Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Dünyanın mütərəqqi təbliğat vasitələrindən istifadə etmək



Yüklə 1,75 Mb.
səhifə3/21
tarix23.10.2017
ölçüsü1,75 Mb.
#6403
1   2   3   4   5   6   7   8   9   ...   21

3- Dünyanın mütərəqqi təbliğat vasitələrindən istifadə etmək

İslam düşmənləri, supergüclər, hegemonlar, dünyagir və vəhşi qüvvələr uzun illər İslam və müsəlmanların canına düşdülər. Onlar İslamı vurmaq üçün bütün vasitələrdən istifadə etdilər: çoxlu pullar xərclədilər, planlar cızdılar, müstəmləkə illəri ərzində müsəlman xalqlara böyük ziyanlar vurdular.

Belə bir qürbət çağında bizim möhtəşəm inqilabımız başladı, böyük rəhbərimiz və xalqımız ayağa qalxdı.71
İslamın düşmənləri bu gün daha imkanlıdırlar. Bu gün İslam düşmənlərinin əlində olan imkanlar tarix boyu heç vaxt onlarda olmamışdır. Məsələn, İslamın erkən çağının bir dönəmində zalım və qəsbkar xəlifələr İslam cəmiyyəti daxilində İmam Əlinin (ə), əsl İslamın və düzgün Quran təfsirinin əleyhinə təbliğat aparıb xalqı istədikləri yola çəkmək istəyəndə bunu necə, hansı müddətə və hansı vasitələrlə edirdilər? Kimlərisə İslam dünyasının ucqar bölgələrinə gördərməli, onlar bir kütlə tapıb danışmalı və zalım hakimlərin istədiklərini xalqın beyninə yeritməli idilər. Bu iş çətin idi. Düzdür, bu işi görürdülər, amma təbii ki, çox da uğurlu olmurdu.

Dünyanın təbliğat vasitələrinin möhtəşəm inkişaf etdiyi bu dövrdə və son əlli ildə antiislam güclərin İslam əleyhinə təbliğat aparması isə çətin deyil. Çünki keçmişdə məhdud bir bölgədə bir neçə il ərzində görülən bir iş bu gün dünyanın geniş bir miqyasında bir neçə saat ərzində görülür. İslam əleyhinə bir film hazırlayıb beynəlxalq televiziya kanallarında yayımlayırlar. Bu filmə tamaşa edən hər hansı bir adamın İslamdan xəbəri olmasa, ona qarşı pis fikrə düşər. Onların radioları, qəzetləri və xəbər agentlikləri dünyada daim İslam və İslam dəyərləri əleyhinə çalışırlar. Bu, İslam düşmənlərinin imkanlarının inkişafına dair bir nümunədir.

İslam düşmənlərinin müsəlmanlara və İslam tərəfdarlarına təzyiq göstərmək üçün güc, təchizat və imkanları bu gün keçmişlə çox fərqlənmişdir. Bu şəraitdə bir xalq İslamı müdafiə etmək, onu ucaltmaq, gücləndirmək üçün mübarizə aparsa, bu yolda heç kəsdən və heç nədən qorxmasa və şəhadətə qovuşsa, bu qiyam, bu mübarizə və şəhidlik keçmişdəkindən daha dəyərli olar.72
4- İslamı ictimai-siyasi səhnələrdən və müsəlman xalqlar arasından təcrid etmək

Öz heysiyyətini müdafiə edən milli bir mədəniyyətin mövcud olduğu cəmiyyətlərdə onların ilk işi həmin mədəniyyəti xalqdan almaqdır. Bir qrup əsgər güclü bir qalaya hücum edəndə əvvəlcə onun divarlarını uçururlar. Onlar qalanın divarlarını zəiflətmək üçün hər bir işi görərlər. Hətta birinci iş kimi qala əhalisini yatırmaları da mümkündür. Sədi Gülüstanda bir əhvalat danışır: deyir ki, oğrular yuxuda olan bir dəstə adama hücum etdilər, amma onlara hücum edən ilk düşmən yuxu idi. Yuxu onların gözlərini yumdu, sonra xarici düşmən gəlib qollarını bağladı, mallarını götürüb apardı. Dümən mədəni hücumda belə edir. Əvvəlcə xalqı yatırdır, sonra da hər şeyini aparır.73


İslam düşmənləri ayıqdırlar və İslama zərbə vurmaqdan məyus olmamışlar. Bu gün böyük beynəlxalq güclər İslamı və xalqlar üçün cəlbedici olan İslam şüarlarını sıradan çıxarmaq istəyirlər. Şeytanlar və böyük şeytan olan ABŞ İslama və müsəlmanlara zərbə vurmağa çalışırlar. İslam düşmənlərinin nüfuz etdiyi hər bir yerdə İslama təhlükə var.74
Bu gün beynəlxalq media ideoloji və etiqadi hərəkatlar, o cümlədən İslam hərəkatları dövrünün bitdiyini göstərmək istəyir. Onlar inandırmaq istəyirlər ki, daha İslam hərəkatı və dindən irəli gələn amallara nail olmaq uğrunda mübarizə dövrü bitmişdir. Onlar Kommunist blokunun dağılmasını da bununla izah edirlər. Halbuki orada belə bir şey yox idi və dağılıb gedən təməlçilik deyil, başqa şeylər idi. Müxtəlif amillər əl-ələ verib bu nəticəyə səbəb oldu. Əksinə, bu gün dünyada İslama meyl güclənməkdədir. Müsəlmanların olduğu hər bir yerdə bir hərəkat yaranmışdır. Lakin bu hərəkat bəzən mədəni müstəvidə olur, bəzən mülayim siyasət müstəvisində, bəzən də təbii şəkildə yaranmış radikal formada.

Şərqə baxın, İndoneziyada, Malayziyada, Hindistan yarımadasında (Kəşmir məsələsi), dinə qarşı bu qədər mübarizə aparılmış Türkiyədə, həmçinin Afrikada, onun şimalında və müsəlman azlıqların yaşadığı bəzi Avropa ölkələrində İslam hərəkatı və İslama təmayül mövcuddur. Bu nədən irəli gəlir? Təbii ki, bunların dəqiq səbəbini söyləmək üçün geniş araşdırma aparmaq lazımdır. İslam oyanışı yalnız bizim dövrümüzə aid deyil, kökləri dərindir. Bu hərəkat 150 il öncədən başlanmışdır. Ondan öncə belə İslam yeniliyi və oyanışı şəklində olmamışdır. Bu, dünyada köklü bir tendensiyadır.75


Beynəlxalq istismarçıların siyasəti dini elm mərkəzlərini təcrid etməyə, ruhdan salmağa, təşəbbüssüz, özlərindən asılı etməyə, böyük amallardan uzaqlaşdırmağa yönəlmişdi və indi də belədir. Onları dinin siyasətdən ayrı olmasına inandırmaq və mühüm beynəlxalq hadisələrlə yanaşı addımlamasına məyus etmək istəyirlər.76
Düşmənlər öncədən hazırladıqları planlarla dini müsəlman xalqların həyatından çıxardılar, İslam ölkələrində dinin siyasətdən ayrılığını təmin etdilər. Nəticədə Qərbin elmi inkişafı bu ölkələri birdəfəyə sənaye ölkələrinə tabe etdirə, onların siyasi və iqtisadi talelərini uzun müddət və islah olunmayacaq şəkildə qərbli soyğunçulara tapşıra bildi. Bu gün əksər İslam ölkələri Qərbin şirkət və hökumətlərinin ciblərini öz sərvətləri ilə doldurduqları on illərdən sonra hələ də gerilik vadisində sərgərdan qalmışlar, Qərbin sənayesinə, elminə və məhsuluna möhtac, siyasət dünyasında hələ də onların tüfeylisi və zavallı ardıcılıdırlar. Bu ilk gündən İslamın fundamental prinsipinə - yəni İslam tövhidinə diqqətsizlik səbəbindən yaranmış və zaman ötdükcə artmış böyük zərərdir. Zaman irəlilədikcə, elm kamilləşdikcə, hökumətləri və ölkələri daha imkanlı etdikcə İslam ölkələri daha gücsüz, daha asılı, daha cürətsiz və daha təşəbbüssüz olmuşlar.

Çıxış yolu budur ki, müsəlmanlar tövhidin hər şeydən üstün tutulduğu və Allahdan qeyrisinə bəndəliyin inkar edildiyi əsl İslama qayıdıb öz qüdrət və ucalıqlarını onda axtarsınlar. Antiislam strateqlərin daim qorxduğu və qarşısında ciddi maneələr törətdiyi amil də budur.77


Məlum məsələdir ki, dinin siyasətdən ayrılığına dair məşum nəğmə mənfur düşmənlərin planıdır. Onlar səhnədə olan canlı İslamdan zərbə görmüşlər, bu yolla dini insanların həyatından çıxarmaq, özləri xalqları idarə etmək və problemsiz şəkildə insanların taleyinə hakim olmaq istəyirlər. Acınacaqlı və təsirli olan budur ki, bəzi şəxslər din və din alimləri adı altında bu sözü təkrar edir və yayırlar. Xalqı siyasətdən, siyasi dərk, müzakirə və fəaliyyətdən uzaqlaşmağa çağıran amil Amerika İslamıdır. Əsl Məhəmməd (s) İslamı isə siyasəti dinin ayrılmaz bir hissəsi sayır, bütün müsəlmanları siyasi dərkə və fəaliyyətə çağırır.78
Hegemonizmin yeni xaç yürüşünün bir hissəsi olan antiislam media inandırmağa çalışır ki, İslam müsəlman xalqların siyasi və iqtisadi həyatını idarə etməyə qadir deyil və onların kapitalist Qərb dövlətləri kimi yaşamaqdan başqa çıxış yolları yoxdur. Bu, İslam ölkələrini hegemon Qərb düşərgəsinə calamaq, onların maddi sərvətlərini istismar etmək üçün planlaşdırılan və illərdir təbliğ olunan yalançı bir hiylədir.79
Hegemon qüvvələrin İslamla mübarizəsi İrana, onun xalqına və İslam Respublikası quruluşuna qarşı etdikləri ilə məhdud olmadı, daha geniş miqyasda həm siyasi və informasiya üsulları ilə, həm də mədəni üsullarla ciddi şəkildə davam etdirildi. İslam ölkələrində ABŞ-a bağlı rejimlər tərəfindən mübarizlərə, azadlıqsevərlərə, din alimlərinə və müsəlman ziyalılara, həmçinin qeyri-müsəlman ölkələrdə müsəlman azlıqlara göstərilən təzyiq və şiddət İslam əleyhinə siyasi mübarizəyə, İslama qarşı məqalə və kitablar yazmaq, təhqiramiz filmlər hazırlayıb müsəlman və qeyri-müsəlman cəmiyyətlərdə yaymaq da mədəni mübarizəyə dair bariz nümunələrdir. Bu gün ABŞ və İngiltərə kimi hegemon dövlətlər bu cinayət əməlləri üçün böyük pullar xərcləyirlər. Təəssüf ki, maddi maraqdan ötrü öz qələm, nitq və sənətlərini alverə qoyan, vicdanlarına qarşı çıxıb hakim qüvvələrin pis niyyətlərinə xidmət edən yazıçı və sənətkarlar da var.80
5- İslam inqilabının simasını ləkələmək

İslam inqilabının qələbəsindən, İranda İslam Respublikasının yaranmasından və İran xalqının İslam dəyərləri əsasında bir cəmiyyət qurub İslam qanunlarını həyata keçirmək istədiyini bildirməsindən sonra Şərqə və Qərbə bağlı informasiya şəbəkələri İslam Respublikasına fundamentalist, mürtəce və digər adlar qoyub ona qarşı sərt hücuma keçdi, modernizm iddiası altında İslam ölkəsinin keçmiş ənənələrə sadiqliyini tənqid etdi. Halbuki dünyanın şərqində və qərbində azadlıq, demokratiya və insan hüquqları kimi yeni ideallardan əsər-əlamət olmayan mürtəce, avtoritar və çürük ənənələrə sadiq rejimlər az deyil və onlar heç zaman belə hücumlara məruz qalmırlar. Təəccüblüsü odur ki, siyasi modernizmin ən ibtidai şərtləri olmayan, parlament, azad seçki və müstəqil medianın utopiya sayıldığı rejimlərin radioları da İslamın hökmü ilə xalq hakimiyyətinin qurulduğu, xalqın seçdiyi deputatlardan ibarət parlamentdə İslam qanunlarının qəbul olunub xalqın seçdiyi hökumət vasitəsi ilə icra olunduğu və xalqın ən həssas məsələlərdə fəal iştirak etdiyi bir ölkəni mürtəce adlandırır, istehzalı imitasiyaları ilə ağıllı adamları özlərinə güldürürlər.

Bəli, hegemonizm, onun media qurumları və muzdurları köhnəpərəstliyin dərin qatlarında qalan, xalqı cahil ənənələrlə yaşayan, amma maddi xəzinələrinin qapılarını onlara açan, onların imperialist tələblərinə təslim olan, fəsad, pozğunluq, istehlakçılıq, şərabxorluq və şəhvətpərəstlik mədəniyyətini qəbul edən bir ölkədən çox razı qalırlar. Onlar xalqların şərəf və ucalığını xatırladan, cihad və şəhadətə yol açan, onlara ucalıq bəxş edən, istismarçıların mal və namus soyğunçuluğuna son qoyan, onlara "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!"81 və "İzzət və ucalıq yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur"82 ayələrini oxuyan, "Sizə nə olub ki, Allah yolunda, aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?"83 - deyə müraciət edən və "Hökm ancaq Allaha məxsusdur"84 fərmanı verən, xülasə, Allahı, dini və Quranı həyatda meyar seçib hegemon, avtoritar və istismarçı tağutların hakimiyyətinə son qoymağa çağıran amillərdən, belə bir keçmişə qayıdışdan, belə tarixlə əlaqədən narazı qalır, nigaran olur, qorxur və müxtəlif üsullarla ona mane olmaq istəyirlər.

Müsəlmanlar, xüsusən də azadlıq və Allah üçün qiyam ətrinin duyulduğu cəmiyyətlər, özəlliklə qabaqcıl din alimləri və ziyalılar bu təhlükədən ehtiyatlı olsunlar, "fundamentalist" sözündən qorxmasınlar, "mürtəce" və "köhnəpərəst" ittihamlarından nigaran olmasınlar, çirkin məqsədli düşmənləri razı salmaq üçün öz İslam prinsiplərindən, işıqlı İslam hökmlərindən, dini cəmiyyət və tövhid quruluşundan ibarət məqsədlərini açıq söyləməkdən vaz keçməsinlər və Allahın sözünə tabe olsunlar. Allah buyurur: "Sən yəhudi və xaçpərəstlərin dinlərinə tabe olmayınca onlar səndən razı qalmayacaqlar"85; "De: “Ey kitab əhli! Bizdən xoşunuzun gəlməməsi yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!"86; "Müşriklərin: “Heç olmasa, (peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan və (bəzən) buna görə ürəyin sıxılacaq"87; "Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar"88.89

Bu gün İslam dünyasında bütün müsəlmanları öz ətrafına çağıran uca bir bayraq və səs var. Bu, İslam Respublikasının səsidir. Bu gün dünyanın hər bir yerində müsəlmanlar təbii şəkildə şüarı İslam olan, ölkəsində İslam qanunlarını icra edən, konstitusiyası İslama zidd olan hər hansı bir qanunun əsassız olduğunu açıq söyləyən bir dövlətə və quruluşa rəğbət bəsləyirlər. Bu quruluş İran İslam Respublikasıdır. Bu gün belə qətiyyət və ciddiliklə İslam hökmlərini istəyən başqa bir yer yoxdur. Xalqlar arasında var; xalqlar hər yerdə müsəlmandırlar, İslamı sevir, ona əməl etmək istəyirlər, hökumətlər isə belə deyil. Onlar İslam adı ilə başlasalar da, güclü beynəlxalq təzyiqlər qarşısında qaldıqda geri çəkildilər. Bildiyiniz kimi, bu on ildə İslama görə bizə demədikləri söz qalmayıb: mövhumatçı, mürtəce, mədəniyyətsiz, fanatik və sair.

Mən Pakistana səfərə hazırlaşanda İmam Xomeyni buyurdu: "Pakistanın din alimlərinə deyin ki, ABŞ-ın, Qərbin, Şərqin, mürtəce dövlətlərin və digərlərinin bizə qarşı təzyiqləri bizim iranlı olduğumuza görə deyil, İslama görədir. Dünya bizim İslam məsələsində ciddi olmadığımızı, hegemon dünya bizim İslam üzərindən bazarlıq etməyə razı olduğumuzu, buna çox əhəmiyyət vermədiyimizi duyanda bu təzyiqlər də bitəcək". Mən həzrət imamın sözünü Pakistanın bütün yerlərindən gəlmiş müsəlman din alimlərinə olduğu kimi çatdırdım. Təzyiqlər İslama görədir. Biz bunu hiss edirik, müsəlmanlar da anlayırlar. Dünya müsəlmanları bilirlər ki, bura İslamın əsl vətəni və həqiqi mərkəzidir. Buna görə İslam Respublikasını sevirlər. Bunun özü bir vəhdət amilidir. Müstəmləkəçilik bu gün bu amili görüb müxtəlif yollarla münaqişə törətməyə çalışır; irqi səbəblərlə, şiə-sünni söhbətləri ilə, Əhli-sünnə və Şiə firqələrinin daxili şaxələri, eləcə də müxtəlif xalq və etnik qruplar arasında mübahisələri qabartmaqla. Biz müsəlmanıq, diqqətimizi toplamalı və bilməliyik ki, Amerikaya və Qərbə kölə kimi tanınan, müsəlman xalqlar arasında hegemonizmə bağlı olduğuna görə pislənən bir ölkənin neftinin pulu şiəliyə qarşı bir kitaba sərf olunursa, bu, Allahın razılığı və ya sünnilərə sevgi üzündən deyil. Bunun arxasında çirkin niyyət durur. Məsələnin o biri tərəfi də doğrudur. Əgər müxtəlif qüvvələr qıcıq yaratmaq məqsədi ilə Şiə toplumlarını sünni müqəddəslərinə, yaxud sünnilərə qarşı təhrik edirlərsə, bu, ya anlamazlıq, bilməzlik üzündəndir, ya da mütləq onda düşmənin barmağı var. Anlamazlıq baş verəndə də düşmən maksimum istifadə edir.90


İslam inqilabının qatı düşmənləri olan supergüclər heç zaman öz əməllərinin səbəbini açıq söyləməmişlər və söyləməyəcəklər. ABŞ İranla düşmənliyinin İslama görə olduğunu etiraf etsə, dünyanın bir milyard müsəlmanı ona qarşı çıxar; bu düşmənlikdə məqsədinin İranın müstəqil, azad və Amerikanın müdaxiləsindən kənar yaşamaq istəməsi olduğunu etiraf etsə, dünyanın bütün azadlıqsevərləri ona qarşı çıxarlar; İranla çirkin düşmənliyinin, İranın mallarını saxlamasının və İslam Respublikasına qarşı daimi təxribatlarının səbəbinin İslam inqilabının öz zəngin sərvətlərinə sahib çıxıb düşmən istismarına son qoyması və xain Pəhləvi rejimi tərəfindən səxavətlə peşkəş olunmuş iqtisadi talanların qarşısını alması olduğunu etiraf etsə, dünyanın bütün məzlum xalqları və müstəmləkə soyğunçuluğundan zərərçəkənlər İran xalqının yanında olub Amerikaya qarşı mübarizəyə qoşularlar.

Buna əsasən, Amerikanın, hegemon cəbhənin digər dövlətlərinin və onların bütün muzdur media şəbəkələrinin bütün səylərini İran həqiqətlərinin təhrifinə yönəltməyə və dünyanın ictimai rəyini yayındırmağa məcbur olmaları çox təbiidir. Onlar gah insan hüquqları, gah azadlıqların pozulması ittihamı ilə, gah da "mürtəce" kimi söyüşlərlə İranın qorxmaz, ayıq və azadlıqsevər xalqını, mütərəqqi və inqilabçı İslam Respublikası quruluşunu və onun ləyaqətli məmurlarını günahlandırır, İran xalqının hegemon və xəbis istismarçılara, xüsusən də böyük şeytana ümumi nifrətinə qarşılıq verirlər.

İslam Respublikasının onbirillik təcrübəsi sübut etdi ki, hegemonizm, irtica və onların müttəfiqləri bu hiylədə də uğur qazanmamış, böyük xalqımızın təmiz adını və parlaq simasını dünyada, xüsusən də məzlum xalqlar arasında ləkələyə bilməmişlər. Muzdur qələm və nitqlər üçün xərclədikləri böyük pullar, İslam inqilabını təcrid, təsirsiz və ya bədnam etmək üçün açdıqları yüzlərlə mətbu orqanı, radio və televiziya kanalı iflasa uğramışdır. Onların dünyanın bir çox ölkələrində yürütdükləri siyasətin əksinə olaraq, indi dünyanın çoxlu bölgələrində xalqlar İran xalqının xilasedici hərəkətini örnək seçməklə şeytan istismarçılara qarşı xalq mübarizələrinə üz tutmuş, zalımların yuxusunu qaçırmışlar. Ayıq müsəlman təbəqələr hər yerdə başa düşmüşlər ki, hegemonizmin, yəni Amerikanın və onun müttəfiqlərinin İran xalqına qarşı düşmənliyi məhz İslama görədir: "Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar"91.92

Dördüncü hissə: Müsəlmanların mədəni hücuma qarşı tədbirləri

1- Müsəlmanların İslam hakimiyyəti üçün ayağa qalxması

Bütün müsəlmanlara deyirəm ki, sizin bütün problem və uğursuzluqlarınızın həlli İslama, İslam quruluşunda və İslam hökmləri sayəsində həyata qayıdışdadır. Bu amil başucalığı, qüdrət, təhlükəsizlik və rifah kimi böyük nemətləri müsəlmanlara qaytarıb, onları hegemonizmin texnoloqlarının nəzərdə tutduğu acı və rəzalət dolu taledən uzaqlaşdıra bilər.

İslam müsəlmanları və bütün insanları xilas etməyə qadirdir; bu şərtlə ki, düzgün tanınsın və ona düzgün əməl olunsun. İranın İslam quruluşu Allahın lütfü ilə İslam iqtidarının timsalı və müsəlmanlar üçün canlı bir təcrübədir. Halbuki onun onüçillik ömrünün səkkiz ili Şərq və Qərb hegemonlarının ədavətli planları ilə yaradılan müharibədə keçdi, ondan öncə və sonra da bu günə qədər daim düşmən düşərgələrinin hücumlarına məruz qalmışdır.93
İslam xalqları Allaha arxalanıb İslamı dirçəltmək, yenidən İslam həyatına qayıtmaq, düşmənin nüfuzunu azaltmaq, öz xalqlarının müstəqilliyini təmin etmək, böyük İslam birliyi yaratmaq üçün ayağa qalxmalıdırlar. Bu gün xalqın, xüsusən də din alimlərinin, ziyalıların, natiqlərin, ayıq və istedadlı gənclərin və bu yolda rol oynaya bilən hər bir şəxsin üzərinə bu vəzifə düşür.94
İslam tövhid dinidir. Tövhid isə insanın Allahdan başqa hər bir şeyin və hər bir kəsin qarşısında bəndəlikdən, itaətdən və təslimçilikdən azadlığı deməkdir. Tövhid bəşəri quruluşların istismarına son qoymaq, şeytani və maddi güclərdən qorxu tilsimini qırmaq, Allahın insanın daxilində yaratdığı və işlətməsini tələb etdiyi tükənməz potensiala güvənmək, qiyam, mübarizə və müqavimət şərti ilə məzlumların zalım və hegemonlar üzərində qələbəsinə dair ilahi vədə inanmaq, Allahın mərhəmətinə bel bağlamaq, məğlubiyyət ehtimalından qorxmamaq, ilahi vədin həyata keçməsində insanı təhdid edən təhlükə və zəhmətlərə qatlanmaq, problemləri Allaha tapşırmaq, qəti və son qələbəyə ümidvar olmaq, mübarizədə cəmiyyətin hər növ zülm, ayrıseçkilik, cəhalət və şirkdən qurtuluşuna dair yüksək məqsədi diqqətdə saxlamaq, yarıyolda baş verən şəxsi uğursuzluqların əvəzini Allahdan istəmək - xülasə, özünü Allahın tükənməz qüdrət və hikmət okeanına bağlı bilmək, uca məqsədə sarı ümidlə və qorxmadan irəliləməkdir.

Müsəlmanlara vəd edilən bütün izzət və ucalıq tövhidə dair belə inamın, aydın və güclü dərkin nəticəsidir. Tövhidi düzgün dərk etmədən, etiqad və əməldə ona sarılmadan Allahın müsəlmanlara dair heç bir vədi həyata keçməyəcək. Hegemonizmin istismarı dövründə əsl İslam tövhidinin və onun həyati anlamının unudulması müstəmləkə bütlərinə yol açdı, qızıl və güc sahiblərinə soyğunçuluq imkanı yaratdı.95


Kimsə supergüclərin İslamla barışdığını düşünməsin. Kimsə İslamın və İslam ümmətinin bu gün qlobal quldurlar qarşısında müqavimətə ehtiyaclı olmadığını düşünməsin. Onlar bizə qarşı nə etməyiblərsə, deməli, bacarmayıblar. Onlar İslam ümməti əleyhinə bacardıqları hər bir işi görürlər. Biz ayıq və hazırlıqlı olmalı, Quranın bizdən nə istədiyini unutmamalıyıq.96
Nə vaxt lazım olsa, canımızı və bizim üçün əziz olan hər bir şeyi İslam dəyərlərinə qurban verməli, ucalıq, şərəf və azadlıq amili olan İslam hakimiyyətini bütün vücudumuzla qorumalıyıq. Hegemonizmin və haqsızlığın dünyaya hakim olduğu bugünkü zalım dövrdə xalqları xilas edəcək yeganə qüvvə İslam və Qurandır. Qlobal hegemonlar məhz buna görə İslama qarşı mübarizə aparır, onun hakimiyyətinə maneçilik törədirlər.

İran İslam Respublikası İslamın qələbəsinin və hakimiyyətinin ilk uğurlu təcrübəsi olduğuna görə həmin istismarçıların qəzəbinə tuş gəlmişdir. Onlar bütün qüvvələri ilə ona qarşı açıq və gizli mübarizə aparırlar. İslamın erkən çağında olduğu kimi, bu gün də fədakarlıq etmədən İslamı qorumaq mümkün deyil. Əsl müsəlmanın lazım olduqda canı, malı, rahatlığı, elmi, hörməti - hər bir şeyi bu parlaq və müqəddəs həqiqəti müdafiə etməyə sərf olunmalıdır.97


Bu bəhanə heç kəsdən qəbul olunmur ki, düşmənin kobudluğundan və gücündən qorxub İslamı müdafiədən və İslam hakimiyyəti uğrunda çalışmaqdan əl çəksin. Allaha şükür olsun ki, xalqlar oyanmışlar və İslam yolunda addım atırlar. Canlı nümunə Şimali Afrika, xüsusən də Sudan və Əlcəzair xalqlarıdır. Bu xalqların müqaviməti və Allahın Quranda buyurduğu bəlaları qəbul etmələri qələbəni qətiləşdirəcək: "Biz sizi mütləq bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlarda) dözümlü olanlara müjdə ver"98.99
Böyük arzu və idealların imkansız olduğunu düşünmək çox təhlükəli bir şeydir. Arzu və amalı olan bir insanın ən böyük düşməni məyusluqdur. Əgər "faydası yoxdur, biz bacarmayacağıq, əbəs yerə zəhmət çəkməyək" desək, bilin ki, o iş baş tutmayacaq. İslamda məyusluq mənfi hallardandır. Bəzi məyusluqlar hətta böyük günahdır. İnsan Allahın mərhəmətindən, xüsusi diqqətindən məyus olsa, böyük günah etmişdir. Bizim məyus olmağa haqqımız yoxdur. Allahın rəhmətinə ümidsiz olmaq böyük günahlardandır. Qarşısında çoxlu maneələr görsə belə, heç kəsin Allahın rəhmətindən məyus olmağa haqqı çatmır. Bəzən də məyusluq böyük günah olmur, amma böyük maneə olur.100
Bizim böyük İslam inqilabımız böyük problemlərin həllinin xalqların öz əlində olduğunu göstərdi. İnsanların iradəsi Allaha güvəndiyi və ilahi vədə arxalandığı təqdirdə hakim qüvvələrin istəyinə və tədbirinə qalib gələr.101

İnqilab bir dəyərdir. İnqilabı və inqilabçılığı antidəyər kimi göstərməyə çalışanlar inqilabdan ən çox ziyan çəkənlərdir. İnqilab təlimlərinə şübhə ilə yanaşmaq antidəyərdir. Zülmkar, istismarçı və zalım güclərlə mübarizəyə şübhəli yanaşmaq antidəyərdir.

Xalqların xilası zalım güclərdən müstəqillikdədir. Zalım güclər həmişə xalqlara sübut etməyə çalışmışlar ki, əbəs və yanlış yerə çalışırlar, onların xilası bizim boyunduruğumuz altına girmələrində, maddi işlərdə və qanunsuz hökmranlıqda bizə yardımçı olmalarındadır.102
Düşmən ajiotaj yaradıb sizi İslam hakimiyyəti və İslam quruluşu adından çəkindirməyə çalışır. Bəlkə də bəzi sadəlövhlər düşünə bilərlər ki, ABŞ-da və Qərb dövlətlərində qıcıq doğurmamaqdan ötrü açıq çıxışlarda İslam hakimiyyəti sözünü işlətmək lazım deyil. Mənim tövsiyəm budur ki, bu yanlış fikirdən ciddi çəkinək. İslam quruluşu, Quran və İslam hakimiyyəti məqsədini heç bir şeydən çəkinmədən açıq şəkildə, təkrar-təkrar və bütün şəraitlərdə bəyan edin, müqəddəs İslam adından imtina etməklə düşməni tamahlandırmayın və məqsəddə çaşqınlıq yaratmayın.

İslam və İslam hərəkatları həmişə küfrdən çox nifaqdan ziyan çəkmişdir. Bu gün Amerika İslamının təhlükəsi, yəni İslamın adının tağutların, hegemon dövlətlərin məqsədlərinin xidmətində durması ABŞ-ın hərbi və siyasi təhlükəsindən az deyil, çoxdur. İstər din alimi, istərsə də siyasətçi görkəmində olan Amerika İslamının təmsilçilərindən uzaq durun, söz, işarə və məqsədləri baxımından onları ittiham edin və heç zaman onların yardımını cəlb etməyə çalışmayın. Digər ölkələrdəki İslam hərəkatlarının təcrübələrindən və indiki durumlarından xəbərsiz qalmayın, hegemonizmin yaratdığı maneələrə baxmayaraq, onlarla əlaqə qurun. Dinə sarılmaq və söz birliyinə əməl etmək tövsiyəsi olan "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (bir-birinizdən) ayrılmayın!"103 ayəsini həmişə yadda saxlayıb onun hər iki tövsiyəsini rəhbər tutun və bu sahədə düşmənin hiylələrindən ehtiyatlı olun.104


Küfr və hegemon cəbhəsi bilsin ki, gələcək İslama məxsusdur. Heç bir siyasət və heç bir qüvvə İslamın günbəgün artan qüdrətinin, şüar və dəyərlərinin müsəlman cəmiyyətlərində günbəgün genişlənməsinin qarşısını ala bilməyəcək.105
2- İncəsənətdən istifadə edərək İslam həqiqətlərini açıqlamaq

Bizim bütün dünya müsəlmanlarına tövsiyəmiz budur ki, Peyğəmbərin (s) şəxsiyyəti, həyatının müxtəlif cəhətləri, davranışı, əxlaqı və fikirləri üzərində çoxlu işlər görülsün. Orta əsrlərdən sonra Qərbdə və məsihi dünyasında əziz Peyğəmbərin (s) şəxsiyyətinə qarşı geniş təbliğat hücumu başlandı.106


Əziz Peyğəmbərin (s) həyatı və şəxsiyyətinin müxtəlif cəhətləri - əxlaqı, hakimiyyət üsulu, idarəçiliyi, ibadəti, siyasəti, cihadı və müxtəlif təlimləri üzərində işləyək. Məqsədim yalnız kitab yazmaq deyil, yeni üsullardan və dünyanın mövcud texnikalarından istifadə edib yalnız İslam Respublikasında deyil, bütün İslam dünyasında incəsənət və təbliğat işləri görməkdir.107
Dünyada çoxlu insanlar var ki, İslam peyğəmbərini (s) müsəlmanların tanıdığı qədər və hətta ondan da az tanısalar, İslama və İslam mənəviyyatına inanar və üz tutarlar. Biz bu mövzuda işləməliyik. İslam üçün bəlkə də ən böyük təbliğ İslam Peyğəmbərinin (s) simasını dünya üçün işıqlandırmamızdır. Çox yaxşı olar ki, düşmən və müxaliflər özlərinin mürəkkəb mədəni işləri və incəsənət üsulları ilə o həzrətin məlumatsız insanların gözündən salmazdan öncə dünya müsəlmanları, sənətkarlar, məlumatlı adamlar və müxtəlif təbliğat üsullarını bilənlər o böyük və hörmətli şəxsiyyətə dair elmi, mədəni, incəsənət və təbliğat işləri görsünlər. Bunlar lazımlı işlərdir.108
Şübhə yoxdur ki, yanlış düşüncə və marağı olanlar da incəsənətdən istifadə edəcəklər. İncəsənət elə bir şeydir ki, dünyanın bütün şüurluları ondan istifadə etmək istəyirlər. Ümumiyyətlə dünyada incəsənətdən istifadə etmək istəməyən ağıl sahibi yoxdur.

İstifadənin biri də budur ki, bir nəfər natəmiz bir düşüncəni bir incəsənət növü ilə beyinlərə yeridir. Buna əsasən, o şəxs də incəsənətdən istifadə etmək istəyir; necə ki, natəmiz düşüncə və əməl sahibləri pul və silahdan da istifadə edirlər. Bunun qarşısını almaq olmaz. Görülməsi mümkün olan iş budur ki, natəmiz düşüncə sahibinin istifadə etmək istədiyi, yaxud etdiyi amildən müqəddəs, pak və ülvi düşüncə üçün istifadə edək. Çünki bu pak, müqəddəs və ülvi düşüncə ondan istifadə edə bilməsə, geri qalacaq. Əgər sapqın bir insan dünyanın bir yerində fəsad törətmək, məsələn, bir oğurluğa rəhbərlik etmək, yaxud insanları öldürmək üçün avtomobildən və ya təyyarədən istifadə edirsə, ona mane olub insanları xilas etmək üçün siz də mütləq təyyarədən istifadə etməli, ondan tez, ən azı onunla birgə və ya onun arxasınca özünüzü həmin yerə çatdırmalısınız. Bu zaman avtomobil, ya təyyarədən istifadə etməsəniz, geri qalacaqsınız. Sürətli təyyarə ilə özünüzü çatdırmasanız, geri qalmanız qaçılmazdır. Bunda şübhə yoxdur. 109


Ümidvarıq müsəlmanların, xüsusən də din alimlərinin, mütəfəkkirlərin, ziyalıların, yazıçıların, şairlərin və incəsənət xadimlərinin müqaviməti, möhkəmliyi, ayıqlığı və üzərlərinə düşən vəzifənin böyüklüyünü dərk etmələri nəticəsində kafir və hegemonların İslam cəmiyyətlərindəki istismarına son qoyulsun, Allahın möminlər üçün istədiyi ucalıq və əzəmət müsəlman cəmiyyətlərə qayıtsın!110
Müsəlmanlar dünyanın hər bir yerində düşmənlərin İslamı zəiflətmək və aşağılamaq məqsədi ilə atdıqları təxribatçı addımlara qarşı çox həssas və sayıq olsunlar. Antiislam kitab və filmlər kimi mədəni təxribatlara qarşı da xüsusi sayıqlıq lazımdır. Bu sahədə əsas qüvvələr ürəkləri İslam üçün döyünən, hegemon qurumların İslam və müsəlmanlara qarşı kin və nifrətindən xəbərdar olan yazıçı və sənətkarlardır. İslama, düşmən təbliğatlarının ifşasına və dünya müsəlmanlarının hüqunun müdafiəsinə dair məqalə və kitab yazmaq, sənət əsərləri yaratmaq onların ümumi və böyük vəzifəsidir.

İslam müqəddəslərinin təhqir edilməsi qarşısında ümumi vəzifə aydındır. Mərhum imamın Şeytan ayələri kitabının mürtəd və mənfur müəllifinin edam edilməsinə dair hökmü oxşar yerlərdə hamının vəzifəsini bəlli edir. Bu bədbəxt yazıçıya dair ümmət imamının verdiyi hökm öz qüvvəsində qalır və icrasını gözləyir.

Müsəlmanlar böyük toplantılardan, xüsusən də möhtəşəm həcc mərasimindən hegemonizmin İslam əleyhinə mədəni təxribatlarına qarşı etiraz, nifrət və qətiyyətli müqavimətlərini bildirmək üçün maksimum istifadə etməlidirlər. Əminəm ki, qeyrətli müsəlmanlar indiyədək olduğu kimi, bundan sonra da ümmət imamının çağırışına qətiyyətlə cavab verəcəklər.111
3- Müsəlmanların birliyi

Şərq və İslam ölkələrinə girəndən sonra müstəmləkəçilərin məqsədlərindən biri də müsəlmanları parçalamaq idi. İslam aləmində müsəlman qardaşlar arasında ayrılıq salmaq üçün millətçi hissləri qabartmaqdan tutmuş firqələr arasında konflikt yaratmağa və onları gücləndirməyə qədər müxtəlif yollardan istifadə etdilər. Heç şübhəsiz, bu işdə müstəmləkənin aləti olan azğın və muzdur hökumətlərin rolu misilsiz və çox böyük olmuşdur.

Biz bu gün bütün dünyada təxminən birmilyardlıq bir toplumu təşkil edirik. Bugünkü dünyanın ehtiyacı olan əsas sərvətlər bu strateji və həssas bölgələrdədir. Lakin eyni zamanda dünya müsəlmanları əksər ölkələrdə - istər azlıqda olduqları ölkələrdə, istərsə də xalqın böyük əksəriyyətini təşkil etdikləri ölkələrdə ictimai, siyasi və iqtisadi baxımdan xoşagəlməz durumda yaşayırlar. İslam və şərafətli Quran ayələri isə öz ardıcıllarını müxtəlif bəşəri keyfiyyətlərə - elmə, əxlaqi dəyərlərə, ictimai ədalətə, başucalığına, qüdrətə, birliyə və zor qarşısında təslim olmamağa çağırır. Bu təlimlərə əməl edən heç bir xalq bu vəziyyətdə ola bilməz. Açıqca anlamaq olar ki, müsəlmanların indiki durumu təbii, yaxud təsadüfi bir şey deyil, əslində onları düşünülmüş şəkildə bu vəziyyətə salmışlar. İranda bizim böyük və əzəmətli imamımızın rəhbərliyi ilə başlayan İslam hərəkatının ilk günündən onun ən əsas məqsədlərindən biri dünya müsəlmanlarının birliyi, zalım və təcavüzkar güclərin əllərinin müsəlmanlar ölkələrindən kəsilməsi olmuşdur. Bu, hələ də bizim inqilabımızın mesajıdır. Sionist media əleyhimizə ajiotaj yaradır, bizi fundamentalist adlandırır. Halbuki İslamın prinsip və təməllərinə qayıdış mənasında olarsa, biz fundamentalizmi özümüzə böyük fəxr sayırıq. Müsəlmanlar dünyanın heç bir yerində fundamentalist və təməlçi sözündən qorxuya düşməməlidirlər. Müqəddəs İslam qanunları insan xoşbəxtliyinin qarantıdır. Müstəmləkə amili bizim həyatımızda bu qanunların rolunu zəiflətmişdir. Biz İslam və Quran qanunlarına qayıtmaqla fəxr edirik.112
Dünyada möhtəşəm İslam amilinin günbəgün gücləndiyi duyulur, zaman islami və mənəvi dəyərlərin xeyrinə işləyir. Dünya müsəlmanları ayılmışlar və ayılmaqdadırlar; hegemon və quldurlar istəsələr də, istəməsələr də, ABŞ-ın xoşu gəlsə də, gəlməsə də, bu baş verir. Odur ki, bu mərhələnin təhlükələrindən ehtiyatlı olmaq lazımdır.

Əsrlərlə diktatorlar, müstəmləkəçilər və İslamın düşməni olan quldur hökumətlər müsəlmanları zəif və xar halda saxlamışlar. Müsəlmanların ucalığı və oyanışı prosesinin getdiyi bugünkü gündə düşmənlərin təhlükəli pusquları mütləq olacaq. Onlardan ehtiyatlı olmaq lazımdır. Bu təhlükələrdən biri müsəlmanlar arasında, İslam tayfaları, məzhəbləri və müsəlman xalqlar arasında olan münaqişələrdir. İslam dünyasının harasında xain qüvvələr təfriqə və konflikt yaratmağa çalışmırlar?! İslam dünyasının harasında hegemon texnoloqların mənfur beyinləri sadəlövh və zəif insanları öz məqsədləri üçün işlətmirlər?!

Bizim yaxın məqsədimiz və böyük addımımız müsəlman firqə, məzhəb və qruplar arasında birlik yaratmaqdan ibarətdir. Bəzi qüvvələrin missiyası isə ucalıq gətirən İslam hərəkətinə zərbə vurmaq və təfriqə salmaqdır. Siz onları tanımalı, onlara qarşı ağıllı tədbir görməlisiniz. Müsəlmanlar sayıq olub özlərini İslamla başıuca və İslamın qüvvəsi ilə güclü saysalar, bu hərəkət mütləq öz məqsdələrinə çatacaq.113
İslam dəyərlərinin dünyada qəti dəyərlər olmasını, insanları cəlb etməsini və beləliklə müsəlmanların həyatında dəyişiklik yaranmasını istəyiriksə, bu, müsəlmanların birliyi olmadan mümkün olmayacaq. Bu birlik isə parçalanmaqla, düşmənliklə, firqə vuruşmaları ilə əldə edilə bilməz.

Biz İslam firqələrinə demirik ki, özünüzə xas etiqadlardan əl çəkib başqa bir firqənin etiqadlarını qəbul edin. Biz bütün müsəlmanlara deyirik ki, müsəlman firqələr arasındakı ortaq cəhətlər onların fərqli cəhətlərindən daha çox, daha mühüm və daha əsaslıdır. Bizim düşmənlərimiz fərqli cəhətlər üzərində dayanırlar. Biz də ortaq cəhətlər üzərində dayanmalıyıq və düşmən bəhanə tapıb İslam ümmətinə təzyiq göstərə bilməməlidir. Biz xoşbəxtlikdən, İranda bu məsələləri həll etmişik. İslam dünyasının müxtəlif yerlərində də bizim çoxlu qardaşlarımız bu məsələləri ya həll etmişlər, ya da həllinə yaxınlaşmışlar. Düşmən isə əl çəkmir. Müstəmləkənin İslam ölkələrinə daxil olduğu 150-200 il öncədən bu günə qədər müsəlman fiqələr arasındakı fərqli cəhətlər üzərində işləmişlər. Biz çox ehtiyatlı olmalıyıq. Şiə və sünnilər İslam firqələrini bir-birinə yaxınlaşdırmaq və qardaş münasibətini qorumaq öhdəliyi götürməli, bir-birinə dayaq olmalıdırlar.114


Müsəlmanların kompakt yaşadığı yer Şərq və Qərbin arasında, dünyanın ortasında yerləşən bu regiondur. Strateji, coğrafi və iqlim baxımından dünyanın ən həssas bölgəsi müsəlmanların əlindədir, ən qədim sivilizasiyalar, ən güclü mədəniyyətlər də onların yaşadığı bu yerə məxsusdur. Digər insanların vəhşi şəraitdə yaşadığı zaman bu xalqlar elm və bilikləri ilə dünyanı idarə edirdilər, mtəşəkkil bir əhali, vardı, ölkələr bir-birinə yaxın, xalqlar mədəni baxımdan bir-birinə oxşar idilər. İndi də bu regionun dünyanın hər yerində müsəlman nümayəndələri var. Bizim sözümüz budur: Dünya müsəlmanları! Dünyanın harasında olsanız, bilin ki, bir-birinizə qarşı düşmənlik etməsəniz, bir-birinizin əleyhinə vuruşmasanız, dost və düşmənlərinizi tanısanız, vəziyyətiniz zəif və geriqalmış halda olduğunuz bugünkü günlə fərqlənəcək.

İslam ölkələri əksərən, yaxud hamılıqla yoxsul, asılı və əsirdirlər. İslam düşmənləri İslamı zorla müsəlman ölkələrdən qovub çıxarmaq istəyirlər. Müsəlman xalqların qəlbi İslamla və Allahladır, onlar İslamı sevirlər. Qlobal güclər muzdur hökumətlər vasitəsi ilə xalqları İslamdan uzaqlaşdırmağa çalışırlar. Siz bir olsanız, bir-birinizlə vuruşmasanız, böyük enerjilərinizdən din və dünyanızı yaxşılaşdırmaq üçün istifadə etsəniz və onları bir-biriniz əleyhinə işlətməsəniz, xarici supergüclər qarşısında sədd çəkmiş olarsınız. Bizim sözümüz budur. Biz demirik ki, dünyanın sünniləri şiə olsunlar, yaxud şiələr etiqadlarından əl çəksinlər. Təbii ki, bir sünni, yaxud hər hansı bir məzhəbin ardıcılı araşdırandan sonra hansı etiqadı qəbul etsə, həmin etiqadına və araşdırmasına uyğun əməl etməlidir. Vəhdət həftəsində bizim vəhdət mesajımız isə budur ki, müsəlmanlar bir-birinə qarşı düşmənlik etməsinlər və bir olsunlar. Bu pis söz deyil. Hər bir ağıllı, qərəzsiz və insaflı adam bunu qəbul edər. Meyar da Allahın kitabı, əziz Peyğəmbərin (s) sünnəsi və İslam şəriəti olsun. İnqilabdan illər öncə bu söz yumşaq formada deyiləndə qlobal hegemonizmə bağlı qüvvələr ona qarşı çıxırdılar. İslam inqilabı qələbə çalandan sonra isə dünya hegemonları müsəlmanların birliyinin baş tutacağı təqdirdə onların İslamın mərkəzi olan İrana yönələcəyini bilirlər. Hazırda münaqişə yaratmaq üçün hegemonizmə bağlı qüvvələr və mürtəce dövlətlər tərəfindən çoxlu pullar xərclənir, müxtəlif ərəb, urdu dilli ölkələrdə və hətta İslam ölkəsinin özündə inqilabın və İslamın mesajı olan bu birliyə mane olmağa çalışırlar.115


Böyük İslam ümməti hər gün bir-birinə yaxınlaşmalıdır. Düşmənlərin təfriqə və münaqişə planları müsəlman xalqların və böyük İslam ümmətinin bugünkü oyanışı şəraitində təsirsiz ötüşməli, müsəlmanlar coğrafi, dil və irq fərqlərinə baxmayaraq, həmrəy, həmfikir və əlbir olub böyük İslam məqsədlərinə doğru hərəkət etməlidirlər.116
Bu gün müsəlmanların birliyinə həmişəkindən artıq əhəmiyyətli yanaşmaq lazımdır. Nə üçün? Çünki düşmənlərin İslam cəmiyyətlərinə yol tapmaq üçün istifadə etdikləri vasitələrdən biri münaqişə törətməkdir. Bunun üçün onların müxtəlif üsulları var. Bəzi üsullar uzunmüddətlidir; misal üçün, 100, 200, 500 il ərzində mömin və müsəlmanlar arasında konflikt yaratmaq və İslam ümmətinə tezliklə sağalmayacaq yaralar vurmaq üçün plan hazırlayırlar. Qurama din və məzhəblər belədir. Vəhhabilik də belə qurama məzhəblərdəndir və məqsədi müsəlmanlar arasında ixtilaf yaratmaqdır. Müstəmləkəçi qüvvələrin bu ixtilafdan yararlanmalarının tarixi yazılsa, bir kitab olar. İslam dünyasının hər bir yerində müxtəlif sui-istifadələr olmuşdur. Onlar yalnız bu günə məxsus deyil, 80, 90, 100 il öncədən belə məsələlər olmuşdur. Mənim bu haqda geniş məlumatım var. Bir əsr və bəlkə daha artıq öncə vəhhabilik silahı, yaxud ittihamı ilə ixtilaflar yaratmışlar. Biz çox ehtiyatlı olmalıyıq. Düşmən İslam cəmiyyətlərini bir-birinə vurmaq üçün müxtəlif üsullardan istifadə edir.

Odur ki, bu gün müsəlmanların birliyi, müsəlman qardaşların bir-birinə qarşı yaxşı münasibətdə olması İslam sözünün ucalması üçün əsas şərtdir. Kimsə İslamın ucalmasını istəmirsə, başqa məsələ. Amma hər hansı firqə və məzhəbdən olan Quran və İslam tərəfdarları doğru deyirlərsə, həqiqətən ürək yandırır, Quranın uca və əzəmətli qalmasını istəyirlərsə, bilməlidirlər ki, bu fəryadlar, bu muzdur nitq və qələmlər, bəzi ölkələrdə münaqişə yaratmaq üçün xərclənən bu çirkli pullar İslamın ucalmasına maneə törədir və bu, düşmənlik sayılır.117


Biz müsəlmanların birliyi məsələsində ciddiyik və bunun formulunu da açıqlamışıq. Müsəlmanların birliyi onların özlərinə xas kəlam və fiqh görüşlərindən imtina etməsi demək deyil. Müsəlmanların birliyinin iki başqa şərti var: Biri budur ki, İslam düşmənlərinə qarşı yekdil və həmrəy olsunlar. Müxtəlif İslam məzhəbləri, hər biri müxtəlif kəlam və fiqh şaxələrinə bölünən Sünni və Şiə firqələri İslam düşmənlərinə qarşı həqiqətən həmrəylik nümayiş etdirsinlər. İkinci məna budur ki, müxtəlif müsəlman firqələri özlərini bir-birinə yaxınlaşdırmağa çalışsınlar, anlaşsınlar, fiqh məzhəblərini bir-biri ilə müqayisə edib uyğunlaşdırsınlar. Fəqihlərin və din alimlərinin fətvaları elmi şəkildə araşdırılsa, azca dəyişikliklə iki məzhəbin fətvalarını bir-birinə çox yaxınlaşdırmaq olar.118
Bu dövrün mühüm məsələlərindən biri müsəlmanlar arasında firqə ixtilaflarıdır. Bu, əlbəttə ki, yeni məsələ deyil; kəlam, fiqh və firqə məsələləri üstündə ixtilaflar, çəkişmələr və bəzən vuruşmalar İslamın ilk əsrindən mövcud olmuşdur. Lakin bu sahədə yeni olan budur ki, İranda İslam inqilabının qələbəsindən və bu təfəkkürün bütün İslam dünyasına yayılmasından sonra hegemonizmin bu ümumi İslam dalğasına qarşı mübarizə yollarıdır. Bu yolların biri budur ki, bir tərəfdən İran İslam İnqilabını ümumi İslam əməli yox, sırf Şiə hərəkəti kimi tanıtdırsınlar və digər tərəfdən Şiə və Sünni arasında nifaq və ədavət toxumu səpsinlər. Biz bu şeytani hiyləni əvvəldən duymuş, daim müsəlman firqələrinin birliyi üzərində təkid göstərmiş və bu fitnəni zərərsizləşdirməyə çalışmışıq. Allaha şükür olsun ki, bu sahədə çoxlu nailiyyətlər əldə olunmuşdur. Son nailiyyətlərdən biri Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının təsis edilməsidir. İndi bütün İslam dünyasından və bütün İslam məzhəblərindən olan alimlər, ziyalılar, şairlər, yazıçılar və adi xalq çiyin-çiyinə, bir dillə və bir nəfəslə İslam inqilabını və İran İslam Respublikasını müdafiə edirlər. Lakin düşmən çoxlu pul, layihə, təbliğat və xəbisliklə silahlanmışdır və təəssüf ki, tamahlandırma və aldatmaqla dünyanın bəzi yerlərində bəzi şəxsləri ələ ala bilir. Buna görə bəzən bir ölkədə bir siyasətçidən, başqa bir ölkədə özünü alim, yaxud inqilabçı sayan bir adamdan şiələrə, yaxud ən böyük müasir inqilabı ərsəyə gətirib heyrətamiz şəkildə müdafiə etməyi bacaran İran xalqına qarşı təhqirlər eşidilir. Yaxud xalqı bizim üçün ən əziz xalqlar sırasında olan, İslamı və İran İslam Respublikasını müdafiə xəttində olmuş və indi də olan müsəlman Pakistan ölkəsində kimlərsə İslam və müsəlmanların birliyinə düşmən kəsilənlərin dollarları ilə iclaslar keçirir, Peyğəmbər əhli-beytinin şiələrinə və Şiə firqəsinə hücum etmək, müqəddəslərini aşağılamaq üçün kitab və məqalələr yazırlar. Biz bütün bunları Amerikanın, onun müttəfiq və muzdurlarının hesabına yazır, İslam xalqlarını və həqiqi din alimlərini bundan uzaq bilirik. Lakin bu, müsəlmanların sayıqlığı ilə həll olunası məsələlərdəndir. Bu məsələdə İslam düşmənlərinə imkan yaratmaq olmaz.119
Müsəlmanlar ayıq olub düşmənin hiyləsinə və yalan təbliğatına uymamalıdırlar. Bizim birliyimiz onların ilk hədəfidir. Firqə, məzhəb və milliyyətlərin konfliktə səbəb olmasına imkan verməməliyik. Hegemonizmin vəd dolu təzyiqlərinin iradələri zəiflətməsinə imkan vermək olmaz. İslamdan xəbərsizlərin və onun tipik düşmənlərinin Allahın halal və haramı, Allah ayələrinin təfsiri haqda cəfəngiyat söyləmələrinə, İslamı öz istəklərinə uyğun və Quranın missiyasının əksinə təhrif və izah etmələrinə imkan vermək olmaz. Bu tədbirlər görülsə - şübhəsiz ki, görüləcək - İslam dünyanın böyük bir hissəsində bəşəriyyətin qurtuluşunu təmin edəcək.120
Bu gün İslam üçün daha faydalı olan işlər İslam düşmənləri üçün daha xoşagəlməzdir. Bu gün İslamın daha da ucalmasına xidmət edən hər bir şey İslam düşmənlərinin daha sərt hücumuna məruz qalır. Bu, dəyişməz qaydadır.

Bu gün İslama xidmət sayılan hər bir iş İslam düşmənlərinin qəzəbinə tuş gəlir. Müsəlmanların birliyi bu ümumi qaydanın nümunələrindəndir. Əgər dünya müsəlmanlarının birləşməsi həqiqətən lazımdırsa və bu, İslam və müsəlmanların xeyrinədirsə, – İslam dünyasının ağıllı və xeyirxah insanlarına görə məhz belədir – onda əmin olmaq lazımdır ki, düşmənin bu birlik əleyhinə fəaliyyəti bu gün həmişəkindən artıqdır.121


Müsəlmanların birləşməməsi və qarşı-qarşıya durması üçün çoxlu işlər görülür. Bu fəaliyyətlər müsəlmanların birliyə daha ehtiyaclı olduğu zaman xüsusən güclənir. Bu işlərdə İslam düşmənlərinin məqsədi İslamın bu gün praktik nəticələrə yaxınlaşan ucalığı və hakimliyi arzusunun qarşısını almaqdır. Müsəlmanlar İslam dünyasında öz dinlərini hakim etmək istəsələr də, bu ixtilaflarla mümkün olmayacaq. İslamın hakimliyi və ucalığı yolunda ən böyük faciə isə İslam cəmiyyətləri daxilində - istər bir ölkədə, istər müxtəlif İslam ölkələrində müsəlmanların bir-birinin canına düşməsidir. Bu gün bir ölkənin mətbuatı bir İslam məzhəbinə hücum edəndə digər bir ölkənin mətbuatı da onun məzhəbinə hücuma keçir. Siyasi çəkişmələri məzhəb və dini düşüncə müstəvisinə çıxarmaq, dini düşüncə və təəssübkeşlik əsasında qrupları bir-birinin canına salmaq müsəlmanların İslam hakimiyyəti fikrini reallaşdırmalarına ən böyük maneədir.

Bu gün İslam məzhəblərini bir-birinə yaxınlaşdırmaq təcili və ilahi bir məqsəd, həyati bir fikirdir. Bunu reallaşdırmaq lazımdır. Biz dövrün bu boşluğunu həmişəkindən daha yaxşı doldurmalıyıq. Öz dövrlərinin boşluğunu dolduran, anın ehtiyacını anlayıb aradan qaldırmağa çalışanlar xoşbəxt insanlardır. Bəzi işlər özlərinə xas anda görüləndə faydalı olur, həmin anda görülməyəndə isə effektini itirir.122


Möhtərəm din alimləri! Bu gün belə qüdrətlə dünyanın siyasi arenasına çıxan İslamı müdafiə etmək istəyən hər bir qrupun üzərinə müəyyən rol və vəzifələr düşür. Biz ruhanilər özümüzdə olan məntiqli, əsaslı və həqiqi mənəviyyatla bu cəmiyyətin mənəviyyata doğru hərəkətini təmin etməliyik. Bizim bugünkü vəzifəmiz budur. Din təmsilçilərində mənəviyyatsızlığın duyulduğu heç bir şey olmamalıdır. Əks təqdirdə, mənəviyyata doğru gedən proses zəifləyəcək. Dünyaya və onun bəzəklərinə sevgi, xudpəsəndlik, qürur və dünyəvi işlər üçün çəkişmə əlaməti görünən hər bir şey işə ziyan vuracaq. Elmi baxımdan xalqın din və İslam düşüncəsini gücləndirməmək də ziyanlıdır. Avropa da dinə və mənəviyyata doğru hərəkət edir. Gördüyünüz kimi, dindən əsər-əlamət olmayan ölkələrdə 30, 40 və bəzi yerlərdə 50 ildən sonra kilsələr, keşişlər, dini adət-ənənələr bərpa olunur və xalqda maraq oyadır. Mənəvi ehtiyacı təmin etmək üçün məntiqi gözlənti isə İslam təfəkküründəndir. Biz bu sahədə bacardığımız qədər çalışmalıyıq. Bunun əsas şərti birlik və vəhdətdir. İslam dünyası miqyasında ərəb, türk, fars millətçiliklərini ortadan götürməli, məzhəb baxımından da Şiə, Sünni, müxtəlif Sünni və Şiə firqələri arasındakı ixtilafları kənara qoyub ortaq cəhətlər üzərində dayanmalıyıq. Çünki hər bir fərq və ayrılıq dava demək deyil. Biri bir fiqhə əməl edir, o birisi başqa bir fiqhə; biri bir kəlam məktəbinə tabe olur, o birisi başqa bir məktəbə. Bu gün elə bir zaman deyil ki, kəlam məktəbləri Abbasilərin xilafəti dövründəki Əşairə və Mötəzilə döyüşləri, yaxud Şiə-Sünni və müxtəlif kəlam məktəbləri kimi firqə döyüşlərinə başlayıb bir-birinin canına düşsünlər. Hamı bir olmalıdır.123
4- İnqilabın ixracı - əsl İslam mədəniyyətinin ixracı

İslam inqilabının qələbəsindən sonra müharibənin bitməsi, imamın vəfatı və müxtəlif hadisələrlə tükənməyəcək bir hərəkət başlandı. Bu hərəkət davam edir və biz hələ yolun ortasındayıq. Allah-Taala istəsə, biz müxtəlif mərhələlərdən keçəcək və gələcəkdə daha böyük hadisələrin şahidi olacağıq. Tarix dəyişməkdədir. Tarixin mühüm dönüşlərindən biri bizim zamanımızda baş verir. Tarixi dönüşlər uzun illər ərzində həyata keçir. Tarixdə bəzən bir nəslin, iki nəslin ömrü bir an kimi ötür. Biz həmin əsas dönüş nöqtələrinin birindəyik.



Bu gün Peyğəmbərimizin (s) dövrünə uzaqdan baxsanız, bu döngələri görmək olar. Hərəkət zamanı diqqətli insanlardan başqa heç kəs yaxından nə baş verdiyini anlamır. Lakin siz indi İslamın erkən çağında bəşəriyyətin hansı hərəkət halında olduğunu və nə baş verdiyini dərk edirsiniz. Təbii ki, əziz Peyğəmbərin (s) işıqlı dövrünü başqa bir dövrlə müqayisə etmək istəmirəm. Lakin bu gün biz, daha doğrusu, dünya o zaman da baş verən bir dəyişiklik halındadır. O zaman da heç kəs inanmırdı. Siz elə bilməyin ki, o zaman dünyaya hakim olan güclər bu gün hegemon ABŞ-dan az iqtidar hiss edirdilər. Xeyr! Onlar da belə idilər. Görün Peyğəmbərlə (s) necə danışırdılar və onların ziddinə danışanlara qarşı rəftarları necə təhqiramiz idi. Qurani-kərim Antakiya şəhərinə göndərilən üç peyğəmbər haqda buyurur: "(Ey Peyğəmbər!) Sən onlara o şəhər əhalisini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!"124 Peyğəmbərlər bir sivilizasiyanın başçılarına dedilər ki, bizim məqsədimiz və sözümüz var, sizinlə danışmağa gəlmişik. Söhbət dağlarda, mağaralarda yaşayanlardan getmir, cah-calallı və möhtəşəm Roma imperiyasından gedir. Onlar dedilər: "Biz sizə göndərilmiş elçilərik". Bu, Quranın ixtisarıdır. Bu üç nəfər bütün Antakiya əhalisini bir yerə toplayıb söyləmədilər ki, biz sizə göndərilmiş elçilərik. Bu on il boyu bizim əziz imamımız da dünyaya deyirdi ki, ey qafil insan, ey dünyanın bir neçə siyasətçi və biznesmen ailəsinə əsir olan insan, ey təhqir olunmuş xalqlar, biz sizi xilas etməyə, sizə həqiqəti söyləməyə, sizinlə danışmağa gəlmişik. On il imam bunu deyirdi: "Biz sizə göndərilmiş elçilərik". Bəlkə o peyğəmbərlər də bu sözü uzun müddət ərzində dedilər. Qarşı tərəfdən isə təkzib və təhqirlər başlandı ki, siz nə deyirsiniz və bəşəriyyətə hansı yeni sözü gətirmisiniz: "Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!"125 Dedilər ki, siz də ayrıları kimi bir insansınız, özünüzə xas dini gətirib öz sözlərinizi danışırsınız. Siz nə deyirsiniz? Onlar bugünkü dünyanın zalım və mənfur rəhbərlərinin və ya demokratiya iddiaçılarının sözünü deyirdilər. Peyğəmbərlər (s) onlara cavab olaraq dedilər: "Rəbbimiz bizim doğrudan da sizə göndərilmiş elçilər olduğumuzu bilir. Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini) açıq-aşkar təbliğ etməkdir"126. Müqəddəsləri şahid gətiririk ki, biz sizin xeyrinizə danışırıq. Biz sizin üçün göndərilmişik, bizim missiyamız və sizə sözümüz var. Vicdanınıza, dinlərinizə və varınızdırsa, qərəzsiz alimlərinizə müraciət edin. Biz sizə sözümüzü çatdırmaq, sizdə maraq oyatmaq istəyirik. Düşüncəni, inqilabı və mədəniyyəti ixrac etmək düşmənin ən çox qorxduğu məsələdir. Nə zaman aydın çatdırma məsələsi qarşıya çıxırsa, qarşı cəbhə daha da kobudlaşır.

"Dedilər: “Biz sizdə bir nəhslik gördük. Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır".127 Burada daha söhbət ondan getmir ki, təbliğat zamanı istehzalı təbəssümlə "yeni sözlə köhnə məsələləri təbliğ edirlər" desinlər. Burada artıq düşmən döyüşə hazırlaşıb deyir ki, siz bəşəriyyətə ziyanlısınız. O, təhdid edir ki, bu missiyadan və sözdən əl çəkməsəniz, sizi cəzalandıracağıq. Bu zaman isə Peyğəmbər (s) güclü bir qarşılıqlı zərbəyə əl atır: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır. Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"128 Bu, daimi bir məsələdir - həmişə olub, bu gün də var. O zaman da dünya adamları Peyğəmbərin (s) hərəkəti qarşısında soyuq, kobud və çox sərt rəftar edirdilər. Sonda geri çəkilən isə həmişə təkəbbürlü və hegemon cəbhə olmuş, bununla da tarix günbəgün kamilləşmişdir. Bu, tarixin ilahi təfsiri və təkamülüdür. Özlərinin səhv düşüncələrinin cəzasını çəkən zavallı marksistlər isə təkamülü mürəkkəblik kimi izah edib deyirdilər ki, kamil cəmiyyət mürəkkəb olandır. İctimai, iqtisadi və sonra da texnoloji məsələlər nə qədər mürəkkəb olsa, bir o qədər kamildir. Halbuki təkamül uca təlimləri daha yaxşı dərk etmək, uca əxlaqa daha çox yiyələnmək və düzgün inama doğru bir addım irəliləməkdir. Bəşəriyyət bu yolla irəliləyib nəhayət, sonuncu peyğəmbərin dövrünə çatdı. Həmin hərəkət bu gün də irəliyə doğru davam edir.

Məgər dünya bu cəhalətdə qala bilərmi?! Məgər bəşəriyyətin böyük əksəriyyətinin dövrün quldurlarına xidmət edən ən kəsərli silahlara və çirkin istəklərə əsir olması mümkündürmü?! Bu, dönüş nöqtəsidir və biz irəliləyəcəyik. Təbii ki, bunun şərti var. Əsas məsələ budur ki, bu qarşılaşmada haqq cinahının da möhkəmliyə, sayıqlığa, müqavimətə və imamın həmişə təkrarladığı mənəmlikdən çıxmağa ehtiyacı var.

Dinə əsaslanan inqilabçı bir cəmiyyət dünya bəzəklərinə dəyər verməyən isnanlardan ibarətdir. Bizdə belə toplum olsa, inkişaf qaçılmaz olar; təbii ki, ağrılara dözmək şərtilə. Bəşəriyyətin daha bir addım inkişafı üçün ağrılara dözmək dəyərlidir. Hüseyn ibn Əlinin (ə) şəhadətə qovuşduğu məqsəd də bu idi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?!129


İran İslam İnqilabı əsl Məhəmməd (s) İslamına və onun şəriətinə əsaslandığından xüsusi sərhəd və millət tanımır. Söhbət bundan getmir ki, İran xalqı, yaxud bu ölkənin məmurları inqilablarını dünyanın adi üsulları ilə ixrac etmək istəsinlər. Əslində bir İslam təfəkkürü, ilahi təfəkkür, yeni baxış və düzgün İslam dərki bir qrup müsəlmana təqdim olunanda bütün İslam dünyası təbii şəkildə və çıxarı qədərincə ondan istifadə edir. Hegemonizmin təbliğatçıları İslam inqilabı əlehinə təbliğat aparırlar. Sionizmin və hegemonizmin əlaltılarından bundan başqa gözlənti də yoxdur. Onların təbliğatı yalan və hiylə üzərində qurulmuşdur. Bu səbəbdən, düzgün bir fikir, azadlığa və oyanışa sövq edən bir təfəkkür İslama əsaslananda bütün İslam dünyasında özünə tərəfdar və müştəri tapır.

İmam Xomeyninin dəyərlərini söyləmək, yaxud inqilab təfəkkürünün xırdalıqlarını zorla və ya xoşluqla insanlara ötürmək üçün Avropa və Asiya ölkələrinə, yaxud Uzaq Şərqə İrandan kimsə getmişdirmi?! İmamın səmərəli həyatı zamanı ona tərəfdar və vəfatından sonra əzadar olan bu möhtəşəm hərəkəti dünyada kimsə yaratmışdırmı?!

İslam dünyası İslam hökuməti ilə bir və həmrəydir. Hegemonlar bu birliyi xoşlamırlar, amma var.

Biz İslamdan, inqilabın prinsip və məqsədlərindən danışdıqda müraciətimiz bütün dünya müsəlmanlarına, qlobal hegemonizmə, dünyanın quldur və soyğunçularına qarşı mübrizədən danışdıqda isə dünyanın bütün məzlumlarınadır. İslam budur. Qlobal hegemonizm onu yaxşı tanıyır, bizimlə, bizim inqilabımız və imamımızla düşmənliyi də buna görədir. Lakin bu var və qaçılmazdır.130


İslam inqilabı cəmiyyət və ölkələrin həyatı üçün yeni bir örnək olmuşdur. Bu inqilab indi də yenidir və uzun illər yeni olacaq. Bəlkə də yaxşı əməl etsək, bu örnək əsrlərlə toplumlar üçün yeganə örnək olaraq qalacaq. Düşmən, yəni hegemonizm, transmilli neft şirkətləri və dünyanın istismarçı oliqarxları da bundan qorxurlar. Bu qüvvələr İslam adında olub onların mal-dövlətinə və maraqlarına ziyan vurmayan heç bir şeyə qarşı çıxmırlar. Şeytani qüvvələri, zülmü və ayrıseçkiliyi rədd etməyən İslamla heç kəsin işi yoxdur. Onlar insanları himayə edən, zülm, zorakılıq və quldurluqla mübarizə halında olan "La ilahə illəllah" İslamına müxalifdirlər.131
Dəyərlərin ixracı mənasında olan inqilab ixracı bizim borcumuzdur. Bunu etməsək, vəzifəmizdən boyun qaçırmış sayılarıq. Dünyanın zalım və diktatorlarını ifşa etmək mənasında olan inqilab ixracı bizim ilahi vəzifəmizdir. Bunu yerinə yetirməliyik. İslam Respublikası, İran xalqı və dünyanı öz əzəməti qarşısında kiçildən uca və möhtəşəm şəxsiyyət – bizim böyük imamımız göstərdilər ki, dünyanın bütün gücləri bütün xalqa məxsus olan belə böyük və möhkəm İslam iradəsi qarşısında acizdirlər. Bu bizim yolumuzdur.132
Biz digər xalqları təhrik etməyə çalışmırıq. Biz İslam şüarı verir və İslam bayrağı ucaldırıq. Bundan sonra kimin qəlbində İslam işığı olsa, təbii şəkildə bu bayrağın altına toplaşacaq. Biz nə zaman Bosniya və Herseqovinaya gedib İslam Respublikasını təbliğ etmişik?! Görün orada İslam Respublikasının bayrağı necə uca tutulur! Harada bir xalq İslam adı ilə ayağa qalxmış və səsini ucaltmışsa, əmin olun ki, orada İran xalqının adı əziz və möhtərəmdir.133
Bizim əziz və mərhum imamımız buyurdu ki, biz inqilabımızı bütün dünyaya ixrac edəcəyik. Beynəlxalq təbliğat imamın bu cümləsini çox vurdu. İnqilabın ixracı o demək deyildi ki, biz qalxıb o tərəf-bu tərəfə gedəcək, müharibə aparacaq, insanları qiyama və inqilaba vadar edəcəyik. İmamın məqsədi əsla bu deyildi. Bu nəinki bizim siyasət və prinsiplərimizdən deyil, hətta tərəfimizdən rədd olunur. Onlar isə bu cümləni belə izah edib əks-təbliğat aparmağa bağladılar.

İnqilabın ixracının mənası budur ki, dünya xalqları bir xalqın öz gücü ilə, öz iradəsinə və Allaha arxalanmaqla dayanıb təslim olmadığını görsün. Xalqlar bunu görəndə inanacaq və özlərini zülmdən xilas etməyə həvəslənəcəklər. Belə də oldu.

Bu gün ən açıq müsəlman hərəkatları müsəlmanların uzun illər təzyiq altında saxlandıqları yerlərdədir - Kəşmirdə və müsəlmanların ayağa qalxdığı digər ölkələrdə. Təbii ki, bu ölkələrin əhalisinə yenə təzyiq göstərəcək və zülm edəcəklər. Lakin təzyiq işin nəticəsini yox edə bilməz. Təzyiq nəinki Allaha arxalanan davamlı bir hərəkəti dayandırmağa qadir deyil, hətta bəzən o hərəkətin daha da genişlənməsinə bais olur.134
Dünya mediası İslam inqilabı mədəniyyətinin yayılmasına dair ajiotaj yaradıb onu səhv mənada inqilabın ixracı adlandırır və təbliğat hücumuna məruz qoyur. Bir neçə ildir dünyanın bütün media qurumları İslam Respublikasının inqilabı ixrac etmək istəməsi üzərində dayanırlar. Çirkin niyyətləri bundan bəlli olur ki, inqilab ixracını partlayıcı maddələrin ixracı və dünyanın müxtəlif yerlərində çaxnaşma yaratmaq kimi təqdim edirlər. Bu, Qərb dünyasının digər çirkin təbliğatları kimi rəzil bir hiylədir.

İnqilabın ixracı İslamın insan yetişdirən mədəniyyətinin, səmimiyyət və düzgünlüyün ixracı, insani dəyərlər üzərində təkid deməkdir. Biz bu işlə və bu vəzifəni yerinə yetirməklə fəxr edirik. Bu, peyğəmbərlərin yoludur və biz bu yolu davam etdirməliyik. Qərb dünyası və azğın Qərb mədəniyyətinin rəhbərləri bütün dünyaya fəsad, pozğunluq, narkomaniya və müxtəlif fəlakətlər ixrac etməkdən utanmırlar. Bu gün təəssüf ki, bütün dünyanı və daha çox yoxsul üçüncü dünyanı bürüyən bu pozğun mədəniyyət haradan gəlmişdir? Bu, Qərb mədəniyyətinin, müstəmləkə və hegemonizm sivilizasiyasının ixracatındandır. Bu gün bəşəriyyətə əzab verən müxtəlif fəsad və azğınlıqlar, çoxlu yoxsul və geriqalmış ölkələrdə gənclərin düçar olduğu təhlükəli narkomaniya haradan gəlmişdir? Üçüncü dünyanın bir çox müsəlman və qeyri-müsəlman ölkələrinə yanlış istehlak mədəniyyəti hakim edilmişdir. Bu haradandır? Öz regionumuzun yoxsul neft və qeyri-neft ölkələrinin bazarları Qərbin faydasız məhsullarının reklamları ilə doludur. Bəşəriyyətin bunlara ehtiyacı varmı?! Allahın bəxş etdiyi, bütün xalqa məxsus olan və öz ölkələrinin abadlığına sərf etməli olduqları sərvəti verib qarşılığında fəsad və pozğunluqdan başqa heç bir faydası olmayan məhsulları alan neft ölkələri düzgün işmi görürlər?! Bunlar haradan gəlmişdir? Bunların hamısı Qərb mədəniyyətinin ixracatı, ABŞ-ın və Avropanın üçüncü dünya ölkələrinə ixrac etdiyi məhsullardır. Amerika, Avropa, Qərb ölkələri və Qərb sivilizasiyaları elm, sənaye və tədqiqat kimi yaxşı məhsullar arasında müxtəlif çirkinlikləri, fəsad və pozğunluqları da üçüncü dünya ölkələrinə idxal etdilər. Xalqı, gəncləri, hökumətləri bu fəsadlara yoluxdurdular, xalqları xar etdilər və bədbəxt günə qoydular. Onlar xəcalət çəkmir, utanmır, bu çirkin əməllərini açıq şəkildə Qərb mədəniyyətinin ixracatı adlandırır və bununla fəxr edirlər. Xüsusi bir qrupa deyil, bütün bəşəriyyətə məxsus olan elm, tədqiqat və digər yaxşı amillərin kənarında bu işləri görürlər.

Biz nə üçün tövhidi, peyğəmbərlər əxlaqını, fədaklarlıq və ixlas ruhunu, mənəvi saflığı digər ölkələrə ixrac etməyə xəcalət çəkməliyik?! Biz nahaq güclər qarşısında qeyrət və müqaviməti əməli bir dərs kimi digər xalqlara göstərməyə və öyrətməyə nə üçün utanmalıyıq?! Xalqlar hegemon qüvvələrin muzdurlarına qarşı mübarizənin mümkünlüyünə inanmırlar. Biz mübarizə apardıq və qalib də gəldik. Nə üçün bu əməlimizi xalqlara nümayiş etdirməyək?! İnqilabın ixracı budur. Bəli, biz bu inqilabı ixrac edirik. Biz bacarsaq, tövhidi, peyğəmbərlərin məktəbini, düzgün insani üsulları, paklığı, dözümlülüyü, müqaviməti və fədakarlığı digər ölkələrə ixrac etməkdən çəkinmərik.

Sionistlərin pulu, xəbis, zalım və azğın siyasətçilərin rəhbərliyi ilə çalışan Qərb mediası ajiotaj yaradıb bizi bu sözə, yəni inqilab mədəniyyətinin və inqilab məfhumlarının ixracına peşman etmək istəyir. Əgər məqsəd bizim partlayıcı maddələr ixrac etməyimizdirsə, bu, yalandır. Bunu çirkin və xəbis hegemon qurumların özləri edirlər. ABŞ-ın casus təşkilatı hökumətləri devirmək üçün işləyir, silah göndərir, partlayıcı maddələr və canlı qüvvə aparır, inqilabçı ölkələrdə əks-inqilabçılara kömək edir. Bu, onların işidir, bizim yox. Biz heç bir ölkəyə partlayıcı maddələr aparmırıq. Pozuculuq işləri bizə yaraşmaz və əsla yapışmaz. Bu yaramaz ittihamlar onları İslama və İslam Respublikasına aid edənlərə yaraşar.135


Sionist media və dünyanın müstəmləkə qurumları İslam Respublikasını inqilabı ixrac etməkdə günahlandırır. İnqilabı ixrac etməkdə məqsəd nədir?

Əgər inqilabın ixracında məqsəd partlayıcı maddələr ixrac etmək, digər xalqlar arasında iğtişaş törətməkdirsə, bu ittiham İslam Respublikasından tamamilə uzaqdır. Şər işlər ABŞ-a, hegemon dövlətlərin, o cümlədən ABŞ-ın casus qurumlarına aiddir, xalqın arasında narahatlıq, iğtişaş və çaxnaşma salan onlardır. Xalqların işinə, həyatına və daxili məsələlərinə haqsız müdaxilə edən onlardır. Onlar öz muzdurları vasitəsi ilə inqilabçı və xalqçı hökumətlər əleyhinə çalışır, onlara problem yaradırlar. Günahsızların canına hücum edənlər də onlardır. Xalqlar bu nümunələri dünyanın hər yerində görürlər. ABŞ rejiminin başçılarının əlləri qana bulaşmışdır. Lakin inqilabın ixracında məqsəd insan yetişdirən İslamın və Quran mədəniyyətinin təbliğidirsə, biz bununla fəxr edirik. Biz İslam dəyərlərini, xalqların, məzlum və məhrum insanların xilaskarı olan İslam hökmlərini və təlimlərini bacardığımız qədər təbliğ etməyi özümüzə borc bilirik. Bu bizim vəzifəmizdir. Biz düşünürük ki, bu vəzifəyə əməl etməsək, günahkar olarıq. Biz İslam dəyərlərini yaymağa çalışmasaq da, bu təlimlərin mahiyyəti elədir ki, bahar güllərinin ətri kimi öz-özünə hər yerə yol tapacaq. Düşmənlər istəsələr də, istəməsələr də, inqilab təlimlərinin və İslam maarifinin ətri bütün dünyaya yayılacaq.136




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə