fəhlələrin ölkədə mühüm rolu var; əsas istehsal yükü sizin üzərinizə düşür. Şübhəsiz, İslam Respublikası quruluşunun əsas vəzifələrindən biri budur ki, istehsalda və ölkə iqtisadiyyatının idarəsində ən böyük haqqa malik olan bu zəhmətkeş təbəqə özünün düzgün insani və islami haqqından bəhrələnsin. Fəhlələrin məişət vəziyyəti maddi və mənəvi baxımdan yaxşılaşmalıdır. Müvafiq qanunların icrası və iş yerlərinin artırılması ilə bizim cəmiyyətimizdə yoxsulluq aradan qaldırılmalıdır. Cəmiyyətin məhrum təbəqələrindən olan fəhlələr iqtisadi inkişaf proqramlarında prioritet olmalıdırlar. Əgər fəhlənin ehtiyacları təmin olunsa, iş daha yaxşı görülər.

Bizim ilahi vəzifəmiz və İslam ədalətinin tələbi budur ki, cəmiyyətin bütün üzvləri, hansı təbəqədən olsalar, bir möminin insani məqamına lazım və uyğun olan imkanlara malik olmalıdırlar. Dünyanın azğın cəmiyyətlərində mövcud olan, bizim inqilabdan öncəki cəmiyyətimizdə ən pis formasında mövcud olan və hələ də qalıqları tamamilə təmizlənməyən ayrıseçkiliklərə və haqsız istifadələrə son qoyulmalıdır.114
Faydalı və istehsalçı iş yerləri proqramların sərlövhəsi olmalıdır!

Daha çox icraçı qurumlara aid olan başqa bir mühüm məsələ iş məsələsidir. İli əvvəldən axıra qədər faydalı və istehsalçı iş yerləri yaratmaq ili edək. Dərin iqtisadi araşdırmalarda bu nəticəyə çatırıq ki, başlanğıc nöqtəsi yeni iş yerləri açmaqdan ibarətdir.

Bizim cəmiyyətimizə yaraşmaz ki, ölkə əhalisinin əsasən gənc və əksəriyyəti istedadlı olan böyük bir toplumu faydalı və istehsalçı işdən məhrum olsun. Halbuki ölkənin bu iş yerlərinə olduqca çox ehtiyacı var. İş yerlərinin keyfiyyəti də əhəmiyyətlidir, lakin birinci növbədə iş yerləri və iş imkanları yaratmaq böyük əhəmiyyətə malikdir. 2000-ci ildə bu sahədə araşdırmalar aparılmış və proqramlar hazırlanmışdır. Bu proqramlar icra mərhələsinə çıxmalıdır; hamı buna çalışmalı, bu proqramların icra halında olduğunu görməli, öz həyatında və ölkənin ümumi simasında onun təsirlərini müşahidə etməlidir. Buna görə, əsasən icraçı hakimiyyətin üzərinə düşən və şübhəsiz ki, qanunverici və məhkəmə hakimiyyətlərinin də kömək etməli, dəstəkləməli və şərait yaratmalı olduğu iş məsələsi üçün proqram hazırlamaq il boyu bizim və bütün məmurların ən vacib işlərindən biri olmalıdır.115
İş yerləri açmaq üçün proqramın, çalışmağın və sabitliyin zəruriliyi

Bu gün iş məsələsi ölkəmizin ən mühüm məsələlərindən biridir. Məsul şəxslər hər il bir neçə yüz min iş yeri açmalıdırlar ki, işə iradəsi və hazırlığı olan gəncləri buna vadar edə bilsinlər. İş yeri açmaq asan deyil. Bunun üçün proqram hazırlamaq, çalışmaq və sabitlik lazımdır. Bəzi adamlar buna mane olmaq istəyirlər. Bunlar kimlərdir? Düşmənlər və təhrik edilənlər. Bunlar bəzi çatışmazlıqları olan təbəqələrin canına düşürlər. Əlbəttə, bu günə qədər düşmənlərin qərəzli niyyəti bizim elm və əmək adamlarımıza üstün gəlib onları alət edə bilməmişdir. Onlar bilsinlər ki, şübhəsiz, bundan sonra da bacarmayacaqlar. Lakin əsas şərt sayıqlıqdır. Hamı sayıq olmalıdır. Gənclər, alimlər, fəhlələr, şagirdlər və tələbələr ayıq olub düşmənin nə istədiyini bilsinlər. Hökumət və müxtəlif məmurlar da öz səylərini göstərsinlər. Proqramlar var, inşallah bu proqramlar icra olunsun və çatışmazlıqlar tədricən aradan qaldırılsın.116


Məmurlar sərvət toplamaqdan və zülmdən çəkinsinlər!

Başqa bir məsələ budur ki, İslam Respubilkası hökumətinin qurulduğu zamandan bu günə qədər Allahın lütfü ilə ədalətin bərqərar olunması üçün çoxlu işlər görülmüşdür. O zülmlər, hegemonluqlar, insanların hüquqlarının yuxarıdan qəsb olunması, güclülərin sərvət toplaması (hakimiyyətin başında olan şəxs xalqın hamısından sərvətli idi) adi iş deyildi. Qabaqkılardan düzgün xəbərimiz və onlarla işimiz də yoxdur. Lakin Qacar və Pəhləvi şahları, hakimiyyət başında olanlar və bu ölkədə şah olaraq yaşayan, ölkənin başçısı olan şəxs xalqın bütün fərdlərindən sərvətli idi. Bu haradandır? Məgər haqsızlıq etmədən belə bir şey mümkündür?! Xalqın malını mənimsəyirdilər. Harada yaxşı mülk vardısa, harada gözəçarpan bir şey vardısa, harada gözəl imarət vardısa, Rza xan mənimsəyirdi. Özü üçün böyük sərvət toplamışdı. Ölkənin çoxlu bölgələrini bir yerdə mənimsədi və hamısını özünə aid etdi. Onun xələfi də belə idi. Hakimiyyətin başında mütləq ədalətsizlik hökm sürürdü. Hakimiyyətin zirvəsindən aşağıya endikcə bu ədalətsizlik də enir və genişlənirdi. O rejimdə kimin başqasına zülm etmək imkanı vardısa, zülm edirdi, heç bir maneə yox idi. O rejimlər belə idilər.

Allaha şükür olsun ki, İslam Respublikası quruluşunda məsələ əksinədir. Əgər hərdən bəzi ədalətsizliklərə, ziddiyyətlərə, yaxud təcavüzlərə dair məlumat çatırsa da, bunlar heç vaxt hökumətin yüksək rütbəli məmurları barədə olmur. Hakimiyyətin başında duran şəxslərin həyatı xalqın məişətinin orta və bəzən ortadan da aşağı səviyyəsi kimidir; xalqın malına göz dikməyiblər, dünya malında tamahları yoxdur. Allaha şükür edirik ki, İslam Respublikasında bu bəyənilmiş ənənəni və xüsusiyyəti yaradıb: məsul şəxslərin heç biri sərvətlə öyünmür. O zamanlar sərvətlə öyünürdülər; bu, bir imtiyaz sayılırdı. Lakin bu gün məmurların sərvətli olması mənfi bir göstəricidir. Əgər məmurların biri sərvətli olsa, mal-dövləti olsa, bəlli görkəmdə evi, imkanları olsa, bu, mənfi bir hal sayılır; Allaha şükür olsun ki, həm xalqın, həm məmurların baxışında mənfidir, həm də bunlara malik olanlar onun mənfi bir cəhət olduğunu bilirlər. Bu, İslam Respublikası quruluşunda çox mühüm məsələdir. Bu, Allahın lütfü ilə inqilabın əvvəlindən başlayan və Allahın lütfü ilə genişlənən ədalətə sarı hərəkətdir. Bizim Böyük İmam paklığın, zahidliyin və dünyaya etinasızlığın nümunəsi idi; bugünkü hökumətdə də belədir.117
Məmurlar diqqətlərini məişət, iqtisadiyyat və işsizlik məsələlərini həll etməyə yönəltsinlər!

Ölkə imkanlarını və pullarını lazım olmayan, formal və artıq yerlərdə xərcləmək haramdır. Bu gün xalqın həyatının praktik yönləri ilə əlaqəsi olmayan işlərlə məşğul olmaq israfçılıqdır. Bəzi adamların ölkənin ab-havasını həddən artıq siyasiləşdirməsi və əsas məsələlərin kölgə altında qalması böyük diqqətsizlikdir. Əlbəttə, kiçik bir qrup bu diqqətsizliyi bilərəkdən törədir və xəyanət edirlər, bir qrup da diqqətsizlikdən edir. Ölkədə hər gün yeni bir siyasi məsələ yaratmaq, zehinləri və fikirləri İslam Şurası Məclisi barədə bir cür, digər idarələr barədə də bir cür görülməli işlərdən yayındırmaq əsla məsləhət deyil. Hamı öz diqqətini ölkənin inkişafı və problemlərin həlli üçün lazım olan işlərə - xalqın məişət məsələlərinə, iqtisadiyyata, işsizlik məsələsinə yönəltməlidir. Qurumlar bir-birinə kömək edib bu işləri görsünlər. İş görülür, lakin daha da sürətləndirilməli və ümumiləşdirilməlidir.

Yayındırıcı şüarlardan çəkinmək lazımdır. Bəzi adamlar ölkə məmurlarının diqqətini əsas işlərdən yayındırıb başqa yerə yönəltmək üçün sanki pul almışlar. Təəssüf ki, bəzi mətbu orqanları da bu sahədə çox təsirlidir, hər şeyi yazırlar. Xalqın imanının, etiqadının və maraqlarının ziddinə, həqiqətin ziddinə yazır və azad şəkildə nəşr edirlər. Sonunda da fəryad qoparırlar ki, azadlıq yoxdur. Azadlıqdan istifadə edib azadlığın olmamasını iddia edirlər.

Əgər azadlıq yoxdursa, mətbuatda, qeyri-mətbuatda və müxtəlif yerlərdə qopardığınız bütün bu fəryadlar, şayiə və yalanlar nədir?! Sözsüz ki, biz bu sözlərdən qorxmuruq. Bu xalq mömin xalqdır.

Fəhlə təbəqəsini işdən daşındırmağa çalışdılar. Bizim fəhlələrimiz mömin və öhdəçidirlər, inqilabın əvvəlindən ağır məsuliyyətləri üzərlərinə götürüb daşımışlar. Ötən illər ərzində də düşmən dəfələrlə bunların hisslərindən sui-istifadə etmək istəmiş, lakin Allaha şükür olsun ki, bacarmamışdır. Bu təbəqələrin müqaviməti, ayıqlığı və imanı naməhrəmin sinəsindən vurmuş və düşməni geri oturtmuşdur. Yenə də belə olacaq. Məmurlar da bunu hiss etməli və bunun qədrini bilməlidirlər.118
Bu xalqın çoxlu insan kapitalı var!

Məmurların və ölkənin müxtəlif sahələrinin məsul şəxslərinin görə biləcəyi ən yaxşı iş bu xalqa xidmət etməkdir. İndi müxtəlif təbəqələrin – fəhlə və müəllim təbəqələrinin müxtəlif məsələləri ortaya qoyulur. Digər təbəqələrin hər birinin də tələbləri var. Baxın, mənim əzizlərim! Bu xalqın çoxlu sərvətləri var; maddi sərvəti var, yeraltı sərvəti var, bunların hamısından üstünü odur ki, insan kapitalı var. Bizim on milyonlarla gəncimiz var. Bu çox möhtəşəm bir sərvətdir. Bizim parlaq istedadlarımız var. Bu istedadlardan istifadə edib onları milli maraqlar yolunda işlətməyi bacaranlar bu ölkəyə ən böyük xidməti etmişlər.119


Məmurların yorulmaz və ixlaslı əməyi xalqı öz məqsədlərinə çatdıracaq!

Bizim əcnəbiyə heç bir ehtiyacımız yoxdur. Əlbəttə, bizim bütün dünya ilə əlaqəmiz var, ölkənin iqtisadiyyat və müxtəlif fəaliyyətlər qapılarını digər xalqların və ölkələrin üzünə bağlamamışıq. Biz təcrübələrdən istifadə edirik, bizim mübadilələrimiz var. Lakin bu xalqın prinsipləri, dəyərləri, milli maraqları və İslam kimliyi üzərində dayanırıq. Bu, təhdid altına düşməməlidir. Bu bizim qüdrət rəmzimizdir. Düşmən bu ölkə daxilindəki qüdrət amillərini almaq, xalqı müdafiəsiz qoymaq, iman, dərk və ayıqlığı almaq, İslam Respublikası quruluşunun əsas mərkəzlərini təsirsiz etmək və zərərsizləşdirmək istəyir ki, istədiyi zaman xalqa hücum etsin və o özünü müdafiə edə bilməsin. Biz isə əksinə, öz dəyərlərimiz, mövqelərimiz və milli maraqlarımız üzərində təkid göstərməliyik. Bu gün ölkənin iqtisadi məsələsi çox mühüm məsələlərdəndir və bütün məmurlar onunla məşğul olmalıdırlar. Mən işsizlik problemi barədə də dəfələrlə danışmışam. Əlbəttə, məsul şəxslər çalışırlar. Mən bunu tam əminliklə deyə bilərəm ki, möhtərəm prezident Dövlət Şurasında və müxtəlif yerlərdə bu sahədə intensiv çalışır. Bu xətt bütün sıralarda və bütün sahələrdə izlənməlidir. Bu xalqın öz uca məqsədlərinə çatmasının yolu ölkə məmurlarının yorulmaz, ixlaslı və səmimi işləməsidir; istər hökumətin, istər parlamentin, istər bu işlərlə əlaqəsi olan və bu qərarlara təsir göstərə bilən digər orqanların.120


Ölkənin iqtisadi təməllərinin qurulması - fəhlələrin məişət probleminin həllinin əsas şərti

Cənabların burada məruzə etdikləri kimi məişət və maddiyyat problemlərinin həlli sahəsində yaxşı işlər görülmüşdür, lakin bunlar kifayət etmir. Nə üçün kifayət etmir? Çünki fəhlə təbəqəsinin və digər təbəqələrin məişət problemini aradan qaldırmaq ölkə iqtisadiyyatının təməllərini qurmaqdan asılıdır. Fərz edin biz bu zəhmətkeş insanın maaşını 20, yaxud 40 faiz artırdıq. Əgər inflyasiyanı saxlamasaq və milli valyutanın dəyərini təmin etməsək, onun bu il bizdən aldığı əlavə miqdar qiymətlərin qaydasız artımından aşağı olsa, onun üçün fayda yetirməyəcək. Deməli, biz onun üçün bir iş görməmiş oluruq. Odur ki, əsas iş odur.

Mənim burada iştirak edən möhtərəm nazirlərə və digər dövlət məmurlarına tövsiyəm budur və əvvəllər də həmişə bu olub ki, milli valyutanın gücləndirilməsinə və dövlət xərclərini nizama salmağa çalışsınlar. Artıq və israfçı xərclərin önünü alsınlar və məhdud bir nazirlik dairəsində ədalətə tam riayət edib yersiz ayrıseçkilikləri aradan qaldırsınlar. Bunlar elə işlərdir ki, rial artımları olmadan da ürəkləri sevindirə, insanları şad və ümidvar və onların həyatını bərpa edə bilər. Əgər bu işlər baş versə, rial artımı o formada olmasa da, məişət təbii və gözəl şəklə düşər.121
Qanunlar elə tənzim olunsun ki, fəhlə peşə təhlükəsizliyi hiss etsin!

Fəhlə məsələsi barədə lazım olan budur ki, dövlət imkanları çərçivəsində - imkanlardan artıq yox, dövlətin və ölkənin icraçı gücünün icazə verdiyi həddə - qanunlar və icra siyasətləri elə tənzimlənsin ki, fəhlə həm peşə təhlükəsizliyi, həm də əməyinin dəyərinin dərk olunduğunu hiss etsin; bir tərəfdən fəhlənin hüququ ilə məşğul olunsun, digər tərəfdən də elə olmasın ki, sərmayə qoyanlar fəhləni işə götürməyə qorxsunlar. Məsələnin hər iki tərəfinə real və dəqiq baxılmalıdır ki, nəticədə həm fəhlənin peşə təhlükəsizliyi, həm də hüquqları təmin olunsun.

İslam quruluşu da həqiqətən fəhlə təbəqəsinə borcludur. Həm inqilabın əvvəlində bu təbəqə böyük kömək göstərdi, həm inqilabın və İslam quruluşunun bu günə qədər qorunmasında; istər müqəddəs müdafiə dövründə, istər ondan öncə, istər sonra. Çox əllər bu təbəqəni quruluşdan ayırmağa çalışırdı. Mənfi cəhətlər üzərində, giley və şikayət yaradan nöqtələr üzərində dayanır, onları şişirdir, qabardır və böyüdürdülər ki, bu mömin, həvəskar və xidmətçi təbəqəni inqilab və quruluşla qarşı-qarşıya qoysunlar. Bacarmadılar. Belə cəhdlər bu günə qədər uğursuz olmuşdur.122
Düşmən fəhlə təbəqəsini inqilabdan və quruluşdan ayırmaq istəyir!

Mən sizə deyim: Bu gün də sinif maraqlarını qabartmağa və bütün bunlardan quruluşun düşmənlərinin xeyrinə, inqilabla və quruluşla mübarizə üçün nəticə çıxarmağa çalışırlar. Hamı ehtiyatlı olsun. Bu, bizim hökumətə, məmurlara və qanun qəbul edənlərə bu təbəqənin və digər təbəqələrin hüququnun tapdanmasından ehtiyatlı olmalarına dair tövsiyə və təkidimizdən əlavə sözdür. Onun öz yeri var və olmalıdır. Lakin bu tərəfdən, bizim fəhlələrimiz ilk gündən düşmənlərin diqqət mərkəzində olmuşdur. Bunları quruluşdan və inqilabdan ayırmağa səy göstərildi, lakin bu təbəqənin ayıq-sayıqlığı, imanı və nəcibliyi düşmənlərin səyini zərərsizləşdirdi.

Bu bir xəyal deyil, reallıqdır. Bu gün dünyanın hegemon gücləri on doqquzuncu əsrin və iyirminci əsrin əvvəllərinin müstəmləkə dövrü kimi onlar üçün daha artıq sərvət və qüdrət yaradan yeri udmaqdan ötrü ağızlarını açıblar. ABŞ-a hakim mafiyanın sionistlərin əsaslı rejissorluğu ilə hazırladıqları Böyük Orta Şərq layihəsi nə üçündür və mənası nədir?!123
Kommunist quruluşlarının ədalətin ziddinə olması

...Əgər ədaləti mənəviyyatdan ayırsaq - yəni ədalət mənəviyyatla yanaşı olmasa, bu da ədalət olmayacaq. Mənəviyyatla yanaşı olmayan, varlıq aləminin və kainatın mənəvi üfüqlərinə diqqət yetirməyən ədalət riyakarlığa, yalana, azğınlığa və saxtalığa çevriləcək, şüarları ədalət olan kommunist quruluşları kimi olacaq. Biz deyirdik ədalət və azadlıq; lakin azadlıq heç onların şüarlarından da deyildi. Kommunist hərəkətinin hər hansı bir formada - inqilab, yaxud çevriliş formasında həyata keçdiyi bütün ölkələrdə ədalət onların əsas şüarı olmuşdur. Onların real həyatı isə əsla ədaləti göstərmirdi, ədalətin tam ziddinə idi. Bir qrup adam fəhlə adı ilə hakimiyyətə gəldi. Onlar tağut rejimlərinin zadəgan təbəqəsi idilər; onlarla heç bir fərqləri yox idi. Marksist ölkələrin başçılarının həyatı belə idi. Mən prezident olarkən bəzi sosialist ölkələrin aşağı təbəqələrinin vəziyyətini görmüşdüm. O yerlərdə ədalət adlı bir şey əsla mövcud deyildi. Orada yeni zadəgan təbəqəsi vardı; özlərinə məxsus partiya və siyasi meyarlarla iş başına gəlmişdilər və bütün imkanlardan istifadə edirdilər. Xalq da yoxsulluq və bədbəxtlik içində yaşayırdı. Bu vəziyyət hətta bəzi birinci dərəcəli ölkələrində də görünürdü. Odur ki, belə ədalətsevərlik davamsız olub düzgün yolundan yayınar, riyakarcasına və yalançı olar.124


İslamın inkişafında ictimai ədalətin rolu

İctimai ədalətin məntiqlə fərqi budur ki, məntiq və əsaslandırmanı hətta hansısa ölkədə azlıqda olan müsəlmanlar da İslam barədə şübhəyə düşən şəxslərə göstərə bilərlər. Məsələn, müsəlmanların azlıqda olduğu bir ölkədə yaşayan bir İslam alimi İslam etiqadlarını, İslam əsaslandırmasını və məntiqini təqdim edə bilər, lakin ictimai ədaləti necə?

İslamın ictimai ədaləti yalnız bir İslam hökumətinin mövcud olduğu təqdirdə təqdim və təklif oluna bilər. İslam ədaləti o zaman bərqərar olar ki, bir ölkədə İslam hökuməti və İslam quruluşu mövcud olsun. Əks təqdirdə, İslam ədaləti necə icra oluna bilər?

İslam ədalətinin həqiqi İslam hakimiyyətinin mövcud olduğu tarixi dönəmlərdən - məsələn, Əmirəlmömininin dövründən, yaxud erkən İslam çağının bəzi dövrlərindən qalmış bu miqdarı ürəkləri özünə cəzb etmişdir. Siz görün müsəlman olmayan nə qədər yazıçı və alim Əmirəlmöminin barədə kitab yazmış, o həzrətin ədaləti haqda danışmışdır; ədalət səbəbindən Əlini (ə) tanımış, ona vurğun olmuşdur. Ədalət belədir.

Əgər İslam əsasında yaranan bir cəmiyyətdə ictimai ədalət, hüquqi ədalət, məhkəmə ədaləti, icra ədaləti olsa, ədalət xalqın arasında sözün həqiqi mənasında həyata keçsə, sərvətin düzgün bölgüsü aparılsa, bu cəmiyyətdə ədalətin özü dünyanın hər hansı bir yerində yaşayan xalqların qəlbini İslama yönəldən amil olar. Nə üçün? Çünki insanlar ədalətsizlikdən əziyyət çəkirlər.

Bu gün çoxlu maddi və elmi sərvətə malik olan ölkələrdə də ədalətsizlik var və həqiqi ədalət yoxdur. Buna görə də o ölkələrdə insanların əksəriyyəti əziyyət içindədirlər. Nə üçün? Çünki onlarda ədalət icra olunmur. Bunlar dünyanın bir tərəfində İslam əsasında formalaşmış bir hökumətin və quruluşun olduğunu, bu quruluşda ədalətin bərqərar edildiyini, xalqın ədalətdən bəhrələndiyini, orada ədalətsizliyin, insanların bir-birinə hegemonluğunun, digərlərinin hüququna təcavüzün, əli məhkəməyə və prokurorluğa çatmayan bir məzlumun mövcud olmadığını görsələr, o quruluşu sevərlər. Bunun özü İslamın inkişaf amilidir.

Deməli, İslamın ikinci amili ədalətdir. Ədalət elə bir mövzudur ki, bu gün İslam Respublikasına onunla müraciət olunur.

Əlbəttə, tam və mütləq ədalət elə bir şey deyil ki, bizim kimi qüsurlu insanların vasitəsi ilə iki ilin, beş ilin, on ilin ərzində bərqərar olunsun. Ədalət çox çətin məsələ, olduqca müşkül işdir. Cəmiyyət əxlaqi baxımdan düzəldilməlidir ki, tam ədaləti icra etmək mümkün olsun.125





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə