Birinci fəsil: Zalım şahlıq



Yüklə 0,73 Mb.
səhifə3/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

Mənfur şahlar

Həqiqət budur ki, bizim ölkəmiz və cəmiyyətimiz inqilabdan sonrakı bütün bu dövrdə həssas anlar yaşamışdır. Bu arada gənclərin rolu, gəncliyin və gənclik istedadlarının təsiri səciyyəvi olmuşdur. Biz istedadlı xalqıq, əvvəllər də istedadlı olmuşuq. Lakin müstəmləkə və diktatura siyasətlərinin hökmranlığının, sülalə hakimiyyətlərinin, haqsız və zalım hökumətlərin təsirindən iki-üç əsr dünyanın elm karvanından geri qaldıq.

Elmi gerilik özü ilə birgə iqtisadi, mədəni, hərbi və digər gerilikləri də gətirir. Öz istedadlarına, təbii və humanitar potensialına, coğrafi mövqeyinə, yeraltı sərvətlərinə görə dünyanın ən mütərrəqi və ən sərvətli ölkələrindən birinə çevrilməli olan bir ölkə Qacar və Pəhləvi rejimləri dövründə geriqalmış, asılı, yoxsul, zəif və başıqapazlı bir ölkəyə çevrildi. Bu bizim tariximizdə baş verdi. Günahı kimin boynunadır? İlk növbədə fəsad içərisində olan bacarıqsız və asılı başçıların. Qərbin müstəmləkə siyasətləri zamanı onlar həm də asılı oldular. Onların iradələri, təəssübkeşlikləri yox idi, təkcə öz həyatları, ağalıqları və hakimiyyətləri haqda düşünürdülər. Günah ilk növbədə bunların boynuna düşür; ən azı Qacar və Pəhləvi sülalələrinin.

Xalqımızın qiyamətdə və Allah-Taalanın yanında bu zalımların yaxasını tutmağa, onların əleyhinə böyük iddialar irəli sürməyə haqqı var. Bunlar istedadlı, zəngin, böyük, misilsiz mədəni keçmişə malik bir ölkəni - belə bir ölkə ən azı dünyanın birinci dərəcəli ölkələri sırasında, əslində isə ən başda durmalı idi - aşağı dərəcəli, yoxsul, zəif, təhqir olunmuş, başıqapazlı və ümidsiz bir ölkəyə çevirənlərdir.

Sonra nə baş verdi? Bu 100-120 il əsnasında ayıq və böyük şəxsiyyətlər peyda oldular. Onlar xəbərdarlıq etdilər, ölkənin həyatının qaranlıq və zülmət səmasında ildırımlar çaxdırdılar və xalq oyandı. Bir nümunə Mirzə Şirazinin məşhur Reji kompaniyasına qarşı çıxması idi. O bütün ölkəni udub tədricən Hindistanın gününə salmaq istəyirdi. Başqa bir nümunə o zamanın Milli Məclisində Rza xanın, digərlərinin və bütün ölkəni ingilislərə təhvil verən xəyanətkar müqaviləni imzalayanların qarşısında mərhum Ayətullah Müdərrisin fəryadlarıdır. Bunlar mühitdə ildırımlar yaratdı, qəlbləri işıqlandırdı, iradələri möhkəmlətdi. Hərəkat bu fikrin öncülləri vasitəsilə başlandı. Allah-Taala bu xalqa imam kimi əzmkar, iradəli və ilahi bir rəhbər bəxş etdi. Yenə də həmin gənclər öz hərəkətlərini etdilər, böyük və əsaslı bir dəyişiklik baş verdi. İran xalqının saxlandığı həbsxana milləri qırıldı. Lakin inqilabın başladığı nöqtədən xalqın çatmalı olduğu yerə qədər uzun yol var. Bu uzun yol müxtəlif problemlərlə doludur, bundan ötrü iradə, qüvvə, həvəs, yaradıcılıq, qüvvələrin böyük səfərbərliyi lazımdır. Bunlar gənclər, gənclik ruhiyyəsi və gənclik həvəsi vasitəsilə təmin olunmalıdır.26

Bu xalq başucalığı və müstəqilliyi dadmış qorxmaz bir xalqdır. Bizim bugünkü əsas nəslimizi təşkil edən gənclər ölkələrində heç bir əcnəbinin hökmranlığını görməmişlər. Bizim dövrümüzdə isə belə deyildi. Bizim nəslimiz elə bir dövrdə göz açdı ki, hakimiyyətin zəifliyi səbəbindən xarici işğalçılar tam ixtiyar sahibi olmuşdular. Bizim Məşhəddə bir əcnəbi dövlət, Azərbaycanda başqa bir əcnəbi dövlət, Tehranın özündə də müxtəlif əcnəbi dövlətlər at oynadırdılar. Sonra formal olaraq öz hərbi qüvvələrini çıxardılar, siyasi qüvvələri isə yerində qaldı. Sizin keçmiş nəsliniz ölkəni belə görmüşdülər. Ölkənin məsul şəxsləri əcnəbilərin itaətkarı idilər. Lakin bugünkü nəsil belə deyil. Bugünkü nəsil öz ölkəsini, xalqını, məmurlarını, hökumət və quruluşlarını həmişə azad, başıuca, müstəqil və izzətli görür, ölkənin bütün atributlarının müstəqillik əlamətlərinə malik olması ilə fəxr edir. Bu, düşmənin təhdidindən qorxmayan nəsildir.27


Asılılıq və diktatorluq

Bu inqilab bizim tariximizdə yeni bir dövrün başlanığıcı oldu. Keçmişdə uzun bir dövrdə biz istibdada düçar olduq. Diktator, müstəbid və hegemon padşahlar məmləkətin bütün işlərini əllərinə keçirmişdilər, ölkəni öz mülkləri, xalqı rəiyyətləri bilirdilər. Son dövrdə - yəni Qacar dövrünün sonlarından Pəhləvi dövrünün axırlarına qədər bu məsələyə başqa bir dərd və xəstəlik də əlavə olundu və o, asılılıq idi. Qədim padşahlar diktator olsalar da, əcnəbi güclərdən asılı və onların fərmanına müti deyildilər. Lakin Qacar dövrünün sonlarından və bütün Pəhləvi dövründə padşahlar həm diktator, həm də asılı idilər. Bu, keçmiş siyasi hakimiyyətlər üçün əlavə xəstəlik oldu. Bu diktatorluğun və asılılığın bizim ölkəmiz və xalqımız üzərində çoxlu təsir və nəticələri olmuşdur. Bizim ölkəmizi geridə saxlayan, təbii sərvətlərimizi düşmənlərə yedirdən, xalqımızın fikir və elm inkişafına mane olan bu diktatorluq və asılılıq idi. Biz bir zaman dünyada elmin bayraqdarı idik, sonra isə digərlərinin elminin zəif və əhəmiyyətsiz tərəflərinin və artığının dilənçisi olduq, digərlərinə əl açdıq. Onlar da istədikləri zaman əlimizə nəsə qoydular, istəmədikdə də - əksər vaxtlarda istəmirdilər - imtina etdilər. Buna əsasən, xalqımız diktatorluq və asılılıq səbəbindən geriqalmış və zəif bir xalq oldu, neftimiz və digər sərvətlərimiz də getdi. Gələcək üçün keçmişdən qat-qat təhlükəli planlar cızmışdırlar. İnsan mənfur Pəhləvi rejiminin son dövrünə aid sənədlərə baxanda aydın şəkildə görür ki, onlar ölkənin və xalqın gələcəyi üçün çox təhlükəli planlar nəzərdə tutmuşdular. Bu planlar icra olunsaydı, bizi daha yüz il geriyə salacaqdı. İnqilab bu prosesi dayandırdı, xalqımızın tarixində yeni dövr başlandı. İnqilabın əsas dörd xüsusiyyəti olan müstəqillik, azadlıq, özünəinam və inkişaf bütün müxalifət və düşmənliklərə rəğmən, onun ölkədə qurduğu möhkəm təməllərdir.28

İranın 2500 illik şahlıq dövründən əlavə - onlar iddia edirdilər, bizim dəqiq məlumatımız yoxdur; özlərinin də məlumatı yox idi və boş-boş danışırdılar - son bir-iki əsrdə Pəhləvi və Qacar padşahlarının uğursuz sayəsi altında bu məmləkətdə baş verənlər xalqı bədbəxt günə qoydu. İran özünün tarixi əzəmət və izzətindən məhrum edildi, elm, sivilizasiya karvanından geri qaldı, siyasətdə, iqtisadiyyatda gerilədi, həyat sərvətlərini əldən verdi. Xalq padşahlıqdan bunları gördü. Onları kim xilas etdi? Kim onları oyatdı? Böyük ruhani kişi. Xalq ruhanilərin öncüllüyünü görüb, həqiqi din alimlərini sevir. Bu məmləkətdə nə zaman həqiqi azadlıq mübarizəsi olubsa, rəhbəri ruhanilər olmuşlar. Bu, tarixdir; ruhanilərin yox, onların düşmənlərinin yazdığı, amma bunu etiraf etdiyi tarix.29

Bizim xalqımız bir-birinin ardınca gəlib-gedən diktator və şah sülalələrinin uzun dövründən sonra yeni qlobal dönəmə elə bir halda başladı ki, bir tərəfdən diktatura dövrü bitməmişdi, digər tərəfdən asılılıq dövrü başlanmışdı. İnqilabdan qabaqkı dövrün tarixinə baxsanız, bizim hansı vəziyyətdə olduğumuzu görər və indiki mövqeyimizi düzgün anlayarsınız. O zaman bu ölkədə diktatura dövrü asılılıq dövrünə çevrildi. Əlbəttə, ölkənin asılılığı birdən-birə yaranmadı. Qacarlar dövrünün sonlarından xaricilərə İran xalqının ziyanına olan ardıcıl imtiyazları verməklə tədricən əcnəbi dövlətlərin iqtisadiyyatına və siyasətinə asılılıq başlandı. Diktatura dövrü Məşrutə hərəkatı və digər məsələlərə görə zəifləyəndən sonra birdən-birə Pəhləvi rejimində rüsvayçı asılılıq bayrağı ucaldı; yəni qeyri-müstəqil siyasətlər, kontraktlar, xarici fərmanlara qulaq asan, onlar tərəfindən oturdulmuş siyasi şəxslərin hakimiyyəti. Əlbəttə, onda da diktatorluq vardı, günbəgün daha təhlükəli, daha modern və daha ağır olurdu. İnqilab belə bir şəraitdə qələbə çaldı, İran xalqı bir anda möhtəşəm hərəkətə başladı. Bu hərəkət həm uzun əsrlər boyu ölkəyə hakim olan diktaturalar, eqoist hökumətlər, həm də asılılıq, qeyri-müstəqillik, boyunduruq və qlobal güclərə tabelik əleyhinə idi. İnqilab ölkəmiz üçün çox dərin, qədim və təhlükəli olan bu iki faktorla əlbəyaxa oldu. Buna görə inqilabın işi çətin idi.

Əgər inqilab dini inanca və İslam imanına söykənməsəydi, qələbə çala bilməzdi. Bu hərəkəti başladan, davam etdirən xalqın hər bir fərdinin imanı idi. İslam inqilabından qabaq son 150 ildəki bütün hərəkatlar bu məqsədlə çalışdılar, amma uğursuzluqla üzləşdilər. Lakin inqilab bu yolda qüdrətlə irəliləyib uğursuzluq amillərinə qələbə çala bildi. Nə üçün? Çünki İslam inqilabı yeni söz ortaya qoydu. Bu söz beynəlxalq, xüsusən də İslam ictimai rəyində özünə yer aça bilərdi. Bu yeni sözün ən böyük hissəsi Tövhid idi; dərin, dəqiq və hərtərəfli mənada. Tövhid - cəmiyyətə ilahi dəyərlərin hakimiyyəti, tağut, avtoritorizm, azğın və fəsadçı hökumətlərin əsl insani dəyərlərə hakimiyyətinin inkarıdır. Bu baxımdan, tövhid İslam şüarının və inqilab mesajının fəqərə sütunu, əsas təməli idi.

İslam inqilabının başqa bir sütunu insan məqamının ucalığına diqqətdir. Müəyyən bir coğrafi və siyasi toplumda yaşayan cəmiyyətin ucalığı tələb edir ki, azad və müstəqil olsun, istedadı çiçəklənsin, öz taleyinə hakim olsun, təhqirə və hörmətsizliyə məruz qalmasın, şəxsiyyəti ucalsın. Avtoritar rejimlər dövründə və sonra asılı Pəhləvi hökumətində bunlar görməzliyə vurulmuşdu. Avtoritar rejimlər bəzən fəthlər və abadlıq işləri kimi xidmətlər də göstərmişlər, lakin hər bir insanın ən böyük dəyəri olan azadlıq, müstəqillik, öz taleyini müəyyənləşdirmək haqqını İran xalqından almışdılar. Bu, bütün diktaturaların xarakterik cəhətidir.30


Sərvətlərin qarət olunması

İllər öncədən, bəlkə də 200 il öncədən daha çox sərvət və qüdrət təşnəsi olan və bütün dünyanı ələ keçirmək istəyən güclər tərəfindən İran xalqına qarşı bir mübarizə başlandı. Onlar mövcud təbii sərvətləri, mədəni irsləri, elm vasitələrini və parlaq istedadları aparıb Avropada yeni yaranmış sivilizasiya və siyasətin - yəni sənaye sivilizasiyasının və ondan irəli gələn siyasi sistemin xidmətində işlətmək istəyirdilər. Onlar istifadə edilməsi mümkün olan bütün xalqlarla, onların özləri istəmədən mübarizəyə başladılar. Avropa kiçik yer idi, lakin onda böyük güc susuzluğu vardı. Dünyanın əsas sərvətləri də Avropada yox, Asiya və Afrikada yatmışdı. Sərvət və qüdrət təşnələri onları ələ keçirmək üçün uzun-uzadı yollar qət edib, dünyanın sərvətli bölgələrini tutmağa məcbur idilər. Onlar həmin sərvətləri o zaman Avropada elm və sənaye inkişafını yenicə dadmış siyasi quruluşlara köçürürdülər. Beləliklə, Asiya və Afrikanın canına daraşdılar. Kim dünyanın müasir tarixinə dair kitabları oxuyubsa, macəranın ardını bilir. Hindistan müstəmləkəyə yem oldu; Çin, Yaponiya və Şərqi Asiyanın digər bölgələri də həmçinin. Avstraliyanı isə birdəfəlik uddular.

Ola bilsin hansısa bir ölkədə xalq yoxdur, yaxud mədəniyyətsiz xalq var. Təbii ki, müstəmləkəçilər üçün onun istismarı asandır. Amma bir ölkə mədəniyyətli, özü üçün şəxsiyyət və tarix tanıyan iddialı bir xalqa malikdirsə, o zaman müstəmləkəçilərin oraya daxil olması elə də asan olmur. Çünki həmin ölkənin xalqı tərəfindən müstəmləkə əleyhinə mübarizə yaranır. Bu gün bizim hegemonizm adlandırdığımız amil, İran xalqını sözügedən mübarizəyə məcbur etdi. Keçmişdə hegemonizm bir ölkəyə daxil olduqda, birbaşa müstəmləkəçilik formasında girib ölkəni tuturdu. Amma bu gün xalqları və onların sərvətlərini ələ keçirmək üçün daha mütərrəqi üsullardan istifadə edirlər. Buna əsasən, İran xalqının 150 il, yaxud daha artıq müddətdə müstəmləkəçi dövlətlərlə apardığı mübarizə - tənbəki hərəkatından tutmuş sonrakı hadisələrə, milli hərəkata və İran xalqının imperializm siyasətləri, ABŞ və digərləri ilə bugünkü mübarizələrinə qədər hamısı xalqımızın məcbur edildiyi mübarizələrdir. Əgər İran xalqını rahat buraxsaydılar, özü öz işi, öz ölkəsi, öz maraq və sərvətləri ilə məşğul olsaydı, belə bir mübarizə olmaya da bilərdi. Xalqımızı bu mübarizəyə onlar məcbur etdilər. Onlar bu gün də təcavüzkarlıqla məşğul olurlar.

Əlbəttə, biz dünyanın hər yerində böyük güclərin yaxasını tuturuq. Dəlilimiz budur ki, onlar təcavüzkar və zalımdırlar. Biz zalımı özbaşına buraxıb demirik ki, bizi buraxsan, daha səninlə işimiz olmayacaq. Onlar təcavüzkar və işğalçıdırlar, daim xalqlara zülm etməkdədirlər. Biz zalım təcavüzkarı özbaşına buraxıb cinayətlərinə göz yuman dövlət və xalqlardan deyilik. Mənim qardaş və bacılarım! İran xalqı qədimdən mübarizəyə məcbur edilmişdir, bu günün məsələsi deyil. Düzdür, bu ölkədə İslam inqilabı qələbə çaldıqdan və bütünlüklə hegemon qüvvələrin ixtiyarında olan keçmiş rejim devrildikdən sonra böyük hegemon güclər daha əsəbiləşdilər, mübarizə daha kəskin və daha sərt şəkil aldı. Unutmayın, yaxın keçmişdə ölkənin paytaxtı olan bu Tehranda elə rejim iş başında olmuşdur ki, o zamanın şahı Baş nazir təyin etmək istəyəndə əvvəlcə amerikalıların razılığını soruşurdu. Neft Şirkətinin prezidentini, Müdafiə Nazirini, yaxud ordunun qərargah rəsini dəyişdirmək istədikdə ABŞ səfirindən xahiş edirdi ki, mənim iqamətgahıma təşrif buyurun, görək bu dəyişikliyə etirazınız var, yoxsa yox. Sadə dillə desək, onlardan əmr alırdı. Hegemonizmin də kompliment vərdişi yoxdur ki, qarşı tərəfin güzəştə getdiyini gördükdə “bağışlayın, daha sizinlə işimiz yoxdur” desin. Əsla belə deyil. Siz hegemonizm və müstəmləkəçilik qarşısında nə qədər əyilsəniz, daha çox təzyiq göstərəcək. Başınızı aşağı salsanız, təzyiqini artıracaq ki, səcdəyə düşəsiniz. Qarşısında torpağa düşüb səcdə etdikdə ayağını sinəniz üzərinə möhkəm qoyacaq. Hegemon və təcavüzkar qüvvvələrin xisləti belədir.

Bəli, onlar əmr alan belə bir şaha bəzən deyirdilər ki, eybi yoxdur, filankəsi filan vəzifəyə qoymanıza etiraz etmirik. Bəzən də uyğun dəyişikliyə qarşı çıxır, ürəyi istədiyi adamı çıxarmağa, yaxud təyin etməyə qoymurdular. Təsəvvür edin, 15 il öncəyə qədər bu ölkədə və bu Tehran şəhərində belə bir hakimiyyət olmuşdur.

Belə bir rejimin vaxtında bu məmləkətin nefti, poladı, daş kömürü, sərvətləri, əkinçiliyi, univeristeti və ordusu hansı vəziyyətdə və kimin xidmətində olar? Bəllidir ki, həmin hegemon və zalım qüvvənin xidmətində. Əlbəttə, hegemon tərəf də həmişə bir ölkə deyildi. Bir müddət ingilislər idilər, sonra təzə nəfəsli, pullu və gənc bir supergüc kimi amerikalılar meydana atıldılar, qoca, qədim və köhnə rəqibi qovub, özləri hər şeyi ələ keçirdilər.

Belə bir vəziyyətdə inqilab qələbə çalıb qulağısırğalı nökəri bayıra tulladı və fələyin qarşısında da baş əyməyən, təslim olmayan bir quruluş qurdu. İnqilabın qurduğu dövlət ABŞ və SSRİ kimi böyük güclərə hətta bir an da təslim olmadı. Bu iki böyük güc yüz məsələdə bir-biri ilə vuruşsalar da, bir neçə məsələdə razılaşırdılar. Onlardan biri və ən başlıcası İslam Respubilkasına təzyiq göstərmək idi. Bu iki böyük gücün bu məsələdə razılaşması aydın idi. Məgər bundan ayrı cür ola bilərdi?! Səhnədə olan hər kəs bunu aydın şəkildə görürdü, gizli bir şey deyildi. Lakin inqilabdan yaranmış İslam quruluşu hər iki gücə qarşı çıxdı.

İslam Respubilkası kimi bir dövlət qurulanda hegemon qüvvələrin inqilaba qarşı mübarizəsi daha ciddiləşdi və gücləndi. Zarafat deyil, söhbət ABŞ-ın maraqlarından gedir. ABŞ-ın siyasi, iqtisadi və media imkanları əlindən çıxmış, başı daşa dəymişdi.

Düzdür, mübarizə 200 il öncədən davam edirdi. Amma o zamanın, özü də tam hegemon güc mövqeyində mübarizəsi təkcə İran xalqına qarşı idi. Ölkəyə hakim rejim ən azı son əlli ildən artıq müddətdə və Qacarların sonlarından özünü hegemon gücə əlibağlı təslim etmişdi. Hegemon güc də bir gün İngiltərə idi, bir gün Rusiya, sonra da ABŞ.31

Bir vaxtlar azğın rejimlərin hökmranlığı və əcnəbilərin istismarı səbəbindən bu böyük ölkənin bütün həyat qaynaqları bir növ hədər gedir, maddi və insani sərvətlər məhv edilir, mənəviyyat, düşüncə və etiqad sərvətləri köhnəlirdi. Bütün dünyanın ixtiyar sahibi olduqlarını iddia edənlər o zaman ölkəmizdən razı idilər, xalqları özlərinə qul hesab edənlər diktatura İranını tərifləyirdilər. O dövrün İranı əcnəbilər və xarici soyğunçular üçün cənnət, İran xalqına ziyandan başqa bir şey verməyənlər üçün təhlükəsiz yer idi, bu torpağın sahibləri, bu evin övladları üçün isə təhlükəli yer, xoşagəlməz həyat, hər cəhətdən məyusedici və ölümcül bir mühit idi. Bu məmləkətin gənci qürur hissindən məhrum idi, tələbənin bütün məqsədi bu idi ki, özünü birtəhər xarici ölkələrin birinə çatdırsın və orada bir işlə məşğul olsun. Öz ölkəsi və xalqı üçün çalışmaq istəyənlər daxildən qovrulurdular.

Bu gün İran müstəqil bir ölkədir. Bu gün xalqımız heç bir hegemonun təzyiqi altında baş əymir, öz maddi və mənəvi imkanlarından öz ölkəsi, bu günü və sabahı üçün istifadə edir. Bu gün ölkəmizin silahlı qüvvələri nə üçün və kimin üçün silahlandıqlarını bilirlər. Bilirlər ki, xalqı, ölkəni və milli müqəddəslərini müqəddəs və şərəfli müdafiə yükü onların çiynindədir. Bundan həzz alır, bununla fəxr edirlər. Bu gün silahlı qüvvələr xarici hegemonları öz aralarında, yaxud başları üstündə görməyə məcbur deyillər. Bu gün bizim hərbi tələbələrimizin istər bu yüksək səviyyəli universitetdə, istərsə də digər hərbi universitetlərdə öyrəndikləri elmlər üçün əvvəllər xaricə getməyə, çətinlik və təhqirləri qəbul etməyə məcbur olurdular. Özlərinə dünya xalqlarının yerinə qərar vermək haqqı tanıyan şəxslər İran xalqını, hərbçisini və özlərindən başqa bütün xalqları ikinci dərəcəli sayırlar. Təəssüf ki, bu gün də onların boyunduruğunu qəbul edən ölkələrə qarşı belədirlər. Bu gün dünya hegemonları İran xalqından, hökumətindən və İslam Respublikası quruluşundan narazıdırlar və bu, təbiidir.32

Bacarıqsızlıqda, fəsadda və əcnəbilərə boyun əyməkdə regionun azğın hökumətlərinin ən pisi olan Pəhləvi rejimi özünün onillərlə hakimiyyəti dövründə İran xalqına və ölkəsinə ən böyük zərbələri vurmuş, qəddar diktatorluqla və rəhmsiz tədbirlərlə xalqı siyasi səhnədən çıxarmış, ölkənin maraqlarını müdaxiləçi güclərlə və soyğunçu şirkətlərlə sövdələşmənin qurbanı etmiş, pozğunluğu və şəhvətpərəstliyi yaymaqla gəncləri ölkənin taleyi haqda düşünməkdən saxlamış, hər bir etirazçı və azadlıqsevərin səsini boğazında kəsmişdi.

Pəhləvi rejimi milli əkinçiliyi məhv etməklə, zəif və yarımçıq sənayeni asılı saxlamaqla, həris əcnəbilərə və saray nökərlərinə şərait yaratmaqla, neft gəlirlərini mənimsəməklə, milli sərvətləri amerikalı və avropalı ərbablarına bağışlamaqla, kəndləri viran qoymaqla, ölkəni dəyərsiz xarici məhsulların və ABŞ əkinçiliyinin artıq məhsullarının bazarına çevirməklə və digər xəyanətkar proqramlarla ölkənin iqtisadiyyatını tənəzzülə uğratmış, xarici güclərin iradəsində asılı etmiş və xalqın həyat damarını düşmənlərə tapşırmışdı. İran xalqının imanını, mədəniyyətini, etiqadlarını ələ salmış, onu təhqir etməklə və Qərb mədəniyyətini zorla yaymaqla özünəinamına qarşı ciddi mübarizəyə başlamışdı. Bir neçə əsr boyunca əcnəbi, zalım və müstəbidlərin hücumu qarşısında həmişə haqlı tələblərinin, ədalət, azadlıq istəyinin və müqavimətin əsas səngərinin qaynağı olan din və ruhaniliyi ən ağır intiqamlara məruz qoymuş, onlara qarşı bütün güc, təhdid, böhtan və təbliğat vasitələrindən istifadə etmişdi. Yoxsulluğun, kasıblığın, aclığın xalqın əksəriyyətini sıxdığı bir halda, bir tərəfdən şahın, ailəsinin, saray adamlarının və hərbi komandanların israfı, bədxərcliyi, dəbdəbəçiliyi, əfsanəvi yaşayışları və sarayları, digər tərəfdən də əcnəbi şirkətlər və onların daxili dəllalları vasitəsilə milli sərvətlərin qarət edilməsi günbəgün xalqın vəziyyətini daha da ağırlaşdırırdı. İslamın xilaskar hökmləri rejim başçılarının günahkar əllərilə bütünlüklə ictimai həyatdan xaric edilmişdi, rejimin birbaşa nüfuzu altında olan mərkəzlərdə, misal üçün, hərbi və təhsil mərkəzlərində hətta dini təqvaya riayət etmək, namaz qılmaq və ibadət etmək də masqara olunur, bəzi yerlərdə cinayət sayılırdı.

Zalım və qəddar rejimi azca tənqid etmək kobud və qanlı tədbirlərə səbəb olurdu. Şahın ABŞ CİA-sı və bəşər düşməni olan sionistlər vasitəsilə idarə və təchiz olunan cəhənnəm SAVAK-ının ona qarşı çıxmağa cürət tapanları əzmək üçün ən ağır işgəncələri və ən qorxulu həbsxanaları hazır vəziyyətdə idi.

Elm hövzələri, universitetlər, tələbələr, mübariz alimlər və gənclər, xüsusən də dindən və dini mübarizədən danışanlar ən kobud vəhşiliklərə məruz qalırdılar. Ölkə xarabalığa, din-iman məhvə doğru gedirdi, milli istiqlaliyyət, izzət və şərəf əcnəbilərin ayaqları altında idi, İranın və iranlının gələcəyi çox qaranlıq görünürdü.

Böyük İmam Xomeyninin rəhbərliyi ilə İslam hərəkatı 1962-1979-cu illər arasında belə bir şəraitdə başlandı, inkişaf etdi və kamilləşdi. Bizim Böyük İmamımız əsl Məhəmməd (s) İslamının təlimlərinə söykənərək, xalqın imanına inamla, özünün misilsiz qorxmazlığı, ixlası və Allaha təvəkkülü ilə müsibətlər meydanında mübarizə yolunu açdı, irəlilədi, dözümlə və peyğəmbərcəsinə xalqın beynini və qəlbini acı həqiqətlərlə və onlardan çıxış yolu ilə tanış etdi. İlk addımlardan bu ruhani kişinin nidasına qulaq asan, onun haqq məntiqinə və aydınlaşdırıcı dərsinə könül verən İran xalqı İslama güclü iman və eşqlə unudulmaz fədakarlıqlar və canfəşanlıqlar yaratdı.33

Müstəmləkəçi qüvvələr onillərlə İranda hökmranlıq etdilər. Bu müddətdə müstəmləkəçi İngiltərə dövlətinin xalqımızın başına gətirdiyi bəlalar yaddan çıxmaz. Məşrutə inqilabını müsadirə, xalqı Rza xan diktatorluğuna məhkum etdilər, nefti taladılar, ölkəni geridə saxladılar, xalqı aşağıladılar, xar etdilər. Onillərlə xalqın bütün haqlarını tapdadılar. İngilislərin beynəlxalq mövqeyi zəifləyəndən sonra amerikalılar özlərini bu süfrəyə çatdırdılar. İngiltərəlilərin cinayətləri İranda amerikalılar tərəfindən davam etdirildi. Onlar pəncələrini bu ölkəyə günbəgün daha möhkəm batırıb sərvətləri daşıyır, dini və milli mədəniyyəti məhv edir, əcnəbiyə pərəstiş mədəniyyətini bərkidirdilər. Bu ölkənin hər bir şeyi onların fərmanı altında idi. Bu xalqın bütün qüvvəsini almışdılar. İslam xalqın damarlarına yeni qan köçürə, İslam oyanışı şüarı onu hərəkətə gətirə bildi. Böyük İmamın rəhbərliyi xalqa yol göstərdi. Bu xalq Quranın buyurduğu kimi, öz taleyini öz iradəsi, müqaviməti və səyi ilə dəyişdirdi, diktatura rejimini məhv etdi, Amerikanı ölkədən qovdu, supergüclərin istismarına son qoydu, xalq öz taleyini təyin etmək hüququnu yenidən əldə etdi.34
Keçmiş hakimiyyət dəyişiklikləri

Ölkəmizin tarixinə nə qədər baxırıqsa, nə qədər geriyə qayıdırıqsa, İsalm inqilabına başqa bir oxşar tapmırıq. Mən bunu bir qədər aydınlaşdırım. Tarix boyu ölkəmizdə hərbi güclər vasitəsilə, ordu yeritməklə, çevrilişlə hakimiyyət dəyişiklikləri olmuşdur, müxtəlif sülalələr gəlib-getmişlər, amma onların heç birində xalqın müdaxiləsi olmamışdır. Ölkəmizin istər İslamdan öncəki, istərsə də sonrakı tarixinə baxsaq, görərik ki, hakimiyyət dəyişikliklərinin hamısı belə olmuşdur.

Qədimdə yalnız bir istisna olub, onu deyəcəyəm. Ondan başqa hakimiyyət dəyişikliyi həmişə ordu yeritməklə, hərbi hücumla və xalqın rolu olmadan baş tutmuşdur. Nə sülalələrin, nə də bir sülalə daxilində şahların dəyişdiyi zaman xalqın iradəsi rol oynamışdır. Yenə də sizin şəhəriniz Şirazdan misal çəkmək istəyirəm. Fətəli şah Qacarın ölümündən sonra, burada hakim olan Hüseynəli Mirzə adlı böyük oğullarından biri şah olmaq istəyirdi. Amma Tehranda Fətəli şahın nəvəsi Məhəmməd şah taxta oturmuşdu. Müharibə baş verdi. Şiraz şəhərinin darvazaları arxasında iki qüvvə arasında döyüş başladı. Bu müharibələrdən xalq ziyan çəkir, adi insanlara xəsarət toxunur, tarlaları, mal-mülkləri və canları təhlükəyə düşürdü. Tarix boyu belə olmuşdur.

Qeyd etdim ki, yalnız bir istisna var, o da tarixi baxımdan şübhəlidir və əfsanələrlə qarışmışdır. O, dəmirçi Kavənin qiyamıdır. Deyirlər bu dəmirçi xalqın köməyi ilə Zəhhak Marduşun səltənətini devirdi. Əgər düz olsa, tarixdə yalnız bu bir nümunə var. Bizim tariximizdə ən böyük hakimiyyət dəyişikliyi olan, şahlığı kökündən devirən və monarxiyanı xalq hakimiyyətinə çevirən İslam inqilabı xalqın gücü ilə baş verdi. Burada daha iki böyük güc qarşılaşması, hakimiyyət davası və bu kimi məsələlər yoxdur. Xalq ruhanilərin başçılığı ilə səhnəyə çıxır, hakimiyyəti təkəbbürlü padşahlardan, tağutlardan, monarxist diktatorlardan alır. Bunu xalq özünün möhtəşəm və ilahi qüvvəsi ilə bacardı, xalq hakimiyyəti quruldu. Bildiyimiz qədərincə, bu, ölkəmizin tarixində baş vermiş yeganə belə hadisədir.

Xalqımızın məqsədi İslam sayəsində istiqlaliyyət və azadlıq əldə etmək idi. İnqilab dövrünün “İstiqlaliyyət, Azadlıq, İslam Respubilkası” devizi xalqın ürək sözü idi, xalq bunu istəyirdi.

Xalq görürdi ki, bu qədər böyük bir ölkənin başçılarında düşüncə müstəqilliyi yoxdur, əcnəbilərə, hegemon güclərə tabedirlər, boyunlarından onların itaət boyunduruğunu asmışlar, onların qarşısında zəif və qeyri-müstəqil, öz xalqlarına qarşı isə zalım və qəddardırlar. Onlar xalqa qarşı təzyiqlə, ağır tədbirlərlə və şiddətlə rəftar edirdilər, başına qamçı vurub, seçim icazəsi vermirdilər. Məşrutə zamanı və İslam inqilabına qədər bu xalq heç zaman səsvermədə həvəslə, rəğbətlə və ayıq şəraitdə iştirak etmədi. Seçkinin mənası yox idi. Hakimiyyət sülalə hakimiyyəti, məmur və başçılar əcnəbi qüvvələrin sifariş etdikləri idi. Məşrutə dövründə yaranmış Şura Məclisi də xüsusi təyinatla qurulan və xalqın seçmədiyi parlament idi. Xalq bu məsuliyyətsiz və öhdəliksiz qrupun onlar üçün verəcəyi qərarların əsirinə çevrilmişdi.35


Elm adamlarının təhqir edilməsi

Bu ölkə son iki-üç əsrdə elm və sənaye baxımından gördüyünüz bu vəziyyətə düşmüşdür. Siz o günləri görmədiniz. Xoşbəxtlikdən, siz Allahın lütfü ilə bəzi işlər görülmüş və müəyyən həddə nailiyyətlər əldə edilmiş bu günü görürsünüz. İnqilabdan öncə elm, sənaye və inkişaf ağlamalı vəziyyətdə idi. Bəzən yaxşı istedada malik bir adam tapılsaydı da, ölkədən getməkdən başqa bir yol görmürdü. Beyin alverçiləri də yaxşı və fəal beyinləri öz ölkələrinə aparıb özləri üçün işlədir, bizim kimi ölkələri belə beyinlərdən məhrum edirdilər. Biz geri qalmışıq və inşallah sizlər bunu düzəltməlisiniz.36

İnqilabdan öncə özü və elmi üçün yaşamaq istəyən şəxs tanınmaz qalır, yaltaqlıq edən isə önə çıxırdı. Doğrudan da öz elmi həyatını yaşamaq istəyən şəxsə heç kim azca diqqət də göstərmirdi.

Mən prezident olanda bir dəfə Kərəcin serum istehsalı mərkəzinə getdim. Gördüm ki, qoca alimlərin bir qrupu oradadırlar. Zənnimcə, onların biri radioda çıxış edənlərdən idi. Mən ləhcəsindən anladım ki, nəcəfabadlıdır. Əldən düşmüş bir qoca idi. Məni görəndə onu ağlamaq tutdu. Gördü ki, prezident gəlib ona əl verir, görüşür və halını soruşur. O, həyatında əsla belə bir şey görməmişdi ki, bir ölkə rəsmisi təvazökarlıqla onunla danışsın və elmini dəyərləndirsin. Görürdü ki, mən onun elminin dəyərini bilir, bir alim kimi - süni şəkildə yox, həqiqətən və ürəkdən – ona hörmət bəsləyirəm. Bu ona doğrudan da qəribə görünürdü. Keçmişdə belə bir şey əsla görünməmişdi.37

Ədalət cəmiyyətdə görünməlidir və bu mümkündür. Necə ki, İslam inqilabı və İslam Respubilkası quruluşu onun bir zaman qeyri-mümkün sayılan bəzi hissələrini həyata keçirdi. Bir zaman bizim ölkəmizdə ABŞ-a, ondan öncə İngiltərəyə, azğın supergüclərə, fəsadçı saraya bağlı olmayan şəxslərin siyasi mərkəzlərə yol tapması mümkün deyildi. Adi camaat heç bir rola malik deyildi. Heç kim təsəvvür etməzdi ki, bu çirkinliklərə və asılılıqlara bulaşmadan kimsə bu ölkədə siyasi rol oynaya bilər. Amma bu gün ölkənin bütün şəxsləri görürlər ki, istəsələr və lazımi şəraitə malik olsalar, quruluşun ən yüksək siyasi postlarına yüksələrlər. Bir zaman bu ölkədə ictimai ədalət heç kəs üçün təsəvvürediləsi deyildi. Amma bu gün onun müəyyən miqdarı reallaşmışdır. Deməli, biz bacarırıq və xalqın iradəsilə çoxlu işlər görmək olar.38

Bizim məmləkətimizi həm elm, həm xalqın maddi durumu baxımından onillərlə geridə saxlamışdılar. Bütün bunlarla yanaşı, İslam inqilabından qaynaqlanan oyanış, həvəskarlıq, diribaşlıq və İslam imanının bütün xalqa bəxş etdiyi ümid ölkədə yenilik yaratmışdır. Ölkənin universitetini, sənayesini, elmi və təcrübi məsələlərini və xalqın məişət vəziyyətini o zaman və bu gün müşahidə və müqayisə edən şəxslər bilirlər ki, inqilab İslam inancı sayəsində və xalqın səhnədə iştirakından istifadə edərək ölkəmizdə həyatı yeniləşdirə bilmişdir. Biz həyat karvanından fərsənglərlə geri qalmışdıq, bütün həyat imkanlarından uzaq idik. Yalnız rifah içində olan təbəqə xarici məhsulların istifadəçi və istehlakçıları idilər. Lakin inqilabın sayəsində görülən işlər ölkəni tərəqqi və yüksəliş yoluna çıxarmış, yenilik yolunu açmış, ürəkləri ümidvar etmiş, elm və təfəkkür təməllərini möhkəmləndirmişdir.39

Elmin güclü inkişaf dövrü olan son 150-200 ildə ölkəmizə edilən ən böyük xəyanət bu idi ki, Əbu Əli, Farabi və Razi kimi şəxsiyyətləri olan bu istedadlı xalqı bugünkü elm dünyasında öz yerini tutmağa qoymadılar, yaxud buna şərait yaratmadılar. Siz "qoymadılar" da deyə bilərsiniz - bu, bədbin baxışdır; "şərait yaratmadılar" da deyə bilərsiniz - bu, nikbin baxışdır. Hər halda, bundan az deyil. Qacar və Pəhləvi dövrlərində buna şərait yaratmamaqdan ibarət böyük günah onların üzərinə düşür. Şərait yaradılmadıqda xalqda və gənclərdə olan istedad iki-üç haldan birində olar: Biri budur ki, ümumiyyətlə, üzə çıxmaz. Sizin nə qədər fiziki gücünüz və fiziki inkişaf potensialınız olsa da, əvvəldən idman edib əzələlərinizi bərkitməsiniz, inkişaf etməzsiniz və istedad tələf olar. İkincisi budur ki, istedadı olan, amma onu çiçəkləndirmək üçün imkanın olmadığını görən insan xarici ölkəyə gedər. Uzun illərlə baş verən və yalnız bu illərə aid olmayan beyinlərin qaçışı məsələsi bizim tarixi bəlamızdır. İstedadlı və bacarıqlı insanlar dünyanın bir tərəfinə gedib işləmişlər. Üçüncüsü budur ki, şərait yaradılmadığına görə istedad yanlış və səhv yollarda işlədilər.

Bu gün İranda bu iş görüldü. Bu gün ölkəmizdə istedadların üzə çıxması, elmin, texniki və texnoloji məharətin inkişafı üçün şərait yaranmışdır. Siz bunu göstərməyi bacaran ən yaxşı nümunələrsiniz. Bizim gənc alimimiz, əslində deməliyik ki, gənc sənətkarımız öz istedadı ilə, öz beyninə və təcrübəsinə arxalanaraq, əlində heç bir örnək olmadan böyük bir iş görməyi bacarmışdır. Bunu çoxlu yerlərdə müşahidə etməkdəyik.

Məncə, xalqımız üçün bundan böyük bayram yoxdur ki, insan gənclərinin özlərinə güvəndiyini, böyük işlər görməyə inandığını və bu işləri görmək üçün möhkəm iradə əldə etdiklərini duysun.40

Müstəmləkəyə çevrilmiş ölkələrə qarşı görülən işlərdən biri onları elmi cəhətdən geridə saxlamaq idi. Onların inkişafına həm praktik maneə törətdilər, həm də onları psixoloji cəhətdən zəiflətdilər ki, bacarmadıqlarını düşünsünlər. Bu uzun müddət davam etdi və bizi inkişafdan saxladılar. Demirik ki, bu iş bütünlüklə elmin öncülləri vasitəsilə görülmüş, daxili qüvvələrin, diktatorların və pis idarəçiliyin təsiri olmamışdır. Məsələnin bu tərəfini inkar etmirik, lakin o tərəfi də ən mühüm təsiri buraxdı. Qacarlar dövründə ən mühüm şəxsiyyətlərin yanlış siyasəti, yanlış anlaması, dünyagirliyi və tənbəlliyi ölkənin vəziyyətinə təsir etdi. Amma həmin dövrdə Əmir Kəbir kimi birisi meydana çıxıb elmi inkişafın rolunu və elmin inkişafdakı təsirini siyasətçilər səviyyəsində düzgün anladığında ikinci, yəni xarici amilin rolu özünü aydın şəkildə göstərir və bu işığı söndürməyə çalışırlar. Bu onu göstərir ki, onlar bir ölkəni iqtisadi və siyasi istismar altında saxlamaq istədikdə, onları elmi baxımdan inkişaf etməyə qoymamalı olduqlarını bilirlər. Bu, Pəhləvi hakimiyyəti dörvründə də eynilə belə olmuşdur. Bunlar təhlili və izahı uzun məsələlərdəndir. Əlbəttə, bu işlər görülüb, bunlar yalnız iddia deyil, arxasında dəlillər mövcuddur.

Bu gün ölkəmiz xoşbəxtlikdən, elə bir dövrü keçirir ki, onda iki ayıqlıq mövcuddur: biri öz bacarığına və fitri istedadına ayıqlıq, ikincisi isə ölkəmizə və bizə bənzər digər ölkələrə hökmranlıq etmək istəyən qüvvələrin, ölkəmizin elmi inkişafının ən mühüm düşmənləri olmasına ayıqlıq; yəni özünü tanımaq və düşməni, onun təxribatını tanımaq ayıqlığı. Bu iki ayıqlıq sayəsində ümidvarıq ki, möhtəşəm elmi inkişafa nail ola biləcəyik.41

İran xalqı bir-iki əsr elm və sivilizasiya karvanından geri qaldı. Ölkə əcnəbilərin, düşmənlərin, yaxud onların təyin etdiyi adamların vasitəsilə idarə olundu. Bütün bunların səbəbkarı ayıqlığın olmaması idi. Xalqı, gəncləri və müxtəlif təbəqələri məlumatsız, avam saxlamışdılar ki, ölkənin başına gələnləri dərk etməsinlər. Dünyanın hər bir nöqtəsinə göz dikmiş müstəmləkəçilər iki əsr boyunca bizim ölkəmizin hər bir yerində öz maraqları və şeytani məqsədləri naminə bacardıqları hər bir işi gördülər, yolları üzərində maneənin olmaması üçün xalqı yuxuda saxladılar. Əcnəbilərin özləri xalqı belə saxlaya bilməzlər, onların bu işdəki aləti asılı və azğın hökumətlər idi: Qacar və Pəhləvi hökumətləri. Bunlar İran xalqından olsalar da, oğruların şəriki idilər. Özləri bu xalqa bağlı və bu xalqın ağır minnət yükünə borclu olsalar da, əcnəbi üçün işləyirdilər. Əcnəbi də onların maraqlarına zəmanət vermişdi. Əcnəbilər vasitəsilə Qacarların maraqları bir cür təmin olunurdu, mənfur, asılı və azğın Pəhləvi rejiminin maraqları da bir cür. Onlar xalqı məlumatsız saxladılar və ona qarşı əllərindən gələni etdilər.

İslam inqilabı və İslam mübarizəsinin genişlənməsi bizim Böyük İmamımızın, ayıq və mübariz ruhanilərin, mömin və dindar ziyalıların rəhbərliyi ilə bu ölkədə oyanış dalğası yaratdı və bu, inqilabla sonuclandı. Bir xalqın inqilabı elə qüdrətə malikdir ki, hegemonizmin ən möhkəm qalalarını uçurar və uçurtdu. İslam inqilabı müstəmləkəçi ABŞ və İngiltərəyə arxalanan Pəhləvi rejiminin istibdad qalasını məhv etdi, onun yerində xalq və İslam hakimiyyəti qurdu. İslam Respubilkasını siz xalq yaratdınız. İslam Respublikası – xarici gücün müdaxiləsi olmayan, avtoritorizm və istibdadın olmadığı, aristokrat təbəqəsinin, feodal və xanların müdaxilə etmədiyi bir hökumətdir. Biz Ciroftda olanda xalq xanların əlindən nalə edirdi. Xanlar mənfur Pəhləvi rejiminin, onlar da ABŞ-ın aləti idilər.

İslam Respubilkası - tağut hökumətinin sarayı, əcnəbilərin, xan və xanlığın müdaxiləsi olmayan bir quruluş, xalqın və ləyaqətli insanların hökumətidir. İslam Respubilkasında mühüm dövlət vəzifələrinə yiyələnmək qabiliyyət və bacarıqdan asılıdır. Kimin qabiliyyəti varsa, iş, fəaliyyət və vəzifə sahələrində önə çıxmalıdır; ölkənin hansı yerindən və hansı ictimai təbəqədən olur-olsun. Və bunların hamısında İslam hidayəti nəzərə alınır, ilahi mətnlərdən və Qurandan ilham alınır. İslam Respubilkası quruluşunun mənası budur. Yoxsul və varlı, zadəgan və qeyri-zadəgan arasında məsafə yaratmaq, xüsusi bir təbəqəyə üstünlük vermək İslam Respubilkası quruluşuna uyğun deyil. İslam Respubilkası quruluşunun hansı sahəsi bu bəlaların birinə düçar olsa, İslam Respubilkası və İslam quruluşu xəttindən yayınmışdır və onu düzəltmək lazımdır.42

İran xalqı ürəkdən Pəhləvi və Qacar padşahları sülalələrinə lənət oxumalıdır. Bu iki xəbis sülalə məmləkətin, bu qədim, istedadlı və ağıllı xalqın iki qanadını qırdılar, elm və əməyin heç birində xalqa şərait yaratmadılar. Görülən işlər dəyərsiz, yaxud az dəyərli işlər idi, elm təqlidçi və ikinci dərəcəli idi. Ürəkdən çağlayan, həqiqətən həyata zinət bəxş edən və məmləkətdə əhəmiyyətli işlər yaradan işi görmədilər, bacardıqları qədər məhv etdilər. Ürəkdən çağlayan yaradıcı elmi məhv etdilər. Həmin sülalələr bu cinayətləri törətdilər. Nəticədə elm, sivilizasiya, bilik və təcrübə yarışmasında ya digərlərindən öndə olan, ya da ən azı zəif qalmayan İran xalqı illərlə geri qaldı. İndi biz çalışıb, çulumuzu sudan çıxarmalıyıq. İnşallah siz xalqın iradəsi ilə bu işi görəcəyik. Bunun əlamətləri indi də görünür.

Əvvəlcə Nasirəddin şahdan sonrakı Qacar şahları, sonra da Pəhləvi ailəsi – bu ata-oğul həqiqətən, xalqın və ölkənin bütün varlığını, mənəvi sərvətlərini hərraca qoydular: “Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir ümmət idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir”. Onlar getdilər, işləri Allahladır, əməllərinin cəzasını da görürlər. İndi mənim və sizin növbəmizdir: “Sizin etdiyiniz əməllər sizə aiddir”. Əlbəttə, inqilabın qələbəsindən bu günədək, insafla desək, elm və əmək sahəsində çoxlu işlər görülmüşdür. Əgər kimsə bunu inkar etsə, sanki “indi hansı dəlilə əsasən gündüzdür?” - deyən şəxs kimi olar. Bu qədər aydındır. Əgər insan ölkəyə baxsa, şagirdin, müəllimin, mütəxəssisin və tələbənin artmasını, çoxlu laboratoriyaları, əkinçilik və sənaye işini, dəqiq və dəyərli işləri, yaradıcılıqları, çoxlu ixtiraları görər. Onları bu on beş ildə İslam bu xalqa bəxş etmişdir. Biz deyə bilmərik ki, bu işləri biz gördük. Bu nailiyyətlər İslama məxsusdur, imanın, xalqın fəallığının və xalq hakimiyyətinin xüsusiyyətidir.43

Biz dünyanın elm və sivilizasiya karvanından geri idik, siyasi quruluş baxımından ən mürtəce dövlətlərdən biri bizdə idi. Hakimiyyət sülalə hakimiyyəti idi: bir nəfər ölür, xalq onun hər hansı yaş, şərait və xüsusiyyətdə olan övladını mütləq hakim kimi qəbul etməyə məcbur olurdu. Nə elm, nə təqva, nə ağıl - heç bir şey meyar deyildi. Belə bir üsul-idarəni İranda konstitusiyaya salmışdılar; Rza xanın çəkmələri və məmurlarının sərt baxışları altında qəbul olunmuş konstitusiyaya. İran dünyada xar edilmişdi. Beynəlxalq toplantılarda bir fikir sahibi, bir şəxsiyyət sahibi kimi İranın adı çəkilmirdi, digərlərindən dilənçi payı alan bir ölkə və sınaq yeri olmuşdu. Bəzi iqtisadi və digər nəzəriyyələri burada sınaqdan keçirirdilər ki, görsünlər nəticəsi nə olacaq; maddi, mənəvi, siyasi və şəxsiyyət baxımından yoxsul idi. İmam belə bir cəmiyyət və ölkə ilə işləməli idi.44

Amerikalılar uzun illərdir elmi işlərdə çalışırlar. Onlar həm öz milli imkanları, həm də digər ölkələrdən qarət etdikləri sayəsində azad şəkildə alim yetişdirəndə və elmi cəhətdən inkişaf edəndə bizim xalqımız elə bir rejimin çomağı altında idi ki, qorxu və asılılıq yaratmaqla, siyasi və əxlaqi fəsadlarla iranlı alimə hətta düşünmək icazəsi vermirdi. Siz istəyirsiniz ki, belə bir şəraitdə ABŞ səviyyəsində və onunla ayaq-ayağa irəliləyək?! Bu, artıq gözləntidir.

Mən bəlkə bir dəfə də demişəm: Keçmişdə ABŞ-dan alınan bu reaktiv təyyarələrin hər hansı bir hissəsində - böyük bir detalın xırda bir hissəsində nöqsan yaransaydı, amerikalılar bizim Hərbi Hava Qüvvələrimizin texniki mütəxəssislərinə bu böyük detalı açıb onun kiçik hissəsindəki nöqsanı aradan qaldırmağa, yaxud dəyişməyə icazə vermirdilər. Onlarla, bəzən yüzlərlə kiçik hissədən təşkil olunan bu böyük detalı təyyarəyə qoyub ABŞ-a aparır, orada dəyişdirir və geri qaytarırdılar. Belə rəftar edirdilər. Bu ölkədə nə tələbənin sayı, nə təhsilin keyfiyyəti, nə işə şərait, nə tədris və nə tədqiqat həvəsi vardı. Belə bir vəziyyətdə siz gözləyirsiniz ki, İran xalqı inkişaf etmiş olsun?!45

Biz təxminən yüzillik və çox acınacaqlı bir tənəzzül dövrü keçirdik. Bu dövr Qacar rejiminin ortalarından Pəhləvi dövrünün sonuna qədər davam etmişdir. Hətta ozamankı dövlət rəsmilərinin və ziyalıların baxışına əsasən, İranın modernləşmə dövrü olan Pəhləvi dövründə də, təəssüf ki, biz tənəzzül enişində hərəkət etdik. Nə üçün deyirik tənəzzül? Bəlkə də Qacar dövrünün əvvələrində də müxtəlif elm və sənaye sahələrində çox böyük hünər göstərməmişik. Amma mən onu tənəzzül dövrü adlandırmıram. Tənəzzül dövrü Qacar dövrünün ortalarına və ondan sonraya aiddir. Nə üçün? Çünki bu dövr İran xalqının özünün bəzən sürətlənən, bəzən zəifləyən təbii hərəkətindən kənarda qaldığı, yəni ovsun olunduğu dövrdür. Bir xalq həmişə öncül olmur. İstedadlı bir xalq bəzən müxtəlif amillər səbəbindən sürətlə irəliləyir, bəzən sürəti azalır, bəzən də ovsunlanır. Bu ovsunlama həyata keçdi. Nəyin qarşısında ovsunlandı? Dünyaya mikro və strateji baxışa malik təzə nəfəsli canlı bir varlığın – Qərbin sənaye sivilizasiyası və elmi inkişafı qarşısında. Bu varlıq dünyanı ələ keçirmək məqsədilə meydana çıxdı. Odur ki, özü üçün faydalı, dünya üçün isə ziyanlı oldu, uzun müddət qəflət yuxusuna dalmış xalqların, o cümlədən bizim xalqımızın, Asiyanın, Afrikanın və dünyanın digər xalqlarının kabusuna çevrildi, onların bəzən sürətlənən, bəzən zəifləyən təbii hərəkətlərini davam etdirməyə qoymadı, onları ovsunladı.

Qacar dövrünün ortalarından bizim ölkəmizdə Avropa inkişafının əlamətləri tədricən görünməyə başladı. Bizim ziyalılarımız Avropaya gedən, yaxud onların yazılarını oxuyanlar idilər. Onların inkişafları ilə tanış olur və özlərini onlardan gücsüz və zəif görürdülər. Erkən Məşrutə ziyalılarının dəfələrlə təkrar etdiyi söz budur ki, biz yalnız və yalnız qərblilərin ardınca getməli və həyatımızın bütün sahələrində onların dediklərinə əməl etməliyik. Bu, Tağızadənin və digərlərinin sözüdür.

Onlar deyirlər ki, biz inkişaf etmək üçün onların bütün proqramlarına əməl etməliyik; yəni yenilik, yaradıcılıq, elm və sənaye məsələlərinə yerli baxış imkanı əsla bu hesablamalarda yer almırdı. Bunu bu tərəfdən hesab edin. İndi isə qarşı tərəf, yəni bizim əməl etməyə tövsiyə olunduğumuz nədir? Baxışı təkcə öz ölkəsi çərçivəsində məhdud olmayan, dünyaya yağlı tikə gözü ilə baxan, özünü böyütməyi düşünən də sənaye, elm və elmi inkişaf inqilabıdır. O zaman müstəmləkənin başlanmasından yüz ildən artıq ötürdü. Yəni portuqaliyalılar, ispaniyalılar, ingilislər, hollandiyalılar və Avropanın müxtəlif bölgələri dünyanın əl vurulmamış sərvətli bölgələrinə, o cümlədən bizim regionumuza, Hind okeanı regionuna, Hindistan yarımadasına, İndoneziyaya, Afrikaya və digər bölgələrə əl uzatmış, tükənməz sərvətlər tapmışdılar. Düzdür, avropalıların xarakteri də bunda təsirli idi. Bu xarakterlərin bəzisi müsbətdir, bəzisi isə mənfi. Mən qərbliləri tamamilə mənfi xarakterizə edənlərdən deyiləm. Xeyr, onların müsbət xarakterləri də var: riskə gedir, qorxmur, işdən yorulmurlar.

Bunlar gəmiyə minib yola düşdülər, gedib əl dəyməmiş ölkə və bölgələrə, yəni təbii sərvət anbarlarına çatdılar, Asiyanı, Afrikanı, Amerikanı fəth etdilər.

İranda bizim siyasətçi, alim və mütəfəkkirimiz “biz bütünlüklə qərblilərin kiçik müridi və ardıcılı olmalıyıq” deyirdisə, biz indi hansı vəziyyətdə olmalıyıq?! Bizim kiçik müridi və ardıcılı olmaq istədiyimiz tərəf insaflı və ədalətli olsaydı, təcavüz və hücum niyyəti olmasaydı, çox yaxşı olardı. Amma görək bizim tərəf-müqabilimiz kim idi? Əl uzadan, təcavüz edən, böyük dünyaya həyatın inkişaf və tərəqqi maddələrinin anbarı kimi baxan bir qüvvə. Biz onun müridi olduq, o, ölkəmizə girdi, amma bizə elm və sənaye vermədi, bizi elmli və mədəniyyətli yetişdirmədi, şagird yetişdirən qayğıkeş bir müəllim kimi olmadı. Biz elm və sənayenin yenidən qurulması, bəzilərinin sözü ilə desək, modernləşmə dövründə bir memar və mühəndisin qulluğunda duran sadə bir tikinti fəhləsi kimi olduq. Sadə bir fəhlə nə iş görə bilər? Düzdür, evin tikintisində rolu ola bilər, amma yalnız fiziki və qeyri-elmi rolu: palçıq ver, kərpic ver, gəc ver, yaxud bunları bir-birinin üstünə qoy. Bizim tənəzzül dövrümüz bu cəhətdəndir. Ağıllı və istedadlı iranlı bu şəraitdə iki işdən birini görə bilərdi: ya razılaşıb bu vəziyyətə təslim olsun, ya da ölkədən gedib başqalarına çalışsın. Hərbi və hava sənayesində - ötən bir neçə ildə bizim bəzi nailiyyətlər qazandığımız sənayedə bu gün bu ölkədə təyyarə və ən mürəkkəb detallar istehsal edən mühəndislərin o zaman vəzifəsi bu idi ki, təyyarənin yoxlanış siyahısını götürüb ona baş çəksinlər və hansısa hissənin nasaz olub-olmadığını desinlər. Əgər bir hissədə nöqsan olsa, onu çıxarıb əcnəbi mühəndisə təhvil versinlər, o da bizim pulumuzla təyyarəyə qoyub ABŞ-a aparsın, orada təmir etsinlər, yaxud dəyişdirib qaytarsınlar. Bundan artığına icazə verilmirdi. Bu mühəndis, bu düşüncəli və istedadlı adam ya bu vəziyyətə dözürdü, - əksərən belə idilər, həmin vəziyyətdə yaşayırdılar – ya da macəraçı xarakteri vardısa, ölkədən gedib digərlərinə xidmət göstərirdi və bəzən heç vaxt geri dönmürdü. Belələri də çox olmuşdur. İnqilabdan sonra mən bunların bəzisi ilə rastlaşmış, görüşmüş və tanış olmuşam.46

O (İmam Xomeyni) bu yolu keçib qələbənin yaxınlığına, yəni 1978-ci ilə çatdı. İndi imam böyük bir hadisə qarşısında qalmışdır. Bu hadisə bir xalqın bütün vücudu ilə himayə etdiyi İslam hərəkatının qələbəsidir. Bu qələbə yalnız azğın və mürtəce bir rejim üzərində qələbə deyildi, həmin rejim ozamankı hegemon güclərin təxminən hamısı tərəfindən himayə olunduğuna görə onların hamısı üzərində qələbə sayılırdı. O bu məmləkəti İslamın üsulu, fikri və proqramı ilə idarə etmək istəyir. Onun qarşısında nə var? İki yüz ilə yaxın bir müddətdə müxtəlif cəhətlərdən təzyiq altında saxlanan, bütün üstün xüsusiyyətlərini sıradan çıxarmağa, zəiflətməyə və məhv etməyə çalışdıqları böyük bir xalq. Əgər son iki yüz ilin tarixinə müraciət etsəniz, imamın işinin əhəmiyyətini daha yaxşı dərk edərsiniz. Mən təkidlə tövsiyə edirəm ki, gənclər bu tarixi öyrənsinlər. Təbliğat qurumları da bu müddətdə ölkənin başına gətirilən həqiqətləri xalqa izah etsinlər. Məncə bu sahədə az iş görülmüşdür.

İngiltərə məmuru olan ser Con Mülküm 19-cu əsrin əvvəllərində Hindistandan İrana daxil oldu. O zaman, yəni Fətəli şah Qacarın hökuməti dövründə ingilislər saray adamları və azğın siyasətçilər üçün aldadıcı və qiymətli hədiyyələrlə İrana daxil oldular, İngiltərə müstəmləkəçiliyi, yaxud başqa sözlə desək, İngiltərənin dağıdıcı nüfuzu - çünki İran adətən başa düşülən şəkildə müstəmləkələşmədi, ondan da pisi baş verdi - İran hökumətlərini güclü əllərində saxladı və onların vasitəsilə istədiyi işi gördü. O zamandan inqilabın qələbə çaldığı günə qədər təxminən 170-180 il ötdü. Bütün bu müddətdə, bütün böyük qlobal güclər, hərbi, siyasi, iqtisadi, mədəni və əxlaqi qüvvələr bu tarixi, köklü, mədəniyyətli, qorxmaz və böyük xalqın üzərində işləyib, onu böyük gücləri heç bir təhlükə ilə təhdid etməyəcək qədər zəif, kiçik, ümidsiz və məyus etdilər. İmam belə bir reallıq qarşısında qaldı. Əlbəttə, bu 170-180 ilin əsas hissəsində İranda İngiltərə, 1963-cü ildən sonra Amerika, ortalarda da Rusiya dövlətinin nüfuzu, rus və ingilis rəqabətləri olmuşdu; Qacarlar dövründə bir cür, Pəhləvi rejimi dövründə isə qat-qat təhlükəli və ağır formada.

Onlar bu xalqa qarşı bacardıqlarını etdilər. Nəticəsi bu oldu ki, imamın qarşısında siyasi baxımdan asılı və tabe olan bir ölkə mövcud idi. O zaman ABŞ hökuməti nəyi iradə etsəydi, İranda icra olunurdu, iqtisadi sahədə, neft sahəsində, təyinatlarda, hökumətlərdə - filan hökumət gəlsin, filan hökumət gəlməsin - beynəlxalq münasibətlərdə, xalqa məcburən verilən adət və rəftarlarda, universitet sahəsində istədikləri işi görə bilirdilər. Biz bütünlüklə tabe və asılı, iqtisadi baxımdan da tamamilə istehlakçı və yoxsul idik. Hər şeyi idxal etməli idik. Mən bir dəfə dedim, amma bəziləri inanmadılar; inanın ki, bel dəstəyini bizim ölkəmizə idxal edirdilər, dərzi iynəsini idxal edirdilər, müxtəlif ərzaq məhsullarını idxal edirdilər, sənaye məhsullarını idxal edirdilər. Biz tamamilə istehlakçılıq idik. Yəni bu xalqın, bu istedadların, bu beyinlərin və bu gənclərin öz ehtiyaclarının bir hissəsini özlərinin istehsal etmək qüvvəsi və imkanı yox idi; "xaricə ehtiyacımız yoxdur" - demək imkanı yox idi. Ölkəyə bir sənaye, misal üçün, maşınqayırma, yaxud dəmirəritmə sənayesi gətirildikdə çox yarımçıq gətirilirdi, özü də başdan-ayağa asılı şəkildə. Satdıqları mütərəqqi və model cihazların, misal üçün, hərbi təyyarələrin təmirinə icazə vermirdilər. Bu iş xaricdə görülməli idi. İqtisadi baxımdan yüz faiz asılı və istehlakçı, elmi baxımdan təxminən sıfır həddində idik. Bu xalqın yeni dünya elmlərinə dair heç bir təzə sözü yox idi. Universitetlər kəmiyyət baxımından da çox az idi. Pəhləvi rejiminin sonlarında ölkədə indikinin təxminən onda biri qədər tələbə var idi. Əgər bir sinifdə bir dərs deyilsəydi də, hər bir sahədə - istər humanitar elmlərdə, istər texnika və sənaye elmlərində, istər təbii elmlərdə deyilən sözlər digərlərinin sözləri idi, heç bir elmi yenilik yox idi. Milli sərvət sarıdan talanmışdıq; özləri istədiyi qiymətə nefti, mədənləri, hər şeyi aparırdılar. İctimai baxımdan, yoxsul və zənginin vəziyyəti baxımından ölkə çox bərbad vəziyyətdə idi. Bu ölkədə elektrik enerjisi, içməli su və bu kimi imkanlar görməyən, bunlara ümidvar da olmayan minlərlə və bəlkə on minlərlə kənd vardı. Yalnız Tehrana və bir neçə böyük şəhərə baxırdılar, o da bəlli formada. Tehran o zaman dünyanın ən çirkin və ən çirkli paytaxtlarından biri sayılırdı. Təkcə özlərinə qulluq edirdilər, özlərinin harada ayaq yerləri var idisə, orada aeroport da var idi, rifah imkanları da. Amma özlərinə lazım olmayan yerlər ümumiyyətlə başlı-başına buraxılmışdı. Təbəqələr arasındakı fərq özünün pik həddinə çatmışdı.

Əxlaqi baxımdan işləri fəsad yaymaq idi. İnqilabdan öncə - altmışıncı illərin sonlarında və yetmişinci illərin əvvəllərində gənclər üçün etdiyim çıxışlarda dəfələrlə nümunə və faktlar göstərib deyirdim ki, cinsi özbaşınalıq, hicabsızlıq və pozğunluq baxımından bizim ölkəmizdə olan vəziyyət Avropa ölkələrində də yoxdur. Doğrudan da yox idi; mənim məlumatım vardı. Düzdür, Avropa ölkələrində hansısa fəsad mərkəzinin olması mümkün idi. Amma orada xalqın həyat tərzi, misal üçün, qadınların vəziyyəti, geyimi və rəftarı bizim xüsusən bəzi şəhərlərimizin vəziyyətindən yaxşı idi. Əxlaq baxımından xalq müxtəlif bəlalara düçar olmuşdu; təkcə ehtiras məsələlərində yox. Onların vasitəsilə insanların bir-birləri ilə münasibətləri, xalqın etimadı bütünlüklə zədələnmişdi. Qəsdən bu hala salmışdılar. Xalqın həvəssiz, hövsələsiz, ümidsiz olmasını istəyirdilər. Bir xalqı inkişaf etdirən xarakterlər ümid, aktivlik və ciddilikdir. Ümidsiz olan, öz gələcəyindən məyus olan və özünü təhqir edən xalq inkişaf etməz. Hansı məhsulun daxildə istehsal olunduğu deyilirdisə, "dəyəri yoxdur" demək idi. Təhsilli şəxslər və digərləri bir-birinə deyirdilər ki, iranlı palçıq aftaba da düzəldə bilmir. Yəni inkişaf etmiş elmi nəsil də bu ölkənin elmi gələcəyinə ümidsiz idi. Bu, sözügedən əxlaq problemidir.47


Pasport İslamı

“La ilahə illəllah” sözü dillərdə, hətta ölkənin alnında idi. Misal üçün, o zaman da konstitusiyada göstərilirdi ki, ölkənin rəsmi dini İslamdır. Bunlar var idi. Lakin bunlar məsələnin zahiri tərəfidir. İslamın və “la ilahə illəllah”ın adı var idi, özü isə yox idi.

O dövrün parlamenti Allahın hökmlərini qəbul etmək barədə düşünmürdü, hətta onların ziddinə də gedirdi. O zamanın dövlət rəsmiləri hakimiyyəti Allah hökmlərinə uyğun idarə etmək istəmirdilər, Allah hökmlərinin əksinə idarə edir, fəsadı, küfrü yayır, Allah hökmləri ilə mübarizə aparırdılar. Amma İslamın adı vardı. İslamın adının bir faydası yoxdur. Düzdür, ümumi xalq arasında həqiqi və ixlaslı möminlər həmişə çox olmuşdur. Amma xalqın taleyi onlarla deyil, əksəriyyətin hərəkəti ilə təyin olunur. Cəmiyyətdə bir qədər yaxşı insanın olması yetmir. O zaman belə idi; zəiflik, fəsad, bədbəxtlik, bir dövrdə ABŞ-ın, bir dövrdə İngiltərənin, bir dövrdə Rusiyanın hökmranlığı vardı. Bu xalq heç zaman layiq olduğu izzət və şərəfini əldə etmədi. Bu xalq tövhid meydanına daxil olan gündən Allah hökmlərinə uyğun əməl etməyə, öz ölkəsini, dövlətini qurmağa qərar verdi. Odur ki, izzət və ucalıq pilləkanına qədəm qoydu. Düzdür, bu gün böyük güclər İran xalqına qarşı təxribat və hiylə işlədir, təzyiq göstərir və düşmənçilik edirlər. Amma onlar da bu xalqı başıuca və şərəfli xalq bilirlər. Bu xalq öz ölkəsinin quruculuğuna başlayıb, onu abadlaşdırmağa çalışır. Qərara gəlmişdir ki, əcnəbinin boyunduruğu altına girməsin, öz həyatını, məqsəd və yolunu ABŞ-dan və digərlərindən öyrənməsin, özü qərar versin və əməl etsin. Bu hər bir xalqı tərəqqinin zirvəsinə çatdıracaq amildir. Bu qərar bizim ölkəmizi və xalqımızı xilas edəcək.48

İslam Respubilkasından öncə ölkəmiz həmişə parçalandı, ondan həmişə qopardılar. Pəhləvi və Qacar şahlarının heç biri ölkənin sərhədlərini qoruduqlarını deyə bilməzlər. Qacarların vəziyyəti bəllidir. Pəhləvilər də İranın paytaxtını illərlə xarici əsgərlərin çəkməsi altına saldılar, ölkənin qadınını, kişisini, namusunu onlara verdilər. Yalnız İslam Respubilkası mərdliklə dayanıb təcavüzkarların bir addım da irəliləməsinə imkan vermədi. Səkkiz il müharibə məgər zarafatdır?! Səkkiz il müharibə və bütün bu fədakarlıq! Bizim gənclərimiz Şərqin, Qərbin, NATO-nun və onların hamısının birliyi qarşısında müqavimət göstərdi və vətəni xilas etdi.49

Qacarlar dövründə şimal qonşumuz tərəfindən bir müharibəyə məcbur olduq və sonda sülh müqaviləsi bağlandı. Ölkə həmin ölkə idi, xalq da həmin xalq. Lakin bu xalq o zaman imtahandan başıuca çıxmadı, zəiflik göstərdi və nəticədə, məğlub olduqdan və Türkmənçay müqaviləsi bağlandıqdan sonra uzun müddət adi xalq heç, hətta böyük şəxsiyyətlər də zəiflik və məğlubiyyət hissi keçirdilər, öz şəxsiyyətlərini göstərmək qüdrətini əldən verdilər. Yəni o tarixi məğlubiyyət təkcə həmin mərhələ üçün yox, tariximizin 150 illik dövrü üçün məğlubiyyət idi. O bir imtahan idi. O zaman İran xalqının belə bir imtahan verməsinə nə bais oldu? Bunun özünün bir təhlili var: o zaman hakimlər və siyasi adamlar pis, hərbi komandanlar bacarıqsız idilər. Xalq yaxşı xalq idi. Kiminsə o xalqı meydanda saxlaması lazım idi ki, öz hərəkətinə inanıb fədakarlıq göstərsin, öz maraq və ləzzətindən keçsin. O zaman belə şəxslər yox idi. Şahlar hakimiyyət sürürdülər. Başında belə fəsadçı hakimlərin olduğu ölkənin axırı belə olmalıdır. Həmin xalq sizin və bizim dövrümüzdə baş verən bu müharibədə bütün dünyanı özünə cəlb etdi, ölkənin başını ucaltdı, İslamın qüdrətini göstərdi. Bizə hücum edən təkcə bir qonşu ölkə deyildi. Onun arxasında ABŞ, keçmi SSRİ və dünyanın digər silahlı qüvvələri dururdu. Amma eyni zamanda Allaha iman, Böyük İmamın rəhbərliyi, gənclərin, ailələrin fədakarlığı hesabına bu sınaqdan üzüağ çıxa bildi.50

Siz əlinizdə dəyərli gövhər tutdunuz, əzəmətli iş gördünüz, ölkəniz daxilində tükənməz bir xəzinə kəşf etdiniz, İslama, müstəqilliyə və azadlığa qovuşdunuz, özünüzü xarici qüvvələrin boyunduruğundan xilas etdiniz. Bir zaman bu məmləkət, bu univetsitet, bu Tehran, bu qarnizonlar, bu silahlı qüvvələr, bu dövlət müəssisələri, bu nazirliklər, bu təhlükəsizlik qurumları - hamısı və hamısı ABŞ-ın mülkü idi. Bu gün ölkənin ən ucqar nöqtələrində, ən kiçik kəndlərində də heç kimin bir ABŞ tərəfdarını görməyə gözü yoxdur. Bir zaman bu məmləkətdə xalq yox idi, səslər yox idi, parlament yox idi, seçkilər yox idi; hər şey formal, yalançı və saxta idi. Pəhləvi dövrü bu xalq üçün doğrudan da qəribə dövr idi. Sanki geniş bir yerdə böyük bir zavod düzəldirlər. Baxanda elə bilirsiniz zavoddur, yaxınlaşanda isə görürsünüz ki, hamısı neylon və plastikdəndir. Hündür tavanı, dirəkləri olan böyük imarət kimi möhtəşəm saray olduğunu güman edirsən, amma yaxınlaşdıqda görürsən ki, qardan düzəldilmişdir.

Universitet, ziyalılıq, jurnal, qəzet, parlament və hökumət - hamısı formal idi. Yalnız ümumxalq hərəkatı olan dini hərəkat həqiqi idi. Ona da nifrət və ədavətlə baxırdılar. Düzdür, ətrafda zəif və çox kiçik formada vətənpərvəlik hərəkatı da mövcud idi. Bu xalqı belə bir hala salmışdılar. Siz gəlib hər şeyi əsaslı şəkildə qurdunuz. Bu gün bu məmləkətdə elm, sənaye, universitet, insanların şəxsiyyəti, düşüncələr, sözün həqiqi mənasında azadlıq və təhsil inkişaf edir. Bu xalqın hərəkəti yavaş-yavaş elə bir həddə çatacaq ki, dünyada öz mövqeyini tapacaq. Dünən dünyada heç kəs İran xalqını saymırdı. Buraya gələnlər bu xalqın özündən vəhşilik haqqı alırdılar. Siz bu gün bir xalq və mühüm fikir sahibisiniz. Dünyanın hər hansı bir mühüm məsələsində İran xalqının ciddi müxalif olduğu iş baş tutmur. Bu gün bu xalq, bu quruluş, bu dövlət və bu böyük ölkə Allahın lütfü ilə dünyada belə bir mövqeyə malikdir. İran xalqının əzəməti tədricən hamını cəlb edir. Bu sizin uğurunuzdur.51

Allaha şükür olsun ki, İslam Respubilkası müxtəlif sahələrdə - həm ölkə quruculuğunda, həm ümumi düşüncə və xarakterlərdə, həm İslam mədəniyyətinin genişlənməsində, həm müstəqillikdə, həm istedadların canlanmasında, həm də xalqın ictimai-siyasi iştirakında böyük uğurlar əldə etmişdir.

Zalım şah rejimləri dövründə xalq həmişə proseslərdən kənarda qalırdı, heç kim onu saymırdı. Hər şey hakimlərin əlində idi, istədiklərini edirdilər. İslam Respubilkası əsrlər boyu yaranmış bu səddi uçurmaq şərəfinə nail oldu. Xalq ixtiyar və qərar sahibi oldu, dövlət məmurları xalqın istək və fikirlərinə əməl etməyə məcbur oldular. Bu, inqilabın qorunması üçün ən yaxşı üsuldur.52

Bu ölkə və torpaq hegemon qüvvələrin, ən çirkin hegemonların pəncəsində idi, onu özlərinki bilirdilər, özləri üçün hələ fəth olunmamış bir zirvə sayırdılar. Siz görün regionumuzun bəzi hökumətləri bu gün ABŞ-ın iradə və istəyi qarşısında nə qədər kiçilirlər! O nə istəsə, bunlar təslim olub yerinə yetirilər. Bunlardan müharibə, sülh istəsə, bir ölkə ilə düşmən olmalarını istəsə, hərbi müqavilə və hətta hökumət dəyişikliyi istəsə, boyun qaçırmırlar.53

İranda mənfur, asılı və azğın Pəhləvi rejimi ABŞ qarşısında bu hökumətlərin hamısından daha asılı və təslimçi idi. Amma bu gün ABŞ bu rejimi əldən vermişdir. Hegemon qüvvələr həmişə bir milyard bir neçə yüz milyonluq müsəlmanlardan, onların İslam, İslam hökmləri və İslam təlimləri haqda düşünmələrindən qorxmuş, buna görə də İslam hökmlərini və Quranı unutdurmağa çalışmışlar. Bu xalq, bu ölkə İslamı parlaq bir günəş kimi dünyanın müsəlman xalqlarının düşüncə və qəlbində ucaltdı, hamıya təqdim etdi, müsəlmanlarda İslam duyğularını dirçəltdi. O zaman həm hegemonların ixtiyarında olan ölkə əllərindən çıxdı, həm də xatırlanmasını istəmədikləri İslam gündəmə gəldi.54
Bir şeyimiz yox idi!”

Pəhləvi dövründə ən çox aparılan təbliğatdan biri “bacarmırıq” idi. Bizim hamımız uşaqlıqdan belə yetişmişdik ki, İran məhsulu pisdir, zəifdir, xoşagəlməzdir, iranlı - hər bir sahədə yaxşı məhsulun istehsalında bacarıqsızlıq deməkdir. Bu mədəniyyəti xalqımızın beyninə yeritmişdilər. Halbuki bu, həqiqətin tam əksinədir. Bu xalq hər bir cəhətdən bacarıqlı xalqdır; istehsal və inkişaf etməyi, yaratmağı, elm və texnologiya sərhədlərini keçib irəliləməyi bacarır.

Düzdür, biz hələ dünyadan çox geridəyik. Çünki bizi uzun müddət geridə saxlayıblar. Bunu özümüz yaxşı bilirik. Lakin biz sürətlə bu məsafəni qət edirik ki, önə çataq. Bu, müharibədə tam aydınlığı ilə göründü. Həm insani hisslər, həm də mənəviyyata, paklığa və təmizliyə təmayül potensialı baxımından hər yerdə belə idi.55

İnqilabın əvvəlində Quruculuq cihadı təşkilatı elevator - taxıl anbarı düzəltmək istəyirdi. Bilirsiniz ki, tağut dövründə bizim elevatorları Sovet mütəxəssisləri düzəldirdilər. Tağut rejimi buğdanı ABŞ-dan alırdı, elevatorunu Sovet düzəldirdi. Elevatorun zahiri sadədir, amma nisbətən mürəkkəb texnologiyası var. Quruculuq cihadı dedi ki, elevator düzəltmək istəyirik. Ətrafdan səslər ucaldı ki, bacarmazsınız, əbəs yerə özünüzü yormayın, ölkənin imkanlarını hədər etməyin. Onlar Xuzistanda kiçik bir elevator nümunəsi düzəltdilər. Mən o zaman gedib oraya baxdım. Bu gün sizin İslam Respublikanız dünyanın birinci dərəcəli elevator düzəldən ölkələrindəndir.

Tehranın yaxınlığındakı bəndlərin biri su buraxırdı, onu düzəltmək lazım idi. Dedilər ki, bu bəndi tikən kompaniyanın özü gəlməlidir. Gedib gətirdilər. Bu da mənim prezidentliyimin əvvəllərinə aiddir. Deyirdilər məgər biz bənd tikə bilərik?! Keçmişin təlqinləri idi. Bizim gənclərimiz iradə göstərdilər, getdilər bənd tikməyə. Bu gün İslam Respublikası Allahın lütfü ilə bölgənin ən yaxşı bənd tikən ölkəsidir. Regionumuzda İslam Respublikası kimi heç bir ölkə istər betondan, istər torpaqdan böyük bəndlər tikməkdə peşəkar deyil. Bizim tikdiyimiz bəndlər tağut dövründə xarici şirkətlər vasitəsi ilə tikilən oxşar bəndlərdən daha yaxşı, daha böyük və əlbəttə, ki, çox az xərclidir. Öz işimizdir, nə üçün bacarmarıq?!56

Özümüzü layiq olduğumuz mövqeyə çatdırmaq üçün illərlə çalışmalıyıq. Bu gerilik ölkənin və xalqın böyük potensialından istifadə edə bilməyən bacarıqsız rejimin əlliillik hakimiyyətinin təsiridir. Siz bugünkü istedadı görürsünüz. Görün bizim gənclərimiz dünyanın elmi olimpiadalarına necə çıxırlar! Keçmişdə bu istedadlardan istifadə olunmurdu, onlara diqqət göstərilmirdi. Yalnız özlərinin qanunsuz məqsəd və istəkləri üçün onlardan istifadə edirdilər. Bəziləri buraxıb gedir, çoxları da qalırdılar, lakin istedadlarında heç bir inkişaf yaranmır və bir iş görülmürdü.

Məmləkəti xaraba vəziyyətdə buraxmışdılar. Müharibədən sonra bizim ən böyük işlərimizdən biri müharibənin xarabalıqlarını düzəltmək idi. Görürdük ki, müharibənin bu xalqın başına gətirdiyi fəlakət Pəhləvi sülaləsinin uzun illər hökuməti dövründə yaranandan azdır. Belə bir hökumət illərlə xalqa başçılıq etdi, 1962-ci ildə imamın fəryadı ucalanda isə xalqın qəzəbi partladı.

Onbeşillik mübarizə dövrü də daxil olmaqla keçmiş rejimdə incəsənət hakimiyyətin əlində idi. Doğrudan da tənəzzülə uğramışdı və səhnədə deyildi. Lakin inqilabın qələbə çaldığı andan incəsənət əsasən yeni sənət istedadlarının - gənclərin vasitəsi ilə meydana qoşuldu. Siz indi görürsünüz ki, bizim bu məşhur sənətkarlarımız arasında çoxları inqilabdan sonrakı gənclərdir. Bunlar ya müharibə cəbhələrində, ya inqilab səhnələrində imandan bəhrələnməklə özünəinam əldə etmiş və bir sahəyə yönəlmiş, misal üçün, əlinə fotoaparat götürüb, şəkil çəkmək üçün cəbhələrə gedən şəxslərdirlər. Bu işlər bunları incəsənətə sarı çəkdi. Həmçinin incəsənətin digər növlərində əksəri inqilabın əvvəlindən başlayan gənclər idilər. Bəziləri də inqilabdan qabaqdan qalan və inqilabla razılaşan sənət adamları idilər. Təəssüf ki, çoxları da razılaşmadılar, gedib bir kənarda oturdular və sənətlərini inqilab üçün işlətmədilər. Ümumilikdə, inqilabın əvvəlindən bu günədək ötən 20 il ərzində incəsənətin böyük rolu oldu, təkcə aktyorluq və ya şeir sənəti yox, müxtəlif sahələr inkişaf etdi, dəyərli və böyük işlər gördülər, gənc sənətkarlar yetişdi.

Əgər bu günü inqilabdan öncəki dövrlə müqayisə etsəniz, görərsiniz ki, bizim vəziyyətimiz çox yaxşıdır və üstünlüklərimiz var. Lakin əgər çatmalı olduğumuz vəziyyətlə müqayisə etsək, xeyr, geridəyik. Mən açıq şəkildə deyirəm ki, geridəyik. Bizim hələ yazıçılıq sahəsində, şeir sahəsində, təsviri incəsənətdə - yəni kino və teatr sahələrində çox çatışmazlığımız var, görülməyən işlərimiz çoxdur. İnsan çoxlu naşılıqlar müşahidə edir. Mən ümidvaram incəsənət sahələrində fəaliyyət göstərən şəxslər bizim inqilabın digər sahələrində müşahidə etdiyimiz və dünyanı özünə cəlb edən - sənayedə, hərbi sənayedə və elm sahələrində biz doğrudan da dünyanın diqqətini cəlb edən işlər görmüşük - özünəinamı əldə edək və incəsənət sahəsində də inşallah böyük xalqımıza və inqilabımıza yaraşan işlər görə bilək. Məndə bu ümid var.57

Təəssüflə etiraf etməliyik ki, İslamdan sonrakı tarix boyu mədəniyyətin, kitabın və elmin bayraqdarlarından biri olan əziz xalqımızın kitab oxumaq həvəsi çox aşağı həddədir. Çoxlu acınacaqlı və xoşagəlməz hallar kimi bu məsələ də ötən iki yüz ildə zalım, fəsadçı, mədəniyyətsiz və savadsız padşahların hakimiyyətinin nəticəsidir. Digər xalqların elmə, tədqiqata, biliyə üz tutduğu bir dövrdə bizim qədim və istedadlı xalqımız mənfur, xudpəsənd, hegemon və ləyaqətsiz insanların hakmiyyəti altında elm və bilgidən uzaq qaldı. Asılı və azğın Pəhləvi rejiminin bütün işləri əcnəbi düşmənlərin istəyinə və bu xalqın ziyanına uyğun gördüyü son dövrdə nəinki kitab və mütaliəni təbliğ etmək üçün iş görülmədi, hətta qeyri-sağlam əyləncələrlə, gənclər arasında cinsi ehtiras alovunu qızışdırmaqla bu təcili zərurəti xalqın diqqətindən daha da kənarlaşdırdılar. Qlobal şəraitin İran xalqının pis vəziyyətində əsaslı dəyişikliklərə dözdüyü ən yaxşı dövrlərin birində bizim məzlum xalqımızı ondan məhrum etdilər. İş elə bir yerə çatdı ki, o zaman Tehranda və bəzi şəhərlərdə barların sayı kitabxanaların və kitab mağazalarının sayından çox və ya bir neçə dəfə artıq idi.58

İnqilabdan qabaqkı son əlli ildə bu məmləkətdə iki nəfər hakimiyyətdə oldu: ata və oğul! Onların hər ikisini əcnəbilər hakimiyyətə gətirdilər. Rza xanı ingilislər kazak alayından tapdılar. Onların qorxub-çəkinmək bilməyən bir quldura ehtiyacları vardı. Gətirib əlinə silah verdilər, nəhayət, taxta çıxardılar, sonra da onun vasitəsilə öz planlarını icra etdilər, bu məmləkətdə görmək istədikləri hər bir işi gördülər. Onlar dinə, ruhaniliyə, bu ölkənin qədim və milli ənənələrinə, bu ölkənin dini və etiqadi təməllərinə vurmaq istədikləri hər bir zərbəni onun vasitəsilə vurdular. Qorxusuz və həyasız bir adam olduğundan işlərinə yarayırdı. İngilislər Məşrutədən qabaq uzun müddət bu ölkədə təsir vasitəsi axtarır, amma tapmırdılar. Çox zaman da alimlər mane olurdu. Bu adamın isə alimlərə qarşı cəsarətli və qorxmaz olduğunu bilirdilər. Onu hakimiyyətə gətirdilər və istədikləri hər bir işi gördülər. Sonra siyasi baxımdan başqa bir səmtə yönəldiyini görüb onu götürdülər və yerinə oğlunu qoydular.

Bir xalq, eləcə də bizim xalqımız üçün bundan böyük rüsvayçılıq yoxdur ki, ölkənin hakimlərini, başçılarını və siyasətçilərini İngiltərə hökuməti öz səfirliyi vasitəsilə gətirib-aparsın. Bir xalq üçün bundan ağır nə ola bilər?! Pəhləvi dövrünün adamları haqda yazılmış xatirələri oxuyun. 1941-ci ildə Rza xanı işdən kənarlaşdırdıqdan sonra oğlu Məhəmmədrza bir neçə gün bilmirdi ki, onu padşah edəcəklər, yoxsa yox. Bir nəfəri İngiltərə səfirliyinə göndərdi, onlar dedilər ki, bəli, eybi yoxdur, padşah olsun, bu şərtlə ki, filan işi görsün, filan işi görməsin. Bunlar bu ölkənin həqiqətləridir.

İranın əlliillik diktatorluğu, tağut və azğın şah rejimi iki nəfərin vasitəsilə icra olundu. Onları da əcnəbilər iş başına gətirdilər, xalqın heç bir rolu olmadı. Ondan qabaq Qacar rejimi də şah hakimiyyəti idi. Bu şahların bioqrafiyasına baxın. Xalq heç, xalq ümumiyyətlə, onlar üçün deyiləsi deyildi, hətta dövlət adamlarını - Sədri-əzəmdən tutmuş aşağıya qədər hamısını öz nökərləri bilirdilər. Onlara deyirdilər ki, siz bizim nökərlərimizin arasında beləsiniz, eləsiniz. Bu ölkəyə belə insanlar hakim olmuşlar. Uzun əsrlərdən sonra inqilabın sayəsində ilk dəfə olaraq bu ölkədə elə hökumətlər iş başına gəlir ki, dövlət məmurlarının meyarı elm, təqva, ədalət, xalq sevgisi və xalqın seçimidir. Onlar xalqla, xalq üçün və xalqın xidmətindədirlər, sui-istifadə və oğurluq etmir, düşmənə boyun əymirlər. İranın uzun tarixində əsrlərlə bunlar olmamışdır. Bunları İslam və inqilab bu xalqa verdi. Bunları gənc nəslə izah etməlisiniz. Qoy bilsinlər ki, ölkələri necə idi və necə oldu, haradan haraya gəldi.59


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə