Bismİllah



Yüklə 82,13 Kb.
tarix17.11.2018
ölçüsü82,13 Kb.

بِسمِ الله الرحمن الرَحِيمِ

اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن


Bİsmİllahİr-rəhmanİr-rəhİm

Butun həmd-səna, tə`rif aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xususilə Allahın yer uzundə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun!

9-cu dərs


Allah taalanın Müqəddəs zatı sonsuz, qeyri-məhdud bir həqiqətdir, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Elə buna görə də məhdud varlıq olan insan Allah taalanın zatının nə olmasını dərk edə bilməz. Amma Onu cəmal (sübuti, olan) və cəlal (səlbi, Ondan inkar olunan) sifətləri vasitəsilə tanıya bilər.

Cəmal sifətləri dedikdə məqsəd, Allah taalanın vücudunun kamalını göstərən sifətlərdir. Məsələn: elm, qüdrət, həyat, ixtiyar və s...

Cəlal sifətlər dedikdə isə məqsəd, Allahdan uzaq olan sifətlərdir. Çünki bu kimi sifətlər eybli, nöqsanlı və aciz olduğunu çatdırır. Allah taala da nöqsan və eyb sayılan hər növ sifətlərdən uzaq və pakdır.

Məkanda yerləşmək, cisim olmaq, zamanla hüdudlanmaq, bir neçə şeydən tərkib tapmaq və s. kimi sifətlər buna misal ola bilər. (Bu iki sifətin birincisinə sübuti, ikincisinə isə səlbi sifətlər də deyilir.)

Biz həqiqəti tanımaq üçün hissiyyat, əql və vəhydən kömək alırıq. Allah taalanın cəmal və cəlal sifətlərini tanımaq üçün də bu iki yoldan kömək almaq olar:

1-Əql yolu: Allahın xəlq etdiyi varlıq aləmində aparılan tədqiqat, onun mürəkkəb sirr və rəmzləri bizə, Allahın vücudunun kamal həddə olmasını göstərir. Məgər bu böyük kainatı elm, qüdrət, ixtiyar olmadan qurub tənzim etmək olarmı?! Qur`ani-kərim bu barədə əqlin verdiyi hökmü təsdiq etmək üçün insanı kainata aid olan ayələri araşdırmağa də`vət edir:

De ki, bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var!”

Əlbəttə, əql təbiətin sirlərini araşdırarkən hissiyyatdan kömək alır. Belə ki, əvvəlcə hissiyyat hər hansı mövzunu qəribə şəkildə dərk edir, sonra isə əql, məxluqunu qəribə olmasını Xaliqin cəmal və qüdrət nişanəsi hesab edir.

2-Vəhy yolu: Əgər qəti dəlillər nübüvvət və vəhyin, həmçinin Qur`anın və Peyğəmbər kəlamının tamamilə Allah tərəfindən olduğunu isbat etsə, onda təbiidir ki, Qur`an və hədislərdə gələnlər Allahın sifətlərini tanımaqda insana kömək edər.

Bu iki yol Allahı ən yaxşı sifətlərlə vəsf etmişdir. Qur`ani-kərimdə Allah taala üçün 135 isim və sifət bəyan olunmuşdur. Misal üçün aşağıdakı ayəni qeyd edirik:

O həmin Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur, (bütün məxluqatın) sahibidir, müqəddəs və pakdır, əmin-amanlıq, salamatlıq bəxş edəndir, gözətçi, yenilməz qüvvət və qüdrət sahibidir, məqamı böyük və (hər şeyin) fövqündə olan Allahdır! Allah müşriklərin Ona şərik qoşduğu şeylərdən pak-pakizədir. O (hər şeyi) yaradan və (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Ona təqdis və təsbih deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.”

Allahın sifətlərini tanımaqla əlaqədar bəhsi inkar edənlər, “müəttilə” adlanırlar. Çünki, onlar insanı əql və vəhyin hidayət etdiyi İslamın yüksək maarifindən məhrum edirlər. Əgər bu kimi maarif barədə elmi mübahisələr aparmaq qadağan olsaydı, Qur`ani-kərimdə bu qədər sifətlərin zikr olunması və onlar barədə təfəkkür etməyə əmr olunması əbəs bir iş olardı.

***

Başqa bir baxımdan Allah taalanın sifətləri iki qismə bölünür:

1-Zat sifətləri; bunlar o sifətlərdir ki, Allah taalanı həmin sifətlərin vasitəsilə vəsf etmək üçün, zatın özünü təsəvvür etmək kifayətdir. Başqa sözlə, o sifətlər Allahın zat məqamından alınır, dərk edilir. Məsələn: elm, qüdrət və həyat.

2-Fe`l sifətləri; Bunlar o sifətlərdir ki, Allahın zatı, Onun fe`llərini (işlərini) nəzərə alaraq həmin sifətlərlə vəsf olunsun. Məsələn: ruzi verən, yaradan, bəxş edən və s. kimi sifətlər fe`l sifətləridir. Əgər Allahdan bir iş baş verməsə bu sifətlər gerçəkləşməz.

Başqa sözlə, Allahdan xəlq etmək və ruzi vermək kimi bir iş baş verməyincə, Onu xaliq və ruzi verən adlandıra bilmərik, baxmayaraq ki, xəlq etmək, ruzi vermək, rəhmət və bəxşiş etməyə zatən qadirdir.

Allahın fe`l sifətlərinin hamısının mənşəyi Onun uca zatından ibarətdir. Yə`ni Allah taala bütün fe`li kamalların mənşəyi olan mütləq kamal sahibidir.

ALLAHIN ZAT SİFƏTLƏRİ


1-Əbədi elm.

Allahın elminin Onun zatı ilə eyni olması hökmünə əsasən bu elm əbədi və sonsuzdur. Qur`ani-kərim müxtəlif ayələrdə Allah taalanın sonsuz elminə işarə edərək buyurur:

Həqiqətən, Allah hər şeyi biləndir.”

Həmçinin buyurur:

Məgər yaradan (sizin gizlin saxladığınız hər şeyi) bilməzmi?! Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!”

Mə`sum imamlardan nəql olunan hədislərdə də dəfələrlə Allahın əbədi və sonsuz elmi bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur:

Allahın məkanı yaratmazdan qabaq ona alim olması, bütün məxluqatı yaratmasından öncə, onlardan xəbərdar olması, elə onları yaratmasından sonrakı elmi kimidir”

2-Yenilməz qüdrət.

Allahın qüdrəti də, elmi kimi, əbədi və yenilməzdir. Onun qüdrətinin zatı ilə eyni olmasının hökmünə əsasən qüdrəti də qeyri-məhdud və sonsuzdur. Qur`ani-kərim Allahın yenilməz qüdrət və qüvvətinə tə`kid edərək buyurur:

Allah hər şeyə qadirdir.”

Həmçinin buyurur:

Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir.”

İmam Sadiq (ə) buyurur:

Bütün əşyalar (və məxluqlar) Allahın elmi, qüdrəti, hakimiyyəti, malikiyyəti (səltənəti) və onları əhatə etməsi baxımından eyni bir səviyyədədir.”

Zatən qeyri-mümkün olan bir şeyin yaranması Allahın qüdrət dairəsindən xaricdir, amma bu, Onun qüdrətinin məhdud və naqis olmasına səbəb deyil, əksinə bu halda həmin şeyin icad olmağa qabiliyyəti yoxdur.

Həzrət Əli (əleyhissalam)-dan zatən qeyri-mümkün olan işlərin icad olunması haqda soruşulduqda buyurdu:

Şübhəsiz, Allah taalanı aciz hesab etmək olmaz, amma sənin soruşduğun sual, mümkün olan bir şey deyildir.”

3-Həyat (yaşayış).

Alim və qadir olan Allah diridir. Çünki, qeyd etdiyimiz sifətlər (elm və qüdrət) diri olan varlığın xüsusiyyətlərindəndir. Məhz bununla da Allahın həyatı və diriliyi mə`lum olur. Əlbəttə, Allahın həyat və yaşayışı digər sifətlərində olduğu kimi, hər hansı eyb və nöqsandan uzaq və pakdır. Onun həyatı insan həyatı kimi deyildir. O, zatən diri olduğu üçün heç vaxt ölə bilməz. Başqa sözlə, Allahın vücudu mütləq kamal olduğu üçün, Onun zatında bir növ nöqsan hesab olunan ölümə yer yoxdur. Qur`ani-kərim bu barədə buyurur:

(Ya Mühəmməd!) Ölməz, həmişə diri olan Allaha təvəkkül et!”

4-İradə və ixtiyar.

Agah failin (iş görənin) işi, agah olmayan failin işinə nisbətən daha mükəmməldir. Eləcə də, iradə və ixtiyar sahibi olan failin işi, məcburiyyət qarşısında qalaraq iş görən failin işindən üstündür, çünki, məcburiyyət qarşısında qalaraq iş görən fail işin yalnız bir tərəfini seçməlidir (ya onu məcburən görməli, ya da tərk etməlidir.) Bu da Onun işinin nöqsanlı olmasına dəlalət edir. Qeyd olunan incəliyə, habelə Allahın varlıq aləmində bütün cəhətlərdən mükəmməl fail olmasına diqqət yetirdikdə, Allah taalanın zatının məcbur olması deyil, əksinə tam ixtiyar sahibi olması mə`lum olur. “Allah müriddir” (iradə sahibidir) dedikdə, məqsəd Onun tam ixtiyar sahibi olmasıdır. İnsanda bir işin tədriclə baş verməsinə səbəb olan iradə mə`nasını Allahın zatı barəsində işlətmək düz deyildir. Buna görə də Əhli-beytin (ə) hədislərində insanların bu işlə əlaqədar səhvə düşməsinin qarşısı alınsın deyə, Allahın bir işi iradə etməsi elə o işin heç bir fasilə olmadan görülməsi kimi qiymətləndirilmişdir. Belə ki, hədisdə buyurulur: “İnsana aid olan iradə daxili bir halətdir ki, onun ardınca iş, fe`l yerinə yetirilir. Amma Allahın iradəsinə gəldikdə isə, bu halət olmadan, fe`l dərhal icad olunur.”

Beləliklə, ixtiyar mə`nasını ifadə edən İRADƏ Allahın zat sifətlərindən sayılır, amma icad etmək və varlıq bəxş etmək Onun fe`l sifətlərindəndir.

ALLAHIN FE`L SİFƏTLƏRİ


Allahın bə`zi fe`l sifətləri

1-Danışmaq.

2-Doğruluq.

3-Hikmət.

Qur`ani-kərim Allahın Musa ilə danışdığını bəyan edərək buyurur:

Allah Musa ilə, sözlə danışdı.”

Həmçinin buyurur:

Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər.”

Deməli, danışmağın Allahın sifətlərindən olmasında heç bir şəkk-şübhə yodur. Əsas məsələ onun həqiqəti, hansı keyfiyyətdə olması barəsindədir. Yə`ni sual yaranır ki, görəsən bu sifət Allahın zat sifətlərindəndir, yoxsa fe`l sifətlərindən?! Aydın məsələdir ki, insanda olan danışığı Allah üçün təsəvvür etmək olmaz.

Qur`ani-kərimdə Allahın danışmasının həqiqətini başa düşmək üçün elə Qur`anın özünə müraciət etmək lazımdır. Qur`an Allahın Öz bəndələri ilə danışmasını üç cür bəyan edərək buyurur:

Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, (hər şeydən) ucadır, hikmət sahibidir.”

Allahın insan ilə danışması yalnız aşağıda qeyd olunan üç yolla mümkündür:

1- Qəlbə ilham etməklə;

2- Hicab arxasından danışmaqla; belə ki, insan (peyğəmbər) Allahın danışığını eşidir, lakin Onu görmür. Allahın Musa (ə)-la danışması buna misal ola bilər.

3- Bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə vəhy edər.

Yuxarıdakı ayədə Allahın insanla danışması ya vasitəsiz (birbaşa), ya da mələyin vasitəsi ilə bir söz icad etməklə olur. Birinci surətdə söz birbaşa peyğəmbərin qəlbinə ilham olunur, ya da qulaqları vasitəsilə onun qəlbinə çatır. Bu surətlərin hər birində sözü icad etmək mə`nasını ifadə edən danışmaq Allah taalanın fe`l sifətlərindən sayılır.

Allahın danışmasının necəliyi barədə olan bu izahlar Qur`ani-kərimdən əldə olunur. İndi isə bu məsələni başqa cəhətdən araşdırırıq. O da budur ki, Allah taala bütün kainatı Özünün kəlamı və sözü sayıb buyurur:

(Ya Mühəmməd!) De ki, əgər Rəbbimin kəlmələrini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi.”

Bu ayədə “kəlimat” (sözlər) dedikdə, məqsəd, Allahdan başqa bir kimsənin saymağa qüdrəti olmayan məxluqlardır. Şahid də budur ki, Qur`ani-kərimdə Həzrət İsa Məsih (ə) “kəlimətullah” (yə`ni Allahın kəlamı) adlandırılmışdır:

Həqiqətən, Məryəmin oğlu İsa Məsih Allahın peyğəmbəri və (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı sözdür.”

Həzrət Əmirəl-mö`minin Əli (ə) söhbətlərinin birində Allahın kəlamını Onun fe`li kimi təfsir etmiş və buyurmuşdur:

Allah taala bir şeyi yaratmaq istəsə, ona “ol!” deyir, o da dərhal vücuda gəlir. Amma Onun danışması nə uca səs, nə də eşidilən nida deyildir. Allahın danışması Onun fe`lidir. Həmin şeyi yoxdan yaradır və ona varlıq bəxş edir.”

Allahın kəlamını (sözünü) iki cür-vasitəsiz və ya mələk vasitəsilə mə`na etdik. Bununla da isbat olunacaq ki, Allahın kəlamı qədim deyil, hadisdir (yə`ni zaman baxımından sonradan vücuda gəlmişdir). Çünki, Allahın kəlamı, elə Onun fe`lidir, təbii olaraq Allahın fe`li də hadisdir. Deməli, “danışmaq” hadis bir işdir.

Baxmayaraq ki, Allahın kəlamı hadis və sonradan vücuda gəlmişdir, lakin ədəb qaydalarına riayət etmək üçün Allahın kəlamına “məxluq” demirik. Çünki, onun “saxta və düzəldilmiş” mə`nasına təfsir edilməsi ehtimalı qarşıya çıxa bilərdi. Amma əgər belə bir iş qarşıya çıxmasaydı, təbii olaraq Allahdan başqa hər bir şeyi Onun məxluqu hesab etmək lap yerinə düşərdi. Süleyman ibni Cə`fər deyir: İmam Musa ibni Cə`fər (ə)-dan soruşdum: Qur`an Allahın məxluqudur?

Həzrət cavabında buyurdu: “Mən deyirəm ki, Qur`an Allahın kəlamıdır.”

212-ci hicri ilində müsəlmanlar arasında Qur`anın qədim və ya hadis olması barədə bir məsələ ortaya çıxdı və bu məsələ onların arasında ixtilafa və iki tirəliliyə gətirib çıxartdı. Qur`anın qədim olmasını iddia edənlərin öz müddəaları üçün düzgün və tutarlı dəlilləri yox idi. Çünki, bə`zi ehtimallara görə Qur`an hadis, bə`zilərinə görə isə qədim olurdu.

Əgər Allahın kəlamı dedikdə məqsədimiz, oxuduğumuz Qur`an kitabı və onun ayrı-ayrı kəlmələri, habelə Allah tərəfindən Cəbrailin vasitəsilə Həzrət Peyğəmbər (s)-in qəlbinə nazil olunan kəlmələr olsa, şübhəsiz ki, bunların hamısı hadisdir. Yox əgər məqsədimiz, peyğəmbərlərin başına gələn əhvalatlar, həmçinin Peyğəmbəri Əkrəmin (s) müşriklərlə apardığı döyüşlərə aid olan Qur`an ayələrinin mə`na və məfhumudursa, yenə də onları qədim adlandırmaq olmaz.

Amma əgər, məqsədimiz, Allahın Qur`anın kəlmə və mə`nalarına olan elmidirsə, şübhəsiz, bu, qədim olub Onun zat sifətlərindən sayılacaqdır.

Allah taalanın fe`li sifətlərindən biri də Onun “sidq”, yə`ni öz buyurduqlarında doğruçu olmasıdır. Yalan danışmaq pis və qəbahətli bir iş olduğu üçün, heç vaxt Allahın zatında ona yer ola bilməz. Bunun dəlili də tamamilə aydındır. Çünki, yalan danışmaq ya nadanların və cahillərin, ya acizlərin, ya qorxaqların, ya da ehtiyaclıların işidir. Allah taala da bunların hamısından uzaq və pakdır. Başqa sözlə, yalan danışmaq pis işdir, Allah da pis işlərdən uzaq və pakdır.

Allah taalanın fe`l sifətlərindən biri də Onun hikmətli olmasıdır və Həkim, Allahın adlarından biridir. Allah taala Həkimdir-dedikdə məqsəd budur ki, Onun bütün işləri son dərəcə möhkəm və eyibsizdir, həmçinin ondan hər hansı bir yersiz və əbəs iş baş vermir.

Allahın bütün işlərinin möhkəm və eybsiz olmasının dəlili, gözəl yaratdığı kainat və ondakı son dərəcə dəqiq nizam-intizamdır. Qur`ani-kərim buyurur:

Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.”

(Allahın bütün işlərinin tam hikmət əsasında olub heç nəyin yersiz və əbəs olmaması dəlili, “Sad” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:

Biz göyü, yeri və onların arasında olanları boş-boşuna, əbəs yerə yaratmadıq.”

Ümumiyyətlə, Allah taala mütləq kamala malik olduğundan, Onun fe`l və işləri də mütləq kamal əsasında olmalı, işlərində əsla əbəs və boş-boşuna bir şey olmamalıdır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə