Bismillah



Yüklə 1,01 Mb.
səhifə13/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   8   9   10   11   12   13   14   15   16

On üçüncü fəsil


Beynəlqəfəseyn düşərgəsi açılanda Xeybər əməliyyatında əsir düşən bəzi uşaqları da oraya köçürdülər.

Onların bəzilərini bizim korpusa gətirdilər. Yeni əsirlərdən vətən ətri duyulurdu. Onları qardaş kimi sevirdik. Onlara Xeybər uşaqları deyirdik. Aralarında digərləri ilə qaynayıb-qarışmayan tək-tük əsirlər də vardı.

Xeybər uşaqlarının öz tərzləri vardı, amma cəmdən də uzaqlaşmırdılar. Bizimlə camaat namazı qılıb tədbirlərdə iştirak edirdilər, lakin ciddi qərarlar zamanı müstəqil idilər və öz aralarından seçdikləri adamlarla məsləhətləşirdilər. Bunlar müvəqqəti idi və getdikcə aradan qalxırdı. Bu qrupun ifrat hərəkətləri də olurdu. Məsələn, bəzi məsələlərə riayət etmədiklərinə görə uşaqlara şəriət cəzası çəkib şallaqlayırdılar!

Bir gün azad saatlarda həyətdə gəzişirdik. Birdən güclü səs-küy qopdu. Əsgərlər tökülüşüb hamını döydülər və “İçəri” komandası verdilər. Bəziləri hamamda idilər, bəziləri tualetdə. Belə vaxtlarda iraqlılar uşaqların hansı şəraitdə olduqlarına baxmadan vurur və içəri girmələrini əmr edirdilər. Bir də görürdün ki, bir nəfər köpüklü üz-başla hamamdan çıxıb paltarları qoltuğunda kameraya qaçır. Hamı bir-birindən nə baş verdiyini soruşurdu. Biri dedi: "Üçüncü korpusdakıların topu bizim həyətə düşdü, Xeybər uşaqlarından olan Əli də onu götrürüb cırdı”.

Əsəbi və qəddar Rəhim doktor otağının dəhlizinə yaxın bir yerdə stul qoyub oturur, hər birimizin hərəkətinə göz qoyurdu. O, topun cırıldığını görəndə Əlini çağırıb cavab verməsini tələb etmişdi.

Rəhim hamını bezdirmişdi. Uşaqlar ondan cana doymuşdular. Bilirdik ki, burnundan qan axsa, on nəfəri şikəst edərlər. Çarəsiz qalıb keçinirdik. Əli isə Rəhimin təhqiramiz davranışını görüb birdən lezva çıxarır və onun boynunun damarını kəsir. Mən özüm gördüm ki, Rəhim əlini boynuna qoymuşdu və barmaqlarının arasından qan fışqırırdı. Onun başı, çiyni və yaxası qana bələşmişdi.

Təbrizdən olan Əli Durudgəri ikinci mərtəbədəki kamerada qalırdı. O kameraya Xeybərçilərin kamerası deyirdik. Birdən oradan qışqırıq səsləri eşitdik. İraqlılar hamını döymə işinə Əlinin kamerasından başlamışdılar.

Pəncərə barmaqlığının önündə çömbəlib bayırdakı hadisələri izləyirdim. Təxminən 15 dəqiqə ərzində düşərgəyə əlli yekəpər və qəzəbli əsgər girdi. Onlar kameraları növbə ilə yox, hamısını birdən cəzalandırmaq istəyirdilər.

Hələ bütün əsgərlər həyətə girib qurtarmamış Əlinin qışqırtı səsləri gəldi. İki əsgər onun ayaqlarından tutub sürüyürdülər. Pillələri də eyni vəziyyətdə sürətlə endilər. Əlinin başı pillələrə dəydikcə taqqıldayır və ürəyimi yandırırdı. Birdən səsi kəsildi. Təxmin etdim ki, ağrıdan özündən gedib.

Əlini həyətdəki kanalizasiya arxının yanına atdılar. Dövrəsində o qədər əsgər vardı ki, onu görmürdüm. Rəhim də orada idi. Boynunu bağlamışdılar. Kəsiyin üstünə beş-altı cuna qoysalar da, band qanın içində idi. Rəhim fəxrlə başını dik tutub vəziyyətə nəzarət edirdi. Düşmən tərəfindən yaralandığına görə indi özünü daha məğrur aparırdı.

Əsgərlər bir göz qırpımında xüsusi qaydada Əlinin dövrəsinə düzüldülər. Əllərini bir-birinin çiyninə salıb onun bədənini təpikləməyə və üstünə ağızlarının suyunu atmağa başladılar. Onu öldürmək məqsədilə vururdular. Əlidən səs çıxmırdı. Uşaqlar ona fatihə oxudular.

Döyməkdən yorulandan sonra getdilər. Əlinin üz-başına o qədər çəkmə vurulmuşdu ki, tanınmaz hala düşmüşdü. Tez bir ədyal gətirib onun cansız bədəninin üstünə atdılar. Bu fasilədə düşərgəyə hələ də yeni əsgər girirdi. Onları heç vaxt görməmişdik. Onlar həyətə girib çəkmə ilə Əliyə möhkəm zərbələr endirirdilər. Əsgərlər ikinci mərtəbəyə çıxıb uşaqları cəzalandırmağa başladılar. Əsirlərin qışqırtısı və iraqlıların bağırtı səsləri vahimə yaradırdı.

Çox keçmədən bir neçə əsgər Əlinin üzərindən ədyalı götürüb yenidən ayaqlarından tutdular və pillələrdən endirdikləri tərzdə də yuxarı qaldırdılar. Birdən gördüm ki, ikinci mərtəbədən, yerdən ən azı altı metr hündürlükdən nə isə düşdü. Əgər Əlinin yaşayacağına zərrə qədər ümidimiz vardısa da, bununla artıq öldüyünə əmin olduq. Əlinin cəsədi həyətin ortasında qalmışdı. İraqlılar tez-tez pəncərələrə hücum edib zondla barmaqlığa vurub deyirdilər: "Oturun! Heç kim ayağa qalxmasın!" Biz isə yenə qalxıb həyətə baxırdıq.

Kamera-kamera gəzib əllərinə keçən hər bir şeylə uşaqları vəhşicəsinə döyürdülər. Növbə bizim kameramıza çatdı. Əvvəlcə kamera başçılarını apardılar. Onları bir də sağ görəcəyimizə ümidimiz yox idi. İraqlılar bilirdilər ki, əsirlər kamera başçılarını ən yaxşılardan seçirlər. Onlara qarşı həssas olub çox döyürdülər. Düşünürdülər ki, onlar bizə istiqamət verirlər.

Üzlərindən tanımadığımız 12 əsgər önümüzdə sıraya düzüldülər. Əmr etdilər ki, beş-beş cərgəyə düzülək. Birdən gözüm Qəhtana düşdü. İri və digərlərindən yaşlı əsgər idi, qalın bığı vardı. Biz Rəmadi düşərgəsində olanda o, mətbəxin rəisi idi. İraqlılar hətta onu da bu işə cəlb etmişdilər. Dedilər ki, başçı sıradan çıxsın. Dedik ki, başçıları aparıblar. Birdən Qəhtanın gözü mənə sataşdı və dedi: "O, Mehdi, tez buraya gəl. Burada dayan, sən başçısan!"

Rəmadi düşərgəsində yemək alanda onunla tanış olmuşdum. Hamıdan balaca olduğuma görə mənə ürəyi yanırdı. Məni sıradan çıxarıb dedi ki, sən başçı ol. Bütün əsgərlər gəlmə idilər, aralarında düşərgədən heç kim yox idi. özümüzünkülər başqa yerdə döyməklə məşğul idilər. Əsirlik dövrü boyu ilk və son dəfə orada kamera başçısı oldum. “Farağat” komandası verdim. Qəhtan sayıb əmr etdi ki, yerdə səcdə halında otursunlar. Əsgərlərin əllərində bir neçə santimetr qalınlığı olan və aralarında mis simlər işlənmiş güclü kabellər vardı. İçərilərindəki misin parıltısından yeni kəsildiyi bilinirdi. Təxminən on əsgər vurmağa başladı. Zərbələr uşaqların belinə dəyəndə sanki nağaraya dəyirdi və əsir qeyri-ixtiyari olaraq göyə atılırdı. Bu zaman da o birilər kabellə üz-başına vururdular. Bəzən əsgərlər arxa-arxaya dayanırdılar ki, hamıya əlləri çatsın. Onların əlləri bandla sarılmışdı. O qədər möhkəm vururdular ki, əlləri suluq bağlayırdı. İraqlıların döyməsini çox görmüşdüm, amma bu dəfə fərqli idi. Kabelləri var gücləri ilə uşaqların baş və bellərinə vururdular. Bu zərbələr nəticəsində əsirin öləcəyindən əsla çəkinmirdilər. Uşaqların bellərinə hər bir kabel zərbəsi dəyəndə ilan kimi yerlərində fırlanırdılar. Bu səhnələri görmək mənə əzab verirdi. On dörd məsuma təvəssül etdim ki, heç kim ölməsin. Bütün kameralardan qışqırtı səsləri gəlirdi.

Bu vəziyyət yarım saat davam etdi. Uşaqlar ölü kimi yerdə qaldılar, heç kim tərpənmirdi. Sanki bədənləri keyimişdi və ağrı hiss etmirdilər. Əsgərlər yalnız bundan sonra uşaqlardan əl çəkdilər. Kameradan çıxmaq istəyəndə birdən məni gördülər. Ayaq üstə dayanmışdım. Canavar kimi mənə hücum etdilər. Əvvəlcə üzümə bir neçə möhkəm zərbə vurdular, sonra da kabellərlə döyməyə başladılar. Qəhtan haradansa özünü yetirib döymələrinə mane oldu. Onlara deyirdi ki, nə edirsiniz, vurmayın, o, başçıdır.

Əsgərlər qapının yanında dayanıb siqaret çəkdilər. Bir-birinə nə deyirdilərsə, bərkdən gülürdülər. Növbəti kameraya keçib işə başlamaq üçün nəfəslərini dərirdilər.

İraqlılar gedəndə uşaqlar ölü kimi yerdə qalmışdılar. Bəziləri bellərinə vurulan zərbələrin təsirindən şalvarlarını islatmışdılar. Bu səhnəni görəndə gözlərimdən yaş axdı. Bir-iki saatdan sonra zarıya-zarıya sürünüb birtəhər yerlərində uzandılar.

Diqqətim bayırda idi. Tez-tez pəncərənin önünə keçib ətrafa baxırdım. Əli arxın yanında qalmışdı və tərpənmirdi. Diqqətlə baxırdım ki, onda həyat əlaməti görüm, amma yox idi. Yanından keçən hər bir iraqlı da bir neçə ağır söyüşlə üstünə tüpürüb gedirdi.

Həmin gün nahar yeməyi də vermədilər. Gecəyə qədər düşərgədən uşaqların zarıltı və iraqlıların bağırtı səsləri kəsilmədi. Onların əlinə bəhanə düşmüşdü, istədiklərini edirdilər. Az təqaüdümüzlə hazırladığımız şeyləri məhv etdilər, yuxarı mərtəbədəki kameraların şəkər kisələrini Əlinin cəsədinin üzərinə atırdılar.

Günortadan sonra üç-dörd əsgər bir ədyal gətirib Əlini təpiklə onun üstünə aşırdılar və dörd tərəfindən tutub xəstəxananın divarının dibinə atdılar.

Günəş batmaq üzrə idi. Sidik vedrəsi bayırda qalmışdı və bizə kameradan çıxmağa icazə vermirdilər. Həmişə gün batanda kameradakı uşaqları tanıyan və saylarını bilən düşərgə əsgərləri gəlirdilər. Adətən, bir zabit, bir gizir və iki əsgər gəlirdi. Həmin gün isə 10-15 hərbiçi birdən içəri girdi. Bu da uşaqları qorxutmaqdan ötrü idi.

Bizim kameramıza girən birinci adam Rəhimin özü idi, sarıqlı boyunla gəlmişdi. Farağat komandası verdim. Məni görən kimi dəliyə dönüb qışqırdı: "Bunu kim başçı qoyub?" Yazıq Qəhtanın rəngi qaçdı. Rəhimdən qorxurdular. İfratçı bir «Bəəs»-çi həm bizə təhlükəli idi, həm də iraqlıların özlərinə. Qəhtan başını aşağı salıb dedi: "Mən".

Rəhimin Qəhtana vermədiyi söyüş qalmadı. Bu əsnada bir əsgər mənə yaxınlaşıb üz-başıma bir neçə yumruq-şillə vurub dedi: "Yalla, get otur!"

Bizi sayandan sonra bir ambulans gəldi. Kiçik bir güzgüm vardı. Qaçıb gətirdim ki, görüm Əliyə nə edəcəklər. O günə qədər düşərgəyə hərbi və kanalizasiya maşınlarından başqa bir maşın girməmişdi. Ambulans Əlini ədyala büküldüyü şəkildə də götürüb apardı.

Uşaqlar gecə yenidən cəza veriləcəyindən narahat idilər. Uşaqların bir neçəsi xəstəxanada işləyirdilər və bayırda olmuşdular. Onlardan vəziyyətin necə olduğunu və iraqlıların bu gecə yenidən gəlmələrinin mümkünlüyünü soruşduqda dedilər: "Yox, əşi. Əsgərlərin əlləri suluq bağlayıb, qanayır. Bu gün o qədər kabellə vurublar ki, daha gecə gələ bilməzlər".

Ambulans gedəndən bir qədər sonra gedib yemək almağımızı əmr etdilər. Nahar da yeməmişdik. Uşaqlar bilirdilər ki, bu vəziyyətdə yeməyə kim getsə, yaxşıca döyüləcək. Çarə yox idi, dörd nəfər ayağa qalxdıq. Çirkli qabları götürüb qaçdıq. Qabları yuyub mətbəxə getmək istəyəndə Həsən adlı əsgər vaxtsız əcəl kimi qarşımıza dikilib dedi: "Yalla, Mehdi, qabları yerə qoy".

Qabları yerə qoyduq. Dedi ki, bilmək istəyirəm siz niyə namaz qılırsınız? Dedim ki, çünki müsəlmanıq və Allah Quranda belə əmr edib. O dedi: "Bilirik ki, Xomeyni din adamıdır, dinşünasdır. Lakin Səddam bizə hər şey verir: şərab, musiqi, bar. Səddam bizim qarnımıza yaxşı qulluq edir, amma Xomeyni gəlsə, belə olmayacaq".

Sonra bir siqaret yandırıb sözünə davam etdi: "Bəli, Xomeyni hər kəsin işinə qarışır. Quran deyir ki, dində məcburiyyət yoxdur, kim nə edirsə, özünə edir və hərəni öz qəbrinə qoyacaqlar".

Bu sözləri bütün iraqlı əsgərlərin beyninə yeritmişdilər.

İraqlıların üsulu belə idi: bizdən söz alıb istiqamət verdiyimizə və münaqişə yaratdığımıza, nəticədə də cəzalanmalı olduğumuza sübut tapmaq istəyirdilər. Buna görə də, o nadanlara cavab vermək üçün özümüzü əziyyətə salmırdıq.

Sözləri bitəndən sonra dedi: "İndi əllərinizi qaldırın. Qabları yenicə yumuşduq və əllərimiz soyuq suyun altında qızarmışdı. Dörd nəfər əllərimizi önümüzdə tutduq, o da zondla əllərimizin içinə vurmağa başladı. Kim əlini çəksəydi, deyirdi: "Onda əlinin arxasını gətir”. Uşaqların birinin əlinin üstünə elə vurdu ki, dırnaqlarının ikisi sındı. Yorulandan sonra dedi: "İndi qabları götürün, gedin". Biləklərimizin köməyi ilə çətinliklə qabları yığıb yemək almağa apardıq.

O gecə çətin keçdi. Uşaqların bədənləri ağrıyırdı. Əlini də hara aprdıqlarını bilmirdik. Ehtimal verirdik ki, ölüb. Saatlarla ədyalın arasında bükülüb qalmışdı, aparanda da eynilə ölü kimi apardılar. Gecə ağır mənəvi və fiziki vəziyyətdə Əlinin ruhuna fatihə oxuduq.

Həmin gecə başçıları kameralara qaytarmadılar. Nigaran idik. Bilirdik ki, bayırdakı cəzaların forma və miqyası kameradakılardan fərqlidir. Məsələnin aydınlaşması üçün bayırdakı cəzalandırmaya dair bir xatirə söyləyim:

27-28 yaşlı Həbib adlı bir əsir vardı. Ucaboy oğlan idi, uşaqlar xətrini çox istəyirdilər. Ərəbcəsi yaxşı idi, bizə Quran və Nəhcül-bəlağə dərsi deyirdi. Mən onun çalışqan şagirdi idim.

İraqlılar boy-buxunlu və yaraşıqlı əsirləri digərlərindən daha çox döyürdülər.

Səhər tezdən əsgərlər kameraya girib Həbibi apardılar. Pəncərənin önünə qaçıb gördüm ki, qoltuqlarının altından və ayaqlarının arasından ipi keçiriblər və 7-8 yekəpər iraqlı iplərdən tutub həyətdə qaçır, Həbibi yerlə sürüyürlər. Bir neçə nəfər də ardınca qaçır və kabellə bədəninə vururdular. Onlar tikanlı məftillərin yanı ilə qaçırdılar ki, Həbibin bədəni məftillərə dəyib yaralansın.

Onu on dəqiqə sürüyəndən sonra tualetlərə tərəf apardılar. Nə etmək istədiklərini bilirdik. İraqlılar kanalizasiya quyusunun dəmir qapağını götürüb uşaqları iplə quyuya salırdılar və ayaqları ilə basırdılar ki, batsın. Əsirin boğulmaq ehtimalını verdikləri zaman ayaqlarını çəkib quyudan çıxarırdılar. Əsir nəfəs almaq istəyərkən ağzını açdığında bir əsgər nəcisə bulaşmış bir çəkələk tayını zorla onun ağzına keçirirdi.

Həmin gün əvvəlcə kamera başçılarını gətirdilər. Onları kanalizasiya quyusuna salmışdılar. Bizim başçımızın adı Əbdal idi. Onun qanlı maykasını əynindən çıxaranda bədənindən maykasına yapışmış dəri parçaları ayrılırdı. Həbibə də eyni cəzanı vermişdilər.

Bir saat sonra iki yekəpər əsgər qapını açıb Həbibi bir meyit kimi içəri atdılar. Onun bütün bədəni kal badımcan kimi göyərmişdi. Onun yaraları aylarla sağalmadı, yatanda çətinlik çəkirdi; nə arxası üstə yata bilirdi, nə də böyürləri üstə. Bədəninin göyərmiş yerləri və qaraqançırları bir neçə aydan sonra sağaldı və bədəni öz təbii rənginə döndü.

Rəhim yaralanandan sonra təxminən bir aya qədər bizi hər gün döyürdülər. Əsgərlərin əlləri yaralanmış, suluq bağlamışdı, daha kabeli tuta bilmirdilər. Uşaqların çəkələklərini ayaqlarından çıxarıb onunla üzlərinə vururdular.

O zaman Əli Durudgərinin başına nə gəldiyini və onu hara apardıqlarını bilmədik. Lakin inanılmaz olsa da, sonralar eşitdik ki, o qədər döyülməsinə və işgəncə olunmasına baxmayaraq, sağlam qurtulmuşdur, yaşayır və Bağdad istixbaratında saxlanır. Lakin psixoloji sabitliyi pozulmuş, bədəninin hissiyyatı itmişdi.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə