Bismillah



Yüklə 1,01 Mb.
səhifə4/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   2   3   4   5   6   7   8   9   ...   16

Üçüncü fəsil


Bizi toz-torpaqlı halda da maşına mindirib apardılar.

Hara getdiyimizi bilmirdik. Bir az sonra Xürrəmşəhrə girdiyimizi anladım. Bunu yerə düşmüş plakatlardan, qarışqa kimi qaynaşan İraq əsgərlərindən, xarabalıqlardan, böyük çaydan və içiboş limandan anladım. İraqlılar şəhəri xaraba qoymuşdular. Hələ salamat qalmış bir-iki cərgə ağacdan bilmək olardı ki, bura bir zaman prospekt olmuşdu.

Tanklar evlərin xarabalıqları üzərində o qədər get-gəl etmişdilər ki, tör-töküntülərdən yol əmələ gəlmişdi. İraqlılar şəhəri tam nəzarətdə saxlamaqdan ötrü bir sağlam divar qoymamışdılar. Onlar İran xüsusi təyinatlılarının helikopterlərlə şəhərə daşınıb problem yaratmalarından qorxurdular.

Yalnız şəhərin icra hakimiyyətinin binasının yaxınlığında bir neçə hündür divar sağlam qalmış və top mərmisi ilə deşilmişdi. İraqlılar o deşikdən keçirdilər. Avtomobil hündür divarların yaxınlığında dayandı. Həmin üç nəfər maşında qaldı və iki iraqlı əsgərlə iki mayor qolumdan tutub yola düşdülər.

Yolun qalanı o qədər bərbad idi ki, maşınla getmək mümkün deyildi. Şəhər çəyirtkələrin hücumuna məruz qalmış tarlaya bənzəyirdi. Hər təpənin, divarın, dağıntının üstü - hər yer iraqlı əsgərlə dolu idi. Onlar qoryunov pulemyotu ilə silahlanmışdılar. Xüsusi təyinatlılardan olduqları bəlli idi. Boyları iki metrə çatırdı. Başlarında qara, yaşıl və ya qırmızı beretlər vardı. Bəziləri ayaq üstə danışıb gülə-gülə siqaret çəkirdilər.

İki tərəfimdə tank qatarı düzülmüşdü. Sonu görünmürdü. Bəzi tanklar par-par parlayırdı və tırtılları yağın içində idi. Yeni tanklar tankdaşıyan yük maşınlarının üstündə idi. Əsgərlər onları yerə endirirdilər. Bütün bunlar gözlərim önündə canlanırdı. Xarabalığın altından velosipedlər, uşaqların oyuncaqları və Xürrəmşəhr əhalisinin paltarları görünürdü.

On dəqiqə piyada yol gedib iraqlıların qərargahına çatdıq. Onlar Xürrəmşəhrin icra hakimiyyətinin binasını qərargah etmişdilər. Dağılmış binanın bütün mərtəbələri dəlik-deşik olmuşdu. Güman ki bu da onların əsas qərargahlarının ifşa olunmaması üçün hiylə idi. Birinci mərtəbəyə girdik. Bina ucaboy mühafizəçilərlə dolu idi. Fars dilini bildiyinə görə tərcüməçi sayılan əsgərlərdən biri ərəb ləhcəsilə qulağıma dedi: "...Mehdi, bura çox təhlükəli yerdir. Nə danışdığına fikir ver. Bunların kim olduğunu bilmirsən... Əmin ol ki, istədiklərini eləməsən, salamat qurtulmayacaqsan..."

Onun da qorxduğu üzündən bəlli idi. Adətən, tərcüməçilər yaxşı adam olur və mənim sözlərimi olduğu kimi iraqlılara çatdırırdılar. Onlar həm də məni ətrafımdakı vəziyyətdən xəbərdar edirdilər.

Binanın son hissəsinə çatmazdan öncə bizimlə birgə gəlmiş iki siyasi hərbiçini tərk-silah etdilər. Binanın sonunda liftə mindik və lift aşağı endi. Bu mənim üçün maraqlı idi. Mən o vaxta qədər liftə minməmişdim. Liftin neçə mərtəbə endiyini bilmirəm, amma birdən dayandı, qapılar açıldı və biz bayıra çıxdıq. Tərcüməçi hələ də danışırdı. Mən isə ətrafa o qədər maraqla baxırdım ki, sözlərini eşitmirdim.

Dəhlizdən keçib böyük bir qapıya çatdıq. Qapının önündə məni saxladılar. Bir-iki dəqiqədən sonra qapı açıldı və əsgər məni toplantı zalına bənzər böyük otağa itələdi.

Otaqda hər şey gözəl və yaraşıqlı idi. Zalın ortasında bütün ətrafına stullar düzülmüş böyük bir dəyirmi masa vardı. İraq ordusunun qocaman zabitləri stullarda oturmuşdular. Çoxu qara papağını stolun üzərinə qoymuşdu. Məclisin başında ayaq üstə dayanmış bir şəxs vardı. O, əlindəki antenə bənzər bir şeylə xəritəyə vurub nəsə danışırdı.

Otaqda pəncərə yox idi. Bütün divarlar 20 sm. qalınlığında üst-üstə asılmış iki-üç metrlik xəritələrlə örtülmüşdü. Üzdəki xəritələrdə dörd tərəfi göstərən ox işarələri vardı.

Otağın dumanlı havası diqqətimi çəkdi. Hər şey dumana qərq olmuşdu. Hər yüksək rütbəli zabitin önündə iki qutu siqaret və küllə dolmuş külqabı vardı. Zabitlərin hamısının əlində siqaret vardı. Lakin otaqdan adi tütün qoxusu gəlimirdi, xoş ətir duyulurdu və adamı narahat etmirdi.

Təəccüblə bütün bunları izləyərkən əlində anten tutmuş kişi xəritənin önündən döndü və gözü mənə sataşdı. Anteni yerə qoyub gülməyə başladı. Dəli kimi gülürdü. Digərləri də öz rəisləri kimi mənə baxıb gülməyə başladılar.

O, mənə bir neçə addım yaxınlaşdı. Məni gətirənlərlə ərəbcə danışdı. Onlar da məni dəhlizin sonuna apardılar. Hamam və tualetlər olan bir yerə girdim. Katyuşa macərasından və təxminən bütün bədənimin qum altında dəfn olunduğundan sonra məni elə vəziyyətdə də gətirmişdilər. Hətta əllərimi də açmamışdılar ki, saçıma bir əl çəkim və ya paltarımı çırpım. Maşın gedəndə əsən külək qumları azca təmizləmişdi. On il torpaq altda qalmış bir adama bənzəyirdim.

Katyuşa macərası səhər saat 09:30-da baş vermişdi. İndi də saat 11:00 idi. İki əsgər tərcüməçi ilə birlikdə başımı isti suyun altına tutdular. Uzun müddət su görməmiş mən də həvəslə başımı yudum. Tərcüməçi saçımı yuya-yuya qulağıma deyirdi: "Mehdi, deyəcəyin sözlərə fikir ver. Sən Allah, dikbaşlıq eləmə. Öz canın üçün deyirəm. Bura o biri yerlər kimi deyil. Qarşında duranın kim olduğunu bilirsən?"

Etinasızlıqla dedim: "Kimdir? Generaldır?"

O dedi: "Ondan da böyükdür. O, Adnan Xeyrullahdır1, Səddamın Müharibə naziri".

Köpüklü üz-başla qayıdıb ona baxdım. Doğru dediyinə inanmırdım. Düşündüm ki, bunu məni qorxutmaq və istədiklərini dedizdirmək üçün deyir.

Tərcüməçi dayanmadan danışırdı. Məndən ötrü nigaran idi. Hələ başımı tam yumamış və başımdan palçıqlı su axa-axa dəsmalı başıma atdılar.

Başımı qurutdum, əlimdən tutub tez zala qaytardılar. Tərcüməçinin Adnan Xeyrullah dediyi komandir məni görən kimi danışmağa başladı: "Neçə yaşın var? Cəbhəyə necə gəlmisən?" Dedim: "On üç yaşım var və könüllü şəkildə cəbhəyə gəlmişəm". Sərxoş kimi gülməyə başladı. Ona baxıb digər zabitlər də gülürdülər. Uzaqdan məni göstərdi, əlimdəki anteni o biri əlinə vurdu və sonra onunla zala işarə edib gülə-gülə dedi: "Sən bu boyunla müharibəyə gəlməyə qorxmadın?” Antenin ucunu zabitlərə tutub əlavə etdi: “Bu cəsur ərəblər... Bu qəhrəman ərəblər... De, Mehdi, qorxmadın?”

Allah kömək etdi və anında bu cavab dilimə gəldi: "Mən sizinlə güləşməyəcəm ki. Bu gün müharibədə bu bədənlə mənim də silahım var və atəş açıram, sizin də. Siz böyük olduğunuza görə daha yaxşı nişangaha gəlirsiz. Digər tərəfdən, sizin güllələrinizdən qaçmaq mənə daha asandır".

Mənimlə Adnan arasında belə bir söhbət oldu və tərcüməçi dili topuq vura-vura bütün sözlərimi tərcümə elədi.

Adnan yerində dayandı. Daha gülmürdü. Bir neçə dəqiqə sükutla keçdi. Daha heç nə soruşmadı. Onun işarəsindən sonra iki əsgər və tərcüməçi məni liftə gətirdilər. Gəldiyimiz yolu eynilə geri qayıtdıq. Həmin üç nəfər maşının yanında bizi gözləyirdilər. Yolda tərcüməçi qəliz ərəb ləhcəsi ilə deyirdi: "Vay, Mehdi, bu nə cavab idi verdin?! İndi mütləq səni öldürəcəklər".

Narahat olmadığım yeganə şey canım idi və bu mənə cəsarət verirdi. Narahatlığım İslamın, imamın və xalqımın başucalığı idi.

Avtomobil uzun yol getdi. İnanılmaz idi, amma yenidən Bəsrəyə dönmüşdük. Əsirliyin birinci gecəsində qaldığımız zala getdik. Uşaqların çoxu aparılmışdı və yeni əsirlər gəlmişdilər. Heç birini tanımırdım.

Hava çox isti idi. Ağır gün keçirmişdim. Zalın bir tərəfində sərin sementin üzərində uzandım. Xürrəmşəhri düşünürdüm. O qədər əsgər və partizan qarışqa və çəyirtkə kimi bütün şəhərə dolmuşdular. Qarışıq yolları və fikir otağı olan o bina, İraq ordusunun yüksək rütbəli zabitləri, Adnan Xeyrullah - bütün bunlar göstərirdi ki, iraqlılar Xürrəmşəhri var gücləri ilə saxlamaq istəyirlər.

Beytülmüqəddəs əməliyyatının ikinci mərhələsini və Əhvaz-Xürrəmşəhr yolunun azad edilməsini xatırladım. Bu, həmin zülmət gecədən, bizimlə iraqlılar arasında qanlı döyüşdən sonra baş vermişdi.


***
Günəş başımızın üstünə çatanda hava qızdı. İraq təyyarələri dəstə-dəstə uçurdular. Maraqlı idi ki, bizimlə işləri yox idi. Bizim yaxınlığımıza qədər gəlir, önümüzdəki açıq düzənliyə şığıyır və bombalarını töküb qayıdırdılar. Hər yer qara tüstü və alov içində idi. Yavaş-yavaş məndə maraq yarandı ki, təyyarə və raketlər önümüzdəki düzənliyi nə üçün bu qədər vururlar? Bəzi dostlarımız zarafata deyirdilər: "İraqın bəzi pilotları yaxşı adamlardır; gedib raketləri çöllüyə boşaldıb qayıdırlar".

İki nəfərlə birgə sürünə-sürünə düzənliyə tərəf getdik. Qəlpə və güllələr bizə doğru gəlirdi. Bəzən qalxıb qaçır, bəzən də sürünə-sürünə gedirdik. Təxminən on beş dəqiqə belə keçdi. Ayaqlarım altındakı yer dayanmadan titrəyirdi, sanki zəlzələ olurdu. Tüstü, alov və qorxunc səslər arasında itirdiyim iki yoldaşımı axtarırdım ki, birdən önümdə zirzəmiyə açılan bir baca gördüm.

Bacanın ağzı o qədər geniş idi ki, bir nəfər asanlıqla keçə bilirdi. Bir an da düşünmədən oraya girdim. Tələ, ya da düşmən hərbçiləri ilə dolu bir yer ola bilərdi. Lakin nə idisə, yerin üstü ilə çox da fərqi yox idi. Çünki güllə və qəlpə əlindən yuxarıda qalmaq mümkün deyildi. Get-gedə gözüm qaranlığa alışdı. Önümdə dəmir bir nərdivan vardı. Pillələrdən endim. Tavandan asılmış lampaları yanan geniş bir dəhliz idi. Yeri titrədən partlayışlar lampaları dayanmadan tərpədirdi. Bəzən haradansa torpaq da tökülürdü. Elektrik generatorlarının səsi də gəlirdi. Bu böyük dəhlizin iki tərəfində qum kisələri ilə zal və otaqlar düzəltmişdilər. Otaqlara brezent çadırdan qapı qoyulmuşdu.

Öz kəşfimdən həyəcanlanmışdım. Birinci və ikinci otaqların pərdəsini kənara çəkdim. Otaqlar silah-sürsatla dolu idi. Ağla gələn hər cür silah vardı. Bir zala girdim. Böyük silah qutuları ilə dolu idi. Qutuların birinin ağzını açdım. Medallar, təmiz və ütülü hərbi geyimlər və bahalı saatlar vardı. Bu qutulardan çamadan kimi istifadə etmişdilər. Növbəti zala girdim. Ev kimi bəzədilmişdi: Çarpayı, trümo, qadın paltarları ilə dolu şkaf, uşaq oyuncaqları, uşaq arabası və hətta uşaq üçün yelləncək. Öz-özümə düşündüm ki, ailəsini də özü ilə buraya gətirmək üçün insan nə qədər təhlükəsizlik hiss etməlidir!

Şkaf və çamadanların açıq qalması və digər əlamətlər göstərirdi ki, iraqlılar oranı tələsik tərk edib gediblər. Zalın tavanına baxdım. Əvvəlcə uzun taxtaları bərkitmiş, üstünə dəmir plitələr düzmüş və onun da üstünə qum kisələri yığmışdılar. Kisələri gizlətmək üçün üzərinə çoxlu torpaq tökmüşdülər.

Otaqlarda heyrətlə gəzirdim. Birdən bayırdakı atəş səsləri vəziyyəti yadıma saldı. Zirzəmi hər an uça bilərdi. Təyyarələrin nə üçün məhz oranı bombalamasının səbəbini onda anladım. Onlar bu qədər silahın bizim əlimizə keçməsini istəmirdilər. Tez oradan çıxmalı idim, amma öncə nəsə götürüb aparmaq istəyirdim. Çıxışın önündəki zala girdim. Ora fərqli ölçülərdə tapançalarla dolu idi. Onların bəzisi çox kiçik idi və mən heç vaxt görməmişdim. Bir neçə tapança və gecə durbini götürüb bayıra qaçdım.

Ətrafımda o qədər alov və tüstü var idi ki, yolu görmək çətin idi. Allaha təvəkkül edib zirzəminin əks istiqamətinə doğru bəzən qaça-qaça, bəzən əyilə-əyilə, bəzən də sürünə-sürünə gedib istehkamımıza çatdım. Mənimlə gələn iki nəfər tez qayıtmışdılar və yoldaşlarımızın arasında idilər. İstehkamın arxasına çoxlu adam toplaşmışdı və komandir onların arasında idi. Deyəsən, getdiyimdən xəbər tutub məndən nigaran qalmışdılar.

Komandir yaxınlaşdı, əlini qaldırıb məni vurmaq istədi. Sonra qışqırmağa başladı: "Sən kimin icazəsilə buranı tərk etmisən?! Buranın vəziyyətini görmürsən?!"

O qədər əsəbi idi ki, bir söz deməyə cəsarət etmədim. Eləcə tez-tez danışırdı. Amma birdən özü boynumdan və belimdən asdığım silahları gördü. Əlini belimə uzatdı, kəmərimə keçirdiyim kiçik tapançanı götürüb susdu. Xoşu gəlmişdi. Gözlərini ondan ayırmadan təəccüblə soruşdu: "Bunu haradan gətirmisən?"

Dərin nəfəs alıb həyəcanla bütün gördüklərimi danışdım.

Komandir kəmərimdən asdığım işıq siqnalı tapançasını və infraqırmızı durbini görən kimi hamısını götürüb dedi: "Bunlar möhtəşəmdir! Hamısı faydalıdır!" Baxa-baxa qaldım, birini də özümə verməyib dedi: "Qoy yadında qalsın ki, bir də icazəsiz xidmət yerini tərk etməyəsən".

Sonra oranı cəld boşaltmağımıza dair əmr verildi. Əgər o anbar partlasaydı, bir neçə kilometrə qədər hamımız qətliam olardıq. Sonralar anbarın taleyi barədə sorğu-sual etdim. Öyrəndim ki, anbarın yaxınlığına iki-üç zenit quraşdıraraq İraq təyyarələrini nişan almış və bununla da bütün silahları daşıya bilmişdilər. Hərçənd o zirzəmi ən güclü raketlərlə də dağılası deyildi. İraqlıların təsəvvürünə də gəlməzdi ki, bir gün elə təhlükəsiz yeri tərk etməyə məcbur olsunlar. Ona görə də, heç bir dəlik qoymamış və alınmaz bir anbar düzəltmişdilər.


***
Gün batana yaxın bir qrup əsir gətirdilər. Çox ağır durumda idilər. Bəzilərinin əl-ayaqları kəsilmişdi və tez xəstəxanaya aparılmalı idilər. Yeriyə bilənlərin hərəsi bir yaralını kürəyində daşıyırdı.

Bu yeni qrupda tanış tapmaq ümidilə gəzməyə başladım. Gördüm ki, bəziləri Ərdistan uşaqlarıdır. Bir neçəsini tanıdım. Aralarında Əmrullah Gənci vardı. Bəsicdə bizimlə olmuş Məhəmməd Ramazanpur, Əli Mollayi və onun qardaşı da orada idi. O vaxt Əmrullahın təxminən on səkkiz yaşı vardı və Ərdistanda dəmirçilik edirdi. Bəzilərini üzdən tanıyır, adlarını yaxşı bilmirdim. Müharibə otağını, Adnan Xeyrullahı görəndən və o qədər təzyiqlərə məruz qalandan sonra tanış üzlər görmək insanı sakitləşdirirdi. Əhməd Camali, Əli Sadiqi, Hüseyn Ehtişami, Rza Gülxəni, Mehdi Hədidi, Məzlum, İbrahim Zairi...

Orada təxminən iki gün qaldıq. Bizimlə üzbəüz bir otaq vardı. İraqlılar hər gün uşaqları bir-bir dindirməyə aparırdılar. Təmiz yer idi. Qayıdan uşaqlar verdikləri cavablara gülürdülər. Hamıya eyni sualları verirdilər. Qarşı cəbhədə İranın nə qədər canlı qüvvəsinin və döyüş texnikasının olduğunu öyrənmək istəyirdilər. Dindirmədən sonra eyni suallarla bir radio müsahibəsi də hazırlamışdılar. Dindirilməyən və müsahibə verməyən yeganə adam mən idim.

İki əsgər qollarımı bağlayıb məni də dindirməyə apardılar. Fikirləşirdim ki, mənə də eyni sualları verəcəklər: Haralısan? Neçə yaşın var? Harada əsir düşmüsən?...

Bir qapının önünə çatdıq. Məni yekəpər bir əsgər aparırdı. O, otağın qapısını açıb-bağlayırdı. Yaxşı əsgər idi, uşaqları təpiklə vuranlar kimi kinli deyildi. Hərdən məni pəncərənin yanına çağırıb deyirdi: "Məhdi, Xomeyni zin. Nəhnu əxi muslim. Səddam xər!"1

"Xər" sözünü təxminən bütün iraqlılar öyrənmişdilər. Məni dindirmə otağının önünə aparıb qapını açdı. Stolun arxasında təxminən əlliyaşlı yekəpər bir zabit oturmuşdu. Qırmızı papağı, enli və qara bığı vardı. Bir divə bənzəyirdi.

Stolun üstünə kağızlar səpələnmişdi. Gözünü mənə zilləyib baxırdı. Gözünün qırmızı damarları görünürdü. Boynunun damarı şişmişdi. Hiss etdim ki, boy-buxunu və qəzəbli siması ilə məni qorxutmaq istəyir.

Yanında bir stul vardı. İşarə ilə əsgərə bildirdi ki, məni otuzdursun. Qarşıma bir neçə ağ kağız və bir qələm qoydu. Bir neçə saniyə sonra qələmi və kağızları götürüb o tərəfə tulladı. Yerindən qalxdı və mənim stulumun ətrafına fırlandı. Yəqin düşünürmüş ki, bir qarış boyu olan uşaq hansı hərbi sirri bilər?!

Əsgərdən adımı soruşdu. Sonra mənə yaxınlaşıb dedi: "Mehdi, səndən heç nə istəmirəm. Ancaq çox sadə bir şey istəyirəm. Ayağa qalxacaq və mənim önümdə Xomeynini söyəcəksən. Sonra səninlə nəinki işim olmayacaq, hətta azad edəcəyəm, İrana qayıdacaqsan”.

Öz-özümə düşündüm ki, bu iraqlılar söyüş söyməklə nə qədər rahatlaşırlar. Biz iraqlıları əsir tutanda qorxutmadan və onlardan istəmədən ölkələrinin başçılarını söyür və "Səddama ölüm" deyirdilər. Bunları düşünürdüm ki, qışqırdı: "Yalla, nə gözləyirsən?!"

Sakit durmuşdum. Güclə farsca danışan iribədənli əsgər dedi: "Mehdi, çıxış yolun ancaq Xomeynini söyməkdir".

Qoca zabit Şimr kimi başımın üstündə dayanmışdı və dayanmadan tələsdirirdi: "Ey! Nə gözləyirsən? Niyə sakit durmusan?"

Üzünü zavallı əsgərə tutub dedi: "Başa salmadın ki, nə deməlidir?”

Əsgər dedi: "Bəli, ağam, dedim, amma heç nə söyləmir”.

Əsgər tez-tez kürəyimə vurub dedi: "Yalla, Mehdi... Bir söyüş söy... De ki, Xomeyni ayaqqabı!"

Dedim: "Xeyr! Heç vaxt rəhbərimə belə hörmətsizlik etmərəm”.

Dedi: "Mehdi, inadkarlıq eləmə. Yaxşı, de ki, Xomeyni ölsün. Belə desən, səndən əl çəkər”.

Dedim: “Ona de ki, heç vaxt rəhbərimi söymərəm".

Əsgər bu cümləni zabitə deyəndən sonra zabit birdən nərə çəkdi və iki əlini də stola çırpıb and içməyə başladı: "And olsun Böyük Allaha, mən bunu öldürəcəyəm... Allah şahiddir ki, mən bunu öldürəcəyəm..."

Dayanmadan bağırırdı. Zavallı əsgər qorxmuşdu və təkrar-təkrar "seyyidi, seyyidi" deyir, əsəbi halda mənə səslənirdi: "Mehdi, inadkarlıq eləmə. Bir söyüş ver, bitsin, problem də çıxmasın".

Səsi ilə məni qorxutmağa çalışdığını bilirdim. Başımın üstünə gəldi. Kəlmeyi-şəhadətimi oxudum. Əmin idim ki, istədiyini deməyəcəyəm. Oraya qədər daha böyüklərinin önündə tab gətirmişdim. Tapançasını gicgahıma dirəyib əsgərə dedi: "De ki, söysün. Yoxsa Allaha and olsun ki, öldürəcəyəm".

Zavallı əsgər özünü itirmiş halda qulağıma pıçıldadı: "Mehdi, sən Allah, bir söyüş ver, bu adamın rəhmi yoxdu, səni öldürər".

Komandir susduğumu gördükdə tapançanın çaxmağını gicgahıma söykəyib sıxdı. Başım ağrıdı. Komandir qışqırdı: "Səni öldürəcəyəm... Səni burada öldürəcəyəm!"

Uca səslə kəlmeyi-şəhadətimi oxuduğumu eşidəndə yırtıcı canavar kimi nərə çəkdi. Tapançası ilə başıma elə möhkəm zərbə vurdu ki, yerə yıxıldım. Sonra da təpiklə canıma düşdü. Hərdən də saman çöpü kimi qaldırıb divara çırpırdı. Daha söyüş söyməyimi istəmirdi, sadəcə, döyürdü. Yorulduqdan sonra məndən əl çəkdi. Ləhləyirdi. Əsgərə işarə etdi ki, üç dəfə də o məni qaldırıb yerə çırpsın. Əsgər çarəsiz qalıb çox ikrahla onun istəyini yerinə yetirdi. Sonra əsgərə dedi: "Bunu buradan rədd elə!"

Əsgərin gözlərinə işıq gəldi. Məni qucaqlayıb cəld otaqdan çıxardı. Dönə-dönə məndən halallıq istəyir və deyirdi:"Bəxtin gətirdi ki, səni öldürmədi. O, çox rəhimsizdir". Əsgər məni saxlandığımız yerə qaytardı. Yoldaşlarım məni qarşıladılar. Üz-gözüm yaman gündə idi. Dedilər: "Mehdi, nə oldu? Səni nə hala salıblar! Nə dedin ki?"

Başıma gələnləri yoldaşlarıma qısaca danışdım. Bir az ürək-dirək verdilər.

Sonra zalın bir tərəfində uzandım. Hər yerim ağrıyırdı. Sanki məni həvəngdəstənin içində əzmişdilər. Vəziyyətim çox pis idi. İraqlıların söyüş söyməklə rahatlıq tapmaları mənə qəribə gəlirdi. Yadımdadır, biz əsir tutanda heç birindən Səddamı söymələrini istəmirdik, amma özləri dərhal deyirdilər: "Səddama ölüm olsun! Səddam kafirdir. Səddam uzunqulaqdır...". Qeyri-iradi olaraq, gördüyüm ilk əsir qrupunu xatırladım.
***
Beytülmüqəddəs əməliyyatının ilk mərhələsi idi. Orduya və Sepaha aid qüvvələrin Karun çayının arxasında bir həftə gecə-gündüz işləməsindən sonra ponton salındı. Zirehli texnika, tank və hərbi maşınlar körpünün üzərindən salamat keçdilər.

Alatoranlıq düşən kimi dedilər tez gedib minin. Kolonlar düzüldü. Əməliyyat üçün gətirilmiş zirehli texnikalara sarı getdik. Hər kəs yanındakına minirdi. Bir də görürdün tankın üstündə o qədər sıxlıq yaranırdı ki, iynə atsan, yerə düşməzdi. Hərə tankın bir tərəfindən yapışırdı.

Mən də qaçıb tankların birinə mindim. Tanka minməyi çox sevirdim. Tankın üstündə oturdum və millərin birindən tutdum ki, yıxılmayım. Tank sürətlə hərəkətə başladı. Qəribə titrəməsi və səsi vardı. Mildən möhkəm yapışmışdım. Buna baxmayaraq, tank çökəyə düşəndə elə atılıb düşürdü ki, azca boş otursaydın, yerə yıxılardın. Qaz verəndə səsboğucudan qara qatı tüstü çıxırdı. Mən təsadüfən səsboğucunun yanında idim və qara tüstü düz başıma dəyirdi. Təbii ki, belə şeylərə əhəmiyyət vermirdim.

Kolonun əzəmətli görünüşü vardı. Sonu görünmürdü və son dərəcə zəhmlə düşmənin üstünə yeriyirdi.

Tankların və hərbçiləri daşıyan maşınların səsi o qədər güclü idi ki, başımızın üstündəki partlayışları duymağımız bir müddət çəkdi. Bunlar zamanlı raketlər idi. İraqlılar onları hərəkətdə olan kolonlara doğru göndərirdilər. Raketlər tez-tez partlayır və göydə qara tüstü yaradırdı. Çox çəkmədən başımızın üstündəki səma qara və dairəvi tüstülərlə doldu. Qəlpələr tanklara dəyib qəribə səslər çıxarırdı. Hava yavaş-yavaş işıqlandı və önümüzü görə bildik. Qarşıda geniş bir səhra vardı. Torpağı o qədər yumşaq idi ki, bütün kolon tozun altında qaldı. Birdən sağ tərəfimizdə təxminən 15-20 nəfərlik bir düşmən manqası peyda oldu.

Bölük komandiri kolonumuza “dur” əmri verdi. Özü maşından enib kolonun yanı ilə qaça-qaça məni çağırırdı: "Mehdi haradadır?" Özümü ona göstərən kimi dedi: "Mehdi, en aşağı".

Əlləri boynunda dizləri üstə çökmüş iraqlılara doğru gedə-gedə ucadan dedi: "Mehdidən başqa heç kim düşməsin".

Tankın üstündən hoppanıb qaça-qaça komandirə çatdım. Mənə baxıb dedi: "Silah hazırdır?"

Silahı möhkəm tutub ucadan dedim: "Bəli!"

Dedi: "Yaxşıdır. Hazırlaş, bunları güllələ".

İraqlılar dayanmadan deyirdilər: "Səddama ölüm olsun..."

Silahı hazırlayıb avtomat rejiminə keçirdim və oturmuş iraqlıları nişan aldım. O anda heç nə düşünmürdüm. Mənim üçün mühüm olan komandirin əmrini yerinə yetirmək idi. Barmağımı tətiyə aparırdım ki, on beş nəfərin hamısı yalvarmağa başladı. Qumu ikiəlli götürüb başlarına tökür və deyirdilər: "Yəbnəz-Zəhra! Yəbnəz-Zəhra! Dəxil Xumeyni! Əl-məut li Səddam!”1

Sonra da İmam Əliyə aid edilən şəkli çıxarıb komandirə göstərdilər və ayağına düşdülər. Bəzisi çəkmələrinin bağlarını bir-birinə düyünləyib boyunlarından asmışdılar, bəzisi də uşaqlarının şəklini çıxarmışdılar. Hamısı Nəcəf və Kərbəladan olduqlarını deyirdilər. Bu səhnəni görəndən sonra əllərim titrədi. Öz-özümə dedim ki, məgər kafir «Bəəs»-çilər İmam Əlini qəbul edirlər?! Mənim təsəvvürüm belə idi ki, onlar ruhlarını kafir Səddam Hüseynə satmış adamlardır.

Komandirə baxdım. İki iraqlı əsir komandirin ayaqlarından möhkəm yapışıb yalvarırdılar. Komandirin görkəmindən onun da təsirləndiyini anladım. Yoldaşlarımdan bir neçəsi gəlib dedilər ki, bunları arxaya göndərək. Komandir dedi: "Biz hələ indi irəliləməyə başlamışıq. Bizi qızğın döyüş gözləyir. Onları arxaya aparmağa nəqliyyatımız yoxdur".

Bir an da gözləməyə vaxt yox idi. Komandir tez kolona baxdı, bir maşın seçib içindəkilərə əmr etdi ki, digər tank və maşınlara minsinlər. İraqlıları ona mindirdi və bir neçə döyüşçü ilə arxaya göndərdi. Həmin gün iraqlı əsirləri görmək həyəcanlı idi, amma heç vaxt düşünməzdim ki, o döyüşdə özüm də əsir düşəcəyəm.
***
Dindirmədən on saat ötdü. Bu müddətdə hamını müsahibəyə aparmışdılar. Hər bir əsirdən radio üçün bir müsahibə alırdılar. Formal xarakterli və suallar şablon idi: "Adın nədir? Harada əsir düşdün?" Hər bir əsirin get-gəli on dəqiqə çəkirdi.

Hamını apardılar. Adət üzrə axırıncı adam mən idim. Otağa girdim. Ortada bir stol vardı, ətrafına 3-4 stul düzülmüşdü. Stolun arxasında hərbi geyimli ortayaşlı bir kişi oturmuşdu. Farsca təmiz danışırdı. Ərəb ləhcəsilə dedi: "Mən iranlıyam, Xürrəmşəhrdənəm".1

Otaqda iki iraqlı da vardı. Uca boyu və yüksək rütbəsi olan biri ayaq üstə dayanmışdı. Digəri də otağın küncündə güzgünün önündə üzünü qırxırdı. Yanaqlarının üstünə qədər bütün üzü köpüklü idi. Krem köpüyünü sürtdüyü fırça güzgünün önündəki qabın içində idi. Ucaboy əsgər bir stol çəkdi və mən oturdum. Farsca bilən kişi soruşdu: "Adın nədir?" Dedim: "Mehdi".

Adımı deyən kimi saqqalını qırxan zabit güzgüdən mənə baxdı. Gülümsünüb dedi: "Aha, Mehdi. Mehdi yaxşı oğlan!"

Farsca danışan kişi yenidən dedi: "Bax, Mehdi, sənə bir neçə sual verəcəyəm, amma istədiyimiz cavabları verəcəksən. Soruşacağam neçə yaşın var, deyəcəksən ki, altı. Soruşacağam cəbhəyə necə gəldin, deyəcəksən ki, Xomeyninin pasdarları məktəbimizə hücum edib məni oğurladılar və cəbhəyə gətirdilər".

Bunları eşidəndə anladım ki, burada da məni macəra gözləyir. Digərləri kimi bir neçə sadə sual-cavabla canım qurtarmayacaq.

Zabit bir daha güzgüdən mənə baxıb təbəssümlə dedi: "Bəli. Mehdi yaxşı oğlan!"

Sonra maqnitofonun düyməsini basıb dedi: "Əziz dinləyicilər! İndi biz balaca bir iranlı uşaqla söhbət edirik". Maqnitofonun düyməsini basıb dedi: "Neçə yaşın var?" Dedim: "on üç". Qəzəblə düyməni basıb dedi: "Altı yaş, Mehdi, anladın? Altı yaş!"

Bir daha soruşdu: "Necə oldu ki, cəbhəyə gəldin?" Soyuqqanlılıqla, amma ucadan dedim: "Könüllü". O qışqırıb dedi: "Sən istədiyimi deməlisən, özü də ağlaya-ağlaya!"

Otağın bir küncündə durmuş əsgər mənə yaxınlaşıb arxamda dayandı. Əlindəki dəyənəklə əvvəlcə yavaş-yavaş, sonra da möhkəm çiyinlərimə vurdu. Yerə baxaraq dedim: "Sizin dedikləriniz yalandır və mən heç vaxt deməyəcəyəm!"

Üzünü qırxan zabit ülgücü yerə atdı, üzünü ala-yarımçıq dəsmalla sildi və üstümə cumdu. Dəyənəyi əlinə alıb başıma və çiyinlərimə bir neçə zərbə endirdi. Qəzəblənmişdi. Gözlərini gözümə zilləyib dedi: "Mehdi, indi istədiyimi de! Necə oldu ki, cəbhəyə gəldin?"

Cavab vermədim. Faydasız olduğunu bilirdim. Yüz dəfə cavab vermişdim. Farsca bilən kişi maqnitofonun düyməsini basıb dedi: "Ağlama, yaxşı oğlan. Burada hamı səninlə mehriban davranır. Niyə ağlayırsan?!"

O, bu sözləri deyəndə iki saat idi məni döyürdülər və məndən bir “ah” da eşitməmişdilər. Əsgər dilimin açılmadığını görüb qışqırdı və məni stuldan qaldırıb yerə çırpdı. Vaxtları bitmişdi. Mənimlə radio müsahibəsindən iki saat keçirdi. Bütün güclərini səfərbər etmişdilər. Əsgər çarəsizlikdən məni qaldırıb qaldığımız yerə qaytardı.

Otaqdan çıxanda o satqın kişi maqnitofonunu yandırıb dedi: "Bax, Mehdi, bizim sənin ağlamana ehtiyacımız yoxdur. Özümüzdə sənin yaşda bir oğlan uşağının ağlamaq səsi var. Sənin müsahibənin yanına qoymaq çətin deyil". Ağlamaq səsi otağı bürüdü. Saqqalını qırxmamış zabit əyilib əllərini stolun üstünə qoymuşdu və danışırdı.

İki əsgər məni müvəqqəti kameraya qaytardılar. Əraziyə çoxlu avtobus gəlmişdi. Kameranın içində uşaqlar hərəkətdə idilər. Deyəsən, bizi köçürmək istəyirdilər. Uşaqların bir neçəsi yaxınlaşıb soruşdular: "Mehdi, nə uzun çəkdi! Səndən nə soruşdular?" Açıqlamağa macal olmadı. Əsgərlər bizi avtobuslara sarı qovdular. Hamımız mindik və avtobuslar yola düşdü. Pərdələr çəkilmişdi, bayırı görmürdük. Bəsrədən çıxdıq. Bir neçə saatdan sonra avtobuslar dayandı və biz düşdük.

Önümüzdə hündür və qalın beton divar vardı. Divarın ətrafı tikanlı məftillərlə örtülmüşdü. Bu böyük ərazinin bayırla əlaqə yolu avtobusların girişindən sonra örtülən dəmir darvaza idi. Bizi bir binaya saldılar. Təxminən 300 nəfər idik. Hamımızı 12 kv. metrlik bir otağa saldılar. Ayaq üstə dayanmağa da yer yox idi. O qədər sıxlıq idi ki, başımızı çevirə və sağa-sola baxa bilmirdik. Yeganə yaxşı cəhəti tavanının hündürlüyü idi. Yuxarıda kiçik siyirtməli bacası olan dəmir bir qapı var idi. Gözətçi hərdən onu çəkib otağa göz gəzdirirdi.

Aramızda vəziyyəti ağır olan yaralılar vardı, amma dözməkdən başqa çarələri yox idi. Bir neçə gün öncəyə qədər yaralarından qan axırdı. Həmin yaraların yeri ağarmışdı və üzəri hörümçək toruna bənzəyirdi. Bir neçə metr məsafədən çirk və üfunət iyi gəlirdi.

Xəstəxanada təcili cərrahiyyə əməliyyatına girməli durumda olan bu yaralıları kiçik bir otağa salmışdılar. İki-üç saat bu minvalla keçdi. Ən azı, 45 dərəcə isti vardı. Çirk və üfunət iyi otağı bürümüşdü. Hər nəfəs alanda adamın burnu göynəyirdi. O vaxtdan illər ötsə də, həmin üfunət iyi indi də yaxşı yadımdadır!

Yanımda gənc bir yaralı vardı. Ucaboy idi. Seyrək saçları və uzun sifəti vardı. Qəlpə qarnını yırtmışdı, bağırsaqları bayıra tökülmüşdü. Bütün bu müddətdə iki əli ilə qarnını sıxıb bağırsaqlarını saxlamışdı. O, hündür, mən isə qısa idim. Bağırsaqları düz üzümün qabağında idi. Tərpənə bilmirdim. Narahatlığımı zərrə qədər də hiss etməsini istəmirdim. Yırtılmış qarnından çirk və qan gəlirdi, amma ah da çəkmirdi. Bağırsaqlarını qurd basmışdı. Ağ qurdlar gözlərim önündə qıvrılıb yerə düşürdülər. İki nəfər şəhid oldu. Bir qədər yer açılsın deyə uşaqlar onları yuxarı qaldırıb əlləri üzərində saxladılar. Qapının yanındakılar dayanmadan qapını döyürdülər, amma heç kim cavab vermirdi. Təxminən on saat idi otaqda idik.

İki cənazə bir neçə saat uşaqların əllərində qaldı. Nəhayət, gəlib qapını açdılar və cənazələri çıxarıb dəhlizdə yerə qoydular. Qapını bağlayıb getdilər.

Bu uzun saatlarda üfunət iyinə bir qədər alışdıq, amma iraqlılar qapını açanda əllərini başlarına qoyub qışqırır və bizim dediklərimizə fikir vermirdilər.

Susuzluq bizi əldən salmışdı. Hamı “su” deyib qapını döyürdü. İraqlılar bizim səs-küyümüzdən təngə gələndə bacanı açıb bir-iki ağır söyüş verir və gedirdilər.

Əraziyə daxil olanda bir su maşını görmüşdük. Birdən baca açıldı, maşının şlanqını bacaya dirədilər. Su təzyiqlə otağa vuruldu. Uşaqların üz-başı yaralı idi. Bəzilərinin gözü çıxmışdı. Suyun təzyiqindən qışqırmağa başladılar.

Bəziləri su içmək üçün ağızlarını açmışdılar. Bəziləri su içmək və ehtiyat götürmək üçün paltarlarını isladırdılar. Bir dəqiqədən sonra şlanqı çıxarıb bacanı bağladılar. Yaralanmış, paltarları bulanmış əsirlər paltarlarına yığılmış su ilə susuzluqlarını yatırmaq istəyirdilər. Yerə də su yığılmışdı. İsti yay havası bir saatın içində çirk və qanla bulaşmış o suyu buxarlandırdı. Artıq boğulurduq və nəfəs almağa hava yox idi.

Bir sutka keçdi. Şəraitimiz dəyişməmişdi. İki gün idi yemək verilmirdi. Yaralılarda taqət qalmamışdı. Yemək yeməli idilər. Uşaqlar qapını o qədər inadla döyəclədilər ki, ikinci gün günortaya yaxın qapı açıldı və bir qazan ağ düyünü içəri itələdilər. Qazanı bir-bir ötürdük və hərə bir ovuc plov götürdü. Çoxunun əlləri qanlı idi, dırnaqların altında qan, çirk və toz-torpaq yığılmışdı, amma başqa yol yox idi. Qazan mənə çatanda əyilib bir ovuc götürmək istədim. Birdən yanımda dayanmış və bağırsaqları tökülmüş gənc yadıma düşdü. O özü yemək götürə bilməzdi. Baxıb gördüm ki, plov qırmızı rəngdədir. Sanki xuruşla qarışdırılmışdı. Dedim: "Məgər demədiniz ki, plov ağdır? Bu ki qırmızıdır!" Hamı bir ağızdan dilləndi: "Tez ol, Mehdi, qazanı ötür, axır ki düyüdür!" Uşaqların əlləri qanlı olduğundan düyü də qızarmışdı. Plovdan yemədim, amma yaralılar yeməyə məcbur idilər. Xörəyə ehtiyacları vardı, yoxsa mütləq ölərdilər. Bədənləri yara və üfunətlə mübarizə aparırdı.

Üçüncü gün səhər gəlib otağın qapısın açdılar. Hələ də bağırsaqları tökülmüş gənci heyrətlə izləyirdim. Maraqlıdır ki, bu iki sutkada bağırsaqları tökülməmişdi və yerində möhkəm durmuşdu. O ucaboy gəncin başına nə gəldiyi yadımda deyil.

Qapı açılanda yalnız nəfəs alıb oturmaq istəyirdik. O qədər ayaq üstə qalmışdıq ki, bədənimiz qurumuşdu və dizlərimiz qatlanmırdı. Uşaqlar bir-birlərindən utanırdılar. Bir də görürdün ki, bir əsirin şalvarı islandı. Zavallının başqa çarəsi yox idi. Məgər insan özünü neçə saat saxlaya bilər?!

Qapını açandan sonra ilk dedikləri bu oldu: "Çıxın, tualetə gedin. Kabellə vurub tualetə sarı itələyirdilər. Tualetdən qayıdanlar bizə deyirdilər: "Getməyin, tualetdə işinizi görməyə qoymayacaqlar, yalnız təkləyib döymək istəyirlər".

Bütün bunlardan sonra dedilər: "Beşnəfərlik dəstələrə ayrılıb oturun. Sonra dedilər ki, paltarlarınızı soyunun. Uşaqlar bu bir neçə gündə o qədər arıqlamışdılar ki, kəməri açan kimi şalvarları düşürdü. Bəziləri çəkmələrinin bağını açıb kəmər yerinə şalvarlarına bağlayırdılar.

Təhvil verməyə çox şeyim yox idi. Çəkməm yox idi, ket ayaqqabı geyinmişdim. İraqlılar çəkməyə həssas yanaşırdılar. Sırada birdən komandirlərinin gözü mənə sataşdı. Məni görən kimi üzü güldü. Əsgərə əmr etdi ki, məni sıradan çıxarsın. Öz-özümə dedim: "Aman Allah! Yenə başlandı. Kaş elə həmin otaqda qalaydıq!"

Məni bir dəhlizin sonuna apardılar. Orada bir otaq vardı. Qapını açıb məni içəri atdılar. Bir dəstə yeniyetmə yanıma gəldi. Oturub söhbət etdik. İyirmi üç iranlı yeniyetmə idi. Onlara təmiz paltarlar geyindirmişdilər və güman ki Səddamla görüşə aparıb deyəcəkdilər: "İran uşaqları müharibəyə gətirir!"

Öz-özümə düşündüm ki, bu dəfə daha pis duruma düşəcəyəm. İraqlılar indi də məni bunlara dəstə başçısı edəcəklər. Məni görən kimi komandirin üzü səbəbsiz yerə gülməmişdi. Bir şey fikirləşib bundan xilas olmalı idim.

Otaqda pəncərə yox idi, amma qapının çərçivəsinin yanında bir baca vardı. Oradan həyəti görmək olurdu. Günorta çağı avtobuslar gəldi. İraqlılar bizim uşaqlarımızı sıraya düzdülər. Ürəyim bərk döyünürdü. Dodaqaltı dua oxuyurdum: "İlahi! Əgər bunlar getsələr və mən qalsam, daha bitdi. İndiyə qədər çəkdiyim əzab-əziyyətlər hədər gedəcək. Qapıya yapışıb bacadan həsrətlə bayıra baxırdım. Birdən qapının laxladığını hiss etdim. Onu itələdim. Qapı açıldı. Necə olduğunu bilmirəm, amma möcüzə oldu. Daha heç nə yadımda deyil. Heç qayıdıb o iyirmi üç nəfərlə danışmadım da. Quş kimi qəfəsdən bayıra uçdum. Əyilə-əyilə avtobusların arxasından özümü sıraya çatdırdım. Həyətdə qələbəlik idi. Əsirlər, İraq əsgərləri, avtobuslar... Və bu, mənim xeyrimə idi. Sıraya qatıldım. Başımı aşağı salmışdım. Həyəcanlı idim ki, birdən komandir məni görər. Ətrafıma baxmırdım. Avtobusun qapısına çatdım və digərləri kimi sayıb avtobusa mindirdilər.

Oturandan sonra öz-özümə deyirdim ki, indicə gəlib məni buradan çıxaracaqlar. Amma avtobus yola düşdü. Bir-iki saat gedəndən sonra bir neçə otağı olan bir tikiliyə çatdıq. Otaqların önündə avtobuslardan endik. Yenə də ətrafıma qorxu ilə baxırdım. Qorxurdum ki, arxamca gəlmiş olarlar.

Bizi otaqlara sarı apardılar. Otağın yeri palçıq idi. Sidik və nəcis iyi hər yeri bürümüşdü. Məlum idi ki, orada əvvəllər də əsir saxlamışdılar.

Yaralılar çirkli yaralarına rəğmən, iki gecə idi yatmamışdılar. Bir saat uzanmaq istəyirdik, yersə yaş idi. Sanki şəhərin kanalizasiyası bu otaqların altından keçirdi. Heç kim hətta otura da bilmədi. Yalnız divara söykəndik.

Vəziyyətə dözməkdən başqa əlimizdən bir şey gəlmirdi. Mən keçmiş xatirələri yadıma salmaqla bu ağır şəraiti bir qədər yüngülləşdirməyə çalışırdım. Beytülmüqəddəs əməliyyatının birinci mərhələsini və Əhvaz-Xürrəmşəhr yolunun azad edilməsini xatırladım. Aprel ayının 29-u idi; təxminən iyirmi gün öncə.
***
Hava tam işıqlanmışdı və biz iraqlıların hədəf zonasında idik. Əhvaz-Xürrəmşəhr yolu qarşımızda aydın görünürdü. Yolun düz önündə bir istehkam vardı. Mən onun nə vaxt və necə düzəldildiyini bilmirəm, amma yeni olduğuna əmin idim. İstehkam hazır idi və biz onun arxasında yerlərimizi tutduq. Bütün texnika və silahlar həmin istehkamın arxasına gətirildi. Buldozer işləyirdi, amma çox keçmədən vuruldu və sürücü kabinəsi yanmağa başladı. Uzun ağ saqqalı olan yaşlı bir kişi yana-yana maşından çıxıb bir qədər qaçdı və sonra yerə yıxıldı. Yoldaşlarımızın bir neçəsi tez ona sarı yüyürdülər.

İraqlılar oranı güclü atəşə tutmuşdular, raketlər dayanmaq bilmirdi. Güllələr arı dəstəsi kimi vızıldaya-vızıldaya qulağımızın dibindən keçirdi. İstehkamın qırağı dayanmadan atəşə tutulurdu. Uşaqlar istehkamın yuxarısındakı vəziyyəti öyrənmək üçün bir silahın başına papaq keçirib yuxarı qaldırdılar. Papaq iki saniyə ərzində aşsüzən kimi dəlik-dəlik oldu. Hamımız istehkamın arxasına sığınmışdıq. Birdən komandir qışqırdı: "Daha gecikdirməyin. Yola hücum edin və onu alın. Bu, Əhvaz-Xürrəmşəhr yoludur. Biz bu yolu azad etməyə gəlmişik!"

İraqlılarla məsafəmiz təxminən 200 metr olardı. Heç kim yerindən tərpənmirdi.

Komandir istehkamın yuxarısına sarı sürünərək dedi: "Ya Allah! Qalxın! On dəqiqə də bu istehkamın arxasında qalsanız, qətliam olarsınız".

Sonra əllərini düyünləyib qışqırdı: "Allahu-Əkbər! Ya Əli!"

İraqlılar bizi aydın görürdülər; DŞK pulemyotu ilə, qumbaraatanla və üzü bizə sarı düzülmüş tanklarla dayanmadan atəş açırdılar.

Öz-özümə düşünürdüm ki, əməliyyat gecə olmalıdır. Gündüz hücum etsək, hamımız ölərik. Bütün uşaqlar hücum vəziyyəti alıb bir nəfər kimi ayağa qalxdılar. “Allahu-Əkbər” səsi bütün çölü başına aldı. Mən də ixtiyarsız olaraq, ayağa qalxdım və Allahı çağıra-çağıra yola doğru qaçmağa başladım. Ətrafımda uşaqlar ağacdan qopan yarpaqlar kimi bir-bir yerə yıxılırdılar. Var gücümlə qaçır və tez-tez dönüb arxama baxırdım. Düz önümdə bir tank vardı. İraqlılar tankın içindən çıxıb qaçırdılar. Bizimkilər onların səngərlərinə yaxınlaşan kimi hər şeyi atıb qaçırdılar. Təyyarələr başımızın üstündə alçaqdan uçur və dayanmadan atəş açırdılar. Onlar o qədər alçaqdan uçurdular ki, özümdən asılı olmadan yerə uzanırdım; elə bilirdim ki, hər an mənə dəyə bilərlər. Səsləri qorxunc idi. Yerdə diyirlənib arxası üstə uzanırdım ki, təyyarələri görüm. Eyni zamanda mən də onlara atəş açırdım. Sanki bir otağın döşəməsinə uzanmışam və təyyarə ilə məsafəm tavana qədərdir.

İraqlılar tamamilə gizlənib önümüzdəki tank və səngərlərin içindən bizə atəş açırdılar. Yerləşmək üçün uyğun bir yer axtarırdım.

Əhvaz-Xürrəmşəhr yolunun enişindən bir istehkama yaxınlaşdım. İraqlıların bütün səngər və istehkamı da yolun enişində idi. Orada işlək vəziyyətdə olan bir tank gördüm, iraqlılar buraxıb qaçmışdılar. Tankın ətrafına fırlandım. Mövqe seçmək üçün bir səngər və ya çala axtarırdım.

Uzaqdan səngərə və ya uçmuş divara bənzər bir şey gördüm. Ona doğru getdim. Birdən təəccübdən donub qaldım və qeyri-iradi olaraq bir neçə addım geriyə qayıtdım. İri bədəni olan iraqlı inanılmaz şəkildə parçalanmışdı. Ağ ciyər, ürək və bağırsaqları bir-birinə bitişik halda bayıra çıxıb sallanırdı. Qida və nəfəs boruları o qədər qalın idi ki, yanğınsöndürən şlanqını xatırladırdı. İnana bilmirdim ki, bu boyda bir adam olmuşdur. Papağı başında idi, başı sinəsinə yapışmışdı. Üzünü görə bilmədim.

Tez ondan ayrılıb bizim hədəf zonamızda olan iraqlılara sarı qayıtdım, atəş açmağa başladım. Gördüm ki, böyük bir raket düz mənim dayandığım yerə gəlir. Qaçdım. Raket tanka dəydi. Bir neçə andan sonra içindəki bütün silahlılarla birgə partlayıb minlərlə parçaya bölündü. İrili-xırdalı dəmir parçaları göyə qalxır və gurultu ilə ətrafımda yerə düşürdü. Allaha təvəkkül etməkdən başqa əlimdən heç nə gəlmirdi. Əllərimlə başımı möhkəm tutmuşdum.

Yavaş-yavaş uşaqlar çatdılar, bütün istehkam və Əhvaz-Xürrəmşəhr yolu əlimizə keçdi. Bu əməliyyat geniş bir ərazini - Əhvaz-Xürrəmşəhr yolunun böyük bir hissəsini əhatə edirdi. Belə bir şəraitdə canlı qüvvəni idarə etmək asan deyildi. İraq snayperləri bizim uşaqları namərdcəsinə vururdular. Harada gizləndiklərini tapmaq çox çətin idi. Gözlənilmədən bir nəfər hətta istehkamın aşağısında ikən şəhid edilirdi. Yadımdadır, istehkamın arxasında o qədər şəhid verdik ki, komandirlərin biri ratsiya ilə snayperlərin işləri korladıqlarını və uşaqların şəhid olduğunu xəbər verib çıxış yolu tapmalarını istədi.

Yolun alınması iraqlılara çox ağır idi. Nəyin bahasına olursa-olsun, onu yenidən almaq istəyirdilər. Təyyarələr ara vermədən yolun üstündə uçur və salxım bombalarını başımıza tökürdü. Bu vəziyyət davam etsəydi, heç kim sağ çıxmayacaqdı. Onlar göydə geniş bir ərazini nəzarətdə saxlayırdılar və biz inanılmaz olsa da, bombaların başımızı enməsini gözləyirdik. Buna baxmayaraq, bəxtimiz gətirdi. Güclü külək əsməyə başladı, bombalar bizdən uzaqda yerə düşüb partlayırdı.

Həmin gün təyyarələrin amansız raket yağışı ilə müşayiət olunan on yeddi güclü əks-hücumdan sonra gecə oldu və səs-küy bitdi. Hələ də istehkamın arxasında idik. İraqlılar səhərə qədər fişəng atdılar. Həyəcanlı idi. Hər yer maraqlı şəkildə nura boyanırdı. Fişənglərin çətri vardı və təxminən on beş dəqiqə göydə yanırdı. Külək onları düzənliyin bir tərəfindən o biri tərəfinə aparırdı. Təxminən ziqzaq şəklində hərəkət edirdilər. Ürəkaçan səsləri də vardı, suya atılan daşın səsinə bənzəyirdi: "Qlup-qlup-qlup". Fişəngin ən son nöqtəsindən yağış damlalarına bənzər mayelər işıldaya-işıldaya yerə tökülürdü. Sanki göydə bir neçə nəfər qaynaq edirdi.


***
Yarım gün bizi orada ac-susuz saxladılar. Sonra yenidən avtobuslar gəldi və biz mindik. Bu dəfə də hara apardıqlarını bilmirdik.

Heç nə bilmədən gedirdik...



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə