Bismillah



Yüklə 1,01 Mb.
səhifə11/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   8   9   10   11   12   13   14   15   16

Onuncu fəsil


Bizdən iki yüz nəfəri Beynəlqəfəseynə köçürdülər. Bu düşərgə yeni açılmışdı. Tikanlı məftilləri təzə idi və günəş altında parlayırdı. Bizi saxladıqları korpusun arxasında yeni bir korpus tikirdilər. Həyətin ortasında bizimki ilə yeni tikilən korpusun arasında yerə dəmirlər basdırmış, üzərində iki-üç metr hündürlüyündə qarmaqarışıq tikanlı məftil çəkmişdilər. Düşərgə tikanlı məftillərin mühasirəsində idi. Eni iyirmi və hündürlüyü iki metr olan bu məftillərdən pişik də keçə bilməzdi. Biz məftillərin o tərəfində keşik çəkən əsgərləri güclə görürdük.

Düşərgəni belə güclü qorumaqlarına baxmayaraq, bizim gəlişimizin əvvəllərində iki nəfər qaçmaq qərarına gəlmişdi. Onlar hansısa alətlə düşərgənin giriş qapısını yavaş-yavaş mişarlamış və bir gecə millərdən ikisini qapıdan ayırmışdılar. Onlar bir neçə xurma ilə qaçmışdılar.1 Deyirdilər ki, o iki nəfər qaçma şanslarının az olduğunu və ələ keçəcəklərini bilirdilər. Lakin buna görə qaçırdılar ki, onlardan nə üçün qaçdıqlarını soruşanda iranlı əsirlərlə qeyri-insani rəftarı, acınacaqlı saxlanma şəraititini söyləsinlər və səslərini digərlərinə çatdırsınlar. İraq ordusunun "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" qanununa əsasən, kameranın digər uşaqlarını ölümünə döydülər.

Rəmadi düşərgəsində olduğu kimi, Beynəlqəfəseyndə də bizim korpusumuzun hamısı Bəsic üzvlərindən ibarət idi. Uşaqların arasında cüzi fikir ayrılıqları vardı ki, bu da bəzi əsirlərin yeniliyinə görə idi. Yeni əsirlər təcrübəsiz idilər, bizim əsirliyimizdən isə iki-üç il ötürdü, təcrübəmizə əsasən, mühitlə və iraqlılarla daha yaxşı yola gedə bilirdik. Yeni gələnlər bizim söz və təcrübələrimizə çox da fikir verməyib bəzi hərəkətlər edir, həm özlərinə, həm də bizə problem yaradırdılar. İraqlılar əvvəlcə Yəhya adlı bir satqını düşərgəyə başçı təyin etdilər. O, açıq şəkildə adam satırdı, bizi diz çökürmək üçün nə etmək lazım olduğunu iraqlılara öyrədirdi.

Hər korpusun sonunda dörd kiçik otaq vardı. Onlardan diş otağı, bərbərxana və mağaza kimi istifadə olunurdu. Otaqların birini Yəhyaya və onun iki dostuna vermişdilər. Orada çarpayı və televizor da vardı. Yəhya bu şəraiti əldən verməməkdən ötrü iraqlılar üçün hər şey etməyə hazır idi. Çünki iraqlıların xüsusiyyəti belə idi ki, birinin daha onlara çalışmadığını və ya işə yaramadığını gördükdə dəyişirdilər. Belə rəzil adamların bəzisi hətta yorulmuş əsgərin əlindən kabeli alıb özləri uşaqları döyürdülər. Onlar bununla özlərinin tam nökər olduqlarını sübut etməyə çalışırdılar. Əsirlər də Yəhya kimi adamların başçılığını qəbul etmirdilər.

Bir gün səhər yeməyindən sonra birdən qarnım ağrıdı. Bizim ağrıya dözümümüz güclənmişdi, hər şeydən ötrü ağrıdığımızı və halımızın pis olduğunu bildirmirdik. Lakin qarnımın ağrısı o qədər güclü idi ki, yerimdə ilan kimi qıvrılırdım. Sanki özümdən gedəcəkdim. Uşaqlar məni sürüyə-sürüyə xəstəxana kimi istifadə etdiyimiz və bir neçə çarpayısı olan 4 saylı kameraya apardılar. Bir çarpayının üstündə uzandım. Ağrıdan ayaqlarımı aça bilmirdim. Biri deyirdi appendisitdir, biri deyirdi zəhərlənib. Amma zəhərlənməli bir şey yeməmişdim. Hamı kimi səhər aşını içmişdim və Qırmızı Xaç nümayəndələrinin dediyinə görə, bizim ən sağlam xörəyimiz idi.

Ağrı çəkdiyim halda həyətdən səs-küy eşitdim. Əsgərlər fit çalıb «İçəri» komandası verirdilər. Uşalar məni buraxıb getdilər. Bir neçə nəfər Yəhyanı bir tərəfdə tutub bacardıqları qədər döymüşdülər. Mən xəstəxanada ağrıdan qıvrılanda bir qrup əsir Yəhyaya Ədyal bayramı1 keçirmişdilər. Güman ki iraqlılar gec anlamışdılar və Yəhya yaxşıca əzişdirilmişdi.

İraqlılar aranı sakitləşdirmək üçün hər tərəfdən korpusa tökülüşdülər. Belə vaxtlarda hərə öz canını götürüb qaçmalı idi. Çünki iraqlılar taxta, zond, dəmir və əllərinə keçən hər bir şeylə əlləri çatan hər kəsi döyürdülər, səbəbkarların kimliyi ilə işləri yox idi. Bəzi uşaqlar nəticədə hamının cəzalandığı belə işlərə etiraz edəcək və bununla uşaqları bir-birinin canına salmış olacaqdılar.

Bu qarışıqlıqda xəstəxananın işçilərindən biri mənə bir iynə vurdu. Hansı iynə olduğunu bilmirəm, amma od üstünə tökülən su kimi ağrımı dərhal kəsdi. İraqlılar mənim xəstəxanada olduğumu öyrəndikdə gəlib məni də apardılar və kameraya salıb qapını qıfılladılar. Həmin gün qarın ağrısının hesabına güclü döyülmədən məhrum oldum. Lakin məsələ bununla bitmədi, adət üzrə bir həftəyə qədər gəlib hamını döyürdülər.

Yeni düşərgəyə gənc idmançı əsgərlər də gətirmişdilər. Boyları 190-200 santimetr arasında dəyişirdi. Bədəndən də iri idilər, qulağın dibinə bir şillə vuranda adam kar olurdu. Üç-dörd nəfərinin adı yadımda qalıb. Biri İraq kürdlərindən olan Adnan idi. O, çox rəhmsiz idi, adamı döyəndə çuğundur kimi qızarırdı və əldən düşənə qədər döyməyə davam edirdi.

Korpusumuzun uşaqlarının döyülməsindən hələ on gün ötməmiş günorta vaxtı camaat namazımıza hücum etdilər. Adnan zondla namaz qılan uşaqların birinin başına elə vurdu ki, zond tikə-tikə oldu. Düşərgənin nəzarətçi əsgərləri adətən, müharibədə yaxınlarından birini və ya ikisini itirmiş adamlar olurdular və bizə hədsiz nifrət bəsləyirdilər.

İkinci adam Sair idi. O, Adnandan da iri idi. Məni dəfələrlə döyüb. Bir şillə vuranda adam iki metr kənara düşürdü. O, döyəndə ətrafında divar və ya başqa bir maneənin olmamasına diqqət etməli idin. Əks təqdirdə, birini o vuracaqdı, üçünü də divar.

Beynəlqəfəseyn düşərgəsindən xatırladığım digər üç əsgərin adları belədir: Əbu Casim, Macid və Rəhim. Rəhim bunların hamısından qəddar idi. O da ucaboy, amma arıq idi. İraqın «Bəəs» partiyasına ondan itaətkar və vəfalı bir əsgər görmədim. Onun iranlılara qarşı nifrətini baxışından oxumaq olurdu. Həmişə və hər bir halda əsəbi idi. Məncə, çox arıq olmasının səbəbi də bu idi. Sakitcə bir tərəfdə durub sağ ayağını yelləyirdi. Buna vərdiş etmişdi. O, bizim hər bir hərəkətimizə nəzarət edib döyməyə bəhanə axtarırdı. Birdən adamın qarşısına dikilib məsələn, belə deyirdi: "Sən nə üçün yol yeriyəndə sinəni qabağa verirsən? Bununla bizi təhqir etmək istəyirsən?" Və beləcə vurmağa başlayırdı.

Rəhim əksəri axmaq və düşüncəsiz, amma güclü olan və yaxşı döyən əsgərlərə nisbətən, gözüaçıq və diqqətcil idi. Bizimlə olduğu qısa müddətdə dini etiqadlarımıza həssas yanaşdığımızı, rəhbərimizin və xalqımızın xəcalətinə səbəb olan işlərdən uzaq durduğumuzu öyrənmişdi. O, İraq əsgərlərinin geyim və rəftarlarına qarşı da həssas idi. Bizim onların geyimlərinə, rəftar və hərəkətlərinə gülməyimizdən, onlara ad qoymağımızdan acığı gəlirdi. Məsələn, düşərgəyə yeni gəlmiş Abbas adlı bir əsgərə çox natəmiz olduğuna görə Abbas Çirku deyirdilər.

Rəhim heç vaxt gülmürdü. Mən onu gülən görmədim. Əgər gülürdüsə də, gülüşü o qədər acı idi ki, təkcə biz yox, hətta özü də bu gülüşdən əziyyət çəkirdi və heç bir həzz almırdı.

Beynəlqəfəseynin bu yeni əsgərləri mənim keçmişimdən və jurnalistlərlə söhbətimdən xəbərdar idilər. Buna baxmayaraq, Rəhim dəqiqəbaşı mənə ilişirdi. Məsələn, həyətdə gəzdiyim vaxt birdən qarşımda peyda olub kobud şəkildə deyirdi: "Mehdi, köynəyinin qolunu nə üçün qatlamısan?"

Köynəyimin qolu uzun olduğuna görə qatlayırdım. O, etiraz edəndə deyirdim ki, heç bir şey, vərdişdir. Bir dəfə çəkməsinin ucu ilə baldırıma elə vurdu ki, ağrıdan ikiqat oldum. Rəhimin adəti belə idi: Adamla danışanda yavaşca ayağını qaldırır və onun gözləmədiyi bir anda birdən qıçının sümüyünə vururdu. Bu zərbə çox ağrıdırdı.

Rəhim məndən əl çəkmirdi. İşləməyə gedəndə məni uşaqlardan ayırıb deyirdi ki, sən nə üçün işləməyə bu qədər çox gəlirsən? Bundan sonra sənə iş qadağandır; sən idman eləməyə gəlirsən, işləməyə yox. Hər gün həyəti bir neçə dövrə qaçmağa adət etmişdim. O, mənə qaçmağı da qadağan etdi. Nə illah edirdimsə, deyirdi ki, olmaz.

İraqlılara yaltaqlanmaq üçün Rəhimə fars dilini öyrədən iranlılar vardı. O, farsca çətinliklə bir neçə cümlə bilirdi, bununla belə əsirlərlə farsca danışmağa can atırdı.

Bir gün məni çağırıb dedi: "Mehdi, bilirəm sən nə etmisən, jurnalistlərə lazımsız sözlər demisən".

Təəccübləndim. Bildim ki, yenə hansısa imkana görə yaltaqlanan adamlar xəbər verib. Sakit durub heç nə demədim. Rəhim əlavə etdi: "Görürsən ki, səninlə işim yoxdur, özün üçün rahat hərlənirsən. Bu ona görədir ki, hələlik səninlə işimiz olmasın deyə əmr verilmişdir. Lakin bu, çox çəkməyəcək. Sən ağır günlərə hazır olmalısan. Biz yuxarıdan sənə dair yeni əmrlər gözləyirik".

Hamam və tualetləri yumaq üçün kameraların önündən nazik arx keçirdi. Səhərə qədər bütün kameranın sidik ifrazı üçün də bircə vedrə qoyulmuşdu. Çox vaxt vedrə dolurdu. Onu qapının altından boşaldırdıq, gedib arxa tökülürdü. Səhər qapı açılanda ora get-gəl yeri olurdu. Biz murdarı paklamaq üçün iki-üç nəfərin köməyi ilə vedrəni su ilə doldurub qapının önünü yuyurduq. Lakin problem bu idi ki, arx nazik idi və su onun içində qalırdı. Süpürgəmiz yox idi, böyük bir süngər parçası və bir vedrə su ilə arxda qalmış suyu o qədər itələyirdik ki, yavaş-yavaş gedib kanalizasiya hovuzuna tökülürdü. Sonra vedrə ilə arxa su tökürdük və paklanırdı. Əllərimiz islanırdı, suyu paltarlarımıza sıçrayırdı və iş bitəndən sonra duş alır, paltarlarımızı yuyub təmiz paltar geyinirdik. Bu qədər başağrılı bir iş idi. Bir gün iş vaxtı korpusun önündə idim. Rəhim gəlib başımın üstə dayandı. Heç nə demir, yalnız mənə baxırdı. Mən də əhəmiyyət vermədən işimi davam etdirirdim. Axırda yorulub soruşdu: "Mehdi, nə üçün iş vaxtı çox zaman könüllü olursan?"

Bu cümləni farsca çətinliklə mənə başa saldı. Öz-özümə dedim ki, farsca başa düşməyən bu adama nə cavab verim ki, qane olsun. Birdən etiqad və məqsədimlə, həmçinin vermək istədiyim cavabla əlaqəli bir Quran ayəsi yadıma düşdü. Ona oxudum. Tərcüməsi belədir: "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!"1

Birdən-birə dizi üstə oturub dedi: "Bir də oxu!" İkinci və üçüncü dəfə oxudum. Bir neçə saniyə o vəziyyətdə sakit qaldı və sonra qalxıb getdi. Ondan sonra uzun müddət Rəhimin mənimlə işi olmadı, mənə ilişmir və səbəbsiz döymürdü. Lakin bir-iki aydan sonra unutdu və yenidən əvvəlki kinli Rəhim oldu.

Bir gün Rəhim “İçəri” komandası verdi. Təxminən 400 nəfərdən ibarət bütün korpusu bir kameraya saldılar. Bildik ki, nəsə var. Üzlərindən iraqlıya oxşayan və sadə hərbi forma geyinmiş on nəfər kameraya girdi.

Tərcüməçi dedi: "Bunlar iranlılara əsir düşmüş iraqlılardır. Bir neçə gündür azad olublar. İndi İranda başlarına gələnləri sizə danışmağa gəliblər. Siz burada rahat yerdəsiniz, amma onlar çətinliklər çəkmiş, yeyib-içməkləri pis vəziyyətdə olmuşdur”.

İraqlı əsirlər söhbətə yeməkdən başladılar. Birinci adam dedi: "Səhər yeməyinə bir gün pendir və xurma verirdilər, bir gün süd, bir gün də yumurta. Nahar yeməyinə həftədə bir dəfə cücə kabab, bir dəfə qiymə-plov və ..."

Onlar danışa-danışa iraqlı zabitlərin üzlərinin rəngi dəyişirdi. Tərcüməçi də tez-tez bizə tərcümə edirdi. Uşaqlar deyinməyə başladılar: "Vay-vay! İranın da işi-gücü qurtarıb. Bunlara nə üçün bu qədər qulluq edirlər?! Gəlib görsünlər biz hansı vəziyyətdəyik".

Üz-başlarından da əsir düşdükləri bilinmirdi. Halbuki istisnasız olaraq bizim hamımız bir dəri, bir sümük olmuşduq. Onların söhbətləri iki-üç dəqiqədən artıq sürmədi. Komandir hirslənib dedi: "Sakit olun!" Sonra da tez kameradan bayıra çıxardılar.1

Onları bizə bir saat danışmaq üçün gətirmişdilər. Lakin iraqlılar o qədər eqoist idilər ki, gətirməzdən öncə soruşmamışdılar ki, İranda vəziyyət yaxşı, ya pis olub və yaxud nə demək istəyirsiniz.

Şübhəsiz ki, əsirliyin özü ağrılı bir hadisədir. Lakin ən azı iraqlı əsirlərin vəziyyəti bizdən çox yaxşı olmuşdu. Bunu onların rənglərindən də bilmək olurdu; kök və çevik idilər, bizim uşaqlarımız isə solğun və arıq.

Əsirliyin ilk 3-4 ilində bəzi günlərdə həyətə stol qoyurdular və siyasi şöbənin gətirdiyi bir neçə din təbliğatçısı bizə söhbət edirdilər. Onların uzun qəbaları və Misir qiraətçilərinin papağına oxşar papaqları vardı. Onlara Səddamın saray mollaları deyirdik.

İraqlılar deyirdilər ki, bunlar sizi müsəlman edəcəklər. Onlar şəriət hökmlərindən danışırdılar, amma bu da faydalı deyildi. Sanki şəriətdən bildikləri yalnız murdar-təmiz idi. Bunun özü də bizim bildiklərimizdən fərqli idi. Həmişə söhbətlərinin əvvəllərində belə bir mövzu da olurdu: "İran müharibə tərəfdarıdır, Səddam Hüseyn isə sülh istəyir. Xomeyni sülhü qəbul etmir və gənclərin ölümünə səbəb olur!" Uşaqlar əvvəldə yenilik olsun deyə bu proqramlarla razılaşır, sonralar isə qəbul etməyib onu pozurdular. Misal üçün, saray mollaları səhvən İmam Xomeyninin adını çəkəndə biz üç ardıcıl salavat deyirdik və o danışa bilmirdi. Əsgərlər bizi sakitləşdirmək üçün əl-ayağa düşürdülər. Onlar Səddama dua edəndə “amin” demirdik, təəccübdən gözləri bərəlirdi. Bu səbəbdən iraqlılar bizə təsir edə bilməyən, hətta bizdən təsirlənən mollaları daha çağırmadılar.

Beynəlqəfəseyn düşərgəsinə gəlişimizdən bir il ötürdü. Yeni korpus təxminən hazır idi. İraqlılar köhnə arzularını həyata keçirdilər. Elan etdilər ki, kim daha yaxşı yaşamaq istəyirsə, üçüncü korpusa getsin.

Üçüncü korpusda televiziya izləmək, kart və nərd oynamaq azad idi. Korpus bayram zalı kimi bəzədilmişdi. Onlar üçün bir qədər çarpayı və şkaf da gətirilmişdi. Dedilər cənab Prezident Səddam əmr edib ki, dərslərindən geri qalmasınlar deyə düşərgədə azyaşlı əsirlərə dərs keçin.

Kameralarımızda yer az idi. Gecələr yan-yana yatmağa məcbur olurduq. Orada isə təxminən 30 nəfəri geniş bir kameraya yerləşdirirdilər. İraqlılar arzularına çatmışdılar. Jurnalistlər gələndə birbaş üçüncü korpusa aparırdılar və kimsənin bizimlə işi yox idi. Bu korpus tikiləndən sonra düşərgəyə yeni əsirlər də gətirdilər və onların bir qismi üçüncü korpusa yerləşdi. Beləliklə, get-gedə korpus doldu.

Onların futbol və voleybol yerləri bizdən ayrı idi. Biz yarım saat voleybol oynamaq üçün bir neçə həftə növbə gözləyirdik. Onların isə yaxşı idman imkanları var idi. Bəzən idman vaxtı çəkiliş apardıqlarına görə onlara idman paltarı və idman ayaqqabısı da verirdilər. Təbii ki, düşmənin onlara ürəyi yanmırdı. Bütün bu işlər əsirlərdən təbliğat məqsədilə istifadə etmək üçün idi.

Bu vəziyyət düşmənin təbliğatına alət olmamaq üçün çoxlu işgəncələr çəkmiş hizbullahçı əsirlər üçün çox ağır idi. İraqlılar 80 faizi formal olan bu şəraiti lentə alıb Səddamı iranlı uşaqların qayğısına qalan gözəl bir insan kimi, İmam Xomeynini isə insan hüquqlarını tapdayan bir şəxs kimi təqdim edirdilər. Lakin hizbullahçı uşaqlar çox ayıq idilər. Onların çoxu üçüncü korpusdakı bütün əsirlərlə pis davranılmasına, hamısının xain və satqın adlandırılmasına imkan vermirdilər. Bilirdilər ki, onların bəzisi pis deyillər, amma zəif, tənbəl və iradəsizdirlər, mübarizə ruhları yoxdur. Həqiqətən də belə idi. Üçüncü korpusdakılar müxtəlif kateqoriyalara bölünürdülər. Bəziləri rəhbər və vətənləri əleyhinə danışmır, bitərəf qalmaq istəyirdilər. Hizbullahçı uşaqlar belələri üzərində işləyib onları cəlb etməyə çalışırdılar. Bəziləri tənbəl idilər və bir qədər artıq rifahdan ötrü üçüncü korpusa sığınmışdılar. Azsaylı bir qrup isə ruhlarını sataraq düşmənin hər dediyini edirdilər. Münafiqlərin düşərgəyə gəlişindən sonra - bu haqda bir azdan danışacağam – bu qrupun üzvləri onlara yaxınlaşdılar və öz əsirliklərini əbədiləşdirdilər.

Məhdudiyyət dolu əsarət dünyasında hər bir kiçik şey böyük və gözəl görünə bilirdi. Bizə verilən alt paltarı və maykanı bəzən bir neçə il geyinirdik. Gözümüz düşmənin əlində idi ki, bizə alt paltarı versin. Belə şəraitdə iraqlılara satılmış bir xain onlara deyirdi ki, mənə 30 alt paltarı və mayka verin 30 nəfəri üçüncü korpusa gətirim. Yaxud bundan ötrü çörək paylarının artırılmasını istəyirdilər. Halbuki biz bir gecə də tox yatmadıq.

Heç bir şeyimiz olmayan bir dünyada bir dəst idman paltarına sahib olmaq ağla sığmırdı. İnsan özünə bəraət qazandırıb "Mən bunlara layiqəm, mənim doyunca yeməyə haqqım var" deyə düşünsəydi, heç şübhəsiz, ayağı büdrəyərdi. İraqlılar onlara cənnət düzəltməmişdilər, amma bütün ehtiyacların görməzdən gəlindiyi bir mühitdə zərrəcə artıq diqqət də gözə girirdi.

Üçüncü korpusa gedənlərlə söhbətləşib bunun səbəbini soruşurdum. Deyirdilər ki, orada əsirliyin acıları az hiss olunur; burada heç kim bizi düşünmür, qoy özümüz özümüzü düşünək. Bu, ağır söz idi. Çünki bizim onlara xərcləməyə heç bir maddi imkanımız yox idi. Hətta uşaqlar təqaüdlərini bir yerə toplayıb belə adamların bəzisinə siqaret alırdılar ki, bundan ötrü o tərəfə meyllənməsinlər. Lakin bizim imkanımız nə qədər idi ki?! Özümüz əsir idik, maddi sıxıntılar içində itmişdik, bağışlamağa heç bir şeyimiz yox idi. O şəraitdə hər kəs müəyyən həddə başqasına kömək edə bilirdi. Əks təqdirdə, əsirliyin səngiməyən fırtınası onu da aparardı. Quyunun özündə su olmalıdır, ona bayırdan su töküb doldurmaq olmaz. Başıuca qalmaq üçün hər kəsin özündə iradə və məqsəd olmalı idi.

Bir gün üçüncü korpusdakı satılmışların biri əlində dubinka həyətdə gəzirdi. “İçəri” komandası verilmişdi və biz içəridə idik. Pəncərədən onu çağırdım. Uşaqlar məni bu işlərdən çəkindirirdilər, çünki belələri hər şeyi iraqlılara çatdırırdılar. Bəlkə yüzüncü dəfə idi onunla danışırdım, amma yenə də ümidsiz deyildim. Dedi ki, nə demək istəyirsən, yenə bədənin qaşınır?! Dedim: “Hər şeyin bir həddi var, sən isə çox irəli gedirsən. Əsirlikdə sənin kimisini çox görmüşəm. Onlardan gözlənilən ancaq belə hərəkətlər idi, sən isə onlar kimi deyilsən. Sən bir gün bizim aramızda idin. Sənə ürəyim yanır, arxandakı bütün körpüləri sındırırsan. Bu işlərlə nəyə nail olmusan?! Sən də bizim kimi bir əsirsən. Məgər iraqlılar sənə nə veriblər ki, onlara bu qədər müti olmusan?! Məgər bir tikə artıq çörəkdən, «İçəri» komandası zamanı bayırda gəzməkdən və bir siqaretdən ötrü vətənə bu qədər xəyanət etməyə dəyərmi?! Fikirləş ki, əsirlik bir gün ya azadlıqla, ya da ölümlə bitəcək. Bir az özünə gəl. Əgər heç nəyi düşünmürsənsə, heç olmasa, yazıq ata-ananı düşün. Onların başları ucadır, Allaha görə sənin əsirliyinə dözürlər. Əgər sənin həmvətənlərinə qarşı etdiyin hərəkətlərdən xəbər tutsalar, nə hala düşərlər?!” Mən danışırdım, o da qulaq asırdı. Əllərim pəncərənin barmaqlığından bayırda idi. O da siqaretini alışdırmışdı. Birdən əllərimi o tərəfdən bərk tutub özünə sarı dartdı. Tərpənə bilmirdim. Tez siqaretinin közünü sol biləyimin üstünə qoyub sönənə qədər sıxdı, sonra əllərimi buraxdı və hirslə məndən uzaqlaşdı. Onun yadigarı uzun illərdən sonra hələ də qolumun üstə qalır.

Bütün iradəmizi toplayıb düşmənin yaratdığı xoşagəlməz dünyanı görməzdən gəlməyə, ağlımız və dinimizlə özümüzü qorumağa çalışırdıq. Onlar iraqlıların damla-damla ağızlarına tökdükləri imkanlardan yapışıb qalmaq istəyirdilər. Və bu düşüncə tərzlərinə görə bizim əlimizdən bir şey gəlmirdi.

Həmin dövrdə Qırmızı Xaçdan çoxlu kitab gəldi; fars və ərəb dilinə çevrilmiş xarici roman və hekayələrdən tutmuş ingilis dilini öyrədən kitablara qədər. Bizim üçün prioritet olanlar həmişə az olurdu. Ərəb dili kitabları belə idi. Mən və korpusumuzun uşaqlarının bir qismi ingilis dilini öyrənməyə az həvəs göstərirdik. Biz Quranı və Nəhcül-bəlağəni başa düşmək üçün ərəb dilini öyrənməyə can atırdıq. Ərəb dilini öyrənməklə dünyanı sevməmək və problemlər önündə duruş gətirməyi öyrənəcəkdik. İngilis dilini öyrənmək üçünsə o dildə yazılmış hekayə və romanları oxumalı idin. Bu romanların təsvir etdiyi dünya isə kişi və qadın arasında eşq və sərbəst münasibətlə dolu dünya idi. O dünya ilə bizim əsir dünyamız arasında yerlə-göy qədər məsafə vardı. Bu, azad seçim idi, hər kəs öz istək və həvəsinə görə seçirdi. Mən də ingilis dilini öyrənirdim, lakin ona qoyduğum enerji ərəb dilini, Quran və Nəhcül-bəlağəni öyrənməyə sərf etdiyimin mində biri qədər idi.

Xarici dil öyrənməyin əleyhinə deyildim, hətta xarici dil oxuyan bəzi uşaqlarla ərəb dili sinifimiz də vardı. Lakin əsirlərə bu romanları oxutdurmaqda məqsəd onların təkcə dil yox, həm də yanlış mədəniyyət öyrənmələri idi. Qrammatika və danışıq kitabları bir-birilə sərbəst əlaqələri olan oğlan-qız şəkilləri ilə dolu idi; kafeyə, qonaqlığa, rəqsə və çimərliyə gedirdilər. Kitablar Qərb cəmiyyətlərində geniş yayılmış əyləncəli şəkillərlə dolu idi. Bunlar istər-istəməz beynimizə təsir edir və bizi sıxıntı dolu reallıqlarımızla qarşı-qarşıya qoyurdu. Öz-özümüzdən soruşurduq: Əgər həyat budursa, nə üçün mənim payım belə az olmalıdır?! Uşaqlarda ingilis dilini öyrənmək həvəsi bir müddət çox oldu. Bəziləri bu dili öyrənəndən sonra fransız dilini öyrənməyə başladılar. Lakin fransızca öyrənmə həvəsi tez bitdi. Çünki onu öyrənmək üçün kifayət qədər vəsait yox idi. Uşaqlar qrammatika və lüğətə dair suallarını Qırmızı Xaçın nümayəndələrindən soruşurdular. Üçüncü korpusdakı əsirlərin çoxu ingilis dilini öyrənmişdilər. Bu korpusun yaradılması bəzi cəhətlərdən bizə də yaxşı idi. Jurnalistlər daha bizim yanımıza gəlmirdilər. İraqlılar onları birbaş üçüncü korpusa aparırdılar. Onların bizim əziyyətlərimizi bada vermələri isə bizi incidirdi. Bütün problemlərinə rəğmən, yenə də arzulayırdıq ki, jurnalistlər bizə də baş çəksinlər və biz onlara həqiqətləri söyləyək.

Sonuncu müsahibəmdən təxminən bir il ötürdü.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə