Birinci fəsil: Zalım şahlıq


Üçüncü fəsil: Uğurun doğuşu



Yüklə 0,73 Mb.
səhifə6/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

Üçüncü fəsil: Uğurun doğuşu


Siyasi müstəqillik

Bu İran ölkəsində xain Məhəmmədrza Pəhləvi Baş nazir, Neft şirkətinin prezidenti, Müdafiə, yaxud Xarici işlər naziri təyin etmək üçün İngiltərə və ABŞ-ın Tehrandakı səfirlərinin yanına adam göndərib deyirdi ki, filankəsi gətirmək istəyirəm, fikriniz nədir? Əgər onlar "gətir" - desəydilər, gətirirdi, "gətirmə" - desəydilər, gətirmirdi.101

Bu inqilabın dəyəri ondadır ki, ölkəmizi qlobal hegemonların istismarından xilas etdi. Siz görün dünyada beynəlxalq tamahkarlar və inhisarçılar xalqlara nələr edirlər! Bu ölkəyə, bu xalqa, bizim neftimizə, mədəniyyətimizə, hökumətimizə, insani və maddi sərvətlərimizə onlar hakim idilər. İnqilab onların hökmranlığına son qoydu, onları ölkədən qovdu və xalqa təsirlərini azaltdı. Bu bizim inqilabımızın dəyəridir. Bu inqilabı uca tutmalı, öz yolunda möhkəm saxlamalı və uca məqsədlərinə sarı irəliləməsinə kömək etməliyik. Bu prinsip, əsas və təməllər bizim gələcəyimizi, taleyimizi, iqtisadiyyatımızı, mədəniyyətmizi, dinimizi və dünyamızı gözəlləşdirəcək, əziz və məzlum ölkəmizin yaralarını sağaldacaq.102

Yüzillərlə müsəlman xalqlar zəif və başıqapazlı yaşadılar. Yüzillərlə İsam dini müsəlman ölkələrində hakim olmadı, tağut və diktatorlar xalqa hakim oldular. Müstəmləkə dövründə də müstəmləkəçilər və xalqların sərvətlərini talayanlar müsəlman xalqlardan, o cümlədən bizim xalqımızdan hər şeyi aldılar. Onlar xalqın İslam inancını da almaq istəyirdilər. Buna çox çalışdılar, lakin bizim dövrümüzdə Allahın böyük möcüzəsi baş verdi; yəni hegemon və müstəmləkəçi təxribatçılar İslamın məhv olduğunu, müsəlman xalqların daha ayağa qalxmayacağını güman etdikləri halda, qəfildən bizim böyük, qorxmaz və imanlı xalqımız ilahi və müstəsna rəhbərin ardınca gedib ayağa qalxdı, uca səslə dünyaya dedi ki, biz özümüzün, İslam və Quranımızın nurlu hökmlərinin həyatımıza hakim olmasını istəyirik; dedi ki, müsəlmanlar özləri öz ölkələrini idarə edə, şərəflə yaşaya bilərlər; dünyaya bildirdi ki, biz dinimizin, millətimizin və vətənimizin düşmənlərinin nökəri olmaq və onların fərmanı altında yaşamaq istəmirik. Bunu bizim xalqımız özünün böyük inqilabında bütün dünyaya elan etdi.103

Müstəqil xalq o xalqdır ki, amerikalı, ingiltərəli, yaxud bir zaman rusiyalı ərbablar və onlar kimiləri onun taleyinə müdaxilə edə, öz xeyirlərinə olan işi görüb xalqın xeyrinə olanı kənara tullaya bilməsinlər. Müstəqil olmayan ölkələr belədir. Bu gün bəzi ölkələrə baxın, mən adlarını çəkmirəm, özünüz haraları dediyimi biləcəksiniz. Bu ölkələrin başçıları ABŞ-ın fərmanına müti dayanmışlar. Bir xalqın və ölkənin başçıları ABŞ-a müti olsalar, məmləkətdə nə edərlər? Bəllidir ki, həmin ölkədə ABŞ-ın maraqları icra olunacaq. Alış-veriş, təbliğat, yuxarıya çəkmək, kənarlaşdırmaq, işdən çıxartmaq, işə təyin etmək, xülasə, o ərbabların xeyrinə olan hər bir iş bu ölkədə baş verər, xalqın xeyrinə olan heç bir iş isə görülməz. Bir xalqın müstəqil olmaması belə bir müsibətdir. Keçmiş rejimdə də belə idi. Keçmişdə bu ölkənin ən mühüm problemi o idi ki, mənfur Pəhləvi rejimi ABŞ-a, ondan qabaq da İngiltərəyə bağlı idi. Onlar deyirdilər ki, kim yuxarıya gəlsin, Baş nazir, məmur, nazir, yaxud Neft Şirkətinin başçısı olsun və ya filan vəzifəni tutsun; amerikalılar deyən kimi o şəxsə yüksək vəzifə verirdilər. Bu xalqın xarici düşmənlərinin səhnədən kənarlaşdırmaq istədiyi hər bir şəxsi kənarlaşdırmaq üçün bunlar – yəni Pəhləvi rejimi bütün güclərini işə salırdılar. Bu məmləkətdə amerikalıların xeyrinə olan iş həmin rejimin vasitəsilə icra olunurdu. Əgər hər hansı bir iş onların zərərinə və xalqın xeyrinə olsaydı, həyata keçməzdi, hətta o işə qarşı da çıxırdılar. Bir ölkənin müstəqil olmaması belədir.

Bizim xalqımız mübarizə aparıb müstəqillik əldə etdi. Bu müstəqillik nədir? Bu, mühüm sualdır. Üç növ müstəqillik var və bu üç müstəqillik bir-birinin ardınca gəlir. Onların birincisi çətin, ikincisi birincisindən, üçüncüsü isə hər ikisindən çətindir. Çətin olan, bizim xalqımızın həll etdiyi və nəticəsini gördüyü müstəqillik siyasi müstəqillikdir. Biz onu əldə etdik və bu çox çətin idi.104


Seçkilər və demokratiya

Əgər minillər öncədən - yazılı tariximizin çatdığı zamandan bu günə qədər ölkəmizin tarixinə baxsanız, daim diktatura monarxiyasının, bir şəxsin başçılıq etdiyi azsaylı bir qrupun bütün xalqa hakimiyyətinin mövcud olduğunu görərsiniz. Bu bizim tariximizdir. Bizim şahlıqlarımızın hamısı belə olmuşdur. Bizim hörmət etdiyimiz bəzi padşahlar – qüdrətli Qəznəvi və Səlcuq padşahları, Səfəvi padşahları, Şah Abbas, Şah İsmayil, Şah Təhmasib də belə olmuşlar. Bunlar bizim yaxşı padşahlarımızdır. Lakin onlar məmləkəti necə idarə etdilər? İdarəetmə üsulu necə idi? Bir nəfər başda və hamı ona itaətkar. Və kiçik bir qrup ölkənin bütün taleyini həll edir. Xalqın heç bir təsiri yoxdur və məmləkət bunlarındır.

Padşah öz nazirlərinə "mənim nökərlərim" deyirdi; nökəri idilər. Doğrudan da belə idi. Nasirəddin şah, Məhəmməd şah, Fətəli şah və sonrakılar hətta nazirlərinə və Sədr-əzəmlərinə deyirdilər ki, siz yaxşı nökərsiniz. Ölkədə siyasi mədəniyyət belə idi. Baş nazir və nazirlər şahın nökəri olduqda, xalqdan danışmağa dəyməz. Məmləkət azsaylı bir qrupa və əslində, bir nəfərə məxsus idi. Bu bizim tariximizdir.

Bu ölkənin məsul şəxsləri olan sizlər bu xalqdan və bu inqilabdan elə bir quruluş təhvil aldınız ki, onun bütün orqanları xalqın əlində və xalqın seçimi ilədir; rəhbər, prezident və parlament xalqın seçimi ilədir. Məntiqli və əqli olaraq xalqın vasitəsilə seçilən bu qurumlar xalqın ixtiyarındadır. Əlbəttə, silahlı qüvvələr və məhkəmə hakimiyyəti dünyanın heç bir yerində xalq tərəfindən seçilmir. Bu başqa bir məsələdir, bunun öz meyarları var. Bu, xalq tərəfindən seçilənlərin vasitəsi ilə seçilir. Siz burada belə bir quruluş qurmusunuz. İndi 28 ildir ki, bu məmləkətdə seçkilər keçirilir. Düzdür, ölkəmizin seçkiləri haqda boş-boş danışıqlar var. Dünyada nəyə qarşı boş-boş danışmırlar?! Allahın müqəddəs zatına qarşı da boş-boş danışanlar var, dinə də qarşı. Daha bundan aydın və açıq demokratiya necə olmalıdr?!105

İslam dövləti yaddaşlarda sülalə xilafətləri formasında qalmışdır. Elə bilirdilər ki, İslam dövləti Bəni-Ümməyə, Bəni-Abbas, yaxud Osmanlı xilafəti kimidir: bir nəfər xəlifə adını alır, əslində və əməldə isə fironluq və şahlıq edir. Dünyadan köçəndə də bir nəfəri öz yerinə təyin edir. Dünya xalqlarının zehnində İslam hökuməti bu formada canlanırdı. Bu, İslama və İslam hökumətinə ən böyük hörmətsizlikdir. İmam xalqın seçkisi, iştirakı olan İslam hökumətini növbəti dəfə xalqımıza izah etdi və cəmiyyətimizdə həyata keçirdi.

Bu gün ölkəmizdə müxtəlif səviyyəli məmurlar birbaşa, yaxud dolayısı ilə xalqın vasitəsilə seçilirlər. İslam Respubilkası quruluşunda sülalə vəzifəsi yoxdur, pula, maddi və dünyəvi amillərə görə vəzifə verilmir. Prezidentin, İslam Şurası Məclisinin, rəhbəri təyin edən dini ekspertlərin və bələdiyyələrin xalq tərəfindən seçilməsi ölkəmizin, İslamın və imamın fəxrlərindəndir. Bizim konstitusiyamız müəyyən müddətə baş verən bu həssas və taleyüklü seçkiləri təyin etməklə İslam dünyasında mömin, aydın və yenilik istəyində olan beyin və fikirləri özünə cəlb edə bilmişdir.106

Bu ölkədə mövcud olan mənfur və pis keçmişə rəğmən, bu quruluş demokratiyanı həyata keçirə bildi. Biz bu gün təxminən hər il bir seçki keçiririk, 28 ildə təxminən 28 seçki keçirmişik. Bütün bu seçkilər sakit şəkildə, sağlam formada və ciddi başağrılar olmadan baş tutmuşdur. Bu onu göstərir ki, ölkədə demokratiya oturuşmuşdur. Bu işi kim gördü? Bu quruluş gördü. Bu çox mühüm uğurdur.107

Mühüm olan budur ki, xalq bu seçim sahəsində öz birliyini göstərsin. İran xalqı İslam inqilabından öncəyə qədər heç bir dövrdə bu seçim imkanına malik olmamışdır. İslam inqilabı bu imkanı İran xalqının ixtiyarında qoymuşdur. İslam inqilabından öncə İran xalqı oturub tamaşa edirdi ki, kim hakimiyyətə gələcək və istədiyi qərarı verəcək. Onları kim hakimiyyətə gətirirdi? Dünyanın müxtəlif əlləri və müxtəlif siyasi cinahları; bir gün ruslar, bir gün ingilislər, bir gün amerikalılar. Bu hadisələrdə İran xalqı tamaşacı idi və heç bir ixtiyara malik deyildi.

İnqilabın bizə veridiyi azadlıq və demokratiya, hətta nisbətən azad və öz sözləri ilə desək, demokratik bir dövr olan Müsəddiqin dövründə də yox idi. Doktor Müsəddiq o zamanın Şura Məclisini - yəni demokratiyanın atributu olan parlamenti buraxdı. Düzdür, onda demokratiya da yox idi, lakin Müsəddiq dedi ki, mən səlahiyyət istəyirəm. Səlahiyyəti aldı - əvvəl altı ay, sonra daha altı ay. Özünün ikiillik hökumətində bir il, yaxud bir qədər artıq mütləq səlahiyyətlərlə rəhbərlik etdi; özü qanun çıxarır, özü imzalayır və özü icra edirdi. Bunun harası İslam Respubilkası quruluşu ilə müqayisəolunasıdır?! Bu 26 il ərzində İslam Şurası Məclisinin və xalqın nümayəndələrinin iş başında olmadığı bir gün də olmamışdır. Bütün bu dövrdə bir-birinin ardınca seçkilər keçirilmişdir. İslam Respubilkasının ömründən 26 il ötür və biz təxminən 25-26 seçki keçirmişik. Bu, İran xalqı üçün bir imkandır. Bu imkanı bizə İslam, inqilab və İslam Respubilkası verdi.108

Bizim ölkəmizdə diktatorlar həmişə xarici istismarçılara arxalanmışlar. Pəhləvi və ondan öncə başqa bir formada Qacar rejiminin diktatura və hegemonluğu onların əcnəbi qüvvələrə söykəndiyinə görə idi. Rza xan İngiltərəyə arxalanırdı. Məhəmmədrza əvvəlcə İngiltərəyə arxanlanırdı, sonra isə Amerikaya üz tutdu. O, Amerikanın maraqlarını və nüfuzunu onların istəyinə uyğun şəkildə təmin edirdi. Onlar da onu müdafiə edir, sonra bu ölkəyə və bu xalqa qarşı istədikləri işi görürdülər. Bu xalqı əlli il repressiya şəraitində saxladılar. Beynəlxalq baxımdan inkişaf üçün ən yaxşı və ən hazırlıqlı bir dövrdə bu xalqın elm, sənaye, mədəniyyət və əxalq inkişafının qarşısını aldılar, bu xalqı və bu ölkəni geriyə saldılar. Onların məqsədi eyş-işrət, sərvət toplamaq və öz xarici ərbablarına xidmət göstərmək idi. Onlar həmin xarici qüvvəyə arxalanaraq özlərini İranda tam möhkəmlətmişdilər. Onları uzaqlaşdırmaq, bu əyri, zərərli, lənət, nifrət və uğursuqla dolu rejimi devirmək hər kəsin işi deyildi. Böyük İmam İslam bayrağı altında hərəkat yaratdı. İmamın prinsipləri İslam prinsipləri, ədaləti İslam ədaləti, demokratiyası İslam demokratiyasıdır.

Bizim Böyük imamımız və İslam quruluşumuz barədə ən böyük insafsızlıqlardan biri budur ki, əcnəbi media imamı, İslam quruluşunu və İslam Respubilkasını avtoritorizmdə və demokratiyadan uzaq olmaqda ittiham edir. Bu inqilab İranda belə möhtəşəm şəkildə baş verdi, qələbədən sonra xalq ilk referendumu keçirdi. Bu heç bir inqilabda görünməmişdi. Siz baxın, bir ölkədə bir çevriliş, kiçik bir dəyişiklik və yerdəyişmə baş verəndə seçkilər 2-3 il təxirə düşür. Ölkədə xalq seçki qutusunu tanımırdı. Tağut rejimi dövrünün seçkiləri formal və yalançı idi. Xalq heç zaman seçkilərdə iştirak etməmiş və sözün həqiqi mənasında səs verməmişdi. Parlament seçkilərində kimi istəyirdilərsə, qutulardan onun adını çıxarırdılar. Belə bir şəraitdə inqilabın qələbəsindən iki ay sonra imam xalqı seçki məntəqələrinə çağırdı və xalq İslam Respubilkasına səs verdi. Bir ildə xalq beş dəfə seçkilərdə iştirak etdi. İnqilabdan ötən 23 il ərzində bizim xalqımız 23 dəfə İslam Şurası Məclisi, Dini Ekspertlər Məclisi, prezident və bələdiyyə seçkiləri, həmçinin konstitusiya və İslam Respubilkası quruluşunu təyin etmək üçün 23 dəfə seçkilərdə iştirak edib, səs verib. Hətta zahirən demokratik olan hansı quruluşda xalqın səsinə və istəyinə bu qədər önəm verilir?!109

İslam Respubilkasından və bu mübarək inqilabın qələbəsindən öncə ölkəmiz 50 il bu vəziyyətdə idi: seçkilər yox idi, tapşırıqla gəlmiş deputatlar vardı, ingiltərəlilər tərəfindən hazırlanmış və amerikalılar tərəfindən istifadə olunan padşah hakimiyyətdə idi. O zaman bu ölkədə və bu gün regionun mürtəce ölkələrində insan hüquqlarının pozulmasından söhbət açılmırdı və açılmır. İslam Respubilkasında hər şey xalqın çiynində və xalqın iradəsi ilə baş verir. Bu gün Allahın lütfi ilə bu ölkədə mövcud olan azadlıq İran tarixində misilsizdir, ya da misli azdır. Bizim keçmişimiz tiranlar dövrü olmuşdur. Keçmişə nə qədər baxırıqsa, qaranlıq və repressiya görürük. Bu gün Allaha şükür olsun ki, İran xalqı azaddır, düşünür, seçir və qərar verir.110

Hamının yerinə qərar verməyə çalışan qüdrətli dövlət və mərkəzləri biz inqilabın əvvəlindən Hegemonizm adlandırmışıq. O, xalqları, onların hüquqlarını saymır, maraqlarını nəzərə almır. Hegemonizmin siyasəti belədir və belə də edirlər. Bizim ölkəmizdə inqilabdan öncə on illərlə bu siyasət izləndi. Başqa ölkələrə də baxsanız, - mən ad çəkmir və zaman müəyyən etmirəm - çoxlu nümunələr görə bilərsiniz. Bunun əksi nədir? Əksi odur ki, bir ölkədə xalq siyasətə qarışsın, “hə” və “yox” desin, öz istəyini bildirsin, hüququnu tələb etsin, ölkəsinin məsələlərinə açıq gözlə, möhkəm iradə ilə, güclü addımla müdaxilə etsin. Ölkəmizdə bu tilsimi möhtəşəm İslam inqilabımız və onun misilsiz rəhbəri açdı. İnqilabdan öncə onillər boyu bu ölkədə parlament, seçki və bu kimi məsələlər yox idi. O dövrdə xalq bir dəfə də seçkilərdə iştirak etmədi, seçkiləri, hökuməti tanımadı, qərarlardan xəbəri yox idi. Bütün işlər bu xalqdan uzaqda görülür, qərar verilir və əməl olunurdu. İnqilabın əvvəlindən isə xalq səhnədədir. Ölkə məmurları qərar verirlərsə, cəsarət göstərirlərsə, möhkəm addım atırlarsa, xalqın dəstəyinə görədir. Bir ölkədə xalq səhnədə olduqda hakimiyyətə şərik olur, daha nə qlobal hegemonlar onu bir şeyə məcbur edə, yaxud kimisə onların belinə mindirə bilir, nə də hakimlər zəiflik göstərib əcnəbilərin istəyinə təslim olurlar. Çünki xalq tələb edir.111

Xalqımız ötən əsrlərdə - çox keçmişə qayıtmasaq, deməliyik ki, son əsrlərdə - qlobal güclərdən asılı şəxslərin hakimiyyətinə məhkum olmuşdu. Onlar zorla, qətllə hakimiyyətə gəlir, zalımlıqla, diktatorluqla, eqoistliklə şahlıq edirdilər. Düzdür, bəzi bacarıqlı və ləyaqətli insanlar da vardı. Onlar ən azı hansısa sahədə xalqımızın qüdrətini göstərə bilirdilər. Bəzilərində isə bu da yox idi. Dünyadan köçdükdən sonra onların varisləri – övladları, qardaşları, yaxud qardaşı uşaqları heç bir haqqa malik olmadan hakimiyyətə yiyələnirdilər. Onları seçməkdə, istəməkdə, qəbul etməkdə və bəyənməkdə xalqın heç bir rolu olmurdu. İran xalqı əsrlərlə belə yaşadı. Onların sonuncusu bu asılı və azğın sülalə idi. O, çevrilişlə hakimiyyətə yiyələnib, 50 ildən artıq diktatorluq etdi, hakimiyyətinin son illərini İran xalqının hərraca çıxarmaqla keçirdi.

Böyük İmam özünün aydın fikri, ağıllı şəxsiyyəti, güclü və qətiyyətli qərarı, uca insani xislətləri və vücudunda dinə dair həqiqi inanc və bəndəliklə xalqın arzularını əks etdirə bildi; xalqın fəryadını, çağırışını və istəyini tərənnüm etdirdi. Xalq öz istəklərinin bu kişinin vücudunda və sözlərində əks olunduğunu gördükdə onun arxasınca hərəkət etdilər. Bu coşqun dalğa, böyük və tufanlı dərya böyük işlər görüb xalqı o vəziyyətdən xilas edə bildi. İran və iranlı yeni yolda - xalqın iştirakı və seçimi yoluna, xalqın istək, etiqad, rəğbət, məsləhət, xeyir və ziyanına əhəmiyyətli yanaşmaq, xalqın şəxsiyyətinə dəyər vermək yoluna qədəm qoydu. Bizim böyük imamımız və İslam Respubilkası Allahın lütfü ilə bu yolla getdi. Bu gün xalqımız dünyada başıuca xalqdır, özündə bacarıq, qüdrət və qürur duyur, özünü böyük və zalım güclərin, istismarçıların təhqirindən xilas edib, ideal həyat və gözəl yaşayış yoluna daxil olub.112
Keçmiş parlamentlərimiz

Bu ölkədə on illərlə Məşrutə adı mövcud idi, lakin mənfur, ziyanverici və rəzil Pəhləvi sülaləsinin İrana şahlığı dövründə demək olar ki, parlament yox idi. Mərhum Ayətullah Kaşaninin və milli hərəkatın çalışdığı və parlamentin dirçəldiyi qısa bir dövrdən başqa həmin əlli ilin hamısında nə vardısa, məzmunsuz bir forma, məğzi və mənası olmayan bir ad idi. Bu həmin əlliillik dövr haqqında.

Əlliillik dövrdən qabaqkı 20 ilə yaxın müddətdə də bu ölkədə Məşrutə vardı. Məşrutənin əvvəlində yaradılmış Milli Şura Məclisi tətillərlə, bağlanmaqla, topa tutulmaqla və digər hadisələrlə yanaşı, ümumilikdə təxminən dörd çağırış işlədi. O məclislərin tarixi çox ibrətamizdir. İslam Respubilkasının və İslam inqilabının bu ölkəyə və bu xalqa doğrudan da nə verdiyini bilmək üçün hər bir adamın keçmişi öyrənməsi lazımdır. Necə olduğumuzu bilməyincə, bu gün nəyə malik olduğumuzu bilmərik. Həmin ilk bir neçə ildə, hələ məclis şahın, komandanın, dövlətin və xarici səfirliyin təsiri altında olmadığı zaman, ibtidai olmasına baxmayaraq, ölkənin vəziyyətinə təsir göstərən bir parlament oldu. Harada azca xarici təsir əlaməti olsaydı, var gücü ilə dayanırdı; Rusiya ultimatum verəndə müqavimət göstərdi; xaricilərdən kredit alınmasında müqavimət göstərdi; Vüsuqüddövlə müqaviləsində müqavimət göstərdi. O məclisdə Müdərris kimilərdən az-çox vardı. Zaman onların həmişə Müdərris kimi qala və Müdərris kimi ola bilmədiklərini göstərsə də, Müdərris, Xiyabani və digər müstəqil və imanlı şəxslərin sayəsində həqiqi parlamentə bənzəyirdi.

Bu, ilk iki parlament haqda. Sonra həmin şəxslərin təmsil olunduğu həmin parlamentdə xarici siyasətlərin təsiri göründü. İş elə bir yerə çatdı ki, çevrilişdən sonra Baş nazir olan Həsən Müşirüddövlə Pirniya öz kabinetini Milli Şura Məclisinə təqdim edəndə və məclis nazirlərin bir-ikisini rədd edəndə üzünü deputatlara tutub dedi: “Bizim cənub qonşumuz (yəni İngiltərə) bu iki nəfərin bizim kabinetimizdə olmasını istəyir”. Sonra məclis səs verdi. Qondarma cənub qonşunun iradəsi ilə əvvəlcə rədd olunmuş iki nazir məclisin səsini qazandı. İngiltərə Hindistanı və Bəhreyni işğal etdiyindən və Fars körfəzində olduğundan onu cənub qonşu adlandırırdılar. Hətta Pəhləvilər dövrünə qədər İngiltərə cənub qonşu adlandırılırdı. Avropada yerləşən və İrandan minlərlə kilometr uzaqda olan bir ölkənin adı qonşu idi. Çağırılmamış bu qondarma qonşu nəzərdə tutduğu iki nəfərin həmin kabinetdə olduğunu istədiyindən, nə Müşirüddövlə “cənub qonşumuz bu iki nəfərin olmasını istəyir” deməyə xəcalət çəkirdi, nə də məclis bəyənmədiyi iki naziri cənub qonşunun istəyinə görə qəbul etməyə. Əvvəllər Rusiya ultimatumu, Vüsuqüddövlə müqaviləsi və digər hadisələr qarşısında etirazını bildirən məclis bu səviyyəyə endi.

Mən birinci və ikinci çağırış parlamentlərin müqavimət göstərib möhkəm dayandığı yerləri qeyd etmişəm. Güman ki, on, yaxud ona yaxın nümunə var. Bu parlamentlər möhkəm dayanmış, xalqı həvəsə gətirmiş və hökumətləri gücləndirmişdi. O zamanın hökumətləri mahiyyətcə gücsüz və xəstə hökumətlər olsa və çoxusunun beyni qərbli müftəxorlara bac vermək əsasında qurulsa da, hər halda, bu parlament imkan daxilində onları qoruyurdu. İlk dövrlərinə görə tarixdə başıuca qalan bu parlament tədricən elə bir vəziyyətə düşdü ki, bəzi deputatların müxalifət cəsarəti itdi və problemli hesab etdikləri iclaslarda iştirak etmədilər. Məgər siz iştirak etməyəndə üzərinizdən məsuliyyət götürülür?! Siz deputatsınız və məsuliyyət hiss etməlisiniz.

Onların bəzisi fəxr edirdilər ki, İran şahlığının azğın və rüsvayçı Pəhləvi sülaləsinə verildiyi iclasda iştirak etməyiblər; halbuki iştirak edib qarşı çıxmalı idilər. Bəziləri asılı və qeyri-müstəqil idilər. Cəsarətləri də vardı, lakin o cəsarəti batil və haqqın ziddinə olan yerdə işlədirdilər. Cibləri və qarınları haram malla dolu idi. Rüşvət tamahı, vəzifə tutmaq tamahı, hakimiyyətə gəlməsi mümkün olan, yaxud bu gün hakimiyyətdə olan şəxsə kömək etmək tamahı onları elə gic etmişdi ki, məsuliyyətin nə olduğunu dərk etmirdilər. Məsuliyyət hissi yox idi, müstəqillik yox idi, cəsarət yox idi, məlumat, elm və bilgi yox idi və buna görə də bəlli vəziyyətə düşdülər. Əgər Məşrutə bu hərəkatın həqiqi, ixlaslı və mömin rəhbərlərinin - şübhəsiz, onların ən üstünü böyük din alimləri idilər. Kim bu həqiqəti inkar etsə, qəti və aydın məsələləri inkar etmişdir. Bəzi qüvvələr inkar edir, bizim keçmişimiz haqda tarix yazıb, həqiqətləri dəyişdirirlər - əvvəldə istədiyi kimi getsəydi, ölkəmiz dünya tarixinin ən həssas dönəmlərində əlli il geri qalmazdı. Biz 50 il ziyan gördük. Biz İran xalqı o savadsız quldurun, ailəsinin, övladlarının, qohumlarının və yaxınlarının, yəni bu ölkəyə hakim olan qüvvələrin - inqilabın qələbəsindən öncəki son yarım əsrdə ingilislərin və sonra da amerikalıların hökmranlığına, eləcə də parlamentin səhlənkarlığına görə zərər gördük və ziyana düşdük.113

Bu xalq tarixi boyunca həqiqi parlamenti inqilabdan sonra təcrübə etdi. İnqilabdan öncə iki-üç parlamentdən başqa bu ölkədə xalq parlamenti mövcud olmamışdır. Əvvəllərdə bir-iki parlament, sonra ortada bir parlament xalq və millət parlamenti idi. Xalqın seçdiyi həmin milli məclislərdə də bir şəhərdə xidmət göstərən hansısa müəllimin, fəhlənin, yaxud ruhaninin - çox məşhur və adlı-sanlı ruhaniləri demirəm - yanına getmirdilər, xanların, aristokrat övladlarının və şahzadələrin yanına gedirdilər. Yanlış tərbiyələrə görə, hətta xalq da onları seçirdi.

Bu gün parlament xalqındır. Deputatlar həqiqətən, millət vəkilləridir. Heç kəs deyə bilməz ki, bu parlamentdə İslam hökmlərinin icrasını istəməyənlər var. Mən belə güman etmirəm. Hətta dini azlıqlardan olan və şəxsi inancına görə müqəddəs İslam dininə etiqad bəsləməyənlər də İslam Respubilkasını qəbul etmişlər. İslam Respubilkası da İslam hökmlərinin təşkilatlanmış formasıdır. Onlar da bunun üçün çalışırlar. Bu parlamentdə məmləkətin düzgün, müstəqil və İslama uyğun qurulmasını, ölkədə yoxsulluğun kökünün kəsilməsini, rifahın yaranmasını istməyən bir kəs yoxdur. İnqilabdan öncəki parlamentlərdə “bizim cibimiz dolsun, mülkümüz qorunsun, qazancımız təmin olunsun, xalq da gedib nə istəyir etsin” - deyənlər vardı. Əgər ölkəni sel aparsaydı, evlər uçsaydı, minlərlə insan acından ölsəydi, onlar üçün mühüm deyildi.114

Bizim xalqımız İslam inqilabına qədər qanunverici hakimiyyətdə iştirakını təcrübə etməmişdi. Bəlkə ikinci və üçüncü çağırış Milli Şura Məclislərində, o da eyib və nöqsanlarla birgə müəyyən mənada bunu görmüşdü. Lakin kağız üzərində, havada olanlar da yavaş-yavaş bitdi. Belədir, azğınlıq dərinləşəndə xalq özünü hətta dildə də həqiqəti söyləməyə borclu bilmir. Təhlükə bundadır. İnqilabın qələbəsindən öncə belə idi.

Uzun illər hətta xalqın adını çəkmək, bu məsələləri iddia, onarla fəxr etmək də yox idi, hər şey formal, yalançı və süni idi. Həm Rza xanın dövründən və Məhəmmədrzanın dövrünün sonlarından ibarət olan açıq diktatura dövründə, həm də diktaturanın bir qədər örtülü və gizli olduğu orta dövrdə xalqın iradəsi yox idi; parlament mövcud deyildi, millət vəkili yox idi, deputat əmr və təyinatla seçilirdi. İnsan o dövrün tarixini oxuyanda - bir hissəsini özümüz sonlarda müşahidə etdik - necə olduğunu görür. Seçkilərin vaxtı çatmazdan bir müddət öncə özlərini hökumətin siyahısına salmaq üçün hazırlıq görülür, işlər başlanırdı, israrlar, yalvarışlar, yaxınlaşmalar, yaltaqlıqlar edilirdi, utanmadan açıq şəkildə hökumətin və sarayın siyahısından danışırdılar. İslam inqilabı bu ölkədə və bizim tarixmizdə gördüyü əzəmətli işlərlə yanaşı bu böyük işi də gördü, xalqımız qanunverici orqanda təmsil olundu. Dünyada bənzəri az olan bu hörmətli parlamentin arxada qoyduğu il və dövrlər bizim tariximizdə həqiqətən, mühüm illər olmuşdur. Xalq öz marağı, istəyi, iradəsi və uyğun bildiyi yollarla araşdırır, ölkə problemlərinin həlli üçün bir şəxsi parlamentə göndərir.115

Biz inqilabdan öncə bu ölkədə Şura Məclisi adlı bir şeyi təcrübə etmişik. O məclisi və o tarixi görən, duyan, yaxud oxuyan hər bir şəxs bu məclisin və inqilabın qədrini bilər, bu 21 il ərzində İslam Şurası Məclisinin bir gün də tətil olunmamasına bais olan zəhmətləri dəyərləndirər. Düzdür, o parlament də İslamın məhsulu idi. Əgər İslama imanlı şəxslərin və böyük alimlərin dini mübarizələri olmasaydı, o da yaranmazdı. Lakin o məclis yoldan yayınmışdı. O məclisə iki bəla hakim idi: biri tətillər, biri də düz yoldan yayınmaq. Məclisin yayınması belə oldu ki, deputatlar öz vəzifələrinə əməl etmədilər. Üçüncü və dördüncü çağırış parlamentlərdən sonra hər biri ikiillik müddətə dörd-beş parlament formalaşdı və təxminən hamısı xalq tərəfindən seçildi. Sonra isə daha seçim yox idi və xalq iştirak etmirdi. O vəziyyəti görən, duyan, eşidən və anlayan şəxslər qədər heç kim indiki İslam Şurası Məclisinin, bu azad qanunverici orqanın və həqiqi xalq seçiminin qədrini bilməz. Allaha şükür edin ki, siz deputatları belə mühüm və uca yerdə çalışan, Onun üçün fikirləşən, qərar verən, vəzifənizi yerinə yetirmək üçün işləyib-çalışan, zəhmət çəkən şəxslərdən etdi. Bu ölkənin çalışmağa və zəhmət çəkməyə çox ehtiyacı var.116

İran xalqı ayıqdır və ölkəsinin taleyi ilə maraqlanır. Dünyanın müxtəlif yerlərinin analitikləri bu məsələyə ciddi yanaşırlar. Onların çoxu bilir - bəziləri görmüş, bəziləri də oxumuşlar ki, bu məmləkətdə məşrutənin əvvəlindən inqilabdan qabaqkı dövrə qədər təxminən 60 il boyunca çox az nümunələrdən başqa xalq parlament seçkilərinə diqqət göstərməyib. Ölkənin rəhbərliyi də muzdur ailənin ixtiyarında olub. Onlar görürlər ki, bu gün İran xalqı səhnəyə çıxır, ölkə məmurlarını özü seçir. Bu, İran xalq üçün böyük şərəf və izzətdir.117


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə