Birinci fəsil: Zalım şahlıq



Yüklə 0,73 Mb.
səhifə1/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
  1   2   3   4   5   6   7   8   9   10


Çİçəklənmə dövrü
Böyük Rəhbərin baxışında
İslam inqilabından öncəki və sonrakı dövrlərin müqayisəsi

Tərtib edən: Əbdürrəhim Əbazəri



Birinci fəsil: Zalım şahlıq


Şah İranı

Batil və azğın quruluşlarda hakim sistem istər siyasi, istər insani mərkəzdən uzaq olan hər bir yerin məhrum qalmasına bais olur, hakimiyyətin mərkəzinə daha yaxın olan hər hansı şəxs və ya qurum daha artıq bəhrələnir, uzaq olan isə təbii olaraq məhrum qalır. Əgər güc-bəla ilə özünü birtəhər ayaqda saxlaya bilsə, başqa məsələ. Bu, bütün batil quruluşlarda belədir. Şah dövründə bizdə də belə olmuşdur. Mərkəzdə heç kəsin düşünmədiyi bir məsələ vardısa, o da məhrum bölgələrə qayğı idi. Əgər o zaman çox nadir hallarda məhrum təbəqələrin xeyrinə hansısa iş görülmüşdüsə, bu da məhrumiyyəti aradan qaldırmaqdan ötrü, məhrum təbəqələrə yardım məqsədilə görülməmişdi. Məsələn, hansısa hərbi baza üçün yol salırdılar ki, amerikalılar su ilə quru arasında əlaqələri zamanı əziyyət çəkməsinlər. Yaxud beynəlxalq bir sazişə üzv ölkələri bir-birinə birləşdirmək üçün yol çəkirdilər və təbii ki, üç-dörd şəhər və kənd də o yoldan istifadə edirdi. Bəzən bir bölgənin səsinin çıxmaması üçün o bölgəyə bir iş görməyə məcbur olurdular. Amma bu qorxu, habelə özlərinin xüsusi maraqları olmayan bütün şəhər və kəndlər tam bərbad halda qalırdı.

Biz inqilabdan sonra bu geniş və böyük ölkədə elə yerlər gördük ki, çoxlu əhalisinin olmasına baxmayaraq, heç bir abadlıq işləri görülməmişdi. Yoxsulluq əsasən, ucqar bölgələrdə xarakterik hal almışdı. Xüsusən rejim üçün strateji əhəmiyyəti olmayan bölgələrdə nə dəmir yolu vardı, nə düz-əməlli asfalt, nə su, nə elektrik enerjisi, nə rabitə sistemi, nə də zavod.

Bir məmləkətdə, bir bölgədə yoxsulluğun xarakterik hal alması üçün əlli il zərbə vurmaq lazımdır. Allah bu iki xəbis və mənfur rejimin - Qacar və Pəhləvi rejimlərinin başçılarının günahlarından keçməsin! Onlar təxminən iki yüz il ölkədə hökmranlıq etdilər, onun hər tərəfində ixtilaf, ayrıseçkilik, əclaflıq və xalqa diqqətsizlik əlamətləri buraxdılar.

Mən inqilabdan öncə bir müddət Bəlucistan bölgəsində qalmışam. Sizlər bəlkə də bilirsiniz ki, o zamana qədər hələ də farslara qəcər, yəni qacar deyirdilər. Allaha şükür olsun ki, inqilabdan sonra bu söz yığışdırıldı. “Qəcər” sözü onların yerli ləhcəsində vəhşi, rəhmsiz, daşürəkli, qatil və qorxulu adam demək idi. Bəlkə də bizim və sizin Buşəhr məntəqəmiz özünün ingilislərlə mübarizəsinə görə qeyri-insani və antihumanist siyasətlərə malik olan o xəbis rejim tərəfindən məhrum saxlanmışdı. Hər halda, bir xalq qəhrəman olduğunu, əcnəbini qəbul etmədiyini, düşmənə qarşı vuruşduğunu göstərmişdisə, bir yolla bədəlini ödəməli idi.

Buşəhr, Laristan və Fars vilayətinin digər bölgələri ingilislərə qarşı mübarizə apardığına görə - onların bəzisi tarixdə qeyd olunduğundan xalqın əksəriyyəti bilir, çoxunu isə bəlkə sizlər də bilmirsiniz və təəssüf ki, bunlar hələ də rəsmi tarixdə qeyd olunmamışdır - təbii olaraq rejim bu bölgəyə etinasız yanaşırdı. Bundan əlavə, qeyd etdiyim kimi, onların quruluşunun mahiyyətinə əsasən, mərkəzdən uzaq olan hər bir yer məhrum qalmalı idi. Sanki kələ-kötür bir bağı suvarırsan, amma su hər yerinə çatmır. Yeri hamar bir bağı suvaranda isə kanallar suyu bərabər şəkildə hər bir kola çatdırır. Müvazinət olmayanda bəzi yerlərə ümumiyyətlə, su çatmır. Bu baxımdan, antihumanist bir quruluşun müvazinəti kökündən səhvdir.

Qeyd etdiyim kimi, süni yoxsulluq da yaradılırdı. Çünki buraya qarşı inadkarlıq, düşmənçilik və ədavət vardı. O quruluşun təbiəti, xarakteri belə yerlərlə uyğun gəlmirdi. Bu yerləri sürgün üçün nəzərdə tutmuşdular: Günavəni, Bərazəni, Deyləmi, Dəyyiri. Hakimiyyətin qəzəbinə gələnləri oraya göndərirdirlər. Bəllidir ki, belə bir yerə münasibət pis və mərhəmətsiz olur.

İslam Respubilkasında belə nöqsanlı sistem yoxdur, əksinə, onun təbiətində bir növ mərkəzdənqaçma, mərkəzçilikdən uzaqlaşma haləti var. Təbii ki, bəzi yerlərdə bundan yayınma baş verə bilər, amma quruluşun mahiyyəti və proqramı belədir. Hələ inqilabın qələbəsindən iki ay ötməmiş, Böyük İmam məni Bəlucistana göndərib dedi ki, siz Bəlucistanın vəziyyətindən xəbərdarsınız, gedin və oradakı yoxsulluqla maraqlanın”. İmam Bəlucistana getməmişdi və bu, quruluşun mahiyyətindən irəli gəlirdi.

Məhrum bölgə təbii olaraq diqqətdən kənarda qalır və nəzərə çarpmır. İslam Respubilkasında belə bölgələr üçün bir şöbə açılmışdır. Bu, İslam Respubilkası quruluşunun xüsusiyyətidir.

Əlbəttə, biz etiraf etməliyik ki, hələ bu bölgələrin ehtiyacı və haqqı çatan qədərincə iş görülməyib. Amma insafla qəbul edilməlidir ki, bu, səhlənkarlıq üzündən olmamışdır. Çünki səkkiz il müharibə aparmış bir ölkənin abadlıq imkanlarının bir hissəsi müharibəyə sərf olunmuşdur. Bir il müharibə aparmış ölkələr on il onun tör-töküntülərini yığışdırırlar. Biz səkkiz il vuruşmuşuq; özü də bəlli şəraitdə. Müharibə ilə yanaşı iqtisadi blokadalara da məruz qalmışıq. Bizimlə əclafcasına rəftar olunub. İnfrastruktur çatışmazlıqlar da olmuşdur. İndi isə çox sürətlə abadlıq işləri görülür.

Tağut hakimiyyəti illərində şah Məşhədə gələndə heç kim onu qarşılamağa getmirdi. Onun keçəcəyi yollarda ağac və güllər yox idi. Mən görmüşdüm ki, ləyaqətsiz merlər və rüşvətxor valilər yaşıl ağaclar gətirib, həmin xiyabanların kənarında torpağa basdırırdılar. Əgər bəxtləri gətirməsəydi və şahın gəlişi üç-dörd gün təxirə düşsəydi, ağacların hamısı quruyurdu.1

İnsanın ləyaqətli həyatı təkcə çörək və su ilə deyil. İnsan məqsəd, eşq və məhəbbət, uca amallar, azadlıq və izzət istəyir. Bir xalqın qarnını doyurub, izzətini əlindən alsalar, buyruq qulu və xar etsələr, o necə asayiş və rahatlıq hiss edə bilər?! Ötən əsrlərdə padşahların zalım hökmdarlığı altında olan xalqımız bu vəziyyətdə idi. Xəyanətkar Qacar şahları İngiltərəyə mütilikdən azca boyun qaçıran kimi ingilis əsgərləri sizin Buşəhr şəhərinizi və bu bölgəni işğal edirdi. İngiltərəlilər dəfələrlə bu şəhərə gəlmiş, buranı işğal etmiş, yaxud işğalla hədələmişlər.

Bir xalq Allah düşmənlərinin və əcnəbilərin buyruq qulu olanların hakimiyyəti altında necə rahat yaşaya bilər?! Nə üçün böyük, gözəl və istedadlı ölkəmiz bu qədər təbii sərvətlərinə, bütün bu potensialına, torpaqlarına, sularına, yeraltı sərvətlərinə rəğmən, Pəhləvi və Qacar sülalələrinin mənfur padşahlığı dövründə yoxsulluq və bədbəxtlik içində yaşadı və xalq xoş gün görmədi? Sizin Buşəhr vilayətiniz əkinçilik imkanları, təbii və insani resurslar baxımından ölkəmizin çox istedadlı bölgələrindən biridir. Lakin siz şahidsiniz, vilayətinizin və şəhərinizin həyat səviyyəsini müşahidə edir və görürsünüz ki, Pəhləvi hökumətinin uzun illəri və ondan qabaq Qacarların hakimiyyəti dövründə bu vilayət baxımsız qaldı, sərvətlərdən istifadə olunmadı, torpaqlar becərilmədi, mömin və zəhmətkeş xalqa Allahın yaratdığı təbiətdə mövcud olan imkanlar yaradılmadı. Allahla və nəticədə xalqla əlaqəsi olmayanların hakimiyyəti altında yaşayan bir cəmiyyətin vəziyyəti bundan yaxşı ola bilməz.

İnqilabdan sonrakı 13 illik qısa müddətin 8 ilinin müharibədə keçməsinə, çoxlu problemlərə və iqtisadi embarqolara baxmayaraq, bu vilayətdə görülən işlər Pəhləvi rejiminin 50 ildən artıq sürən dövründə görülməmişdir. Sözsüz ki, bu gün görülənlər də görülməli olanlara nisbətən çox azdır.2


Dünənki hakimlər

Bizim inqilabımız pis bir hökumətin təxminən bütün xüsusiyyətlərinə malik bir rejim əleyhinə möhtəşəm xalq hərəkəti idi. Həmin rejim həm fəsadçı, həm asılı, həm bacarıqsız idi, həm də zorla və çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. Mən bu dörd xüsusiyyəti qısaca açıqlamaq istəyirəm.

O rejim əvvəla fəsadla dolu idi: maliyyə fəsadı, əxlaq fəsadı, idarə fəsadı. Maliyyə fəsadları barədə bu qədər kifayətdir ki, şahın özü və ailəsi ölkənin böyük iqtisadi layihələrinin çoxuna müdaxilə edirdilər. Şahın özü, qardaş və bacıları ölkənin ən varlı adamları idilər.

Rza xan özünün 16-17 illik səltənəti dövründə böyük sərvət topladı. Bilməyiniz pis deyil ki, ölkənin bəzi şəhərləri sənədli şəkildə bütünlüklə Rza xana məxsus idi. Misal üçün, Fəriman şəhəri bütünlüklə Rza xanın mülkü idi. Ölkənin ən yaxşı torpaqları ona məxsus idi. O belə şeyləri və ləl-cəvahiratı sevirdi. Uşaqlarının zövqü isə daha rəngarəng idi. Onlar hər növ sərvəti sevir və toplayırdılar. Ən güclü dəlili də budur ki, ölkədən gedəndə xarici banklarda milyardlarla dollar həcmində pulları vardı.

Bəlkə bilirsiniz, biz inqilabdan sonra şahın sərvətlərinin qaytarılmasını istədik və təbii ki, müsbət cavab vermədilər. O zaman bu ailənin ümumi əmlakının təxmini miqdarı on milyardlarla dollar edirdi. Gedib dünyanın müxtəlif yerlərində sakin oldular və hamısı milyarderlərdən sayıldılar. Onlar bu sərvəti zəhmətlə, qanuni ticarətlə qazanmamışdılar. Zirvəsində bu qədər maliyyə fəsadı olan bir quruluşun necə olacağını və xalqla necə rəftar edəcəyini özünüz təsəvvür edin.

Əxlaqi baxımdan da fəsad içində idi. Qaçaq alveri ilə məşğul olan cinayətkar bandalar şahın qardaş və bacılarına tabe idilər. Əxlaq və cinsi məsələlər baxımından elə işlər görülürdü ki, insan deməyə xəcalət çəkir. Bu xatirələrin bəzisini sonralar öz yaxınları və köməkçiləri yazıb nəşr etdirdilər.

İdarə fəsadı baxımından da vəziyyət acınacaqlı idi. Vəzifə bölgülərində bacarıq və qabiliyyəti meyar seçmirdilər, özlərinə bağlı olanları və ya xarici ölkələrin təhlükəsizlik orqanlarının tapşırdığı adamları vəzifəyə gətirirdilər. Zirvəsində rüşvət alınan, sərvət toplanan, qaçaqmalçılıq və xalqa xəyanət edilən bir hökumət necə ola bilər?! İnsan bunları sübutlarla göstərsə, cildlərlə kitab olar. Onlar xalqdan tamamilə uzaq olduqlarına görə asılı idilər, hakimiyyətlərini qorumaq üçün xarici güclərə arxalanmağa məcbur olurdular.

Rza xanı ingilislər hakimiyyətə gətirdilər. Bu, dəqiq və aydın məsələdir. Məhəmmədrzanı da ingilislər möhkəmlətdilər. Doktor Müsəddiqin kabineti dövründən sonra amerikalılar çevriliş etdilər, ölkəni ingilislərdən oğurladılar və özləri hökmranlıq etdilər.

Onlar ölkənin əksər işlərində azad deyildilər. Amerika müstəşarları və on minlərlə amerikalı ölkənin hərbi, təhlükəsizlik, iqtisadi və siyasi mərkəzlərində ən mühüm və gəlirli postlarda çalışır, əslində bütün işləri görür və yerli məmurlara istiqamət verirdilər. Ölkənin təhlükəsizlik qurumunu amerikalı və israillilər yaratmışdılar, siyasətdə əvvəl ingilislərin, sonra isə amerikalıların fikirlərinə tabe idilər. Regional və qlobal miqyasda hətta iqtisadi sahələrdə, misal üçün, neftin qiymətində, satışında, xarici şirkətlərin İran neftinin taleyinə dair siyasətlərində - bütün bu mühüm və həssas məsələlərdə onların istədiyi işi görürdülər. Təbii ki, öz maraqlarını da nəzərə alır, hakimiyyətlərini qorumaq üçün əcnəbilərə hər bir şəraiti yaradır, istismarçılığa və soyğunçuluğa imkan verir və onlara arxalanırdılar.

Onlar çevrilişlə hakimiyyətə gəlmişdilər; həm Rza xan, həm də Məhəmmədrza. Çevrilişlə hakimiyyətə gələnlərin vəziyyəti də bəlli məsələdir; özlərini zorla xalqa sırımışdılar, xalqın səsindən, istəyindən, mədəniyyətindən, məhəbbətindən, iradəsindən əsər-əlamət yox idi. Onlar xalqın iradəsinə əsla hörmət etmir, xalqla heç bir səmimi münasibətə malik deyildilər. Münasibət düşmən münasibəti, ərbab-rəiyyət, ağa-nökər münasibəti idi. Hər halda, şahlıq idi. Şahlığın mənası budur; yəni xalq qarşısında heç bir öhdəlik götürməyən avtoritar hakimiyyət. Pəhləvi ailəsi bizim ölkəmizdə 50 il belə hökmranlıq etdi.3

Bir vaxtlar azğın rejimlərin hökmranlığı və əcnəbilərin istismarı səbəbindən bu böyük ölkənin bütün həyat qaynaqları bir növ hədər gedir, maddi və insani sərvətlər məhv edilir, mənəviyyat, düşüncə və etiqad sərvətləri köhnəlirdi. Bütün dünyanın ixtiyar sahibi olduqlarını iddia edənlər o zaman ölkəmizdən razı idilər, xalqları özlərinə qul hesab edənlər diktatura dövrünün İranını tərifləyirdilər. O dövrün İranı əcnəbilər və xarici soyğunçular üçün cənnət, İran xalqına ziyandan başqa bir şey verməyənlər üçün təhlükəsiz yer idi, bu torpağın sahibləri, bu evin övladları üçün isə təhlükəli yer, xoşagəlməz həyat, hər cəhətdən məyusedici və ölümcül bir mühit idi. Bu məmləkətin gənci qürur hissindən məhrum idi, tələbənin bütün məqsədi bu idi ki, özünü birtəhər xarici ölkələrin birinə çatdırsın və orada bir işlə məşğul olsun. Öz ölkəsi və xalqı üçün çalışmaq istəyənlər daxildən qovrulurdular.4
Sultan və rəiyyət əlaqəsi

Bizim keçmişimizdə eniş-yoxuşlar olmuşdur. Qüdrətli dövrümüz olub, məğlubiyyətimiz olub, hidayətimiz olub, azğınlığımız olub, amma bütün bu dövrlər boyunca, hətta İslamın gəldiyi dövrdə də, İslam mərkəzlərindən uzaq olduğuna görə, bu ölkədə sözün əsl mənasında İslam hökuməti olmayıb. İslam fəthləri olub, İslamın böyük şəxsiyyətləri buraya gəliblər, daha böyük şəxsiyyətləri burada yetişiblər. İslam tarixinin dəyərli alimləri, böyük şəxsiyyətlər, İslam səmasının ulduzları burada meydana çıxıblar. Amma bu ölkədə İslam quruluşu həqiqətən, qurulmayıb.

Biz Əməvi və Abbasi dövlətlərini İslam quruluşu bilmirik. Onlar da başqa bir padşahlıqdır. Harun ər-Rəşidin, Əbdülməlikin və ya Hişamın hökumətinin Ərdəşir Derazdəstin hökuməti ilə nə fərqi var?! Adları müsəlman olduğuna görə yaxşıdırlarmı?! Məgər ad məsələni həll edir?! Sultan Mahmud Qəznəvi hakimiyyətinin keçmiş zalım hakimiyyətlərlə fərqi nədir?! Hakimiyyət baxımından Qəznəvilərin Sasanilərlə nə fərqi vardı?! Fərq yalnız İslam mühitinə aiddir. İslam mühiti Sultan Mahmud Qəznəvini namazını qılmağa vadar edir. Buna görə, onun hökuməti sayəsində olan şəxs də namaz qılan yetişir. Bunun Sultan Mahmudun şahlığına aidiyyəti yoxdur. Bu, İslamın mövcud miqdarının nəticəsidir.

İslam Respubilkasından öncə bu ölkədə hakimiyyət və hakimlə xalq arasında əlaqələr həmişə qeyri-islami, sultan və rəiyyət, qalib və məğlub əlaqəsi olmuşdur. Bu hakimlərin hamısı xalqa qələbə çaldıqlarını düşünürdülər; sonuncuları olan Rza xan və oğlundan tutmuş, axıra qədər hamısı. Qacarlar bu xalqa qalib gəlib, fateh olduqlarını duydular, əvvəldən özlərini fateh kimi apardılar. Onlardan öncə Zəndilər, Əfşarilər və Səfəvilər də belə omuşdular.

Əgər bu şəkildə geriyə qayıtsanız, pulla, güclə, qəbiləçiliklə, quldurluqla, pəhləvanlıqla və müxtəlif vasitələrlə xalqa qələbə çalan, onu öz hakmiyyət boyunduruğu altına salan müxtəlif sülalələr görərsiniz. Onların xalqla əlaqələri həmişə “biz buyurduq” şəklində təzahür etmişdir. "Mən xalqın xidmətçisiyəm" kimi sözləri imam deyirdi. Bu sözlər İslam Respubilkasına, İslama və bizim imamımıza aiddir. Ondan öncə isə “biz əmr edirik” və “biz belə buyururuq” olmuşdur.

Əlaqəni bu sözlərdən anlamaq olar. Bu sözlər bir hakim, fateh, qalib, ixtiyar və qüdrət sahibini təqdim edirdi. Şahlığı da ya qılıncla əldə etmişdilər, ya atalarından irs aparmışdılar. Buna görə heç kəsin minnəti altında da deyildilər, "sultan oğlu sultan" yazırdılar. Deyirdilər ki, mənim padşahlığımın heç kimə dəxli yoxdur, bu, atamın mirasıdır. Sanki atasından bir mis aftabanı irs aparmışdır. Bu ona məxsusdur. Kimsə deyə bilməz ki, bu mis aftaba səndə haradandır. Bu adam da şahlığı irs aparmışdır, mis aftaba kimi bu da onun şəxsi mülküdür, heç kəsin müdaxilə etməyə haqqı yoxdur: sultan oğlu sultan! Bunlar mühüm məqamlardır.

Hakimiyyəti qılıncla əldə edən padşah daha Allaha da bəndə olmurdu; misal üçün, Nadir şah, Ağa Məhəməd xan, yaxud Rza xanın özü. Bunlar zorla hakimiyyətə yiyələndilər. Əlbəttə, Rza xan heç olmasa, öz xəncəri sayəsində də gəlməmişdi. O, Britaniyanın xəncəri sayəsində hakimiyyətə gəlmişdi.5

Şah rejimi İslam quruluşu kimi deyil. Burada quruluşun məmurları xalqla dostdurlar, xalqa yaxındırlar, xalq onları görür. Siz prezidenti görürsünüz, bir şəhərə səfər edəndə əhali atasını görən uşaq kimi ətrafına toplaşır, eşq və sevgi ilə onu yaxından görür, ona hörmət ifadə edir, məktublarını şəxsən özünə verirlər. O da xalqın problemləri ilə məşğul olur. O zaman belə deyildi. Rejimin məmurları ilə xalq arasında yerlə-göy qədər məsafə vardı; həm fiziki, həm mənəvi məsafə. Xalq onları ümumiyyətlə, başqa bir dünyaya aid bir şey hesab edir və sözsüz ki, onlara nifrət bəsləyirdilər. Bu məsafələr nifrətə səbəb olur. Rejimin məmurları haqda məğlubedilməz, qəddar və əlçatmaz bir sima yaratmışdılar, lakin gördünüz ki, xalq meydana çıxdı, yaydıqları ümidsizliyə rəğmən, rejimi didilmiş pambıq sayağı bütünlüklə alt-üst etdi; bu qədər cansız, zəif, yüngül və məzmunsuz idi.

Bu quruluşdan sonra biz çox inkişaf etmişik. Bu, tağut rejimləri, yaxud dünyanın adi quruluşları, xüsusən də inqilabdan öncə İranda hakim olan xəbis və murdar quruluşla müqayisəolunası deyil. Orada dövlət, hökumət, siyasət kökündən fəsad üzərində qurulmuşdu; Məhəmmədrzanın özündən və yaxın ətrafından tutmuş aşağı səviyyələrə qədər. Onların çap olunmuş bioqrafiyalarını yəqin görmüş və oxumuşsunuz. Onlar haqda bəlkə də 10-15 bioqrafiya çap olunub.

Onların daxilində necə fəsad və çirkinlik var imiş! Hakimiyyətin zirvəsindən aşağı səviyyələrə qədər bütün qohumları, təhlükəsizlik qurumları, hərbi və polis qüvvələri - hamısı fəsad içərisində idilər. Düzdür, qurumlar daxilində bəzi sağlam adamlar da vardı; yəni digərlərinə nisbətən asılılıqları az idi. Sağlam hərbçilər, polislər var idi, biz onları görmüşdük. Həm orduda, həm polis qüvvələrində, həm də digər idarələrdə mömin, dindar və sağlam zabitlər vardı. Xüsusən də elm sahələrində belə insanlar çox idilər. Yaxşı adamlar az deyildilər, amma başdakılar fəsad içərisində idilər.

Rejimə bağlı ruhanilər də fəsad içərisində idilər. Belələri də vardı. İndi biz onlara saray mollası deyirik. Lakin onların bəzisinə saray da əhəmiyyət vermirdi, ya öz şəhərlərinin SAVAK-ına, ya da rayon polisinə işləyirdilər. Bu qədər sapqın idilər. Ümumiyyətlə, şah rejiminə azca yaxınlaşan hər bir şəxs fəsad içərisində idi. Daha artıq yaxınlaşanın fəsadı daha çox olurdu. Zirvə isə fəsad və çirkinliyin mərkəzi idi.

İslam Respubilkası quruluşunda vəziyyət 180 dərəcə fərqlidir. Fəsad içində olanlar quruluşdan bir o qədər uzaqdırlar. Quruluşun özündə olan məmurlar təmiz və pak insanlardır. Prezidentə baxın: dəyərli, mömin, alim, Allah yolunda mücahid, əziyyət çəkmiş, xalqdan olan və imtahan vermiş bir insandır. Prezidentlə çalışan məmurların hər biri müəyyən həddə belədirlər. Düzdür, aşağı səviyyələrdə sağlamlıq yuxarı səviyyələr qədər olmur. Yəni quruluşun mərkəzindən nə qədər uzaqlaşırıqsa, sağlamlığı təmin etmək bir o qədər çətinləşir. Lakin İslam Respubilkası quruluşunda hətta aşağı səviyyələrdə də həqiqətən, misilsiz insanlar var. İranda heç zaman dövlət işlərində bu qədər pak və müqəddəs insan çalışmayıb. Mən müxtəlif qurumlarda çalışan belə pak gənc və qeyri-gəncləri tanıyıram. Onlar həqiqətən, uca insanlar, hamısı əmanətdar, doğruçu, dünya bəzəklərinə etinasızdırlar. Onlar tarixin müftəxorlarının keçə bilmədiyi eqoistlik, sərvətlilik və rahatlıq körpülərindən asanlıqla keçə bilmişlər. Bu quruluş belədir, qabaqkı quruluşun əksidir. Biz bu qədər inkişaf etmişik, istiqamət, forma və məzmun bu qədər dəyişmişdir. Lakin hələ kamil İslam quruluşu ilə məsafəmiz var. Biz bundan ötrü hərəkət edirik. Məqsəd budur və biz ümidvarıq!6

Mən sizə bir xatirə danışım. Siz o zaman yox idiniz. Bəzi şəxslər var idilər və repressiyanın nə olduğunu bilirlər. Ümumiyyətlə, təsəvvüredilməzdir. 1963-cü ildə məni Qızıl qala həbsxanasına apardılar. O zaman bir neçə tehranlı gənci də gətirdilər. Mən kameranın qapısının arxasından danışıqlarını eşitdim. Bildim ki, bunları yeni tutublar. Bir qədər sevindim ki, istintaq bitəndən sonra təkadamlı kamerada da rahatlıq yaranar, bunlarla təmasda olaram, danışarıq, hər halda, bir həmsöhbət taparıq. Gecə oldu, onları bir-bir çağırıb apardılar. Bir saat sonra mən kamerada şam və işa namazlarını qılmağa başladım. Namazdan sonra bir nəfər kamera qapısındakı bacanı açıb dedi: "Hacıağa, biz qayıtdıq". Gördüm ki, həmin tehranlıların biridir. Dedim qapını aç, gəl içəri. Qapını açdı və kameraya girdi. Dedim nə üçün tez qayıtdın? Bəlli oldu ki, onları mərhum Şəhid Bahünərin çıxışını dinləyərkən tutmuşdular. Şəhid Bahünər 1963-cü ilin ramazan ayında Tehranın Came məscidinin şəbistanında çıxış edərkən SAVAK məmurları hücum edib bir qrupu tuturlar. Bu beş-altı nəfər də orada tutulur. O zaman Şəhid Bahünərin özünü də tutub Qızıl qala həbsxanasına aparmışdılar. Bu adamları dindirir və görürlər ki, yox, bunlar mühüm adamlar deyillər və ciddi fəaliyyətləri yoxdur. Ona görə də onları buraxırlar. Ciblərini axtaranda geri qaytardıqları bu şəxsdən bir təqvim tapırlar. Təqvimin bir səhifəsində pis xətlə, səhv formada və avamcasına bir beyt şeir yazılmışdı:

Gənc və qoca! Hamınız deyin:

“Allahın lənəti olsun böyük Rza şaha!”

O nə şüar vermişdi, nə bu şeiri çap etdirmişdi, nə onu bir yerdə danışmışdı. Təkcə cib təqviminə bu avam şeiri yazmışdı. Buna görə onu altı ay həbsə məhkum etdilər.

Söhbət bundan getmirdi ki, kimsə haradasa şüar versin, danışsın, yaxud bir tribunada fikir bildirsin. Mən 1971-ci ildə Məşhəddə tələbələrə təfsir dərsi deyirdim. Bəqərə surəsinin əvvəllərini, Bəni-İsrail hadisələrini təfsir edirdim. Məni SAVAK-a çağırıb dedilər ki, siz nə üçün Bəni-İsrail barədə danışırsınız? Dedim bu, Quran ayəsidir. Mən Quran ayəsini izah və təfsir edirəm. Dedilər yox, bu, İsrailə qarşı təhqirdir. Bəni-İsrail ayələrini təfsir etdiyimə görə və orada İsrail adı çəkildiyindən, mənim təfsir dərsimi tətil etdilər. O zaman repressiya dəhşətli idi, lakin tağut rejimi nə ABŞ, nə Fransa, nə də başqa bir dövlət tərəfindən əsla azadlıq və demokratiyaya qarşı çıxmaqda ittiham olunmadı. O zaman seçkilər keçirilirdi, amma xalq əsla bilmirdi ki, kim gəldi, kim getdi, kim seçildi. Bir seçki qutusu düzəldir və özlərinin istədiyi, sarayın təsdiq etdiyi bir deputatın adını qutudan çıxarırdılar. Bu işlə səsvermənin oyuncaq formasını nümayiş etdirirdilər. Regionumuzun bəzi ölkələrində bu gün də belədir. Onlara əsla etiraz bildirmirlər. Lakin 26 il ərzində təxminən 25 seçki keçirmiş İslam İranını yenə də ittiham edirlər ki, demokratiya yoxdur, burada hər şey təyinat əsasındadır və seçki keçirilmir.7

İnqilabın qələbəsindən öncə ABŞ-a və Qərbə bağlı olan zalım şah rejimlərinin hakim olduğu uzun illər boyunca – istər mənfur Pəhləvi, istər məlun Qacar şahları dövründə bu böyük və bərəkətli məmləkətdə xaricilər – bir gün ruslar, bir gün ingilislər, bir gün də amerikalılar hökmranlıq etdilər, ölkəni taladılar, sərvətləri apardılar, xalqı istismar, əşirətləri tar-mar etdilər, şəhərləri viran qoydular, uzun illər bu xalqın təbii sərvətlərinə qarşı əllərindən gələni etdilər. Xaricilər üçün yol açıq idi. Əcnəbilərin inhisarı və istifadəsi üçün şərait əlverişli idi.

Bir gün İngiltərə kompaniyaları idi, bir gün amerikalılar, onlardan qabaq da ruslar. Onlar istədikləri şəkildə bu məmləkətdən sui-istifadə edə, onu talaya bildilər. Lakin İslamın hakimiyyəti başlayan gündən əcnəbilərin əli kəsildi, təcavüzkarların istismarına son qoyuldu. Bu gün xarici güclər daha bu xalqdan və onun sərvətlərindən sui-istifadə edə bilmirlər, xalqın taleyini müəyyənləşdirməyə gücləri yetmir. Bu gün (əsas amil) bu xalqın özüdür və onun seçdiyi şəxsiyyətlər.8

Xalqımız ötən əsrlərdə - çox keçmişə qayıtmasaq, deməliyik ki, son əsrlərdə - qlobal güclərdən asılı şəxslərin hakimiyyətinə məhkum olmuşdu. Onlar zorla, qətllə hakimiyyətə gəlir, zalımlıqla, diktatorluqla, eqoistliklə şahlıq edirdilər. Düzdür, bəzi bacarıqlı və ləyaqətli insanlar da vardı. Onlar ən azı hansısa sahədə xalqımızın qüdrətini göstərə bilirdilər. Bəzilərində isə bu da yox idi. Dünyadan köçdükdən sonra onların varisləri – övladları, qardaşları, yaxud qardaşı uşaqları heç bir haqqa malik olmadan hakimiyyətə yiyələnirdilər. Onları seçməkdə, istəməkdə, qəbul etməkdə və bəyənməkdə xalqın heç bir rolu olmurdu. İran xalqı əsrlərlə belə yaşadı. Onların sonuncusu bu asılı və azğın sülalə idi. O, çevrilişlə hakimiyyətə yiyələnib, 50 ildən artıq diktatorluq etdi.9

Rəis Əli Delvarinin dövründə ingilisləri Buşəhrə gətirən, onun kimilərlə və İran xalqı ilə düşmən olan şəxslər 100-200 il bu ölkənin başına elə oyun açdılar ki, onu abadlaşdırmaq üçün illərlə zəhmət çəkməliyik.

Mən həmişə demişəm ki, Allah Qacar və Pəhləvi şahlarına lənət eləsin. Pəhləvilər inqilabdan öncəki 50 ildə ölkənin başına elə bir bəla gətirdilər ki, deyiləsi deyil. Onlardan qabaq da mənfur Qacar sülaləsinin padşahları ölkəmizə və xalqımıza nələr etdilər! Onlar hər bir şeyi özlərinə, ətraflarına və Tehranın əyan-əşrafına istəyirdilər, məhrum şəhər və kəndləri xatırlamırdılar, indikindən iki dəfə artıq əhalini lazımınca idarə edə bilən zəngin torpağa, potensiala, mədənlərə, suya və digər sərvətlərə malik bu gözəl, istedadlı və böyük ölkəni başlı-başına buraxıb, xarabalığa çevirmişdilər.

Biz oturub hesablayanda görürük ki, ölkəmizin çoxlu şəhər və vilayətləri məhrum bölgələr sırasındadır. Nə üçün belə olmalıdır? Bu onların hakimiyyətinin nəticəsidir. İslam Respubilkası Allahın lütfü ilə bunu düzəltməlidir və düzəldəcək. Allaha şükür olsun ki, inqilabın əvvəlindən bu günədək dövlət məmurları və qayğıkeş insanlar fəaliyyət göstərib, çalışıblar. Allaha şükür olsun ki, son zamanlarda işlər daha da artırılmışdır. Onlar sözügedən üzüqara və məlun sülalələrin xarabalıqlarını düzəldib, ölkəni abadlaşdırmağa çalışırlar.10


: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə