Bismillah



Yüklə 1,01 Mb.
səhifə5/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   2   3   4   5   6   7   8   9   ...   16

Dördüncü fəsil


Avtobusların arasında xüsusi kortej hərəkət edirdi. Avtobusların ön oturacaqları iraqlı əsgərlərə məxsus idi; orada deyib-gülürdülər. Radiodan ərəb mahnıları səslənirdi. Təxminən saat beşdə qeyri-adi bir ərazidə olduğumu hiss etdim. Avtobuslar tez-tez dayanırdı.1 Davamlı yoxlamalardan sonra pərdələri kənara çəkməyə icazə verdilər. Ərazidə müəyyən fasilələrlə üç böyük ikimərtəbəli bina vardı. Hər binanın önündə bir həyət vardı. Binaların bütün ətrafına tikanlı məftillərlə hündür divarlar çəkilmişdi. İranlı əsirlər həyətdə gəzişirdilər. Nəzarətçilər tez əmr verdilər və onlar binaların içinə girdilər. Düşərgə soyuq və kobud nəzərə çarpırdı. Adamı vahimə bürüyürdü. Avtobusdan endik. Ortayaşlı və enlikürək bir mayor səlis fars dili ilə uşaqları yerbəyer edirdi: "Yalla, yalla... Gəl burada otur... Beş-beş bir yerdə oturun... Başlar aşağı olsun!"

O vaxta qədər gördüyüm tərcüməçilər farsca güclə danışırdılar, o isə çox yaxşı danışırdı. Məni görən kimi yerində quruyub qaldı, gözlərini üzümə zillədi. Bir neçə dəqiqə keçdi. Özünə gələndən sonra qarşımda dayandı, böyük əllərini çiyinlərimə qoyub dedi: "Adın nədir?"

- Mehdi.

- Mehdi... Ha, Mehdi...

Eləcə əlləri çiyinlərimdə idi və gözlərimə baxırdı. Daha heç nə demirdi. Sonra yenidən dillənməyə başladı.

- Mehdi, sən mənim oğlum boydasan. Mənim sənin yaşda bir oğlum var. İndi mən səni necə bu əsirlərin içinə göndərim?! Cənab prezidentdən icazə alıb səni evimə aparacaq və uşağımla məktəbə dərs oxumağa göndərəcəyəm.

Bütün əsgər və əsirlərin diqqəti onun hərəkətlərində idi. Əsgərlərin ondan çox çəkindikləri hiss olunurdu; daş kimi dayanmışdılar və heç nə etmirdilər. Xeyirxah jestlə məni digər həmvətənlərimdən ayırdığına görə isə narahat idim.

Sayıb qurtardıqdan sonra əşyalarımızı təhvil almaq üçün sıraya düzüldük. Ora Ənbər düşərgəsi idi və biz yəqin ki orada qalacaqdıq. Hərəmizə iki ədyal, bir balış, bir uzun ərəb paltarı, bir dəst hərbi geyim, bir stəkan, bir qaşıq, bir alüminium boşqab, alt paltarı, mayka, bir cüt çəkələk, bir cüt ağ Çin keti və saqqal qırxanda köpük hazırlamaq üçün bir alüminium qab verdilər. Bunları verəndə mayor dayanıb mənə baxırdı, gözünü məndən çəkmirdi. Birdən bərkdən güldü və ona baxıb hamı gülməyə başladı.

Öz paltarlarımızı alıb dedilər ki, ərəb paltarı geyinək. Ərəb paltarı mənə böyük idi. Hər yerini qatlamışdım, çadra kimi qoltuğum altda tutmağa məcbur idim. Çünki ayağıma dolaşar və yıxılardım. Mayor yenidən güldü, öz uşaqlarımız da iraqlılardan gizli təbəssüm etdilər.

Əşyaları verəndən sonra bizi binaya apardılar. Mayor yenidən mənə yaxınlaşıb əlimi tutdu və dedi: "Mehdi, bu qayda-qanunlar adi əsirlər üçündür. Sən fərqlisən. “İçəri” fiti çalınanda içəri girməyin lazım deyil, bayırda qalıb oyna, ürəyin nə istəyir et. İraqlı və ya iranlılardan kim səni incitsə, özümə de, atasını yandırım".

Sonra məni yolumuzun üstündəki birinci korpusa apardı. Bir neçə nəfərə əmr etdi ki, pəncərənin yanındakı yeri boşaltsınlar. Dedi ki, əşyalarını ora qoya bilərsən. Sonra əlavə etdi: "Hələlik burada qal, sonra bir şey fikirləşərəm".

Ora Ənbər düşərgəsinin ikinci korpusunun 9 saylı kamerası idi. Həmin əməliyyatda əsir düşmüş yerlilərimin çoxu - Mollayi, Əmrullah Gənci, Məhəmməd Ehtişami, Cavad Zare, Əli Sadiqi, Əhməd Camali, Məzlum, Gülxəni və Hədidi həmin kamerada idilər.

Ertəsi gün axşam mayor yanıma gəlib danışmağa başladı. Məni tapdığına o qədər sevinirdi ki, cavab gözləmədən danışırdı. Öz zəhmini göstərmək və qorxutmaq üçün korpus başçısına doğru gedib qışqırmağa başladı, hirslə soruşdu ki, nə üçün indiyədək məni bu kamerada saxlayıb və yaxşı yerə köçürməyib. Yazıq gizirin qorxudan rəngi qaçdı və "seyyidi" deyə-deyə onu sakitləşdirməyə çalışdı. Mayor üzünü mənə çevirdi, bir anda əsəbi haldan çıxıb təbəssümlə soruşdu: "Ha, Mehdi, necəsən? Yaxşısan? Bəllidir ki, yaxşı deyilsən. Bura sənə yaramır. Əşyalarını topla səni uşaqların korpusuna aparım".

Məni ikinci mərtəbədə yerləşən 22 saylı kameraya apardı. Axşam idi, yoxlanışları bitmişdi. Qapını açıb məni içəri saldılar və getdilər. Orada hər yaşdan, hər növdən əsir vardı; 18-19 yaşlı Bəsic üzvləri və bir neçə ordu əsgəri. Mayor gedəndən sonra uşaqlar başıma yığışdılar. Səmimi uşaqlar idilər. Beləcə danışmağa başladıq. Soruşurdular ki, haralısan, bu yaşda necə oldu cəbhəyə gəldin, ad-familiyan nədir və sair.

Suallarına cavab verdim. Onlar da düşərgənin qayda-qanunlarından və çoxlu qadağalarından danışdılar. Uşaqların 95 faizi Bəsic üzvləri idilər və Fəthülmübin əməliyyatında əsir düşmüşdülər. Çoxu Məhəllatdan idi: Mehdi Hüzuri, Həmid Rzai, Rza Türk, Mehdi Əmiri. Onların arasında ən mühüm şəxs Tehrandan olan Əkbər İraqi idi. O, çox mənəviyyatlı və təcrübəli gənc idi və kameranın namazlarında imamlıq edirdi.

Uşaqlardan öyrəndim ki, mənimlə bu qədər mehriban davranan mayorun adı Mahmudidir, qəddar işgəncəçilərdən biridir. Adı gələndə hər bir əsirin bədəninin tükləri dik durur və o, bununla fəxr edir. Bu iraqlı mayor şah dövründə on il Şirazda yaşamış və amerikalıların nəzarəti altında idarə olunan SAVAK-da təlim keçmişdi. Məhz buna görə farsca çox yaxşı danışırdı.

Köhnə əsirlər deyirdilər ki, Əbu Turabi adlı dəyərli bir ruhanini bu düşərgədən yenicə aparıblar. Həmçinin dedilər ki, bu binaların birini pilot və zabitlərə ayırmışlar.1

Həmin korpusda bir kamera da düşərgənin xəstəxanasının zabitlərinə məxsus idi. Xəstəxanada 10-12 çarpayı var idi. Orada heç bir iraqlı doktor çalışmırdı, iranlı əsirlərin özləri idarə edirdilər. Xəstəxanada Doktor Məcid Cəlalvənd adlı bir əsir çalışırdı. Yaralıların bütün əziyyətini o çəkirdi və əsirlərə böyük xidmət göstərirdi. Düşərgədə onu Doktor Məcid kimi tanıyırdılar. Ən az dərman və tibbi alətlərlə ağır yaralıların müalicəsində istifadə etdiyi üsulları və onları qaçılmaz ölümdən necə xilas etməsi barədə qəribə əhvalatlar danışırdılar. Bəsic üzvlərinin korpusunun ikinci mərtəbəsinin sonunda kiçik bir dərzi otağı vardı. Oranı da əsirlər idarə edirdilər. Pilot və zabitlər korpusundan mayor İranməneş oraya rəhbərlik edirdi. Ordudan olan əsirləri bizdən ayrı saxlayırdılar, onların kameralarında çarpayı və şkaf da var idi.

Mayor İranməneş məni əl-ayağıma dolaşan böyük ərəb paltarı ilə görəndə hərbi geyimlərimi aldı, məni dərzi otağına apardı, dəqiq ölçülərimi yazdı və çox tez bir zamanda paltarları kiçiltdi. Təxminən 45 yaşlı bu mayor paltarların üzərində o qədər zövqlə işləmişdi ki, geyinəndə hamı alqışla baxırdı. Artıq parçalardən şalvar-köynəyə ciblər tikmişdi, köynəyin çiyinlərinə poqon əlavə etmişdi. O, paltarları o qədər dəqiq qısaltmışdı ki, sanki əvvəldən həmin ölçüdə tikilmişdi. Verilən çəkələklər də mənə böyük idi. Paltarım hazır olandan bir gün sonra cəbhə və əsirlik yoldaşım cənab Rizayət iraqlıların aldığı ketimi, alt paltarımı və maykamı gizlicə gətirib özümə verdi. O, bizim paltarlarımızı yandırmaq işinə baxırdı. Allah bilir, bu qənimətləri mənim üçün necə aradan çıxarmışdı! O ket mənim çox işimə yaradı. Əsirliyin ilk beş ilini həmin ketlə keçirdim. Təmiz və sağlam saxlamağa çalışırdım. O olmasaydı, bir çox fəaliyyətlərdən, məsələn, idmandan məhrum olardım, həyətdə ayaqyalın gəzməyə məcbur qalardım.

Günlər ötür və yeni mühitlə yavaş-yavaş tanış olurdum. Azad saatlarında həyətdə gəzəndə uşaqlar xüsusi qayğıkeşlik və mehribanlıqla mənə baxırdılar. Xüsusən yaşlı əsirlər yanımda oturmaq, mənimlə danışmaq istəyirdilər. Hiss edirdim ki, məni görəndə öz uşaqlarını xatırlayırlar. Bu gözəl hiss qarşılıqlı idi. Yaşımdan asılı olmayaraq, bütün əsirlərlə münasibətim vardı və hamı məni tanıyırdı. Əsirlərin çoxu düşünürdü ki, burada iki-üç aydan artıq qalmayacağıq. Bir yerdə oturanda iradə və qətiyyətlə deyirdim: "İki ay nədir ki?! Əgər müharibə bir neçə il uzansa da, iraqlıların bizdə ruh düşkünlüyü yaratmasına qoymayacağıq".1

Əsir idim, amma qarşıma qoyduğum məqsədə görə peşman və məyus deyildim, əksinə, sevinc və qələbə hissi keçirirdim. Oraya qədər iraqlıları özümdən məyus etmişdim. Digərləri ilə də danışmaq, onları, xüsusən də pis durumda olan yaralıları ruhlandırmaq istəyirdim. Tez-tez xəstəxanaya gedib yaralılara baş çəkirdim. Uşaqlar məni görəndə ruhlanırdılar. Xəstəxanaya getmək təxminən azad idi və ciddi maneə yox idi. Hər kəs bir yaralını aparmaq və ya kömək bəhanəsilə oraya baş çəkə bilirdi.

Doktor Məcid Cəlalvənd məni ilk dəfə xəstəxananın önündə görəndə yaxınlaşıb dedi: "Vay-vay! Sən bir qarış boyunla burada nə edirsən?! Cəbhəyə necə gəldin? Necə əsir düşdün?"

Doktor Məcid müstəsna bir həkim idi; tələbkar və iradəli. O, mürəkkəb bir durumun bütün məsuliyyətini üzərinə götürürdü. Boş əllə iraqlıların vecinə almadıqları, hətta müharibə şəraitində İraq ordusuna əlavə xərc olmasın deyə ölmələrini arzuladıqları yaralılara gecə-gündüz xidmət edirdi. Mənim yerlilərimdən bir neçəsi yaralı idi. Hər gün bir neçə saat xəstəxanaya gedir, tərpənə bilməyən yaralılara yardım edirdim. Heç bir iş olmayanda da gedirdim. Bilirdim ki, gəlişim dərman və narkoz olmadığına görə çox ağrı çəkməyə məcbur olan yaralılara ürək-dirək verirdi.

Düşərgənin xəstəxanasında tapılan yeganə dərman yaranı yumaq üçün istifadə edilən savlon məhlulu və bir qədər band və pambıq idi. Doktor Məcidin bütün tibbi avadanlığı bundan ibarət idi. O, alüminium qaşığın, çəngəlin, tikanlı məftilin və heç kəsin ağlına gəlməyən digər əşyaların formasını dəyişib cərrahiyyə əməliyyatlarında istifadə edirdi. Doktor savlonu yaranın üzərinə tökürdü, tənzif və pambıqla yaranın üstündəki çirki möhkəm siyirəndə isə yaralının qışqırtısı qalxırdı. Doktor deyirdi: "Gərək dözəsən, dözməsən, bu çirk səni öldürər". Nə narkoz vardı, nə keyitmə. Doktor savlonla çirkləri o qədər yuyurdu ki, köhnə yaradan təzə qan axırdı. Yalnız bundan sonra xəstədən əl çəkirdi. Çox vaxt yaralılar özlərindən gedirdilər. İraqlılar xəstələrə antibiotik və çirk qurudan maddələr vermirdilər. Doktor yaraları belə yumasaydı, yaralılar şəhid olardılar. Doktor Məcid imkan daxilində cərrahiyyə əməliyyatı etməməyə çalışırdı. Çünki bu, qanaxmaya gətirib çıxara bilərdi, orada da qan yox idi. Həm də xəstənin bədəni yanlış qidalanma səbəbindən yeni qan istehsal edə bilməyib çox zəifləyər və Allah eləməmiş, ölərdi. Doktor imkan daxilində əməliyyat etmirdi. Vəziyyətin ağırlaşdığını, əməliyyat olunmasa, əsirin şəhid və ya iflic olacağını gördükdə buna məcbur qalırdı.

Uşaqların birinin onurğasında problem vardı. Qəlpə belinə girmiş və içəridə hərəkət etmişdi. Doktor deyirdi ki, iflic ola bilər. Şəklini çəkmək üçün rentgen aparatı yox idi. Adətən, qəlpənin yerini təxmini təyin edib işə başlayırdı. Xəstəxanada steril yer yox idi. Doktor çalışırdı ki, otağın get-gəl olmayan bir küncündə alətləri yusun və təmiz saxlasın. O özünün hazırladığı məhdud sayda cərrahiyyə alətlərini orada gizlədirdi. Belə əməliyyatlardan öncə həmişə uşaqlara tapşırırdı ki, dua etsinlər. Doktor həmin yaralını əməliyyat edib fəqərə sütunlarının arasından qəlpəni çıxardı və yaralı sağaldı. Elə bir şəraitdə bunu bacarmaq möcüzə idi.

Başqa bir yaralının da vəziyyəti ağır idi. Buduna böyük bir qəlpə batmış, o böyük və qalın əzələni qılınc kimi yarmışdı. Onun yara bandının dəyişdirməsini çox görmüşəm. Doktor bir-birindən ayrılmış iki əzələ parçasını dəfələrlə tikmişdi. Bandı dəyişmək istəyəndə görürdü ki, tikiş açılıb və əzələlər ayrılıb. Yaralının hərəkət etməməsinə baxmayaraq, doktor yaranı hər yuyanda və tikəndə xəstə bərk qışqırmağa başlayırdı. Bu iki əzələ parçası üzərinə tikiş atmağa yer qalmamışdı. Lakin Doktor Məcidin əhval-ruhiyyəsi yüksək idi və heç vaxt yorulmurdu. O bir gün bu iki əzələ parçasını bir-birinə birləşdirməyi bacardı və həmin əsir bir bədən üzvünü itirmək məcburiyyətində qalmadı. Doktor bilirdi ki, iraqlılar uşaqların bədən üzvlərini itirib digərlərinə möhtac qalmalarını istəyirlər.

Əlacsız xəstələrimiz də vardı. Onlardan biri Arif idi. O, boynundan iflic olmuşdu. Xəstəxana çarpayısı üzərində o qədər qalmışdı ki, onda yataq yarası yaranmışdı. Təvəssül və Kumeyl dualarında bu yaralılara Allahdan şəfa diləyirdik. Onları azca hərəkət etdirmək üçün xəstəxanada bircə əlil arabası belə yox idi. Yeməyin keyfiyyətsizliyindən və ağrıkəsici dərman olmadığından bədənləri zəifləmişdi və həyatlarını itirə bilərdilər. Qüreyşinin başında qəlpə var idi. İraqlılar onun üçün heç nə etmədilər. Şəhid olduğu gecə uşaqlar onu hamamda yuyub qüsl verdilər və düşərgədə tikanlı məftillərin arxasında dəfn etdilər. Adi penisillin iynəsi olmadığına görə bəzi yaralılarımızın yaraları çirklədi və şəhid oldular.

Yerlilərimdən olan cənab Camalinin belindən güllə dəyib düz fəqərə sütununun dibindən çiyninə qədər tunel kimi bir yer açmışdı. Doktor savlonu çiynindən yarığa töküb pambıqları tez-tez onun içinə basırdı. Yarığın içinə o qədər savlonlu pambıq batırırdı ki, onun sonuna, yəni güllə dəyən yerə çatırdı, sonra əli ilə sıxıb çirkli pambıqları oradan çıxarırdı. Bunu o qədər davam etdirirdi ki, yarığın içində heç bir çirkin qalmadığına əmin olurdu. Dəliyi bandla bağlayıb deyirdi ki, get istirahət elə və sabah gəl. Bu işi hər gün təkrarlayırdı. Nəhayət, yaralar quruyub bitişdi. Doktor Məcid elə xəstələri müalicə edirdi ki, onlara baxmaq və yaralarının çirkinin qoxusuna dözmək belə çətin idi.

Doktorun yanında dayanıb baxırdım. Əlimdən gələn bir iş olanda kömək etməyə çalışırdım. O mənə iynə vurmağı öyrətməyə çalışdı. Adımı çağırmırdı, adətən, belə səsləyirdi: "Canavar!" Həmişə mənim fikrimi çəkirdi. Yaraları müalicə edə-edə deyirdi: "Canavar, mən fikirləşirəm ki, sən bu yaşınla burada necə davam gətirirsən?!" Əlinə gücləndirici dərman keçəndə birinci mənə verib deyirdi: "Bu dərmanları gizlət, az-az iç. Bədəninin ehtiyacı var, sən inkşaf halındasan. Buranın xörəklərilə yanlış qidalanmadan tələf olarsan, canavar!"1

Xəstəxanaya getmək gündəlik proqramıma çevrilmişdi. Bir səhər xəstəxanaya gedəndə pilotların biri məni görüb yanıma gəldi. Həvəslə əlimi tutub dedi: "Mən səni tanıyıram, Mehdi. Gəl, sənə bir şey göstərmək istəyirəm".

Məni zabitlərin kamerasına apardı. Onların imkanları fərqli idi, çarpayı və şkafları vardı. Pilot şkafının qapısını açdı. Gördüm ki, bir İraq qəzetində çap olunmuş şəklimi kəsib şkafının qapısına yapışdırıb. Şəklin altından imamın bu məzmunda bir cümləsini yazmışdı: "İslam əsgərlərinin böyüklüyü onların yaşlarına, boy və bədənlərinə görə yox, dəmir iradələrinə və yüksək etiqadlarına görədir!” Pilot mənim əllərimi tutub dedi: "Sən rəhbərinin və ölkənin fəxrisən, Mehdi!"

Mən Beytülmüqəddəs əməliyyatının birinci mərhələsində İraqın helikopter və tanklarınının hücumunu ona danışdım.


***
Bizim yolda yerləşməmizdən iki gün ötürdü. Zona atəş altında olduğundan bu müddətdə yemək yeməmişdik. Uzaqdan orduya aid bir hündür maşın göründü. Maşın səngərin önündə dayandı və hər nəfərə bir sellofan kisə tulladı. Məni görən kimi mənə də bir sellofan və bir kompot atdı. Sellofanı açdım, səbzi plov və bir parça ət vardı. Xörəyi yeyib kompotu cibimə qoydum. Bütün əməliyyat boyu gördüyümüz yegənə xörək bu idi.

Nahardan sonra istehkama söykənib oturdum. Hava isti idi. Günəş aman vermirdi.

Günortaya az qalırdı. İraqlılar Əhvaz-Xürrəmşəhr yolunu əldən verdiklərinə inanmışdılar. Raketləri daim çalışır, təyyarələr ara vermədən başımız üstə uçub bomba tökürdülər. İstehkamın yuxarısına qalxdım. Gözlərimə inanmadım. Önümüzdəki geniş düzənlik iraqlılarla dolu idi. Yüzlərlə tank yola doğru hərəkət edirdilər. Pulemyotları dayanmırdı və düz istehkama sarı atəş açırdılar.

Bizimkilər ratsiya ilə xəbər verdilər: "Düşmən tankları bizə yaxınlaşır. Silah-sursatımız yoxdur. Bir az da irəliləsələr, hamımız öləcəyik, yolu da ələ keçirəcəklər".

Həqiqətən, ümidimiz yox idi. Hərə bir tərəfdə Təvəssül duası oxuyurdu. Tanklar irəliləyə-irəliləyə zamanlı raketlər də işə düşdü. Onlar nəyin bahasına olursa-olsun, yolu geri almaq istəyirdilər.

Güclü əks-hücumları zamanı dəfələrlə cəhənnəmi gözlərimlə gördüm. Göydən yağan güllə və qəlpələrin çoxluğu ancaq cəhənnəmi xatırlada bilərdi.

İraqlıların silah və texnikaları yetərincə idi, bizim isə heç nəyimiz yox idi. Başa düşmüşdüm ki, bizim işlərimiz Allahın lütfü ilə, dua və təvəssüllə gedir. Bir istehkamı alan kimi rahat nəfəs alıb əlimizə silah-sursatın keçdiyinə görə şükür edirdik. Onların səngər və istehkamları silahla dolu idi.

Yüzlərlə düşmən tankı yola sarı hərəkət edirdi. Hər yerdən ümidimiz üzülmüşdü, vida qəzəlləri oxuyurduq. Bilmirəm bu vəziyyət nə qədər davam etdi, lakin məyusluğun son nöqtəsində ikən arxamızdan səs eşitdik. Öndəki tankların səsi o qədər gurultulu idi ki, arxadaki səsləri gec duya bildik.

İnanmazsınız ki, çoxlu helikopter yola doğru gəlirdi. Dualarımız qəbul olmuşdu və Allah həqiqətən də göydən bizə kömək göndərmişdi. Helikopterlərin yarısı alçaqdan, yarısı da hündürdən uçurdu. İraqlılar helikopterləri görmüşdülər və dayanmadan raket atəşinə tuturdular. Zamanlı raketlərin partlayış həcmi də qat-qat artmışdı. Ürəyimdə Allah-Allah edirdim ki, helikopterlər bu raketlərdən ziyan görməsinlər. İstehkama təxminən yüz metr qalmış helikopterlərin yarısı yuxarı qalxdı. İraq tankları istehkama yaxınlaşmışdılar. Heç nə etmədən gözümü zilləyib raket atəşlərinin trayektoriyasına baxır və onların tanklara dəyməsi üçün dua edirdim.

Raketlər yerə düşürdü. Hər bir raket yerə düşəndə sanki bir kilometr sahəni odla şumlayırdı və tanklar partlayırdı. Tank o qədər çox idi ki, dəqiq nişan almağa ehtiyac qalmırdı. Raketlər tankların arasında partlayanda birdəfəyə bir neçə tank partlayır, tüstü və alov qalxırdı. Tanklar sıradan çıxmışdı, önümüzdəki düzənlikdə yalnız tüstü və alov görünürdü. Tanklar partlayışlardan yaranan tüstü və alova qərq olmuşdular. Gündüz olsa da, qara tüstüdən bütün ətrafımız qaranlıq olmuşdu.

Gözlənilmədən helikopterlər yerdəyişmə etdilər. Raketlərini atanlar yerlərini digərlərinə verdilər və eyni səhnə yenə təkrar olundu. Qəribə səhnə idi, onun kimisini bir də heç vaxt görmədim. Döyüşün qızğın çağında rabitəçinin belə dediyini eşitdim: "Helikopterlər İsfahan aviabazasından gəlmişlər".

Saysız-hesabsız tank yanır və partlayırdı. İşlərini bitirəndən sonra helikopterlərin biri düz başımız üstünə gəldi. Hündürlüyünü çox azaltdı. Pilotu aydın görürdüm. O, əlini qaldırıb bizimlə sağollaşdı, biz də əlimizi qaldırdıq və qışqırdıq. Qəribə olan bu idi ki, bizimlə sağollaşan pilot geriyə qayıtmadı, iraqlılara sarı getdi, yanan tankların üzərindən keçib irəlilədi.

Təəccübləndim və çox nigaran qaldım. Ona doğru çoxlu raket atırdılar. Çox narahat halda baxırdım. Uşaqların dediyinə görə, arxada düşmənin çox güclü və silahla zəngin olduğunu bilib anbarlarını partlatmaq istəyirdi. Çox keçmədən atəş açmağa başladı. Bir andan sonra isə dəhşətli səslə sanki bir vulkan püskürməyə başladı, tüstü və alov səmanı bürüdü. Yerimdə donub göyə baxır, pilotu və helikopterini düşünürdüm ki, birdən sağ-salamat göydə göründü. Artıq qayıdırdı. Ürəkdən sevinib təkbir1 dedim. Əməliyyat zamanı o qədər təkbir demişdik ki, səsimiz batmışdı.

Bu sevincdən az sonra helikopterə raket dəydi və gözlərimiz önündə havada partladı. Çox narahat olduq. Bu qələbə və iraqlıların geri çəkilməsi hamını çox sevindirdi, amma tanımadığımız cəsur pilotun şəhidliyi də həqiqətən, ağrılı idi. Baxmayaraq ki, onun özü şərəflə bu ölümü seçmişdi.


***
İraq əsgərləri arasında Xəmis adlı şübhəli və yaramaz biri vardı. Həmin gün mömin və cəsur pilotla sağollaşıb xəstəxanaya gələndə Doktor Məcid 18-19 yaşlı bir gəncin yarasını yuyurdu. Yanında durub baxdım. Xəmis də gəlib bizim yanımızda dayandı. İran ərəblərindən olan Mahmud adlı əsiri çağırdı. Mahmud mənə dedi: "Mehdi, Xəmis deyir ki, sözlərini sənə tərcümə edim". Dedim ki, olsun, nə deyir?

Xəmis istehzalı gülüşlə danışmağa başladı. Danışa-danışa hərdən qəhqəhə çəkirdi. Dayanandan sonra Mahmud dedi: "Çox danışdı, Mehdi, mən xülasə edim: Deyir ki, Mehdiyə de, sənin indi əlinə əmzik alıb ananın qucağında süd içən vaxtındır. Necə oldu qalxıb cəbhəyə gəldin?"

Belə sözləri ilk dəfə eşitmirdim. Onlar məni özlərinin yekə cəmdəkləri ilə müqayisə edəndə onlarla döyüşə gəldiyimə dözə bilmirdilər. Məni özlərinə təhqir sayır və bəzən belə sözlərlə özlərinə təskinlik verirdilər.

Bir an da fikirləşmədən cavab verdim: "Ona tərcümə elə, de ki, Mehdi deyir: Mən anamın qucağında oturub əmzik yemək əvəzinə cəbhədə belə - əlimi düyünləyib ağzıma yaxınlaşdırdım – qumbaranı ağzımla çəkib sizin aranıza atıram və onunuzu birdən öldürürəm. İranlı uşaq belə əmzik yeyir".

Mahmud sözlərimi tərcümə edəndə Xəmis əlindəki zondu qaldırıb məni vurmaq istədi. Mən gecikmədən oradan qaçdım. Əsəbindən əsirdi. Həyətdə arxamca qaçır və ərəbcə söyüş söyürdü. Qaçıb kameranın küncündə üst-üstə yığılmış ədyal və əşyaların arxasında gizləndim. Uşaqlar başını qarışdırmağa çalışdılar ki, məndən əl çəksin. Yarım saat orada qaldım. Xəmisin ortalıqda olmadığını görüb xəstəxanaya qayıtdım. Doktor Məcid hələ o gəncin yarasını sarıyırdı və bizim sözlərimizi eşitmişdi. Yanına gedəndə yavaşca başımın arxasından vurub dedi: "Canavar, nə dedin ki, belə hirsləndi? Məgər başın bədəninə ağırlıq edir?!"

Doktor mənə görə narahat idi. O deyirdi: "Sən dikbaşsan, heç kimə qulaq asmırsan. Bunların heç kimlə zarafatları yoxdur. Gərək canını düşünəsən. Dərinə getmə. Nə desələr, cavab vermə, heç nə olmaz".

Doktor Məcidin mehribanlığı və məndən ötrü daim nigaran olması helikopterlərimizin düşmən tanklarının hücumundan sonrakı yağışlı gecədə yoldaşlarımın nigaranlığını yadıma saldı.
***
Helikopterlərin hücumundan sonra iraqlılar getdilər və düzənlik bir az sakitləşdi. İraqlıların qaçışı bizi arxayınlaşdırmadı. Bilirdik ki, qüvvələrini toplayıb yenidən daha geniş hücuma keçəcəklər. Buna hazır olmağa çalışdıq.

O gecə qəribə külək və yağış başladı. Bir saniyə səngərdən bayırda dursaydın, bütün su olardın. Hamı səngərlərin içinə çəkilmişdi. Bir nəfər gedib yolun önündə keşik çəkməli idi, amma nə qədər deyirdilərsə, heç kim qəbul etmirdi. Şərait qeyri-adi idi. Bayırda palçığın içində və yağışın altında yol getmək lazım idi. İraq snayperləri də hər yerdə pusqu qurmuşdular. Qəflətən bir nəfərə güllə dəyirdi və yerindəcə şəhid olurdu. Belə olduğunu görüb RPG qutularından birinin qapısını açdım. Silahların üzərinə böyük sellofanlar çəkilmişdi. Sellofanı götürüb başıma keçirdim. Uşaqlar posta getmək istədiyimi görüb dedilər: "Yox, Mehdi, sənə olmaz. Biz qoymarıq".

Onlar məni çox istəyirdilər və başıma bir iş gəlməsindən qorxurdular. Lakin heç kim qarşımı ala bilmədi və səngərdən çıxdım. Sellofanı bir kisə kimi başıma və bədənimə keçirdim. Hər yer qaranlıq idi. Ətrafı görmək üçün gözlərimin önündən iki dairə kəsib götürdüm. Tez özümü istehkamın ətəyinə çatdırdım. Yağış elə yağırdı ki, sanki şlanqdan su tökülürdü. Bir saat ötdü. Su sellofana dolmuşdu və mən islanırdım. Uşaqlar tez-tez səngərin önündən məni çağırırdılar: "Mehdi, gəl, daha bəsdir. Gəl başqa biri getsin, soyuqlayarsan". Mənim isə səngərə qayıtmaq fikrim yox idi.

Təxminən üç saat ötdü. Uşaqlardan bir xəbər yox idi. Bildim ki, yatıblar. İndi həqiqətən, təhlükə hiss edirdim, hər bir hadisə baş verə bilərdi. Komandirlər daim bizə xatırladırdılar ki, iraqlıların bölgədə fars dilini bilən çoxlu kəşfiyyatçıları var. Tez-tez ətrafıma baxırdım. Amma daha çox irəlini nəzarətdə saxlayırdım. Gecənin sonlarında qəribə səslər duydum. Sanki böyük bir zavodun motorları işləməyə başlamışdı. Səs şübhəli idi. Külək səsin uzaqdan eşidilməsinə kömək edirdi. Sellofana düşən yağışın səsi isə aydın eşitməmə mane olurdu. Bununla yanaşı, səsin hər an yaxınlaşdığını hiss edirdim. Bəzən gözümə işıq da dəyirdi. Təhlükənin çox yaxında olduğunu bilib elə istehkamın üstündən qışqırıb hamını çağırdım. Bir neçə nəfər tez istehkamın üstünə gəldi. Təəccüblə dedilər: “Mehdi, sən hələ buradasan?! Gəlib birimizi çağıraydın, səni əvəz edəydik”. Dedim ki, mühüm deyil, şübhəli səslər eşidirəm. Dedilər ki, sən get səngərdə istirahət elə, biz hər şeyə nəzarət edərik.

İstehkamdan endim. Çətinliklə yeriyirdim. Ayaqqabım palçığa batırdı, içinə su və palçıq dolmuşdu. Birtəhər özümü içəri çatdırdım. Qaranlıqda səngərə girəndə gördüm ki, içəri su ilə doludur. Sanki bir hovuza girmişdim. Səngərdəki uşaqların hərəsi bir tərəfdə divara söykənib ayaq üstə yatmışdılar. Paltarlarım yaş idi. Köynəyimi çıxarıb divardan asdım. Düşündüm ki, belə tez quruyar.

Digərləri kimi yatmaq üçün axtarıb bir yer tapdım. Ayaqqabılarımı dikinə qoydum ki, hava dəyib qurutsun. O qədər yorğun idim ki, yatdım. Tam yuxuya getmədim. Həm eşitdiyim səslərə görə vəziyyətin ağırlığından xəbərdar idim, həm də dizə qədər suyun içində ayaq üstə yatmağı təcrübə etməmişdim. Bu vəziyyətin nə qədər davam etdiyini bilmədim, amma səs-küyün çoxaldığını hiss etdim. Uşaqlar qışqırırdılar: "Oyanın! Oyanın! İraqlılar hücum ediblər!" Bu cümləni eşidən kimi tez ayağa qalxdım. Hava hələ qaranlıq idi. Yaş paltarlarımı geyinib bayıra qaçdım. Hamı istehkamın ətəyinə toplaşmışdı. Hava qaranlıq idi və nə baş verdiyini anlaya bilmirdik. Hazır vəziyyətdə qaldıq. Hava bir qədər aydınlaşanda qəribə mənzərə ilə raslaşdıq. Göz işlədikcə bütün düzənlik tankla dolu idi. Lakin onlar palçığa batmışdılar. Məsələnin nə yerədə olduğunu başa düşdük. İraqlılar hər tərəfdən hücuma keçib yolun bütün hissələrini almaq istəmiş, amma palçığa batıb qalmışdılar. Gecə eşitdiyimiz səs-küy tankların qazının səsi imiş. Onlar tırtıllarını palçıqdan çıxarmaq üçün qaz verir, amma əksinə, bataqlığa batırdılar. Əllərindən gələn yeganə iş tankları qoyub qaçmaq olmuşdu. Əgər yağış yağmasaydı, o tanklar bizi qətliam edəcək və yolu asanlıqla ələ keçirəcəkdilər. Şükür səcdəsi etməli idik.

Komandirlər tankları necə götürmək barədə plan cızarkən İraq təyyarələri gəlib öz tanklarını bombalamağa başladı. Onlar bizim əlimizə keçməkdənsə tankları məhv etməyi üstün tutmuşlar.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə