Bismillah



Yüklə 1,01 Mb.
səhifə7/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Altıncı fəsil


Düşərgədəki durumdan, İraqın farsca radiosunun dayanmadan "İran müharibə tərəfdarıdır" deməsindən və əsgərlərin kobud rəftarından bizimkilərin hücuma keçdiyini anlayırdıq.

Bir gecə, yalnız kiminsə ölümü ehtimalında olduğu kimi, qapını açdılar və gözlənilmədən Mayor Mahmudi çoxlu əsgərlə Bəsic üzvlərinin, yəni bizim korpusumuza daxil oldu. O, hər kameradan bir qədər əsir seçib tualetlərə tərəf aparılmalaranı əmr etdi. Növbə bizim kameraya çatdı. Mayor adət üzrə xüsusi təntənə ilə kameraya girib əmr etdi: "Yalla, isfahanlılar əllərini qaldırsın!" Bəzi uşaqlar, o cümlədən mən əllərimizi qaldırdıq. Belə vaxtlarda mayor ucaboy və iribədənli adamları seçirdi. Hamısını bayıra çıxarıb qapını bağladılar. Tez pəncərənin arxasına sıçradım, gördüm ki, tualetlərə tərəf aparırlar. Yarım saat ötmədən onları bayıra çıxardılar. Hamısını görürdüm. Mayor boks əlcəyi və boksçu jesti ilə uşaqların canına düşmüşdü, qəddarcasına üz-başlarına zərbələr endirirdi. Nəsə deyirdi, amma eşitmirdim. Pəncərələrin önündən keçəndə gördüm ki, mayorun zərbələrindən bəzilərinin üzü göyərib, bəzilərininki isə tanınmaz hala düşüb. Bizim kameramızdan aparılan uşaqlar da o vəziyyətdə idilər. Onlardan soruşdum ki, nə oldu? Cavab verdilər: "Heç bir şey, isfahanlılardan ürəyi dolu idi. Deyirdi ki, bütün problemlərimiz siz isfahanlılara görədir; biz İranla vuruşmuruq, İsfahanla vuruşuruq, əməliyyatlarda hamısı isfahanlıdır. Sonra deyirdi ki, siz isfahanlılar nə üçün bu şeiri qoşmusunuz: "Ərəb səhrada çəyirtkə yeyir, İsfahanın iti isə buzlu su içir"?! Bəs indi vurmayıb nə vaxt vurasan?!"

1982-ci ilin iyulunda baş tutan Ramazan əməliyyatından sonra Ənbər düşərgəsi qələbəlik oldu. Adətən, azyaşlı əsirləri Ənbər düşərgəsində saxlayırdılar, yaşlıları və yaralıları isə Rəmadi düşərgəsinə köçürürdülər.

Rəmadi düşərgəsi Ənbərə yaxın idi. Biz öz düşərgəmizin həyətindəki tikanlı məftillərin arasından Rəmadi düşərgəsini görürdük. Korpus və kameraları ayırd etmək olurdu. Diqqətlə baxanda iranlı əsirlərin və nəzarətçilərin get-gəli də hiss olunurdu.

Ramazan və Məhərrəm əməliyyatlarından sonra Vəlfəcr əməliyyatı keçirildi. Bir gün bir neçə avtobus əsir gətirdilər. Əsirlərin təxminən hamısı yaralı və ağır durumda idilər. Bəziləri dərin yaralar almışdılar, aylarla xəstəxanada müalicə olunmalı idilər. Bizim xəstəxanamız isə bu işdən ötrü ayrılmış adi bir kamera idi. Oranın xəstəxana olduğunu göstərən heç bir şey yox idi. Öz doktorlarımız yaralıların yarasına bir neçə tikiş atıb yola salırdılar. Uşaqların çoxunun ayağı sınmışdı. İraqlılar sınıqları gipsə salırdılar, uşaqlar da ümid bəsləyirdilər ki, gipsi açandan sonra yeriyə biləcəklər. Biz isə iraqlıların müalicə üsuluna bələd idik. Onlar sınıqları qəsdən əyri gipsləyirdilər ki, hamısı şikəst qalsınlar. İraqlılar açıq şəkildə deyirdilər ki, bizim ölümüz onlara daha yaxşı və sərfəlidir.

O qədər yaralı kameralara axışanda uşaqlar bəlkə qardaşın qardaşa etmədiyini onlara edirdilər. Sağlam olanlar xəstələrə ana kimi qulluq edirdilər. Hər iki əli, hər iki ayağı kəsilmiş və şəxsi işlərini görə bilməyən əsirlər vardı. Uşaqlar könüllü şəkildə onları çimizdirir, paltarlarını yuyur, yedizdirir və tualetə aparırdılar. Özləri az yeyib çalışırdılar ki, yaralılara çox yemək versinlər və yaraları tez sağalsın. Bu qulluqlar günlərlə, həftələrlə, illərlə - əsirliyin sonuna qədər davam edirdi, amma heç kim zərrə qədər narahatlığını bildirmirdi. Əsir və kimsəsiz olduqlarını yaralılara unutdurmağa çalışırdılar.

Düşərgədə əsirlərin sayı artmışdı, kameralarda yer yox idi. Bir ildə Ənbər düşərgəsində çox şey öyrəndiyim və alışdığım dostlarım vardı. Lakin bir-birimizdən ayrılmağa hazırlaşmalı idik. İraqlılar əsirləri köçürməyə məcbur idilər. Yeni əsirlər gələndən bir müddət sonra bir gün dörd gənc qızı oraya gətirdilər. Geyimlərindən, iraqlı əsgərlərlə mətanətli və başıuca rəftarlarından bildik ki, iranlıdırlar.1 Onlar döyüşçülərə tibbi yardım məqsədilə cəbhəyə gəlmiş və əsir düşmüşdülər. Onları bir müddət Bağdad zindanında, bir müddət Mosul düşərgəsində, sonralar da Ənbərdə saxladılar.

Öz həmvətən bacılarımızı əsir görüb narahat olduq. Bizə ağır idi və kədərlənirdik. Qaldığımız korpusun ikinci mərtəbəsində iki kiçik otaq vardı. Biri dərzi otağı idi, biri isə boş idi. İraqlılar kimisə həbs etmək istəyəndə boş otağa salırdılar. Otaq yaralı və qocaların kamerası ilə üzbəüz idi. Həmin dörd xanımı oraya saldılar.

Bizim azad saatlarımızda onlar bayıra çıxa bilməzdilər. Biz içəridə olanda onlara bayıra çıxıb həyətdə gəzməyə icazə verirdilər.

Rəftarlarında gördüyüm vüqara və iraqlılarla davranışlarındakı mətanətlərinə görə onlarla ünsiyyət qurmaq istəyirdim. Dediyim kimi, bədəndən kiçik olduğuma görə asanlıqla pəncərənin rəfində oturur və hətta yatırdım. Xanımlar əvvəllərdə ikinci mərtəbəyə qalxarkən məni görmüşdülər. Hiss etdim ki, onlar da mənimlə danışmaq istəyirlər. Bir gün İmam Xomeyninin bir cümləsini bir kağıza yazıb bir dırnaq boyda qatladım. Onlar pəncərənin yanından keçəndə iraqlı əsgər duymadan bayır tərəfdən pəncərənin qırağına qoydum və bunu işarə ilə onlara bildirdim. Onlar da tez götürdülər. Bizim bacılarla ilk əlaqəmiz belə oldu. Ondan sonra pəncərənin önündən yavaş-yavaş keçməyə çalışırdılar ki, bir xəbər olsa, onlara çatdıra bilim. Yaşıma görə düşərgənin uşaqları onlarla mənim ünsiyyətdə olmağımı istəyirdilər.

Qələmimin1 bircə santimetr cövhəri qalmışdı, amma o da qənimət idi. Onu təsadüfən tapmışdım, elə yerdə gizlədirdim ki, iraqlıların ağlına gəlməsi imkansız idi. Bir dəfə pəncərənin rəfində oturanda şüşənin ətrafındakı yaxının yumşaq olduğunu gördüm. Şüşəni təzə salmışdılar. Düşündüm ki, ora qələm içliyini gizlətməyə yaxşı yerdir. Qələmin çölünü tulladım, tez yaxını götürdüm və qələm içliyini onun altına qoydum. Sonradan yaxı quruyanda içliyi asanlıqla çıxarırdım.

Əvvəllər mağazada siqaret satılmırdı. Uşaqlar kağız və tütün alıb papiros bükürdülər. Biz yazmaq üçün də kiçik papiros kağızlarından istifadə edirdik. Hər kamerada bir Quran vardı. Quran bir an da yerdə qalmırdı. Bir nəfər bu işə baxır, onu oxumaq üçün növbə ilə uşaqlara verirdi. Hətta gecələr yatmaq vaxtı da bəziləri növbə alırdılar. İraqlılar əsirlərin Quranla ünsiyyətini gördülər və Quran qadağan olundu. Bundan sonra kim Qurandan nə qədər əzbər bilirdisə, kiçik papiros kağızlarna yazırdı və istəyənlər onlardan oxuyurdular. Bizim Quranımız tam deyildi. Qızlar gələndən sonra bildik ki, onlarda Quran və Məfatih1 kitabları var. Bu bizim üçün mühüm məsələ idi. Bizim dualarımız da az idi.

Mətbəxdən yemək almağa gedəndə qızların piyada gəzdiyi yoldan keçirdik. Onlar bilirdilər ki, kamera uşaqları ilə onların arasındakı vasitəçi mənəm və lazımi xəbər olsa, məndən almalıdırlar. Özləri ağıllı idilər. Mənim bir-iki metrliyimə çatanda yavaş yeriyirdilər və tez sözlərimizi deyirdik. Danışdıq ki, onlardan Məfatihi alaq və duaları tam köçürüb qaytaraq. Bundan ötrü bir plan düşünürdük ki, heç bir tərəfə problem yaranmasın. Bu əsnada məhərrəm ayı girdi.

İraqlılar məhərrəm ayına həssas yanaşırdılar. Məhərrəm girməzdən öncə Mayor Mahmudi kamera başçılarını toplayıb demişdi: "Bura İraqdır. Siz hərbi hissədə, İraq ordusundasınız və İraq ordusunda əzadarlığın bütün formaları qadağandır. İraqda məhərrəm əzadarlığı hətta adi camaata da qadağandır, o ki qala əsirlərə. Əgər əzadarlığa bənzər nəsə etsəniz, vay halınıza! Başınıza nə gəlsə, özünüzü günahkar bilin!"

Mahmudi dəfələrlə bütün heyətin önündə demişdi: "İmam Hüseyn ərəb idi. Onu biz ərəblər öldürmüşük, özümüz də ona əza saxlayırıq. Siz məcuslara nə aidiyyəti var ki, İmam Hüseynə əzadarlıq edəsiniz?!"

Kamera başçılarını özümüz ən möhkəm və ən imanlı uşaqlardan seçirdik. Lakin mayorun ardıcıl təhdidlərinə görə başçılar dedilər: "Ucadan əzadarlıq məsləhət deyil. Bunlar qiyam əleyhinə qvardiyanı indidən hazırlayıblar. Vurub hamını şikəst edərlər. İmam Hüseyn də razı olmaz ki, əsirlər belə təhlükə altında əzadarlıq etsinlər".

İraqlıların gündəlik təhdidlərindən və kamera başçılarının sözlərindən sonra uşaqlar tasua və aşura günlərində açıq əzadarlığın xeyrindən keçməyə razı oldular.

Mayor Mahmudi o qədər hədə-qorxu gəlmişdi ki, heç bir hərəkət etməyəcəyimizə əmin idim. O, aşura gecəsi məzuniyyətə çıxdı. Tasua günü sakit əzadarlıqla keçdi. Danışdıq ki, aşura gecəsi də bir nəfər rövzə oxusun və hər kəs yerində oturub dinləsin. Uşaqlar çox kədərli idilər, heç kim danışmırdı. Əmin idim ki, heç biri ömründə heç vaxt aşura günündə bu həddə əlini əlinin üzərinə qoyub oturmamışdı. Bu sükut və asta rövzəxanlıq hamıda qəribə hisslər yaratmışdı.

Şam namazından sonra həmişəki yerim olan pəncərənin arxasında dilxor oturmuşdum. Bir hiss xora kimi canıma düşmüşdü: İmamımızı bu qədər sevdiyimizə rəğmən, nə üçün aşura gecəsi əməlli-başlı bir mərasim keçirmədən bir küncdə oturmuşuq?! Uşaqların çoxu sükutu pozmağa bəhanə axtarırdılar. Başımı barmaqlığa qoymuşdum. Birdən qulağıma növhə səsi gəldi. Əvvəlcə düşündüm ki, yəqin xəyaldır. Lakin yaxşı qulaq asanda bildim ki yox, korpusun sonundakı kiçik otaqdan qızların səsi gəlir. Dördü də sinə vura-vura oxuyurdular:
"Mehdi! Ey Mehdi! Anan Zəhra hörmətinə!

Bu gecə bizim qələbəmizi imzala!

Quan düşməni bizimlə vuruşur,

Ürəyimiz Kərbəla üçün darıxır!”


Dərhal ildırım sürətilə yerimdən sıçrayıb qışqırdım: "Uşaqlar, gəlin qulaq asın, qızlar əzadarlıq edirlər!"

Hamı pəncərənin önünə toplaşıb qulaqlarını barmaqlığa yapışdırdılar. Əvvəlcə inanmırdılar, amma yaxşı qulaq asanda qızların otağından səs gəldiyini duydular. Kamera başçıları uşaqları sakitləşdirməyə çalışırdılar. Uşaqların qeyrətlərinə toxunmuşdu ki, nə üçün qızlar əzadarlıq etməli, biz isə sakit oturmalıyıq?! Başçılar dedilər: "Onlar xanımdırlar, iraqlılar onların işlərinə qarışmağa cürət etmirlər. Onlara əziyyət verə bilməzlər, amma bizim başımıza oyun açarlar. Bir qədər fikirləşin. Gəlin, əvvəlki gecələrdə olduğu kimi sakit əzadarlıq edin".

Qızların həzin növhə səsi damarlarımızda Hüseynçi qanını coşdurmuşdu. Qığılcıma bənd olan bir bomba kimi hamımız birdən uca səslə növhə deyib sinə vurmağa başladıq. Bir neçə dəqiqədən sonra digər kameralar və hətta yanımızdakı korpus da əzadarlığa başladı. Bir neçə dəqiqənin içində əsirlərin bir nəfər kimi təkrarladıqları "Ya Hüseyn" səsi bütün düşərgəni bürüdü. Pəncərələrdən həyətə tam nəzarət edirdik. Bir də gördük iraqlılar qarışqa kimi düşərgənin həyətinə töküldülər. Onlar uşaqları döymək üçün həmişə hazır vəziyyətdə idilər, amma həmin gecə məsələni ciddi saymamışdılar. "Ya Hüseyn” səsini eşidəndən sonra düşərgəyə əsgər seli axdı. Onlarda dubinka yox idi. Buna görə də, kimin əlinə nə keçirdisə, götürürdü; dəmir, taxta, ağac budaqları, hətta bəziləri tualetlərə gedib su turbalarını sındırıb götürdülər. Səfərbər olub kameralara tərəf gələndə ağacların ayaq açıb bizə doğru gəldiyini düşündük. Diqqətlə baxıb gördük ki, hər biri böyük bir budağı əlində qaldırıb gəlir.

Mayor Mahmudi yox idi və düşərgənin farsca bilməyən komandiri tez-tez mikrofonla ərəbcə bizi hədələyirdi: "Sakit olmasanız, atəş əmri verəcəyəm!" İlk dəfə idi iraqlıların silahla düşərgəyə girdiyini görürdük. Hamısında kalaşnikov avtomatı vardı və pəncərələrlə üzbəüz dayanıb atəş mövqeyi seçmişdilər.

Əzadar uşaqlar təhdidlərə fikir vermədən xorla "ya Hüseyn" deyir və möhkəm sinə vururdular. Bu zaman xəbis komandir kreativ bir fikrə düşdü. Əsgərlərinə əmr etdi ki, yaralı və qocaların kamerasına gedib onları düşərgənin həyətinə gətirsinlər. Hamısını həyətə saldılar. Onların arasında çoxu yaşı altmışı ötmüş yaralılar, hər iki əl və ya ayaqları kəsilmiş əsirlər, iflic olanlar, sağalmamış üfunətli dərin yaraları hər gün yuyulanlar vardı. Hamısı məhərrəm əməliyyatının yaralıları idilər.

İraqlı əsgərlər yeriyə bilməyən bəzi yaralıları kürəklərində həyətin ortasına gətirmişdilər. Əsgərlər onları vurmağa başlayanda ah-nalələri göyə ucaldı. Aşura səhnəsi gözlərimiz önündə təkrar olundu. Elə ilk zərbədə yaralıların yarası qopub yerə düşürdü. Əsgərlər çəkmələrini onların əl, ayaq, qarın və üzlərindəki yaralarına sıxırdılar. Qamçı ilə vurmaq üçün bəzilərinin yaralı ayaqlarını böyük bir taxtaya bağladılar. O taxtada eyni zamanda on nəfərin ayağını falaqqaya salmaq olardı. İraqlılar hətta iki əli də olmayanların ayaqlarını ona bağlayırdılar. Bir ayağı kəsilmiş əsirlərin sağlam ayaqlarını bağlayırdılar. Gözləri çıxmış bir əsirə elə sillə vurdular ki, bandlar açıldı və gözlərindən qan axdı.

Bu səhnələri görərək əsir olduğumuzu unutduq. Hamımız bir nəfər kimi "Allahu-Əkbər" qışqırıb pəncərələrə sarı cumduq. Barmaqlığı itələməklə və vurmaqla qoparmağa çalışırdıq. Həmin anda ancaq gedib o iraqlılarla təkbətək vuruşmağı düşünürdük. Uşaqların qəzəbindən qorxmuş komandir tez-tez hava gülləsi atmaq əmri verir və xəbərdarlıq edirdi ki, pəncərələrdən çəkilməsək, bizə atəş açacaqlar. İraqlılar o qədər özlərini itirmişdilər ki, yaralıları həyətin ortasında qoyub qaçmağa başladılar. Elə qaçırdılar ki, sanki tankla onları təqib edirdik. Bir neçə dəqiqə ərzində iraqlılar həyətdən çıxdılar və yaralılar yerdə qaldılar. İlk dəfə idi görürdüm ki, iraqlılar qorxularından uşaqları kameralarına salmağa da cürət etməyib gecəyə qədər düşərgənin həyətində buraxdılar. Hərəkət edə bilənlər digərlərinə kömək etdilər və həyət yavaş-yavaş boşaldı. Yaralılar kameralarına döndülər.

Yaralıları kameradan çıxarmazdan öncə bərk döymüşdülər. Onların biri sonralar danışırdı ki, əsgərlərin əlində dəmir boru vardı; biri içəri girən kimi bir əsirin başına elə vurdu ki, qanı tavana sıçradı.

Artıq hava qaralmışdı. Kameralarda oturub səhərin açılmasını və iraqlıların bizə nə edəcəyini gözləyirdik.

Ertəsi gün səhər çağı bir iraqlı dəstə düşərgəyə girib düz bizim kameramıza gəldi. Dedilər: "Yalla, on nəfər könüllü şəkildə çıxsın!"

Tez ayağa qalxdım. Bizi həyətə aparıb dedilər ki, buranı təmizləyin. Yer taxta, dəmir millər, ağac budaqları, qısası, nə istəsəniz, onunla dolu idi. Onların arasında yerdə qopmuş dırnaq, qanlı bandlar, bədəndən ayrılmış dəri və ət parçaları və qan ləkələri də görünürdü. Tez işə başlayıb hər şeyi topladıq və həyətdəki zibilqabıya tökdük. Həyətə o qədər ağac budağı tökülmüşdü ki, elə bilərdin ora bağ olmuş və ağaclarını kəsib yerə tökmüşdülər.

Kameraya qayıtdıq. Təxminən səhər saat onda gördük ki, Mayor Mahmudi məzuniyyətə getmədən işə çıxmağa məcbur olmuşdur. Əllərinə boks əlcəyi geyinmişdi. İtlə birlikdə həyətə girdi. Əsirləri öldürməyin ona nə qədər asan olduğunu bilirdik. Çox kiçik bir bəhanə ilə uşaqları ölüm həddinə qədər döyür və şikəst edirdi. Döyərkən kimsə ölsəydi, iki-üç əsgər gəlib adını və atasının adını flomasterlə sinəsinə yazırdılar. Sonra bir neçə şəkil çəkir və cənazəni iki əsirə daşıtdırıb tikanlı məftillərin arxasında həmin ədyalda basdırırdılar. Qəbrin üstünə bir lövhə vurub ad-familyasını və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin verdiyi nömrəni yazırdılar. Sonra qəbrin şəklini çəkirdilər. Qırmızı Xaçın nümayəndələri gələndə şəkilləri göstərib deyirdilər ki, bu iranlı əsir xəstəlikdən öldü. Buna görə də, adi məsələlərdə iraqlılara bəhanə verməməyə çalışırdıq.

Həmin gün əsgərlər qarışqa kimi əllərində zond həyətdə düzülmüşdülər. Mahmudi başının dəstəsilə birgə birinci kameraya girdi. Bir neçə dəqiqədən sonra gördük ki, uşaqları hamam və tualetlər tərəfə qaçırırlar. İraqlılar kanalizasiya yollarını bağlayıb hamam və tualetlərin yerinə su doldururdular. Duşları da açıq qoyurdular. Çoxlu su yığılandan sonra uşaqları hamamın içinə və ya soyuq duşun altına salıb zond və kabellərlə vururdular. Bizi zondla vuranda öz əlləri qabar olur və qanayırdı. O gün də əsgərlər əllərinə sarğı bağlamışdılar ki, yara olmasın.

Kabellər içiboş olduğuna görə yaş bədənə dəyəndə dəhşətli şəkildə göynədirdi. Elə bilirdin ki, bir tikə əti bədənindən qoparıb yerinə duz tökürlər. Bu həddə dözülməz idi. Döyüləndən sonra bir-birimizin kürəyinə baxıb görürdük ki, kabelin uzunluğu boyda suluqlar var. Suluğun altına su və qan yığılır, get-gedə qaralırdı. Pis yaralar idi. Əynində paltarı olanlar sonradan maykalarını soyunanda zondun dəydiyi yerlərdə mayka ilə bərabər dərilərindən nazik bir lay ayrılırdı.

Həmin gün növbə bizim kameramıza çatanda Mayor Mahmudi içəri girdi. Bir az gəzişib dedi: "Bu işin haradan başladığını bilirəm. Bunu da bilirəm ki, siz yaxşı uşaqlar olub səs-küy salmamısınız". Öz-özümüzə dedik: "İlahi! Bu nə deyir?! Axı hər şey bizim kameramızdan başladı!"

Onun xarakterlərinə bələd idik. Özünü zəif duruma salacaq bir adam deyildi. Qəzəblənib elə raftar etməzdi ki, adam cinayətinin və qanunlara tabe olmadığının ona sübut olunduğunu bilsin. Buna görə də, qarşısındakını təhqir etmək üçün özünü nadanlığa vururdu ki, qüruru zədələnməsin.

O, sözünə davam etdi: "Lakin sizi də tənbeh etməyə məcburuq. İraq ordusunun qanunu belədir ki, bir nəfər səhv etsə, hamı cəzalanmalıdır!"

Mayor bu hiylələrlə və özünəməxsus jestlərlə kameradan çıxdı. Əsgərlər bizi hamam və tualetlərə gedən ölüm tunelinə doğru qaçırdılar. Onlar qaçan yoldaşlarımıza ayaqla badalaq atır və birdəfəyə bir neçə nəfər yerə yıxılıb digərlərinin yolunu bağlayırdı. Əllimetrlik yol boyunca da əsgərlər dayanmışdılar, zondla üz-başımıza və bədənimizə vururdular. Uşaqların qışqırtısı düşərgəni bürümüşdü. Uşaqları vurarkən əsgərlərin bağırtıları və Mayor Mahmudinin bizi qorxutmaq üçün çıxardığı qəribə səslər dəhşətli ab-hava yaradırdı.

Mayorun üst-başı təmiz və səliqəli olurdu, xüsusi forma və çəkmələr geyinirdi. Hamam çirkli olduğuna görə o ancaq zəruri hallarda hamama girirdi. Əsgərlərin tunelinə girən ilk adam mən idim. Bədənimi yığmışdım ki, zond üz-başıma dəyməsin. Onlar məni yerə yıxmağa çalışsalar da, çətinliklə tab gətirdim, çoxlu zond vurdular, amma ölüm tunelindən bayıra çıxdım. Mayor məni görən kimi dəyənəyini qaldırıb başı üzərində fırlatdı və qışqırdı: "Ha, Mehdi! Gəldin..." Dəyənəyini mənə sarı tulladı. Allah rəhm etdi, ondan yayına bildim. O məsafədən elə möhkəm atmışdı ki, mənə dəysəydi, işimi bitirərdi.

Döyüb-qurtarandan sonra bizi suyun içində və pis halda kameraya göndərdilər. Bəzi yoldaşlarımız digərlərinin üz-başlarındakı yaraları görüb gülməklərini saxlaya bilmirdilər. Bəziləri ağrıdan zarıyırdılar. Ruhdan düşməməyə çalışırdıq. Məhərrəm ayında baş verən bu hadisənin digər oxşar hadisələrlə fərqi bu idi ki, bizim korpusumuzda hamı Bəsic üzvü idi və bu, işgəncəyə dözməkdə bizə kömək edirdi. Özümüzü böyük bir cihaddan dönmüş kimi hiss edirdik. Bu ağrı və əziyyətlər də İmam Hüseyn əzadarlığının çox kiçik bədəli idi.

Gəlib pəncərənin ağzında oturdum. İraqlılar o tərəfdə digər kameranın uşaqlarını döyürdülər. Əsgərlərin birini görüb onun eşidəcəyi səslə bu Quran ayəsini oxudum: "Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər!"1 Həmin əsgərin adı Əbd idi. Nizam-intizamlı adam idi və digərlərinə nisbətən əsirləri az incidirdi. Mənə yaxınlaşıb dedi: "Mehdi, nə edirsən, yavaş oxu, mayor eşitsə..." Lakin onun sözlərinə heç bir əhəmiyyət vermədim. İstəmirdim ki, döyməklə bizi qorxutduqlarını düşünsünlər. Düşünürdüm ki, düşmən tərəfindən döyülüb işgəncəyə məruz qalmasam, həqarət hissi keçirərəm.

İmam Hüseyn əzadarlığı üçün o qədər döyülsək də, yenə də bizdən əl çəkmirdilər. Mayor Mahmudi bizə qarşı elə kin bəsləyirdi ki, uzun müddət qəribə rəftarlar edirdi.

Ertəsi gün mətbəxdəki uşaqlar xəbər verdilər ki, həmin gün içdiyimiz çay murdar olub. Mayor Mahmudi çay qazanının içinə işəyib demişdi ki, bu çayı verin Hüseyn əzadarlarına. Mətbəxdəki uşaqlar demişdilər ki, stəkanlarınızı suya çəkin. Bundan az sonra başqa bir hadisə baş verdi. Səhər yeməyini yeyəndən iki saat sonra bütün düşərgə ishal tutdu. Tualetlərin önündə uzun növbələr yarandı. Tualetdən çıxanların rənginin ağarmasından bəlli idi ki, qarnı qanlı işləyir. Bəzilərinin qarın ağrısı o qədər güclü idi ki, tualetdən çıxan kimi yenidən növbəyə dayanırdılar. İçəri girənlər bayırdakı izdihamı nəzərə alıb tez çıxırdılar. Əslində isə hamı ağrıdan qurtulmaq üçün uzun müddət orada qalmaq istəyirdi.

Günortadan sonra saat 4-də «İçəri» komandası verdilər və bizi o vəziyyətdə həbs etdilər. Kameranın içində tualet yox idi, sidik üçün bircə böyük vedrə vardı. Bədənimiz vərdiş etmişdi, işimizi saat 4-dən öncə bitirir və sonra səhər saat 8-ə qədər yalnız sidik üçün kameradakı vedrədən istifadə edirdik. Kamerada havalanma yox idi. Orada biri ağır bayıra çıxanda içəridə nəfəs almaq mümkün olmurdu. Kameranın qapısı saat dörddə bağlanırdı və nə olursa-olsun, açılmırdı. İçəridə halı pisləşən olsaydı, iraqlı zabit əlində ampul gəlirdi. Əsiri pəncərənin qırağında uzandırırdıq və o, harasının ağrıdığını soruşmadan barmaqlığın arxasından iynəni vurub gedirdi. O iynənin içində nə olduğunu heç kim bilmirdi.

Həmin gecə yoluxucu qanlı ishal hamıya keçdi. Əsirlikdə bu problem adi hal idi. Yanlış qidalanma səbəbindən mədə-bağırsaq sistemimiz zəif idi və hər hansı xəstəliyə yoluxma riski böyük idi: ağız yarası, saç tökülməsi, diş və dırnaqların sınması, güclü qəbz, sümük ağrıları, dil qatlanması və s. Bunlar geniş yayılmış xəstəliklər idi.

Rəngimiz gips kimi ağarmışdı. Hər bir sancı ilə bədənimizi soyuq tər basırdı və ağrıdan ilan kimi qıvrılırdıq. Möhkəm ağrısı vardı. Azad həyatda görmüşdüm ki, qanlı ishala yoluxanlar bədən enerjisinin güclü əriməsi və fiziki zəiflik səbəbindən bəzən ölürdülər. Bizim əsirlikdə bu ağrılara tab gətirməyimiz isə möcüzə idi.

O gecə əsirliyin bütün incəlikləri ilə xatırladığım azsaylı gecələrindəndir. Çünki hər saatı bir il kimi keçmişdi. Sidik vedrəsindən ağır işə də istifadə etməyə məcbur olduq. Ədyaldan bir pərdə çəkdik və ehtiyacı olanlar onun arxasına keçdilər. Bəzən güclü sancıdan bir saata qədər bayıra çıxmırdılar və növbə gözləyən digərləri əziyyət çəkirdilər.

O gecə iş o yerə çatdı ki, bəziləri bütün taqətlərini əldən verdilər. Bir neçə nəfər öz yerlərində ədyalı başlarına çəkib işlərini görürdülər. Bu hal yavaş-yavaş hamıya keçdi. Hamı birtəhər ağrılarını azaltmaqdan ötrü sellofan axtarırdı. Halbuki digər şəraitlərdə həmişə aramızda pərdə saxlayır və alt paltarı ilə gəzmirdik. Uşaqların çoxu qürurlu gənclər idilər, o vəziyyətə düşmək həqiqətən, çətin idi. Hamı əldən düşmüşdü.

Əsirlikdə təcrübə ilə bəzi müalicə üsulları öyrənmişdik. Bilirdik ki, mətbəxdən aldığımız çay tilifini çeynəmək və ya siqaret külü ishala yaxşı təsir edir. Kamerada bir neçə nəfər siqaret çəkirdi. Uşaqlar onların çəkdiyi siqaretin külünü yeməkdən ötrü növbəyə düzülürdülər. Siqaret külü zəhər kimi idi. Yeyənlər tez üstündən bir-iki stəkan su içməli olurdular. Bununla yanaşı, külün acısı yenə də ağızda qalırdı.

Ondan qabaq da qanlı ishala yoluxmuşduq, amma bu şəkildə hamıya yayılmamışdı. Tez xəstələrin qablarını ayırırdıq. Bu dəfə isə hamı yoluxmuşdu. Bəziləri sancı və zəifliyin şiddətindən və bədənlərindən axan çoxlu qan səbəbindən Allahdan ölüm istəyirdilər.

O gecə hamıya çox çətin keçdi. Ertəsi gün səhər iraqlılar kameranın qapısını açmağa gələndə üfunət iyindən üzlərini turşutdular və hətta saymaq üçün də içəri girmədilər. Onlar anladılar ki, necə bir gecə yaşamış və hansı şəraitdə qalmışıq. Səhər və axşam yeməkləri əsasən, sudan ibarət olub vəziyyətimizi pisləşdirsə də, yeməyə məcbur idik. Çünki bədənimizə enerji verəcək başqa bir şey yox idi.

Sonralar mətbəxdəki uşaqlardan bayıra xəbər sızdı ki, həmin gün Mayor Mahmudi yeməyin içinə yuyucu tozu tökübmüş. Aşpazlar mətbəxdə baş verənləri bayıra ötürməyə qorxurdular.

Bir neçə gündən sonra uşaqların halı yavaş-yavaş yaxşılaşmağa başladı. Mayor Mahmudi Aşura əzadarlığının acığını tək-tək hamımızdan çıxmışdı.

Məhərrəm əzadarlığından sonra qızların qaldığı yeri də dəyişdilər. Onları düz düşərgənin ortasında yerləşən hamam və tualetin yanındakı otağa apardılar. Onlara kiçik bir həyət də düzəltdilər. Həyətləri düşərgənin həyətindən qamış və ağac budaqları ilə ayrılırdı. Bununla qızların bizimlə əlaqəsi kəsildi və onlar gəzinti zamanı da bizim tərəfə keçə bilmədilər.

Hamam və tualetlərin üstü dəmir plitələrlə örtülmüşdü. Bir neçə gün idi fikirləşirdim ki, qızların həyətinə necə girib Məfatihi ala bilərəm. Bir gün gördüm ki, hamamların sonunda tavanla divarın arasında mənim kimi bir uşağın asanlıqla keçəcəyi bir boşluq var. O gün tez-tez gedib-gələrək araşdırdım və əmin oldum ki, oradan keçə bilərəm. Hamamda heç kəsin olmadığı ilk fürsətdə divardan qalxıb özümü boşluğa çatdırdım. Qızların həyətinə baxıb gördüm ki, paltar yuyurlar. Həyətin ortasında onlar üçün su kranı olan kiçik bir hovuz düzəltmişdilər.

Divardan yerə atılanda dördü də yerlərində donub qaldılar. O qədər həyəcanlı idilər ki, nə deyəcəklərini bilmədilər. Tez-tez soruşurdular: "Sən bura necə gəldin?! Səni tutsalar, bilirsən başına nə oyun açarlar?! Adın nədir? Bu yaşla cəbhəyə necə gəlmisən?"

Bir qədər söhbətləşdik. Əvvəllər onlara demişdim ki, Məfatihimiz yoxdur və Quranımız tam deyil. Tez Quranı və Məfatihi alıb köynəyimin altına qoydum və yenidən divara dırmaşdım. Tualetin həyətinə atılmaq istəyəndə satqın iranlılarımızdan biri məni gördü. O, müharibə əsiri deyildi, Küveytə gedərkən tutulmuş bir qaçaqmalçı idi. Nə üçün divarın başına çıxdığımı anladığını zənn etmədim. Lakin bu da qaydalara zidd idi.

Düşünmürdüm ki, gedib bunu iraqlılara xəbər verər. Çünki mənim yaşda bir uşağın nadinclik edib divara dırmaşması çox da mühüm deyildi. Lakin inanılmaz olsa da, iraqlılar dərhal başımın üstünü aldılar. Döyə-döyə inadla soruşurdular ki, nə üçün divara dırmaşmışdın? Deyirdilər etiraf et ki, qızlara xəbər aparırdın, ya da onlardan nə isə alırdın.

Dedim: "Mən qanunları pozmamışam. Sadəcə olaraq, nadincliyim tutdu və divara dırmaşdım".

Mayor Mahmudi əsgərlərin əlindən bir şey gəlmədiyini görüb özü işə girişdi. Axşama yaxın bir neçə əsgərlə gəldi, məni və daha çox ünsiyyətdə olduğum bir neçə nəfəri apardı. Mayor o yazıqları vəhşicəsinə döyür və qorxunc nərələr çəkirdi. Adəti belə idi, bununla qarşı tərəfin qorxusunu bir neçə dəfə artırmaq istəyirdi. Yorulandan sonra mənim yanıma gəldi. Bu işlərin hamısını qızların otağına yaxın yerdə edirdi ki, səsi onlara çatsın. Məni düz qızların pəncərəsi önünə aparıb dedi: "Mehdi, dizi üstə otur".

Oturdum. Nə etmək istədiyini bilmirdim. Bir ayağını bədənimin sağ tərəfinə bir ayağını da sol tərəfinə qoyub çiyin və boynumun üstündə oturdu. O, iribədənli adam idi. Uşaqlar deyirdilər ki, çəkisi yüz kilodan artıqdır. Belim əyilmişdi. Yerə batdığımı hiss edirdim. O, qəhqəhə ilə gülüb belimi sıxır və deyirdi: "Ha, nədir, Mehdi? Yalla, qalx. Yalla, yeri!" İçki içdiyini güman edirdim. Yalnız onun içməyə icazəsi vardı. Bəzən uşaqların başına elə oyun açırdı ki, üzlərindən tanımaq olmurdu. Yalnız sərxoş bir adam özü kimi insanlara qarşı bu işləri görə bilərdi.

Qulaqlarımı tutub dartırdı. Hərdən qulaqlarımı buraxıb saçımı dartıb və dayanmadan təkrarlayırdı: "Yalla, yeri! Yalla, qalx yeri. Qalxmayana qədər davam edəcək!"

Birdən qulağımın dibində güclü hərarət hiss etdim. Siqaretini qulağımın dibində tutmuşdu və saçlarımdan möhkəm yapışmışdı ki, tərpətməyim. Qulağımın dibi əməlli-başlı yanırdı. O dedi: "Mən səndən ümidimi üzdüm. Sən adam olmayacaqsan. Səni şikəst edəcəyəm. Elə edəcəyəm ki, ölümdən pisini arzu edəsən. Kameranın küncündə qalıb bir addım ata bilməyəsən. Sən mənim hörmətimə layiq deyildin. Səni məhv edəcəyəm, Mehdi... Yalla, qalx!"

Çox çalışırdım ki, ayağa qalxım, amma nəticəsi olmurdu. Diz qapaqlarımın yerindən çıxdığını hiss edirdim. Ayaqlarını havada yelləyib bütün ağırlığını belimə salırdı. Fəqərə sütunum və boynum sınmaq üzrə idi. Hərdən qızların otağına baxıb deyirdi: "Gəlin baxın, görün Mehdinin başına nə oyun açıram!" Qızları incitməkdən ötrü məni ağlatmağa çalışırdı. Lakin o anda ölsəydim də ağlamazdım. Bilmirəm nə oldusa, birdən ayağa qalxdı və çiyinlərimə bir təpik vurub məni yerə yıxdı. Nəfəsimi dərmək istəyirdim ki, tez sinəmin üstündə oturdu. Qabırğalarım sınırdı, güclə nəfəs alırdım. Sanki ürəyim yerindən qopmuşdu. Ölmək üzrə idim ki, siqaret çəkməyə başladı. Bəzən gülüb deyirdi: "Ha, Mehdi, yaxşısan?! Hələ yaşayırsan?!"

İndi hansı halda olduğunu bilirdim. Mayor SAVAK-da təlim keçmişdi, müttəhimlərdən söz almaqda peşəkar idi. Danışmayanda əsəbləri korlanırdı, məğlub olduğunu duyub nərə çəkirdi. Onun düşərgə daxilində bağırtılarını eşidəndə uşaqlar anlamışdılar ki, kimlərisə döyür. Pəncərənin ağzına toplaşmışdılar. O bu vəziyyəti sevirdi. Hamı ilə belə edirdi. Uşaqların ürəyinə vahimə salmaqdan zövq alırdı. Sinəmin üstündə oturmuşdu və qalxmaq fikri yox idi. Bir zabit gəlib qulağına nəsə pıçıldadı. O, cəld yerindən qalxdı. Qəzəblə mənə baxıb dedi: "Elə bilmə ki, bununla canını qurtaracaqsan". Mayor getdi, mən isə yerdə uzanıb qalmışdım. Nəfəsim gəlmirdi. Elə bil min nəfər məni döymüşdü!

Həmin gecə yoxlanışdan iki-üç saat sonra iki əsgər qıfılı açıb bizim kameramıza girdilər və məni çağırdılar. Zamin adlı dezfullu bir əsirlə məni Mayor Mahmudinin otağına apardılar. Həyətdə səmaya və ulduzlara həvəslə tamaşa edirdim. Əsir düşəndən bəri heç vaxt bu mənzərəni görmək imkanım olmamışdı. Narahat idim ki, görəsən, bu kinli mayor yenə nə fikirləşir mənim haqqımda.

Stolun arxasında oturmuşdu. Sanki məni gözləyirdi. Otağına girən kimi yerindən qalxıb qışqırmağa başladı: "Mehdi, mən sənin atanı yandıraram, qocalana qədər bu tikanlı məftilərin arxasında qalarsan!" Zaminə işarə ilə sözünə davam etdi: "Bunların hamısını buraxaram gedərlər, amma səni saxlayaram. Sən özünə problem axtarırsan. Nə üçün problemli adamlarla, əbul-məşakillərlə1 gəzirsən?! Mən sənə himayədarlıq etmək istədim, amma sən layiq deyildin”.

Təxminən yarım saatdan çox dayanmadan məni məzəmmət və təhdid etdi. Bəzən qışqırırdı, bəzən də hirsindən zorla gülürdü. Sözləri bitəndə əsgərlərə dedi ki, bizi aparsınlar. Allaha şükür edib qapıya sarı getdik. Hələ iki addım atmamış arxamca gəlib dedi: "Dayan, Mehdi, dayan!"

Boğaza yığılmışdım. Tabe olmaqdan başqa çarəm yox idi. Dayandım. Gördüm ki, böyük bir sellofan kisə götürüb soyuducuya tərəf getdi. Soyuducu meyvə şirəsi, turşu, ballı süd, xurmalı süd və müxtəlif çərəzlərlə dolu idi. Mayor belə şeylər yemirdi, bəlli idi ki, qabaqcadan hazırlayıb. Hamısını sellofana töküb yanıma qayıtdı. Bir neçə saniyə qarşımda dayandı. Sonra dedi: "Ha, Mehdi, al, bunlar sənin üçündür". Kisəni zorla əlimə verdi.

Heç nə demədən ağır kisəni yerə qoydum. Mayor qışqırdı: "Götür, bunlar sənindir!"

Başımı aşağı salıb dedim: "Belə şeylərə ehtiyacım yoxdur".

Özündən çıxırdı. Qeyzlə kisəni götürüb əlimə verdi və dedi: "Bunları aparmalısan deyirəmsə, yəni aparmalısan. Başa düşdün, köpək oğlu?!"

Korpusumuzun nəzarətçiləri mayorun otağının yanında dayanmışdılar. Onlar mayorun qəzəbindən qorxub titrəyirdilər. Mayorun bu ikiüzlülüyü mənə qarşı dərin nifrətindən xəbər verirdi. O məni bu şəkildə özümün və yoldaşlarımın yanında təhqir etmək istəyirdi. Öz sözü ilə desəm, başa salmaq istəyirdi ki, onun yanında yalnız bir uşağam. Lakin ürəkdən sevinirdim və arxayın idim. Çünki mayorun rəftarı və acizliyi bunun əksini sübut edirdi. Hər halda, uşaqların "Donuzdan bir tük də qənimətdir" sözünü xatırlayıb kisəni götürdüm və əsgərlərlə birgə kameraya qayıtdıq.

Narahat idim. Mahmudi bic rəftar edirdi. O, uşaqların mənə hörmət və etimadından xəbərdar idi və bu etimadı sarsıtmağa çalışırdı. Mənə hədiyyə verməkdə məqsədlərindən biri bu idi ki, uşaqlar desinlər: "Səhər tənbeh edən adam gecə nəvaziş edib könlünü almış və ona yeməli şeylər bağışlamışdır!" Əlbəttə, bizim uşaqlarımız belə sadəlövh deyildilər və mayoru yaxşı tanıyırdılar.

Mayor uşaqların mənim xarakterlərimi tanıdıqlarını bilmirdi, mənə hədsiz inamlarından xəbərsiz idi. O, uşaqların yanında mənim mövqeyimi heç vaxt zəiflədə bilmədi. Həmin gecə kameraya girəndə kisəni bir küncə qoyub pəncərənin ağzına çıxdım və yatmağa hazırlaşdım. Uşaqlar kisəni görüb dedilər: "Bəh-bəh! Ağa Mehdi! Sənə necə təşəkkür edək ki, düşməndən belə qənimət almısan. Narahat olma, oğlan! Bundan ötrü sevinmək lazımdır, narahat olmaq yox! Mahmudi istəyir bu axşam biz də şam ziyafətinə qonaq olaq".

Uşaqlar kişi idilər və bu sözlərlə məni arxayınlaşdırmaq istəyirdilər. Sonra soruşdular ki, nə oldu? Danışmağa hövsələm yox idi. Dedim ki, Zamindən soruşun; o, hər şeyi eşidib".

Lakin məsələ bununla bitmədi. Ertəsi gün səhər çağı bir neçə əsgər müxtəlif kameralardan gəzib söhbətləşdiyim uşaqları həyətin ortasına yığdılar. Mayor da gəlib boks əlcəyi ilə onları vurmağa başladı. Elə bağırırdı ki, öz əsgərlərinin ayaqları əsirdi.

İşi bitəndən sonra əsgərlər həmin bir neçə nəfərin yarımcan və göyərmiş bədənlərini sürüyüb kameralarına atdılar. Mayor bununla mənim digər uşaqlarla əlaqəmi kəsmək istəyirdi. Düşünürdü ki, böyüklər mənə öyrədirlər. Halbuki böyüklər həmişə məndən ötrü nigaran olub iraqlıların həssas yanaşdığı işlərdən çəkindirirdilər.

Bu hadisədən sonra gecə güclü yağış yağdı. Həyətdə çoxlu su yığılmışdı. Hər gecə özümüz yatmaq vaxtını elan edirdik. Həmin gecə isə mayor əsgərlərilə gəlib tez-tez hədələyirdi: "Yatın, heç kəs oyaq qalmasın. Bir nəfəri oyaq görsək, atasını yandıracağıq". O qədər barmaqlıqlara vurub təhdid etdilər ki, hamı yatdı. Bundan bir az sonra kimlərinsə suyun içində yeridiklərini hiss etdim. Addımlarının şappıltı səsi gəlirdi. Marağımı çəkdi. Bütün təhdidlərə rəğmən, yavaşca başımı qaldırıb pəncərədən baxdım. Gördüm ki, qızları başqa yerə köçürürlər. Əşyaları qoltuqlarının altında idi. Otaqlarına su dolmuşdu. Mayor Mahmudinin özü orada idi və tez-tez deyirdi: "Yalla! Cəld!" Həmin əsnada mayor nə dedisə, qızların biri mayorun qulağının dibindən möhkəm ilişdirdi. Onun diqqəti vurulan sillədə olmalı ikən cəld bizim kameramızın pəncərələrinə sarı döndü. Bilmək istəyirdi ki, kimsə bu səhnəni gördü, yoxsa yox. Tez başımı gizlətdim. Bilirdim ki, kiminsə onu gördüyünü ehtimal etsə, başına oyun açacaq.

Vəlfəcr əməliyyatından sonra qızların yoxa çıxdığını hiss etdik. Onları o qədər görmədik ki, düşərgədən aparıldıqlarını düşündük.

Mayorun mənə nifrəti bitmək bilmirdi. Bir gün günortadan sonra «İçəri» komandası verildi. Əsgərlər azyaşlı uşaqların korpusuna gəlib hamını bayıra çıxardılar. Bizim korpusumuzda təxminən yüz nəfər əsir vardı. Həyətin ortasına toplaşdıq. Bir neçə gün öncə də Mahmudi bizim kameramıza gəlib bizi çox təhdid etmişdi: "Əgər jurnalist gəlsə və siz diluzunluq etsəniz, istədiyimiz sözləri danışmasanız, başınıza gələnlərə özünüz məsuliyyət daşıyacaqsınız".

Hiss edirdim ki, Mahmudi bu sözləri birbaş mənə deyir. Hamıdan kiçik olduğuma görə jurnalistlərin mənimlə təbliğat manevri etmələrini istəyirdi. Qısa fasilələrlə jurnalistlərin düşərgəyə gəlişi bundan ötrü idi. Uşaqların korpusunda qalan yüz nəfərin arasında yalnız mənim bığ-saqqalım çıxmamışdı.

Həmin gün bizi düşərgədən bayıra çıxardılar. Bizə qəribə gəlirdi, çünki səkkiz ay idi düşərgədən çıxmırdıq. Bir mühitdə o qədər qalmışdıq ki, başqa bir mühitə düşən kimi özümüzü azad hiss edirdik. Əsgərlər bizi öz kazarmalarına apardılar. Böyük zalda cərgə ilə əsgər çarpayıları düzülmüşdü. Bizə dedilər ki, çarpayıların qırağında oturaq. Zalın önündə stol və stullar düzülmüş bir səhnə vardı. Göz qabağında olmamaq üçün axırıncı çarpayıda oturmağa çalışdım. Mənim jurnalistlərə, xüsusən də kameralarına baxışım belə idi: Sanki döyüş zonasının ortasında atəş halında olan bir pulemyotla üzbəüz qalmışdım və gizlənməyə heç bir yer yox idi.

Mayor yeddi-səkkiz jurnalistlə zala girib əmr etdi ki, məni qabağa gətirsinlər. Əsgərlər qolumdan tutub məni birinci sırada jurnalistlərin önündə oturtdular. Onlar misirli və iranlı jurnalistlər idilər. Mənə maraqlı idi ki, iranlı jurnalistin İraqda nə işi var?! Öz-özümə dedim: Onlar nə qədər satqın olmalıdırlar ki, iraqlılar düşərgələrinə girib reportaj hazırlamalarına icazə verməlidirlər! Biri misirli və biri iranlı olmaqla aralarında iki qadın vardı. Misirli qadının geyimi münasib deyildi, amma bir az uzaqda oturmuşdu və axıra qədər tərpənmədi. Atası ilə birgə gəlmiş iranlı qız isə cins şalvarla ağ köynək geyinmişdi. Geyimi nisbətən münasib idi, yalnız başıaçıq idi. Familiyası İrandoxt olan və farsca mükəmməl danışan bu gənc qız məni görən kimi şoka düşmüş adam sayağı stolun arxasından qalxıb düz qabağımda yerdə oturdu. Bir neçə dəqiqə qəhər içində gözlərini mənə zilləyib heç nə demədi. Baxmaqdan yorulanda isə soruşmağa başladı: "Adın nədir? Neçə yaşın var? Neçənci sinifdə oxuyursan?"

Dayanmadan sual verirdi. Gözləri yaşla dolmuşdu, ağlamamaq üçün özünü güclə saxlayırdı. Ona cavab verənə qədər mayor özünü çatdırıb başımın üstə dayandı.

O anda öz-özümdən soruşdum: "İndi bu qızın beynindən nə keçir? Düşünür ki, məni məktəbdən zorla cəbhəyə gətiriblər? O mənim xilaskarım olmaq, məni bu cəhənnəmdən çıxarmaq istəyir?" Qəm-kədər bütün vücudunu elə sarmışdı ki, mayorun gəldiyini hiss etmədi və mənim cavablarımı da gözləmədi. Üşüyən adam kimi əllərini bir-birimə sürtüb dedi: "Axı mən bu düşərgədən necə gedərəm?! Səni necə burada qoyub özüm bayırda rahat yaşaya bilərəm?! Mən sənin qarşında məsuliyyət hiss edirəm..." O anda əsla fikirləşmirdim ki, başımın üstə dayanmış mayorun xoşlamadığı bir söz desəm başıma nə gələ bilər. O, təhdid etmişdi ki, məni şikəst edəcək və ömrümün sonuna qədər əsirlikdən qurtulmayacağam.

O qızın yanlış düşüncələrini düzəltmək istəyirdim. Başım aşağı halda dedim: "Deyəsən, sizin təskinliyə bizdən çox ehtiyacınız var. Sizi bu gərgin vəziyyətdən və düşdüyünüz səhvdən çıxarmaq istəyirəm. Düşündüyünüzün əksinə olaraq, məni zorla cəbhəyə gətirməyiblər. Mən iki il Bəsic üzvü olmuşam, çoxlu təlimlər keçmişəm. İndi istədiyiniz silahdan istifadə edə bilirəm. Mən dəfələrlə ağlayandan sonra komandirlər cəbhəyə getməyimə icazə verdilər..." Mayor ayağını yerə çırpıb hirsləndi: "Mehdi! Mən sənin atanı yandıracağam... Yaxşı olar ki, sonrasını da fikirləşəsən..."

Mayorun təhdidlərinə əhəmiyyət vermirdim, yalnız o adamlara səhvlərini başa salmaq istəyirdim. Buna görə də, sözümə davam etdim: "Rəhbərimiz deyib ki, bu müharibə iyirmi il uzansa da, biz müqavimət göstərəcəyik. İndi mən də deyirəm ki, bu əsirlik iyirmi il sürsə də, mən tab gətirəcəyəm və bu mənə görə azadlıqdır".

İrandoxt ağzıaçıq halda heyrətlə gözünü mənə dikmişdi və gözünü qırpmırdı. Deyəsən, bu iki-üç dəqiqənin içində fikirləri alt-üst olmuşdu. Onun bizi dinləyən sarışın saçlı və əlliyaşlı atası dedi: "Bəs sən nə üçün mənim qızıma baxmırsan?" Dedim: "Çünki hicabı yoxdur". O dedi: "Aha... mən atasıyam və deyirəm ki, halaldır, bax... Eybi yoxdur".

Bunu deyən kimi sözlərimə görə əsəbləri pozulmuş mayor gülüb istehza ilə çarpayıların arasında gəzməyə başladı və üzünü hamısının başı aşağı olan uşaqlara tutub dedi: "Daha bəsdir... Başlar yuxarı... Yalla, baxın... Mübarəkdir! Atası deyir halaldır... Onda baxın!"

Fotoqraflar tez-tez şəkil çəkirdilər. İrandoxt eləcə mat-məəttəl halda qarşımda yerdə oturmuşdu. Fürsətdən istifadə edib dedim: "Məncə, dünyanın heç bir yerində mənim yaşda bir uşaq hətta adam öldürsə də, qanuni yaşına çatmayana qədər onu həbsxanaya salmırlar. Lakin iraqlılar burada qanuni yaşdan aşağı olan bizlərlə elə rəftar edir ki, heç bir dövlət ən pis və ən təhlükəli adamlarla da belə etmir".

O günlərdə nə azadlıq istəyirdim, nə də kiminsə mənə ürək yandırıb vəziyyətimi yaxşılaşdırmasını. İstəyim yalnız bu idi ki, dinimə, rəhbərimə və vətənimə inamım möhkəm olsun və bunu yanıma gələn hər kəs bilsin.

Söhbət əsnasında bir neçə dəfə İmam Xomeyninin adını çəkdim. Öz aramızda imamın adını çəkəndə salavat deyirdik. Mahmudi həmişə buna görə hirslənib bizi döyürdü. Lakin həmin gün mayor bizim əleyhimizə mənfi bir mübarizə başlatmışdı. Sanki mənə başa salmaq istəyirdi ki, nə dediyim ona mühüm deyil. Bu səbəbdən imamın adını çəkəndə və hamı bir dəfə salavat deyəndə mayor qışqırırdı: "Birini də!" Yenidən hamı salavat dedi. Bir də söhbətə başlamaq istəyəndə Mahmudi qışqırdı: "Birini də!" Bu vəziyyət bir neçə dəfə təkrar olundu.

Görüş bitdi və əmr etdilər ki, kameraya qayıdaq. Mayor arxamca gələrək dayanmadan hədə biçirdi: "Ha, Mehdi. Bu gün daha əmin oldum ki, sən adam olan deyilsən. Mən daha yoruldum. Söz verirəm ki, səni şikəst edəcəyəm, ölümdən betər olacaqsan. Elə edəcəyəm ki, bülbül kimi ötmək yadından çıxacaq..." Ötən bir neçə ayda mayoru tanımışdım. Bilirdim ki, ürəyinə nifrət doldusa, mütləq bir yolla əvəzini çıxacaq və hərəkətimi cavabsız qoymayacaq. Buna görə də, həmin gecə namazımı qılıb sevdiyim duaları oxudum və əsgərləri gözlədim. Saat on ikiyə yaxın idi. Uşaqlar dedilər: "Gəlmək istəsəydilər, indiyə gələrdilər".

Uşaqlar bir-bir yatdılar. Ketlərimi geyinib bağlarını topuqlarımın arxasında möhkəm bağladım və qapının yanında metlaxın üstündə uzandım. Hər an gəlmələrini gözləyirdim. Gecə saat üçün yarısında daha gəlməyəcəklərini düşünərkən həyətə doluşdular. Hamsının əlində kabel və çubuq vardı. Pəncərələrin önünə gəlib dəmir millərə vura-vura çığır-bağır salmağa başladılar: "Yalla, qalxın!"

Qapıları açdılar. Uşaqlar ayaqyalın və yuxulu idilər. Əsgərlər qapının önündə dayanıb hamını hamamlara tərəf qaçırırdılar. Həmişəki kimi, suyun kanalizasiyaya axan yolunu bağlamışdılar. Soyuq su duşları açıq idi, hamam və tualetlərin yeri su ilə dolmuşdu. Bizi duşun altına salır, sonra da təpiklə vururdular ki, yerə suyun içinə yıxılaq. Yıxılan kimi kabellə vurmağa başlayırdılar. Elə vəhşicəsinə vururdular ki, sanki biz adam deyildik. Fikirləşmirdilər ki, gözümüzə, qulağımıza, onurğamıza dəyən kabel zərbələri başımıza nə müsibət aça bilər.

Əsgərlərin qışqıra-qışqıra kabellə döydükləri yerdə birdən Mayor Mahmudi hamama girib qışqırdı: "Yalla, şüar verin!" Özü başladı: "Top, tank, avtomat..." Sonrakı misranı özü qoşmuşdu və çox ədəbsiz idi. O, dəli kimi qışqırırdı: "Məgər karsınız?! Yalla, bu şüarı təkrarlayın!" Hamımızı döyürdülər. On beş dəqiqə belə keçdi. Mayor bayıra çıxıb iki korpusun arasında kubik daşlarla tikilmiş fərdi hamamlara doğru getdi. Bir neçə dəqiqədən sonra yaxşı tanıdığım dörd əsgər - Yasin, Tofiq, Əzab mələyi (Əbdürrəhman) və Xəmis mənim əl-ayaqlarımdan tutub havada yelləyə-yelləyə fərdi hamamlara apardılar. Yasin və Əzab mələyi göydə apardıqları halda da məni zondla vururdular. Nə qədər çalışsam da, onların əllərindən çıxa bilmirdim.

Mayor hamamların dəhlizində dayanmışdı. Dörd əsgər məni onun önündə yerə atdılar. Mayor məni qaldırıb divara yapışdırdı. Gözlərimə baxırdı. Bəlli idi ki, zarafatı yoxdur, kinini qusmaq istəyir. Əlinin içi ilə alnıma vurub məni möhkəm divara çırpdı. Dedi: "Mehdi, sənə nə qədər dedim ki, adam ol, bu işlərdən əl çək. Faydası olmadı, sən daha pisini etdin. Mən hamını adam edib yerində oturtmuşam, bircə bir qarış boyu olan səndən başqa. Amma daha hər şey bitdi, Mehdi. Daha üzr istəməyə və peşmanlığa da gecdir. Fürsətləri əldən verdin. Bu gecə səni şikəst edəcəyəm..."

O, dayanmadan danışırdı. Ağzından spirt iyi gəlirdi. Halından və rəftarlarından sərxoş olduğu bilinirdi. Ondan başqa heç bir əsgər və zabitin düşərgədə şərab içməyə haqqı yox idi. Əmin oldum ki, işim bitəcək. Kəlmeyi-şəhadətimi oxudum. Hiss etdim ki, mayor ağlayıb-yalvarmağımı, ayaqlarına düşüb əfv diləməyimi gözləyir. Lakin onunla müharibəyə başladığım gündən bu vəziyyəti gözə almışdım. Onunla bilmədən və istəmədən döyüşə girməmişdim ki, indi də təslim olam. Bunu etsəydim, zəlil, xar və ya xain olardım. Bu üzdən möhkəm dayanmağa çalışdım və özümü Allaha tapşırdım. O anlarda bilirdim ki, Allahın lütf-nəzəri olmasa, o dəli sərxoşun əlindən qurtula bilməyəcəyəm.

Sükutum onu daha da vəhşiləşdirdi. Yenidən məni divara möhkəm yapışdırdı. Ayaqlarım yerdən üzüldü. Əlinin içi ilə qulağımın dibindən vurdu. Başımı, üzümü və bədənimi divarın kubiklərinə çırpırdı. O anlarda Mayor Mahmudini insan formasında görmürdüm, məni əzmək və ya udmaq istəyən bir divlə vuruşduğumu hiss edirdim. Bir az sonra yorulmuş kimi məni buraxdı və oradaca dəhlizin ortasında dayandı. Əsgərlər zondla canıma düşüb əlləri çatan yerimə vururdular. Mayorun gürzə bənzər yaraşıqlı bir əl ağacı vardı. Qalın bir taxtanın sonunda dəri bağ vardı, başı çomaq kimi yumru və qalın idi. Materialı möhkəm idi və onunla çoxlarını şikəst etmişdi. Naxışla işlənmiş dəstəyi zorxana millərini xatırladırdı.

Mayor mənə yaxınlaşdı. Əsgərlər məni yerdən qaldırdılar. Əyilib boynumdan tutdu və sıxdı. Bildim ki, ikiqat olmağımı istəyir. Dedi: "Yalla, Mehdi, əyil, əl-ayaqlarını yerə qoy, artıq səni şikəst edəcəyəm”.

"Şikəst etmək" sözünü elə həvəslə deyirdi ki, sanki həyatının ən böyük arzusu idi və indi ona nail olmaq üzrə idi. Əsgərlər boynumu və belimi sıxıb məni əydilər. Məni zorla rüku halına salanda hiss etdim ki, daha qaçış yoxdur, qışqırtım heç kimə çatmayacaq və bunlar istədikləri oyunu başıma açacaqlar. Bu fikirdən qəlbim sındı, təklik, qürbət və əsirlik hissi keçirdim. Həmin anda mayorun bağırtısını eşitdim. Əl gürzünü belimə vurmaq üçün yuxarı qaldırdı. Onun bağırtısını eşidib mən də ürəkdən qışqırdım: “Ya İmam Zaman!" Bilmirəm o anda İmam Mehdi (ə) necə yadıma düşdü. Mayorun qolunu və güclü zərbə ilə belimə enən gürzü gördüm.

Ortaya bir neçə saniyə sükut çökdü. Hamı hərəkətsiz dayanmışdı. Heç bir ağrı hiss etmirdim. Hələ başım aşağı idi. Belimə endirilən gürz ortadan ikiyə bölünüb inanılmaz tərzdə parçalanmışdı: bir parçası mayorun əlində qalmışdı, digər parçaları da yerə səpələnmişdi. Mayor əlindəki yarısını möhkəm tutub yerində quruyub qalmışdı. Sınmış gürz hər iki tərəfdən süpürgə kimi saçaq-saçaq olmuşdu. Yerə düşmüş hissə də eynilə uzun makaron dənələri kimi ayrılmışdı. Hələ də əyilmiş vəziyyətdə idim. Nə mayor, nə də o dörd əsgər yerindən tərpənirdi. Hər yerə sükut çökmüşdü. Bilmirəm neçə dəqiqə belə davam etdi. Sanki hamı yerində donmuşdu. Gürzün mayorun güclü zərbəsindən sındığını söyləmək olardı, amma elə saçaq-saçaq olması və elə zərblə fəqərə sütunuma çırpılmasına baxmayaraq, bir “uf” da deməməyim heç bir məntiqlə başadüşülən deyildi. Düşünürdüm ki, yəqin yara isti olduğundan ağrını hiss etmirəm. Mayor birdən yuxudan ayılmış kimi gürzün saçaqlarını yerə tullayıb mat-məəttəl qapıya sarı getdi. Sakit əl işarəsi ilə əsgərlərə məni aparmalarını əmr etdi. Əsgərlərin ikisi qoltuqlarımın altından tutub məni çiyinlərinə qoydular və kameraya apardılar. Mən ayrılan kimi digər uşaqların döyülməsi də bitmişdi və hamısı kamerada idilər. Əsgərlər məni də kameranın içinə atdılar və qapını bağlayıb getdilər. Uşaqlar ağrıdan zarıyırdılar. Bütün bədənləri qaralıb-göyərdiyindən heç bir tərəf üstə yata bilmirdilər.

Mənim də bədənim ağrıyırdı, amma fəqərə sütunumda ağrı hiss etmirdim. Ayağa qalxıb yeriyə də bilmirdim. Sanki Mayor Mahmudinin gürzü ilə mənim belimin arasına polad zireh tutmuşdular və mənə heç nə dəyməmişdi. Bu haqda uşaqlara heç nə demədim. Beynim o qədər qarışıq idi ki, bir neçə gün heç kimlə danışmadım. Məncə, mayor qorxduğundan yerində qurumuşdu, çünki bu hadisəyə heç bir səbəb tapa bilmirdim. Həmin gürzlə nə qədər adam vurmuşdu və o sınmamışdı, indi isə... Ondan soruşmaq istəyirdim ki, yaraşıqlı gürzünün makaron kimi saçaq-saçaq olduğunu, məndən isə heç bir səs çıxmadığını görəndə hansı hisslər keçirdi?

İmam Mehdinin (ə) zühuru üçün dua oxuduğumuz cümə gecələrində mayor uzun ağ ərəb paltarı geyinib sərxoş halda həyətdə əda çıxarır və bizi ələ salırdı. O, İmam Mehdini inkar və məsxərə edirdi. Onun bu rəftarı bizə əzab verirdi.

Bu hadisədən sonra Mayor Mahmudi düşərgədə qalmadı və Ənbərdən getdi. Bizi Rəmadi düşərgəsinə köçürənə qədər onu görmədim.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə