Bismillah



Yüklə 1,01 Mb.
səhifə8/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Yeddinci fəsil


Əsirliyin ilk altı ayında digər hadisələr də baş verdi. Mən Mahmudinin qəribə rəftarlarını izah edərkən onları unutdum. Bu hadisələrdən biri televizora baxmaq idi. Bizim Ənbər düşərgəsinə gəlişimizdən bir müddət sonra elan etdilər ki, hər bir korpus gəlib televizor sifariş versin. Elə bilirdilər ki, əsirlər bunu çox həvəslə qarşılayacaqlar. Lakin bir müddət ötdü və heç kim televizor istəməyə getmədi. Bunu görən iraqlılar televizora baxmağı hamıya icbari etdilər. Azad saatlarda düşərgənin səsucaldanından musiqi yayımlanırdı. Televiziya proqramlarının da belə olacağını bilib televizor istəmirdik. İraqlılar əvvəlcə xoş dillə girişdilər ki, sizin əyləncəniz yoxdur, sizə videomaqnitofon da gətirib film göstərəcəyik. Lakin get-gedə siyasi şöbənin təzyiqi ilə bütün kameraları televiziyaya baxmağa məcbur etdilər. Axşam olanda video və televizor gətirməzdən öncə bütün korpusu bir kameraya yığırdılar. O vaxt əsirlərin sayı çox deyildi və kameralarda sıxlıq yox idi. Onlar bizi razı salmaqdan ötrü deyirdilər: "Əgər müsəlmansınızsa, gəlin "Məhəmməd – Allahın elçisi" filminə baxın. Hədələyirdilər ki, filmə baxmayanın atasını yandırarıq; ya işgəncə və qamçını, ya da televizora baxmağı seçin".

Videomaqnitofonu və televizoru kameraya gətirəndən sonra əllərində zond və kabel olan 7-8 əsgər uşaqların önündə, 7-8 əsgər də arxada dayanırdı. Kiminsə televizorun ekranına deyil, başqa bir yerə baxdığını görsəydilər, zond və kabeli elə durduqları yerdən ona tullayırdılar. Göstərdikləri ilk film "Məhəmməd – Allahın elçisi" filmi idi. Sonra Ömər Muxtar, sonra da Qadisiyyə filmi. Sonuncu film İranın müsəlmanlar tərəfindən fəth olunması haqda idi. Göstərirdilər ki, iranlılar atəşpərəst olmuşlar və müsəlmanlar İrana gedib onları İslama məcbur etmişlər. Sonra da Səddamı fəxrlə Qadisiyyə komandanı adlandırıb deyirdilər: "Bizim sizinlə müharibəmiz elə erkən İslam çağının müharibəsidir. Biz müsəlmanıq, siz isə atəşpərəstsiniz və cəzalanmalısınız. Buna qədər filmlərə baxmaqda problem yox idi və çox həzz alırdıq.

Bir gecə başımızı qarışdırdılar və bir də gördük ki, "Qəlblərin sultanı"1 filmini verirlər. İraqlılar bu filmin aktrisalarından birini çox sevirdilər. Onun olduğu səhnələrdə bir-birinin belinə dırmaşır, zarafatlaşıb gülürdülər. Bu zaman diqqətləri bizdən yayınırdı. Amma kiminsə ekrana baxmadığını görəndə canavar kimi birdəfəyə iki-üç nəfəri uşaqların başının üstündən hücum çəkib onu bayıra aparır, üzünü pəncərənin barmaqlığına yapışdırıb kabellə canına düşürdülər. O qədər vururdular ki, yazığın rəngi qaralır və özündən gedirdi. Onu qəsdən pəncərənin barmaqlığına yapışdırırdılar ki, bizə ibrət olsun.

Hər bir filmdən sonra bizi danlayıb deyirdilər: "Bu filmlər sizin ölkənizdə çəkilib, nə üçün baxmaq istəmirsiniz? Sizin müsəlmanlığınız budur, bizə göstərdiyiniz yox”. Bununla da şah dövrünün fəsadlarını başımıza qaxırdılar.

Bu vəziyyət bir müddət davam etdi və nəhayət, uşaqların müqaviməti nəticəsində sona çatdı. İraqlılar kameraların birinə televizor qoyub dedilər ki, baxmaq istəyənlər oraya yığışsınlar. Get-gedə elə oldu ki, o kameranın uşaqları bütün düşərgədən ayrıldılar. Onların azad saatları da bizimkindən fərqləndi. Çünki bəzən əməlli-başlı dalaşırdıq. Onların arasında düşərgənin xəbərlərini çatdıran casuslar da vardı. Kamera başçıları bekar oturmur, uşaqlara müxtəlif idman və dua proqramları təşkil edir, şəriət hökmlərini izah edib Quran hekayələri söyləyir, şeir gecələri və yarışlar keçirir, ümumi məlumatlar verir, teatr və pantomima nümayiş etdirirdilər. Bütün bunlar gizli edilirdi. İraqlıların gəlişinə nəzarət etmək üçün pəncərələrin önünə keşikçi qoyurduq.

Teatrlar maraqla izlənirdi. Onların çoxu komik olurdu. Bəziləri uşaqların arasında komik obraza çevrilmişdilər. Onlar səhnəyə çıxan kimi uşaqlar gülməkdən uğunurdular. Teatr alətlərimiz də primitiv idi. Səhnəni ədyaldan düzəldirdik ki, nəzarətçi gəlsə, tez yığışdıra bilək. Təbii görünmələri üçün uşaqları üzqırxan kremlə, bir qədər kömürlə və balışlarımızdan çıxardığımız süngər parçaları ilə qrim edirdik. Altmış yaşlı bir qoca rolunu oynayan adamı o qədər yaxşı qrim edirdilər ki, obrazı canlandıranın kim olduğunu tapa bilmirdik. Mən yaşımın azlığına və bədənimin kiçikliyinə görə teatrlarda daha çox uşaq rolunu oynayırdım. Kamera yoldaşlarımdan olan rəfsəncanlı Yaqub Hadızadənin bir neyi vardı. Onu haradan gətirdiyini, necə düzəltdiyini heç vaxt bilmədim. Yaqub çox vaxt ney çalırdı. Gecələr ney səsini dinləyib həzz alırdıq. Bəzən özü də oxuyurdu. Kim şeir bilirdisə, oxuyurdu. Bu da gözəl əyləncə idi.

İraqın farsca radiosundan və qəzetlərindən xəbərləri izləyirdik. Bəzi uşaqların yaxşı siyasi istedadları vardı və yalan xəbərlər arasından doğrunu başa düşə bilirdilər. Hər gecə müəyyən saatda xəbər məclisimiz olurdu, toplanmış xəbərlər bir neçə nəfər tərəfindən hamıya oxunurdu. Biz bu proqramlarla televizorun yerini doldururduq. Həm sağlam proqramlar idi, həm də bizdə birlik və kollektiv yaşayış ruhunu gücləndirirdi.

Uşaqlar arasında birinci etiqadi məsələlər, Quran, dua və namaz birlik amili idi, sonra da belə əyləncələr. İraqlıların danışdığı hər beş dəqiqənin dörd dəqiqəsi qadağan olunanları söyləməklə keçirdi. Onlar bizə qadağalardan ibarət bir dünya yaratmışdılar. Bu qadağaları pozan hər bir əsir canı ilə oynamış olurdu. İraqlılarda da mərhəmət yox idi.

Lakin bu qadağalar dünyasında bizim canımız bahasına olsa belə, tərk etmədiyimiz məsələlər vardı. Namaz və dua yalqızlıq, iztirab və əsirlik əzablarına qarşı güclü silahlarımız idi. Əgər etiqadlarımızı qorumayıb geri çəkilsəydik, daha müqavimət göstərməyə heç bir şeyimiz qalmazdı. İraqlılar məhz bunu başa düşdüklərinə görə etiqadi məsələlər üstündə bizi incidirdilər.

Dəfələrlə şahid olmuşam: camaat namazı qılarkən iraqlılar zond, dəmir parçası, taxta və əllərinə keçən hər bir şeylə hücum edib çəkinmədən döyürdülər. Uşaqların başları yarılırdı, əl-ayaqları yaralanırdı. Bəzən kameranın yeri qana bulanırdı, amma camaat namazından, Təvəssül və Kumeyl dualarından əl çəkmirdik.

Əsirlik boyu dəfələrlə arzu etmişik ki, kaş israillilərin əsiri olardıq. Onlar bizimlə belə rəftar etsəydilər də, müsəlman olmadıqlarına görə bu qədər ağır gəlməzdi. Dərd burası idi ki, «Bəəs» rejiminin adamları özlərini bizdən daha müsəlman və daha namazqılan bilir, müharibələrini Qadisiyyə döyüşü ilə müqayisə edirdilər.

Namazdan sonra vaxtımızı keçirmək üçün ən yaxşı iş Quran və dua oxumaq idi. Bununla özümüzü əsirlik ab-havasından və onun narahatedici fikirlərindən ayırırdıq. Minimum imkanlarla özümüzə əyləndirici və sənət işləri də ixtira etmişdik.

Bəzən həyətdə yonmağa münasib daşlar tapılırdı. Böyük bir sement dəhlizimiz var idi. Bəzən uşaqlar çəkələkləri ilə ayaqlarının altındakı bir daş parçasını o qədər sürtürdülər ki, hamar olurdu. Sonra onu yuyur, lezva ilə və ya tikanlı məftil parçaları ilə yonurdular. Əsasən, ürək formasında olan daşların üzərinə adətən Allahın, ata-ana və ya dostlarının adlarını yazır və ətrafına naxışlar vuraraq ad günü münasibətilə bir-birinə hədiyyə verirdilər. Bu hədiyyələr uşaqların sevinməsinə, aralarında sevgi və dostluğa səbəb olurdu. Bəziləri bu daşları məktubla birgə İrana da göndərirdilər.

Uşaqların arasında yayılmış başqa bir məşğuliyyət naxış tikmək idi. Paltarlarımızı tikmək üçün bizə iynə və qara sap verirdilər, amma parça və naxış sapı vermirdilər. Uşaqlar ağ ərəb paltarlarının aşağısından bir parça kəsir, xəttatlığı və rəssamlığı bacaranlar da parçanın üzərinə gül, buta, ürək və müqəddəs adlar yazır və naxış vurandan sonra onlardan ya canamaz kimi istifadə edir, ya da hədiyyə verirdilər. Naxışla işləyən uşaqlar rəngli dəsmallardan çıxardıqları saplarla rəngli naxışlar işləyirdilər. Bəzən iraqlılar yoxlanış bəhanəsilə düşərgəyə tökülüşür, bütün naxışlı işləmələri yığıb aparırdılar. Boş əllə bu qədər sənətkarlıq etməyimiz onlara qəribə gəlirdi.

Başqa bir məşğuliyyət təsbeh düzəltmək idi. Qışda hər kameraya bir Ələddin lampası verirdilər. Sarı torpaqdan təsbehlər düzəlirdi. Uşaqlar torpağı yaxşı yoğurub təsbeh dənələri düzəldirdilər. Sonra dənələri iynə ilə deşib içərilərindən nazik sim keçiridilər. Quruyandan sonra o dənələri Ələddin lampasının içindən asırdılar. Bir müddət istidə qalandan sonra tamamilə qızarıb bişir və saxsı formasına düşürdü. Dənələr sərinləşəndə nazik simi çıxarıb dənələri sapa düzürdülər. Bəzi təsbehlərin hətta mollası da vardı və uşaqların bu yaradıcılığı möhtəşəm idi. O vaxtacan elə bilirdim ki, təsbehin başındakı mollalar, yəni sarı simlərdən hazırlanmış hissə zavodda düzəldilir. Lakin uşaqlar yanmış lampaların relesini çıxarıb çoxlu nazik simlərlə mollaları elə düzəldirdilər ki, eynilə bayırda gördüyümüz kimi olurdu. Əvvəllər uşaqlar hələ əsirliyə alışmadıqları zaman daha çox nazik serum borularını tikə-tikə doğrayaraq sapa düzməklə təsbeh düzəldirdilər.

Xurma tumları ilə təsbeh düzəltmək isə hamısından çox yayılmışdı. Uşaqlar zövqlərinə uyğun olaraq tumları müxtəlif formalara salırdılar. Əlbəttə, iraqlılar bizə xurma vermirdilər. Biz öz təqaüdümüzlə mağazadan xurma alırdıq. Onların çoxu köhnə və qurdlu idi.

Kollektiv yaşayış bizim üçün yaxşı idi. Çünki biz əsir idik və düşdüyümüz vəziyyəti düşünməməli idik. Fikirləşməli deyildik ki, nə vaxt azad olacağıq, axrımız nə olacaq və minimum yaşayış imkanlarından məhrumuq. Lakin kollektiv həyatın çoxlu problemləri də olurdu. Məsələn, minimum gigiyena şəraiti olmadığına görə çox keçmədən hamını bit basdı.

Bizə verilən sabunların üzərində İraq ordusunun emblemi həkk olunmuşdu. Bu sabunlar pis qoxu verirdi və yağlı idi. Çirkli paltarlarımızı və özümüzü onunla yuyurduq, amma kifayət etmirdi. Çox vaxt hamama gedəndə həm sabuna qənaət etmək üçün, həm də yetərincə paltarımız olmadığı üçün çirkli paltarlarımızı geyinməyə məcbur olurduq. Bunun özü isə bitin yaranmasına gətirib çıxarırdı. Hamamların suyu soyuq idi və uşaqlar yuyuna bilmirdilər. Çoxları orada sümük və oynaq ağrılarına tutuldular. Üstəlik, kameralara günəş şuası düşmürdü. Bütün bu amillər bitin düşərgədə geniş yayılmasına və uzun müddət qalmasına səbəb olurdu; yük çantalarımızın və əşyalarımızın arasında, balışların, ədyalların, geyindiyimiz üst və alt paltarlarımızın tikiş yerlərində... Bit bəzən qarışqa kimi başımıza dırmaşırdı. Uşaqlar gecələr yatmazdan bir saat öncə paltar və yataqlarının arasından bitləri çıxarıb öldürürdülər ki, bir saat rahat yata bilsinlər. Bitlər elə dişləyirdilər ki, dərin yuxuda olsaydın belə, dik atılırdın. Pis qidalanmamıza görə, bitlər davamlı olaraq qanımızı sorsaydılar, bizdə can qalmazdı. Uzun müddət idi Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bitlərin qorxusundan kameralarımıza girmirdilər. Etirazlarımız da faydasız idi. İraqlılar heç bir iş görmürdülər. Biz bitlərə ad qoymuşduq: "Çiften, BMP və s."

Bit əsgərlərin kamerasına gedib çıxandan sonra bir dəfə dedilər ki, bütün əşyalarınızı həyətə gətirin. Uşaqlar giriş qapısının önünə ədyal sərdilər və bütün əşyalarımızı ədyalların üzərinə, günəşin altına boşaltdıq. Paltarlarımızı da soyunduq, əynimizdə təkcə alt paltarımız qaldı. Sonra paltarlarımızı bizə çay və yemək hazırladıqları böyük qazanların içinə tökdük.1 Qazanların altını yandırıb paltarları qaynatdılar. İraqlılar içində ağ maddə olan böyük balonlar da gətirdilər. Bir neçə iraqlı əllərində balon uşaqların ətrafında dayandılar, balonu açıb başdan-ayağa bütün bədənimizə ağ dərman səpdilər. Ədyalların, yük çantalarının üstünü - hər yeri dərmanladılar. Onu təzyiqlə vurduqlarına görə hər yerə girirdi. Bizim əşyalarımız daha bir riala da dəyməzdi. Əşyalarımızı çırpanda da ağ tozlar ayrılmırdı.

Bir-iki saat bayırda oturduq. Kameraların içini də dərmanladılar və sonra əşyalarımızı toplayıb yerlərimizə getdik. Bundan sonra bitlər azaldı və bir müddətdən sonra kökü kəsildi.

Hava tədricən soyuyurdu və hamama getmək çətinləşirdi. Duşun suyu o qədər soyuq idi ki, nəfəsimiz kəsilirdi. Gərək tez özümüzü yuyub bayıra qaçaydıq. Çoxları əsir düşəndə yaralanmışdılar. Onlar soyuq suyun altına girəndə sudurğa keçirib yerə yıxılırdılar və bədənləri əsirdi. Sümüklərinə güllə və ya qəlpə dəymiş, yaraları sağalmış, amma üzərini ət örtməmiş uşaqlar da soyuq sudan əziyyət çəkirdilər. Eydi adlı abadanlı bir əsir yaxşı bir kəşf etmişdi. O, bir qədər borunu kəsib qaynaqla bir-birinə elə yapışdırmışdı ki, çox yığcam spiral formasına düşmüşdü. Onu hamama girən su borusuna əlavə etmişdi. Sonra da mətbəx sobalarının və neft yanacağının hərarətini həmin borulara yönəldirdi. Bu minvalla duşlardan isti su çıxırdı. Bu ixtira top kimi düşərgəyə səs saldı və tez "Eydi projesi" adı ilə məşhurlaşdı.

İsti suyumuzun olduğuna sevinir, yuyunmaq üçün hamamın önündə uzun növbəyə dayanırdıq. Bir nəfər duşun yanında dayanıb sayırdı. Hərəmizə təxminən 30 saniyə vaxt verilirdi. Duşun altına girib bədənimizi isladıb bayıra çıxırdıq. Başımızı sabunla yaxşı yuyana qədər ikinci adam girib bədənini isladırdı. Yenidən bizə növbə çatanda duşun altına girib sabunları yuyurduq. Bədənimizi düyünün plastik kisəsindən bir parça ilə lifləyirdik.1 Bəzən o da olmurdu və sabunu əlimizdə tutub bədənimizə sürtürdük. Biz isti duşda yalnız bir-iki dəfə yuyuna bildik. İraqlılar hər şeyi yığışdırıb dedilər ki, çoxlu neft yandırır.

Eydinin projesi düşündüyümüzdən tez sona çatdı. O, əsirlik hamamlarında gördüyümüz ilk və son isti su idi.

Ənbər düşərgəsi İraqın quru bir səhrasında yerləşirdi. Hava soyuyanda tozlu fırtınalar da başlayırdı. Bütün qapı-pəncərələri bağlayıb aralarını ədyalla tutsaq da, yenə içəri elə toz-torpaq dolurdu ki, kameranın sonu görünmürdü. Bu küləklər əsməyə başlayanda səma qızarırdı və göz gözü görmürdü. Elə bilirdik ki, qiyamət qopur. Tufan yatanda bizim üçün cansıxıcı işlər başlayırdı. Yumşaq qırmızı torpaq dənələri qar kimi hər yeri örtürdü; damlardan tutmuş tikanlı məftillərin üzərinə, bütün kameraya və əşyalarımızın arasına qədər. Onu süpürüb həyətin ortasına tökməli idik. Torpağı təmizləmədiyimiz yeganə yer həyət idi. Çünki getdikcə özü yox olurdu.

Belə fırtınalar özləri ilə müxtəlif xəstəliklər də gətirirdi. Toz-torpaq siqaret tüstüsü kimi ciyərlərimizə dolurdu. Boğazımız, gözümüz və ağ ciyərlərimiz çirkləyirdi. O qədər öskürürdük ki, boğulmağa qalırdıq. Sakit və ehtiyatla nəfəs almalı idik. Dərin nəfəslər öskürəyə, bəlğəmə və nəhayət, boğulmaya səbəb olurdu. İraqlılar da dərman verməyib deyirdilər ki, dözün, özü keçəcək. Bu boğulma vəziyyəti hətta yemək yeyəndə də yaranırdı. Yeməyi udarkən azca nəfəs alanda belə, öskürək başlayırdı. Sinələrimizdə iltihab yarananda daha bir yerdə xörək yeyə bilmirdik, kiçik boşqablarımızda yemək alıb ayrıca yeyirdik ki, sağlam olanlar yoluxmasınlar.

Bəlkə də inanılmazdır, amma dişimizi çəkdirərkən də heç bir keyidici dərmandan istifadə etmir və kəskin ağrıya dözməyə məcbur olurduq. Ənbər düşərgəsində qalın bığı və buruq saçları olan 32 yaşlı ucaboy bir zabit vardı. Qəndqırana oxşayan böyük bir kəlbətin və bir vintaçanla korpusun qabağında dayanırdı. Bu iki aləti yuxarı qaldırıb bir-birinə vurub deyirdi: "Dişi ancaq çək!" Bu cümləni deyəndən sonra kəlbətinlə vintaçanı üç dəfə bir-birinə vururdu. O, fars dilindən yalnız bu cümləni öyrənmişdi. Rəftarından, danışıq tərzindən və diş çəkməsindən sərxoş olduğu anlaşılırdı. Hamı belə hiss edirdi. Mənim dişimi çəkəndə sərxoşluğuna əmin oldum. Bir adamın adi vəziyyətdə bir insanla belə davranması imkansız idi. O, cəllad kimi diş çəkirdi.

Bəzən həyətdə gəzişəndə diş həkiminin otağından tükürpədici qışqırtılar eşidirdik. Bilirdik ki, o cəllad kəlbətin və vintaçanla hansısa əsirin dişini çəkir. Heç bir keyidici dərmanı yox idi. O, vintaçan və kəlbətinlə dişə vurub bir az boşaldırdı, sonra kəlbətini birdəfəyə dişin altından salıb bir qədər ətlə birgə kökündən qoparır və dişi gözlərinin önündə tutub gülürdü.

Həddi-büluğ yaşında olduğuma görə dişlərim laxlayırdı və özüm çıxarırdım. Qısa müddətdən sonra yerinə yenisi çıxırdı. Lakin bir dişim üzdən çürümüşdü və ağrıdırdı. Nə qədər əlləşirdimsə, laxlada da bilmirdim.

Bir gün risk edib həmin zabitin yanına getdim. Yalnız üzdən bir qədər çürümüş sağlam dişimi elə rəhmsizliklə kötükdən çəkdi ki, gözlərimin qabağında tutanda kötüyü görmürdüm, kəlbətinin arasında bir ət parçası vardı. Diş və kötüyü onun içində itib-batmışdı.

İraqlılar yalnız Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gələndə məhdud sayda əsiri diş həkiminə qəbul edirdilər. O zaman dişləri çürümüş uşaqlar uzun növbəyə dururdular. Onlar cəlladcasına "Dişi yalnız çək" üsuluna müraciət etmək istəmirdilər. Nümayəndələr gələndə hər kameradan yalnız bir nəfəri qəbul edirdilər. Dişlərimin biri çürüyüb incitdiyinə görə mən də saatlarla növbədə qaldım.

Qırmızı Xaçdan gələnlərə görə iraqlılar diş həkiminə qəbula başladılar. Öz korpusumuzun uşaqlarından altı nəfərlə birgə həkimə müraciət etdik. İçəri girən kimi iraqlı doktor hamını sıraya düzüb otağın bir küncündə saxladı. Oturmağa yer yox idi. O, çantasından bir şüşə çıxardı. İranlı əsir üçün keyidici sprey gülməli gəlirdi. Bizim yaralılarımızın yarasını tikərkən də keyitmirdilər. Doktor dedi: "Ağrıyan dişlərinizi göstərin”. Mən ikinci adam idim. Ağzımı açıb dişimi göstərdim. O da keyidici spreyin başını ağzıma salıb bir neçə dəfə vurdu. Mən bunu ilk dəfə idi təcrübə edirdim və keyidici spreyin təsirindən xəbərsiz idim. Ancaq sevinirdim ki, bu üsulla az ağrı çəkəcəyəm. Doktor alətlərini hazırlamağa getdi. Bu zaman məndə qəribə hiss yarandı. Hiss etdim ki, dodaqlarımı tərpədə bilmirəm, ağzım şar kimi şişib və boğazımın yolu bağlanıb. Əlimi üzümə və dodaqlarıma vurdum. Sanki cansız bir şeyə toxunurdum. Ağzımın suyunu toplaya bilmirdim. Dəsmal da yox idi. Yavaş-yavaş nəfəs almağım da çətinləşdi, özümü sıxırdım ki, boğazıma bir qədər hava getsin. Danışa da bilmirdim, lal olmuşdum. Nə dodaqlarım tərpənirdi, nə də dilim. Vəziyyətimi dostlarıma və doktora izah edib boğulduğumu deyə bilmirdim. Gördüm ki, orada dayanmaq ölmək deməkdir. Daha «İçəri» komandasının verildiyini, heç kimin həyətdə görünməyə haqqı çatmadığını və digər qadağaları nəzərə almayıb tez həkimin otağından çıxdım. Hətta arxama da baxmayıb tualetlərə sarı qaçdım. Sanki başım da ağırlaşmışdı və bədənimə ağırlıq edirdi. Əlimi ağzıma salıb dilimi möhkəm basırdım ki, boğazıma hava getsin. Lakin faydası olmadı. Tualetə çatmağa ümidim yox idi. Bayırda da mənə kömək edəcək bir adam yox idi. İraqlı doktor dişimi keyitmək əvəzinə ağzıma və boğazıma o qədər sprey vurmuşdu ki, elə bil nə başım vardı, nə də nəfəs almağa boğazım.

Birtəhər özümü tualetə çatdırdım. Ağzımı kranın altına tutdum. Ağzıma su doldurmaq istəyirdim ki, bir qədəri boğazımdan keçib yolu açsın, amma bir damcı da uda bilmədim. Çarəsiz qalıb bir kranın başına keçirilmiş şlanq parçasını çıxardım, nə etdiyimə fikir vermədən oradaca yerə uzandım. Şlanqı ikiəlli boğazıma saldım ki, ciyərlərimə bir az hava girsin. Dilim, dodaqlarım və boğazım elə keyimişdi ki, ağrı hiss etmirdim. Əgər o vəziyyətdə dilbilməz bir əsgər mən lalın qarşısına çıxsaydı, Allah bilir taleyim necə olardı. Allahın köməyi ilə heç bir hadisə baş vermədi. Bir neçə dəqiqə o vəziyyətdə qalandan sonra halım yavaş-yavaş yaxşılaşdı. Başımın keyi açılmamışdı, amma ayağa qalxdım. Şlanq hələ də ağzımda idi, amma onu hiss etmirdim. Yavaş-yavaş şlanqı ağzımdan çıxardım. Başımı və ağzımı suyun altında yuyub həkimin otağına qayıtdım. Uşaqların bir neçəsinin işi bitmişdi. Məndən hara getdiyimi soruşurdular, amma hələ danışa bilmirdim. Növbəm çatanda doktor işə başladı və tez də bitirdi. Mən heç bir ağrı hiss etmədim, lakin əvəzində ömür boyu unutmayacağım macəra yaşadım.

İlk dəfə əsirlikdə təcrübə etdiyim başqa bir şey də peyvənd idi. Məhərrəm əzadarlığındakı hadisədən və qızları aparandan sonra bütün düşərgəyə peyvənd vurmağa başladılar. Bu peyvəndin adı əsirliyin sonuna qədər "Məhərrəm peyvəndi" kimi qaldı.

Bir gün vaxtsız «İçəri» komandası vemələrindən nəsə baş verdiyini anladıq. İraqlılar kameraya girib hamıya peyvənd vurulacağını elan etdilər. Onlar dedilər: "Kollektiv yaşayışa görə çoxlu xəstəliklərə yoluxa bilərsiniz. Bu peyvənd sizi indiyədək elmə məlum olan bütün xəstəliklərdən qoruyacaq. Həmçinin bitlərə qarşı da bu peyvənd vurulmalıdır”. Uşaqlar bir-birinə deyirdilər: "Məgər bütün xəstəliklərə qarşı bir peyvənd bəs edər?!" Bu sualı iraqlılardan soruşanların isə aqibəti yaxşı olmurdu.

İraqlılar bu peyvəndin müsbət cəhətlərindən danışırdılar. Bizim onu qəbul edib-etməmək kimi bir seçimimiz yox idi. Dəhlizin əvvəlində bir neçə stol düzmüşdülər. Stolların ətrafında hərbi geyimin üstündən ağ xalatlar geyinmiş bir neçə zabit iynə vururdu.1 Növbə mənə çatanda stola yaxınlaşdım, peyvənd şüşəsinin böyük olduğunu gördüm. Ağ rəngli mədə siroplarının şüşəsi boyda idi. Şüşələrin başı penisilin kimi plomblu idi. Şüşənin üzərinə inglis dilində nəsə yazılmışdı və qəribə idi ki, inək başının şəkli vardı. İynə də böyük və metaldan idi.

İynə vuran zabit əsirlərin qollarına spirtli pambıq sürtmürdü, qıyıq qalınlığında iynəni qola batırırdı. İynənin batdığı yerdən çoxlu qan çıxıb tez barmaqlara çatırdı. Zabit iynəni dəyişmədən və ya dezinfeksiya etmədən başqa bir əsirin qoluna vururdu. Bir iynədən o qədər istifadə edirdi ki, əyilirdi və daha ondan maye keçmirdi. Sonra əyilmiş iynəni əli ilə düzəldir və daha bir neçə dəfə istifadə edirdi.

Düşərgənin bütün uşaqlarına iynə vurulandan sonra bizi kameralara saldılar. İki saatdan sonra sağ qolumuzun quruduğunu, hərəkət etmədiyini hiss etdik. Sınmış qol kimi idi, kimsə toxunsaydı, qışqırırdıq. Tavandan asılmış ventilyatorları söndürdük; onların küləyi də qolumuzu ağrıdırdı. Köynəklərimiz qollarımızın dərisinə dəyəndə də güclü ağrı hiss etdiyimizdən onları da soyunduq. İki-üç saat ötmədən hamımız ağrıdan, qızdırmadan və başgicəllənmədən bir tərəfdə qalıb zarımağa başladıq. Şam yeməyimizi güclə ala bildik. Peyvəndin vurulduğu yer qızarıb çirkləmişdi. Uşaqlar qızdırmadan sayıqlayırdılar. Halı nisbətən yaxşı olanlar kamerada gəzib sayıqlayanlara qulaq asır, ağrı və qızdırmanın içində gülürdülər. Bəziləri isə gülə də bilmirdilər, azca tərpənən kimi ağrıları bir neçə dəfə artırdı. Ayağımızı suya qoymağa yetəcək su da yox idi. Cəmi bir vedrə su vardı. Uşaqlar hərarətləri düşsün deyə paltarlarını və ya dəsmalı isladıb bədənlərinə qoyurdular. Zəif olanlar qızdırmanın çoxluğundan sudurğa keçirib özlərindən gedirdilər, bədənləri elə titrəyirdi ki, saxlamasaydıq, qapıya, divara dəyəcəkdilər. İraqlılardan ağrıkəsici və qızdırma salan dərman istəyəndə dedilər: "Lazım deyil, peyvənd indi təsir edir".

Bir neçə gün ölü kimi kameralarımızda qaldıq. Düşərgə sükuta qərq olmuşdu. İraqlılar başlarını yelləyib deyirdilər ki, yaxşıdır, peyvənd təsir edib.

Qırx səkkiz saatdan sonra qızdırma yavaş-yavaş azaldı, amma sağ qolumuz hələ də qurumuşdu. Kameralar çirklənmişdi, çirkli paltarlar üst-üstə yığılmışdı. Hamama da gedə bilmirdik. Həyatımız iflic olmuşdu. Namaz qılmaq, qünut tutmaq və səcdəyə getmək də çətinləşmişdi. Qolumuzun yaxşılaşacağı və qalmış işlərimizi görmək ümidi ilə dözürdük. Lakin gündə üç dəfə yeməyi almamaq olmazdı. Əgər bu durumda yemək də yeməsəydik, sağ qalmaq şansımız olmazdı. Yemək çox az və keyfiyyətsiz idi. Səhərlər çörəyi aşın içinə doğrayıb yeməyə elə həvəslə hücum çəkirdik ki, sanki aclıqdan çıxmışıq. Bəzi uşaqlar tez kənara çəkilirdilər ki, o birilər doyunca yesinlər. O vəziyyətdə yemək almaq müsibət idi. Bəzilərinin halı pis idi, ağrıları vardı. Yemək almaq növbələrində işlərini görə bilmirdilər. Halı nisbətən yaxşı olanlar onların əvəzinə gedib yeməyi gətirirdilər. Bir dəfə yemək yeməsəydik, uzun müddət bədənimizi enerjisiz hiss edirdik. İraqlılar əsirliyin ilk günündə alnımıza "ye ki, ölməyəsən" qida düsturunu yazmışdılar.

On gündən sonra qolumuzu tərpədə bildik. Bizim ilk peyvənd təcrübəmiz belə oldu.1

Əsirliyin ilk qışı çatdı. Ənbər düşərgəsi quru düzənlikdə yerləşirdi, soyuğu qılınc kimi kəsirdi. İsti geyimimiz yox idi. Bir gün həyətə bir neçə ordu maşını girib preslənmiş kisələri yerə tökdülər. Sonra əsgərlər kamera başçılarını çağırıb hər əsirə bir palto verdilər.

Paltonun materialı qalın keçədən idi. Poqonları və iri qəşəng qızılı düymələri vardı. Həm də uzun idi, baldıra çatırdı. Geyinəndən sonra gördük ki, İkinci Dünya Müharibəsində alman əsgərlərin və SSRİ qızıl ordusunun paltolarıdır. Bir çox yerləri deşilmişdi. İkinci Dünya Müharibəsinə aid filmlərdə hərbi paraddan keçən nasist əsgərlərin əynində o paltolardan görmüşdüm. Bilirdik ki, Səddam heç vaxt əsirlərdən ötrü pul xərcləməz. Səddamla müttəfiq ölkələr işlərinə yaramayan hər şeyi - yüz il öncədən dondurulmuş ətlərdən2 tutmuş geyimə qədər hər şeyi İraqa yollayırdılar. Həmin gün “Azad” komandasından sonra hamı həyətə düşdü. Düşərgədə qəribə ab-hava vardı. O paltolar insanda qəribə hisslər yaradırdı. Sanki tarixdə azıb qalmışdıq. Bəziləri zarafata əllərini yuxarı qaldırıb Hitler salamı verirdilər. Paltolar həqiqətən isti idi, sanki ədyala bürünmüşdük. Palto mənə böyük idi və mən məcbur qalıb uzunluğundan ciblərin yaxınlığına qədər, qollarından da dirsəklərin yaxınlığına qədər qayçıladım.

Hava azca qızanda paltoların tikiş yerlərində sirkə gördük. Paltolar isti olduğuna görə bitlərin inkşafı üçün münasib yer idi. Bir tərəfdən də yük çantamızı doldururduq və saxlamağa yerimiz yox idi. Bəzi uşaqlar səbir və zövqlə paltolardan əlcək və corab tikirdilər, çoxu isə paltosunu məhv edirdi.

Həmin qışda bizə ilk dəfə olaraq meyvə verdilər. Uşaqların sözü ilə desəm, meyvə deyildi, işgəncə idi. Düşərgəyə bir neçə portoğal qutusu gətirib hər kameraya birini verdilər. Hər adama bəlkə də bir dilimi düşərdi. Uşaqların çoxu gənc idilər, üzlərindən sızaq çıxırdı. Aramızda Fars vilayətindən olan iyirmi yaşlı Şahəlinin üzündəki sızaqlar çox idi. İraqlılar bizi hər gün üzümüzü qırxmağa məcbur edirdilər. Onda da Əlinin üzü qanayırdı. Portoğalı yeyəndən sonra bir qədər qabıq toplandı. Qabıqları götürüb Əlinin yanına getdim və dedim: "Əli, üzünü müalicə etmək istəyirəm. Portoğalın qabığını üzünə yaxınlaşdırıb sıxdım. Hər dəfə sıxanda qabıqdan kəskin qaz çıxıb sızaqları yandırırdı və Əli ufuldayırdı. Dedim ki, gərək dözəsən. İki gündən sonra Əlinin üzü qabıq verdi. Bir neçə gündən sonra qabıqlar töküldü və üzü təmizləndi. Əsirliyin sonuna qədər bir də üzündən sızaq çıxmadı.1 Bu müalicə usulunu əvvəllər heç yerdə görməmişdim, birdən ağlıma gəlmişdi. Əsirlikdə heç nəyi kənara tullamırdıq. Hər bir faydasız şeydən nə üçünsə istifadə edirdik. Düşərgədə zibilqabıların dolması aylar çəkirdi.

1983-ci ilin qışı bitmişdi. Kameralarda əsirlərin çoxluğuna və yaxud yeni əsirlər gətirmək istədiklərinə görə bir gün uzun bir siyahı ilə kameraya girdilər. Tez-tez adları oxuyub dedilər: "Cəld yük çantalarınızı götürüb həyətə düşün!"

Siyahıda mənim adım da vardı. Əsgərlər başımızın üstə dayanmışdılar. Əgər əşyalarımızı gec toplasaydıq və ya bir il birgə yaşadığımız uşaqlarla danışıb sağollaşsaydıq, şlanqla vurub deyirdilər: "Yalla... Yalla... Cəld!"

Uşaqlardan ayrılmaq çətin idi, amma əsir həyatı məcburi olduğu üçün bunu da qəbul etmişdik. Çox ağır olsa da, dostlarla sağollaşmadan başımın üstdən asdığım yük çantamı götürüb kürəyimə keçirdim və adları çəkilənlərlə birgə həyətə düşdüm. Hamımız düşərgənin azyaşlıları idik.

Əsirlikdə yeni adla tanınırdıq. İraqlıların qaydasına uyğun olaraq ad, atanın adı və babanın adı ilə. Məsələn, məni Mehdi Yədullah Əzizullah çağırırdılar. Paltarlarımızın arxasına bəzi əlamətlər vurmuşdular. Biz Bəsic üzvlərinin paltarlarının arxasına qırmızı rəngli vurma işarəsi, ordu əsgərləinin paltarlarına isə dairə çəkmişdilər. Qırmızı Xaç Cəmiyyəti bizə möhürlü bir kart vermişdi. Karta inglis dilində ad-familiyamız, əsir düşdüyümüz tarix və əsirlik nömrəmiz yazılmışdı. Kartın üzərinə “Beynəlxalq Müharibə Qurbanları Memorialı” yazılmışdı.

Biz adımızı, ata və babamızın adını paltarlarımızın üstünə yazmışdıq. Bu, düşərgənin qanunu idi. Hamımızı sayıb avtobuslara mindirdilər. Pərdələr möhkəm çəkilmişdi və heç kimin bayıra baxmağa haqqı yox idi. Hər avtobusa təxminən 30 əsir və 10 nəzarətçi mindi. Avtobuslar yola düşdülər. Haraya apardıqlarını bilmirdik. Lakin bir neçə dəqiqədən sonra avtobuslar dayandı və dedilər ki, düşün.

Ənbərin iki kilometrliyində yerləşən Rəmadi düşərgəsinə nə üçün köçürüldüyümüz bizə maraqlı idi. Amma bizim üçün harada olmağımızın fərqi yox idi. Avtobusdan enən kimi beş-beş oturmağımızı əmr etdilər. Yenicə oturmuşduq ki, birdən gözüm Mayor Mahmudiyə sataşdı. Həmin anda o da mənə baxdı və baxışlarımız toqquşdu.

Mayor heç vaxt ərəbcə danışmırdı. Həmin gün isə ərəbcə bir şeir oxuyub həl-hələ edə-edə başımın üstə dayandı və dedi: "Ha, Mehdi, yenə öz yanıma gəldin... Amma bura Ənbər deyil... Mən sənin atanı yandıracağam. Bu dəfə cənab Prezident Səddam Hüseyndən tam ixtiyar almışam ki, necə məsləhət bilirəmsə, sizinlə elə də davranım... Mən sənin atanı yandıracağam!"

Mayor Mahmudinin rütbəsi artmış, polkovnik-leytenant olmuşdu. Bunları deyib başım üstdən getdi. Onun mənfur sifətini görmək gözlənilməz oldu. Ənbərdən getdiyindən və baş verən o qəribə hadisədən sonra bir də onunla üz-üzə gələcəyimi düşünmürdüm.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə