Birinci fəsil: Zalım şahlıq


İkinci fəsil: Qələbə şəfəqi



Yüklə 0,73 Mb.
səhifə4/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

İkinci fəsil: Qələbə şəfəqi


Quran

Tağut rejimi dövründə xalq Quranla tanış deyildi, Quranı üzündən, özü də səhv oxuya bilən adamlar da az idi. Gənclər və Pəhləvi məktəblərində böyüyənlər Quranla əsla tanış deyildilər. Əgər mömin ata-anaları olsaydı, onları bir yerdə Quran kursuna qoyurdu və özləri öyrənirdilər. O zaman bizim məktəblərimiz Quran tərbiyəsi üçün məsuliyyət daşımırdı, Quran cəmiyyətdə qərib idi. Bu böyük Tehran şəhərində bir neçə nəfər bir yerə toplaşırdı və bir müəllim onlara təcvid, yaxud qiraət öyrədirdi. Belə Quran kursları da az idi. Digər şəhərlərdə də belə idi. Quran cəmiyyətə çıxdıqda isə şirinliyini daddırır. Bu gün bizim ölkəmizdə Quran hakimdir.60

Bir zaman bizim ölkəmizdə Quranın oxunuşu tərk edilmişdi. Tehranın, yaxud Məşhədin harasındasa kimsə Quran aşiqi olsaydı, zəhmət çəkib dərs keçirdi ki, uzun illərdən sonra bir qədər şagird yetişdirsin. O zaman belə idi. Bu insanlar qürbətdə idilər, səhnədə, göz önundə və televiziyada deyildilər. Tağut zamanı Quran təcrid olunmuşdu. Biz İslam hakimiyyətinə görə Allaha şükür edirik ki, bu gün Quran bizim ölkəmizdə fəxr səbəbi, Quran oxumaq ölkəmiz üçün hörmət amilidir. Bu, İslamın nemətlərindəndir. Bunu İslam quruluşu bizə verdi. Quranın bizim canımıza, ruhumuza və dilimizə hopması Allahın bizə bir hədiyyəsi idi.61

Bu gün Allaha şükür olsun ki, İslam quruluşu sayəsində ölkəmizdə Quran sədası ucalmışdır. Bizim əziz gənclərimiz bilsinlər ki, bir zaman bu ölkədə Quran sözün əsl mənasında qərib idi. Təkcə Qurana əməl etmək və ona sayğı bildirmək yox, hətta Quranın oxunuşu da qərib idi. Bəzən nümayişkarlıq üçün bir tərəfdə bir hərəkət görünürdü. Amma Quran ölkə xalqı, xüsusən də gənclərimiz arasında ideal deyildi. Bu gün isə görürəm ki, Quran tilavətini lazımınca bacaran gənclərin və hətta yeniyetmələrin sayı çoxdur.62

Bir zaman bizim cəmiyyətimizdə Quran yox idi, namaz həqiqi mənada mövcud deyildi, cümə namazımız yox idi, ilahi və mənəvi toplantılarımız mömin bir xalqa münasib həddə deyildi. Zalımlar bizə hökmranlıq edirdilər. Bu ölkənin başçıları günah sahibləri, Allah evindən uzaq idilər, hidayətin nə olduğunu bilmir, Allahın yolunu tanımır, ədalətin nə olduğunu bilmir, peyğəmbərləri sevmir, Allah yoluna gəlmirdilər. Biz uzun müddət belə yaşadıq. Lakin Allah bizi oyatdı. Bu xalq oyanmış və Allah tərəfindən hidayət olunmuşdur. Yolu Allah bu xalqa göstərdi.63
Mədəniyyət və milli kimlik

Tərif olunmuş mədəni bir məqsəd əsasında baş verən İslam inqilabının qələbəsindən sonra mədəniyyət və milli kimlik məsələsinə əhəmiyyət göstərildi. Bu işin bəzi səmərələri oldu. Ölkədə bu səmərələrin yaranması əsla mümkün deyildi. Bu yeniliklər, elmi nailiyyətlər, yeni elm və tədqiqat sahələrinə qoşulmaq cəsarəti - xoşbəxtlikdən, bunlar bu gün ölkəmizdə müşahidə olunur - milli kimliyin dirçəlişindən yaranan özünəinama görədir. Bunu inqilab etdi. İnqilabdan öncə milli kimlikdən və milliyyətdən çox danışırdılar, amma əslində heç zaman milli kimliyi gücləndirmirdilər. Sözsüz ki, səbəbi də bəlli idi. Çünki buranı öz maraqları üçün istəyənlər, bizim əziz ölkəmizdə öz maraqlarını tərif edənlər bilirdilər ki, bu ölkədə milli kimlik dirçəlsə, onların maraqları ilə düz gəlməyəcək və onlar məqsəd seçdikləri maraqlara qovuşa bilməyəcəklər. Bu səbəbdən o zaman burada milli kimlik zəiflədildi. Biz öz ölkəmizdə asılılıq və əcnəbilər qarşısında kimliyin zəiflədilməsi yönümündə o qədər ifrata vardıq ki, görkəmli şəxslər xəcalət çəkməyib, fars dilinin və ərəb əlifbasının dəyişdirilməsini təklif etdilər. Düzdür, dilin dəyişdirilməsi üçün az iş gördülər, amma əlifbanın dəyişdirilməsi üçün - bir ölkənin əlifbası onun mədəniyyətinin ciddi cəhətlərindən və mühüm şərtlərindən biridir - tağut dövrünün mətbuatında və qəzetlərində açıq-aşkar yazı verdilər, müdafiə etdilər və bu barədə danışdılar; o da tamamilə mübahisəli, çaşdırıcı və düzgün olmayan dəlillərlə. Onlar bu həddə irəlilədilər.

Pəhləvi rejimini hakimiyyətə gətirən şəxslər, milli xüsusiyyətlərin heç birinə dözməyə hazır deyildilər. Əlbəttə, bizim milli kimliyimiz əvvəldən İslamla qarışmışdır; dilimiz, ənənələrimiz, elmimiz, alimlərimiz İslamla qarışmışlar. Tarixdə görürsünüz ki, bizim görkəmli, məşhur və ölməz alimlərimiz dünyəvi elmlərlə yanaşı din elmini də öyrənmiş şəxslərdir. Yəni bütün elmlər dindarlar vasitəsi ilə inkişaf etmişdir. Əlbəttə, bu o demək deyil ki, yalnız dini mədrəsə tələbələri bu xüsusiyyətə malik olmuşlar. Xeyr! Cəmiyyət dini cəmiyyət idi. Bizim mədəniyyətimiz, elmimiz, rəftarımız, ənənələrimiz dinlə qarışmış, onların çoxu dindən qaynaqlanmışdır. Milli kimliklə və onun xüsusiyyətləri ilə mübarizə apardıqda təbii ki, dinlə mübarizə də onun tərkib hissəsi oldu. Çünki din və iman bütün insani dəyərlərin təminatçısıdır. Təbii ki, imanla da kəskin şəkildə müxalifət edirdilər. Bunlar hətta bizim yerli geyim formamızı da qəbul etmədilər. Bir neçə min il keçmişə malik bir xalqın bu gün yerli paltarı yoxdur, yerli geyimimizi tanımırıq. Halbuki dünyanın çoxlu ölkələrində bu var. Əlbəttə, yerli geyim inkişafa mane olmur, amma bizim yoxumuzdur. Çünki onlar qoymadılar. Bu, bəlli tövsiyəyə əməl olunmasıdır: “iranlı gərək başdan-ayağa qərbli olsun”. Görün, öz kimliyindən uzaqlaşmaq hansı həddə olmuşdur...

Bir zaman bir insan öz meyli ilə ehtiyacına uyğun bir xörəyi, dərmanı seçir və qəbul edir. Bu, seçimdir və çox yaxşı bir şeydir. Amma bir vaxt da bir nəfəri yatızdırıb onun üçün nə lazım olan, nə meyli və iştahası çəkən, nə də faydalı olan bir maddəni zorla boğazına tökür, yaxud bədəninə köçürürlər. Mədəni hücum belədir və uzun illər İran xalqına qarşı bu iş görüldü. Asılı siyasətçilərdən, maliyyə müqavilələri ilə ağızları yumulan şəxslərdən heç bir gözlənti yoxdur. Amma o dövrün elmi və mədəni şəxsiyyətlərindən bu gözlənti var; hansı etiqadda olsaydılar, hətta İslamı qəbul etməsəydilər, imanları olmasaydı da, xalqın mədəni kimliyinə dəyər verməli idilər, lakin vermədilər; qapıları açdılar, gözləri yumdular, mat-məəttəl baxıb bizi geriyə saldılar. Bu səbəbdən elm və texnologiya sahəsində geri qaldıq. İndi xoşbəxtlikdən, belə deyil və vəziyyət çox dəyişib. Mənim gənclik dövrümün ənənəsinə görə isə hər hansı məhsul yalnız xarici olduğuna görə gözəl idi, daxili və yerli olduğuna görə xoşagəlməz. O dövrün ümumi mədəniyyəti belə idi. Ölkənin elm və tədqiqat işində də elmin sərhədlərini yarmaq və bağlı yollarını açmaq cəsarəti ümumiyyətlə, təsəvvür olunmurdu. Özlərində belə bir istedadı görən şəxslər ölkədən xaricdə işləməkdən başqa bir yol görmürdülər. Bizim özümüzün qurmağımız, istehsasl etməyimiz, yaratmağımız ümumiyyətlə, təsəvvür olunmurdu. Mən əlimdə olan müxtəlif məlumat və məruzələrdən buna dair çoxlu real nümunələr bilirəm. Bəlkə sizin bəziniz də bu nümunələrdən xəbərdarsınız. Bu gün isə xoşbəxtlikdən, bu cəsarət, özünəinam və müxtəlif sahələrə giriş cürəti var. İnqilab bu mədəniyyəti dəyişdirdi. Mədəniyyət məsələsi belədir. Bu sadəcə, nümunə idi.64


İslam kimliyi

Biz uzun əsrlər istibdada və tam iki əsr əcnəbilərin hömkranlığına məruz qaldıqdan sonra özümüzə gəldik. Böyük İmam başucalığını bizim xalqımıza qaytara bildi. İngilislər, ruslar və amerikalılar növbə ilə bu ölkəyə ağalıq və həqiqi hökmranlıq etdilər. Zahirən hökumətin başında durmasalar da, ölkənin hər bir işi onların əlində idi. Bizim xalqımız öz hüququndan, sərvətlərindən, izzətindən və dininin həqiqi dadından məhrum olmuşdu.

Bizim böyük imamımız İslama qayıdışla, İslama sarılmaqla ölkəmizdə istibdad və müstəmləkənin uzunmüddətli hökmranlığına son qoyub bizə başucalığı bəxş edə bildi. O bizim xalqımıza İslam kimliyi hissini qaytardı. Hiss etdilər ki, öz ayaqları üstə dura bilirlər, özləri qərar verə, seçə bilirlər, taleyüklü məsələlərdə özləri "hə", yaxud "yox" deyə bilirlər. Bizim xalqımız əsrlər uzunu belə bir şey görməmişdi. Bunu İslam onlara verdi. Dünyanın hər hansı bir nöqtəsində İslam oyanışı hərəkatı güclənsə və möhkəmlənsə, o ölkənin xalqı və gəncləri İslama sarı yaxınlaşdıqlarını duysalar, kimliyin və başucalığının uyğun yenilənməsi baş verəcək.65

Biz on beş il öncəki xalqıq? On beş il öncə İranda vəziyyət necə idi? Bizim və sizin Məşhədimizdə nə baş verirdi? Gənclər necə idilər? Universitet necə idi? Elm hövzəsi necə idi? İndi necədir? Bu dəyişiklik on beş il ərzində həyata keçəsi dəyişiklikdirmi?! Bu, Allahın möcüzəsindən, mənəvi diqqətdən və qeyb aləmindən çaxan şimşəkdən başqa bir şeydirmi?!

Bu inqilab baş verdi və inkişaf etdi. Onun ilk təsiri dünya səviyyəsində yüzəlliillik müstəmləkə binasını yerlə-yeksan etməsi idi. Hansı binanı? Müstəmləkəçilik müsəlmanların ruhiyyəsini əzmək üçün yüz əlli il zəhmət çəkmişdi. Müsəlman dünyada özünün müsəlman olması ilə qürur duymurdu. Sizin hansınız görmüş, yaxud eşitmisiniz ki, tağut dövründə dünyanın hər hansı bir yerində - Avropada, Amerikada, yaxud ucqar bölgələrdə kimsə başını dik tutub fəxrlə desin ki, mən müsəlmanam. O zaman da müsəlman olmaq fəxr idi, amma heç kim bunu hiss etmirdi, ruhiyyələr sarsılmışdı. İnqilab gəlib bu vəziyyəti dəyişdirdi. Müsəlmanlar dünyanın hər bir yerində İslam kimliyi hiss etdilər və ruhlandılar. Buna görə biz deyirik ki, bu inqilabi hərəkat böyük güclərə öz zərbəsini vurmuşdur və onar bir iş görə bilmirlər.66

Biz İslam yolunda və İslam istiqamətində hərəkət edə bilmişik. İslam qanunlarını cəmiyyətə çıxarıb imkanımız həddində icra etmişik. Biz uca İslam dəyərlərini İslam Respubilkasında tanıtdıra, Allahın kəlamını xalq arasında yayıb ürəkləri Allaha sarı yönəldə bilmişik. Yəni inqilab bu işi görmüşdür. Fərdlər bu işləri özlərinə aid edə bilməzlər. Bizim inqilabımız Allahın lütfü ilə belə böyük bir iş görmüşdür. Biz bu uğuru əldə etmişik. İndi də bu yolu ciddi şəkildə davam etdirməliyik. Çünki bu həddə də onun təsirlərini müşahidə etmişik və Allah-Taala bizə başucalığı vermişdir.

Bizim ölkəmiz və xalqımız tağutların uzun hakimiyyəti boyunca təhqir olunurdu, geridə qalmışdı, xalq öz hüquqlarını bilmirdi, dövlət rəsmilərinin xalqla əlaqəsi və hakim quruluşun dünya gücləri qarşısında şəxsiyyəti yox idi, mütləq davamçı idi. Onların nəzərində ilahi təlimlər xalqa faydasız idi, təlim-tərbiyə İslam əsasında deyildi. Tağutların hakimiyyəti dövründə bizim ölkəmiz zəifliyə, xarlığa, yoxsulluğa, bacarıqsızlığa məcbur edilmişdi və bu onu incidirdi.

Allah-Taala İslamın sayəsində, İslam mənəviyyatına diqqətin, İslamın siyasi sözünə diqqətin sayəsində bizi o əziyyətlərdən xilas etdi. Yəni peyğəmbərlik bundan ötrü deyildi ki, bir qrup insan müəyyən bir etiqadı öz beynində saxlasın və fərdi əməlləri yerinə yetirsin, ictimai quruluş isə Allahın düşmənlərinin və allahlıq edənlərin əlində olsun. Peyğəmbər xalqın həyatını formalaşdırmaq üçün gəldi. Allaha şükür olsun ki, bu iş baş tutdu, bizim xalqımız da təsirlərini müşahidə etdi və gözəl nəticələrini gördü.67


Özünəinam prinsipinin dirçəldilməsi

Xalqımız böyük və istedadlı xalqdır. Sonradan belə bir vəziyyət yaratmışdılar. İmamın fəryadı ucaldıqda xalq özünə gəldi. Düzdür, imamın başladığı gündən bu möhtəşəm okeanın fırtınasına qədər on beş il çəkdi – ağrı-acılı on beş il. Lakin xalq əsil-nəsəbli, köklü, istedadlı, qeyrətli, mədəniyyətli və dindar idi, özünü uyuşdurucu və yuxulu vəziyyətdən çıxarıb ayağa qalxa, mübarizə dövründə, xüsusən də son bir-iki ildə öz şəxsiyyətini göstərə bildi. Bu, müsbət cəhət idi. Lakin uzun illər bu ölkədə məcburən yaradılan və öz təsirlərini buraxan reallıqlar imamın qarşısında idi. İndi imam bu cəmiyyəti gözəl və ideal formada qurmaq istəyirsə, nə etməlidir? Görün bu nə qədər mühümdür, zarafat deyil. Siz elə bir yerə getmisiniz ki, materiallar var, imkan var, yer var, lakin bina uçulub-dağılmışdır. Bu materiallarla bu yerdə uca, əzəmətli və əbədi bir bina tikmək istəyirsiniz. Hər mühəndis bu işi görə bilməz. Burada həmin əzəmətli kimlik və şəxsiyyət özünü göstərir. İmam bu xalqa, bu ölkəyə, bu səhnəyə və bu materiallara baxdı. O, İslamı tanıyırdı, İslam amallarını və İslam hökmlərini də bilirdi. İslam materialları və bu xalqın əli ilə əzəmətli, müstəqil, başıuca, xoşbəxtliyə və inkişafa aparan və keçmişin nöqsanlarını düzəldən bir hökumət qurmaq istəyirdi. O bu xalqda hər şeydən çox nəyə diqqət yetirməli idi? Prioritet nə idi?

İmam prioritetləri təyin etdi və rəhbər tutdu. Mənim fikrimcə, bu prioritetlər birinci növbədə iki məsələdən ibarət idi. Biz ilk gündən imamın buyruqlarının, düşüncələrinin, mühakimələrinin və hadisələrdə rəftar tərzinin çoxunu yaxından müşahidə edirdik. Buna görə düzgün anlaya bilərik. Siz bu gün də imamın söz və əməllərini araşdırsanız, imam haqqında bildiklərinizi qarşınıza qoysanız, həmin iki məsələni aydın şəkildə müşahidə edərsiniz.

Birincisi xalqda özünəinam və müstəqillik hissinin dirçəldilməsidir. Uzun illər xalqı inandırmışdılar ki, siz bacarmırsınız. Bütün təbəqələrdən olan şəxslər – ruhani, qeyri-ruhani, ali təhsilli, alim, cahil nə qədər deyirdilərsə, cavab verirdilər ki, olmaz, faydası yoxdur. Bu hiss dəyişilməli idi. Belə ictimai xarakterlər fərdi xarakterlər kimi deyil. Fərdi xarakterlər də asanlıqla dəyişilmir, ictimai xarakterlər isə olduqca çətindir. İmam bunu özünəinam, özünə güvənmək və müstəqil hərəkət hissinə çevirməli idi. Bundan ötrü o bu xalqdan qeyrisinin heç bir müdaxiləsini və təsirini xalqa məcbur etməməli idi və etmədi. İmamın Amerika və ozamankı sovetlər qarşısında möhkəm dayanması bundan ötrü idi. Amerikalılar tam iyirmi beş il başlarını aşağı salıb asanlıqla buraya gəlib-gedirdilər. Burada geniş bir süfrə açılmışdı, onlar və bir qrup muzdur istədikləri hər bir işi görürdülər. İnqilabın ilk aylarına qədər hələ ümidlərini üzməmişdilər. Mən bəzi məsələləri xatırlayıram, lakin indi onları deməyə vaxt yoxdur. İmam bu böyük iddialıların hamısını susdurdu. Əgər azca diqqətsizlik etsəydi, qapıdan qovulmuş həmin şəxslər müxtəlif yollardan və müxtəlif pəncərələrdən yenidən daxil olacaqdılar. İmam əcnəbinin hər hansı nüfuz və hökmranlığının qarşısında möhkəm dayandı. Bu birinci məsələ idi.

İmamın çox diqqət yetirdiyi ikinci məsələ xalqda dini ruhiyyənin dirçəldilməsi və imanın gücləndirilməsi idi. Bu iman onun özündə də var idi. Buna görə dini məsələlər, bəndəlik və dinə aid olan hər bir iş üçün çox çalışdı, diqqət göstərdi və bu sahədə əsla güzəştə getmədi. Çünki din çarədir. Bir xalqda dini ruhiyyə olduqda, təsiri təkcə fərdi baxımdan yaxşı, təmiz və abid insanların olması deyil, düzgün dini ruhiyyənin təsiri ictimai həyatda da əks olunur. Məhz buna görə dünyanın bütün böyük düşmənləri və ölkədəki ardıcılları imamın yaydığı və əsl İslam adlandırdığı dinə qarşı çıxmağa başladılar. Deyirdilər ki, bu din siyasət və hökumət dinidir. Bəzən də anadan qayğıkeş dayə olub - indi də bəzən belə olurlar - deyirdilər ki, siz siyasət və hökumət dinindən danışanda, xalqın dini və imanı zəifləyir. Bu həqiqətin tam ziddinədir. Bir cəmiyyətdə din olduqda orada fədakarlıq ruhiyyəsi olur; bir cəmiyyətdə din olduqda orada agahlıq, sayıqlıq və məsuliyyət hissi olur. Siz görürsünüz ki, bu gün bizim cəmiyyətimizdə və ölkəmizdə, xalqın məlumatlandığı qədərincə, dini məsələlərə qarşı məsuliyyət və qeyrət hissi var. Bu, dini ruhiyyəyə görədir.68

Bizim böyük imamımızın öz hərəkatı və bu xalqın köməyi ilə devirdiyi siyasi quruluş, yəni azğın və asılı şah rejimi, başçılarının və məsul şəxslərinin İran xalqının və bu ölkənin gənclərinin taleyinə əhəmiyyət göstərmədiyi bir rejim idi. Onlar ölkəni və xalqı daha artıq asılılığa sövq edirdilər. Xalqın səadəti onlar üçün əsla məqsəd deyildi. Ölkə yanlış və qeyri-münasib modellərlə idarə olunurdu. Bu modellər yarımçıq formada əcnəbi ölkələrdən alınmışdı, lakin o da icra olunmurdu. Yəni müxtəlif adlar altında və müxtəlif üsullarla mütləq diktatura və totalitar rejim hakim idi. O üsulların heç biri xalqın iradə və istəyindən irəli gəlməmişdi, onların maraqlarına yönəlməmişdi.

İnqilabdan öncəki asılı rejimdə xalq fəsada və cinsi özbaşınalığa düçar olmuşdu; daha doğru desək, fəsada, cinsi özbaşınalığa, özünə inamsızlığa və imansızlığa sövq edilirdi. Yəni xalqın hərəkətini elə tənzim etmişdilər ki, ölkədə imansızlıq günbəgün daha da genişlənsin, xalq düzgün mənəvi imandan məhrum olsun, fəsada çəkilsin, insanlarda əcnəbilər qarşısında özünə inamsızlıq haləti güclənsin, ölkədə iqtisadi və mədəni müstəqilik mənasını itirsin. Həmin fəsad dolu quruluşda əsas istiqamətlər bunlar idi.

Bu mərhələdə Böyük İmamın böyük hünəri bu idi: həmin fəsadlı quruluşun yerinə bu ölkədə elə bir siyasi quruluş yaratdı ki, onda xalqa etinasızlıq əvəzinə xalqa eşq hakimdir, xalqın, xüsusən də gənclərin taleyinə diqqətsizliyin yerinə xalqın və gənclərin taleyinə eşq, onlara qeyri-adi diqqət əhəmiyyət kəsb edir, əcnəbilər qarşısında özünə inamsızlığın yerinə xalqın özünəinamı günbəgün inkişaf edir, əcnəbilərdən siyasi, iqtisadi və mədəni asılılığın əvəzinə siyasi, iqtisadi və mədəni müstəqillik məqsəd seçilir.

İran xalqının Böyük İmamın bu ölkədə bərqərar etdiyi siyasi baxışında öz həyat tərzində digərlərini yamsılamağa və onlardan öyrənməyə ehtiyacı yoxdur. Çünki özü zəngin və güclü mədəniyyətə malikdir; İslamı var, Quran təlimləri var, ilahi hökmləri var, özünün milli və yerli prinsipial ənənələri var və özü üçün şirin, gözəl, möhtəşəm, təminatlı və başıuca bir həyat qura bilər. Böyük İmamın bu ölkədə yaratdığı İslam quruluşunun onun hərəkatından və bizim dövrümüzdə bu ölkədə baş verən əzəmətli möcüzədən qabaqkı azğın rejimlə fərqi bu qədər böyük və barizdir. Diqqətlə baxdıqda görürsünüz ki, tənəzzülə uğramış Pəhləvi rejimində İran xalqına məcburən verilən və həmin siyasi sistemin ayrılmaz xislətlərindən olan bütün mənfi cəhətlər Böyük İmamın bu ölkədə yaratdığı siyasi quruluşda 180 dərəcə fərqli məsələlərə çevrilmişdir.69

Bu ölkədə bizim mühəndislərimiz elektrik stansiyası, bənd, hava limanı tikmək sözünü deməyə cürət etmirdilər. Bu işlərin hamısını xaricilər görməli idilər. İranlı mühəndisin maksimum hünəri xarici bir mühəndisin, yaxud şirkətin götürdüyü proyektdə çalışmaq idi; bunu da əgər onlar qəbul etsəydilər. Bəzi yerlərdə də qəbul etmirdilər. Mən 3-4 il öncə Kərxə bəndi haqda müsahibə verdim və bunu geniş açıqladım. Həmçinin Karun-3 bəndini Dez bəndi ilə müqayisə etdim. Dez bəndi tağut dövründə tikilmişdi, Karun-3 bəndi isə İslam Respubilkası dövründə. Onlar bir-birinə bənzəyir; su və elektrik baxımından bir-birinə yaxın imkanlara malik iki beton bənddir. Dez bəndinin tikilişində nə qədər iranlıları təhqir etdilər, nə qədər aşağıladılar, iranlı mühəndisi, iranlı iş adamını rüsvay etdilər. Lakin bu bəndin tikilişində betonun tökülməsi və dağa birləşdirilməsi baxımından Dez bəndindən daha həssas və mühüm olan bu böyük və mürəkkəb işi iranlı gəncin, mühəndisin özü gördü; bunu təfərrüatı ilə bizə izah etdilər. Stansiyasını özü tikdi, bəndini özü tikdi, suyun altındakı sıradan çıxmış yolu və uzun asma körpünü özü düzəltdi, həm də fəxrlə. Təri axdı, amma fəxrlə başını dik tutdu. Bu kiçik iş deyil. Siz bunu hər şeydə görə bilərsiniz.

Bu gün iranlı mühəndis, alim, doktor, hərbçi qurmağı, istehsal etməyi, yaratmağı, işlətməyi və digərlərindən daha böyük bacarıq göstərməyi özünə borc bilir. O zaman isə hətta təsəvvür də etmirdilər; bunun misalları olduqca çoxdur. Bu, indiki quruluşun işgüzarlığıdır. Bu quruluş bu işi gördü. Ölkənin məhv edilmiş əkinçiliyini bu quruluş dirçəltdi. Ölkənin sadə və ibtidai sənayesini bu quruluş mürəkkəb və həssas nüvə sənayesinə çevirdi. Bu quruluş indi yeni sənaye sahələrində - Nano texnologiyada və digər bu tip sənayelərdə təxminən birinci sıradakılarla çiyin-çiyinə hərəkət edir və işləyir. Bunlar quruluşun səmərəliliyidir.

Siyasi və beynəlxalq mövqe sahəsində bunu kim inkar edə bilər?! Bu gün İslam Respubilkası dövlətinin regional və hətta qlobal siyasətlərə təsirini kim inkar edə bilər?! Müsəlman xalqlar arasında İslam Respubilkasının başucalığını kim inkar edə bilər?! Hansı ölkə iddia edə bilər ki, onun prezidenti, yaxud yüksək rütbəli məmurları başqa bir müsəlman ölkəyə gedirlər, həmin müsəlman ölkənin hökuməti istəməsə də, xalqı toplaşır və onun xeyrinə şüar verir?! İslam Respubilkasından başqa hansı ölkə bunu iddia edə bilər?! Yalnız İslam Respubilkasının başçılarının digər xalqlar arasında mənəvi, həqiqi və siyasi hörməti var. Bunlar nailiyyət deyil?! Hansı nailiyyət bunlardan mühüm və daha üstündür?!

İslam ölkələrinin İslam kimliyi, antiimperializm və müstəqillik hissini bu quruluş yaratdı və inkiaşf etdirdi.70

Bu mərkəzlərin bünövrəsini qoyanlar, bu sərhədlərin xaricindən başqa bir yerə könül verməmişdilər. Buranı xaricilər düzəltdilər, xaricilər proqram hazırladılar və özləri də bəhrələndilər. Bəlkə də bu imarətlərın qədim hissələri almaniyalılar vasitəsilə düzəldildi, ingiltərəlilər tərəfindən proqram hazırlandı və idarə olundu, sonralar da amerikalılar istifadə etdilər. Lakin bu gün bu mərkəzdə iranlı qurur, iranlı öyrədir, iranlı öyrənir və iranlı qazanc götürür. Məqsəd xalqın maraqlarıdır. Bu əziz və möhtəşəm bir şeydir, dəyəri bilinməlidir. Bu xalq hər yerdə xidmətə layiqdir.71

Biz əcnəbi qüvvələrin siyasətlərini izləyən, nüfuzlu dövlətlərin qərarlarına tabe olan tanınmaz bir xalq idik; bir gün ABŞ-ın, ondan qabaq İngiltərənin, bir gün də Rusiyanın. Lakin bu pak şəcərə bizi dünyanın ən təsirli xalqlarından birinə, regionda isə ən təsirli ölkəyə və xalqa çevirdi. Bunu bizim düşmənlərimiz etiraf edirlər. Biz özünü unutmuş, öz daxili qüvvələri ilə tanış olmayan, onlara inanmayan, əcnəbilərin bərbəzəyinə göz dikmiş və aldanmış bir xalq idik. Lakin bu pak ağac bizi yaradıcı, özünə güvənən, müxtəlif sahələrdə yeni sözlərə malik bir xalqa çevirdi. Bu gözəl ağacın şirin meyvələri bu gün müxtəlif sahələrdə - istər humanitar, istər təcrübi elmlərdə, istər ictimai məsələlərdə, istər siyasətdə, istər dində minlərlə tədqiqatçı, alim, mütəfəkkir beyin və qüdrətli qoldur. Bu gün biz əksəriyyəti gənc olan məqsədli, imanlı və inkişafın bütün şərtlərinə malik bir xalqıq.72

Bizim ölkəmizdə və necə deyərlər, üçüncü dünyanın bir çox ölkələrində məmləkəti idarə etmək üçün iki nəzəriyyə mövcuddur: Biri budur ki, bir ölkənin xalqı, ziyalıları və qərar verənləri ölkələrini qorumaq və gələcək naminə qüdrətli bir qlobal gücə arxalanmağın zəruri olduğunu bildirirlər. Bu qlobal gücün kimliyinin – istər elmdə, istər dünya siyasətində və mədəniyyətində üstün qüvvə olmasının onlar üçün fərqi yoxdur. Deyirlər biz bu gün elmi, siyasi və texniki yarışlarda birinci yerdə duranların davamçısı olmalıyıq. Dəlilləri budur ki, onlar güclü olduqlarından biz onların qanadları altına girməliyik.

Dünyanın zəif ölkələrində bu baxış və təfəkkür tərzi hakimdir. Siyasi və coğrafi məsələləri araşdıranlar bilirlər ki, belə təfəkkür tərzi Latın Amerikası, Afrika və bəzi Asiya ölkələrində mövcud olmuşdur. Bəzi ziyalı və siyasətçilər bunu rəhbər tuturmuşlar. İranın keçmiş rejim başçıları da bu fikirdə idilər. Deyirdilər ki, ABŞ, yaxud bəzi Avropa dövlətləri pullu, güclü, elmli, yaxud silahlıdırlar, biz nə üçün özümüzü onlardan ayıraq, nə üçün onların davamçısı olmayaq; hər halda, nə də olsa, onlar ərbab və ağadırlar.

Keçmişdə ölkəmizdə də belə təfəkkür tərzi hakim idi. Əgər sizdən kimsə tağut dövrünün feodal kəndlərində yaşamışsa, bu təfəkkür tərzini xanın artığını yeyən rəzil, zəlil və zəif təbəqələrdə müşahidə etmişdir. Belə təfəkkür nəticəsində tağut Pəhləvi rejiminin başçıları ağıllı, qeyrətli, cəsarətli, sivilizasiyada və elmdə parlaq keçmişi olan bu xalqın sərvətlərini ABŞ-dan hərbi təyyarə almağa xərcləyirdilər. Bir təyyarənin bir hissəsində eyib və qüsur yarandıqda yerli mühəndis və mexanikin açıb nöqsanını düzəltməyə haqqı çatmırdı. Çünki hissələr mürəkkəb hissələr idi. Yəni bəzən təyyarənin bir hissəsi bir-birinə bağlı olan on detaldan təşkil olunurdu. Onlar nöqsanlı hissəni açıb təyyarə ilə onu istehsal edən və satan ölkəyə - əsasən də ABŞ-a göndərirdilər. Sonra nöqsanlı hissəni təhvil verib yenisini alır və geri qayıdırdılar. Nə üçün iranlı bir mühəndisin təyyarənin xarab hissələrinə əl vurması yasaq idi? Çünki onlara deyirdilər ki, sizin belə məsələlərlə nə işiniz var, bunlar xarici mütəxəssislərə aiddir, siz ümumiyyətlə, belə işlərə qarışmayın. Bir xalqı təhqir etmək belə olur. Mən çox təəssüflə deməliyəm ki, bu gün də ölkənin bəzi yerlərində belə təfəkkür tərzinə malik insanlar tapılır. Yəni hələ də bəziləri Qərbə və ABŞ-a bağlı olan keçmişdəkilərin fikir və üsul tör-töküntülərinin təsiri altındadırlar.

Bu bir nəzər və təfəkkür tərzidir. Başqa bir nəzər və təfəkkür də deyir ki, biz bacarıqlı bir xalqıq, bu bacarıqlardan istifadə etməyi prinsip seçməliyik. Düzdür, harada işimiz alınmasa və başqasının daha yaxşı alətə malik olduğunu görsək, gedib ondan borc alar, işimizi yoluna qoyarıq. Sonra da özümüz həmin aləti düzəltməyə çalışarıq. Bu, ağıllı bir işdir. Sizin avtomobiliniz, qazınız, yaxud soyuducunuz hər dəfə xarab olduqda qonşunun yanına gedib deyə bilməzsiniz ki, zəhmət olmasa, bunu bizim üçün təmir edin. Bu iş asılılıqdır. Düzdür, bəzən lazımdır, yəni qarşı tərəfin ixtisası var və siz ondan öyrənməlisiniz; bunun eybi yoxdur. Qonşunun işlədə biləcəyi bir aləti var, siz onu əmanət götürün və sonra da çalışın ki, özünüzü ondan ehtiyacsız edəsiniz. Bir xalq miqyasında bu ehtiyacsızlıq elmi, əməli, texniki, mədəni və bir sözlə, hərtərəfli müstəqillik deməkdir. İslam inqilabı əvvəldən belə bir müstəqillik istəyir.

Deməli, belə nəticə alırıq ki, bu təfəkkür tərzi ilə elmi, texniki və digər müstəqillikləri əldə etmək olar. Bizim imamımız xalqa demək istəyirdi ki, ey xalq, ey gənc, ey fəhlə, ey mühəndis və müdir, sən əcnəbiyə arxalanmadan özün bacararsan. İmam bizdə bacarmaq ruhiyyəsini dirçəltmək istəyirdi. Asılılıqla sonuclanan birinci təfəkkür tərzinə malik şəxslər keçmiş onillər boyunca həmişə iranlını ələ salıb lətifə düzəldirdilər ki, məgər daxili məhsul məhsuldur?! Bir xalqa bundan böyük zülm ola bilməz.73


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə